Bu gün növbəti BakuTel sərgisinin təntənəli açılışı oldu. Düzdür açılış gecikmə ilə oldu, amma möhtəşəm Baku Expo Center-də (Sərgi mərkəzi) vaxt keçirmək özü böyük zövq verir. Bir sevindirici halı da qeyd edim — bu il şirkətlər sərgiyə kifayət qədər ciddi hazırlıq görmüşdülər.
İlk olaraq yaxınlaşdığımız stenddə Sinam şirktətinin təqdim etdyi interaktiv xəritənin nümayişi gedirdi. Xəritə Google Maps-ın Azərbaycan ərzisi üçün lokalizasiyasını xatırladır, amma xarici görünüşcə (dizayn) Google məhsulundan geri qalır. Xüsusi planşet vasitəsilə idarə olunan bu xəritə əslində istifadəçi üçün gözəl imkanlar açır — istənilən küçəni, obyekti və s. həmən tapmaq olur, hətta binaların nömrəsini belə göstərir. Özü də bu imkan Azərbaycanın istənilən bölgəsini (!) əhatə edir. İstənilən. Təqdimat edən bəyə sual verdim — istənilən? Təkrar etdi ki, bəs hə, istənilən. Mən də eləmə tənbəllik, dedim — İmişlinin filan küçəsini mənə göstərin, zəhmət olmasa. Təqdimatçı bəy hay əlləşdi, hay vuruşdu, bir şey tapa bilmədi. =)
Şəkillərə böyük həcmdə baxmaq üçün mousla üstünə tıklayın.
Keçid aldıq digər stendlərə. Növbəti qurbanımız Caspian Navtel şirkəti idi. GPS xidmətlərini təqdim edirlər. Xoşuma gəldi. Yaxın bir qardaşı gördüm (Azercell-də bir yerdə çalışmışıq), məsləhət almaq istədim. Deyirəm — a qardaş səncə bu GPS aparatları almağa dəyər? Mən rayonlara səfərlərə çıxanda Google Maps-dan istifadə edirəm, bu nə ilə fərqlənir. Deyir, Google Maps bunun yanında heç nədir, bunlar daha mürəkkəb xüsusiyyətlərə, funksiyalara malik bir xəritədir və sair, və daha nələr. Sonra da məlum oldu ki, qardaşın özü Navtel-də işləyir. Haha. 😆
Yolumuzu davam edirik. Digər GPS təqdim edən şirkət Google Maps + Google Latitude funksiyalarını pulla “sırımaq” istəyir. Yenə davam edirik. Bakcell. Nar Mobile. Azerfon. Heç bir yenilik görmədim, amma Bakcellin stendi maraqlı idi. Yolumuza davam. Azercell. Sərginin ən gözəl stendi Azərbaycanın ən böyük mobil operatoruna məxsusdur. Zövqlü tərtibat, əsl səviyyə. Azercell 4G texnologiyasını, mobil GPS xidmətini və digər yeni xidmətləri aktiv anons edirdi. Azeronline stendinə yaxınlaşırıq. Hərçənd bu stendin yaradılmasında bizim studiyanın böyük əməyi var. Gözəl alınıb Maşallah.
Yolumuza davam edirik. Windows 7 stendi. İlk olaraq maraqlıdır, amma yeni bir şey yoxdur. Windows-du da. 😀 Yaxınlaşırıq Çinin texnologiya nəhəngi Huawei-in stendinə. Çinli biri gülümsəyərək bizi qarşılayır. Telefonlar təqdim edirlər. Çox sərfəli qiymətə. QWERTY klaviaturalı, Android 2.1 platformalı mobil telefon cəmi 96 dollar (76 (!) manat). Özü də touch screenli və gözəl görünüşlü. Almaq istədim, deyir satılmır, biz bura distrubutor axtarışı üçün gəlmişik. :hm: Bu sözü deyəndən sonra, məyus olub telefonda bir baq tapdım — Blackberry stilində olan joystick normal işləmir. Əsl çin malı.
Hələlik bu qədər. Gündəlik yazılarımı izləyin, davamı olacaq. 😉
Mövzuya dair forumda müzakirələr ↓
BakuTel 2010
Parlament seçkiləri Mirşahinin gözü ilə — Dövləti seçim. Deyirəm, Yasamal seçki dairəsindən qalib deputat, “Sitatın sonu” layihəsinin əvəzolunmaz aparıcısı Etibar Hüseynov bunun yanında yalan oldu.
Çox yazmaqda məna görmürəm. Birdəfəlik baxmaq daha yaxşıdır.
Seçkilər Mirşahin bəyin prizmasından… :s:
Video-ları sevərək RİP etdiyi üçün Müntəzirə minnətdarlığımızı bildirməyi unutmuruq.
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev
Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.
Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)
Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.
Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.
Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.
Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.
Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.
Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.
Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.
Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.
Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.
Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.
Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.
Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.
Yenə də Sony. Ev kinoteatrı.
Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.
Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…
Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.
HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.
Huggies. Sexy balaca. =)
Və nəhayət, texnologiya titanı — Intel.
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm reklam çarxları
Bü gün nəhayət ki, vaxt tapıb Park Bulvarda yerləşən Park Cinema-ya baş çəkdim. Açığı baxılası fərli film də yox idi. Müqayisə üçün bir 3D animasiya seçdik (Союз зверей 3D), o da ki, sən demə mənasızlıqda bəlkə də bu ilin nömrə biridir. Nəsə. Beləliklə, kinoteatr “Azərbaycan”-la Park Cinema-nı müqayisə etmək üçün kifayət qədər informasiya topladım və Sizlərlə bölüşürəm.
Başlayaq. İlk öncə hər kəsi əvəzolunmaz kassalar qarşılayır. Park Cinema-da kassalar daha müasir və deyərdim interaktivdir. Bəs qiymətlər?! Bu yaxınlara kimi monopolist kinoteatr kimi fəaliyyət göstərən kinoteatr “Azərbaycan” Park Cinema-nın açılışından sonra analoqu olmayan qiymətlərində tutarlı korrektələr etdi. Qiymətlər 2 dəfə endirildi, amma nə faydası — kütlə daha cazibəli və müasir görünən Park Cinema-nı seçir. Burda deyiblər — kimin əvvəli, kimin axırı.
Gəlin qiymətlərə nəzər salaq — Park Cinema-da bir seansın qiyməti (bir nəfər üçün) — 6 manat təşkil edir. Kinoteatr “Azərbaycan”-da da bu qiymət artıq 6 manatdır. Burada bərabərlik hökm sürur.
Bildiyimiz kimi, 3D filmlərə baxmaq üçün eynəklərdən istifadə olunur. Eynəklərin keyfiyyətinə görə kinoteatr “Azərbaycan” irəlidədir. Rus demişkən, более того, hər ikisini istifadə edəndən sonra, məndə belə təsəvvür yarandı ki, “Azərbaycan”-da istifadə olunan eynəklər daha yüksək səviyyəlidir (Dolby Stereo dəstəkli və sair). Park Cinema-dakı eynəklər xarici görkəmindən belə ucuz mal təsiri bağışlayır. Eynəyin çatışmamazlıqlarından onun ağırlığını (qulaqları yara edir), keyfiyyətsizliyini (ekranlar əcaib cızıqlı, dumanlı və ləkəlidir), həmçinin 3D effektin çatdırılmasında zəifliyini qeyd edə bilərəm. “Azərbaycan”-dakılar istifadədə daha rahat və keyfiyyətlidır, həmçinin 3D effektləri daha canlı çatdırır.
Eynəklərin keyfiyyətsizliyinin digər təsdiqi — “Azərbaycan”-da baxdığım filmlərdən sonra gözlərim heç ağrımadı, amma Park Cinema-da baxdığım filmdən sonra hələ də özünə gəlmir.
Zalın tərtibatı, müasirliyi və quruluşunda Park Cinema şəksiz liderdir. Zallar ideal təmizlik təəsuratı yaradır. Filmlər daha böyük səhnədə göstərilir.
Bir kinoman kimi mən filmlərə baxmaq üçün yenə də “Azərbaycan”-ı seçəcəm. Niyə?! Ola bilsin bu konservativliyimdən irəli gəlir, amma kinoteatr “Azərbaycan” sırf filmlərə baxmaq üçün gözəl məkandır. Park Cinema isə gününü şoppinqdə keçirib, müasir və baxımlı kafelərdə istirahət edib və sonra vaxtını öldürmək xatirinə filmə baxanlar üçün ideal seçimdir. Əslində oradakı kinoteatr elə bunun üçün də nəzərdə tutulur. Kütlə (əsasən də küyə gedənlər — типа, это круто) Park Cinema-nı sevəcək, buna əminəm.
Lap yadımdan çıxmışdı — Park Cinema-da pop-korndan əcaib ətir gəlir, duzu azdı. 🙂 Coca-Cola isə “Azərbaycan”-dan fərqli olaraq xüsusi kağız stəkanlara süzülmür, birbaşa elə butulkada verilir. Bu da yaxşı hal deyil.
Nəticə:
Azərbaycan — sırf filmlərə baxmaq üçün gözəl məkan.
Park Cinema — şoppinq, gözəl kafelərdə istirahət və yalnız sonda kinoteatr.
Hər ikisinin ən böyük çatışmamazlıqları — Azərbaycan dilinə bir dövlət dili kimi əhəmiyyət verilməməsidir. Bu özünü hər şeydə göstərir — adi bilətlərdən tutmuş filmlərə kimi. Yəni öz dilimizdə adicə biletləri çap etmək belə qəbahətdir?!
Mövzuya dair forumda müzakirələr ↓
“Park Cinema” (+3D) açıldı və ucuz qiymətlərlə təəccübləndirdi!
Ənənəvi rubrika, ənənəvi 10 ballıq şkala. Budəfəki qurbanlarımız bunlardır — Призрак (The Ghost Writer), Временная петля (Los cronocrímenes), Начало (Inception), Копы в глубоком запасе (The Other Guys), Стоун (Stone), Высота (Altitude), Мегамозг (Megamind), Эксперимент (The Experiment). Başlayaq.
Призрак (The Ghost Writer)
Metr Roman Polanskinin növbəti şah əsəri. Film əvvəlcə maraqsız başlasa da, son 40-50 dəqiqə demək olar ki, bir göz qırpımında baxılır. Gözəl aktyor oyunu, gözəl ssenari və Polanskinin dahiyanə rejissor işi.
Film demək olar ki, real faktlar əsasında çəkilib. Baş qəhraman — hardasa Toni Bleyeri (Britaniyanın keçmiş baş naziri) təkrarlayan və bunun öhdəsindən məharətlə gələn Pierce Brosnandır. Digər qəhraman onun (baş nazirin) həyatını qələma almağa çalışan bir yazardır, amma onu bir çox qədər qaranlıq işlər gözləyir… Nəticədə gözlənilməz hadisələr baş verir və məlum olur ki, yazıq baş nazir əslində böyük bir oyunun sadə “peşka”sıdır. Siyasətlə maraqlananlara, Amerikanın guya demokratiya carçısı olduğunda israr edənlərə bu filmə baxmağı məsləhət bilirəm.
Onu da qeyd edim ki, məhz bu filmin anonsundan sonra CİA-ya (ЦРУ) “ilişdiyinə” görə Metr Roman Polanskiyə qarşı yenidən saxta zorlama işi qaldırıb, onu həbs ediblər. İndi o ev dustağıdır.
Filmdə diqqətimi cəlb edən reallıqların çatdırılmasıdır — məsələn ABŞ dövlət katibi Kandaliza Raysa oxşar bir qara dərili qadındır. İraq müharibəsinin əsas səbəbkarı kimi tanınan Halliburton şirkəti də buradadır — Hatherton kimi. Ən əsası isə CİA-nın əsas ideologiyası “bütün dünyanı anglo-sakslar idarə etməlidir” Tony Blair üçün (filmdəki baş qəhrəman üçün də) keçərli deyil — çünki o əslən şotlanddır. Ümumiyyətlə, bu filmdə yer alan gizli mesajları anlamaq üçün gərək filmə ən azı 2-3 dəfə baxasan.
Super filmdir. Qiymətim 10 ballıq şkala ilə 10 bal!
***
Временная петля (Los cronocrímenes)
Fantastika janrında çəkilmiş gözəl ssenarili bir İspan filmidir. Filmin gözəl ideyası var — zamanın tələsinə düşən bir insan. O bu tələdən çıxmaq üçün nə edirsə, hər şey hədərdir… Hər şey yenidən təkrar olur.
Ssenarini qısaca danışım. Bir ailə bağ evində istirahət edir. Evin kişisi binoklla ora-bura baxıb, müşahidə etməyi çox sevir. Bir gün müşahidələr zamanı görür ki, bəs bir başı sarıqlı insan yarı çılpaq bir qızı öldürmək istəyir… Köməyə tələsir. Nəticədə başı sarıqlı bu insan ona da hücum edir, o qaçıb canını qurtarmaq istəyir, amma yolun azıb gəlir bir laboratoriyaya. Laborotoriya işçisindən kömək istəyən yaralı dairəvi bir aparatın içərisində gizlənir… və… məlum olur ki, bu zamanda səyahət üçün bir aparatdır. Və ən əsası məlum olur ki, o başı sarıqlı insan baş qəhramanın özüdür və onların sayı durmadan artır…
Super film, super ssenari və aktyorların gözəl oyunu. Filmdə biraz Hollywood filmlərinə xas “action” çatışmır, amma bu filmin avropa filmi olmasını və böyük kütlə deyil, məhz intellektuallar üçün nəzərdə tutulmasını nəzərə alsaq, hər şey əladır.
Qiymətim 10 ballıq şkala ilə 10 bal.
***
Начало (Inception)
Dostlar bu filmi o qədər təriflədilər ki, nəhayət mən də baxmaq qərarı verdim. İlk öncə onu qeyd edim ki, ssenari yuxarıda qeyd etdiyim filmə bənzəyir. Sadəcə orada insanlar zamanda ilişib qalırlarsa, burada yuxuda ilişib qalırlar + bu filmdə Hollywood filmlərinə xas “action” və effektlər var. Xoşuma gəldi. Gözəl aktyor oyununu qeyd etmək istəyirəm. Leonardo bu filmdə də yüksək professionallıq göstərir.
Film hardasa Matrix triloqiyasın da xatırladır. Deməli bir neçə qrup insan öz yuxularını idarə edə bilir, yuxuda qurub yaradırlar, hətta başqalarının yuxularına belə müdaxilə edə bilirlər. Bu azmış kimi onlar yuxunun içində yuxu görməyi də sınaqdan keçirirlər. Bir yuxunun içində bir yuxu, o biri yuxunun içində digər yuxu və yuxu sayı piramida şəklində artır. İş o yerə çatır ki, insalar artıq reallığı yuxuyla qarışdırırlar, yuxularda azırlar. Ssenarini tam danışmayacam. Mükəmməl ssenaridi. Rejissorun isə işinə əhsən demək qalır, gözəl çəkib.
10 ballıq şkala ilə qiymətim 10 bal (axır vaxtlar baxdığım filmlərdə seçim edirəm, ona görə demək olar ki, hər biri xoşuma gəlir).
PS. Sonda fırfıra (yula) sonsuz fırlana-fırlana qalır (bu isə yalnız yuxuda ola bilər)… Demək bizi gələcəkdə hələ Inception 2 gözləyir. 😉
***
Копы в глубоком запасе (The Other Guys)
Film yaxşı başlamışdı, amma ilk 15 dəqiqədən sonra səviyyəsizlik başladı. Özü kimi şit ssenari 2010-cu ildə çəkilmiş filmlər arasında bircə A-Team filmində ola bilər… Aktyorların süni oyununu qeyd eləmək istəyirəm. Ümumiyyətlə, bu filmə yalnız 25-30 dəqiqə baxmağa səbrim çatdı, qalanına baxmadım, onsuzda sonluq əvvəlcədən məlum idi.
Bir də bu filmdə xoşuma gəlməyən, “qərb mentaliteti” oldu — deməli baş qəhraman olan bir polisin iş yoldaşı (o da polisdir) sözü gedən qəhramanın arvadına yeri gəldi, gəlmədi ən yaxşı halda “ilişir”, söz atır və s. Bu isə bundan ləzzət alaraq susur. Tfu. Budur Amerika dəyərləri? Bu “demokratiya” carçıları bu dəyərlərimi bizə sırımaq istəyirlər?
Film “apar tulla” silsiləsindəndir. 10 ballıq şkala ilə 0 bal.
***
Стоун (Stone)
Psixoloji triller, ailə dramı janrında çəkilmiş bir filmdir. Rollarda artıq əfsənayə çevirilən aktyorlar çəkiliblər — Robert De Niro, Edward Norton, Milla Jovovich. Amma onların gözəl oyununa baxmayaraq, artıq dəfələrlə çeynəlmiş ssenari ucbatından film xoşuma gəlmədi.
Ssenari — Stoun (Norton) adlı gənc məhbus həyatı yaşayır. Hər üç ildən bir məhbuslardan bir neçəsini azad edirlər. Stounun azadlıq qapısı isə De Niro-nun qəhramanıdır. Məhz o qərar verməlidir — azadlıq, yoxsa yenidən məhbus həyatı. Stoun rəfiqəsinin (Jovovich) köməyi ilə De Nironu yoldan çıxarır. Təqaüdə çıxmaq ərəfəsində olan qoca cavan bir xanımla məhəbbət sərgüzəşti yaşayır. Amma sonda hər şeyindən olur — ailəsindən, cavan xanımdan, işində və rahatlığından.
Filmə 10 ballıq şkala ilə 4 bal verirəm. O da aktyorların gözəl oyununa görə. Baxmaq olar. Amma yalnız bir dəfə.
***
Высота (Altitude)
Ssenari əla düşünülüb. Film psixoloji triller, qorxu (dəhşət) janrında çəkilib. Aktyorlar cavan olsalar da, oynadıqları rolların öhdəsindən məharətlə gəlirlər.
Ssenarini qısaca danışım. Deməli bir xanım öz dostlarını yığıb (4 nəfər) atasının təyyarəsi ilə gəzintiyə çıxırlar. Birdən təyyarəni qara buludlar əhatəyə alır, onlar azırlar. Bu azmış kimi, təyyarədə olan sərnişinlər (dostlar) bir-bir müəmmalı şəkildə yoxa çıxırlar. Sonda məlum olur ki, qara buludlar arasında gizlənən bir vəhşi məxluqdur. Ssenarini tam danışmayacam. Özünüz baxsanız yaxşıdır.
Bu filmə qiymətim — 10 ballıq şkala ilə 8 bal.
PS. 9 bal verəcəkdim, amma baş qəhrəman olan qızın yersiz və süni gülümsəmələrinə görə bir bal kəsməli oldum.
***
Мегамозг (Megamind)
3D animasiya janrına aid filmdir. Ssenari olduqca banal və maraqsızdır. Demək olar ki, filmdə baş verəcək bütün hadisələrin nəticəsi əvvəlcədən məlum olur. Ola bilsin 12-16 yaşlı tineycerlər üçün maraqlı gəlsin, amma mənim üçün bu film heç bir maraq kəsb etmədi.
Çəkilişə gəldikdə — 3D effektlər gözəl işlənib. Ssenarini qısaca danışım — bütün şəhərə nəzarət edən bir yaramaz qıza vurulur və birdən anlayır ki, o yaramaz deyil. =) Bir sözlə çeynənilmiş və maraqsız ssenari.
Ssenari sıfır. Dreamworks Studiyasının gözəl 3D effektlərinə görə 10 ballıq şkala ilə qiymətim 5 bal.
***
Эксперимент (The Experiment)
Psixoloji triller janrında çəkilmiş gözəl filmdir. Gözəl ssenari və aktyorların realist oyunu filmə bir anda baxmağa sövq edir. Film zamanı tamaşacı sanki bu vəhşi eksperimentin bir üzvü olur.
Bu film insanın gizli xüsusiyyətlərini üzə çıxarır, bizi düşündürməyə vadar edir.
Ssenarini qısaca danışım — ABŞ Müdafiə Nazirliyi ilə əlaqəli bir buro eksperiment keçirir. Eksperimentde istənilən adam iştirak edə bilər və eksperiment üzvlərini qəzet elanı vasitəsilə bir araya gətirilirlər. Eksprerimentin hər gününə 1000 dollar söz verilir… O səbəbdən hər kəs bu oyunun uzun müddət davam etməsində maraqlıdır.
Ekspreriment iştirakçılarını salırlar türməyə və 2 komandaya bölürlər, kimisi sadəcə dustaq, kimisi isə nəzarətçi. Elə birinci gündən aralarında münaqişə yaranır. 3-4 gündən sonra isə əsl vəhşilik və işgəncələr başlayır. Eksperimentdən əvvəl bir-birləri ilə dost olanlar, indi bir-birinin ətini yeməyə hazırdı. Gözəl və düşündürücü bir filmdir.
Bütün aktyorların, əsasən də Forest Whitaker və Adrien Brody-nin gözəl oyununu qeyd etmək istəyirəm.
10 ballıq şkala ilə qiymətim 10 bal.
Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film
Seçki qabağı təşviqat kampaniyası bağlı elan edildi. Namizədlərin çıxış etdiyi bu “4 dəqiqələr” silsiləsi qısa vaxtda kütlə arasında çox populyarlaşdı, deyərdim hətta bəziləri üçün seriallardan da əziz oldu — millət “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və digər səviyyəsiz serialları təxirə salıb, səbirsizliklə növbəti iqtidar-müxalifət deyişməsini gözləyirdi. Amma hər şeyin sonu olduğu kimi, bu da bitdi.
Televiziyadakı debatlar bir yana, namizədlərin seçicilərlə keçirdikləri görüşlər barəsində bir neçə söz demək istəyirəm.
Realda keçirilən seçki qabağı kampaniyalardan yadımda qalanı ilk yerli porno-telekanalın əvəzolunmaz əməkdaşı Etibar Hüseynovun Yasamal camaatı ilə keçirdiyi görüş oldu. Açığı heç ondan savayı bizi gəlib ziyarət edən də olmadı — digər namizədlər bizi görməz oldular. Yəqin məhləmizin məşhur Qələbə meydanına yaxınlığı onlara pis təsir edib. Hüseynovun da görüşünün şahidi təsadüfən oldum. Maşını vermişdim məhlədəki “moyka”ların birinə, bir də gördüm ki, “moyka”nın yaxınlığında yad maşınlar peyda oldu, sonra boş bir yer tapıb mikrofon-stol gətirdilər və nəhayət mərasim sahibi müqəddəs qədəmləri ilə məhləmizdə göründü. Yasamal camaatını salamlayan kimi, cənab Hüseynovu məhlənin bütün işsiz-gücsüz, pensioner-dominoçuları əhatə etdi. Çıxışı tam dinləyə bilmədim, amma dinlədiklərim müəllifin apardığı məşhur “Sitatın sonu” verlişindən heç nə ilə fərqlənmirdi. Öz platformasından bir kəlmə də söz açmayan gözəl natiq Etibar bəy yalnız digər opponentlərini müzakirə edirdi. Edirdi, edirdi… Maşın hazır idi, mən çıxıb getdim.
Qütbün digər tərəfini təmsil edən Yeni Müsavat dərgisi isə özünəməxsus şişirtmə ilə Rauf Arifoğlunun növbəti “möhtəşəm” görüşündən dəm vurur. Görəsən o “möhtəşəm” görüş adi görüşlərdən nə ilə fərqlənir? Yoxsa onu möhtəşəm edən cənab baş redaktorun orada iştirakıdır? Vallah, bu jurnalistlər yaman ambisiyalı olurlar axı. 😉
Son günlər şok xəbərlər almaqda davam edirik. Bu dəfə şok olay İmişlidə baş verib. Yerli xəbər agentliklərinin yaydığı xəbərə görə İmişli rayonun icra başçısının müavini Saleh Səmədov rayon sakini, 4 uşaq anası olan bir qadına övladlarının qarşısında seksual xarakterli təcavüz edib. Təcavüzə məruz qalan qadın hadisədən sonra depressiyaya düşərək hətta canına qəsd etmək istəyib. İndi işi müvafiq orqanlar araşdırır. Nə deyim, müasir qoçuluq nümunəsidir. Allah mərdimazardan qorusun.
Ukrayna xalqının tualet kağızına olan sevgisi deyəsən tükənməzdir. Məlum olaydan sonra, bu dəfə Ali Rada tualet kağızı bolluğundan əziyyət çəkib. Belə ki, vergi qanunvericiliyinə ediləcək dəyişikliklərə etiraz edən on minlərlə insan Ali Rada binasını tualet kağızları ilə atəşə tutub. Niyə məhz tualet kağızı? “Ukrayna uğrunda” partiyanın rəhbər müavini xanım Kseniya Lyapina səbəbi açıqlayaraq bildirib ki, əslində kütlə Radanı yumurta atəşinə tutmaq istəyirdi, amma sonda qərar verildi ki, bu fikirdən yayınsınlar — çünki bu halda hüquq mühafizə orqanları xuliqanlıq adı ilə kütləvi həbslərə başlaya bilərdi. Ona görə ən optimal variant kimi tualet kağızı seçildi. Yenə də tualet kağızı. =)
Sitatın sonu. 😀
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Parlament seçkiləri başımı o qədər qatıb ki, nə vaxtdır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Hə… Oktyabr ayı nisbi sakit keçsə də, bu ay başlayar-başlamaz maraqlı yeniliklər anons edildi.
Başlayaq. Batmaqda davam edən, amma özündə cəsarət tapıb bunu etiraf etməyən Nokia-nın yeganə ümidi, xilaskarı kimi qələmə verilən MeeGo əməliyyat sisteminin növbəti versiyası anons edildi. Gələcəkdə Symbianı əvəzləyəcək sistemin bir neçə il bundan qabaq yaradılmasına baxmayaraq, o hələ də bazarda özünə yer tapa bilmir. Səbəb — məhsulun həddən artıq çiy olmasıdır. Nokia da eləmə tənbəllik MeeGo-nun yeni versiyasını (1.1) anons etdi. Etdi, amma nə olsun?! MeeGo-da inqlabi yeniliklər kimi qələmə verilən funksiyalar çoxdan rəqiblər tərəfindən həyata keçirilib, uğurla istifadə olunur. Məndə belə təsəvvür yaranır ki, Nokia tam olaraq Microsoft-un (Windows Phone 7) yolunu tutub. 2-3 ilə bir yersiz əməliyyat sistemi yaradır, atır bazara, rəqiblər də onu həmən məhv edirlər.
Xarici görünüşdən nisbi gözəlliyə malik bu sistemin final relizi hələ 2011-ci ilin aprel ayına planlaşdırılır. O vaxta kimi də Android 3 bazara çıxacaq və bu da o dəməkdir ki, MeeGo anadan olmamış, məhv ediləcək. Nəsə. Düzünü zaman göstərər.
Noyabr ayının ən məzəli yeniliyi — ninja USB flashlardır (yaddaş kartları). Bakıda hələlik satışda yoxdur. Amma İnternet vasitəsi ilə sifariş edə bilərsiniz. Sifariş üşün sayt — GeekStuff4U.
Növbəti yenilik xanımlarımızı daha çox maraqlandıracaq. Bu üzdəki (sifətdəki) qırışları aradan qaldıran xüsusi masaj edici qurğudur. Yaradıcılar əmin edir ki, xarici görünüşdən qulaqcıqları (nauşnik) xatırladan bu qadjet vasitəsi ilə xanımlar gün ərzində 20 dəqiqə sifətlərini masaj etsələr, dəriləri qocalmaz. Qiyməti o qədər baha deyil — 300 Euro (manatla eləyəcək hardasa 360-380 manat). Qadjetin istehsalçısı İrlandiyanın Slendertone şirkətidir. Qadjetin adı isə FACE-dir. Saytlarında online mağaza da var. Oradan ala bilərsiz. Bu da saytları — Slendertone.
Hə… Acer-də mobil telefonlar bazarına gəlir. Hərçənd o müxtəlif bazarlar üçün çoxdan bir neçə model buraxsa da, bu əsasən lokal xarakterli idi. Amma Acer-in yeni Liquid Metal modeli kütləvi olacaq, yəni bütün bazarları əhatə edəcək. Əfsuslar olsun, amma bu model Azərbaycana çətin gəlib çıxa — bizimkilərin “tupoy” Symbian sevgisi tükənmək bilmir.
Yeniliyin texniki göstəriciləri:
Displeyi — 3.6 düym (800×480 piksel).
Processor — Qualcomm MSM 7230
Yaddaş — 512 Mb
Əməliyyat sistemi — Android 2.2
Həmçinin qadjetin 5 meqapikselli kamerası var. Qiyməti də çox maraqlı olacaq — 250 Euro.
Hələlik bu qədər. Vaxt tapdıqca, əlavələr edəcəm. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Bir neçə gün bundan qabaq parlament seçkiləri öncəsi siyasi xəbərlər hər kəs üçün nömrə bir idisə, son iyrənc olaylar demək olar ki, hər kəsi tamamilə məyus etdi… Nəsə. Gəlin biraz istirahət edib, ən möhtəşəm (fikrimcə) və kreativ reklam çarxlarından həzz alaq.
SONY-nin yeni Bravia Monolith televizorlarına aid reklam çarxı mənim üçün nömrə birdir. Nİyə? Çünki çox sadə və eyni zamanda çox təsir edicidir. Əsl baxımlı reklam.
Nike. Əfsanəvi şirkət əfsanəvi video çarxı ilə. Möhtəşəm ssenari, möhtəşəm realizasiya, çəkiliş və fulbolçuların (əsasən də Runinin) gözəl aktyor oyununu qeyd etmək istəyirəm.
Olympus. Professional fotoaparatlar istehsalçısının möhtəşəm reklam çarxı. Gözəl ideya. Olympusdan belə kreativlik gözləmirdim. =)
Və yenə də Nike, və yenə də futbol.
Bu isə sürət və keyfiyyət rəmzi BMW-nin reklam çarxıdır.
Bu dəfə hələlik bu qədər. İnşallah davamı olacaq.
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual