Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

HTC-dən mobil telefonlar bazarında inqilabi yenilik?!

Dünyanın nömrə bir smartfon istehsalçısı HTC mobil telefonlar bazarını dəyişə biləcək inqilabi yenilik etmək fikrindədir. HTC-nin təklifi belədir — axı niyə hər dəfə texnoloji yenilik axtararkən, bütöv telefonu dəyişirsiniz, halbuki yalnız apart hissəsinin dəyişilməsi ilə kifayətlənmək olar?! Bu həm ucuz başa gələr, həm də daha tez-tez yeniliklərdən faydalanmaq olar. Məgər biz printerin katrici bitəndə gedib yeni printer alırıq?! Burada da eyni prinsipdir — yeni əməliyyat sistemi çıxdı, telefonunun ona gücü çatmır, köhnə katrici (telefonun için) təhvil ver, daha yenisini al. Məsələn indiki katricdə Android 2.3 əməliyyat sistemidir, siz gedib yenisini aldıqda Windows Phone 7 əməliyyat sistemli katric götürə bilərsiniz + həm yaddaşı, həm də prosessoru daha güclü.

Əslində maraqlı iddiadır. Amma HTC-nin bunu inqilabi yenilik kimi təqdim etməsi düzgün deyil. Çünki kiçik araşdırmam nəticəsində məlum oldu ki, bu tip texnologiya artıq İsrailin Modu şirkəti tərəfindən bir neçə ildir ki, istifadə edilir. Amma bu şirkətin adını birinci dəfə eşitdiyimizdən, bu tip texnologiyanın heç də uğurlu olmadığını təxmin etmək olar. Bir də ki, kütlə telefonları sosial göstərici kimi istifadə edir. Məsələn, kim 4 illik bir telefonu üstündə gəzdirəcək?! Nə olsun ki, daxili (katrici) ən son modeldir, axı kütlə hər tərəfli yenilik istəyir. Şəxsən mənim özüm də, telefonları nəsə yeni bir yenilik istədiyimdən dəyişirəm. Bu həm funksionallığa aiddir, həm də ki xarici görünüşə. Köhnə görünüşlü telefon isə sadəcə adamı bezdirir…

Mənə görə HTC-nin bu layihəsinin kütləvi bazarda heç bir perspektivi yoxdur. Bəs siz nə fikirləşirsiniz?!
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Aston Martin. Şirkət konrekt havalanıb

Avtomobil xəbərlərini izləyən bir insan kimi, bu günlərdə məşhur luks brendi Aston Martin-in Toyota-nın iQ modeli üzərində qurduğu avtomobilin qiyməti çox maraqlı idi. Xatırladım ki, Toyota iQ 9 min ABŞ dollarına satılır. Aston Martin isə yeni anons etdiyi Cygnet adlı balacanın qiymətinin nə az nə çox, düz 31 min (!) funt sterlinqdən başlamasını elan etdi, bu da hardasa edir 42 min dollar. Təsəvvür edirsiz, 1.3 motorlu avtomobilcığaza bu qədər pul…

Aston Martin amma ruhdan düşmür, deyir axı mənim balacımın unikal stabilizasiya sistemi (hansı ki, Toyota da var), parlaq disklər, açarsız qoşulma sistemi, elektrik şüşə-qaldıranlar (hə, bax bu texnili inqilabdı :lol:), dəri oturacaqlar, klimat-kontrol, GPS naviqasiya sistemi var. Nə qədər qəribə olsa da, 42 min dollar Mercedess C-Class-in qiymətidir. 42 min dollara 2 D Class təmsilçisi — Hyundai Sonata almaq olar, 42 min dollara bir Audi A4 + Kia Rio almaq olar, 42min dollara — ən azında bizim rəşadətli “barmaq sındıran” polislərimizin gəzdiyi BMW 3-cü seriyadan almaq olar. Amma 42 min dolları faktiki Toyotanın 9 minlik modelinin restaylinqinə vermək səfehlik deyilmi?!


Kimsə indi deyəcək ki, problemlər içində üzürük, sən gör nə haqda yazırsan… Hərdən biraz pozitivlik də lazımdır. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Avto Xəbərlər / Авто Новости

Əfsanəvi Total Wars yenilənir!

Texnologiya tarixinin ən gözəl oyunlarından biri, virtual döyüşlərin miqyasına görə “analoqu olmayan” Total Wars döyüş strategiyalı kompüter oyununun yeni versiyası anons edildi — Total Wars: Shogun 2. Bilməyənlər üçün qeyd edim ki, Total Wars kompüter oyunları silsiləsi tarixi döyüş və olayları səhnələşdirir, oyunçuya onların bir başa iştirakçısı olmağa imkan verir.

Oyunun bundan öncəki versiyalarında  Roma, Osmanlı, Bizans, İngilis və Fransız İmpreyalarını idarə edib, orta əsrlərdə baş verən olay və hadisələrin iştirakçısı olub, xaçpərəstlərin və monqolların yürüşlərinə sinə gəlib, Ərəb xilafəti və İslamın yaranışının şahidi ola bilərsiniz. Oyunun əsas üstünlüyü isə qeyd etdiyim kimi, onun miqyasıdır — bir neçə minlik qoşunu canlı olaraq idarə edib, döyüşdə taktiki gedişlər etməlisiniz. Burada hansısa bir döyüşçünün xüsusiyyəti böyük rol oynamır (əgər o general deyilsə), əsas rolu oynayan realda olduğu kimi, idarə edicinin döyüşçüləri hansı pozisiyada yerləşdirməsidir. Oyunda həddən artıq özəlliklər var. Bir-bir hamısını qeyd etməyəcəm, amma bütün bunları nəzərə aldıqda Age of Empires və Civilization silsiləsindən olan bütün oyunlar Total Wars-ın yanından uşaq oynundan başqa bir şey deyil. Əlbət ki, Total Wars adi strategiyaya baxanda çox qəliz bir oyundur.
Bu dəfəki versiyada oyunun yaradıcıları — Creative Assembly, bizi Yaponayada baş verən olayların iştirakçısı edəcək. Təqdim edilən çarxlardan da göründüyü kimi oyunun görkəmi, renderinqi və gameplay-ı super olacaq.

PS. Oyun oynayarkən, reallığı unutmayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Əfsanəvi Total Wars yenilənir!

Hava. Steve Jobs. Tunis və biraz pozitiv

Çoxdan idi bloqda bir şey yazmırdım. Səbəbi havadır. İsti və eyni tipli dəyişməz hava bütün əsəblərimə işləyirdi. Amma bu gün gecikmiş də olsa, qış özünü göstərməyə başladı. Düzdür, qar yağmaq istədi — alınmadı, amma yenə də nəsə havada dəyişiklik hiss etdik. Sizi bilmirəm, amma hava mənim əhval-ruhiyyəmə əməlli başlı təsir edirmiş. Soyuqların gəlişi ilə pozitiv enerji yığıb, yenidən bloqu aktivləşdirəcəm. İnşallah 1-2 günə qar da yağsa, olacaq “fullun fullu”. Ayağımızın altındaki qarın xışıltısı üçün yaman darıxmışam.
Hava bu gün yaxşı olsa da, Euronews telekanalının xəbəri məni birazca məyus etdi. Əfsanəvi Steve Jobs Apple-dan müddətsiz xəstəlik məzuniyyəti götürərək gedib. Səbəb — Stivin kəskin xərçəng xəstəliyindən əziyyət çəkməsidir. Hətta bir neçə il öncəki Stivlə indiki Stiv arasında fərqi də göstərdilər — canlı əfsanə gözlə seziləcək dərəcədə əldən düşüb. Bununla da hesab edirəm ki, Apple tədricən zəifləyəcək. Əlbət ki, Apple korporasiyası bunu inkar edəcək, hətta əsaslar da gətirəcək ki, gəlirləri artıb və daha nələr… amma Microsoft-un timsalında baş verən hadisələr göstərir ki, şirkətin banisi, ona can yandıran lider getdikdən sonra şirkətin işləri elə də yaxşı getmir. Bill Gates Microsoft-dan getdikdən sonra şirkət bütün sferalarda öz pozisiyasın itirməkdədir. Eyni hadisə bir dəfə Apple-ın başına gəlib, Steve-in bu sayca ikinci gedişidir. Birinci gedişdən də sonra özünə arxalanan Apple çökməyə başladı və məhv Steve-in qayıdışından sonra şirkətə yeni nəfəs gəldi və yeni zirvələri fəth etdi. İndi Steve yenə gedir. Görünür bu dəfə o həmişəlik gedir. Əlvida Steve. Sən bizi tanımasan da, biz sənin işgüzarlığına, zəhmətə olan sevginə hər zaman yaxşı mənada həsəd aparmışıq. Allah köməyin olsun.

Deyirəm, bu Tunis hadisələrindən yazmayan adam qalmayıb. Artıq bütün sözlər deyilib, yazmağa bir şey yoxdur. Bəli, razıyam, diktator layiqli şəkildə ölkədən qovuldu. Bəli, razıyam, bunu xalq etdi. Amma kütlənin hərəkətə keçməsi üçün düşünülmüş şəkildə ssenari lazımdır. Çünki 20 ilin diktatorunun 3 gün ərzində ölkəni tərk etməyə məcbur edilməsi çox asan baş verdi. Maraqlıdır, ABŞ-ın bu hadisələrdə nə kimi aidiyyatı var? Yoxsa ABŞ narıncı inqilab idxalçıları “stavkanı” ediblər ərəb mənşəlli Afrika dövlətlərinə? Mütləq burada qərb dövlətlərinin əli olmalıdır. Niyə belə fikirləşirəm?! Bunun üçün elə eyni materikdə yerləşən digər ərəb dövləti Sudanın başına gətirilən hadisələrdir. Bu barədə növbəti yazılarımın birində yazacam, indi isə söz verdiyim pozitiv — şəhərin mərkəzində, Space telekanalının düz yanında (səhv etmirəmsə tədris müəssisəsinin adı “İncəsənət kolleci”-dir)  “analoqu olmayan” lövhəcik. Şəkildə abırlı düşüb, amma realda 2-ci sinif şagirdinin əl işindən başqa bir şey deyil.

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Blackberry-dən Azərbaycana hədiyyə!

2011-ci il qədəmlərini yeni basmışdı ki, Blackberry Azərbaycan üçün yeni il hədiyyəsi etdi. Belə ki, dünəndən etibarən Blackberry-nin App World qlobal proqram (mağaza) sistemi Azərbaycan üçün də aktiv edilib. İndi biz də dünyanın qabaqcıl ölkələri kimi bu xidmətdən faydalana biləcəyik. Xatırladım ki, buna kimi Blackberry App World-dən istifadə etdikdə xəbərdarlıq  çıxırdı — applikeyşn sizin ölkə üçün aktiv deyil, daha sonra proqram deaktivasiya edilirdi.

Dünən adət üzrə proqramı yenidən yoxladım və xoş təsadüf… Baxıramki proqram məni block etmədi, daxil oldum… Həmən N sayda maraqlı proqramlar yüklədim.
Açığı hələlik o qədər də çox proqram yoxdur, amma axtarsanız maraqlı və faydalı bir şey taparsız. Əsasən pulsuz olan aplikeyşnları yüklədim. Pullular isə bahadı. Məsələn, iPhone-da aid application store-da bir çox proqramlar pulsuz olsa da, Blackberry App World-da eynisinə 9.99$ -40# kimi pul istəyirlər.
Keçim mətləbə — bu funksiyadan faydalanmaq üçün smartfonunuzu kompa biləşik kabelə qoşursunuz. Daha sonra daxil olursuz bura — http://appworld.blackberry.com/webstore. Qeydiyyatdan keçirsiz, daha sonra əgər smartfonunuzda Blakcberry App World proqramı yoxdursa, sistem onu özü avtomatik yükləyəcək. Yüklədikdən sonra smartfon restart olunur (avtomotik), sonra isə istədiyiniz proqramı seçin və telefonunuza App World vasitəsilə yükləyin. Bunu həm telefonda ola Blackberry App World proqramı ilə edə bilərsiz, həm də ki, yuxarıda göstərdiyim link vasitəsi ilə. Çox rahatdır. Əla realizasiya olunub.
Həmçinin gələcəkdən əlavə etdiyiniz proqramları rahat idarə etmək üçün Blackberry Desktop Software proqramını da məsləhət görürəm — http://us.blackberry.com/apps-software/desktop.
Kolay gəlsin!
Mövzuya dair forumda müzakirələr ↓
BB OS 6

Facebook bağlanır? Mənasız PR gediş. Fikirlərim

Görünür MySpace-in uğurlu rebrendinqi Facebook-un yaradıcısı və onun 26% səhmlərinin sahibi, yəhudi əsilli Mark Zuckerberg-ə rahat yatmağa imkan vermir. Belə olmasaydı, KİV vasitəsilə insanların hisslərinə təsir etmək üçün (ay camaat, baxın FB-u bağlasaq, görün sizin həyatınız necə dəyişəcək) şayiə buraxmazdı. İndiyə kimi Facebook-dan qeydiyyatdan keçməyən də, gedib qeydiyyatdan keçəcək ki, əşi görüm bu nə olan şeydir e, bu qədər hay-küy qoparıb.

Əslində Zuckerberg istəsədə şirkəti bağlamaq iqtidarında deyil. Çünki Facebook artıq böyük korporasiyadır və onun səhmləri ondan da böyük korporasiyalara (məsələn, Microsoft) məxsusdur. Məsələnin digər tərəfi — Facebookun hal-hazırki kapitalizasiyası 50 milyard dollar təşkil edir. Bu qədər kapitalı olan şirkətin öz-özünə qapadılması dünya iqtisadiyyatında nonsensdir. Maliyə sistemi isə elə qurulub ki, 50 milyard kapitalizasiya 50 milyard pul köpüyü (ifadə sabun köpüyündən götürülüb) deməkdir. Yəni Facebook-un real dəyəri daha azdır və bu 50 milyard birjalarda pay satışını artırmaq üçün süni olaraq şişirdilib. Şablon sistem belədir — məsələn, sizin 500 dollar pulunuz varsa, siz onu 500*100 düsturu ilə şişirdə bilərsiniz, nəticədə kapitalizasiya olacaq 50000$. Eynilə də Facebook (və digər korporasiyalar) fəaliyyət göstərir. 50 milyard köpüyü partladanda isə gərək bu 50 milyard nəğd pulu (!) səhmdarlara paylayasan. Amma nəzərə alsaq ki, Facebook köpükdür və real olaraq 50 millyardı yoxdu (50.000.000.000/100=500.000.000 real pulu var), o zaman səhmdarlara paylayası bir şey olmayacaq və Amerika iqisadiyyatında nəhəng bankrotlaşdırma prosedurunun şahidi olacağıq. ABŞ höküməti isə indiki həssas iqtisadi vəziyyətdə buna heç bir halda imkan verməz.
Deməli Facebook-un Mark Zuckerberg tərəfindən qapadılması səfeh bir fərziyədir.
Yuxarıda yazdığım birinci variant idi. İkinci variantda ondan ibarət ola bilər ki — bu şayəni Facebook-un rəqibləri ortaya atıb. Bu Google da ola bilər. Bildiyimiz kimi, Facebook öz şəxsi mail xidmətini buraxmaq istəyir, bu isə Google-un Gmaili üçün ölümcül zərbə ola bilər. Google bu şayəni buraxır, nəticədə Facebook-un stabil tərəfdaş və güvənilən sayt imicinə böyük zərbə dəyir. Axı kim səhər bağlanacaq saytda özünə mailbox açar?!
Mövzuya dair forumda müzakirələr ↓
Sosial şəbəkələr və biz

"American Dad" ermənilərə qarşı?!

ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki,  bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı.  Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Romantik-dən Azərbaycan sayağı görməmişlik

Bir neçə müddətdir ki, Elmlər Akademiyası tərəfdə yerləşən Romantik-in yanından ötüb keçirəm, amma bu reklam “əsərini” görməmişdim. Əsəri bu günlərdə görüb, şoka düşmüşəm. Əsl Azərbaycan sayağı reklam. Ayə, nə qədər Romantik yazıblar. 😆


Mövzuya dair forumda müzakirələr ↓
Gündəm. Görüb, eşitdiklərimiz

CES 2011. Yeni ilin möhtəşəm texnoloji yenilikləri

Yeni 2011-ci il gəlməyə macal tapmamış, məşhur Las-Veqasda Consumer Electronics Show 2011 fəaliyyətə başladı. Texnologiya bayramı olan bu tədbirdə bütün texnoloji nəhənglər öz yeniliklərini təqdim edirlər. Xoşuma gələn ən maraqlı təqdimatlarla bölüşürəm.

Samsung Apple əfsanəsi MacBook Air üçün rəqib yaratdı. Samsung 9 adlandırılan bu noutbuk görkəminə görə heç də Apple əsərindən geri qalmır.
Parametrləri:
Prosessor — Core i5 2537M
Yaddaş 4 GB RAM
HDD (SDD) — 128 GB
USB, HDMI
Qiyməti isə 1600 USD-dən çox olmayacaq. Bizdə ən azı 1800 AZN olacaq, çox güman.

***************************************************************************************

SonyEricsson gözəllikdə bəlkədə indiyə kimi buraxılan bütün telefonları kölgədə qoyacaq yeni XPERIA ARC modelini təqdim etdi. Android 2.3 platformasında işləyəcək bu smartfon SONY-nin məhşur BRAVIA televizorlarında istifadə olunan texnologiyaları özündə birləşdirir.

***************************************************************************************

Və fikrimcə sərginin ən maraqlı təqdimatı Android 3 (!) platformasında çalışacaq Motorola-dan fantastik planşetdir. Motorola XOOM. Bu da Apple iPad-ın sonu. Cavab olaraq Apple-dan iPad-ın 2-ci versiyasını gözləyirik.
Parametrləri:
Prosessor — NVIDIA Tegra 2 1GHZ (!)
Yaddaş 1 GB RAM
HDD (SDD) — 32 GB
FullHD, microSD
5 meqa pikselli kamera.
Qiyməti hələ məlum deyil. Məlum olsa da, biz bu qadjeti yalnız eBay-dan sifariş edə biləciyik. Çünki Motorola-nın Azərbaycandakı rəsmi distrubutoru NLT hələ də eləbilir ki, Motorola yalnız Razr telefonlardan ibarətdir…


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Hava. Yessentuki-17. Xəzər Xəbər. Rusiyada qar

Havalar soyumaq bilmir ki, bilmir. Bir gün yağış yağdı, yığılan mənfi enerjimizdən azad olmağa çalışırdıq ki, yenə də bu vaxt üçün anormal  Günəş çıxdı. Özü də fikir vermişəm, fəsil dəyişikliyinin baş verməməsi insanlara çox böyük mənfi təsir göstərir — hər kəs birə-beş aqressivləşib, pessimistləşib. Hələ dili qurumuş sinoptiklərimiz Yanvar ayının “analoqu olmayan” tərzdə isti keçəcəyini proqnozlaşdırırlar.
Nəsə. Hava cəhənnəm, amma məhsulların qiymətləri deyəsən qaynamağa başlayıb — qiymətlər “sakitcə” 20% qaldırılıb. Fakt — digər məhsulları deyə bilmərəm (evə bazarlığı mən etmədiyimdən), amma ev üçün gündəlik aldığım yeganə məhsul — Yessentuki-17-nin qiyməti növbəti dəfə qaldırıldı. Özü də bütün marketlərə baxmışam. Lider AS-dan tutmuş Neptuna kimi. Neptunda Yessentuki-17 (Vim-bil-dam istehsalı olan) 1 manat 10 qəpik, Lider AS-də isə 1 manat 20 qəpiyədir. Keçən il bu vaxtı sözü gedən məhsul cəmi 70-80 qəpik idi. 70 qəpik hara, 1 manat 20 qəpik hara. Bu 70% bahalaşma deməkdir. Dünya birliyi isə hələ də susur. 😆
Digər tərəfdən bu ola bilər sırf Yessentuki-nin Azərbaycandakı rəsmi distributorunun görməmişliyinin nəticəsidir. Hər şey ola bilər. Gündəlik təlabat mallarını alıb, bazarlıq edən şəxslər bunu daha yaşı bilər — digər məhsullarda da artım müşahidə olunur?!

“Dünya birliyi” susmayıb, neynəyəcək axı. Xəzər Xəbər kimi “səviyyəli” bir verlişi olan ölkə üçün 70% inflyasiya hələ azdır. Bu gün təsadüf nəticəsində bu “xəbərlər” verlişinə baxdım. Çox aktual bir xəbəri verirdilər — marşrut avtobusunun siqnalı xarab olmuşdu, dayanmadan duuuuuuldayırdı. Buna görə milləti sorğu sual edirdilər, qara millət də “televizora düşmək” üçün əldən ayaqdan gedirdi. İndən belə maşının təkəri buraxanda, mütləq gərək Xəzər Xəbər əməkdaşlarını çağıram, bundan da aktual xəbər?!
Yazımın əvvəlin də hava ilə başladım, sonunu da onunla bitirirəm. Biz istidən qrilə döndüyümüz bir vaxtda Rusiyada şiddətli qar yağmaqda davam edir. Yolları isə Rusiya (deyərdim bütün post-sovet ölkələri) sayağı təmizləyirlər. Aşağıdakı bir video-çarxa baxın. Deməli iki traktoru birləşdiriblər ki, yanacaq sərf edilsin, gedib desinlər ki, guya yolu təmizlədilər. Əhsən. Belə şeyləri görəndə bir daha əmin olursan ki, bütün bu korrupsiya və özbaşnalığın mənbəyi zəhrimar kommunist təfəkkürüdür, virus kimi yeriyib hər birimizin canına.

Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom