Son günlər ofis işlərimizin həddən artıq çox olması səbəbindən (Maşallah), bloqda aktiv ola bilmirəm. İlin son günləridi deyə, hər kəs sifarişləri tələm-tələsik istəyir. İnşallah işləri bitirib yenidən aktivliyimi qaytaracam. Keçək mətləbə. Həftə ərzində baxdığım filmlərə dair fikirlərimlə bölüşürəm — Ниже холма 60 (Beneath Hill 60), Мальчики-налетчики (Takers), Вы не знаете Джека (You Don’t Know Jack), Скайлайн (Skyline), Дьявол (Devil), Казино Джек (Casino Jack), Социальная сеть (The Social Network), Монстры (Monsters), Курьер (Coursier). Ниже холма 60 (Beneath Hill 60)
Film real hadisələr əsasında çəkilib. Triller, dram janrındadır. Filmdə hadisələr 1-ci dünya müharibəsi vaxtı baş verir. O vaxtlar sadə əsgərlərlə yanaşı şaxtaçılar da bir-birləri ilə müharibə aparırdılar. Düşmən postlarının altından yeraltı keçidlər qazıb, onları partlatmaq filmin baş qəhramanın əsas vəzifəsidir. Çoxsaylı itkilərdən sonra o daha məsuliyyətli bir seçim etməlidir — ya düşmən postunu partlatmalı, ya da ki yaxın doslarına çevrilmiş əsgərləri qurban verməlidir.
Yaxşı filmdir. Təsir edicidir. 10 ballıq şkala ilə 8 bal.
****************************** Мальчики-налетчики (Takers)
2010-cu ilin son filmlərindəndir. “Ouşenin dostları” seriyasından növbəti bir filmdir. Filmin fərqli cəhəti — Ouşenin ölməz komandasından fərqli olaraq bu filmdə baş qəhramanlar heç də ölməz deyillər. Ssenarida böyük boşluqlar olsa da, aktyorların gözəl oyunu filmi baxımlı edir.
Ssenari standartdır. Baş qəhramanlar — dostlar oğurluqla həyatlarını qurub, zəngin insanlara çevrilirlər. Amma birdən O gəlir. O — onların biridir və tezliklə hər şey dəyişir. Bir şey xoşuma gəldi — baş qəhramanlardan biri — polismen — bu tip filmlərə xas sonda ölməz və qalib deyil, məğlub kimi filmi bitirir.
Baxmağa dəyər. 10 ballıq şkala ilə 8 bal.
****************************** Вы не знаете Джека (You Don’t Know Jack)
Filmə dair İnternetdə çoxlu maraqlı resenziyalar oxumuşdum. Demək olar ki, hər kəs tərifləyirdi. Özü də baş rolda Al Paçino çəkilib. Baxmaq qərarı verdim. Amma filmin ilk 10 dəqiqələrində anladım ki, film erməni əsilli və “ölüm həkimi” adlandırılan Jack Kevorkian haqda çəkilib. Filmə baxmaqda biraz tərəddüd etdim, amma Al Paçinonun gözəl oyunu məni baxmağa davam etməyə məcbur etdi. Filmin ssenarisi real hadisələr əsasında çəkilib. Ölümcül xəstələrin həyatlarına “ölüm həkimi” bir-bir eftanaziya vasitəsilə son qoyur. Əslində ilk olaraq bunu onların özləri istəyirlər, amma sonradan həkimdə bu hadislər sanki bir oyun həvəsi, bir azart yaradır və öldürülmüş pasientlərin sayı yüzü keçir .
Onuda qeyd edim ki, çox ağır filmdir (mənəvi cəhətcə). Ürəyi zəif olanlar qəti şəkildə bu filmə baxmasınlar. Sonra 2-3 həftə filmin ağırlığı altında gülümsəyə bilməzlər.
Filmdə hər şey gözəl çəkilib, əsasən metr Al Paçinonun oyunu insanı valeh edir. Amma bir məyus edici şey var, o da ki qondarma “erməni soyqırımını” filmdə qeyd edirlər, guya Kevorkianın ailəsi soyqırım qurbanlarıdır, ABŞ-a qaçıblar… Nəsə. 10 ballıq şkala ilə 8 bal. Qiymətini kəsməyimə səbəb — birincisi qeyd etdiyim kimi filmin həddən artıq ağırlığı, ikincisi isə filmi az da olsa siyasətə (soyqırım məsələsi) qarışdırdılar.
****************************** Скайлайн (Skyline)
Nəhayət ki, bu filmə də vaxt edib baxa bildim. Film fantastika janrında çəkilib. Ssenari mənasız olsa da, action effektlər filmə baxarkən darıxmağa qoymur. Aktyorların həddən artıq süni oynunu qeyd etmək istəyirəm.
Ssenari qısa olaraq — deməli Yer kürəsinə yad planetlərdən əcaib məxluqlar daxil olur, insanların beyinlərini oğurlayırlar. Niyəsinə film aydınlıq gətirmədi, çünki film boyu baş qəhramanların işi-gücü ancaq canlarını xilas etməkdən ibarət idi. Bu hardasa Monstro filminə bənzəyir (ən sevimli filmlərimdən biri), amma ssenaridəki çoxsaylı boşluqlar bu “xilas etmə əməliyyatını” mənasızlaşdırır. Sonra baş qəhramanın özü yad planetliyə çevrilir və film bitir. Demək olar ki, filmin nə mənası, nə də sonu aydın olmur.
Yuxarıdakılar nəzərə alaraq bu filmə 10 ballıq şkala ilə qiymətim cəmi 7 bal olacaq.
****************************** Дьявол (Devil)
Növbəti haqq-şər qarşıdırması. Film fantastika janrında çəkilib və özündə dini çağırış daşıyır — əgər İblis varsa, deməli Tanrı da var. Maraqlı filmdir. Amma ssenaridə olan boşluqlar mənim xoşuma gəlmədi. Boşluqlar haqqda biraz sonra, hələlik isə ssenarini qısaca danışım.
Deməli bir göydələndə lift xarab olur və liftin içərisində qalan insanlarla əcaib hadisələr baş verir. Məlum olur ki, onların hər biri bir günah sahibidirlər və İblis şəxsən özü onları bir araya toplayıb, günahlarına görə cəzalandırır. İnsanlar liftdə bir-bir ölməyə başlayırlar və qalanlar bu ölümlərdə bir-birlərini günahlandırırlar. Maraqlıdı.
Amma qayıdaq ssenaridəki boşluqlara. Boşluqlar çoxdur, bir neçəsin xatırladım: məsələn, məni çox maraqlandırır — Filmdə İblis öz üzərinə Allahın işini niyə götürüb?! Bəyəm İblis günahkarları cəzalandırandır? Axı bizim bildiyimiz dini qaydalara görə İblis əksinə günah sahiblərini xoşlayır, onları daha da çox günah etməyə sövq edir. Daha sonra anormal sonluq xoşuma gəlmədi. İblis sən demə oğru bir qoca qadın obrazında liftə daxil olub. Filmin kulminasiya nöqtəsində qoca qarının (İblisin) günahkarla dialoqu tupizmin pik həddidir.
Ümumidə götürdükdə isə yuxarıda da qeyd etdiyim kimi, özündə dini çağırış daşıyır. Ateizmdən əziyyət çəkənlərə bu filmə baxmağı məsləhət bilirəm. Özüdə bu filmə tək, qaranlıq otaqda baxmaq lazımdı, daha təsir edici olur.
Qiymətim — 10 ballıq şkala ilə 8 bal.
****************************** Казино Джек (Casino Jack)
Film real hadisələr əsasında çəkilib və məhşur lobbist Jack Abramovich-in həyatından bəhs edir. Bu filmi son vaxtlar baxdığım həyati filmlər arasında ən möhtəşəmi hesab edirəm. Film ABŞ “demokratiyasını” bütün çılpaqlığında bizə açıb göstərir.
Ssenari — Cek Abramoviç ABŞ-ın ən uğurlu və nüfuzlu lobbistidir. Cek istənilən qanun layihəsini Senat və Konqresdə asanlıqla keçirir. O istənilən konqresmeni, senatoru, siyasətçini pulla ələ alır. Hətta filmdə iddia edilir ki, Corc Buşun prezident olmasında onun əvəzedilməz rolu olub. Cek həyatını 4 prinsip üzərində qurulub — Tanrı, İnam, Vətən və onlardan heçdə az lazım olmayan Nüfuz. Cek həm də öz ailəsinə çox bağlı insandır. Amma ifrat pullar onu qanunsuz layihələrə əl qoymağa sövq edir və nəticədə belə gözəl bir filmə ssenari ola biləcək hadisələr baş verir.
Kevin Spacey-nin möhtəşəm ifasını qeyd edə bilmərəm. Super! 10 ballıq şkala ilə qiymətim 10 bal.
****************************** Социальная сеть (The Social Network)
Növbəti real (deyilənə görə) hadisələr əsasında çəkilmiş bir film. Açığı mən bu filmə sırf Facebook kimi böyük layihələrin necə ərsiyəyə gəlməsinin şahidi olmaq üçün baxdım və bir daha əmin oldum ki, Azərbaycan reallığında bu kimi böyük layihələr heç vaxt baş tutan deyil. Səbəblərini qonşu mövzuda açıqlamışam, ona görə keçək ssenariyə. Ssenari bir proqramistin həyat və yaradıcılığından, onun böyük pullara doğru necə addımlamasından ibarətdir. Film xoşuma gəldi. 10 ballıq şkala ilə qiymətim 10 bal. Deyə bilərsiz niyə məhz 10?! Çünki film bu sahədə çalışanlar üçün müxtəlif vacib sayıla biləcək xəbərdarlıqlar da edir.
****************************** Монстры (Monsters)
Filmdən ən azı “Mostro” səviyyəsində bir ssenari gözləyirdim, nəticədə isə üçüncü səviyyəli bir filmə baxmalı oldum. Mənasızlıq.
Ssenarini qısaca danışım — Guya Meksika ərazisində (yazıq meksikallılar) yad planetli məxluqlar peyda olur, özləri üçün yaşayırlar. ABŞ isə (həmişə olduğu kimi) inkişafdadır və öz “mərhəmətli” əlini Meksikaya uzadır, onun torpaqlarını kimyəvi bombardımana məruz qoyur. Axı meksikalılara kim demişdi, ayından kömək istə? =) Nəsə. Filmdə ABŞ yüksək texnoloji bir ölkə, Meksika isə Mozambik səviyyəsindəndə aşağı bir yer kimi təsvir edilib.
Baş qəhraman — bir fotoqraf öz bossunun nişanlı (başqasına, fotoqrafa yox) qızını Meksikadan ABŞ-a gətirməlidir. Film qızın Meksikada nə axtardığından və onu niyə məhz fotoqrafın xilas etməli olduğundan söz belə açmır. Fotoqraf qızı ABŞ-a çatdırmalıdı. Meksika da, dediyim kimi rəhmətlik ekstrasens “osminoq” Paulun qohumları ilə doludur (filmdə osminoqlar yad planetli kimi qələmə verilir). Sonda nişanlı qız fotoqrafa aşiq olur… Bir sözlə, əvvəlcədən hər şeyin məlum olduğu bir film.
Boş yerə itirdiyim vaxtıma çox heyfim gəlir. Bu filmin adı — “Paul və onun qohumları” və ya “Nişanlı qız necə başqasına aşiq oldu” olmalı idi, amma heç bir halda “Monsters” olmalı deyildi.
Aktyorların (əsasən də xanım baş qəhramanın) süni oyunlarına görə məncə ilin anti-oskarını vermək lazımdır. 10 ballıq şkala ilə qiymətim 2 bal.
****************************** Курьер (Coursier)
Tipik fransız komediyasıdır. Mənasız və ironik. Aktyorların oyunu orta-babatdır. Çəkiliş isə deyərdim əla, amma filmdə eləbil nəsə çatışmır. Bu da ola bilsin ssenarinin biraz primitiv olmasından irəli gəlir.
Ssenari demişkən — guya bir kuryer təsadüfən mafiyanın oyunlarının iştirakçısı olur. Nəticədə məlum olur ki, bu kuryer sən demə supermendir. =) 10 ballıq şkala ilə qiymətim 6 bal.