Qeydlərimə başlamazdan öncə kiçik bir olay haqda danışmaq istərdim. Deməli Qəbələ-Şəki yolunda, Oğuz rayonu ərazisində bir paradoksal dairə var. Dairə əsas yoldan demək olar ki, 20-30 metrə aralıda yerləşir. Funksionallığı — tam mənasızlıq, sürücülərə mane olmaq. Təsəvvür edin, sürətlə hərəkət edən avtomobillər qəflətən peyda olan kənardakı dairənin başına “kruq” vurub yollarını davam etməlidirlər. Özü də dairənin yaxınlaşdığını xəbərdar edən işarə də elə vurulub ki, trasda sürətlə hərəkət edən sürücü ona fikir vermir, daha doğrusu fikir verməyə macal tapmır. Yolun o biri tərəfində isə dairəyə “girməyən” sürücünü rəşadətli YPX əməkdaşı gözləyir.
Hava yağmurlu, dumanlı idi. Mən də bu yola bələd olmayan bütün sürücülər kimi dairəni buraxıb yolumu davam etdirmişdim ki, YPX əməkdaşı əl etdi. Saxladım. Sözüm yox, absurd olsa da, qayda pozmuşam, cərimələdi və dedi — 3 gün ərzində cəriməni ödəsən ümumi məbləğə 10% endirim ediləcək. Mən də eləmə tənbəllik elə həmən gün üz tutdum Şəki rayon Kapital Bank filialına. Şirin dilli bir xala dedi, bəs “cərimə hələ kompüterə vurulmayıb”.
Olayın üstündən 3 gün keçdi. Bütün olduğum rayonlarda bank filiallarına baş çəkdim ki, cəriməmi ödəyim — standart cavab aldım — cərimə sistemə oturmayıb. Nəsə. Olaydan artıq 10 gün keçib. Bu gün yadıma düşdü ki, cəriməm var, gedim ödəyim. Üz tutdum sevimli Bank Standarda və yenidən artıq adət etdiyim cavabı aldım. Soruşanda ki, adətən cərimə nə vaxta kimi “oturur” — dedilər 1 ay, ay-yarım. Beləcə 10% endirimim əldən getdi. =)
Bu da həmin mənasız “kruq”.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-lə üstündə tıklayın.
Göy guruldadı, çaylar daşdı — beləcə növbəti turne başladı. Davamı növbəti yazıda.
Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim