Fikirlərim bu arada yaman qatışıqdı. Qatışıq olsada hər biri ilə bir-bir Sizləri tanış edəcəm. Qabaqlar heç vecimə olmasada, amma son vaxtlar ölkəmizdəki çoxsaylı poliqrafiya şirkətlərinin “biz Adobe Illustrator-la işləmirik” ifadəsi məni yaman qıcıqlandırır.
Özüdə kimlər… Azərbaycanın deyərdim ən böyük poliqrafiya və çap şirkətləri… hansı ki, özlərini professional yox e, bəşəriyyətin ən son texnoloji yeniliklərini cəmləşdirən bir mərkəzi sayırlar. Sualıma, bəs a bala onda day bu nə professionallıq oldu, əgər Adobe-la işləmirsiz?! Deyirlər — bilirsiz biz bütün işləri Corel Draw-da qəbul edirik, Illustratorda işləyənimiz yoxdu.
Corel Draw. Azərbaycan dizaynerlərinin Corel sevgisi haqqında bəlkədə dastanlar yazmaq olar. İnkar etmək olmaz — Corel gözəl proqramdı, yeni öyrənənlər üçün tapıntıdı, amma professional deyil. Ümumiyyətlə Adobe Illustrator ilə Corel Draw-ı müqayisə etmək düzgün deyil. Bu kiçik bir göllə böyük bir okeanın müqayisəsinə bənzəyir. Corel Draw-da gözəl bir şey yaratmaq olar, amma müəyyən çərçivədə. Illustratorda isə bu maneələr, çərçivələr yoxdur, imkanlar hədsizdir. Illustratorun Corel qarşısında yeganə mənfi cəhəti onun kifayət qədər qəliz olmasıdır… Amma bu özünü “professional” adlandıran şirkətlər üçün heçdə keçilməz sədd olmalı deyil. Nəsə… indi biz məcburuq işləri Illustratorda yaradıb, sonra Corel Draw-a keçirək. Amma bütün dünya adətən bunun əksini edir. Deyirəm, Maşallah bizim ölkə hər cəhətdə “analoqu” olmayandı.
Corel Draw qrafik paketi ümumiyyətlə 11-ci versiyasından sonra inkişafdan dayanıb. 11-dən başlayaraq onlar “tupo” Adobe-u klon etməyə çalışırlar. Amma necə deyərlər iş-işdən keçib, qatar da çoxdan gedib… İndi bizim də bir vaxtlar populyarlığından alışıb yanan Day.Az xəbər portalı bu qatarın dalınca nə qədər qaçsa xeyri yoxdu. Gül kimi xəbər portalını çevirib elədilər “popsovıy” mail.ru-nun klonu. Eləbildilər yerli odnoklassniki.ru olacaqlar, amma yanıldılar. Azərbaycan İnternet məkanının miqyası Rusiya ilə müqayisə edilən deyil. Nəticədə Day.AZ öz ciddiliyini, deyərdim xarizmasını itirdi, növbəti əyləncə portallarının birinə çevrildi. Gündəlik bu saytdan istifadə edən şəxslər isə həndəsi proqresiya ilə azaldı. Maraqlı bir fakt — Day.AZ popsalaşandan sonra ilk10.az kontur sisteminin göstəricilərinə görə digər informasiya saytları, əsasəndə musavat.com və azadliq.info ən azı 2-3 dəfə istifadəçi sayını artırıblar. Belə görünür, Day.AZ-ı loyallaşdırmaq planı əks təsir verib, istifadəçilər tam fərqli mövqe tutublar.
1news.az isə Day.az-ın itirilmiş pozisiyasına göz tikib onu tutmaq istəsədə, fikrimcə xeyri yoxdu. Bu İnternet nəşr mənə Xalq Qəzetini xatırladır. Ümumilikdə yerli rus dilli İnternet nəşrlərdə son vaxtlar sabunu həddən çox edirlər, ifrata varırlar. Buda son nəticədə oxucunun itirilməsi deməkdir. Unutmaq lazım deyil ki, İnternetdən adətən cavan və proqressiv nəsil istifadə edir, İnternet TV deyil və o səbəbdən azcada olsa obyektivlik mütləqdir.
Bir tərəfdən onları qınamaq da olmur — bu tip nəşrlər adətən xarici ölkələr üçün (elə bədnam qonşularımız da bura aiddi) təbliğat rolunu oynayır, deməli kiçik şişirtmələri onlara bağışlamaq olar.
Nəsə. Düzələr İnşallah. Təki salamatçılıq olsun.
Çoxdandır ki, anons edilən Windows Phone 7-i nəhayət ki, bu gün rəsmi olaraq anons edildi. Mobil telefon istehsalçıları da həmən öz modellərini göstərdilər.
İlk olaraq səs LG-dən gəldi. LG Optimus 7 adlı yeni qadjet “touch-screen” ekranlı (resolution 800×480 px), 5 megapikselli HD çəkilişi aparmağı bacaran kameraya malik, 16GB daxili yaddaşlı və Wi-Fi dəstəkli bir mobil telefondur.
Daha sonra xəbər LG-nin yerlisi Samsungdan çıxdı — Samsung Omnia 7 (GT-I8700). Çox gözəl xarici görünüşü var.
Samsung-un özüdə Super AMOLED tipli ekranı olacaq. Amma ekranda LG-dən güclü olsa da, yaddaş sarıdan uduzur — 8 GB. Digər xüsusiyyətləri LG ilə demək olar ki, eynidir.
Ən sonda isə HTC söz aldı. Microsoft-un HTC-nin səhmlərinin bir qisminin sahibi olması özünü göstərdi — Samsung və LG hərəyə bir telefon təqdim etdilərsə, HTC düz 5 telefon təqdim etdi. Özü də yeni seriya altında. Telefonların xarakteristikaları rəqiblərə oxşardır — bütün telefonlar 5 meqa-piksellik kamera (Bircə HTC 7 Mozart modeli 8 meqa-piksellik kamera ilə) və 1 GHz-lik Qualcomm prosessoru ilə təchiz olunur.
Hər model bir seqment üçün nəzərdə tutulub.
HTC 7 Trophy — ən sadə model. Standart funksiyalar ilə.
HTC 7 Mozart — əsas üstünlüyü kameradır. Özü də ksenon işıqla.
HTC 7 Surround — slayder tipli bu telefon gözəl akustik xüsusiyyətlərə malikdir.
HTC HD 7 — əsasən video-ya baxmaq üçün nəzərdə tutulur. Hələ açılan ayaqcıqları da var — olur kiçik televizor. =)
HTC 7 Pro — QWERTY klaviaturalı telefondur. İş adamları üçün nəzərdə tutulur. Mini laptop.
Mövzuya dair forumda müzakirələr ↓
Gələcək Microsoft-la gələcək?! Windows Phone 7
Azərbaycan İnternetində baş verən hadisələrə dair bölüşdüyüm fikirlərimlə bağlı yazımdan bir xeyli vaxt keçib. Amma aktivlik gözlədiyimiz Sentyabr ayının gəlişinə baxmayaraq, hələlik qeyri-adi bir yenilik müşahidə edilmir. Əksinə, deyərdim bəzi saytlar daha da passivləşib, paslanıblar.
Başlayaq Azərbaycanda İnternet qoşulmanın qiymətlərinin azalmasına dair vədlərdən. Deyəsən bu vəd də çoxsaylı vədlər kimi yalnız söz olaraq qalacaq. Bu “xoş xəbər”in verilməsindən ay yarım keçməsinə baxmayaraq qiymətlərdə hələlik heç bir dəyişiklik yoxdur.
“Sosial Yeniliklər Düşərgəsi”ndən sonra Bloqosfer 2010 keçirilməsi barədə elan olundu. Aktiv gənclərin bu tip yığıncaqlar keçirməsi alqışa layiqdi. Dəstəkləyirəm. Yığıncağa (foruma) da kölgə salmaq fikrim yoxdur, lakin təşkilatçılar arasında məlum Soros fondunu, Amerikanın USAİD təşkilatını, Amerikanın ölkəmizdəki səfirliyinin adını görəndə… nəzərə alsaq ki, Sem dayı heç nəyi təmənnasız etmir, onda onun seçki öncəsi “stavkanı” aktiv gənclərə etdiyi məlum olur. Bir-iki layihəyə sərmayə buraxıb gəncliyi ələ almaq üçün bu tip yığıncaqlar ideal məkandı. Amma ümüd edək ki, bizim gənclik də bu kimi tələlərə düşən deyil — Sem dayını iqnora atıb, forumdan sırf özlərinin, Azərbaycan İnternetinin inkişafına dair nəticələr çıxararlar.
Keçən yazımda qeyd etdiyim kiçik amma faydalı proqram (vidjet) — Ramazan təqvimi — başladı şıltaqlığa. Proqramı yaradanlar sağolsunlar, böyük savab sahibi oldular. Amma Ramazan bitdi — proqram işləmədi. Daha doğrusu mənə belə bir təklif elədi — Kataloq.NET köməkçisinin yeni versiyasını yükləmək üçün SIXIN. Sıxdım. Brauzer səhv səhifəyə keçid etdiyimi göstərir. Deməli proqram artıq yararsızdır. Pozmaq istədim. Burada isə məni sürpriz gözləyirdi. Sən demə bu proqramı pozmaq mümkün deyil. Daha doğrusu öyrəşdiyimiz “UNINSTALL” faylı mövcud deyil. Yeganə çıxış yolu vidjeti AUTOSTART menudan pozmaqdır. Vəssalam. Bizdən yalnız növbəti Ramazanda proqramın daha mükəmməl versiyasın gözləmək qalır.
Odnoklassniki.ru-nun ölkəmizdə kifayyət qədər istifadəçisi olduğunu nəzərə alıb, onun Azərbaycan İnternetinə aidiyyatı danılmazdır. Sonunu hiss edən bu xidmət artıq qeydiyyatları pulsuz aparır. Amma nə faydası. Rəqiblərinin təklif etdiyi “flexible” sistemlərə öz hərəkətsizliyi ilə uduzan odnoklassniki.ru-nun süqutuna artıq heçnə mane olan deyil. Çünki buna bir neçə obyektiv səbəblər var:
Nəsə, ruslara heç Allah köməkləri olsun deməyə dilim gəlmir. Qoy necə olacaqsa, elədə olsun. =)
Artıq ənənəyə çevrilmiş — Fox.AZ haqqında məlumatlarımla bölüşürəm. Qeyd etdiyim kimi, İnşallah tezliklə (2-3 ay ərzində) sayt (forumda artıq bu öz əksini tapıb) bütünlüklə rebrendiq, restylinq və digər “ağıllı” sözlərin real nəticəsinə məruz qalacaq. Sayt bütünlüklə öz ideologiyasını dəyişir, artıq ordan-burdan copy-paste edilmiş yazılar toplusu deyil, intellektual gənclər üçün informasiya-əyləncə tipli bir portal olacaq. Bunun üçün artıq saytın işçi potensialının gücləndirilməsinə başlanılıb. Sayt üçün materiallar hazırlayacaq təcrübəli jurnalistlər işə götürülür. Həmçinin saytın xarici görünüşündə də müvafiq dəyişikliklər ediləcək, bloq sistemdən imtina ediləcək. Hələlik isə portal üçün “satellite” mobil xidmətlərin yaradılması prosesi gedir. Bununla da, İnşallah Azərbaycan İnternetinin ən qocaman portallarından birinin yaxşı mənada böyüməsinin şahidi olacağıq.
Allah köməyimiz olsun!
Bu “Azərbaycan İnternetində nələr baş verir” silsiləsindən olan yazılarımın növbətisi idi. Yeni yazırlada görüşənədək! 😉
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternetində nələr baş verir (№2)
Rusiya başbilənləri deyəsən bu vaxtda kimi özək siyasətçilər sayılanların bərk kreslolarını tərpətməyə başlayıblar. Belə olmasaydı, bir vaxt öncə ən yaxın müttəfiqləri olan Lukaşenko haqqında, indi isə Moskva meri, kepkalar şahzadəsi Yuriy Lujkov haqqında federal kanallarda kompromativ verlişlər yayımlamazdılar.
Hə, bu dəfə “tandemin” (Putin-Medvedev birliyini adətən belə adlandırırlar) qurbanı Lujkovdu. Əsas da Lujkovun xanımı, Rusiyanın ən varlı qadını olan Yelena Baturina haqqında. Federal kanal olan və bir vaxt müstəqil olan (hal-hazırda bir başa Kremlin kurasiyasındadır) NTV-də yayımlanan bu film əsasən kompromatlardan ibarətdir. Məsələn, sual olunur, niyə Moskva Avqust ayında tüstüdən can verəndə Lujkov dağlar ətəyində istirahət edirdi və gələn kimi əhaliyə kömək əvəzinə şəhər büdcəsindən Mokvada yerləşən bütün arıların (!) evakuasiyası üçün 256 milyon rubl (hardasa 10-12 milyon dollar) vəsait ayırdı. Hansı ki, əlillərin evakuasiyası üçün böyük qalmaqaldan sora (deyirdi şəhər büdcəsində vəsait yoxdu) 105 milyon rublu (3,5 milyon dollar) böyük minnətlə verdi… və daha nələr. Filmdə yerlimiz Telman İsmayılovda gözə dəyir.
Mənə maraqlı gələn isə odur ki, Lujkov əslində Putinin ən yaxın silahdaşlarından sayılır. Bəs onda Medvedev hansı ürəklə ona qarşı belə “kompromat” sifariş edib?! Yoxsa Medvedev yavaş-yavaş Putinin adamlarını sıradan çıxarmaq taktikasına keçib? Hər şey ola bilər. Ola bilsin elə burada Putinin də əli var — bəlkə Lujkov nədəsə “çaşıb”, indi cəzasın alır?! Siyasət çirkindi…
Bir sözlə, min eşitməkdənsə, görmək daha yaxşıdı. Baxmayanlarda baxsın:
Mövzuya dair forumda müzakirələr ↓
Lujkov. Səbəb kepkadadı… (Video)
Növbəti bir ayı da geridə qoyduq. Azərbaycan İnternetində nələr baş verdi? İnqilabi heç nə, həyat öz axarında davam edir. Gəlin bir bir bütün olayları təhlil edək.
Azərbaycan İnternetində yeni virtual mağaza işə başladı — shop.az. Dizayn biraz qarışıq olsa da, işə ciddi yanaşmaları xoşuma gəldi. Test üçün sifariş də verdik. Hər şey gözəl qurulub. Onlayn ödəmə sistemi də fəaliyyət göstərir — GoldenPay. Ölkədə ödəmə sistemlərinin yayımını nəzərə alsaq AzeriCard olsaydı, fikrimcə daha məqsədə uyğun olardı. Yeri gəlmişkən, bizim də onlayn super-market layihəmiz var — bazar.az, amma hələlik onu reallaşdırmağa vaxt çatdırmırıq. İnşallah tezliklə shop.az-a rəqib olarıq. =)
Keçmişin ən populyar saytlarını bir-bir yad edirdim. Növbə dostumuz Fəridin (el arasında Dups kimi tanınır) saytı olan və bir vaxt cavanların ən sevimli saytına gəlib çatdı — az-maz.com. Saytı açdıqda məni sürpriz gözləyirdi. Brauzer məni yönləndirdi tam başqa bir domenə — auto.az. Az-maz.com-un fəaliyyətinə çox güman ki, xitam verilib, amma əvəzində baxımlı bir avtomobil saytı tərtib edilib. Auto.az-da diqqətimi çəkən əsas məsələ — digər yerli (avtomobil profilli) saytlardan öz funksionallığı, yeni texnologiyalardan səliqəli istifadəsinə görə çox fərqlənməsidir. Xeyirli olsun.
Yeni bir bloqa rast gəldim — muntezir.net. Müəllif həddən artıq radikal (ради чего?!), kompromissiz yazılar yazsa da, özünə məxsus ironiya və yumora malikdir. Bu tip radikalizmi nəzərə alsaq, ehtimal etmək olar ki, qardaş çoxdan bu ölkədə yaşamır. =)
Növbəti MilliNet İnternet mükafatına start verildi. Bu mükafatın əsas fərqi — müsabiqədə Azərbaycan dilli saytlara üstünlük verilməsidir. Bunu yalnız alqışlamaq lazımdır. Amma mükafatın təşkilatçısı kimi Azərbaycan İnternet Forumunun çıxış etməsi…
Osman Gündüz. Milli İnternet Forumunun sədri. Onun media qarşısındakı mütəmadi olaraq çıxışlarını, Azərbaycan İnterneti ilə bağlı qayğısını (sözdə olsa belə) daima müşahidə edirik. Hiss olunur ki, insan başqalarından fərqli olaraq çalışır. Amma şəxsən mənim onun səmimiliyinə böyük şübhəm var. Niyə? Səbəbin açıqlayım. Netty-nin mükafatlandırma mərasimi idi. Şəxsi səhifələr nominasiyasında 2 qalib var idi. Biri müğənni Azərinin şəxsi saytı, biri isə ADR-in yaradıcısı böyük Məmmədəmin Rəsulzadəyə aid bir sayt. O zaman juri bilmirdi səsi kimə versin və məhz Osman Gündüzün sayəsi nəticəsində mükafat müğənninin saytına çatdı. Mükafatı qalibə təqdim edən Osman bəy hələ qeyd etməyi də unutmadı — “Müğənni Azərin Azərbaycan üçün çox böyük işlər görür və layiqli olaraq bu mükafatı qazandı”. Əhsən. Azərin Azərbaycan üçün böyük işlər görə bilər, amma məgər onun gördüyü Rəsulzadə və onun irsi ilə müqaisə ediləsidirmi?! Görünür hörmətli Osman müəllim hesab edir ki, bəli, mümkündür.
Netty-dən söz düşmüşkən. Osman bəyin Netty-nin təşkilat komitəsinin üzvü ola-ola yeni bir mükafatı təsis etməsi də mənə qaranlıq qaldı. Ümumiyyətlə, bu Azərbaycan mentalitetinə aid olan bir problemdir. Bir şey ətrafında birləşib, onu daha da təkmilləşdirmək əvəzinə, biz fərdiçiliyi daha üstün tuturuq. Ötən yazılarımda qeyd etdiyim kimi — birisi uğurlu nəsə açdısa, həmən onun kopiyalanmağı prosesinə start verilir. Bu real həyatda Opera Lounge misalında da, virtaulda uğurlu forumların, saytların, mükafatların kopiyalanmasında da belədir.
Ənənəmizə sadiq olub, bu dəfə də Fox.AZ mövzusuna toxunacam. Bir də görürsən kimsə ağzının suyunu tökə-tökə rəy yazır — “Fox.AZ 4 il bundan qabaq sayt idi, indi heç nədir” və sair, və ilaxır. Sair sözünün yerində adətən şəxsi qərəzliklə dolu yazılar olur, o da görünür saytdan hansısa səbəbdən qovulduğundan ürəyində kin qalıb və ya bəziləri kimi bozbaşizmin son həddindən əziyyət çəkərək onu ört-basdır etmək üçün saç uzadıb (guya bununla oldu müasir birisi), böyük-böyük danışıb özünü Azərbaycan İnternetinin tənqidçisi hesab edir.
Cavab verirəm. Kütləvi saytların fəaliyyət profilini elə kütlənin özü müəyyənləşdirir. Fox.AZ isə əyləncə tipli saytdır. Kütlə isə əyləncə dedikdə Röyanı, Rəqsanəni, nəbilim Üzeyiri (Hacıbəyovu yox ha) nəzərdə tutur.
2006-cı ildə digər layihələrə qoşulduğumdan Fox.AZ saytının bağlanmaq təhlükəsi yarandı. Amma son anda dost-qardaşlarla yekun qərarı verdik — saytı 2 nəzarət dairəsinə böldük — portalın bir hissəsi oldu DLE (Data Life Engine) əsaslı və kütləni maraqlandıran, onun istəyi ilə fəaliyyət göstərəcək bloq-xəbərlər (İsti-isti bölümü adı altında), digər hissəsi isə intellektual müzakirələr üçün forum.
Bloq-xəbərlər hissəsini (İsti-isti bölümü) tam olaraq cavan dost-qardaşlar öz nəzarətlərinə götürdülər. Yani o bölüm demək olar ki, məndən 4 ildir ki tam azad və müstəqildir. Forum hissəsi, birdə saytın ümumi dizaynı, proqram təminatına dəstək isə keçdi mənim kurasiyama.
Zaman göstərdi ki, əslində seçdiyimiz bu yol ən doğrusu idi. Çünki portalın bloq-xəbərlər hissəsini gün ərzində unikal İP-lərlə 4000-ə yaxın istifadəçi ziyarət edir, bu da öz növbəsində bizim mobil əsaslı xidmətlərimiz üçün potensial istifadəçi bazasıdır və həmçinin oradakı gənclərin foruma inteqrasiyasını asan edir, forumu yeni istifadəçilərlə təchiz edir.
Onu da qeyd edim ki, aşağı səviyyəli istifadəçilərin foruma keçidini sıfıra endirmək üçün forum və bloq-xəbərlər-də qeydiyyatlar ayrı-ayrılıqda aparılır. Hal-hazırda bloq-xəbərlər bölümündə qeydiyyat tam azaddır. İstənilən şəxs heç bir maneə və xüsusi aktivasiya gözləmədən qeydiyyatdan keçib portalın bloq-xəbərlər hissəsindən faydalana bilər. Amma forumda qeydiyyat həmən aktivasiya olunmur — bütün qeydiyyatlar yoxlandıqdan sonra qəbul edilir.
Müasir Fox.AZ — Bloq-xəbərlər vasitəsi ilə həm kütləni, həm də Forum vasitəsi ilə kifayət qədər intellektual insanları özündə birləşdirir. Portalın gələcək inkaşaf planları isə artıq məlumdur və bununla bağlı ötən yazılarımda bölüşmüşəm. Allah köməyimiz olsun!
Bu dəfə yazım biraz aqressiv oldu. İnciməyin dostlar. Yazılar sırf mənim subyektiv fikirlərim idi. 😉
Ənənəvi rubrikanı davam edirəm. Zövqlər fərqlidir və hansı filmə baxmağa dəyər və ya dəyməz, hər kəs özü qərar versin. Qalan yazılar mənim öz şəxsi fikrilərimdir.
Без улик (Sans laisser de traces)
Fransuz filmidi. Psixoloji triller janrında çəkilib. Ssenari biraz çiy olsa da, aktyorların gözəl və təbii oyunu öz sözünü deyir. Filmdən ayrılmaq olmur, bir anda baxılır.
Filmin baş qəhramanı bir vaxtlar başqasının uğurlu formulunu oğurlayıb özünü zəngin birinə çevilən perspektivli bir biznesmendir. Özü də 3 həftədən sonra o böyük bir trans-milli şirkətin direktoru olacaq. Amma… onu vicdan əzabı boğur və dostunun təkidi ilə uğurlu formulun əsl yiyəsi ilə görüşüb ürəyini açır, yeni işinə görə xeyir dua almaq istəyir. Hər şey gözlənilən kimi alınmır — bir vaxt aldadılan insan onları çox aqressiv qarşılayır və nəticədə cinayət törədilir.
Bütün filmi danışmayacam. Özünüz baxsanız daha məsləhətdir. Gözəl filmdi.
Qiymətim 10 ballıq şkala ilə 9 bal olacaq. 1 xalı kəsməyimin səbəbi sonluğun biraz qarışıq, anlaşılan olmaması idi. Eləbil nəsə çatmır — bu da ssenaridəki boşluqlardan irəli gəlir.
Рыцарь дня (Knight and Day)
Komediya janrında çəkilmiş filmdir. Triller elementləri də var. Həmişəki kimi Tom “supermen” rolundadı. Qarşısına çıxanı məhv edir. Ssenari adi və bezdirici olsa da, aktyorların gözəl oyunu sayəsində film baxımlı və rəngarəng alınıb.
Filmin qısa ssenarisi — guya “super batareyka” yaradılıb. Kiçik və tükənməyən bir batareyka bütün şəhəri enerji ilə təchiz edə bilər. Pis daydaylar da Tomdan o batareykanı almaq istəyirlər, amma nə faydası — Tom qabağına çıxan oğul gəzir. =) Deyirəm bu Tomdan 5-6-ı bizdə də olsaydı, göndərərdik Qarabağa, yarım saata torpaqlarımızı geri alıb gələrdi.
Filmə qiymətim 10 ballıq şkala ilə 6 bal.
Луна 2112 (Moon)
Fantastika janrında çəkilmiş bir filmdir. Deyərdim janrın klassikasıdır. Fantastikanı sevən birisi kimi, mənim həddən artıq xoşuma gəldi.
Filmdə demək olar ki, yalnız bir aktyor çəkilib və bütün film onun qısa həyatından bəhs edir. Qısaca danışım — Deməli 2112-ci ildi. Ayda yeni enerji mənbəyi tapılıb. Bu enerjini tapıb yerə göndərmək üçün bütün Ay boyunca xüsusi bir nəfərlik stansiyalar qurulub. Stansiyalarda insanlar tək-tək işləyirlər, 3 illik kontraktla. Bizim qəhraman da yerə qayıdacağı günü sayır, elə o an yaxınlaşanda bədbəxt bir hadisə baş verir — qəhramanımız qalır Ayın çöllüyündə. Amma sonradan məlum olur ki, bazada hər şey qaydasındadı və Sem (qəhramanın adıdır) iş başındadı… Nəsə, çox başınızı ağrıtmayım, məlum olur ki, yeni Sem köhnə Semin klonudur, amma köhnə Semin özü də daha köhnə Semin klonudur. Hələ Ayın şaxtasında anabioz yuxusuna getmiş minlərlə Semlər var. “Onları” evdə gözləyən arvad-uşaq da çoxdan ölüblər.
Çox maraqlı, mənalı və düşündürən bir filmdir. Məsləhətdi. 10 ballıq şkala ilə qiymətim 10+.
PS. Fantastika janrını sevməyənlər baxmasınlar, film adi gələ bilər.
Робин Гуд (Robin Hood)
Qladiator filminin rejissoru Ridley Scott-dan, bu filmdə də baş qəhraman rolunu oynayan Russell Crowe-dan çox şey gözləyirdim. Ən azından “Qladiator” səviyyəsində bir şey. Filmə baxdım. Heç nə. Tanıdığımız Robin Qudun balladasına aid olmayan hansısa bir qəhraman əfsanəsi. Əfsanəni özü də tarixi bir olay kimi qələmə verməyə çalışırlar. Robin Qud bu filmdə meşə quldurundan çevrilib olur cəsarətli və əsilzadə bir rıttsar (Azərbaycanca tərcüməsin əfsuslar olsun bilmirəm, yəqin ki, zadəgan). Filmə baxarkən bəzən elə gəlir ki, Robin Qud insan deyil — ya Supermenin əmisi oğludur, ya da ki, Batmanın ulu babası, bir sözlə bu Robin ölməzdir.
Hm… Ən hörmət etdiyim aktyorlardan biri Rasl Krou deyəsən qocalıb, onda “Qladiator”-dakı mükəmməl oyunu bu dəfə görmədim.
Bu filmdə də “Qladiator”-da olduğu kimi zəif xasiyyətli Kral var — İoan. Amma “Qladiator”-da imperator rolunu istedadlı Joaquin Phoenix oynayırdısa, burada bu rolu 2-ci səviyyəli bir aktyora tapşırıblar. Nəticədə aktyor rolu tamamilə batırır. Hələ onun gülünc qılınc oynatmasını demirəm. Ümumiyyətlə, filmdə çoxsaylı səhvlər gözdən yayınmır. Məsələn, fransızlar gəmilərdən sahilə enərkən, Kral onlara hücum edir — qılıncını insanlara vurmamış onlar yıxılırlar, birinin də guya belinə vurur — qan çıxmır, eləbil plasmas toxunur belinə. Çox gülünc görünür. =) Bu səviyyədə olan film üçün belə “nedoçetlar” yaraşmaz.
Tarixi filmlərdə day gözümüzü “mazol” edən Cate Blanchett də burdadır. Yaxşı oynayır, söz yox, amma tək Keytin oyunu ilə filmi xilas etmək olmaz.
Poni atları çapan uşaqları isə hansı “izvraşenets” fikirləşib, bilmirəm. Heç yeri yox idi. Nəsə. Qoca Ridli istəyirdi ən azından “Qladiator” səviyyəsində bir tarixi sənət əsəri yaratsın, amma rusların gözəl sözü var — Хотели как лучше, а получилось как всегда. Filmi bəyənmədim. Səviyyə baxımından bayaqdan sitat gətirdiyim “Qladiator”-un yaxınana belə düşmür. “Qladiator”, “Troy” kimi filmlər kinomotoqrafiyada inqilab edənlərdi, amma “Robin Hood” filmi sadəcə sıradan bir film olacaq.
10 ballıq şkala ilə qiymətim 4. Vaxtımı boş yerə sərf elədim. Tfu.
Остров проклятых (Shutter Island)
Əvvəlcə baxmağa tərəddüd edirdim. Filmin başlanğıcı maraqlı olmasa da, Leonardo Dikaprio-nun gözəl oyununu görəndə axıra kimi baxmağa qərarı verdim. Film psixoloji triller janrında çəkilib. Ürəyi zəif, hər şeyi özünə dərd edənlər baxmasınlar.
Filmdə söhbət 20-30-cu illərdən gedir. Dənizlə əhatə olunan adada yerləşən və ruhi xəstə canilər üçün nəzərdə tutulan bir türmədə bir cani yoxa çıxır. Cani sanki buxarlanıb — əl izləri belə yoxdur. İşi araşdırmaq üçün kontinentdən bir marşal (detektiv) dəvət edilir. Yanında da köməkçisi… Hadisələr bir göz qırpımında inkişaf edir. Nəticədə məlum olur ki, sözü gedən bu marşalın özü türmənin ən qorxulu canisidir… Gözəl filmdir. Aktyorların gözəl oyununu bir daha qeyd etmək istəyirəm.
10 ballıq şkala ilə qiymətim 10 bal.
22 пули: Бессмертный (L’immortel)
Kriminal dram janrında çəkilmiş bir filmdir. Özü də Jan Reno baş qəhraman kimi. Film heç xoşuma gəlmədi. Bu iki səbəbdən ola bilər — ya filmdə “Xaç Atası” trilogiyasına uğursuz plaqiat cəhdi var idi, ya da ki, film başdan-ayağa Renonun anormal ölməzliyi, onun tükənməyən gücü kimi boş-boş kadrlarla dolu idi. Mənasız triller sevənlər üçün bu film tapıntı olacaq.
10 ballıq şkala ilə qiymətim 4 bal. Mənə görə vaxt itkisi.
Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film
30 gün oruc tutub, özümüzü Allaha daha yaxın hiss etdiyimiz ayın — Ramazanın pik səviyyəsinə gəlib çıxdıq. Bu gün Mübarək Ramazanın bayram günüdür. Hər kəsi təbrik edirəm. Amma…
Həmişəki kimi bu dəfə də bir amma var… Bu mübarək bayramda o qədər şablon təbriklər alırıq. Demək olar ki, bütün təbriklər ruzi-bərəkətlə bağlıdır. Anlayıram, dünya həyatında ruzi-bərəkət də vacibdir. Amma axı digər vacib olan ünsürlər də var. Bəs görəsən var-dövləti, bu fani dünya həyatını dəhşətli dərəcədə sevən bizim xalq digər dəyərlər barəsində heç düşünür?!
Hər il eyni şey təkrarlanır. Darıxdırıcıdır… Belə baxanda həyatın özü-özlüyündə də darıxdırıcıdır. Həyatımızda nə qədər yeniliklər etsəkdə, hər il eyni şeyləri təkrarlamaq məcburiyyətində oluruq. Əvvəllər məndə SMS-lə, zənglə hər kəsi təbrik edərdim, bunu hansısa mənada insanlara diqqət, hörmət və izzət hesab edirdim. Amma sonra anladım ki, ifrat diqqətçilik də, hörmət də bir şey deyil. İslamın buyurduğu kimi, hər şeyi qədərində etmək lazımdır.
Mübarək Ramazan ayında insan bütünlüklə oruc tutmalıdır. O həm daxilən, həm fiziki olaraq oruc olmalıdır. Bu isə onun səbrli və təmkinli olması deməkdir. Amma buna rəğmən müsəlmanlar hələdə öz primitiv instiktlərinə yiyələnib, özlərini ələ alıb bir birlərinə kompromisə gedə bilmirlər… Hələdə dava-dalaş davam edir. Belə olmasaydı, Fələstin və İran liderləri İsrail önündə bir birlərini biyabır etməzdi. Belə olmasaydı, İslam bayrağı altında gizlənib, bu günlərdə Lənkaranda ixtişaşlar törətməzdilər. Belə olmasaydı, Ermənistanın vitse-prezidentinin İranda (Cənubi Azərbaycanda) böyük qoyun fermaları olmazdı… Bəlkə elə bütün günahlar da İslamı xalqın gözündə təmsil edən şəxslərdədi? Axı hansısa məsçid axundunun Allah evində fahişə ilə cinsi əlaqəyə girməsi kimi faktları nəzərə alan kütlə İslama necə inansın? Bəlkə nəzir qutularını, yas mərasimlərini biznesə çevirən bu mollalar İslamın cılızlaşmasına görə məsuliyyət daşıyırlar?! Nə bilim. Bəlkədə…
Bütün bunları nəzərə alıb Allahdan müsəlmanlara arzum var — birlik, təmkinlik və ağıl. Bu 3 ünsürün olmaması, hal-hazırda İslam üçün çox böyük bəladır.
Allah köməyimiz olsun! Bayramınız mübarək, müsəlman bacı qardaşlar!
PS. Əsl İslam sadaladığım cılızlıqlardan uzaqdır. İslam gözəldir. Gəlin gözəl İslamı aşağıdakı şəkillərdə müşahidə edək. (Şəkillərə böyük həcmdə baxmaq üçün üzərində tıklayın).
Bu günlərdə məşhur brauzer istehsalçısı Mozilla mobil telefonlar bazarına gəlmək istəyini bildirdi. Bu əslində gözlənilən idi. Mozilla sırf Google-un Microsoft-a qarşı getdiyi yolla gedir — Firefox-u artıq bir neçə mobil platformaya adaptasiya edib, qalır artıq bunu öz aparatında da reallaşdırmaq. Yəqin gələcəkdə hələ özlərinin bir əməliyyat sistemləri də olacaq.
Amma hələlik təqdim edilən və yeni ideyaları özündə əks etdirən mobil telefon konsepti Google Android platforması əsasında işləyir. Bu konseptin ən maraqlı və qeyri-adi cəhətləri — bluetooth qarniturun elə bir başa telefonun arxa hissəsinə birləşməsi, fantastik 2 (!) pikto-proyektor — hansı ki, telefonu kompüterə çevirir — biri virtual klaviatura yaradır, biri isə displey. Mozilladakıların iddialarına görə bu telefon radioqəbuledici (wireless) vasitəsi ilə enerji yığacaq. Çox maraqlı bir texnoloji irəlləyişdir. Bir də telefonda 8 megapiksellik kamera olacaq, amma bununla indiki zamanda heç kimi təəcübləndirmək olmaz.
Konseptlə bağlı artıq video-çarx da buraxılıb:
Digər bir konsept də pikto-proyektorla bağlıdır. Deyəsən gələcəkdə bizi bu texnologiyanın inqlabı gözləyir, necə ki, sensorlu displeylər bunu adi ekranlara qarşı etdi. Bu konsept Aplle şirkətindəndir. Apple-ın xarizmasını nəzərə alsaq, çox güman ki, bu texnologiya da uğurlu alınacaq. “iPhone G” adlandırılan bu konsept adi saat şəklindədir. Amma lazım olduğu anda virtual telefona çevrilir.
Xristianlığın böhranı və Latviyalı arxiyepiskopun iftirasından sonra növbə deyəsən çatıb şotlandlara. Amma bu dəfə əslində şotland başbilənləri özləridə bilmədən İslama yaxınlaşıblar.
Belə ki, Şotlandiyanın Böyük Yepiskop Kilsəsinin son qərarına əsasən Tanrı indən belə kişi cismində qəbul edilməyəcək. Yanı, indiyə kimi bütün şotland xristian ainlərində Tanrıya kişi qismində müraciət olunurdusa, indi onun cinsi qeyd edilməyəcək. Ümumiyyətlə Tanrının bütün insani xüsusiyyətlərə ləğv edilir. Yeni qərarı artıq Baş Sinod və digər yepiskoplarda dəstəkləyiblər.
Ənənəvi xristianlıqda inqilab sayılacaq bu hərəkətə artıq bir çox xristian ölkələrindən həmlələr gəlməkdədi. Əsas dəlilləridə odur ki, bəs xristianlığın təməli — ata (Tanrı), oğul (Məsih) və müqəddəs ruh üçlüyü necə olacaq?
Belə çıxır ki, şotlandlar yeni din ixtira ediblər?! =)
Onuda qeyd edim ki, İslam yarandığı gündən Tanrını, Allahı insan sifətləri ilə müqayisə etməyi yasaqlayır. Müqəddəs Quranın 112-ci surəsi — İxlas buyurur:
1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!);
3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!);
4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”.
Z.Bünyadov-V.Məmmədəliyev (quran.az)
Bu yerdə şotland yepiskoplarını yalnız alqışlamaq qalır. Gecdə olsa, deyəsən doğru yoldadılar. 😉
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Şotlandlar öz Tanrılarını «cins»iz qoydular
“Salam, məndən jurnal alarsınız? “OK” jurnalıdı. Alın da, xahiş edirəm. Çoxlu maraqlı yazılar var. Peşman olmazsınız. Verim? İstəyirsiniz baxın. Qiyməti də ucuzdur. Alın da…” Yəqin Siz də yanacaq doldurma məntəqələrimizdə bu tip müasir dilənçilik növünün şahidi olmusunuz.
Əlində 10-15 jurnal tutub, yanacaq doldurmaq üçün məntəqəyə gələn maşınların üstünə şığıyan bu yazıq qızları anlayıram — çox güman ki, onlar hər satdıqları jurnaldan müəyyən faiz alırlar. Jurnala söz yox, xarici görünüşü gözəl tərtib olunur, ola bilsin içində hələ maraqlı məqalələr, yazılar da olsun, lakin satışa bu cür yanaşma şəxsən məndə bu jurnala həmən antipatiya yaradır — “yəqin bu bir səviyyəsiz şeydir ki, zorla satmaq, camaata sırımaq istəyirlər”.
Onu da qeyd edim ki, jurnalın redaksiyası bu işə hiss olunacaq qədər professionalcasına yanaşır — qırmızı geyimli (insanı cəlb etmək üçün) gülərüz qızlar maşınlara yaxınlaşır və kişi psixikasına təsir edə biləcək qədər “yalvarmağa” başlayırlar. Buna deyirlər hipnozun, insanın öz şəxsi istəyinə rəğmən ələ almağın, təsir etmənin bir növü. Tələlərinə düşən də olur, sadəcə uzaqlara göndərən də. Amma ümumi götürdükdə — dünya şöhrətli “OK” jurnalına bu yolla satış artırmaq baş ucalığı gətirmir.
Fikrimcə “OK Azərbaycan”-ı bu tip satışa əl atmağa “yerli şou-biznes” xəbərlərini özündə əks etdirən dərclərin çoxluğu vadar edir. O zaman sual olunur — məgər rəqabət zorla jurnal sırımaq satmaq deməkdir?!
Mövzuya dair forumda müzakirələr ↓
«OK» jurnalı. Mədəni dilənçilik?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual