Etiraf etmək lazımdır ki, Xəzər TV efirə çıxar-çıxmaz Azərbaycan TV məkanında kiçik də olsa bir inqlab etdi. İndi aparıcılar efirdə jonqlorluq edir, xəbərlərin fonunda ən son xit mahnılara qulaq asa bilirik və nəhayət — sındırlmış, məhv edilmiş Azərbaycan dilinin şahidi oluruq.
Bir Azərbaycan vətəndaşı kimi çox narahatam — sözüm Xəzər TV-nin sonuncu “nailiyyəti” haqqındadır. Azərbaycan dili. Doğma dilimizin tarix boyu başına nələr gəlib, bir Allah bilir. Məzlum dilimiz indi də Xəzər TV tərəfindən təhrifə məruz qalır. Sözləri heç bir fonetik, qrammatik və s. qaydalara uyğun olmayan, Azərbaycan ədəbi dili bir yana, regionlarımız üçün də yad və naməlum ləhcə ilə verliş aparan bu aparıcılar görəsən hansı prinsip və bacarığa görə efirə buraxılır?! Ümumiyyətlə məndə bəzən elə təsəvvür yaranır ki, onlar öz qüsurlu ləhçələri ilə fəxr edirlər (yəqin qeyri-adi ləhçə ilə danışmaq Xəzər TV-də nüfuz sayılır), yeri gəldi gəlmədi onu işlədirlər. Amma bir şeyi unudurlar — bu ölkədə barmaqla sayılası televiziya kanalları var və onlar müvafiq olaraq əhali arasında maarifləndirici rol oynayırlar. Deməli ləhçə məsələsində daha məsuliyyətli və ehtiyyatlı olmalıdırlar.
Xəzər TV indi dil problemini görməz olub, öz ampluasında efirə çıxmaqda davam edir. Bəs aidiyyatı orqanlar niyə bu problemə reaksiya vermir?! Əgər ölkədə 50-60 kanal yayımlansaydı, onları anlamaq olardı, amma 6 kanaldan biri bu cür qüsurlu ləhçə ilə efirə proqramlar buraxırsa… Nəsə. Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Xəzər TV və ya tərif edilmiş Azərbaycan türkcəsi