Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Liviya hadisələri. Siyasi analitiklərin fikirləri (Video)

Liviyada baş verən olaylara dair artıq kifayət qədər fikirlərimlə bölüşmüşəm. Bəs məşhur siyasi analitiklər bu olaylar barədə nə fikirləşirlər?!
Rusiyanın ТВ Центр telekanalının baş verən olaylarla bağlı maraqlı süjeti. Hadisələrin əsl mahiyyətinə varmamaqla obyektiv yanaşma nümunəsi.

**********************************************************
Vladimir Jirinovskinin NATO-nun Liviyadakı əməliyyatları öz üzərinə götürməsinə dair yayılan xəbərlərə münasibəti. Kişi düz deyir…

**********************************************************
Bu çarxda isə obyektivliyinə hər zaman hörmət etdiyim məşhur jurnalist-analitik Maksim Şevçenko hadisələrə dair fikirləri ilə bölüşür. Müsahibə bir müddət öncə götürüldüyündən (hələ koalisiya qüvvələri Liviyaya soxulmamışdılar) bəzi mülahizələr aktuallığını itirib, amma ümumi ideya və anlatım çox maraqlıdır. Neoquldarlıq ideyasına da toxunulur, mütləq baxın!

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Klounlar müharibəsi başladı…

Tək qütblü dünya öz acı fəsadlarını göstərməkdədir. Dünya birliyi tərəfindən qəbul edilmiş müstəqil dövlətlərin əsas postulatların biri bu günlərdə havaya sovuruldu — müstəqil dövlətlərin öz suverenliklərini separatizmdən təmizləmə hüququ darmadağın edildi. Faktiki qərb dövlətləri hayasızcasına BMT-dən növbəti dəfə öz çirkin planları üçün istifadə etdilər — Liviyanı 2 yerə parçaladılar. Məqsəd — neftdir. Eyni ssenari Sudanda da tətbiq edilmişdi, neftlə dolu cənubu şimala qarşı qızışdırıb, ölkəni iki yerə böldülər. İndi də Liviya. Bundan sonra Liviya xalqına yalnız baş sağlığı vermək qalır.
Ən maraq doğuran fakt isə bu olaylarda öndə gedən Amerikanın əl-altısı Fransa prezidenti Nikolya Sarkozinin olmasıdır. Bu insan siyasi nailiyyətlərindən daha çox qeyri ciddi, şou-biznes sayağı hoqqaları ilə gündəmdə qalır. Ya arvadı lütlənib jurnal səhifələrinə çıxır, ya dəvət etdiyi prezidenti aşaqlayaraq saqqız çiynəyir. Bu günlərdə Qəddafinin oğlu Sarkozini gözəl xarakterizə etdi — kloun. Bu sözdən bir sutka keçməmiş Fransa və ABŞ (Böyük Britaniya ilə əlbətki) BMT-yə öz çirkin planlarını qəbul etdirib Liviyaya soxuldular. Bir tərəfdən kloun Qəddafi, digər tərəfdən kloun Sarkozi — lap klounlar savaşıdır.
Qəddafinin oğlunun eksklüziv müsahibəsinə aşağıda baxın:

Gözümüzün önündə dəhşətli proseslər baş verir. Bütün bunlar son yazılarımda qeyd etdiyim qlobal neoquldarlıq siyasətinin davamıdır. Heç kim də bu olaylara sevinməsin. Bu presedent ona əsas verir ki, səhər biz öz torpaqlarımızı düşməndən azad etdikdə, Fransa gəlib erməni xalqını xilas etmək adıyla Qarabağa soxulsun. Çünki artıq buna BMT tərəfindən qanuni müstəvidə qəbul edilmiş qətnamə var.
Hələ görəcəklərimiz qabağdadır. Allah bizi qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

İnqilablar. Səbəblər. Nəticələr. Fikirlərim

İnqilablar. İnqilab. Hara baxırsan bu saat bu sözdür. Bəs bu inqilabların mahiyyəti nədir?! Sonluq necə olacaq. Bütün bunlara dair fikirlərimlə bölüşürəm. Xatırladım ki, mən heç bir halda kök atmış, sonsuzluğa qədər idarə etmək istəyi olan ləyaqətsiz diktatorları dəstəkləmirəm və yazılarım faktlar əsasında formalaşan sırf subyektiv fikirlərimdir.

Keçək əsas mətləbə. Son olayları ABŞ siyasi dairələrinin əvvəlcədən hazırlanmış ssenari ilə inkişaf edən proseslərdən başqa bir şey hesab etmirəm. Proseslərin bir başa ABŞ administrasiyası tərəfindən idarə edilməsinə dair aşağıda bir neçə fakt gətirəcəm. Biraz dərin düşündükdə dünyanı dəyişəcək bu qlobal plan öz acı çılpaqlığı ilə Sizə də aydın olacaq — ortaya atılan psevdo-həqiqət carçısı Wikileaks, ərəb inqilabları, növbədə olan vətəndaş müharibələri — bütün bunlar artan insan sayının tənzimlənməsi üçün yeni münaqişələrin yaradılmasına dair böyük bir planın tərkib hissəsidir. Çoxalan insan sayına yalnız müharibələrlə nəzarət etmək olar və bunun da səbəbi olaraq faktiki dünya 2 qütbə parçalanacaq — Qərb dünyası və qullar. Yeni quldarlıq dövrü gəlir — neoquldarlıq.
İndi isə keçək ərəb inqilablarına. Misir. Buradakı inqilabı analiz etməkdən öncə onu vurğulamaq lazımdır ki, Misir ordusu de-fakto avtonom bir qurumdur və dolayı yolla ABŞ-a tabedir. Bundan əlavə ABŞ Misir ordusunu hər il 1.5 milyard dollarlıq silah-sürsatla təmin edir. Bu isə o deməkdir ki, yenə də de-fakto Hüsnü Mübarəkin orduya müdaxilə etmə rıçaqları olmayıb. Olsaydı, Misir indi Livanın yaşadıqlarını təkrarlayırdı. Deməli xalq üsyanına və Hüsnünün getməsinə şəraiti yaradan məhz ABŞ olub. Əfsuslar olsun, linkləri itirmişəm, amma “xalq” kütləsinin Təhrir meydanında işini koordiyasiya edən bir neçə İsrail (!) polkovniklərinin radio qurğu ilə (рация) kütləyə təlimat verilməsi faktları şəkillərdə belə qeydə alınıb. Bundan öncəki yazılarımda yerlimiz Heydər Camalın söylədiklərində də bu açıq aydın sezilir.
Hal-hazırda Qərb demokratiya pərdəsi arxasında gizlənib Misiri talan edir, muzeylərdən fironlara aid sənəd əsərlərini belə öz ölkələrinə daşıyırlar… Misir — stabil olmayan, maliyə borcları içində itib batan və tezliklə xristian-müsəlman qarşıdurması meydanına çevrilə biləcək bir ölkədir.  Misir iqtisadiyyatının 70%-ı təşkil edən turizm iflic haldadır. Əvəzində isə İsraildə — Ölü dənizin sahillərində istirahət edənlərin sayı birə-beş artıb.
Liviya.  Qəddafiyə nifrətim böyükdür, amma ikili standartlara nifrətim ondan da böyükdür. Məhz Qəddafinin sayəsində ABŞ-ın neoquldarlıq planı fiaskoya uğramaqdadır. Keçən həftə hər kəs kimi mən də sadəlövhcəsinə bu inqilabların xalq tərəfdən edildiyini, onların artıq yalandan, pafosdan cana doyub, öz etirazlarını bildirdiklərini düşünürdüm. Ta ki, orada yaşayan insanlarla ünsiyyətdə oldum. Liviyadan qayıdan bir neçə həmvətənlərimizin söhbətləri mənim bu olaylara baxışımı tam dəyişdi. Təfərrüatlara varmayacam, bu haqda artıq müstəqil internet istifadəçiləri kifayət qədər yazıblar. Məsələn bu yazını mütləq oxuyun — http://u-96.livejournal.com/2440540.html. Şahidlər deyirlər ki, xarici telekanallarda Liviya hadisələrinə dair verilən xəbərlər tam uydurmadır. Xarici telekanallar xəbər verir ki, bəs filan şəhəri bombalayırlar, şahidlər çıxırlar çölə, küçələri gəzilər, heç bir bomba-atışma yoxdur.

Bütün bu olayların ABŞ administrasiya tərəfindən idarə edilməsinə dair digər fakt — “müxalifətçilərin” ən son NATO (!) silahlarından istifadə etməsidir. Bu linkdə buna dair kiçik araşdırma aparılıb — http://nstarikov.ru/blog/8569. (Linkə görə Emil Əliyevə təşəkkürlər). Təsəvvür edin, özünə “müxalifətçi” deyənlərin istifadə etdiyi silahlar heç bir silah bazarında satılmayan və sırf NATO ölkələrində istifadə üçün nəzərdə tutulan amerikan silahlarıdır. Özü də onlara bu mürəkkəb silahlardan istifadə etmək üçün əcnəbilər təlim keçir (bu da fotolarda əks olunub).
Digər tərəfdən qərb telekanalları bar-bar bağırır ki, Qəddafi muzdlulardan istifadə edir. Amma bunun əksi olaraq, şəkillərdə elə həmin muzdlular “müxalifətçilərin” yanında təsvir olunurlar. Mənim özümü bir neçə gün bundan əvvəl Euronews-un Liviyadan növbəti xəbərində “müxalifət” sözcüsünün tam qaradərili olması çox təəcübləndirdi.
Deməli bütün bu hadisələr əvvəlcədən hazırlanıb — narazı kütlə ələ alınıb, tonlarla yeni silahlar, narkotik paylanılıb (buna dair də çoxsaylı faktlar var) və zombiləşmiş insanlar dövləti dağıtmağa başlayıb. Məqsəd — yeni münaqişə zonası yaratmaq, təbii sərvətlərdən də maneəsiz istifadə etməkdir. İraq hadisələri bunun bariz nümunəsidir.
Özünü azadlıq carçısı kimi təqdim edən — Al Jazeera.  1996-cı ildə BBC World-un ərəbcə yayımlanan və Səudiyyə Ərəbistanında yerləşən kanalının fiaskosundan sonra (ərəblər bu telekanala etibar etmirdilər), ağıllı anqlo-sakslar işə daha tədbirli yanaşıb qərbin neft köləsi olan Qatarda elə oranın şeyxinin vəsaiti hesabına Al Jazeera telekanalını yaratdılar. Bu telekanal 100% anqlo-sakslar tərəfindən idarə edilir. Telekanalın guya ərəb kanalı olduğu mifini yaratmaq üçün Al Jazeera daim siyasi qambitdən istifadə edib — mütamadi olaraq İsrailə, ABŞ-a qarşı əhəmiyyəti olmayan, amma kütlənin şüuruna işləyə biləcək xəbərlər verib, ərəblərin rəğbətini qazanıb. Qazanıb ki, gələcəkdə səmərəsini görsün. İndi isə o qeyd etdiyimiz “gələcəkdir”. Ərəb inqilablarının sosial şəbəkələrlə yanaşı ən böyük detanatorlarından biri bu telekanal hesab edilir. Al Jazeera-nın hal-hazırki işi — həqiqətə uyğun və heç bir əsası olmayan, köhnə kadrları yeni kimi qələmə verib bu telekanala inanan insanları zombiləşdirib, onların hissləri ilə oynayıb küçələrə çıxarmaqdır. Yuxarıda göstərdiyim linklərdən birində hadisələrin real şahidi Al Jazeera-nı tam çılpaqlığı ilə ifşa edir.
Epiloq. Faktiki ABŞ insanların diktaturadan azad olmaq istəklərindən istifadə edərək, demokratiya pərdəsi altında öz iyrənc siyasətini aparır. Respublikaçıların başladığı neoquldarlıq ideyası növbəti fazaya keçir. Bu oyunun tələsinə düşməmək üçün isə diktatorlara insaf gərəkdir. Qoy onlar biraz insaflı olub, özlərində güc tapıb vaxtında siyasi arenanı tərk etsinlər, təmsil etdikləri millətləri başqa xalqların əlində alətə çevirməsinlər.
Allah bizi qorusun!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Qəddəfi. Heydər Camal. Sumqait.com və Kirkorov

Nifrət etdiyim və ən təkəbbürlü diktatorların birincisi Qəddafi (və ya Qəzzafi) getmək bilmir ki, bilmir. Bu azmış kimi, artıq ölkəsinə xarici qüvvələr də müdaxilə edir, Liviya az qala Əfqanıstanı xatırladır. Bütün bunlar Qərb dövlətlərinin əvvəlcədən mükəmməl şəkildə hazırladıqları plandan başqa bir şey deyil. Azadlıq ideyası gözəl ideyadır. Bu utopiya qoxulu ideya yeridilir ac və yalavac, özbaşınalıqdan cana doymuş kütlənin beyninə və kütlə də zombiləşmiş formada hərəkətə keçir. Hər kəs azadlıq istəyir. Tarix boyu belə olub, olur və olacaq. Son inqilablar — Misir və Tunis hadisələri “happy end”-lə bitdisə, Liviya hadisələri sonluğun gözlənilməz faciəvi olmasına işarədir.
Gəddafi
Bu günlərdə hörmət etdiyim politoloqlardan biri, yerlimiz Heydər Camalın siyasi fahişə Jirinovski ilə polemikasına baxdım. Polemika zamanı Heydər bəy çox ağla batan faktlar səsləndirir. Sizləri də bu verlişə baxmağa dəvət edirəm.

Camal bəyin sözlərindən belə aydın olur ki, Qəddafi faktiki ABŞ-ın peşkasıdır və hal-hazırda elə qərbin Liviyanı növbəti Əfqanıstan, İraqa çevirmə planında iştirak edir. İnandırıcıdır. Digər tərəfdən ola bilər ki, Qəddafi indiyə kimi ABŞ-ın köləsi olub, ölkə neftini onlara içirdib, amma vaxt keçdikcə, pul artdıqca sahiblərinə daş atmağa başlayıb. Belə olan halda Qəddafi qurbandır, neft naminə qurbanlıq verilən qoyun. ABŞ isə digər dövlətlərin işlərinə qarışmıram deyib, artıq Liviyaya qoşun yeritməkdədir.
Bizimkilər isə 7 səhifəlik xüsusi zövqsüzlüklə tərtib olunmuş və şablon informasiyadan ibarət bir sayt yaradıb TV-ni zəbt ediblər. Axır bir həftədə hansı kanalı açdım — sumqait.com (domen seçərkən şəhərin adını belə düz yaza bilməyiblər) saytının təbliğat-təşviqat kampaniya gedir. Texniki cəhətdən sayt uzaq 98-99-cu illərdə ilişib qalıb, bunu sayt yaradıcılarının vicdanına buraxıram, bəs saytın kontenti? Qeyd etdiyim kimi sayt şablon və olduqca maraqsız tərzdə yazılmış bir neçə məqalə-faktdan ibarətdir. Görəsən bunlar ermənilərin hazırladığı baku.am saytını görüblər? Fikir verin, ermənilər necə səlist şəkildə olmayan faktları gerçək kimi təqdim edirlər. Bizimkilər isə olan hadisələri belə mifə çevirməkdə səlistlik göstərirlər. Əhsən.
Çünki belə olmasaydı, kişi fahişəsi və öz erməni sevgisi haqda yeri gəldi-gəlmədi bəyan edən Bedros Kirkorovun oğlu Filip Kirkorovun Azərbaycana gəlişinə etiraz bildirən daha çox olardı. Erməni olduğuna görə fəxr etdiyini dəfələrlə bildirən, hətta bu adda albom da buraxan İrina Alleqrovanı isə Bakıya gətirənlərin milliyətinə mənim böyük şübhəm var. Axı nə qədər olar?!
Mövzuya dair forumda müzakirələr
Son olaylar. Nələr baş verir?!

Online Azərbaycan xalq mahnıları toplusu layihəsi

Dostlar, bir neçə gündür music-azerbaijan.com-un drop olmasını gözlədikdən sonra, nəhayət bu domeni ala bildim. Əvvəlki yazılarımda qeyd etmişdim, bu domen vasitəsilə İnşallah Azərbaycan xalq mahnılarının online arxivini yaratmaq fikrim var. Bütün musiqilərə online olaraq Soundcloud-a vasitəsiylə qulaq asmaq və həmçinin bir-başa saytdan yükləmə imkanı olacaq.  Saytın dizayn tərtibatı isə olduqca sadə və insanları yormayan tərzdə tərtib ediləcək. Dil variantları 4 dildə olması planlaşdırılır (daha sonra bunu artıra bilərik) — Azərbaycan, Rus, İngilis, Erməni dilləri.

İndi bu layihədə iştirak etmək istəyən bütün vətənpərvər Azərbaycan övladlarını əməkdaşlığa çağırıram. Sizdən hələlik tələb olunan — xalq mahnılarını keyfiyyətli formatda (ən azından 128 kbps) hər hansı bir yükləmə saytına yükləyib, müvafiq linklərlə rəylərdə bölüşün. Xahiş edirəm, soundCloud olmasın. Rapidshare və ya Deposit Files ola bilər. Kömək etməkdə hələ də tərəddüd edənlərə yüklədiyim bir neçə musiqinin sehirli aləminə valeh olmağa dəvət edirəm. Məgər bu gözəllikləri dünyaya çatdırmalı deyilik? Elədə isə kömək edin.

Dalgalar — Azerbaijan music


Bulbuller oxuyur — Azerbaijan Music


Apardi seller Sarani — Azerbaijan music


Gelmedin (instrumental) — Azerbaijan Music


Sari gelin — Azerbaijan music
Fayl keyfiyyəti ilə yanaşı xahiş edirəm musiqinin səslənmə və ifa keyfiyyətinə də fikir verin. Layihəni İnşallah sağlıq olsun, Aprel-May ayı üçün buraxmaq fikrimiz var.
Mövzuya dair forumda müzakirələr ↓
Online Azərbaycan xalq mahnıları toplusu layihəsi

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№4) ↓

Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.
Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.

***
AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.

***
Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.

***
Apple yenə irəlidədir. Möhtəşəm çarx.

***
və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.

Hələlik bəsdir. Xoş istirahətlər. 😉
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Azərbaycanın banisi, böyük M. Rəsulzadənin ad günüdür!

Bu gün Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycanın yaradıcısı, bütöv Azərbaycanın baş ideoloqu, ulu öndər Məmmədəmin Rəsulzadənin ad günüdür. Hər bir Azərbaycan vətəndaşını, özünü türk sayan hər bir insanı bu böyük gün münasibətilə təbrik edirəm! O gün olsun onun böyük ideyaları gerçək olsun!
Cənab Rəsulzadənin “Amerikanın səsi” radiosuna vermidiyi tarixi müsahibədən bir fraqmentə qulaq asın. Möhtəşəm!

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət Günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz. Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Mövzuya dair forumda müzakirələr ↓
Böyük türk-Məmməd Əmin Rəsulzadə!

HTC-dən mobil telefonlar bazarında inqilabi yenilik?!

Dünyanın nömrə bir smartfon istehsalçısı HTC mobil telefonlar bazarını dəyişə biləcək inqilabi yenilik etmək fikrindədir. HTC-nin təklifi belədir — axı niyə hər dəfə texnoloji yenilik axtararkən, bütöv telefonu dəyişirsiniz, halbuki yalnız apart hissəsinin dəyişilməsi ilə kifayətlənmək olar?! Bu həm ucuz başa gələr, həm də daha tez-tez yeniliklərdən faydalanmaq olar. Məgər biz printerin katrici bitəndə gedib yeni printer alırıq?! Burada da eyni prinsipdir — yeni əməliyyat sistemi çıxdı, telefonunun ona gücü çatmır, köhnə katrici (telefonun için) təhvil ver, daha yenisini al. Məsələn indiki katricdə Android 2.3 əməliyyat sistemidir, siz gedib yenisini aldıqda Windows Phone 7 əməliyyat sistemli katric götürə bilərsiniz + həm yaddaşı, həm də prosessoru daha güclü.

Əslində maraqlı iddiadır. Amma HTC-nin bunu inqilabi yenilik kimi təqdim etməsi düzgün deyil. Çünki kiçik araşdırmam nəticəsində məlum oldu ki, bu tip texnologiya artıq İsrailin Modu şirkəti tərəfindən bir neçə ildir ki, istifadə edilir. Amma bu şirkətin adını birinci dəfə eşitdiyimizdən, bu tip texnologiyanın heç də uğurlu olmadığını təxmin etmək olar. Bir də ki, kütlə telefonları sosial göstərici kimi istifadə edir. Məsələn, kim 4 illik bir telefonu üstündə gəzdirəcək?! Nə olsun ki, daxili (katrici) ən son modeldir, axı kütlə hər tərəfli yenilik istəyir. Şəxsən mənim özüm də, telefonları nəsə yeni bir yenilik istədiyimdən dəyişirəm. Bu həm funksionallığa aiddir, həm də ki xarici görünüşə. Köhnə görünüşlü telefon isə sadəcə adamı bezdirir…

Mənə görə HTC-nin bu layihəsinin kütləvi bazarda heç bir perspektivi yoxdur. Bəs siz nə fikirləşirsiniz?!
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Dində böhran?! Fikirlərim

Bir neçə müddətdir müşahidə edirəm — ən proqressiv gəncliyimiz sürətlə dindən uzaqlaşır, müqəddəs kitabları ələ salıb, dini primitivlik əlaməti hesab edirlər. Bu tendensiya adətən qərbdə daha çox yayılmışdı, indi də biz bunun şahidi oluruq. Axı niyə savadlı insanlar dindən uzaqlaşırlar?! Bəlkə dinin özü doğurdan da primitivləşib?! Yox, fikrimcə primitivləşən din deyil, dini təmsil edən fərdlərdir, şəxsi mənafeyə görə “imana” gələnlərdir.
Maraqlı misal — heç bir video çarxına baxmadığım, amma dostlar tərəfindən vaxtı ilə çox təriflənən Harun Yahya özünə məxsus “qatıqlamqları”  ilə YouTube-un ulduzuna çevrilib. Əslində bu İslama qarşı əvvəlcədən düşünülmüş bir plan da ola bilər — Harunu bir qatı və elmli dindar kimi PR edərək kütləyə istədirlər, daha sonra onun necə mənəviyyatsız olduğunu göstərirlər. Nəticədə İslam bir din kimi gözdən düşür. Ola bilər. Amma gəlin öz bostanımıza da baxaq.
Azərbaycanda İslam dininə mənsub dindarları dörd yerə bölərdim:
1. Səmimi qəlbdən ali varlıq olan Tanrıya inanan, ona hər gün ibədət edib, onu hər an anan insanlar. Belələri hardasa dindarların maksimum 15-20%  təşkil edir.
2. Kiminsə namaz və ibadət etdiyini görüb, onunla bəhsə girib dinə gələnlər. Bu tip insanlar adətən dinə “pokazuxa” üçün gəlirlər. Məsçidlərdə müşahidələrim onu göstərir ki, bu tip insanlar dində olanların hardasa tam yarısını təşkil edirlər. Buna iman yox, bambılizm (cahilliyin bir növü) deyərdim. Bunların flaşmoberlərdən heç bir fərqi yoxdur, onlar da “pokazuxa” üçün əyilib düzəlirlər, bunlar da. Sadəcə məkan başqadır. Belələrinə saxta “hacı”-lar da deyilir. Dini bilikləri isə 0. Özü də dini “kruqdan” ayrıldıqdan sonra, yenidən öz əsl simalarına qayıdırlar.
3. Öz istəklərinə rəğmən dində olmağa məcbur edilənlər. Bunlar adətən az yaşlılar və ya qadınlar olur və öz iradələrinə qarşı ibadət etməyə məcbur edilirlər. Belələri hardasa dindarların 20%-nı təşkil edir.
Və sonda — 4. Dindən sui istifadə edənlər, dinə bir biznes aləti kimi baxanlar. Belələri adət üzrə bizim mollalardır. Yas tutmaq, yas danışmaq bunların peşəsidir. İyrəncdir. Bu gün biabırçı bir mənzərənin şahidi olmuşam — yaxın insanla ibadət üçün “Göy məsçid”-ə getmişdik. Məsçid təmirdə olduğu ibadət üçün balaca bir yer düzəldiblər, o balaca yeri də pərdə ilə 2 yerə bölüblər — birində rüşvətxor mollalar oturub, birində isə camaat öz ibadətini edir. İnanırsız, içəridə oturmaq mümkün olmadı — kimsə mollaya Yasin “oxutmaq” üçün 10 manat pul verib, biri də (deyəsən məsçidin Administrasiyası idi) gəlib ki, “ay molla davay Yasinlərin pullarını düş bura”… Aralarında 5 manata (!) görə mübahisə düşdü… Təsəvvür edin, siz Allah yolunda pulu verirsiz, adını molla qoymuş mənəviyyatsızlar o pulları mənimsəyərək, elə Allah evindəcə dava edirlər. “Göy məsçid” kimi mötəbər bir məsçidi alverxanaya çevirən dünya-malı düşgünlərinə ar olsun! Oranın axundu hara baxır, məlum deyil… Ümumiyyətlə, Azərbaycanda bütün din sistemi çürük, təhsil sistemimiz kimi sovetlərin paslanmış və işləməyən rüşvətxor mexanizmindən başqa bir şey deyil…
Pulu dinə çevirənlər isə özləri də bilmədən başqalarına xidmət etmiş olurlar. Aşağıda post etdiyim maraqlı və düşündürücü bir filmə baxın.

Nəsə. Belə insanlar bütün İslam ölkələrində var, amma nə yazıqlar olsun ki, sadaladığım son 3 tip dindarlar bizdə çoxluq təşkil edir. Məhz onların iyrənc oyunları nəticəsində cavan və proqressiv gənclik dindən iyrənir, məhz onların sayəsində mənən boş insanlar radikallığa üz tutur, mənəviyyatsızlar isə daha da həyasızlaşırlar.
Proqressiv gənclərimizə isə üz tutaraq demək istəyirəm — dostlar, İslam sülh və ədalət dinidir. İslam gözəldir. Sadəcə hansısa fərdlərə görə bütün dindən, sizi yaradandan üz döndərməyin! Onlar buna layiq deyillər…
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Dində böhran?!

Aston Martin. Şirkət konrekt havalanıb

Avtomobil xəbərlərini izləyən bir insan kimi, bu günlərdə məşhur luks brendi Aston Martin-in Toyota-nın iQ modeli üzərində qurduğu avtomobilin qiyməti çox maraqlı idi. Xatırladım ki, Toyota iQ 9 min ABŞ dollarına satılır. Aston Martin isə yeni anons etdiyi Cygnet adlı balacanın qiymətinin nə az nə çox, düz 31 min (!) funt sterlinqdən başlamasını elan etdi, bu da hardasa edir 42 min dollar. Təsəvvür edirsiz, 1.3 motorlu avtomobilcığaza bu qədər pul…

Aston Martin amma ruhdan düşmür, deyir axı mənim balacımın unikal stabilizasiya sistemi (hansı ki, Toyota da var), parlaq disklər, açarsız qoşulma sistemi, elektrik şüşə-qaldıranlar (hə, bax bu texnili inqilabdı :lol:), dəri oturacaqlar, klimat-kontrol, GPS naviqasiya sistemi var. Nə qədər qəribə olsa da, 42 min dollar Mercedess C-Class-in qiymətidir. 42 min dollara 2 D Class təmsilçisi — Hyundai Sonata almaq olar, 42 min dollara bir Audi A4 + Kia Rio almaq olar, 42min dollara — ən azında bizim rəşadətli “barmaq sındıran” polislərimizin gəzdiyi BMW 3-cü seriyadan almaq olar. Amma 42 min dolları faktiki Toyotanın 9 minlik modelinin restaylinqinə vermək səfehlik deyilmi?!


Kimsə indi deyəcək ki, problemlər içində üzürük, sən gör nə haqda yazırsan… Hərdən biraz pozitivlik də lazımdır. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Avto Xəbərlər / Авто Новости

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom