Azərbaycan İnternetində baş verən hadisələrə dair bölüşdüyüm fikirlərimlə bağlı yazımdan bir xeyli vaxt keçib. Amma aktivlik gözlədiyimiz Sentyabr ayının gəlişinə baxmayaraq, hələlik qeyri-adi bir yenilik müşahidə edilmir. Əksinə, deyərdim bəzi saytlar daha da passivləşib, paslanıblar.
Başlayaq Azərbaycanda İnternet qoşulmanın qiymətlərinin azalmasına dair vədlərdən. Deyəsən bu vəd də çoxsaylı vədlər kimi yalnız söz olaraq qalacaq. Bu “xoş xəbər”in verilməsindən ay yarım keçməsinə baxmayaraq qiymətlərdə hələlik heç bir dəyişiklik yoxdur.
“Sosial Yeniliklər Düşərgəsi”ndən sonra Bloqosfer 2010 keçirilməsi barədə elan olundu. Aktiv gənclərin bu tip yığıncaqlar keçirməsi alqışa layiqdi. Dəstəkləyirəm. Yığıncağa (foruma) da kölgə salmaq fikrim yoxdur, lakin təşkilatçılar arasında məlum Soros fondunu, Amerikanın USAİD təşkilatını, Amerikanın ölkəmizdəki səfirliyinin adını görəndə… nəzərə alsaq ki, Sem dayı heç nəyi təmənnasız etmir, onda onun seçki öncəsi “stavkanı” aktiv gənclərə etdiyi məlum olur. Bir-iki layihəyə sərmayə buraxıb gəncliyi ələ almaq üçün bu tip yığıncaqlar ideal məkandı. Amma ümüd edək ki, bizim gənclik də bu kimi tələlərə düşən deyil — Sem dayını iqnora atıb, forumdan sırf özlərinin, Azərbaycan İnternetinin inkişafına dair nəticələr çıxararlar.
Keçən yazımda qeyd etdiyim kiçik amma faydalı proqram (vidjet) — Ramazan təqvimi — başladı şıltaqlığa. Proqramı yaradanlar sağolsunlar, böyük savab sahibi oldular. Amma Ramazan bitdi — proqram işləmədi. Daha doğrusu mənə belə bir təklif elədi — Kataloq.NET köməkçisinin yeni versiyasını yükləmək üçün SIXIN. Sıxdım. Brauzer səhv səhifəyə keçid etdiyimi göstərir. Deməli proqram artıq yararsızdır. Pozmaq istədim. Burada isə məni sürpriz gözləyirdi. Sən demə bu proqramı pozmaq mümkün deyil. Daha doğrusu öyrəşdiyimiz “UNINSTALL” faylı mövcud deyil. Yeganə çıxış yolu vidjeti AUTOSTART menudan pozmaqdır. Vəssalam. Bizdən yalnız növbəti Ramazanda proqramın daha mükəmməl versiyasın gözləmək qalır.
Odnoklassniki.ru-nun ölkəmizdə kifayyət qədər istifadəçisi olduğunu nəzərə alıb, onun Azərbaycan İnternetinə aidiyyatı danılmazdır. Sonunu hiss edən bu xidmət artıq qeydiyyatları pulsuz aparır. Amma nə faydası. Rəqiblərinin təklif etdiyi “flexible” sistemlərə öz hərəkətsizliyi ilə uduzan odnoklassniki.ru-nun süqutuna artıq heçnə mane olan deyil. Çünki buna bir neçə obyektiv səbəblər var:
Nəsə, ruslara heç Allah köməkləri olsun deməyə dilim gəlmir. Qoy necə olacaqsa, elədə olsun. =)
Artıq ənənəyə çevrilmiş — Fox.AZ haqqında məlumatlarımla bölüşürəm. Qeyd etdiyim kimi, İnşallah tezliklə (2-3 ay ərzində) sayt (forumda artıq bu öz əksini tapıb) bütünlüklə rebrendiq, restylinq və digər “ağıllı” sözlərin real nəticəsinə məruz qalacaq. Sayt bütünlüklə öz ideologiyasını dəyişir, artıq ordan-burdan copy-paste edilmiş yazılar toplusu deyil, intellektual gənclər üçün informasiya-əyləncə tipli bir portal olacaq. Bunun üçün artıq saytın işçi potensialının gücləndirilməsinə başlanılıb. Sayt üçün materiallar hazırlayacaq təcrübəli jurnalistlər işə götürülür. Həmçinin saytın xarici görünüşündə də müvafiq dəyişikliklər ediləcək, bloq sistemdən imtina ediləcək. Hələlik isə portal üçün “satellite” mobil xidmətlərin yaradılması prosesi gedir. Bununla da, İnşallah Azərbaycan İnternetinin ən qocaman portallarından birinin yaxşı mənada böyüməsinin şahidi olacağıq.
Allah köməyimiz olsun!
Bu “Azərbaycan İnternetində nələr baş verir” silsiləsindən olan yazılarımın növbətisi idi. Yeni yazırlada görüşənədək! 😉
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternetində nələr baş verir (№2)
Növbəti bir ayı da geridə qoyduq. Azərbaycan İnternetində nələr baş verdi? İnqilabi heç nə, həyat öz axarında davam edir. Gəlin bir bir bütün olayları təhlil edək.
Azərbaycan İnternetində yeni virtual mağaza işə başladı — shop.az. Dizayn biraz qarışıq olsa da, işə ciddi yanaşmaları xoşuma gəldi. Test üçün sifariş də verdik. Hər şey gözəl qurulub. Onlayn ödəmə sistemi də fəaliyyət göstərir — GoldenPay. Ölkədə ödəmə sistemlərinin yayımını nəzərə alsaq AzeriCard olsaydı, fikrimcə daha məqsədə uyğun olardı. Yeri gəlmişkən, bizim də onlayn super-market layihəmiz var — bazar.az, amma hələlik onu reallaşdırmağa vaxt çatdırmırıq. İnşallah tezliklə shop.az-a rəqib olarıq. =)
Keçmişin ən populyar saytlarını bir-bir yad edirdim. Növbə dostumuz Fəridin (el arasında Dups kimi tanınır) saytı olan və bir vaxt cavanların ən sevimli saytına gəlib çatdı — az-maz.com. Saytı açdıqda məni sürpriz gözləyirdi. Brauzer məni yönləndirdi tam başqa bir domenə — auto.az. Az-maz.com-un fəaliyyətinə çox güman ki, xitam verilib, amma əvəzində baxımlı bir avtomobil saytı tərtib edilib. Auto.az-da diqqətimi çəkən əsas məsələ — digər yerli (avtomobil profilli) saytlardan öz funksionallığı, yeni texnologiyalardan səliqəli istifadəsinə görə çox fərqlənməsidir. Xeyirli olsun.
Yeni bir bloqa rast gəldim — muntezir.net. Müəllif həddən artıq radikal (ради чего?!), kompromissiz yazılar yazsa da, özünə məxsus ironiya və yumora malikdir. Bu tip radikalizmi nəzərə alsaq, ehtimal etmək olar ki, qardaş çoxdan bu ölkədə yaşamır. =)
Növbəti MilliNet İnternet mükafatına start verildi. Bu mükafatın əsas fərqi — müsabiqədə Azərbaycan dilli saytlara üstünlük verilməsidir. Bunu yalnız alqışlamaq lazımdır. Amma mükafatın təşkilatçısı kimi Azərbaycan İnternet Forumunun çıxış etməsi…
Osman Gündüz. Milli İnternet Forumunun sədri. Onun media qarşısındakı mütəmadi olaraq çıxışlarını, Azərbaycan İnterneti ilə bağlı qayğısını (sözdə olsa belə) daima müşahidə edirik. Hiss olunur ki, insan başqalarından fərqli olaraq çalışır. Amma şəxsən mənim onun səmimiliyinə böyük şübhəm var. Niyə? Səbəbin açıqlayım. Netty-nin mükafatlandırma mərasimi idi. Şəxsi səhifələr nominasiyasında 2 qalib var idi. Biri müğənni Azərinin şəxsi saytı, biri isə ADR-in yaradıcısı böyük Məmmədəmin Rəsulzadəyə aid bir sayt. O zaman juri bilmirdi səsi kimə versin və məhz Osman Gündüzün sayəsi nəticəsində mükafat müğənninin saytına çatdı. Mükafatı qalibə təqdim edən Osman bəy hələ qeyd etməyi də unutmadı — “Müğənni Azərin Azərbaycan üçün çox böyük işlər görür və layiqli olaraq bu mükafatı qazandı”. Əhsən. Azərin Azərbaycan üçün böyük işlər görə bilər, amma məgər onun gördüyü Rəsulzadə və onun irsi ilə müqaisə ediləsidirmi?! Görünür hörmətli Osman müəllim hesab edir ki, bəli, mümkündür.
Netty-dən söz düşmüşkən. Osman bəyin Netty-nin təşkilat komitəsinin üzvü ola-ola yeni bir mükafatı təsis etməsi də mənə qaranlıq qaldı. Ümumiyyətlə, bu Azərbaycan mentalitetinə aid olan bir problemdir. Bir şey ətrafında birləşib, onu daha da təkmilləşdirmək əvəzinə, biz fərdiçiliyi daha üstün tuturuq. Ötən yazılarımda qeyd etdiyim kimi — birisi uğurlu nəsə açdısa, həmən onun kopiyalanmağı prosesinə start verilir. Bu real həyatda Opera Lounge misalında da, virtaulda uğurlu forumların, saytların, mükafatların kopiyalanmasında da belədir.
Ənənəmizə sadiq olub, bu dəfə də Fox.AZ mövzusuna toxunacam. Bir də görürsən kimsə ağzının suyunu tökə-tökə rəy yazır — “Fox.AZ 4 il bundan qabaq sayt idi, indi heç nədir” və sair, və ilaxır. Sair sözünün yerində adətən şəxsi qərəzliklə dolu yazılar olur, o da görünür saytdan hansısa səbəbdən qovulduğundan ürəyində kin qalıb və ya bəziləri kimi bozbaşizmin son həddindən əziyyət çəkərək onu ört-basdır etmək üçün saç uzadıb (guya bununla oldu müasir birisi), böyük-böyük danışıb özünü Azərbaycan İnternetinin tənqidçisi hesab edir.
Cavab verirəm. Kütləvi saytların fəaliyyət profilini elə kütlənin özü müəyyənləşdirir. Fox.AZ isə əyləncə tipli saytdır. Kütlə isə əyləncə dedikdə Röyanı, Rəqsanəni, nəbilim Üzeyiri (Hacıbəyovu yox ha) nəzərdə tutur.
2006-cı ildə digər layihələrə qoşulduğumdan Fox.AZ saytının bağlanmaq təhlükəsi yarandı. Amma son anda dost-qardaşlarla yekun qərarı verdik — saytı 2 nəzarət dairəsinə böldük — portalın bir hissəsi oldu DLE (Data Life Engine) əsaslı və kütləni maraqlandıran, onun istəyi ilə fəaliyyət göstərəcək bloq-xəbərlər (İsti-isti bölümü adı altında), digər hissəsi isə intellektual müzakirələr üçün forum.
Bloq-xəbərlər hissəsini (İsti-isti bölümü) tam olaraq cavan dost-qardaşlar öz nəzarətlərinə götürdülər. Yani o bölüm demək olar ki, məndən 4 ildir ki tam azad və müstəqildir. Forum hissəsi, birdə saytın ümumi dizaynı, proqram təminatına dəstək isə keçdi mənim kurasiyama.
Zaman göstərdi ki, əslində seçdiyimiz bu yol ən doğrusu idi. Çünki portalın bloq-xəbərlər hissəsini gün ərzində unikal İP-lərlə 4000-ə yaxın istifadəçi ziyarət edir, bu da öz növbəsində bizim mobil əsaslı xidmətlərimiz üçün potensial istifadəçi bazasıdır və həmçinin oradakı gənclərin foruma inteqrasiyasını asan edir, forumu yeni istifadəçilərlə təchiz edir.
Onu da qeyd edim ki, aşağı səviyyəli istifadəçilərin foruma keçidini sıfıra endirmək üçün forum və bloq-xəbərlər-də qeydiyyatlar ayrı-ayrılıqda aparılır. Hal-hazırda bloq-xəbərlər bölümündə qeydiyyat tam azaddır. İstənilən şəxs heç bir maneə və xüsusi aktivasiya gözləmədən qeydiyyatdan keçib portalın bloq-xəbərlər hissəsindən faydalana bilər. Amma forumda qeydiyyat həmən aktivasiya olunmur — bütün qeydiyyatlar yoxlandıqdan sonra qəbul edilir.
Müasir Fox.AZ — Bloq-xəbərlər vasitəsi ilə həm kütləni, həm də Forum vasitəsi ilə kifayət qədər intellektual insanları özündə birləşdirir. Portalın gələcək inkaşaf planları isə artıq məlumdur və bununla bağlı ötən yazılarımda bölüşmüşəm. Allah köməyimiz olsun!
Bu dəfə yazım biraz aqressiv oldu. İnciməyin dostlar. Yazılar sırf mənim subyektiv fikirlərim idi. 😉
Qonşu yazıda qeyd etdiyim kimi, bu günlərdə cənub bölgələrimizdə oldum. Hər üç nömrəmi (Azercell, Bakcell, Nar Mobile) özümlə götürüb 3-4 gün İnternetsiz günlərimdə telefondan hər 3 operatorun təqdim etdiyi GPRS xidmətindən faydalanıb, test etmək qərarı verdim.
Başlayaq Azercell-dən. Yeni telefona nömrəmi qoşan kimi GPRS və MMS ayarları həmən aldım. İnternet bağlama ilə heç bir problem yaranmadı. Sürətlidir. Düzdü bəzən “tormozlayır”. Amma bu telefonluqda ola bilər. Fikrimcə Azercell-in təqdim etdiyi GPRS-in əsas çatışmamazlığı — traffikin baha olmasıdır.
Bakcell. Yeni telefona nömrəni qoşarkən Azercell-dən fərqli olaraq heçnə almadım. Amma ayarları sadəcə 5950 qısa nömrəsinə boş mesaj göndərməklə əldə etdim. Elə həməndə İnternetə qoşuldum. İnternet qoşulma Azercell-dəkinə nisbətdə zəifdir, amma maliyyə baxımından Bakcell-in təklif etdiyi GPRS qoşulma daha sərfəlidir.
Nar-ı test etmək vaxtı gəldi. Nar nömrəni telefona qoşdum, amma burada da avtomatik GPRS və MMS ayarlar almadım. Qərar verdim ayarları Nar Mobile sim bələdçisi vasitəsilə axtarıb tapım. Girdim bələdçiyə, oradan “Men ve Nar Mobile” menusunu seçib daxil oldum bölümlərə. Burada “Ayarlar” bölümüdə var idi… Ona tıkladım və “DATA ve MMS ayarlar”-ı seçdim. Mobil telefonumun modelini daxil etmək təklif olundu — etdim. Cavabında mesaj aldım “Telefonun modeli yanlis daxil edilib. Bu ardicilliq ile daxil edin: (istehsalci) bosluq (model), (ayarlarin novu)”. Heç bir nümunə göstərilməyən quru və faydasız mesaj. Deyilən kimi etdim. Telefon istehsalçısı və modeli göstərdikdən sonra vergül qoyub “WAP” yazdım. Axı mənə GPRS (wap) ayarlar lazım idi… Cavabında yenə eyni mesajı aldım. Digər oxşar telefon modelinin adını qeyd etdim, göndərdim — eyni mesajı yenidən aldım… Fikirləşdim, bəlkə “wap” əvəzinə “GPRS” yazım… Elədə etdim. Yenidən həmən mesaj. Fikirləşdim bəlkə kiçik hərflərlə yazmaq lazımdı. Yenə eyni mesaj. Dedim bəlkə sadəcə modeli yazım, yenə eyni cavab. Dedim bəlkə “wap” yerinə “mms” yazım, bəlkə bu işləyir… Yenə eyni mesaj. Bir sözlə 30-dan çox mesaj göndərməyimə baxmayaraq bu zəhrimar ayarları ala bilmədim.
Artıq gecə olduğundan, səhəri gözlədim. Səhər rayonda bir İnternet-klub tapıb daxil oldum narmobile.az saytına, orada qonşu mövzuda təriflədiyim İnternet bələdçisi vasitəsilə ayarları öz telefonuma göndərdim. Problemində nədə olduğunu elə o zaman anladım. Hə, sən demə problem ayarların növünün düz qeyd etməməyimdə imiş. Bəli, bəli. Sən demə ayarların növün wap, mms kimi yox, məhz “NarİnternetGPRS” kimi qeyd etməliydim. Əhsən. Bunu kimin bu qədər “izvraşat” etməsini bilmirəm, bundan öncə ayarlar sırf sadə sorğu ilə gələrdi — ya “wap”, ya “mms” — amma nümunəsi göstərilməyən bu “izvraşeniyadan” xəbəri və ekstrasensor istedadı olmayan hansısa bir abonentin mobil telefon vasitəsilə bu kimi mürəkkəb cümlə birləşməsini tapıb, doğru sorğu göndərməsi mənim üçün qaranlıq qalır. Görəsən ay ərzində bu tapmacanı neçə nəfər tapır?
Nəsə. Ayarlar artıq telefonda idi. Qaldı GPRS-dən isitifadə etmək. Türk qardaşlarımız demişkən, “nə yazıq ki” burada da məni heçdə xoş olmayan bir sürpriz gözləyirdi — istənilən sayt (səhifə) yarımçıq açılır, daha sonra İnternet (GPRS) ümumiyyətlə itir. Fikirləşdim telefondandı. 3 telefon dəyişdim. Eyni problem. Daha bir “baq” (bəlkədə) — sadə bir səhifəyə daxil olduqda (yarımçıq açır onsuzda) və sonra balansı yoxladıqda, adi yarımcan bir səhifə üçün kifayət qədər böyük bir məbləğin çıxıldığının şahidi oldum.
Nar Mobile müştəri xidmətlərinə isə çoxsaylı zənglərim fayda vermədi… Ola bilsin bu sırf mənim test etdiyim günə düşən bir problemdir. Ola bilər. Amma ümumilikdə ümüd edək ki, bu kimi xırda, amma kifayət qədər abonenti narazı sala biləcək problemləri Nar Mobile tezliklə aradan qaldıracaq. Axı qabaqdan işküzar aktivliyin pik vaxtları gəlir. Hərçənd Nar-ın bu tip problemləri həll etmək üçün həm potensialı, həm maliyyə dəstəyi var. Qalır sadəcə istək.
Nəticə
Nəticə isə bundan öncəki müqayisəmizi xatırladır:
Azercell — keyfiyyətli, amma baha İnternet qoşulma.
Bakcell — sərfəli qiymət, normal sürət.
Nar Mobile — kifayət qədər baha (müqaisə etdiyimiz hər 2 operatora nisbətdə) İnternet. Tez-tez ara kəsilmələr.
İndən belə vaxtım olduqca Azərbaycan İnternetində baş verən hadisələri təhlil edib Sizlərlə bölüşməyə çalışacam.
Avqust ayının ən bəd xəbərlərindən Azərbaycan İnternet məkanının ilk Azərbaycan dilli forumlarından birinin bağlanması xəbəri oldu. Fikrini.de domeni altında fəaliyyət göstərən forum kifayət qədər Azərbaycan dilli intellektualları birləşdirirdi… Amma görünür özlərini çölə qoyanlar, səviyyəsizliyin son həddində oturub səviyyədən dəm vuranlar, ruhi xəstələr və anonim xoşnamuslar Fikrini.de forumununda sonuna çıxdılar. Yoxsa Administrator bu kimi təsirli yazı yazıb, forumu bağlamazdı:
Yazını olduğu kimi təqdim edirəm (mənbə):
Salam, fikirşünaslar. Dünən həyatımın növbəti əsas qərarlarından birini verdim. Forum açılmayacaq! Elmar serverini bərpa etdikdən sonra bəlkə imkan oldu bütün yazıların arxiv kimi qalmasına, amma “fikrini.de” fəaliyyətini bir daha bərpa etməyəcək! Domeyn satılmır və heç kimə də kirayə verilmir, mənim şəxsi mülkiyyətim olaraq qalacaq.
Bəsdir daha onun-bunun nazını çəkdiyimiz, bəsdir daha boş yerə əsəblərimizi sərf etdiyimiz. Mənə deyən lazım idi ki, öz anasına, onun dilinə hörmət etməyən yoldan keçənlərə bu qədər zaman, əsəb, pul niyə sərf edirsən ki. Odur ki, bu fasilə-serverdəki problem, sən demə, xeyrə imiş. Həm də ötən həftə təsadüfən öyrəndim ki, daşım heç təsəvvür belə etmədiyim adamların da başına düşüb. Biri vaxtımı alır, digəri əsəblərimlə oynayır, başqa birisi pulumu götürüb aradan çıxır, digəri gəmidə oturub gəmiçi ilə dalaşmaqdan zövq alır və s. s. s. Bütün bu 5 illik fəaliyyəti boyu forumun mənə vurduğu maddi və mənəvi ziyan Vətən həsrəti ilə çırpındığım və divarlarına qısılaraq təsəlli tapdığım anlardan milyon dəfə çoxdur. Odur ki, əlvida, fikrini.de və fikrini deyənlər!Forum ailə həyatımda narazılıq mənbəyi olan yeganə obyekt idi. Ailəm mənim üçün hamıdan və hər kəsdən üstündür. Foruma sərf etdiyim enerji və vaxtımı ailəmə, işimə həsr edəcəyəm. Ən əsası, artıq Bakı səfərlərimdə görüşmək məcburiyyətim olmayacaq heç kimlə. Bir neçə gün sonra burdan və eləcə də bütün messencerlərdən forum vasitəsi ilə tanıdığım və əlaqələrimin davam etməsini arzulamadığım bütün yoldaşları da siləcəyəm. Hamınıza uğurlar!
Göründüyü kimi insanı cana yığıblar. Ümumiyyətlə qonşu yazıda da qeyd etdiyim kimi Azərbaycan internetinin bəlası — başqasının uğurlarına kütləvi eqoizm, xainlik, imkan olsa birazda “samoreklama” və “mənəm-mənəmlik”dir. Bu yazını mən ümumiyyətlə Azərbaycan İnternetinin fəryadı adlandırardım.
Xoşnamusluqdan söz düşmüşkən, bu ay ana-bacılarını çölə qoyanlar indidə yerli sayt rəhbərlərini hədəfə alıblar. Müxtəlif tanışlıq saytlarında sayt rəhbərlərinin şəkillərini, telefon nömrələrini qoyub, onları təhqir edirlər… Aldığım məlumata görə xoşqeyrətlərin hərəkətlərindən artıq onlarla sayt rəhbərləri ziyan çəkib. Ziyan deyəndə — pərdə altında gizlənib, anonim olaraq onun bunun şəkilindən istifadə özü-özlüyündə acizlik və yazıqlıq əlamətidir. Belələrinə axı küçə söyüşündən başqa nə deyəsən?!… Heçnə… Odur ki, onların fəaliyyətini hüquq mühafizə orqanlarına tapşırıb, biz müşahidələrimizə davam edək.
Müşahidələrimi isə xüsusi olaraq Müqəddəs Ramazan ayı üçün hazırlanmış kiçik, amma faydalı bir proqramla davam edirəm. Kataloq.net saytın hazırladığı kiçik bu proqram (vidget) əslində böyük bir iş görür — namaz vaxtı göstərilir, özüdə müəyyən şəhərlər üzrə (əfsuslar olsun bütün rayonlar qeyd olunmayıb, yagin yeni versiyada buda həllini tapar). Mənim bu vidgetdə ən xoşuma gələn isə iftara nə qədər vaxtın qalmasını göstərməsidir. Bəyənilsin.
Vidgeti buradan yükləyə bilərsiniz.
Deyirlər “Sosial Yeniliklər Düşərgəsi” gəlir. Saytlarına daxil olub, bunun nə olduğu ilə maraqlandım. Amma bu sosial yeniliklərin nə olduğunu, mən bu işin içində olan adam anlamadım, təsəvvür edirəm sadə istifadəçilər nələr çəkir. =) Yagin “Barama” tipində bir şey olacaq, bu dəfə “İrəli”-dən. Hər halda yenilikdirsə, xeyirli olsun. Yeniliklər İnternet məkanımıza lazımdır.
Saytları bu ünvandadı, bəlkə Sizdə nəsə alındı. =)
Yeniliklər demişkən, bu gün mənə maraqlı bir link göndərdilər, elektron jurnaldı. İnternet istifadəçilərin maraqlandıran ən aktual suallar və onlara cavablar bu jurnalda təqdim olunur. Maraqlı başlanğıcdı. Xoşuma gəldi, əsasəndə “copyright” hissəsi — e-Hacı. Çox kreativ seçimdi. Elektron Hacılar erası başlayır, dəstəkləyirəm.
Jurnalı sizdə buradan yükləyə bilərsiniz.
Və sonda… vBulletin 4-ün bizə verdiyi əzablara baxmayaraq, Fox.AZ saytının forumuna tam yeni tərtibatda start verdik. Xatırladım ki, Fox.AZ Forumu Azərbaycanda ilk ana dilində fəaliyyət göstərən forum olmaqda davam edir. Forumda bir çox məsələlərə dair müzakirələr aparılır… İndi qaldı Fox.AZ-ın ümumi səhifələrinə əl gəzdirmək. İrəli gedib onuda qeyd edim ki, Fox.AZ portalının yeni inkişaf strategiyasına əsasən tezliklə hal-hazırki və şəxsən mənimdə bəyənmədiyim bloq-versiyanın fəaliyyətinə xitam veriləcək, əvəzində isə tam yeniləmiş və gənclər üçün nəzərdə tutulan informasiya-əyləncə portalı fəaliyyətə başlayacaq. Artıq bu yönümdə işlərə başlanıb.
Forumda müzakirələrə qoşulmaq üçün bura tıklayın.
İstilərə və Avqust ayının passiv olmasına rəğmən, Azərbaycan İnternet məkanı üçün 3-4 gün ərzində kifayət qədər tutarlı xəbərlər var. Görək başımıza nə gəlir.
Allah köməyimiz olsun!
Bu günlərdə Milli Elmlər Akademiyasının saytın axtarırdım. Həmişəki kimi Google-da sorğunu yığdım və nəticə məni şoka saldı.
Nəticə isə onu göstərir ki, bəs http://kamran-petux.da.ru domen adı altında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının rəsmi veb səhifəsi yerləşir.
Sözü gedən saytın kodun biraz analiz etdikdən sonra məlum oldu ki, bu sadəcə freymdi, faktiki olaraq sayt science.gov.az veb ünvanına yönlənir. Məsələ ilə bağlı müraciət etdim Google-a, “Milli Elmlər Akademiyası” sorğusunda kamran-petux.da.ru saytının ləğv edilməsi ilə bağlı. Səbəb — Azərbaycanı alçaltmaq cəhdi və faktiki saytın olmamağı (yalnız qeyd etdiyim kimi yönləndirici freym var). Sağolsunlar, bir həftə ərzində biabırçı domen adı sorğu nəticəsindən yığışdırıldı.
Amma… Amma bilmirəm bu kiminsə şəxsi qərəzliyi idi, ya ironiyası… domen adı elə Azərbaycan elminin hal-hazırda hansı səviyyədə olduğunun göstərici idi — universitet və məktəblərdə açıq-aşkar rüşvətxoluğun tüğyan elədiyi, heç bir elmi nailiyyətlərin olmadığı bir vaxtda, Azərbaycan elminə elə bu tip domen yaraşır.
Mövzuya dair forumda müzakirələr ↓
Elmlər Akademiyası «kamran-petux» domeni altında?!
Nəyə görə Azərbaycan İnternet məkanında hələdə tutarlı biznes layihə yoxdu?! Niyə? Gəlin səbəbləri bir-bir araşdıraq.
Faktor 1 — Diqqətsizlik
Azərbaycanda “İnternet” ümumiyyətlə uşaq işi sayılır — neft pullarının sağa-sola xərcləndiyi bir vaxtda heç kim “uşaq” işi ilə ciddi məşğul olmaq istəmir.
Faktor 2 — Maliyə çatışmamazlığı
Yuxarıda göstərilən faktor nəzərə alındıqda, İnternet məkanımızda layihələrin dəyəri yüz minlər-milyonlarla deyil, ən yaxşı halda on minlərlə USD ilə ölçülür. Belə olan halda həm layihələrin həcmi tutarlı dərəcədə kiçilir, həm büdcəsi milyonlar olan əcnəbi saytlara keyfiyyətdə və xidmətin göstərilməsində, istifadəçiyə çatdırılma səviyyəsində uduzur.
Faktor 3 — Uğurlarımıza qarşı kütləvi eqoistlik
Azərbaycan xalqının yüz illərlə müxtəlif imperiyaların əsarəti altında qalması, xalqımızın özünə dəyər verməməsinə, “kölə” təfəkkürünün yaranmasına gətirib çıxarıb. Gurultulu bir layihə yaratsan belə, bizim xalq həmən bunu özgəsi ilə müqaisə edib, özümüzünkini alçaldacaq, xoş sözlər əvəzinə acılayacaq. Özüdə bu kütləvi halda baş verir… Bundan sonra layihə yaradıcıları məyus olmasın?!
Faktor 4 — Bizim xalq üçün “özgə malı daha şirindi”
Ümumiyyətlə, xalqımızın özgə malına meyli olmasıda burada əsas yer tutur. Eyni səviyyəli xidmətlər həm bizdə, həm əcnəbilərdə olduğu zaman, hər kəs nədənsə əcnəbi xidmətlərdən istifadəyə üstünlük verir. Yagin özgə malı dadlı olur, yada burada primitiv biganəlik, eqoistlik, qonşunun qabağa getməsini istəməmək prinsipi üstünlük təşkil edir… Hələ böyük şirkətlərimizin “böyük” layihələrin əcnəbilərə tapşırılmasını demirəm…
Faktor 5 — Kiçik dövlət, kiçik bazar
Azərbaycanın kiçik, hətta deyərdim miniatür bir dövlət olmasınında burada öz rolu var. Belə ki, Rusiya İnternetində adi bir sayta gün ərzində 50 min istifadəçinin daxil olması normal sayılırsa, Azərbaycanda bu yalnız top saytlara qismət olur, oda nəsə qeyri adi bir hadisə baş verdikdə.
Faktor 6 — Kölə təfəkkürünün yaratdığı növbəti problem — öz dilimizi bəyənmirik
Azərbaycan İnternet məkanında tutarlı bir sayt açmaq üçün, ilk öncə saytı Azərbaycanca deyil, rus (!) dilində açmaq mütləqdir. Çünki, hər kəs hesab edir ki, sayt rus dili olduqda, o daha “prestijnı” olur, “elitar təbəqə”, “ziyalılar” istifadə edir”…
Faktor 7 — Tənbəllik faktoru
Ümumilikdə biz çox tənbəl, çox yeyən və istirahəti sevən bir xalqıq. Nəzərə alsaq ki, səviyyəli sayt yaradılmasına titanik səylər tələb olunur, onda bu saytların yaradılması qenetik cəhətdən bizlik deyil. =) Amma bizim milləti qınamalı deyil, neft pulları bizi ərköyünləşdirib — veb texnologiyalara sərf etdiyi vaxtın 10%-ı digər aktual sahələrə sərf etsə (məsələn tikinti sektoru), həm 100 qat daha çox pul qazanar, həm istirahətindən qalmaz.
Faktor 8 — İnternet qoşulmanın fantastik qiyməti
Nə qədər rəsmilər and aman etsələrdə, Azərbaycanda İnternet qonşulara nisbətdə hələdə fantastik qiymətə satılır. Məsələn, biz 20 manata (24 USD) cəmi 1024 kbsp sürətdə ADSL-ə qoşula bilərik, amma qonşu Gürcüstanda həmən sürət bizim pulla maksimum 6,8 manatdır (8 USD)!
Faktor 9 — Hər birimiz bir dahiyik?!
Azərbaycanlıların daha bir xüsusiyyəti — fərdilikdir. Hər kəs özünü dahi, hər kəsdən üstün hesab etməsi ona gətirib çıxarıb ki, nəticədə heç kəs sağlam tənqidi qəbul etmir, öz üzərində işləmir və ortaya aşağı səviyyəli bir məhsul qoyub onu premium hesab edir… Biz sözlə yerimizdə çobalayırıq.
Faktor 10 — Birliyin olmaması
Burada da fərdlik faktoru öz rolunu oynayır. Biz bir kollektivdə işləməyi, bir yerdə nəsə yaradıb irəli getməyi deyil, hər zaman fərdi olaraq öz şirkətimizi qurmağa, hər şeyin özümüzə aid olmasına çalışırıq. Amma unuduruq ki, güc əslində birlikdədi, “fərdi” olub sıradan biri olmaqdansa, “bir olub” lider olmaq daha yaxşıdı.
Nəticə — Əgər bütün bu sadaladığım faktorların 1/3-i adlaya bilsək, fikrimcə bizi dəyərli layihələr gözləyir… Deməli, ya gərək gecələr belə yatmayıb öz üzərimizdə işləməliyik, yada neft pullarının hesabına sürünməkdə davam etməliyik, hər şey özümüzdən asılıdır.
Nə deyim, Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları)
İnternetdə yayılan forum sistemləri içərisində ən təhlükəsiz və stabili sayılan vBulletin4, illərlə qazanılan hörmət və etibarı bir anda darmadağın etdi.
vBulletin4 kimi çiy bir sistemin özüdə Gold (Release candidate yox, Beta yox, Alpha yox, məhz GOLD!) əlavəsi ilə satışa çıxarılması ən azından cinayətdir. Niyə? Niyələri gəlin sadalayaq:
Hələ sadalanacaq çatışmamazlıqlar çoxdur, sadəcə yadımda qalanı yazdım.
Yazdıqlarımda hər biri real faktlara əsaslanır — düz 5 gündir ki, əziyyət çəkirik. Belə ki, Fox.AZ portalının forumun yenilədik 3.8 versiyadan 4.05 versiyaya. Elə problemlərdə bundan başladı. Birinci baza ümumiyyətlə köhnəni tanımadı, sonra proqramistlərimizin düzəlişlərindən sonra vBulletin4 sayta oturdu, amma… Amma yenidən Error… Bütün köhnə plaqinləri pozmalı olduq… Bala-bala dizayndan portalın yeni strategiyasına uyğun dəyişikliklər etməyə başlamışdıq ki, şablonlarla bağlı problem lap əsəbimizi məhv etdi. Hələ bu azmış kimi foruma eyni zamanda hər 50 müraciət edildikdə — baza darmadağın oldu. Bir sözlə 5 gün bizə bu sistem olmazın əzabın verdi…
Çiy məhsul üçün 6 ildir ki, abunə olub lisenziya almağımız (burdada soyğunçuluqla məşğuldular, məsələn, yeni vBulletin üçün mütamadi ödədiyimiz abunə haqqından başqa yeni ödəmə tələb edilir — 280 USD) üçün lap peşman oldum.
Heyf səndən ay vBulletin… Deyəsən bizdə keçəsi olacıq IPB-yə.
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual