Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

AZTV-nin rekordu Belorus Televiziyası tərəfindən vuruldu!

Bu kiçik bir müsahibəyə mütləq baxın və gedib AZTV-yə şükür edin. 😀 И смех, и грех. İnsanlar necə də qaraya inadkarlıqla ağ deyə bilirlər. Əhsən.

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Liviya hadisələri. Siyasi analitiklərin fikirləri (Video)

Liviyada baş verən olaylara dair artıq kifayət qədər fikirlərimlə bölüşmüşəm. Bəs məşhur siyasi analitiklər bu olaylar barədə nə fikirləşirlər?!
Rusiyanın ТВ Центр telekanalının baş verən olaylarla bağlı maraqlı süjeti. Hadisələrin əsl mahiyyətinə varmamaqla obyektiv yanaşma nümunəsi.

**********************************************************
Vladimir Jirinovskinin NATO-nun Liviyadakı əməliyyatları öz üzərinə götürməsinə dair yayılan xəbərlərə münasibəti. Kişi düz deyir…

**********************************************************
Bu çarxda isə obyektivliyinə hər zaman hörmət etdiyim məşhur jurnalist-analitik Maksim Şevçenko hadisələrə dair fikirləri ilə bölüşür. Müsahibə bir müddət öncə götürüldüyündən (hələ koalisiya qüvvələri Liviyaya soxulmamışdılar) bəzi mülahizələr aktuallığını itirib, amma ümumi ideya və anlatım çox maraqlıdır. Neoquldarlıq ideyasına da toxunulur, mütləq baxın!

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Liviya… Suriya, Səudiyə Ərəbistanı, Türkiyə, İran… Çin

Artıq bir həftəyə yaxındır ki, qərb Liviyanı viran qoymaqdadır. Bir neçə ay bundan öncə ərəb “inqilablarını” canlı yayımla dünyaya çatdıran informasiya agentlikləri indi bu olayla bağlı cəmi 1-2 dəqiqəlik qısa süjetlər hazırlayırlar. Bir vaxtlar tərəfsizliyinə görə böyük rəğbətimi qazanan Euronews-un necə “tərəfsiz” olduğu bu olaylardan sonra sübut olundu. Əhsən. Bu günlərdə bir qardaş statusunda belə yazmışdı — “yəqin 20 il sonra ABŞ prezidentləri ekran önündə DEMOKRATİYA naminə uşaqları diri-diri yeyəcəklər”. Sitatın sonu (c). Haqlıdır. Ay Sem dayı, de bizə neft lazımdır, de neoquldarlıq planımız var, şansınız yoxdur, qul olmalıyıq, de bunları, biz də işimizi bilək. Yoxsa nə qədər axı yalandan demokratiya, demokratiya olar…
Ərdoğanın isə ABŞ-ın əl-altısı olduğunu söyləyənlərə inanmırdım. Demokratik Cümhuriyyəti dizi üstünə qoyub bütün ziyalıları türməyə basan bu despot yalandan xalq arasında natiqlik edib, rəğbətini qazanıb, amma əməldə ABŞ-ın göstərişlərini yerinə yetirir. Deyirdi guya qərbin Liviya macarasında iştirak etməyəcək. Nə oldu? Bu gün eşidirəm N qədər gəmi göndərib. Yoxsa xanım Klintonun sözündən çıxa bilmədi? Yoxsa siz inanırsınız ki, adi bir sözün üstündə durmağa cəsarəti olmayan birisi İsrailə təpkilər etmək iqtidarındadır?! İnandırım sizi o İsrailə qarşı təpkilər də yaxşı qurulmuş tamaşadan başqa bir şey deyil. Məhz elə Ərdoğanın əli ilə tezliklə ərəb “inqilabları” Türkiyədə də reallaşacaq — nəticədə ABŞ-ın çoxdan hazırladığı yeni qeopolitik situasiya formalaşacaq — Türkiyə bir neçə topluma (dövlətə) bölünəcək.
Bunu siyasi ekstrasens və kremlin klounu kimi tanınan Jirinovskiy də bu günlərdə söylədi — bütün şərq aləmi qarışdırılır və bunun məntiqi nəticəsi kimi 2030-cu ildə Çin dağıdılır. Bununla da Anqlo-saksların və onların bir yerlərini öpən fransızların qlobal neoquldarlıq planı növbəti fazaya keçir.

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Klounlar müharibəsi başladı…

Tək qütblü dünya öz acı fəsadlarını göstərməkdədir. Dünya birliyi tərəfindən qəbul edilmiş müstəqil dövlətlərin əsas postulatların biri bu günlərdə havaya sovuruldu — müstəqil dövlətlərin öz suverenliklərini separatizmdən təmizləmə hüququ darmadağın edildi. Faktiki qərb dövlətləri hayasızcasına BMT-dən növbəti dəfə öz çirkin planları üçün istifadə etdilər — Liviyanı 2 yerə parçaladılar. Məqsəd — neftdir. Eyni ssenari Sudanda da tətbiq edilmişdi, neftlə dolu cənubu şimala qarşı qızışdırıb, ölkəni iki yerə böldülər. İndi də Liviya. Bundan sonra Liviya xalqına yalnız baş sağlığı vermək qalır.
Ən maraq doğuran fakt isə bu olaylarda öndə gedən Amerikanın əl-altısı Fransa prezidenti Nikolya Sarkozinin olmasıdır. Bu insan siyasi nailiyyətlərindən daha çox qeyri ciddi, şou-biznes sayağı hoqqaları ilə gündəmdə qalır. Ya arvadı lütlənib jurnal səhifələrinə çıxır, ya dəvət etdiyi prezidenti aşaqlayaraq saqqız çiynəyir. Bu günlərdə Qəddafinin oğlu Sarkozini gözəl xarakterizə etdi — kloun. Bu sözdən bir sutka keçməmiş Fransa və ABŞ (Böyük Britaniya ilə əlbətki) BMT-yə öz çirkin planlarını qəbul etdirib Liviyaya soxuldular. Bir tərəfdən kloun Qəddafi, digər tərəfdən kloun Sarkozi — lap klounlar savaşıdır.
Qəddafinin oğlunun eksklüziv müsahibəsinə aşağıda baxın:

Gözümüzün önündə dəhşətli proseslər baş verir. Bütün bunlar son yazılarımda qeyd etdiyim qlobal neoquldarlıq siyasətinin davamıdır. Heç kim də bu olaylara sevinməsin. Bu presedent ona əsas verir ki, səhər biz öz torpaqlarımızı düşməndən azad etdikdə, Fransa gəlib erməni xalqını xilas etmək adıyla Qarabağa soxulsun. Çünki artıq buna BMT tərəfindən qanuni müstəvidə qəbul edilmiş qətnamə var.
Hələ görəcəklərimiz qabağdadır. Allah bizi qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

İnqilablar. Səbəblər. Nəticələr. Fikirlərim

İnqilablar. İnqilab. Hara baxırsan bu saat bu sözdür. Bəs bu inqilabların mahiyyəti nədir?! Sonluq necə olacaq. Bütün bunlara dair fikirlərimlə bölüşürəm. Xatırladım ki, mən heç bir halda kök atmış, sonsuzluğa qədər idarə etmək istəyi olan ləyaqətsiz diktatorları dəstəkləmirəm və yazılarım faktlar əsasında formalaşan sırf subyektiv fikirlərimdir.

Keçək əsas mətləbə. Son olayları ABŞ siyasi dairələrinin əvvəlcədən hazırlanmış ssenari ilə inkişaf edən proseslərdən başqa bir şey hesab etmirəm. Proseslərin bir başa ABŞ administrasiyası tərəfindən idarə edilməsinə dair aşağıda bir neçə fakt gətirəcəm. Biraz dərin düşündükdə dünyanı dəyişəcək bu qlobal plan öz acı çılpaqlığı ilə Sizə də aydın olacaq — ortaya atılan psevdo-həqiqət carçısı Wikileaks, ərəb inqilabları, növbədə olan vətəndaş müharibələri — bütün bunlar artan insan sayının tənzimlənməsi üçün yeni münaqişələrin yaradılmasına dair böyük bir planın tərkib hissəsidir. Çoxalan insan sayına yalnız müharibələrlə nəzarət etmək olar və bunun da səbəbi olaraq faktiki dünya 2 qütbə parçalanacaq — Qərb dünyası və qullar. Yeni quldarlıq dövrü gəlir — neoquldarlıq.
İndi isə keçək ərəb inqilablarına. Misir. Buradakı inqilabı analiz etməkdən öncə onu vurğulamaq lazımdır ki, Misir ordusu de-fakto avtonom bir qurumdur və dolayı yolla ABŞ-a tabedir. Bundan əlavə ABŞ Misir ordusunu hər il 1.5 milyard dollarlıq silah-sürsatla təmin edir. Bu isə o deməkdir ki, yenə də de-fakto Hüsnü Mübarəkin orduya müdaxilə etmə rıçaqları olmayıb. Olsaydı, Misir indi Livanın yaşadıqlarını təkrarlayırdı. Deməli xalq üsyanına və Hüsnünün getməsinə şəraiti yaradan məhz ABŞ olub. Əfsuslar olsun, linkləri itirmişəm, amma “xalq” kütləsinin Təhrir meydanında işini koordiyasiya edən bir neçə İsrail (!) polkovniklərinin radio qurğu ilə (рация) kütləyə təlimat verilməsi faktları şəkillərdə belə qeydə alınıb. Bundan öncəki yazılarımda yerlimiz Heydər Camalın söylədiklərində də bu açıq aydın sezilir.
Hal-hazırda Qərb demokratiya pərdəsi arxasında gizlənib Misiri talan edir, muzeylərdən fironlara aid sənəd əsərlərini belə öz ölkələrinə daşıyırlar… Misir — stabil olmayan, maliyə borcları içində itib batan və tezliklə xristian-müsəlman qarşıdurması meydanına çevrilə biləcək bir ölkədir.  Misir iqtisadiyyatının 70%-ı təşkil edən turizm iflic haldadır. Əvəzində isə İsraildə — Ölü dənizin sahillərində istirahət edənlərin sayı birə-beş artıb.
Liviya.  Qəddafiyə nifrətim böyükdür, amma ikili standartlara nifrətim ondan da böyükdür. Məhz Qəddafinin sayəsində ABŞ-ın neoquldarlıq planı fiaskoya uğramaqdadır. Keçən həftə hər kəs kimi mən də sadəlövhcəsinə bu inqilabların xalq tərəfdən edildiyini, onların artıq yalandan, pafosdan cana doyub, öz etirazlarını bildirdiklərini düşünürdüm. Ta ki, orada yaşayan insanlarla ünsiyyətdə oldum. Liviyadan qayıdan bir neçə həmvətənlərimizin söhbətləri mənim bu olaylara baxışımı tam dəyişdi. Təfərrüatlara varmayacam, bu haqda artıq müstəqil internet istifadəçiləri kifayət qədər yazıblar. Məsələn bu yazını mütləq oxuyun — http://u-96.livejournal.com/2440540.html. Şahidlər deyirlər ki, xarici telekanallarda Liviya hadisələrinə dair verilən xəbərlər tam uydurmadır. Xarici telekanallar xəbər verir ki, bəs filan şəhəri bombalayırlar, şahidlər çıxırlar çölə, küçələri gəzilər, heç bir bomba-atışma yoxdur.

Bütün bu olayların ABŞ administrasiya tərəfindən idarə edilməsinə dair digər fakt — “müxalifətçilərin” ən son NATO (!) silahlarından istifadə etməsidir. Bu linkdə buna dair kiçik araşdırma aparılıb — http://nstarikov.ru/blog/8569. (Linkə görə Emil Əliyevə təşəkkürlər). Təsəvvür edin, özünə “müxalifətçi” deyənlərin istifadə etdiyi silahlar heç bir silah bazarında satılmayan və sırf NATO ölkələrində istifadə üçün nəzərdə tutulan amerikan silahlarıdır. Özü də onlara bu mürəkkəb silahlardan istifadə etmək üçün əcnəbilər təlim keçir (bu da fotolarda əks olunub).
Digər tərəfdən qərb telekanalları bar-bar bağırır ki, Qəddafi muzdlulardan istifadə edir. Amma bunun əksi olaraq, şəkillərdə elə həmin muzdlular “müxalifətçilərin” yanında təsvir olunurlar. Mənim özümü bir neçə gün bundan əvvəl Euronews-un Liviyadan növbəti xəbərində “müxalifət” sözcüsünün tam qaradərili olması çox təəcübləndirdi.
Deməli bütün bu hadisələr əvvəlcədən hazırlanıb — narazı kütlə ələ alınıb, tonlarla yeni silahlar, narkotik paylanılıb (buna dair də çoxsaylı faktlar var) və zombiləşmiş insanlar dövləti dağıtmağa başlayıb. Məqsəd — yeni münaqişə zonası yaratmaq, təbii sərvətlərdən də maneəsiz istifadə etməkdir. İraq hadisələri bunun bariz nümunəsidir.
Özünü azadlıq carçısı kimi təqdim edən — Al Jazeera.  1996-cı ildə BBC World-un ərəbcə yayımlanan və Səudiyyə Ərəbistanında yerləşən kanalının fiaskosundan sonra (ərəblər bu telekanala etibar etmirdilər), ağıllı anqlo-sakslar işə daha tədbirli yanaşıb qərbin neft köləsi olan Qatarda elə oranın şeyxinin vəsaiti hesabına Al Jazeera telekanalını yaratdılar. Bu telekanal 100% anqlo-sakslar tərəfindən idarə edilir. Telekanalın guya ərəb kanalı olduğu mifini yaratmaq üçün Al Jazeera daim siyasi qambitdən istifadə edib — mütamadi olaraq İsrailə, ABŞ-a qarşı əhəmiyyəti olmayan, amma kütlənin şüuruna işləyə biləcək xəbərlər verib, ərəblərin rəğbətini qazanıb. Qazanıb ki, gələcəkdə səmərəsini görsün. İndi isə o qeyd etdiyimiz “gələcəkdir”. Ərəb inqilablarının sosial şəbəkələrlə yanaşı ən böyük detanatorlarından biri bu telekanal hesab edilir. Al Jazeera-nın hal-hazırki işi — həqiqətə uyğun və heç bir əsası olmayan, köhnə kadrları yeni kimi qələmə verib bu telekanala inanan insanları zombiləşdirib, onların hissləri ilə oynayıb küçələrə çıxarmaqdır. Yuxarıda göstərdiyim linklərdən birində hadisələrin real şahidi Al Jazeera-nı tam çılpaqlığı ilə ifşa edir.
Epiloq. Faktiki ABŞ insanların diktaturadan azad olmaq istəklərindən istifadə edərək, demokratiya pərdəsi altında öz iyrənc siyasətini aparır. Respublikaçıların başladığı neoquldarlıq ideyası növbəti fazaya keçir. Bu oyunun tələsinə düşməmək üçün isə diktatorlara insaf gərəkdir. Qoy onlar biraz insaflı olub, özlərində güc tapıb vaxtında siyasi arenanı tərk etsinlər, təmsil etdikləri millətləri başqa xalqların əlində alətə çevirməsinlər.
Allah bizi qorusun!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

İnqilablar. Səbəblər. Müşahidələrim

Misirdə möhtəşəm xalq inqilabının, Mübarəkin insanlığa yaraşmayan qəddarlığının və şərəfsizliyinin görüntüləri fonunda ümumiyyətlə son 3-4 ay ərzində baş verən olaylara fikrimi bildirmək istəyirəm. Axı nə oldu ki, dünya birdən-birə qarışdı?! 30-40 il qəddarlıq və özbaşnalığa dözmüş xalq necə oldu ki, birdən-birə küçələrə çıxdı?! Bəli, sosial ayrıseçkilik, rüşvətxorluq və diktaturanın hökm sürməsindən xalq artıq cana doymuşdu — bununla tam razıyam. Amma xalqın, kütlənin küçələrə axışması və özünü düşünülmüş şəkildə aparıb, ağıllı kütlə kimi göstərməsi (məsələn, dünən Misir inqilabçıları küçələri təmizləyirdilər ki, özlərini idarə olunan kütlə kimi göstərsinlər — bu isə amerika sayağı klassik bir PR addımdır) onu deməyə əsas verir ki, kütləni idarə edənlər heç də Misirdə yerləşmirlər.
4-5 ay bundan öncə Wikileaks-ı ortaya atan ABŞ administrasiyası əslində yeni dəyişikliklər barədə hər kəsə işarə verdi, bunun haqda yazmışdım. Daha sonra Sudanı 2 yerə böldülər (buna hələ qayıdacam). Sonra Tunis, indi isə Misir. Tunis hadisələrində də bir başa qərbin əli var idi, onlar bir tərəfdən xalqı, digər tərəfdən isə Ben Alini dəstəkləyirdilər, hətta Fransız nazir ölkədə ixtişaşların baş verdiyi vaxt ona tərif yağdırmaqdan belə çəkinmirdi. Buna deyirlər — tutar qatıq, tutmaz ayran. Hər iki tərəfə dəstək verib, hansısa  güzəştlər əldə etmək — biri qalib olduqda ondan bu güzəştləri tələb etmək. Qərb siyasəti çox mürəkkəbdir. Eyni olayları indi biz Misirdə də müşahidə edirik — Mübərək yüzlərlə cavanı qanına qəltan edib, hər zaman digər dövlətin işlərinə qarışmamaq prinsipini əlində bayraq edən Obama isə işə qarışaraq ikili söhbət aparır — həm Hüsnünü dəstəkləyir, həm də islahatlar (oxu ABŞ üçün güzəştlər) istəyir. Çox güman ki, inadkar eşşəyi xatırladan Mübarək tezliklə rədd olacaq, amma bu olayların heç də sonu deyil. Tezliklə bu tip ixtişaşlar digər dövlətlərə və regionlara keçəcək. Fikrimcə ABŞ administrasiyasının bu hər tərəfli düşünülmüş qlobal planı hələlik ərəb dövlətlərini əhatə edəcək. Sudan, Tunis, Misir. Növbədə Livan və ya İordaniya ola bilər.
Söz verdiyim kimi Sudan məsələsinə qayıdıram. Bu ən böyük (Afrikadakı ərazisinə görə) ərəb dövlətini qərb süni şəkildə dağıtdı. Bir kadr post edirəm — baxın, görün insanları bir-birlərinə lənət olmuş qərb missionerləri necə düşmən edirlər.

PS. Nursultan hələ indi 20-ci ilə kimi özünü prezident kimi təstiqlətdirir. Bədbəxt insan. :s:
PS2. Bu gün həmvətənimiz Mübarəkin gülləsinə tuş gəlib. Allah rəhmət eləsin!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

"American Dad" ermənilərə qarşı?!

ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki,  bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı.  Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Niyə böyük İnternet layihələrimiz yoxdur?!

Bu günlərdə “Sosial Şəbəkə” filminə baxdım. Film Facebook şəbəkəsinin yaradıcısı Mark Zuckerberg-in həyatından (yarı düz, yarı gerçək), onun uğura doğru necə addımlamasından bəhs edir. Film özü-özlüyündə xoşuma gəldi, amma məni daha çox düşündürən başqa məsələ oldu — axı niyə bizdə böyük İnternet layihələrin buraxılması mümkünsüzdir?!
Əslində mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı təzələdi.
1. Fikrimcə, təhsil — böyük uğurların təməli, başlanğıcıdır. Filmə baxdıqda tələbələrin necə gözəl bir mühitdə oxuyub yaratdıqlarının şahidi olursan. Adam lap qibtə edir. Hər kəs nəsə bir layihə həyata keçirib, əməliylə öndə olmaq istəyir. Gözəl işgüzar mühit var. Rəqabət hökm sürür. İndi gəlin bizim reallıqlara nəzər yetirək — çürümüş təhsil sistemi. Rüşvətxor müəllimlərimizin sayəsində Universitetlərdə artıq oxuyan uşaqlar da oxumamağa məcbur edilir. Bizdə hər şeyi nəsə reallaşdırmaq deyil, papa uşaqlarının pulu həll edir. “Bilikli” müəllimlərin bilikləri isə 70-ci illərin səviyyəsindən artıq deyil. Bizim Universitetlərdə əməllə deyil, əmiylə seçilirlər. Hərf fərqi çox olmasa da, nəticəsi göz qabağındadır.
2. İnternet layihələrə investroların böyük maliyə yatırımları — bizdə isə İnternet layihəyə on mindən artıq pul qoymaq səfehlik sayılır, İnternet layihələr uşaq oynundan başqa bir şey hesab edilmir. Məsələn, Mark Azərbaycanda yaşasaydı, onun 18 minlik layihəsi istifadəçi sayı yüz mini keçdikdən sonra puç olardı. Niyə? Çünki istifadəçi sayı artıqda, saytın xərcləri də artır. Azərbaycanda isə İnternet layihələrə yatırımlar maksimum reklam bannerləri vasitəsilə edilir, belə olan halda da gərək Facebook Day.AZ-ın əvvəlki görkəmindən də (reklamla dolu olduğu vaxtlar) betər bir vəziyyətdə olaydı — daha çox banner asmağa məcbur idi, amma bu da xərclərin heç 10% demək deyil.
3. Faktiki olaraq 2004-ci ildən fəaliyyətə başlayan Facebook, yalnız 2009-cu ilin son aylarında gəlir gətirməyə başlayıb. Deməli 5 il bu layihə ziyana işləyib, amma böyük investorların milyonlarla sərmayələri sayəsində ayaq üstə qalıb. Mark 18 min ABŞ dollarını layihəyə yatırım edərkən, artıq bilirdi ki, onun layihəsinə yiyə çıxan olacaq və milyonlarla yatırımlar edəcək.
Bu sərmayələr bir növ sabun köpüyünə bənzəyir. Layihələrin birjaya çıxışını təmin etmək üçün dəyərlərini 100-1000 dəfə şişirdirlər, şişirdirlər və şişirdirlər… Ümumiyyətlə bütün Amerika iqtisadiyyatı bu prinsiplə qurulub — orada demək olar ki, istənilən layihəni beləcə şişirdib, məhşurlaşdırırlar. Bəs bizdə birja deyilən şey var? =) Var, amma neftdən başqa çətin orada bir şey satıla.
4. Əgər kimsə hesab edirsə, Mark bu imperiyanı tək başına yaradıb, yanılır. Görünmür, amma layihənin populyarlaşmasında dövlətin də böyük rolu var. Facebook faktiki ABŞ administrasiyasının maraqlarına xidmət edən bir layihədir. Artıq xüsusi orqanlar əziyyət çəkib insanların dosyelərini axtarmır, indi insanların özü hər şeyi Facebook-da yerləşdirir, şəkilləri, dostları, fikirləri ilə bölüşürlər (məsələn, terroristlər növbəti terrorları haqda və s.) və bütün bunlar 100% izlənilir. Rus demişkən, bolee togo Facebook-da profilin ləvğ edilməsi mümkün deyil — siz sadəcə hesabınızı deaktiv edə bilərsiniz, poza bilmərsiniz. Bu da Facebook-un istifadəçi bazasının digər məqsədlərlə istifadə olunduğuna daha bir sübutdur. Bura üstə gəl ölkənin birinci şəxsləri səviyyəsində saytın təbliği — alınır uğurlu və dövlət strategiyasına xidmət edən layihə.
Deməli İnternet layihələr üçün digər stimul verici faktor — dövlətin özəl şirkətlər vasitəsilə müxtəlif “ümüd verici” layihələrə pul yatırımları etməsidir. Bizdə bildiyim qədər bir Yumru layihəsinə sərmayə yatırılıb, o da (layihə) ki, axıda fake çıxdı.

Gördüyümüz kimi nə qədər ki, Universitetlərdə sağlam mühit yaradılmayacaq, nə qədər ki, böyük şirkətlərimiz İnternet layihələrə sərmayə qoymağa can atmayacaqlar, nə qədər ki, iqtisadiyyatımız neft və kənd təsərrüfatı, yeyinti məhsullarından ibarət olacaq, o qədər də biz böyük layihələr görməyəcik. Yəni heç vaxt. Təki yanılım.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları) →

Gələcəyin əsgəri — Raytheon Sarcos XOS 2

3-cü ölkələr köhnədən qalma silah-sürsatın davasını etdiyi bir vaxtda dünyanın yeganə super-dövlətinə çevrilən ABŞ fantastik filmlərdə gördüyümüz silahları gerçəyə çevirir.
Bu günlərdə ABŞ-ın silah sənayesində düz 88 ildir ki, özünü sınayan Raytheon şirkəti illərdir üzərində işlədiyi Sarcos XOS 2 ekzoskelet modelini təqdim etdi. Skelet, özüdə də nə skelet. Başdan ayağa qidravlika ilə təchiz edilən bu skelet adi insanın görə bilməyəcəyi işlərin öhdəsindən asanlıqla gəlir. Skeleti geyindin — oldun Supermen. Yaradıcılar etiraf edirlər ki, bəs onların əsas “muzası” Iron Man filmindəki super kostyum olub.
Biz də — sadə insanlar, adətimiz üzrə texnoloji yenilikləri qəbul edib, sevinirik. Amma bu “skeletin” gələcək əsgərlərinin əsas atributu olacağını və o zaman müharibələrin daha da qəddarlaşacağını nəzərə alsaq, onda sevinməyə tələsməyək. Əsasən bu kiçik dövlətlərə aiddi. Axı bütün eksperimentlər bizim üstümüzdə keçirilir.
Deyirəm, bu tip yenilikləri görəndə, bir daha əmin oluram ki, Azərbaycan kimi kiçik dövlətlərin super-güclərin yaratdıqlarına həsədlə baxmaqdan başqa çarəsi yoxdu.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom