Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Texnologiya. Maraqlı konsept və eksperimentlər

Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.


Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)


Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.

Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.


Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Azərbaycan İnternetində nələr baş verir (№4)

Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.
Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.
Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.
Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.
Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.
Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.
Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.
Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№2)

Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.

Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.

Yenə də Sony. Ev kinoteatrı.

Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.

Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…

Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.

HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.

Huggies. Sexy balaca. =)

Və nəhayət, texnologiya titanı — Intel.

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm reklam çarxları

Flaşmob — müasir bambılizm?!

Flaşmob — son vaxtlar gənclərimiz (əsasən də küyə gedənlər) arasında çox populyarlaşan bir ifadədir. Bəs bu flashmob ümumiyyətlə nədir? Bu kimi tədbirlər nə məna daşıyır?!
Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Məsələn, min bir əziyyətlə ailəsinə çörək pulu qazanan Əhməd kişi evə qayıdarkən görür ki, qəfil kimsə yolun ortasında huşunu itirdi… Həyatı onsuz da başdan-ayağa böyük bir stress olan Əhməd kişi bambılizmin son həddindən əziyyət çəkən cavana köməyə qaçır, bu zaman kənarda durub müşahidə edən digər şəxslər də yerə uzanırlar… Əhməd kişi şokdadı… Sən demə bu səhnəcikdir… Sən demə bu fərqli olmaq deməkdir… Sən demə bu flaşmobdur. Əhsən.

Flaşmobun atası amerikalı sosioloq-yazıçı Howard Rheingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmob-un mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmob-lar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır.
Post-sovet məkanında, əsasən də Rusiya, Ukrayna və Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusiyada etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komisiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar.
Azərbaycanda da flaşmoblar yayılmağa başlayıb. Amma bizdə hər şeydə olduğu kimi burada da özünə məxsusluq var — bizim flaşmober-lər yalnız onun bunun zir-zibilini təkrar etməklə məşğuldular. Maykl Ceksona, Halloween-ə həsr olunmuş flaşmoblar bu silsilədəndir.

Azərbaycanın xalq artisti, mərhum Mikayıl Ceksonun xatirəsinə həsr olunmuş milli flaşmob.
Onu da qeyd edim ki, Azərbaycan flaşmober-lərinin əksəriyyəti tələbələrdir.

Azərbaycan xalqının sevimli milli bayramı — Halloween-ə həsr olunmuş növbəti flaşmob.
Gəlin bizim flashmober-lərin son işlərini analiz edək (yuxarıda təqdim olunmuş video vasitəsiylə). Göründüyü kimi, milli flaşmober-lər dədə-baba bayramları olan Halloween-ə həsr edilmiş bu aksiyaya əməlli-başlı hazırlıq görülüblər. Özü də professional qrimlər, maskalar vasitəsi ilə. Çox güman ki, onları hansısa “pul yumaq” üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatı maliyyələşdirir. Xeyli adam da toplaya biliblər — bu isə bizim gəncliyin nə qədər deqradasiyaya uğradığının göstəricisidir…
Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora “qız tutmaq” üçün gedir… nə flaşmob?! 😀
Nəsə. Atalar yaxşı deyib, utanmasan, oynamağa nə var ki?! Allah ağıl versin.
Fikirlər mənim şəxsi subyektiv fikrimdir. Ürəyinizə çox almayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Flaşmob

Kinoteatr "Azərbaycan" vs. Park Cinema

Bü gün nəhayət ki, vaxt tapıb Park Bulvarda yerləşən Park Cinema-ya baş çəkdim. Açığı baxılası fərli film də yox idi. Müqayisə üçün bir 3D animasiya seçdik (Союз зверей 3D), o da ki, sən demə mənasızlıqda bəlkə də bu ilin nömrə biridir. Nəsə. Beləliklə, kinoteatr “Azərbaycan”-la Park Cinema-nı müqayisə etmək üçün kifayət qədər informasiya topladım və Sizlərlə bölüşürəm.
Başlayaq. İlk öncə hər kəsi əvəzolunmaz kassalar qarşılayır. Park Cinema-da kassalar daha müasir və deyərdim interaktivdir. Bəs qiymətlər?! Bu yaxınlara kimi monopolist kinoteatr kimi fəaliyyət göstərən kinoteatr “Azərbaycan” Park Cinema-nın açılışından sonra analoqu olmayan qiymətlərində tutarlı korrektələr etdi. Qiymətlər 2 dəfə endirildi, amma nə faydası — kütlə daha cazibəli və müasir görünən Park Cinema-nı seçir. Burda deyiblər — kimin əvvəli, kimin axırı.

Gəlin qiymətlərə nəzər salaq — Park Cinema-da bir seansın qiyməti (bir nəfər üçün) — 6 manat təşkil edir. Kinoteatr “Azərbaycan”-da da bu qiymət artıq 6 manatdır. Burada bərabərlik hökm sürur.
Bildiyimiz kimi, 3D filmlərə baxmaq üçün eynəklərdən istifadə olunur. Eynəklərin keyfiyyətinə görə kinoteatr “Azərbaycan” irəlidədir. Rus demişkən, более того, hər ikisini istifadə edəndən sonra, məndə belə təsəvvür yarandı ki, “Azərbaycan”-da istifadə olunan eynəklər daha yüksək səviyyəlidir (Dolby Stereo dəstəkli və sair). Park Cinema-dakı eynəklər xarici görkəmindən belə ucuz mal təsiri bağışlayır. Eynəyin çatışmamazlıqlarından onun ağırlığını (qulaqları yara edir), keyfiyyətsizliyini (ekranlar əcaib cızıqlı, dumanlı və ləkəlidir), həmçinin 3D effektin çatdırılmasında zəifliyini qeyd edə bilərəm. “Azərbaycan”-dakılar istifadədə daha rahat və keyfiyyətlidır, həmçinin 3D effektləri daha canlı çatdırır.
Eynəklərin keyfiyyətsizliyinin digər təsdiqi — “Azərbaycan”-da baxdığım filmlərdən sonra gözlərim heç ağrımadı, amma Park Cinema-da baxdığım filmdən sonra hələ də özünə gəlmir.
Zalın tərtibatı, müasirliyi və quruluşunda Park Cinema şəksiz liderdir. Zallar ideal təmizlik təəsuratı yaradır. Filmlər daha böyük səhnədə göstərilir.
Bir kinoman kimi mən filmlərə baxmaq üçün yenə də “Azərbaycan”-ı seçəcəm. Niyə?! Ola bilsin bu konservativliyimdən irəli gəlir, amma kinoteatr “Azərbaycan” sırf filmlərə baxmaq üçün gözəl məkandır. Park Cinema isə gününü şoppinqdə keçirib, müasir və baxımlı kafelərdə istirahət edib və sonra vaxtını öldürmək xatirinə filmə baxanlar üçün ideal seçimdir. Əslində oradakı kinoteatr elə bunun üçün də nəzərdə tutulur. Kütlə (əsasən də küyə gedənlər — типа, это круто) Park Cinema-nı sevəcək, buna əminəm.
Lap yadımdan çıxmışdı — Park Cinema-da pop-korndan əcaib ətir gəlir, duzu azdı. 🙂 Coca-Cola isə “Azərbaycan”-dan fərqli olaraq xüsusi kağız stəkanlara süzülmür, birbaşa elə butulkada verilir. Bu da yaxşı hal deyil.
Nəticə:
Azərbaycan — sırf filmlərə baxmaq üçün gözəl məkan.
Park Cinema — şoppinq, gözəl kafelərdə istirahət və yalnız sonda kinoteatr.
Hər ikisinin ən böyük çatışmamazlıqları — Azərbaycan dilinə bir dövlət dili kimi əhəmiyyət verilməməsidir. Bu özünü hər şeydə göstərir — adi bilətlərdən tutmuş filmlərə kimi. Yəni öz dilimizdə adicə biletləri çap etmək belə qəbahətdir?!
Mövzuya dair forumda müzakirələr ↓
“Park Cinema” (+3D) açıldı və ucuz qiymətlərlə təəccübləndirdi!

PlayStation3 xBox360-a qarşı. Möcüzələr

Artıq kompüter oyunlarını oynamaq monitorun qarşısında oturub, coystiklə hərəkətlərdən ibarət olmayacaq. İndi gamer-lər monitor önündə aktiv hərəkətlər edib, müxtəlif tapşırıqları yerinə yetirməlidirlər… 7-ci nəsil oyun konsolları möcüzələr yaratmaqda davam edir, oyunlarda hər şey sanki canlı olaraq baş verir.
İlk inqilabı bu yolda Nintendo Wii etdi. Amma daha güclü rəqiblər (Sony və Microsoft) rəqiblər birazda irəli getmək fikrindədilər.
Sony isə Playstation3 üçün Sony Move-u təqdim etdi. Videoya tamaşa edin:

Amma Microsoft-un cavabı daha möhtəşəm oldu. Sony Move və Wii-də hərəkət üçün idarə etmə pultu lazım olursa, xBox 360-da sadəcə əliniz kifayət edər. 😉 Texnologiyanın adı xBox 360 Kinect adlanır və tezliklə satışda olacaq. Super! Artıq keçmiş sovet ölkələri üçün də lokalizasiya işlərinə başlanıb, deməli bizə də gəlib çıxacaq.
Microsoft xBox 360 Kinetic real həyatda:


Rəqabət gözəl xüsusiyyətdir. Tərəqqinin əsas təməli.
Mövzuya dair forumda müzakirələr ↓
Oyun konsolları. xBox 360, PlayStation 3, Wii

Mercedes-Benz CLS. Wow!

Yatmağa hazırlaşırdım ki, yeni Mercedes Benz CLS-in möhtəşəm “trailer”-i təsadüfən qarşıma çıxdı. Möhtəşəm. Sizlərlə bölüşməyə bilməzdim. 😉 Trailerdə baş rolda CLS-in yaradıcısı, əslən koreyalı olan dizayner Hubert Lee-in özü çəkilib.
Xatırladım ki, Joel Piaskowksi kimi Lee də Hyundai-ın yetirməsidir. O Kaliforniyada yerləşən “Art Center College of Design”-in məzunudur. Məhz onun üzv olduğu komandanın sayəsində Hyundai (Hyundai-KIA Motor) bir neçə il ərzində plaqiator şirkətdən özünün möhtəşəm stilistikasına malik avto-nəhəngə çevrildi. İndi isə onlar Mercedes-in görkəmini dəyişirlər. Əhsən sənə cənab Lee. Yaratdığın bu Mercedes də gözəldir!

Mövzuya dair forumda müzakirələr ↓
Elantranı yaradan Mercedesin baş dizayneri kimi!

İşıqsız. Qazsız. Susuz. 3D. Həyatımdan bir gün

Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.
Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…
Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.
Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.

PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.
Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!

Noyabrın maraqlı texnoloji yenilikləri

Parlament seçkiləri başımı o qədər qatıb ki, nə vaxtdır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Hə… Oktyabr ayı nisbi sakit keçsə də, bu ay başlayar-başlamaz maraqlı yeniliklər anons edildi.
Başlayaq. Batmaqda davam edən, amma özündə cəsarət tapıb bunu etiraf etməyən Nokia-nın yeganə ümidi, xilaskarı kimi qələmə verilən MeeGo əməliyyat sisteminin növbəti versiyası anons edildi. Gələcəkdə Symbianı əvəzləyəcək sistemin bir neçə il bundan qabaq yaradılmasına baxmayaraq, o hələ də bazarda özünə yer tapa bilmir. Səbəb — məhsulun həddən artıq çiy olmasıdır. Nokia da eləmə tənbəllik MeeGo-nun yeni versiyasını (1.1) anons etdi. Etdi, amma nə olsun?! MeeGo-da inqlabi yeniliklər kimi qələmə verilən funksiyalar çoxdan rəqiblər tərəfindən həyata keçirilib, uğurla istifadə olunur. Məndə belə təsəvvür yaranır ki, Nokia tam olaraq Microsoft-un (Windows Phone 7) yolunu tutub. 2-3 ilə bir yersiz əməliyyat sistemi yaradır, atır bazara, rəqiblər də onu həmən məhv edirlər.
Xarici görünüşdən nisbi gözəlliyə malik bu sistemin final relizi hələ 2011-ci ilin aprel ayına planlaşdırılır. O vaxta kimi də Android 3 bazara çıxacaq və bu da o dəməkdir ki, MeeGo anadan olmamış, məhv ediləcək. Nəsə. Düzünü zaman göstərər.



Noyabr ayının ən məzəli yeniliyi — ninja USB flashlardır (yaddaş kartları). Bakıda hələlik satışda yoxdur. Amma İnternet vasitəsi ilə sifariş edə bilərsiniz. Sifariş üşün sayt — GeekStuff4U.


Növbəti yenilik xanımlarımızı daha çox maraqlandıracaq. Bu üzdəki (sifətdəki) qırışları aradan qaldıran xüsusi masaj edici qurğudur. Yaradıcılar əmin edir ki, xarici görünüşdən qulaqcıqları (nauşnik) xatırladan bu qadjet vasitəsi ilə xanımlar gün ərzində 20 dəqiqə sifətlərini masaj etsələr, dəriləri qocalmaz. Qiyməti o qədər baha deyil — 300 Euro (manatla eləyəcək hardasa 360-380 manat). Qadjetin istehsalçısı İrlandiyanın Slendertone şirkətidir. Qadjetin adı isə FACE-dir. Saytlarında online mağaza da var. Oradan ala bilərsiz. Bu da saytları — Slendertone.




Hə… Acer-də mobil telefonlar bazarına gəlir. Hərçənd o müxtəlif bazarlar üçün çoxdan bir neçə model buraxsa da, bu əsasən lokal xarakterli idi. Amma Acer-in yeni Liquid Metal modeli kütləvi olacaq, yəni bütün bazarları əhatə edəcək. Əfsuslar olsun, amma bu model Azərbaycana çətin gəlib çıxa — bizimkilərin “tupoy” Symbian sevgisi tükənmək bilmir.
Yeniliyin texniki göstəriciləri:
Displeyi — 3.6 düym (800×480 piksel).
Processor — Qualcomm MSM 7230
Yaddaş — 512 Mb
Əməliyyat sistemi — Android 2.2
Həmçinin qadjetin 5 meqapikselli kamerası var. Qiyməti də çox maraqlı olacaq — 250 Euro.

Hələlik bu qədər. Vaxt tapdıqca, əlavələr edəcəm. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№1)

Bir neçə gün bundan qabaq parlament seçkiləri öncəsi siyasi xəbərlər hər kəs üçün nömrə bir idisə, son iyrənc olaylar demək olar ki, hər kəsi tamamilə məyus etdi… Nəsə. Gəlin biraz istirahət edib, ən möhtəşəm (fikrimcə) və kreativ reklam çarxlarından həzz alaq.
SONY-nin yeni Bravia Monolith televizorlarına aid reklam çarxı mənim üçün nömrə birdir. Nİyə? Çünki çox sadə və eyni zamanda çox təsir edicidir. Əsl baxımlı reklam.

Nike. Əfsanəvi şirkət əfsanəvi video çarxı ilə. Möhtəşəm ssenari, möhtəşəm realizasiya, çəkiliş və fulbolçuların (əsasən də Runinin) gözəl aktyor oyununu qeyd etmək istəyirəm.

Olympus. Professional fotoaparatlar istehsalçısının möhtəşəm reklam çarxı. Gözəl ideya. Olympusdan belə kreativlik gözləmirdim. =)

Və yenə də Nike, və yenə də futbol.

Bu isə sürət və keyfiyyət rəmzi BMW-nin reklam çarxıdır.

Bu dəfə hələlik bu qədər. İnşallah davamı olacaq.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom