Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Futbol üzrə "Dünya Çempionatı" 2018/2022. Qaliblər

2018 və 2022-ci illərdə keçiriləcək futbol üzrə “Dünya Çempionatı”-nın keçiriləcəyi yerlər artıq məlumdur. Bunlar Rusiya və Qatardır. Onlarla daha layiqli namizədlərin olduğu halda FİFA-nın tədbirə heç də ciddi yanaşmayan Rusiyanı qalib kimi seçməsi mənim üçün müammalı olaraq qaldı. Axı ruslar digərlərindən fərqli olaraq heç bir qeyri-adi təkliflə çıxış etmədilər… Yəqin bu ABŞ-ın Rusiyaya “perezaqruzka” məsələsinə görə hədiyyəsidir. Ya da rüşvətin canı sağ olsun (onsuz FIFA rüşvətxor orqan kimi çoxdan ad çıxarıb). Hər şey ola bilər.
Rusiya bu qalibiyyətə layiq deyil! ATƏT-in son sammitində baş verən hadisələr də bunun sübutudur. Sammit demişkən, sabah İnşallah buna dair fikirlərimlə bölüşəcəm.
Nəsə. Gəlin qaliblərin video-prezentasiyalarını izləyək.
Rusiya 2018.

Qatar 2022.
Rusiyadan fərqli olaraq Qatar bu işə ciddi və məsuliyyətlə yanaşıb. Stadionları standart şablon yox, çox kreativ tərtib olunacaq.

Mövzuya dair forumda müzakirələr ↓
Futbol üzrə dünya çempionatı 2018/2022. Qaliblər

Liza Simpson. Azərbaycan. Günəş və WikiLeaks

Hə… Liza Simpson da Azərbaycan haqqında danışdı. Özü də danışmağı dərd yarı, sən demə o bizi BMT-də təmsil edirmiş, bizim heç xəbərimiz də yoxdur.

Məşhur Simpsonlar çizgi serialının qəhramanlarından olan balaca Liza növbəti filmlərin birində Azərbaycanı təmsil edir. Cəsur Liza xanımın düyünün rüsumlarını qaldıracağı ilə bağlı Azərbaycan adından BMT üzvlərinə hətta hədə-qorxu gəlmək planları var. Ay səni, Liza… Neft olsaydı, yenə başa düşmək olardı, amma Azərbaycanın düyü ixracı… Deyəsən amerikallılar bizi induslarla səhv salıblar, Vallah. :hm:  Ümumiyyətlə, axır vaxtlar Amerika üçün Azərbaycan faktoru yaman aktuallaşıb. Allah axırını xeyir eləsin.

Ölmədik, bu günü də gördük — Günəşi rəsmi olaraq özəlləşdirdilər. Milliardlarla il azad ömür sürdükdən sonra indi Günəşin də yiyəsi var — bu İspaniyanın Galicia bölgəsinin sakini 49 yaşlı Angeles Duran adlı bir xanımdır.
Bu “fərasətli” qadın əməlinə belə açıqlama verib — “Mən bütün hüquqi məsələri gözəl bilirəm, elə ona görə də rəsmi orqanlara müraciət etdim və mənim sorğum təmin edildi. Ağılsız deyiləm ki, Günəşi kiməsə verim… ” Hə, “çox ağıllı” xanımın Günəşə dair Notariusda təsdiq edilmiş sənədi də var. İspaniyanın dövlət Notarius təsdiq edir ki, Angeles Duran həqiqətən G2 tipli spektral ulduz olan və Günəş sisteminin mərkəzində yerləşən Günəş adlı ulduzun qanuni sahibidir.
Günəşə dair gələcək planlarını açıqlayan fırıldaqçı qadın günəşi parça-parça satmağı planlaşdırdığını deyib. Əhsən.
Günəş demişkən. WikiLeaks saytının “günəşi” də bu saat ən parlaq anını yaşayır. Ötən yazımda qeyd etdiyim kimi, ABŞ-ın xarici siyasətinin yeni vuran “dubinkası” olan bu sayt dövlət departamentinə arxalanıb ABŞ-dan başqa demək olar ki, bütün dövlətlərin başçılarına, ölkələrin apardığı xarici və daxili siyasətə “ilişir”. Düzdür, hərdən lap ağ olmasın deyə, Amerikayada bir iki söz atır, amma yazılarının böyük əksəriyyəti digər ölkələri əhatə edir. Ən maraqlısı odur ki, bu dərgi indi də başlayıb ölkələrin birinci xanımlarına dair kompromatlar dərc etməyə. Məsələn, bu dəfə WikiLeaks Rusiyanın birinci xanımı Svetlana Medvedevaya dair “məxvi” sənədləri üzə çıxarıb, amma nədənsə özünü “müstəqil” adlandıran bu dərgi Amerikanın ilk qara dərili prezidentinin kameralar qarşısında aktyorluq edən və ağ evi xiyar-pomidor-balqabaq bostanına çevirən həyat yoldaşı haqqında bircə kəlmə də olsa söz açmır. Ucuz tamaşa. Amerika nə gündəsən?! 😀
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?

WikiLeaks. Son vaxtlar xəbərlərdə adı ən çox çəkilən sayt. Bəs bu WikiLeaks nədir və ümumiyyətlə nəyə xidmət edir? Gəlin birlikdə bunu aydınlaşdıraq.
WikiLeaks-ın yaradıcısı Julian Paul Assange adlı bir Avstraliya vətəndaşıdır. Uşaqlığı çox ağır keçən Julian cavanlıq dövründə bir çox kiber-cinayətlərdə şübhəli bilinib. Hətta vaxtıyla CityBank-dan 500.000 ABŞ dolları oğurladığına görə onun barəsində cinayət işi də açılıb. Texnologiya aləmiylə yaxından tanış olan hər bir şəxs gözəl bilir ki, bu tip savadlı xakerlər bir müddətdən sonra xüsusi xidmət orqanlarına işləməyə məcbur edilir. Yəni başqa bir variant ola bilməz — əsas prinsip — “istedadlı xakerlərlə mübarizə aparmaqdansa, onları mənən məhv edib özünə tabe etmək daha sərfəlidir” burada öz rolunu oynayır. Görünür elə bu səbəbdən də tezliklə Julian-ın üzərindən bütün ittihamlar götürülür və o fəaliyyətini davam etdirir.

Beləliklə, 2006-cı ildə Julian-ın növbəti layihəsi WikiLeaks işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, İnternetdə bölüşürlər.
Gizli və məxfi sənədlərin yayımını başqa bir saytda da təmin etmək olardı, bəs niyə məhz WikiLeaks?! Axı yüzlərlə bu kimi saytlar var… Niyə? Çünki bu sayt birbaşa ABŞ Administrasiyası tərəfindən idarə olunur. Bunun təsdiqi kimi:

  1. WikiLeaks-ın əsas ideologiyası (saytlarında da qeyd olunur) — siyasi azadlıqların təbliği, əsas hədəfi isə Çin və Rusiyadır. ABŞ Administrasiyasının Rusiya və Çinlə münasibətlərini birbaşa korlamamaq üçün gözəl vasitə — kompromatı burax İnternetə, sonra da bu kimi “məxfi” sənədlərə istinad edib bu ölkələrə təzyiq et.
  2. Tamaşaya biraz da təbiilik qatmaq üçün ABŞ Administrasiyası səviyyəsində sayta reaksiya olunur. Guya “pis” WikiLeaks bunların “sirlərini” açıb-tökür. Bu isə əslində onun bütün dünyada tanınmasına, təbliğinə xidmət edir.
  3. Guya İnterpol Julian-ı axtarışa verib, amma o görünməz olub. Bu da absurd bir şeydir. Hər-halda sayta girib, yeniləyirsə, onun IP-ləri həmən ICANN-da və ya provayderdə (hosterdə) qeydiyyata düşür. IP ilə isə insanı asanlıqla tapmaq olar. Deyə bilərsiz bəs birdən proxy-dən istifadə edirsə?! Bu da boş şeydir. Hələ bizdə proxy-ləri yararsız edən proqram və skriptlər var, təsəvvür edin bunun üçün xüsusi kəşfiyyat orqanlarının nə kimi alətləri var…
  4. Əgər həqiqətən də WikiLeaks ABŞ-ın nüfuzuna zərbə vurursa, onda elə adı çəkilən ICANN (dünyanın bütün domen adlarına nəzarət edir) heç bir səs-səmir olmadan WikiLeaks.org saytını bağlaya bilər.
  5. Guya WikiLeaks anti-ABŞ təbliğatı aparır. Növbəti sayıqlama. Əslində saytda yayımlanan bütün sənədlər ABŞ-ın mənafeyinə xidmət edir. Məsələn, “məxfi” sənədlərdə qeyd olunur ki, İraqlı əsgərlər (məhz iraqlı (!)) əsirlərə işgəncə verib, onların barmaqlarını kəsib, gözlərini çıxarırlarmış. ABŞ hakimiyyətinin günahı isə — buna göz yummaqla bitir. Deməli İraq oldu vəhşi-barmaq kəsən… İraqa təzyiq üçün növbəti bəhanə. Budur ABŞ-a ziyan?
  6. Bu klassik ovçuluq strategiyasıdır. Bir misal çəkim. Ovçular ilk olaraq 3-4 ördəyi tuturlar, qanadlarını şikəst edirlər ki, uçmasınlar. Onları bir müddət qaranlıq yerdə saxladıqdan sonra, ümumiyyətlə uçmağa can atmırlar, insanlardan qorxmurlar. İşləri yalnız başlarını aşağa salıb sakitcə üzmək olur. Ovçular ova gedərkən onları mütləq özləriylə götürürlər, buraxırlar suya. Göydə uçan azad quşlar onların rahatça üzdüyünü görüb, onlara qoşulmağa can atırlar, qonurlar onlarla üzməyə — elə bu vaxt ördək soyqırımı başlayır. Azad və uçan quşları bir-bir vurub güllələyirlər. Zəlilləri isə yenidən qəfəsə qoyub, gələn dəfə üçün saxlayırlar. İndi WikiLeaks də o zəlil ördəklərdən biridir. Birisi məxfi sənədi ötürdü — onu həmən ayırd etmək üçün əla vasitə.

WikiLeaks sadəcə ABŞ kəşfiyyatının bir alətidir. Demokratiya carçısının saman-altı oyunu üçün yeni bir layihə.
Yuxarıdakılar mənim subyektiv fikrim idi. Əgər etirazınız varsa, faktlarla təsdiq edin.
Mövzuya dair forumda müzakirələr ↓
WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?

ABU. İnsan qəssabları. Bayraq və Hafiz Hacıyev

Son olaylarla bağlı fikirlərimlə bölüşürəm. ABU. Daha doğrusu Azərbaycan Beynəlxalq Universiteti. Universitet bağlandı, dərd yarı. Sən demə ABU-ya məxsus klinikaların birində insan orqanlarının transplantasiyası və satışı təşkil olunurmuş.
Məlumat artıq rəsmi şəkildə təsdiqini tapıb. Klinikaya əməliyyat üçün insan qəssabları əsasən Ukraynadan dəvət olunurmuşlar. Deyilənə görə 10-dan çox bu kimi cinayətin üstü açılıb. Görünür ABU-nun rektoruna da qarşı cinayyət işi açılacaq. Hərçənd Yeni Müsavat dərgisinin xəbərinə görə klinikanın rəsmiləri bu xəbəri böhtan və iftira adlandırırlar, amma… Düzünü zaman göstərəcək.
Zaman demişkən. Bu balacaboy taciklər imkan vermədilər ki, bizim analoqu olmayan ən uca dirəkli 3 rəngli bayrağımız heç olmaya bir müddən analoqu olmayan kimi rahat dalğalansın. Belə ki, bu gün gəzən şayələrə görə əhalisinin yarıdan çoxu Rusiyada küçə süpürgəçiliyi ilə məşğul olan və dünyanın ən kasıb ölkələrindən olan Tacikistanın dövlət başçısı İmaməli Raxmon özünün “ən uca bayraq” sevdasını gerçəkləşdirmək qərarı verib. Tacikistanın analoqu olmayan bayrağının dirəyi paytaxtları Düşənbədəki Millətlər Sarayının qarşısında ucaldılacaq. Bundan əlavə dirəyin önündə dövlət qerbi üçün nəhəng postament də yerləşdiriləcək. Bayraq dirəyi isə 165 metr hündürlükdə olacaq. Xatırladım ki, bizim bayrağın dirəyi 162 metr təşkil edir.
Azərbaycanı anladıq — biz neftimizlə öyünürük, belə layihələri gerçəkləşdiririk, bəs yaxşı bu Tacikistanın nəyi var axı?! Paxıllıqdan başqa heç nəyi. :pis: Lazımsız pafos və ambisiyalardan başqa bir şey deyil.
Bayraqdan söz düşmüşkən. Seçkilərdən sonra Hafiz Hacıyevi tanımaq olmur. Arzusunda olduğu Milli Məclisə düşə bilmədikdən sonra “balıq” ləqəbli Hafiz bəy bayrağını dəyişmək qərarı verib. Bir vaxtlar “Müsavat” Partiyasını dağıtmaq üçün yaratdığı separatist “Müasir Müsavat” Partiyasını indi elə həmin “Müsavat”-ın müttəfiqi elan edib. Əhsən. Görəsən bu deputat kreslosu niyə belə şirindir?! Qismət olar, bilərik. 😆
Hə, bu gün də məlum olur ki, “Müasir Müsavat” Partiyasının aktivistləri yığışıb “flexible” Hafiz bəyin istefasını tələb ediblər. İndi Hafiz bəy çətin vəziyyətdə qalıb. Nə müxalifət onu qəbul edir, nə də ki iqtidar. Bir tərəfdən də öz partiyası. Atalar bunda deyib e — yeyə bilməyəcəyin şeyi çəngəlləmə.

Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

BakuTel 2010. İlk təəsuratlar

Bu gün növbəti BakuTel sərgisinin təntənəli açılışı oldu. Düzdür açılış gecikmə ilə oldu, amma möhtəşəm Baku Expo Center-də (Sərgi mərkəzi) vaxt keçirmək özü böyük zövq verir. Bir sevindirici halı da qeyd edim — bu il şirkətlər sərgiyə kifayət qədər ciddi hazırlıq görmüşdülər.
İlk olaraq yaxınlaşdığımız stenddə Sinam şirktətinin təqdim etdyi interaktiv xəritənin nümayişi gedirdi. Xəritə Google Maps-ın Azərbaycan ərzisi üçün lokalizasiyasını xatırladır, amma xarici görünüşcə (dizayn) Google məhsulundan geri qalır. Xüsusi planşet vasitəsilə idarə olunan bu xəritə əslində istifadəçi üçün gözəl imkanlar açır — istənilən küçəni, obyekti və s. həmən tapmaq olur, hətta binaların nömrəsini belə göstərir. Özü də bu imkan Azərbaycanın istənilən bölgəsini (!) əhatə edir. İstənilən. Təqdimat edən bəyə sual verdim — istənilən? Təkrar etdi ki, bəs hə, istənilən. Mən də eləmə tənbəllik, dedim — İmişlinin filan küçəsini mənə göstərin, zəhmət olmasa. Təqdimatçı bəy hay əlləşdi, hay vuruşdu, bir şey tapa bilmədi. =)
Şəkillərə böyük həcmdə baxmaq üçün mousla üstünə tıklayın.

Keçid aldıq digər stendlərə. Növbəti qurbanımız Caspian Navtel şirkəti idi. GPS xidmətlərini təqdim edirlər. Xoşuma gəldi. Yaxın bir qardaşı gördüm (Azercell-də bir yerdə çalışmışıq), məsləhət almaq istədim. Deyirəm — a qardaş səncə bu GPS aparatları almağa dəyər? Mən rayonlara səfərlərə çıxanda Google Maps-dan istifadə edirəm, bu nə ilə fərqlənir. Deyir, Google Maps bunun yanında heç nədir, bunlar daha mürəkkəb xüsusiyyətlərə, funksiyalara malik bir xəritədir və sair, və daha nələr. Sonra da məlum oldu ki, qardaşın özü Navtel-də işləyir. Haha. 😆



Yolumuzu davam edirik. Digər GPS təqdim edən şirkət Google Maps + Google Latitude funksiyalarını pulla “sırımaq” istəyir. Yenə davam edirik.  Bakcell. Nar Mobile. Azerfon. Heç bir yenilik görmədim, amma Bakcellin stendi maraqlı idi. Yolumuza davam. Azercell. Sərginin ən gözəl stendi Azərbaycanın ən böyük mobil operatoruna məxsusdur. Zövqlü tərtibat, əsl səviyyə. Azercell 4G texnologiyasını, mobil GPS xidmətini və digər yeni xidmətləri aktiv anons edirdi. Azeronline stendinə yaxınlaşırıq. Hərçənd bu stendin yaradılmasında bizim studiyanın böyük əməyi var. Gözəl alınıb Maşallah.















Yolumuza davam edirik. Windows 7 stendi. İlk olaraq maraqlıdır, amma yeni bir şey yoxdur. Windows-du da. 😀 Yaxınlaşırıq Çinin texnologiya nəhəngi Huawei-in stendinə. Çinli biri gülümsəyərək bizi qarşılayır. Telefonlar təqdim edirlər. Çox sərfəli qiymətə. QWERTY klaviaturalı, Android 2.1 platformalı mobil telefon cəmi 96 dollar (76 (!) manat). Özü də touch screenli və gözəl görünüşlü. Almaq istədim, deyir satılmır, biz bura distrubutor axtarışı üçün gəlmişik. :hm:  Bu sözü deyəndən sonra, məyus olub telefonda bir baq tapdım — Blackberry stilində olan joystick normal işləmir. Əsl çin malı.









Hələlik bu qədər. Gündəlik yazılarımı izləyin, davamı olacaq. 😉
Mövzuya dair forumda müzakirələr ↓
BakuTel 2010

Seçkilər Mirşahinin gözü ilə… Dövləti seçim

Parlament seçkiləri Mirşahinin gözü ilə — Dövləti seçim. Deyirəm, Yasamal seçki dairəsindən qalib deputat, “Sitatın sonu” layihəsinin əvəzolunmaz aparıcısı Etibar Hüseynov bunun yanında yalan oldu.
Çox yazmaqda məna görmürəm. Birdəfəlik baxmaq daha yaxşıdır.
Seçkilər Mirşahin bəyin prizmasından… :s:


Video-ları sevərək RİP etdiyi üçün Müntəzirə minnətdarlığımızı bildirməyi unutmuruq.
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev

Azərbaycan İnternetində nələr baş verir (№4)

Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.
Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.
Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.
Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.
Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.
Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.
Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.
Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.

Vətən qurbanları. Mübariz və Fərid

Qurban bayramı. Bu gün özünü vətən üçün qurban edən şəhidlərimizi yada salmamaq günah olardı. Allah hər birinə rəhmət etsin. Sözüm sonuncu qəhraman şəhidlərimiz Mübariz və Fərid haqqındadır.
Televiziyadan yalan eşitməyə adət etmişik. Elə ona görə də, gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Mübariz və Fəridlə bir yerdə döyüş yolu keçmiş qardaşlarla şəhidlərimiz barəsində ətraflı söhbətimiz oldu. Çox şeyi açıb yaza bilmirəm, amma onların qəhramanlığına heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Bu iki oğul həqiqətən böyük şücayət göstərən əsgərlərimizdi.

Amma… Əfsuslar olsun ki, nadanlarımız barmaqla sayılası deyil — bir çox forum və bloqlarda kompüter qarşısında oturan soxulcanlar, özünü şir təsəvvür edib (realda heç tualet əskisi də deyillər) onların etdiyi qəhrəmanlığa kölgə salıb, başları çıxdı-çıxmadı ağızlarına gələni yazırlar… amma bir şeyi unudurlar — erməninin pisi-yaxşısı olmur. Müharibə bitdikdən sonra, bəlkə də barışıq mümkündür, amma nə qədər ki, Şuşada zövqsüz erməni bayrağı dalğalanır, bizlərə insan-sevərlik, kosmopolitlik yaraşmaz. Bəsdi bambılılıq etdiniz. Nəsə. Əşi, onsuz da bu millət satqınlığa ta Babəkin dövründən meyllidir. Nə etmək olar?!
Proqressiv gənclik Mübariz və Fərid kimi oğullarla fəxr edir! Allah rəhmət eləsin!
ANS-in Mübarizə həsr etdiyi veriliş — Ölümdən 24 saat əvvəl.



Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanın Milli Qəhrəmanları!

Qurban. Velosiped. İspan inəyi. Hava və Zirəddin

Bu gün müqəddəs Qurban bayramıdır. Qurban bayramı şablon SMS-lərin gördərib-alınması, pulla qurbanlığa şərik olmaq kimi adətlərdən deyil, səhər-tezdən məsçiddə camaatla bayram namazı qılıb, Allahın böyüklüyünün bir daha anılmasından, qurban kəsib, yeddi kasıb qapıya paylanmasından, yaxınları yad etməkdən, zikrlər və “qurban” olmaq fenomeni haqda heç olmasa bir neçə dəqiqə fikirləşməkdən ibarətdir. Hələ mənim bildiyim bunlardır… Bəs bunlara riayət edirik?
Sizə deyirəm, amma özüm bu il edə bilmədim. Növbəti velo-gəzintimdə yaman yıxılmışam. Bu dəfə deyəsən qabırğalarımı əzdim, güclə tərpənirəm. Travmatologiyada dedilər ki, qabırğa üstü gəmirçəklər sınıb, “koroçe” vəziyyət yaxşı deyil. Allah kərimdir, İnşallah bu da keçər.
Qurban demişkən, yaxşı ki, bu bayramda qurbanlıq kimi qoyun təyin olunub (bu təyin, o təyindən deyil ha. 😉 (c) seçki 2010). Bəs qoyunun yerinə vəhşi ispan inəyi olsaydı, onda necə olardı? Onda vay bizim məzlum xalqın başına, heç olmaya bayramlarda nəfəsin dərib istirahət edir, onu da vəhşi inəklər gözündən gətirərdi…
Yəqin elə bu “haqsızlığa” görə bu gün Meksikada növbəti ispan inəyi dünya ictimayətinə çılğın etirazını bildirib, insanları qatıb qabağına. Dünya birliyi bu haqsızlığa hələ də dözür. 😀 (c) İTV

Havalar da ki, məşhur fırıldaqçı baxıcı Zirəddinin proqnozlarına rəğmən soyumaq bilmir ki, bilmir. Noyabr ayında belə isti havanın olması heç yadıma gəmir. Bezdiricidi. Nəsə. Gedim biraz uzanım, qabırğalarım “zokkuldayır”. =)
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Flaşmob — müasir bambılizm?!

Flaşmob — son vaxtlar gənclərimiz (əsasən də küyə gedənlər) arasında çox populyarlaşan bir ifadədir. Bəs bu flashmob ümumiyyətlə nədir? Bu kimi tədbirlər nə məna daşıyır?!
Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Məsələn, min bir əziyyətlə ailəsinə çörək pulu qazanan Əhməd kişi evə qayıdarkən görür ki, qəfil kimsə yolun ortasında huşunu itirdi… Həyatı onsuz da başdan-ayağa böyük bir stress olan Əhməd kişi bambılizmin son həddindən əziyyət çəkən cavana köməyə qaçır, bu zaman kənarda durub müşahidə edən digər şəxslər də yerə uzanırlar… Əhməd kişi şokdadı… Sən demə bu səhnəcikdir… Sən demə bu fərqli olmaq deməkdir… Sən demə bu flaşmobdur. Əhsən.

Flaşmobun atası amerikalı sosioloq-yazıçı Howard Rheingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmob-un mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmob-lar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır.
Post-sovet məkanında, əsasən də Rusiya, Ukrayna və Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusiyada etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komisiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar.
Azərbaycanda da flaşmoblar yayılmağa başlayıb. Amma bizdə hər şeydə olduğu kimi burada da özünə məxsusluq var — bizim flaşmober-lər yalnız onun bunun zir-zibilini təkrar etməklə məşğuldular. Maykl Ceksona, Halloween-ə həsr olunmuş flaşmoblar bu silsilədəndir.

Azərbaycanın xalq artisti, mərhum Mikayıl Ceksonun xatirəsinə həsr olunmuş milli flaşmob.
Onu da qeyd edim ki, Azərbaycan flaşmober-lərinin əksəriyyəti tələbələrdir.

Azərbaycan xalqının sevimli milli bayramı — Halloween-ə həsr olunmuş növbəti flaşmob.
Gəlin bizim flashmober-lərin son işlərini analiz edək (yuxarıda təqdim olunmuş video vasitəsiylə). Göründüyü kimi, milli flaşmober-lər dədə-baba bayramları olan Halloween-ə həsr edilmiş bu aksiyaya əməlli-başlı hazırlıq görülüblər. Özü də professional qrimlər, maskalar vasitəsi ilə. Çox güman ki, onları hansısa “pul yumaq” üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatı maliyyələşdirir. Xeyli adam da toplaya biliblər — bu isə bizim gəncliyin nə qədər deqradasiyaya uğradığının göstəricisidir…
Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora “qız tutmaq” üçün gedir… nə flaşmob?! 😀
Nəsə. Atalar yaxşı deyib, utanmasan, oynamağa nə var ki?! Allah ağıl versin.
Fikirlər mənim şəxsi subyektiv fikrimdir. Ürəyinizə çox almayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Flaşmob

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom