Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Dubai. Azərbaycan gəncinin qeydləri… (4-cü hissə)

Dubai paradokslar şəhəridir. İfrat varlılarla (adət üzrə onlar yerli ərəblərdir) yanaşı gündəlik çörək pulu üçün min-bir əzabla özünü həlak edən ifrat kasıb gəlmələr yaşayır. Bunları gördükdə quldarlıq dövrünün hələ də bitmədiyini anlayırsan.
Yerli ərəb adətən milli paltarlarını geyinib şəhərdə təkəbbürlə gəzişir. Hiss olunur ki, bu ölkənin yiyəsi odur. Gəlmələr — istər ingilisi olsun, istərsə də indusu — ondan istər-istəməz çəkinir. Bizdə isə əksinədir — əcnəbi görən kimi özümüzü itirib, onlardan əskik hiss edirik, milli qürur isə sıfır.
Özü də, ərəblərin hər birinin boyu bir 2 metr. Onlardan yaxşı basketbol komandası yığmaq olardı, amma əfsuslar olsun ki, həddən artıq tənbəldirlər. Belə olmasaydı, şəhərdə demək olar ki, bütün işləri gəlmələrə tapşırıb, özləri istirahətlə məşğul olmazdılar. Bəli, Dubai-da bütün iş yerlərində təmsil olunanlar gəlmələrdir — şəhər polisindən tutmuş küçə süpürgəcisinə kimi. Mən qaldığım müddətdə bir nəfər də olsun işləyən ərəb görmədim. Ərəblərin faktiki işləri gücləri öz zövcələri ilə ucu-bucağı olmayan Mall-ları gəzib, alış-veriş etməkdən ibarətdir.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkildə — tipik analoqu olmayan təkəbbürlü ərəb.
Ərəb geyimləri standartdır. Bəxtəvərlər bizim kimi hər sezonda yeni paltar dərdi çəkmirlər.
Kişiləri — düm ağ ipəkdən hazırlanmış uzun paltar geyinirlər, həm köynəyi əvəz edir, həm də şalvarı. Adını bilmirəm, deyəsən kəfəndir… Başlarında isə mütləq kəlağayı olur (bizlərdə ona “arabka” deyirlər) olur, bir də arabkanı saxlayacaq 2 qat dolanmış qara kəndir. Arabka ilə kəndir bir yerdə çox əla görünür, eləbil tacdır.
Qadınları — adət üzrə onlar da yuxarıda təsvir etdiyim geyimi geyinirlər, yeganə fərq — geyim qara rəngdə olur. Başlarını da bağlayırlar. Bəzən elə olur ki, yalnız gözləri görünür. Amma ərəb qadınlarının geyimi iran qadınlarından fərqli olaraq çox gözəl, baxımlı və dəbli olur. Şəxsən mən iran qadının zövqsüz geyimini gördükdə keçirdiyim əsəbi ərəb qadınlarının geyimini görəndə keçirtmədim, əskinə çox xoşuma gəldi.

Şəkildə — qeyri ərəblərin geyimləri.
Şəhərdə təmsil olunan digər xalqlar isə müxtəlif geyimlərdə olur — kimisi öz milli geyimində (adətən indus və pakistanlılar), kimisi isə sadəcə cins, şortik (əsasən qara dərililər).


Şəkildə — müasir binalar önündə əl ilə yığılmış bəsit qayıqlarla insan daşıyan induslar.

Şəkildə — belə qayıqlarda çayın bir tərəfindən o birinə keçid üçün bizim pulla 8 qəpiyinizdən keçməli olacaqsınız.


Şəkildə — qayıqdan sadəcə görüntülər.
Dubai meqapolis kimi bir necə şəhərciyə bölünüb. Ən baxımlı və müasiri yeni Dubai adlanan şəhərcikdir. Bürc-Al-Xalifa da burada yerləşir.






Bürc-Al-Xalifa. İlk olaraq bu ən hündür binanın adı Bürc-Al-Arab idi, amma deyilənə görə Dubai-da yaşanan maliyyə böhranından sonra, köməyə yetişən qardaş Abu-Dhabi şeyxi kömək etmək üçün ilk şərt kimi bu binanın adının dəyişdirilib onun şərəfinə adlandırılmasını qoyub. Elə o gündən binanın adı dəyişib olub Burc-Al-Xalifa. Əhsən, özünü mənsub olduğu ümmətdən artıq hesab edənlərə…

Şəkildə — yaxında bu möhtəşəm binanı tam çəkmək mümkün deyil, yerləşmir obyektivə. =)

Şəkildə — Bürc-Al-Xalifa o qədər hündürdü ki, onu fotoaparatla tam olaraq yalnız uzaqdan çəkmək mümkündür.
Bunu əvvəlki yazılarımda da qeyd etmişdim — şəhərdə total quruculuq, tikinti işlərinin gedişatına baxmayaraq heç harda toz, torpaq gözə çapmır — ideal təmizlikdir.


Şəkildə — Hanı sement qarışdıran maşınlar? Hanı yolu qazıb, sonra yox olan işçilər… Qərib gəldi bura mənə… =)
Dubai-da sən demə çayı limonla deyil, nanə ilə içirlərmiş. Limon xahiş etdikdə isə limonun yarısını gətirirlər, çaya sıxmaq üçün.

Bu günlük də bu qədər. Gələn yazım final yazı olacaq. İzləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Yeni Mercedes-Benz ML. Gözəlçə…

Çoxdan idi avtomobil dünyasında baş verən yeniliklərlə bağlı heçnə yazmıdım. Yazmadığım dövrdə çox şey dəyişdi — Hyundai-Kia cütlüyü demək olar ki, dayanmadan bütün modellərini yenilədi (qaldı bircə SantaFe), BMW hər modeli identik eksteryerli maşınları buraxmağa davam edir, Toyota və Subaru isə söz veriblər ki, dünyanın ən eybəcər avtomobillərini istehsal etməkdə daimi birinci olacaqlar. Son model Toyota Corolla buna sübutdur — guya restaylinq etməyə çalışdılar, əksinə vurub gözünü çıxartdılar — nəticədə ucuz tuninq-fason bir şey alındı — arxa işıqları o günə qoyan dizayneri kastrasiyadan keçirmək lazımdır.
Nəsə. Son günlər avto-dünyada diqqətimi çəkən ən maraqlı xəbər Mercedes-Benz-in yeni ML-i oldu. Daimler şirkəti nə qədər çalışsa da, yeni modeli gizli saxlayıb, geniş kütləyə Frankfurt Avto-Şousunda təqdim etsin, alınmadı. ML-in şəkilləri ildırım sürətiylə netdə yayıldı.
İlk təəssüratlarım — yeni ML-in eksteryeri yeni C Class əsasında yığılıb. Ümumidə isə baxımlı avtomobil alınsa da, arxa işıqlarının heç yeri yoxdur. Yeni Porsche Cayenne üslubunda mənasız və yersiz arxa işıqları var. Salona isə söz ola bilməz.

Mövzuya dair forumda müzakirələr ↓
Yeni Mercedes-Benz ML. Gözəlçə…

Əli Əkbərin Sərdarı

Düzünü deyim, yerli ədəbiyyatımızın zamanın nəbzini tuta biləcək tək-tük nümayəndələrindən biri Əli bəy Əkbərin “Sərdar” adlı kiçik hekayəsini ən azından 5 dəfə təkrarən oxudum. Möhtəşəm.
Müəllifin yazı üslubu çox xoşuma gəldi – yüngül və yorucu olmayan, oxucunu daim maraqda saxlayan yazı tərzi. Hekayədə sadizm elementləri ilə haqq-ədalətin nəhayət ki, öz layiqli yerini tapması hissi gözəl bir ahəngdə birləşir. Oxuyuram, gözlərimin önündə Kventin Tarantinonun növbəti filmi canlanır, amma Kventinin sırf qan paradı və senzuranın fiaskosuna çevrilən filmlərindən fərqli olaraq Əli bəyin bu kiçik əsəri, həm də özündə ağır yüklü bir mesaj daşıyır. Mesaj isə tək hekayənin bəhs etdiyi Türkəmistanı deyil, daha geniş məkanı əhatə edir. Bu gözəl hekayə ilə Sizləri də tanış olmağa dəvət edirəm.

SƏRDAR
Türkmənbaşı şiddətli bürküdən oyandı. Ağır hava və üfunət nəfəs almağı çətinləşdirirdi. Göz qapaqlarını çətinliklə aralayıb, gözlərini əlləri ilə ovuşduran Türkmənbaşı qaranlıq və havalandırılmayan bir məkanda olduğunu anladı.
“Bura haradı alə?”
Bədənini hərəkət etdirən Sərdar əmin oldu ki, əl və ayaqları işlək vəziyyətdədir. Qollarını aralamaq istəyəndə isə həddindən artıq dar, taxtadan düzəldilmiş bir qutunun içində olduğunu başa düşdü. Dirsklərini taxta divarlara dirəyən Saparmurad ayağa qalxmağa çalışdı, lakin başı ilə sərt bir cismə möhkəmcə vuraraq, gözlənilməz ağrıdan “s…m” deyib, təzədən uzandı.
Qüdrətli Sərdarın sol qolunda “A.Lange & Söhne” markalı saat vardı. Saatın düyməsini basaraq işığını yandırdı. Tarix 22.12.2006, saat isə 3 idi. Təəssüf ki, Türkmənbaşı gündüz, yoxsa gecə olduğunu müəyyən edə bilmirdi. Gözlərini yumub fikrə daldı.
***
Son günləri çox yaxşı xatırlayırdı. Ağır xəstə idi və bilirdi ki, hər an ölə bilər. Ona görə də miras işlərini tezbazar bitirmək, hakimiyyəti oğluna ötürmək üçün tələsməliydi. Tələsmişdi də. Bəs sonra? Burada xatirələr yox olur, hafizəsində boşluq yaranırdı…
İndi o, bu qəribə və qaranlıq yerdə uzanıb.
“Nə isə. Burdan çıxmaq lazımdır”.
Olduğu yeri müayinə edən Sərdar, tabutda uzandığını anladı. Deməli ölüb? Necə, nə vaxt? Ya da ölməyib, diri-diri basdırılıb. Xeyr, müsəlman adətlərinə görə onu tabutda basdırmazdılar. Deməli o, torpağın altında deyil. Bəs hardadır? Əşi, bunun nə əhəmiyyəti var axı? Buradan çıxış yolu tapmaq lazımdır. Vəssəlam!
Əlləri ilə bir daha divarları yoxladı. Hiss olunurdu ki, tabut çox keyfiyyətli və möhkəm hazırlanıb. Əlləri və ayaqları ilə tabutun müxtəlif yerlərinə zərbələr endirməyə başladı. Təpiyinin dəydiyi yerlərdə laxlama hiss olunmasa da, Sərdar təslim olmurdu – elə hey təpikləyirdi. Bir müddət sonra cırıltı səsi eşidildi. Mıxlardan biri axır ki, boşaldı və tabutun ayaq tərəfində əl boyda dəlik açıldı. Sərdar bu kiçik qələbədən ruhlanıb təpikləməyə davam etdi. 5 dəqiqə sonra tabutun sağ divarı gurultu ilə qopub yerə düşdü, baş tərəfi yana əyildi və bu vəziyyətdə asıla qaldı. Türkmənbaşı tabutun qapağını da asanlıqla itələyərək onu yerə atdı, özü də ayağa qalxdı.
Zülmət qaranlıqdan ətrafda heç nə görünmürdü. Olduğu yeri kor-koranə müayinə etməyə başladı. Bir-iki dəqiqə sonra təxminən 3 kvadrat metrlik yerdə olduğunu başa düşdü. Tavanın hündürlüyü isə 2 metrə yaxın olardı. Dörd tərəf kərpic divarlarla hörülmüşdü. Burada nə bir qapı, nə pəncərə, nə də havalandırma dəliyi yox idi.
Ruhdan düşən Türkmənbaşı, tabutun qapağına oturub hönkürtü ilə ağlamağa başladı. Aciz vəziyyətə düşmüşdü. Bir qədər sonra baş ağrısı və şiddətli aclıq hiss etməyə başladı. Bir yandan da dolmuş sidik kisəsi qasığına güclü təzyiq edirdi.
“Burda necə işəyim axı? Qapı da yox, pəncərə də!..”
Lakin başqa yolu yox idi. Tabutun qapağından qalxan Sərdar, otaqdakı künclərdən birinə yaxınlaşdı və doyunca işədi. Sidik kisəsini rahatladan Türkmənbaşı, tabutun yanına qayıtdı.
“Nəsə eləmək lazımdır… belə olmaz…”
Cibini eşələdi və… çox qəribədir – kibrit qutusu!
“Axı mən siqaret çəkmirəm. Bunu cibimə kim qoyub?”
Sevincindən çöhrəsini təbəssüm nurlandırdı. İşığa çox böyük ehtiyacı varıydı. Qutu dolu olmasa da, içində on-on beş kibrit olardı. Onlardan birini alışdırdı. Nəfəsini də saxladı ki, Allah eləməmiş kibrit hədər olar.
Sərdarın kibrit işığında gördükləri, bayaq apardığı manual müayinə zamanı yaranan təsəvvürlə örtüşürdü – çılpaq kərpic divarlar, soyuq beton döşəmə, iki metr hündürlükdə tavan, yerdə sınıq tabut… Kibritin alovu Türkmənbaşının barmaqlarını yalamağa başlayanda o, “ay bləd” qışqıraraq, çöpü yerə tulladı. Otaq yenidən qaranlığa qərq oldu.
Türkmənbaşı bir kibrit də yandırdı və araşdırmalarına davam etmək üçün sağa addım atanda ayağı sərt bir cismə toxundu. Cisim beton döşəmənin üstünə düşüb cingildədi. Ayaqlarının altına baxan Sərdar, uzun bir ling gördü. Lingin üstündə qurumuş sement parçaları varıydı. Tapıntısına sevinən Sərdar:
“Yəqin fəhlələr qoyub gediblər” düşündü.
Lomu yerdən qaldırıb var gücü ilə divara vurmağa başladı. Üçüncü zərbədən sonra kərpiclərdən biri qopub yerə düşdü. Türkmənbaşı daha bir kibrit yandıraraq, açılan deşikdən içəri baxdı. Öz otağı ilə eyni ölçülərdə olan qonşu otaqda qeyri-adi heç nə, hətta tabut da gözə dəymirdi.
Sərdar qonşu otağa keçməkdən ötrü, bədəninin ölçüsündə dəlik açana qədər, linglə divara zərbələr endirdi və sonda məqsədinə çatdı. Budur! Artıq onun bir yox, iki otağı var. Birincisində işədiyinə görə, Sərdar buranın tualet olmasına qərar verdi və tabutunu, daha doğrusu “çarpayısını” ikinci otağa sürüyərək, buranı yataq otağı elan etdi.
***
Boğazı susuzluqdan qurumuş, özü də yamanca acmışdı. Başa düşürdü ki, belə getsə gücünü büsbütün itirəcək. Odur ki, tələsmək lazımdır. Lomu götürüb yataq otağının divarını deşməyə başladı. Divardan bir kərpic düşəndən sonra, Sərdar spesifik qoxu hiss etdi. Belə çıxır ki, qonşu otaqda yeməli nəsə var. Özü də, bu yeməli şey hər nədirsə yaman kiflənib, qıcqırıb və iylənib. Ürəyi qalxdı. Lakin başqa yolu yox idi – Sərdar acından ölürdü.
Nəhayət, üçüncü otağa da keçməyə müvəffəq olan Sərdar, burada qoxunun mənbəyini axtarmağa başladı. Birdən damcı səsi eşitdi. Damcılar “pırt” səsi ilə beton döşəməyə çırpılırdı. Sərdar səs gələn tərəfə yönəldi. Bəxti gətirmişdi – tavanla divar arasındakı çatdan, su sızırdı. Sərdar ağzını iri açaraq, damcıların altına tutdu. Damcılar düz ağzına düşsə də, sızıntının tezliyi xeyli aşağı idi deyə, susuzluğu keçmirdi. Bu dəfə iki ovucunu suyun altına tutdu və su dolduqca, acgözlüklə içdi. Su içmə prosesi uzun çəkdi – düz bir saat sonra Sərdar susuzluğunun yatdığını hiss etdi.
“İndi də yemək tapmaq lazımdır”.
***
Çürümüş, iylənmiş ət qoxusu bayaqdan Sərdara dinclik vemirdi. Ağır lomu əlinə göürüb var gücüylə duvara vurdu. Hər zərbədən, hər düşən kərpicdən sonra, qoxu daha da şiddətlənirdi. Budur, artıq dəlikdən keçmək olar.
Kibriti qalmamışdı deyə, otağı əlləri ilə yoxlamağa başladı. Ürəyi bulanırdı. Sonda, otağın tən ortasında ayağı nəyəsə ilişdi. Əlini o əşyanın üstünə qoydu… diksindi. Bu, tabut idi və üfunətli qoxu tabutun içindən gəlirdi. Sərdar tabutun qapağından tutub var-gücü ilə dartmağa başladı. Qapaq təslim olmurdu. Sərdar lingi qapaqla tabutun arasına soxub qarmağa başladı. İki dəqiqə sonra, ağır qapaq tappıltı ilə yerə düşdü.
Otaq işıqlı olsaydı, çox güman ki, dəhşətli mənzərədən Sərdarı qusmaq tutardı – çürüməkdə olan cəsədin saçdığı kəmşirin, iyrənc qoxu cəsədin vahiməli görüntüsü ilə ahəng yaradırdı.
“Görəsən kimin meyididir?” – Sərdar ögüyərək düşündü.
***
Əlacı qalmamışdı. Yeməsəydi, acından öləcəkdi. Əlini tabutun içinə saldı və ölünün qolundan tutdu. Cəsəd artıq çürümüşdü deyə, Sərdar yüngülcə dartan kimi, qol çiyindən qoparaq onun əlində qaldı. Nəfəs almamağa çalışaraq, Sərdar qolun üstündən çürümüş pencək və köynək parçalarını təmizlədi. Qolun sahibi təxminən bir ay, ay yarım əvvəl ölmüş olardı. Dirsək hissəsində ət tamam çürümüşdü, oynaq sümüyü üzə çıxmışdı. Yaxşı ki, zil qaranlıqda bunların heç birini Sərdar görmürdü.
Çiyinə yaxın hissədə salanan ət parçasını qoparıb ağzına yaxınlaşdırdı. Çeynəməyə başladı. Qoxusu dəhşətli, dadı iyrənc idi. Qusmağı gəlsə də, aclıq hissi bu refleksi üstələyirdi. Sərdar çətinliklə çeynəyirdi. İkinci tikəni isə çeynəmədən, bütov uddu. Mədənin içində azğınlaşan şirə, vulkanın ağzından çıxmağa can atan lava kimi qida borusunu, qırtlağı dağıdırdı.
5 dəqiqə sonra, qoldan yalnız sümük qalmışdı. Sərdar sümüyü də tər-təmiz gəmirib onu bir neçə dəfə yaladı və otağın küncünə vıyıldatdı. Doymamışdı, yenə yemək istəyirdi, hətta ikinci qolu, ya da ayaqlardan birini yemək barədə düşündü. Amma bilirdi ki, bu günün sabahı da var. Buradan çıxmaq üçün daha nə qədər divar sındırmalı olacaq – məlum deyil. Bəlkə on, iyirmi, otuz, bəlkə də qırx? Elə isə cəsədə qənaət etmək lazımdır.
Sərdar üfunətli otağı tələm-tələsik tərk edərək, yataq otağına, tabutun yanına qayıtdı, qapağın üstünə oturdu. Sözsüz ki, məişət şəraiti yaxşılaşmışdı – çarpayı yerinə tabut, yorğan yerinə tabutun qapağı, yataq otağının yanında tualet. Bayaq cəsəd yediyi otaq isə, yeməkxana olacaqdı. “Orda su da axır” fikirləşdi.
“Bir dənə də qız olaydı indi…”
Sağlığında (daha doğrusu diri-diri basdırılmamışdan əvvəl) yatdığı qadınları xatırladı.
“Eybi yox. Bir az yatım dincəlim, təzə otaqlar taparam.”
Düşündü ki, otaqların birində qadın meyidi tapsa, əvvəl onunla sevişər, sonra da yeyər.
***
Sərdar yuxuda prezident sarayındakı eyş-işrət məclislərindən birini görürdü. Stolun tən ortasındakı iri qızıl sinidə, mitinqdə həbs olunan gənclərin içalatından hazırlanmış kabab varıydı. Prezident aparatının rəhbəri Amangəldi, DİN naziri Dılqantulu, FHN naziri Bardamqulu və digər vəzifəli şəxslər içalat kababını acgözlüklə ağızlarına təpirdilər. Araq sel kimi axırdı. Birdən hamı yediyini qaytarmağa başladı.
Əvvəl Amangəldi Dılqantulunun üstünə qusdu. Sonra Dılqantulu Bardamqulunun başına qusdu. Bardamqulu nəqliyyat naziri Xojagetdinin yaxasına qusdu. Xojagetdi isə Sərdarın qucağına qusdu. Sərdar əsəbləşib Xojagetdinin sifətinə, ağzının içinə qusdu. Birdən Amangəldi ayağa qalxıb nəsə qışqırmağa başladı. Hamı gördü ki, onun bir qolu yoxdur, obiri əlində isə tər-təmiz yalanmış, par-par parıldayan qol sümüyünü tutub, Sərdara tərəf silkələyir.
“Sən mənim qolumu yemisən alçaq!? Mənim qolumu!? Bu dəqiqə sümüyü sənə soxacam!”
Amangəldi əlində sümüklə Sərdarın üstünə cuman kimi, Sərdar yerindən götürülüb prezident sarayının dəhlizlərində qaçmağa başladı. Qaçdıqca halı pisləşirdi. Yaman pisləşirdi. Nəfəsini dərmək üçün ayaq saxladı və yaşıl-sarı rəngdə qatı mayeni, bahalı Aşxabad xalçasının üstünə ifraz etdi. Sonra yenə qusdu. Sonra yenə… Yenə…
Hövlnak yuxudan oyandı. Tər-su içində idi. Qusmağı gəlirdi, başı fırlanırdı. Üstü yapışqan mayeyə bulaşmışdı – deməli yuxuda doğrudan da qusubmuş. Ayağa qalxdı. İçi od tutub yanırdı. Yediyi çürümüş cəsəd mədəsini dağıdırdı. Qaynayaraq boğazına qədər qalxan axının qarşısını almaq iqtidarında deyildi. Əyilib tabutun içinə iki ağız qusdu. Hiss edirdi ki, gücü onu yavaş-yavaş tərk edir.
“Amangəldinin ətindən zəhərlənmişəm…” – Türkmənbaşı yenə qaytardı. Zağ-zağ əsirdi. “Hansı ağılla bu oğraşın qolunu yedim? Mənim ağzımı s…”
Taqəti qalmamışdı. Təzədən tabuta, qusmağın içinə uzandı. Beşcə dəqiqə sonra, qızdırma içində alışıb-yanan Sərdar qışqır-bağırla sayıqlamağa başladı. Bədəni 380 volt gərginliyin altındaymış kimi titrəyirdi. Əvvəl altına batırdı, sonra işədi.
Böyük Sərdar, əbədi prezident, sabitliyin qarantı, dahi rəhbər Niyazov Saparmurad Türkmənbaşı öz tabutunda – qusmağın, nəcisin, sidiyin içində ölürdü. O, gözlərdən uzaq, qaranlıq bir hücrədə can verirdi. Qonşu otaqda isə, iki saat əvvəl qolunu yediyi aparat rəhbəri Amangəldinin naqis cəsədi uyuyurdu. Sərdarın huşu tədricən yox olurdu. Ağrılar azalmış, qızdırması düşmüşdü və o, sadəcə olaraq səssiz-səmirsiz ölürdü.
Son nəfəsini verməmişdən qabaq, gözünə görünən səhnə isə bu oldu:
Bir qolu olmayan Amangəldi, obiri əlində par-par parıldayan qol sümüyünü tutub, Sərdara tərəf silkələyir və qışqırır:
“Sən mənim qolumu yemisən alçaq!? Mənim qolumu!? Bu dəqiqə sümüyü sənə soxacam!”
Əli Əkbər
Mövzuya dair forumda müzakirələr ↓
Müasir Azərbaycan ədəbiyyatı və ya … ?

Dubai. Azərbaycan gəncinin qeydləri… (3-cü hissə)

Dubai dedikdə orta-statistik Azərbaycanlının ağlına həmən ucu-bucağı olmayan ticarət mərkəzləri gəlir. Doğrudan, Dubai-a gedib o əfsanəvi ticarət mərkəzlərini gəzməmək günah olardı.
Dubai ticarət mərkəzləri özü-özlüyündə böyük və tükənməz bir dünyadır — bütöv günlərimi sərf etdim, amma nə Dubai City Mall-ın, nə Dubai City Center-in, nə də ki, Dubai Festival Center-in sonuna gedib çıxa bilmədim. Özü də hər birində dəfələrlə oldum. Miqyası təsəvvür edin — bizim görməmişcəsinə ağzı sulu və harda gəldi reklam etdiyimiz Park Bulvar adi Dubai City Mall-ın yanından ən azından 1000 dəfə kiçikdir. Deyərdim Mall-ın elə bir seksiyası Park Bulvar boydadır. =)

Şəkildə — Ticarət mərkəzlərinin nisbətən kiçiklərindən sayılan Festival Center-in 100-lərlə olan xollarlarından biri.
Dubai Ticarət Mərkəzləri tək miqyası ilə seçilmir — onlar insan qabiliyyətinin böyük əsərləridir — hər birinin özünə məxsus memarlığı, daxili tərtibatı, təmizliyi, səliqəliyi göz oxşayır. Bütün dünya brendləri bu kimi mərkəzlərdə özlərinə yer etməyə çalışır. Burada siz Ferraridən tutmuş Bvlgari-yə kimi dünya brendlərini görə bilərsiniz.

Şəkildə — Dubai Ticarət  Mərkəzləri o qədər böyükdür ki, hər seksiyanın sonunda bir böyük incəsənət əsəri olur. Bu fontan kimi.

Şəkildə — və hətta içində yırtıcı akulalar üzən nəhəng akvariumlar…
Gold. Dubai-a gələn Azərbaycanlının işlətdiyi ilk söz. Elə yəqin ona görədir ki, nəhəng qızıl mərkəzlərində analoqu olmayan sayda müşahidə kameralarına rast gəlinir. =)
Onu da qeyd edim ki, Dubai-da satılan qızıl-brilyant həqiqətən göz oxşayır. Onları gördükdən sonra bizim Mərkəzi Univermaqda “brilyant” adıyla satılan daşların adi şüşə olmasına əmin olursan. Nə yazıqlar ki, bizdə zinət əşyaları belə saxtadır…

Şəkildə — Adətən təhlükəsizlik səbəbindən müşahidə kameralarının şəklini çəkməyə icazə vermirlər, amma bu dəfə çəkə bildim. Bax və təəccüblən! Şəkildə hələ mən bütün kameraları qeyd etməmişəm. =)
Ümumiyyətlə, Ticarət Mərkəzlərində fotoaparata gəzən şəxsə biraz şübhəli baxırlar, səbəb — şəkilləri çəkib, sonra malların plaqiat edilməsindən çəkinirlər. Plaqiatdan söz düşmüşkən:


Şəkildə — Bəs sizin Bakıda Dubai binalarından bəsitcəsinə plaqiat edilimş 5 ulduzlu eviniz varmı?! =)
Bir şeyə də fikir verdim, Dubai-da normal səviyyəli adam özünə sığışdırıb gedib McDonalds və digər fastfood kafelərdə yemək yeməz, oralar qara millətin məskənidir. Bizdə isə bunun tam əski müşahidə edilir.

Şəkildə — Korobka-korobka “Niaqrası” var ərəblərin. =)
Bu günlük də bu qədər. Davamını gözləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Sözlərini dəyiş… Dünyanı dəyiş!

Hələ də bu qısa çarxın təsiri altındayam. Çox təsir edici və daşı belə kövrəldəcək bir çarxdır… Qərar verdim Azərbaycan dilinə lokalizasiya edim, kütləyə çatdıraq. Dostlardan xahiş edirəm, mütləq bu çarxı paylşın!
Sözləri dəyiş… Dünyanı dəyiş!

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Dubai. Azərbaycan gəncinin qeydləri… (2-ci hissə)

Dubai müxtəlif xalqları, ənənələri özündə birləşdirən böyük meqapolisdir. Müxtəliflik, rəngarənglik hər şeydə hiss olunur — insanların görünüşü, davarınışından tutmuş şəhərin memarlıq üslubuna kimi.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.


Şəkillərdə — şəhərdə eyni üslubda tikilmiş məsçidlərə rast gəlmədim, hər biri görünüşcə müxtəlif idi.
Müxtəlif demişkən — burada bizimkilər də özlərinə yer ediblər. Hər zaman olduğu kimi də əsasən restoran və alış-veriş (hər iki mənada) sektorunda.

Şəkildə — Azərbaycanlılara məxsus “Baku Caspian” restoranıdır.


Şəkildə — Anardan saat biznesi. =)
Ümumiyyətlə, bizimkilər Dubai-da yaşayan əhalidə elə təəsurat yaradıblar ki, onlar bizi rus hesab edir. Dəyəndə ki, biz türkük, təəccüblənirlər.

Şəkildə — Ərəblər “Azəri” dilini öyrənməyə can atırlar. Dilimizə “Azəri” dilinin yad olduğu kimi, dərsliyin üstündə əsk olunan rus qızın da yadlığı qeyd etmək istərdim.

Bizimkilər alış-verişlə məşğul olduğu zaman, bədnam qonşularımız ermənilər burada təbliğatla məşğuldurlar. Dubai-a Yerevandan ayda cəmi 2 dəfə təyyarə uçmasına baxmayaraq (müqaisə üçün Bakıdan hər gün ən azı 2 təyarə uçur), adi suvenir mağazasıda erməni təbliğatına rast gəlmək olur. Ermənilərin Dubai-da hələ bir kilsələri də var, daha birini (!) də yenicə tikməyə başlayıblar.

Şəkildə — Ermənistanı təbliğ edən suvenirləri bütün aidiyyəti mağazalardan əldə etmək olar. Azərbaycana aid nə qədər bir şey gəzsəm də tapmadım. Elə ona görə bizlərdən söz düşəndə ərəblərin yadına ya “gold” düşəcək, ya da “yeah, girls, girls”… Əfsuslar.
Bədnam qonşular demişkən. Ruslar da burada böyük bizneslə təmsil olunurlar.

Şəkildə — Rusiyanın mobil operatoru Beeline da Dubai-da fəaliyyət göstərir.


Şəkildə — Ortastatistik ərəb mağazasında məşhur rus yazıçısı Maksim Qorkiydən sitat. =)
Bu günlük də bu qədər. Davamı üçün bloqu izləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Dubai. Azərbaycan gəncinin qeydləri… (1-ci hissə)

Əslindən bu yazını Bakıya dönərkən Dubai beynəlxalq hava limanında yazmağa başladım. Hər tərəfim azərbaycanlı idi, bu azmış kimi informativ tabloda dönəcəyim doğma şəhərin adı da — Haydar Aliyev kimi göstərilmişdi. Sanki Bakıdaydım.  =)
Dubai-a daxil olar-olmaz diqqətimi ilk çəkən məqam — hər tərəfin ideal təmiz olması idi. Bunu hər yerdə müşahidə etmək olur — böyük quruculuq işlərinə baxmayaraq, yollarda toz, palçıq, adət etdiyimiz analoqu olmayan çuxurlara rast gəlmək mümkün deyil. Bütün yollar, körpülər, binalar yaşından və görünüşündən asılı olmayaraq təmiz və baxımlı saxlanılır. Burada həmçinin, siz balkonlardan asılmış pal-paltar, peyk antenalarını görməzsiniz. Hər-halda mən orada olduğum müddətdə bir dəfə də olsun belə bir halın şahidi olmadım.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkildə — Adi yaşayış binası. Nə asılmış pal-paltar var, nə də ki peyk antenaları.

Şəkildə — Bütün yollar boyu kanalizasiya sistemi qurulub, hərçənd Dubai-da ildə 1-2 dəfə yağış ya yağa, ya da yağmaya. Bizimkilər üçün böyük örnək.
Dubai-da digər diqqətimi çəkən məqam — insanların qanunlara olan hörmətidir. Bu əsasən də gündəlik həyatda hiss olunur. Məsələn, heç bir piyada müəyyən edilməmiş yerdən keçməz (əlbətdə ki, əgər o Azərbaycandan gəlmə deyilsə), taksi sürücüsü isə müəyyən edilmiş yerdən kənar öz taksisini saxlamaz və ya heç kəs maşınıyla yol boyu çəkilmiş xətləri tapdalayıb qırmızı işıqdan keçməz. Özü də bu hal yalnız yerli (burada onlara lokal deyilir) əhaliyə aid deyil, qayda-qanunu gəlmələr də gözləyir. Yollarda 2-3 dəfə qayda pozuntusunun şahidi olduq, təsəvvür edin, ikisində sürücü azərbaycanlı çıxdı. =) Ümumiyyətlə, burada qayda pozanlara qarşı sosial qınaq var, onlar qanacaqsız, mədəniyyətsiz kimi qəbul edilir. Əfsuslar olsun, amma bizdə bunun tam əksidir — qayda pozmaq “bomba oğlan”-lıq sayılır. Günah bizim özünü ifadə etmə və cılızlıq kompleksimizdədir.
Dubai-da sərnişin daşıma sistemi də mükəmməl təşkil olunub. Avtobusun sərnişinin istəyi ilə harda gəldi saxlaması fantastik olay kimi görünür. Burada avtobusların dayanması üçün xüsusi ayrılmış dayanacaqlar var və bu dayancaqların sayəsində sərnişin götürən avtobuslar heç bir halda yol ilə hərəkət edən digər avtomobillərin gedişatına maneə olmur. Bizdə 3 sıra dayanıb bütün yolu tutan avtobus sürücülərinin (onlara sürücü demək olarsa) gözlərindən iraq…


Şəkildə — Əksər avtobus dayanacaqları kondisionerlə təhciz olunub.

Şəkildə — Taksilər bizdə biznes klas avtomobillər hesab edilən Toyota Camry və Hyundai Sonatadır.

Şəkildə — Azərbaycan taksi sürücülərinin arzusu — Dubai-da taksiyə minmək üçün bəzən növbəyə durmalı olursan.
Dubai metrosu baxımlı və müasirdir. 2 il ərzində ərəblər 30-dan (!) çox stansiya tikib, təhvil veriblər. Bax buna deyərəm analoqu olmayan inkişaf! Görəsən Tağı müəllimin bundan xəbəri var?! =)



Şəkillərdə — Dubai metrostansiyaları bir-birinə bənzəyir, amma buna baxmayaraq çox proqressiv və müasir görünüşləri var.


Şəkillərdə — həqiqi “analoqu olmayan” quruculuq işləri gecələr də davam edir.
Bu günlük bu qədər, davamı (davamları) mütləq olacaq. Bloqu izləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Azərbaycan. Osama. Qeybət və qoyun ki, qoyun…

Həftə içi biraz pozitivlənək. Sırf video görüntüləri təqdim edirəm. İlk olaraq Azərbaycanın promo-çarxına diqqət yetirin. Yeni çəkilib. Zövqlüdür, musiqi tərtibatı da həmçinin, amma informativ deyil.

***************************************************************
Rusiyanın “Birinci” kanalının CİA agentinə istinadən iddiasına görə Osama Ben Laden hələ 5 il bundan öncə ölübmüş. Kişini yaxşıca yuyub, torpağa da basdırıblar. İndi isə kütləyə çatdırılan “ölüm xəbəri” teatral şoudan başqa bir şey deyil. Mütləq izləyin.

***************************************************************
3-4 il bundan öncə lokalizasiya etdiyim bir çarx — Qeybət etməyin! İslama görə hər qeybət edən şəxs öz doğma qardaşının (bacısının) ətini yemiş olur.

***************************************************************
Qoyun. Özü də döyüşkən, mübariz. Bəli, belələri də olur. Tanış olun — Rusiyalı qoyun-qoç Borya. 😀

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Eurovision bayramınız mübarək!

İlk öncə Eldar və Nigarın Azərbaycan türkcəsində normal danışa bilməməkləri mənə çox toxundu. Təmsil etdiyin doğma vətəninin dilini bilməmək analoqu olmayan hallar silsiləsindən idi. Amma heçnəyə baxmayaraq onlar qalib oldular. Rusların gözəl bir məsəli var — победителей не судят. Möhtəşəm qələbə idi. Azərbaycan çətinliklə də olsa, lazımı qədər səsi toplaya bildi. Təbriklər Azərbaycan!

Azərbaycan üçün bu çox böyük uğurdur. Ani saniyədə Azərbaycan sosial şəbəkələrdə top trendlər sırasında oldu. Hətta deyilənə görə Google Earth sorğuların çoxluğundan sıradan çıxdı — hər kəs xəritədə Azərbaycanı axtarırdı. Bu ölkənin tanıtım yolunda çox böyük və əhəmiyyətli PR addım olacaq, İnşallah.
Təriflədim, bəsdir. Adətim üzrə, əmmalara keçirəm:
Nigarın türk bayrağı ilə səhnəyə çıxması, Eldarın göstərdiyi bozqurd işarəsi — şəksiz bunlar Türkiyəyə böyük jest və sayğı idi. Amma… öz bayrağımızı da Eldar götürə bilərdi. Məgər böyük Rəsulzadə möhtəşəm bayrağımızı qardaş bayrağından istifadə edək deyə yaradıb?! Hə, deməli belə… Bu məsələdə bir pozitivlik hiss etdim — türk soyumuzun dərketmə prosesi qaçılmaz bir vüsət alıb.

Türk qardaşlarımızın təmsilçimizin səhnəyə onların bayrağı ilə çıxmasına maraqlı reaksiyaları.

Digər bir məsələ, bizimkilər qalib olar-olmaz, İTV və digər yerli telekanallarda dəxilsiz insanların analoqu olmayan sabunlanma prosesinə başlamasıdır. Hər kəs özünə məxsus tərzdə sabunlanma üslubuna əl atır. Gözəl və möhtəşəm bir qələbəni mənasızlıqları ilə ucuzlaşdırırlar. Bu qələbədə bir çox insanların haqqı, zəhməti var — bilirik, amma bunu dəfələrlə və dayanmadan saqqız kimi çeynəyib gözümüzə soxmaq ən azından bezdiricidir.
Başqa bir məqam isə küçə avtoyürüşlərdir — xalqımız böyük qələbələrə susayıb, insanların küçələrə axışması başa düşüləndir, amma burada da qədərinə varmaq lazımdır. Məgər qızların lütlənib özlərini çölə qoyması, yoxsa hansısa avtoşun avtomobili 2 təkər qaldıraraq qəza şəraiti yaradıb 6 maşın əzməsi sevinc hissidir, yoxsa əzəmətimizin göstəricisidir?!  Maraqlıdır… Belə hallar şənliyin konkret şitini çıxarır.
Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. Məsələn, buradakı rəylərə baxın — Armtoday.info. Haylar artıq çarəsizlikdən bir-birlərini təhqir belə edirlər. Onu da nəzərə alın ki, rəylərin 99% pozulub — saytda yalnız Azərbaycanlılar adından ermənilər tərəfindən yazılan sarsaq rəylər, bir də öz şəxsi rəyləri yer alır. Sağlam fikirli rəylər həmən pozulur.
Və sonda… Nə qədər təəcüblü olsa da, Azərbaycanlılar arasında da bu qələbəyə sevinməyənlər, müsabiqəyə ləkə yaxanlar da tapıldı. Hərənin bir dərdi var, amma bildiyim qədəri onların bir çoxu bu qələbənin iqtidara işləyəcəyindən ehtiyatlanaraq bu addımı atırlar. Ola bilsin özlərinə görə, onlar haqlıdırlar, amma şəxsən mənim fikrimcə yanılırlar — vətənin qələbəsinə yalnız sevinmək lazımdır, müxalif vətənə deyil, iqtidara olmaq lazımdır. Unutmaq lazım deyil ki, iqtidara hər kəs gələ bilər, amma vətənimiz bir və dəyişilməzdir.
Eurovision bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Eurovision 2011-in qalibi – AZƏRBAYCAN!

Hər kəsə lazımlı ölüm…

Son günlər ən çox izlədiyim telekanallardan olan Euronews-a baxa bilmirəm. Səbəbi də işləri-gücləri mifik bir terroristin öldürülməsinə dair psevdofaktlara həsr olunmuş AZTV sayağı silsiləli verlişləridir. Kanalı nə vaxt açıram — Osama, nə vaxt açıram — Obama. Soyadları kimi özləri də bir-birlərinə çox bənzəyirlər. Hər ikisi böyük güclərin əlində sadəcə alətdir — Osama — Amerikanın qeopolitik maşınının, Obama isə böyük o qeopolitik maşını idarə edən kapitalın əlində.

Bu psevdo-ölüm isə hər ikisinə lazım idi. Obama — qarşıdan prezident seçkiləri gəlir, Obamanın isə xalq arasında nüfuzu gündən-günə düşürdü. Uğursuz daxili islahatlar bir tərəfdən, başı batmış Qəddafi də digər tərəfdən öz inadkarlığı ilə Obamanın analoqu olmayan “sülhsevər” siyasətini darmadağın edirdi. Vəziyyət çox kritik həddə çatmışdı. Bu halda nə etməli? Bəli, şişirdilmiş və xalqın ataloqu olmayan tərzdə nifrətini qazanmış bir əfsanəni öldürmək. Bu da əlbəttə ki, Osamadır. “Öldürdülər”. “Ölümün” səhərisi gün ilkin hesablamalara görə Obamanın reytinqi nə az, nə çox düz 9% irəllədi. Ortastatistik Amerikalının gözündə Obama oldu Supermen. “Rəhmətliyin” heç 3-ü çıxmamışdı ki, Obamanın bağban arvadı TV kameralar qarşısında rəqs etdi. Sevinir də, o boyda bağı atıb gedəsi deyillər ki. Bir sözlə demokratiya carçısı olan Amerika xalqı qoyun yerinə qoyuldu.
Osama — yazıq aktyorluq etməkdən yəqin bezmişdi. Kim bezməz axı?! Artıq 10 ildən çoxdur ki, rəsmi CİA cəsusu olan bu milyarder gizli həyat yaşamağa məcbur edilirdi. İndi “öldü”. Hollywoodun əfsanəvi xüsusi effekt mütəxəssisləri sağ olsunlar, hər şeyi yüksək səviyyədə hazır etdilər. Amma amerikallıların “Aya uçmaqları” kimi, deyəsən burada da “oseçkaya” yol veriblər — Osamanı tanıyanlar rəsmi sürətdə bəyan etdilər ki, təqdim olunan şəkillərdəki tanıdığımız Osama qardaşımız deyil. Hadisəni farş edən digər məsələ — ABŞ rəsmilərinin hərəsinin ağzından bir avaz gəldi — biri dedi evi partladıblar, digəri dedi evdə güllələyiblər, başqaları isə ümumiyyətlə Osamanın güya arvadının arxasında gizləndiyini dedi. Əhsən. Amma əsas nəticədir. İndi Osama bəy balası kimi yaşaya bilər. Vaşinqton ona bəlkə də ABŞ tarixində görünməyən böyük bir pensiya da ayırdı. Axı kişinin ölkə qarşısında böyük xidmətləri var, olmalıdır. Bəli, bəli.
Euronews isə hələ də bu mifik hadisə haqda danışır, təkrarlayırlar, çeynəyir. Lap zəhləmizi töküb. Bu yerdə qədim romalıların gözəl sözü yerinə düşər — yalanı çox təkrarlayın ki, həqiqətə çevrilsin!
İndi deyin görüm, kimdir qeyri-obyektiv?! Bəyənmədiyimiz AZTV, yoxsa Euronews?!
Mövzuya dair forumda müzakirələr ↓
Usama Bin Laden öldürülüb

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom