Mac OS X Lion. Apple bu əməliyyat sistemini nə qədər pafosla “dünyanın ən yaxşı əməliyyat sistemi” kimi təqdim etdisə, faktiki sistem bir o qədər də çiy alındı. Şəxsən mənim qarşıma hələ bu qədər çiy və həddən artıq primitiv bir sistem çıxmamışdı. Yadımdadır, Microsoft-un cavanlıq səhvi Windows Me deyilən bir qeyri stabil sistem də var idi, o da çiy idi, amma Lion onun rekordunu konkret qıra bildi! Stabillik cəhənnəm, guya kişinin uşaqları yenilik ediblər — əvvəlki əməliyyat sisteminə xas və “by default” aktiv olmayan trackpad üçün xüsusiyyətləri indi default aktiv edib, yerlərini dəyişib yeni funksiya adı ilə camaata sırıyırlar. Özü də yer dəyişməni o qədər məntiqsiz ediblər ki, bütün İnternet artıq bu “yenilikdən” gileylənir. Təsəvvür edin — skrolu aşağı edirsən, səhifə yuxarı qalxır. =) Apple mühəndislərinin fikrincə, guya bu funksiya vasitəsilə səhifə barmaqların inersiyasından əks istiqamətdə hərəkət edir, realda isə bu istifadəçinin əsəbi ilə oynamaqdan başqa bir şey deyil.
Lionun çiy olması tək bununla bitmir, çoxsaylı baqlar, çatışmamazlıqlar, iki dəqiqədən bir tutulmalar insanı məyus edir. Axı biz Apple-dan hər zaman ən azından ideala yaxın bir məhsul gözləmişik və almışıq da. Çox güman ki, bu məhsulun hazırlanmasında məlum səbəblərdən Stiv özü iştirak edə bilməyib — etsəydi, əminəm ki, bu biabırçılığı bazara çıxarmağa qoymazdı.
Lion-un müstəqil bir əməliyyat sistemi olmamasına dair digər sübut — final relizi heç bir halda sıfırdan MAC-a qurmaq olmaz. Mütləq gərək əvvəlki ƏS Snow Panther olmalıdır, özü də 10.6.8-ci versiyada (!). Digər hallarda bu qəti şəkildə mümkün deyil — İnternetdə “clear install” məsələsinə dair müxtəlif üsulları tapıb təcrübədən keçirdim, alınmadı. Final reliz faktiki Snow Panther üçün interfeys tuninqidir, çox yox. Ən gülməlisi isə Apple-in App Store-da sistemə dair neqativ rəylərin qəbul etməyib pozmasıdır. Əhsən, Apple, 30$ al ki, yeni sistem verəcəm, əvəzində Windows sayağı Theme pack ver bizə. =)
Windows demişkən, deyəsən Apple Mac-ı kütləviləşdirmək üçün onu Windows-a bənzətmək qərarı verib. Lion-da Windows-laşma ilk olaraq yeni login səhifəsindən hiss edilir. Daha sonra Start menunun yeni alternativi Lauchpad, hələ monoxrom interfeysi demirəm.
Ümumiyyətlə Mac sistemini Windows-a tay tutanları heç vaxt anlamamışam. Mac Windowsa nisbətdə Unix üçün primitiv bir üzlükdür, bunu unutmaq olmaz. Bizə isə Windows 8-i gözləmək qalır, deyəsən Apple artıq büdrədi.
PS. İndi geriyə, Snow Panther-ə qayıtma yollarını axtarıram. =)
Mövzuya dair forumda müzakirələr ↓
Mac OS X Lion. Deyəsən Apple-in sonu çatıb
Bir vaxtlar kütlə üçün ən asan çörək pulu qazanmaq ona-buna baha qiymətə ev sırayıb maklerlik etmək idisə, məlum böhrandan sonra yeni dəb gəldi — əlinə bir taxta alıb yolun kənarında dayanan maşınlardan pul tələb etmək. Normal parking sisteminin olmaması həqiqətən biabırçı situasiya yaradıb. Əhalinin sıx toplandığı istənilən yerdə naməlum mənşəlli insanlar peyda olur, konkret reketliklə insanlardan pul yığırlar. Özü də xahişlə yox, məhz pul TƏLƏB etməklə. Bilmirsən verdiyin bu pullar həqiqətən dövlət büdcəsinə gedir, yoxsa bu dələduzluğun yeni müasir növüdür. Yəqin elə dələduzluqdur — çünki ödəmələr zamanı heç bir çek verilmir, bu isə bir başa dövlət vergisindən yayınma deməkdir. 90% hallarda konfliktlərə qarşı kompleksli millətimiz pulu ödəyir — ödəyim, təki başım dinc, əsəblərim sakit olsun.
Cəzasızlığa güvənib, indi bu növ dələduzluq sahilyanı çimərliklərə də yol açıb — bu günləri bir əcaib situasiyaya ilə rastlaşdım. Kürdaxanı bağları ətrafında (ora Pirşağı da deyirlər) əntiqə bir çimərlik yerləşir. Çimərlik digərlərinə nisbətdə çox kiçik, amma dənizin suyu çox təmizdir. Çimərliyin özü kiçik olduğundan ətrafları boş qumlaqlığdan ibarət idi. İdi… Amma bu ildən etibarən orada “quş-qondular” sayağı bəsit 3-4 “besedkalar” tikib, bütün çimərliyi 2-3 nəfərin arasında bölüb, özününki elan ediblər. Kim bölüb, necə bölüb, heç kimin xəbəri yoxdur. İndi bağ sahibləri dənizə çıxmaq üçün mütləq kiminsə “obyektinə” daxil olmalıdırlar. Onu da qeyd edim ki, araşdırma apardım və sən demə bu torpaqlar sırf dövlət reyestrində olan torpaqlardır, yəni torpaqların faktiki sahibi dövlətdir. Deməli bu quşqondular da qanunsuzdur. Bunu müvafiq orqanlar araşdırar, biz isə çimərlikdə istirahət edən şəxsləri narahat edən problemə toxunaq — qanunsuz pul yığımları. İndi çimərlikdə istirahət etmək istəyən şəxsdən məcburi yer haqqı (!) tələb olunur. Sual olundu ki, bu sahibsiz dəniz sahili üçün niyə yer haqqı ödənilməlidir, deyir bura bizim obyektin (obyekt deyərkən, uzaqda görünən qanunsuz bəsit 3-4 “besedka” nəzərdə tutulur) dənizidir (!). Analoqu olmayan iddia! Təsəvvür edin, gedib sahildən kənarda bir-iki qanunsuz “besedka” tikin, sonra da dənizi özünüzünki elan edin. OK. Bununla da razılaşdıq və “yer haqqı” ödəməyə razılıq verdik, amma bir şərtlə — bizə ödəniş aparıldığına dair çek veriləcək. Sən demə bunların nəinki kassa aparatı, heç ümumiyyətlə çekin nə olduğundan anlayışları belə yoxdur. “Bəs siz dövlətə vergi vermirsiniz?!” sualına cavab isə vəziyyətin nə qədər absurd olduğunu göstərir — cavab, sitat — “buranın yiyəsi özü “naloqda” işləyir!”. Sitatın sonu…
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Hamısı mənimdir! Azərbaycan reallıqları
Deyəsən, son 2-3 gündə ANS-in “Xəbərçi” verilişi ilə Dilarənin “Çal-çağır”-ı yerlərini dəyişik salıblar. ANS-i nə vaxt açıram — Oksana Rəsulovanın 1-ci əri belə getdi, Oksana Rəsulovanın 2-ci əri helə etdi … Bəli, bu kimi primitiv mənəviyyatsızlıq.
Maraqlıdır, dəqiq, vicdanlı və qərəzsiz kəlmələrinə analoqu olmayan tərzdə iddialı bir kanal nədən ortastatistik bir rəqqasənin şəxsi həyatını psevdopatriotluqla başını aldatdığı xalq qarşısında qabardıb, günün əsas xəbərləri sırasında verir?! Ölkədə baş verən minlərlə olaylar diqqətsiz qaldığı halda, bu mənasızlığa bu kimi diqqətin səbəbi görəsən nədir belə?!
Bu olayın 3 səbəbi ola bilər:
1. Oksana Rəsulova ilə ANS-in arasında konkret şəxsi qərəzlilik var;
2. Bu həmçinin ölkədə gərginləşməkdə olan ictimai-siyasi abu havanı səngitmək, kütlənin diqqətini sönməkdə olan şou-biznesə yönəltmək üçün addım ola bilər;
3. Bu elə Oksana Rəsulova tərəfindən sifariş edilmiş PR kampaniya da ola bilər. Unutmaq lazım deyil ki, qara PR-ın özü ən böyük təbliğatdır. Bütün şou əhli ilk olaraq kütlənin diqqətini qazanmaq üçün bu kimi iyrənc qalmaqallara əl atır.
Amma istənilən halda yüksək dəyərləri əlində bayraq edən bir kanala bu kimi ucuz intriqaları heç yaraşdırmadım. Nəsə. Düzünü zaman göstərəcək. Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Dəqiq, vicdanlı və qərəzsiz Oksana Rəsulovaya qarşı
Bu gün yolum Hyundai Servisə düşmüşdü. Təsadüfən yeni Grandeuru gördüm — Möhtəşəm. Həm xarici görünüşdən — eksteryerdən, həm də daxildən — interyerdən super! Hələ də təəssürat altındayam. Yeni arzum peyda oldu. =)
Reklam çarxına da söz ola bilməz:
Qısa variant:
Mövzuya dair forumda müzakirələr ↓
Hyundai yeni Grandeur-u təqdim etdi!
Son günlər fars şovinizmində boğulan İranın Azərbaycana mənəvi hücumu daha da intensivləşib. Sosial şəbəkələrdə dalbadal Azərbaycan ərazi bötüvlüyünü şübhə altına alan səhifələr yer alır, konkret yalan məlumatlar (xəbərimiz yoxdur, sən demə havalanmış farsların iddiasına görə danışdığımız türkcə əslində türkcə deyilmiş, farsiymış :)) yayan saytlar yaradılır. Bir bu səhifələrin insanlara çatdırmaq istədiyi “həqiqətlərə” diqqət yetirin — on.fb.me/o782iJ və on.fb.me/pMPFzA — molla rejiminin əsl mahiyyətini anlayacaqsınız.
Bu azmış kimi, fürsətdən istifadə edib iki türk qardaşın tarixdə buraxdığı bir səhvdən maksimum “faydalanmağa”, onu yeri gəldi-gəlməz köpüklü ağızla qabartmağa çalışıb, Anadolu və Azərbaycan türklərini bir-birlərinə düşmən kimi təqdim edirlər. Söhbət Çaldıran döyüşü ətrafında yaranan söz-söhbətlərdən gedir. Bu səhvin özəyində liderlərin, fərdlərin səhvləri yer alır, bu da qanı, dili, dini bir olan bir millət üçün düşmən olmağa əsla yetməz. İslamaz.com saytında bu olaya aydınlıq gətirən gözəl bir tarixi araşdırmaya rast gəldim, Sizlərlə bölüşürəm. Araşdırma dini prizmadan nəzərə alınıb, amma ümumi abu havanı düzgün çatdırır:
Şahın düşməni
Səlim uşaqlıqdan öz qəddarlığı ilə seçilirdi. Məhz onun bu xüsusiyyəti Sultan II Bəyazidi vadar etdi ki, Səlimi deyil, digər oğlu – Əhmədi vəliəhd təyin etsin. Lakin Səlim bununla razılaşa bilməzdi və atasına qarşı ordu yığaraq İstanbula hücum etdi. Sultan Bəyazid oğlunun ordusunu darmadağın etdi və Səlim Krıma qaçmalı oldu. Burada güc toplayan şahzadə yenidən atasına qarşı ordu çəkir. Osmanlı saray salnaməçilərinin yazdığına görə, 1512-ci ildə Sultan Bəyazid taxtdan imtina edərək onu Səlimə təhvil verir. Lakin bu məlumatın nə qədər düzgün olması şübhəlidir. Çünki, ilk günlərdən Sultan Bəyazid oğlunun hakimiyyətə gəlməsinə müxalif idi. Bəzi tarixçilərin iddiasına görə Səlim atasını öldürür və bu yolla hakimiyyətə gəlir. Hər halda, 1512-ci ildə İstanbula girən Səlim özünü sultan elan edir və dərhal qardaşlarını və digər kişi qohumlarını öldürtdürür. Bununla o, sultanlığa iddia edə biləcək bütün şəxslərdən canını qurtarır. Məhz belə bir vəhşiliyinə görə Səlim “Yavuz” (zalım) ləqəbi alır.
1513-cü ildə Sultan I Səlim Anadoluda yaşayan şiələrin qətliamını törədir. İqrar Əliyevin orta əsr tarixçilərinə istinadən yazdığına görə o, 7 yaşdan 70 yaşa qədər 70 min şiə öldürür. Digər məlumatlarda isə Səlim 45 min şiə-türkün qanına bais olur. Bundan sonra o, 1514-cü ilin may ayında Səfəvi dövlətinə tərəf yürüyərək Şah İsmayılla müharibəyə qalxır. Lakin müsəlman qanının tökülməsini istəməyən Şah İsmayıl xeyli müddət Səlimi müharibə fikrindən daşındırmağa çalışır. Sultan Səlim Şaha dörd təhqiramiz məktub yazdıqdan sonra Şah İsmayıl ona bu cavabı göndərir:
Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğdum, bu gün ölürəm,
Ölən gəlsin – iştə meydan.
Avqustda Maku şəhəri yaxınlığındakı Çaldıran çölündə iki ordu qarşılaşır və Şah İsmayıl bu savaşda məğlub olur. Sultan Səlim Avropa ölkələrindən aldığı artilleriya (300 top) sayəsində Səfəvi ordusuna qalib gələ bildi. Rəvayətə görə, Şah İsmayıl toplara nifrət edirdi və deyirdi ki, əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır. Digər rəvayətə görə, Şah məğlub olduğuna görə itiliyi ilə məşhur olan qılıncını Sultana hədiyyə edir. Səlim həmin qılıncla topun lüləsini kəsə bilməyəndə, Şaha xəbər göndərir ki, ona öz qılıncını deyil, başqasını verib. Şah İsmayıl isə cavab verir: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”. Sultan Səlim Yavuz Səfəvi dövlətinin Osmanlı ilə sərhədində yerləşən vilayətləri zəbt etdikdən sonra Şərqə tərəf irəliləməyə istəyir. Lakin yeniçərilərin üsyanı nəticəsində Sultan Səlim Anadoluya qayıtmalı olur. Şah İsmayıl isə Sultandan intiqam almağa qalxmadı.
Sultan Səlimin bu davranışını onun sünni təəssübkeşçisi olması ilə səhvən əlaqələndirilənlər də var. Belə ki Anadolu ərazisində şiələrin qətliamını törətmək və Səfəvilərə hücum etmək üçün o, “kafirlərə qarşı cihad” elan etmişdi. Hətta bunun üçün bəzi sünni üləmalarını fətva verməyə vadar etmişdi. Bütün bunlar Səlimin siyasi ambisiyalarına xidmət edən bir manevr idi. Çünki, Osmanlı və Səfəvi dövlətləri ərazisində yaşayan türklər qohum tayfalar idi. Məzhəb fərqi burada yaşayan tayfaları bir-birinə düşmən etmirdi, lakin Sultan Səlim bu fərqliliyi düşmənçiliyə çevirməyə bacardı. Bunun üçün sadəcə insanların dini təəssübkeşliyini işə salmaq lazım idi. Sonrakı tarix göstərir ki, Sultan Səlim şiələrə qarşı amansız davrandığı kimi, sünnilərin də qanını tökürdü.
Səfəvilərlə müharibədən sonra o, əvvəlcə Elbistana (Ələbusteyn) hücum edib və buranın hakimi Əlaüddövləni öldürdü. Elbistanın Zülqədər sülaləsi (sünni) Şah İsmayılın məmləkətinə pənah aparıb indiki Qax, Zaqatala və Qazax rayonları ərazisində məskunlaşdılar. Daha sonra Sultan Məkkə və Mədinə valisinə hücum edərək müqəddəs torpaqların əmin-amanlığını pozmuş oldu. Məkkə və Mədinənin zəbtindən sonra Səlim özünü “iki müqəddəs şəhərin xadimi” elan etdi. 1516-cı ildə o Qüdsü də müharibə meydanına çevirdi. 1517-ci ildə Misirin paytaxtına daxil olaraq 50 min insan qətlə yetirir. Eyni zamanda o, 800 məmlük bəyinin boynunu vurmağı əmr edir. O, Qahirədə yaşayan Abbasi xəlifəsini məcbur etdi ki, xəlifə titulunu ona versin. Beləliklə də, Sultan Səlim 1517-ci ildə özünü müsəlmanların xəlifəsi elan etdi.
Xalqın xidmətində
Sultan Səlimin işğal etdiyi bəzi əraziləri qaytardıqdan sonra Şah müharibələrə son qoyur. Böyük siyasətçi və hökmdar olmaqla yanaşı, Şah İsmayıl “Xətai” ləqəbi ilə tanınan gözəl bir şairdir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlər ədəbiyyatımızın incilərindən sayılır. Həmçinin Şah əla xəttat, bərbət ifaçısı və xanəndə olub. Özü də məmləkətində incəsənətin inkişafına böyük önəm verirdi. Onun yazdığı şerlər aşıq və dərvişlərin dillər əzbəri idi. Şah İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də, onun vergi siyasəti idi ki, öncəki hökmdarların saysız-hesabsız vergilərinin sayı xeyli azaldılmışdı. Bundan əlavə, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlı faktdır ki, Şah İsmayılın qatı tənqidçilərindən olan İsgəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, Sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavab verirdi. Hətta müəllif öz təəccübünü gizlətmir ki, İran hökmdarı türkcə, türk hökmdarı isə farsca danışırdı. Şah İsmayılın apardığı siyasət nəticəsində türk dili və ədəbiyyatı xeyli inkişaf etdi və yayıldı. Hətta XVII əsrin birinci yarısında Səfəvi sarayında Holştin səfirliyində katib işləyən Adam Oleari “Səyahət” kitabında yazırdı: “… İran şairləri fars və türk dillərində şerlər yazırdılar və iranlılar onları həvəslə oxuyurlar, çünki hər iki dil eyni şəkildə geniş yayılıbdır”.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şer söyləməyə də mail idi”.
Təsadüfi deyil ki, dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Böyük alim və şair Məhəmməd Füzuli öz alleqorik “Bəngü-Badə” poemasını da (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf edib. Bu əsərdə “şərab” sözü altında məcazi olaraq Osmanlı, “tiryək” sözü altında isə Səfəvilər nəzərdə tutulur.
“Xətai” ləqəbinin sirri
Şah İsmayılın özünə “Xətai” təxəllüsünün götürməsinin səbəbi dəqiq məlum deyildir. Bəziləri hesab edir ki, ləqəbin kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub. Digər rəvayətə görə, Şah İsmayıl:” Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq.” – deyirdi.
Mövzuya dair forumda müzakirələr ↓
Əli Laricani: “Mən problemin həll yollarını dedim”
Möhtəşəm çarxlar silsiləsi davam edir — bunu öz ana dilimizə lokalizasiya etməyə bilməzdim — çox şirin balalar haqqındadır. Süjet Malaziyada baş verir — Çin əsilli balaca ekran qarşısında bir müsəlman qıza öz böyük sevgisi hissi haqda bölüşür. Çarx rasizmə qarşı Leo Burnett Kuala Lumpur təşkilatı tərəfindən yaradılıb. Mütləq baxın!
Mövzuya dair forumda müzakirələr ↓
Youtube
Azərbaycan xalqı paradokslar xalqıdır. Bir tərəfdən muğama yüksək dəyər deyib, elitar səviyyəyə qaldırdığımız zaman, digər tərəfdən əksəriyyət Üzeyir, Balabəy və sairləri kimi gənclərin analoqu olmayan yaradıcılığının vurğunudur. Bəli, bu belədir. Mobil xidmətlərə gələn sifarişləri nəzərə alsaq, kütlənin 90% Üzeyiri seçir. Nə muğam, nə meyxana, nə də digərləri… məhz Üzeyir. Əslində bu fenomendir, Azərbaycan xalqının özünə məxsus fenomeni. Röya, Rəqsanə, Xumar. İndi də — Üzeyir.
Məsələyə gəlin başqa prizmadan baxaq — təkəbbürdən sinəsinə döyən Elmlər Akademiyamız var, amma faktiki bir işə yaramır. Deyirəm, bəlkə oturub heç olmaya Üzeyir fenomeni üzərində düşünsünlər. Araşdırma aparılsın — kütlə səviyyəsinin bu həddə enməsinin sirri nədir?! Bəlkə öyündüyümüz quruculuq işləri əksəriyyəti əhatə etmədiyindən kütlə daha da deqradasiyaya məruz qalıb?! Bəlkə səbəb təhsildə rüşvətin tüğyan etməsi və bunun nəticəsi olaraq gənclərimizin elmlə deyil, mənasızlıqlarla məşğuliyyətidir?! Hər nədirsə, amma hər kəs susur.
Üzeyir isə öz “yaradıcılığından” qalmır. Bu günlərdə onun yeni bir xiti işıq üzü gördü — Zəngimcell (Full versiya). İndi mobil xidmətlər təklif edən şirkətlər yenidən sifarişlərin pik həddini yaşayırlar. Acaba, bu ne ya?! =)
Mövzuya dair forumda müzakirələr ↓
Şok! Üzeyirin Zəngimcell xiti (tam versiya) 😀
Şablon cümlə — “çoxdandır ki, bloq üçün vaxt tapıb bir şey yazmıram”. Hə, belədir. Amma buna baxmayaraq son günlər bloqda paradoks yaşanır. Bloqu ziyarət edənlərin sayı bilmirəm nədən, amma durmadan artır. Artıq saytı gün ərzində unikal IP ilə ən azından 800 nəfər ziyarət edir. Halbuki, bloqu daim yenilədiyim vaxtlar bu göstərici maksimum 300-350 olardı. 800 nəfərin 30% (bu edir 240 nəfər) Google həzrətləri vasitəsilə, qalan 70% (bu da edir 560 nəfər) bir başa saytın ünvanını yığaraq daxil olur. Nə məsələdir, bilmirəm. Maşallah! =)
Keçim əsas məsələyə. Çoxdandır ki, video çarxlarla paylaşmıram. Ənənəyə davam:
Qarşılayın — deyilənə görə, ölkəmizdə keçiriləcək Eurovision mahnı müsabiqəsinə Rusiyadan cinsi azlıqların nümayəndəsi qatılacaq. Rusiyanın bu analoqu olaman kinayəsi heç anlaşılan deyil. =)
Öz aramızdı, amma klip və mahnının yeri var. Əsl “mırt style”.
***********************************************************
Elə növbəti çarx da əvvəlkindən mırtlığı ilə geri qalmır:
***********************************************************
Bizimkilər naməlum “nano-texnologiyalarla” öyündüyü zaman, əcnəbilər sözünü həqiqi mənasında möcüzələr yaradırlar — Robot-rəssam:
***********************************************************
Samsung kreativləşməyə başlayıb. Samsung Galaxy Tab üçün həm baxımlı, həm də informativ bir çarx:
***********************************************************
Kreativlik demişkən — kreativliyi hər yerdə tapmaq olar — vibrasiyada belə!
***********************************************************
Həvəskarlar tərəfindən çəkilmiş, amma professionalların belə qəbul etdiyi əla bir çarx.
***********************************************************
LG Optimus. Smartfonarın yarışı. =))
***********************************************************
Və sonda. Bu çarxı reklam sahəsinin şah əsəri sanıram — Samsung Galaxy S II — Barmaqlara azadlıq ver! Super!
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar
Bu gün Avropanın məşhur Euronews telekanalı Qarabağa dair keçiriləcək Kazan görüşü barədə böyük süjet hazırlayıb — əvvəlcə konflikt haqda qısa məlumat verilib, daha sonra hər iki tərəfin prezidentlərindən müsahibə alınıb.
Siz erməni dığasının danışığına fikir verib, nə qədər xırdaçı, nə qədər iyrənc millət olduqlarını bir daha sübut edib, hələ bir utanmadan Naxçıvana da iddia qaldırır… Nəsə. Davamını buyurub özünüz izləyin:
Mətni biraz dəyişdim:
Президент Азербайджана: “Конфликт в Нагорном Карабахе не заморожен”
Президент Армении (Западный Азербайджан): “Нас интересуют встречные компромиссы по Нагорному Карабаху”
Нагорно-карабахский конфликт – одно из трагических событий ХХ века, не урегулирован по сей день. В 1991 году армянское население этой автономной области в составе Азербайджана под давлением СССР высказалось за независимость Нагорного Карабаха. Армения (страна, которая в свою очередь тоже была создана имперской Россией на исторических землях Азербайджана) поддержала это стремление. Возникший вооруженный конфликт межу Арменией и Азербайджаном привел к гибели около 30 тысяч человек, более миллиона граждан Азербайджана стали беженцами.
Накануне этой встречи президенты Азербайджана и Армении (Западный Азербайджан) согласились объяснить свои позиции в интервью Евроньюс.
Mövzuya dair forumda müzakirələr ↓
Kazan görüşü Euronews-un obyektivlərindən…
Ölkədə yaşayan əksəriyyət tərəfindən Azərbaycan türkcəsinə hörmətsizliyin səbəbi bunlar ola bilər — yüz illərcə formalaşmış kölə təfəkkürü və ondan qidalanan «özünü dərketmə» problemi. Etiraf etməliyik — qarışığımız çoxdur — alban, ərəb, fars, monqol, yunan, rus, cuhut… türk. Bütün bu millətlərin, mədəniyyətlərin sinteziyik. Hərənin ağzından da bir avaz gəlir — birisi deyir albanıq, digəri deyir türkük, qeyrisi deyir biz türklərlə farsların qarışığıyıq… Elə ona görə də milli «özünü dərketmə», milli qürur və özünə hörmətlə bağlı ciddi problemlər var.
Belə olmasaydı, bu günlərdə ruslara xas şovinist üsulla Azərbaycan qeydlərini aparan jurnalistə müsahibə verən birisinin dolayı yolla Azərbaycan dilinin heç fahişələrin də bəyənməməsini dilinə alıb, dilimizi aşağılayıb kənd dili adlandırmazdı. Sitat:
«Министерство образования пытается сократить число русских школ, но в Баку им это не удается, – говорит политолог Расим Агаев. – А население предпочитает отдавать детей именно в русские школы, поскольку там выше качество образования. Вообще, исторически так сложилось, что Баку говорил на русском, а деревня — на азербайджанском. К тому же знание русского дает определенный простор в развитии: скажем, врач, желающий развиваться профессионально, понимает, что информации на русском гораздо больше. Самые популярные независимые газеты — тоже русские. У нас, знаете, даже проститутки предпочитают говорить на русском, набивая себе цену».
Qısa tərcümə — «Tarixən belə olub — Bakı rus dillidir, kənd isə Azərbaycan dilli… Hətta ən tanınmış qəzetlər belə rus dillidir (görəsən bunun «Yeni Müsavat», «Azadlıq» qəzetlərinin mövcudiyyatından xəbəri var?!). Bizdə hətta fahişələr qiymətlərini qaldırmaq üçün rus dilində danışırlar…» Sitatın sonu. İndi gəlin bu “politoloqun” şəxsiyyətinə toxunmadan onu bu kimi sözləri deməyə vadar edən səbəbləri araşdıraq.
Yeri gəlmişkən vəhşi rusları elitar bir xalq kimi təqdim edən və millətimizi aşaqlayan (bəzi hallarda haqlı olaraq) bu yazını tam buradan oxuya bilərsiniz — http://www.sobesednik.ru/print/64328.
Bəlkə bu «politoloq» bu cümlələri başqa mənada işlədib, hansını ki, biz qara millət anlamırıq?! Bilmirəm. Və yaxud bu sözlər rus mətbuatında «засветится» etmək eşqiylə deyilib? Don Karleonenin sözü olmasın — Ничего личнего, только бизнес… Bilmirəm… Bəlkə provokasiyaya uğrayıb?! Əgər belədirsə, onda bunun nəyi «politoloq» oldu… Bilmirəm. Hər şey ola bilər, amma bu müsahibə ümumi kontekstdə yalnız və yalnız Azərbaycan türkcəsi, onun daşıyıcıları üçün təhqirdir.
Bəlkə dilimizin dəyərdən düşməsinə səbəb analoqu olmayan tərzdə populyar «xalxın uşağı» məsəli vasitəsilə uşaqlıqdan beyinlərə şüuraltı yeridilən ifrat eqoizm hissidir?! Eqoizmdən söz düşmüşkən — bu andıra qalmış hiss bəzən insanları primitiv heyvanlar səviyyəsinə salmağa qadırdir — ANS-dən bu günlərdə bir kadr göstərdilər — dəniz kənarı parkda karuselləri 3 saatlıq pulsuz buraxıblar uşaqların öhdəsinə — siz indi mənzərəni təsəvvür edir — yekə göt xalalar gəlib digər uşaqları vəhşicəsinə karusellərdən selbələyib, öz uşaqlarını otuzdururlar, bir-birləri ilə 1 manatlıq atraksiyon üstə saç-yolduya çıxırlar. Və yaxud, orta-statistik Azərbaycanlı avtomobil sürücüsünün qəsdən yolun düz tən ortasını tutub tələsmədən maşınını sürməsi, tələsən və qabağa keçmək istəyənlərə isə nə imkan, nə də siqnala, işıqların oynamasına reaksiya verməyib, heçnə olmamış kimi yoluna davam etməsi sizcə primatlara xas vəhşi eqoizm nümunəsi deyilmi?!… Buna dair gündəlik həyatdan o qədər kiçik nümunələr gətirmək olar ki… Əsl səbəb isə başqadır — dar düşüncə. Dar düşüncə isə milli kimliyin dərk edilməməsi, qürursuzluq və savadsızlıqdan irəli gəlir — bu da özlüyündə mənasız fərdiliyə, ifrat eqoizmə yol açır. İfrat eqoizm isə acizlik deməkdir. Məhz aciz insanlar daimi özünü ifadə komplekslərindən əziyyət çəkirlər. Lap bizim kimi.
Bu problemdən qurtulmanın isə yeganə yolu milli indentifikasiyanın qəbul edilməsidir. Hər kəs bilməlidir ki, bu ölkədə əsas aparıcı qüvvə türk xalqıdır, əksəriyyət türkdür. Milli özünü dərketmə prosesi başlayan kimi, bütün bu eqoizm və hörmətsizliklər tam yoxa çıxmasa da, artıq formalaşmış xalqın sosial qınağı nəticəsində əksərən yerini şərəf və ləyaqətə verəcək. İnsanlar mənən böyüyəcək, özünü dərk edəcək, öz ölkəsinə, milli mənsubiyyətinə hörmətlə yanaşacaq və digərlərindən də özünə qarşı o hörməti tələb ediləcək… Bariz nümunə — hal-hazırda Gürcüstanda baş verən milli oyanış prosesidir. Bəs biz kimi gözləyirik?!
PS. Bəzi ağzı göyçəklər fikirləşər ki, bu rus dilin bilmir deyə, onun daşıyıcılarına daş atır. Yox, əsla. Özüm şəxsən rus dilində təhsil almışam, deyərdim hətta fikirləşəndə də rus dilində düşünürəm, amma doğma türkcəm ola-ola rus dilini əsla doğma dil hesab etmirəm. Rus dili sadəcə bildiyim əcnəbi dillərdən biridir.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan dili. Milli kimlik problemi
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual