Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Dubai. Azərbaycan gəncinin qeydləri… (1-ci hissə)

Əslindən bu yazını Bakıya dönərkən Dubai beynəlxalq hava limanında yazmağa başladım. Hər tərəfim azərbaycanlı idi, bu azmış kimi informativ tabloda dönəcəyim doğma şəhərin adı da — Haydar Aliyev kimi göstərilmişdi. Sanki Bakıdaydım.  =)
Dubai-a daxil olar-olmaz diqqətimi ilk çəkən məqam — hər tərəfin ideal təmiz olması idi. Bunu hər yerdə müşahidə etmək olur — böyük quruculuq işlərinə baxmayaraq, yollarda toz, palçıq, adət etdiyimiz analoqu olmayan çuxurlara rast gəlmək mümkün deyil. Bütün yollar, körpülər, binalar yaşından və görünüşündən asılı olmayaraq təmiz və baxımlı saxlanılır. Burada həmçinin, siz balkonlardan asılmış pal-paltar, peyk antenalarını görməzsiniz. Hər-halda mən orada olduğum müddətdə bir dəfə də olsun belə bir halın şahidi olmadım.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkildə — Adi yaşayış binası. Nə asılmış pal-paltar var, nə də ki peyk antenaları.

Şəkildə — Bütün yollar boyu kanalizasiya sistemi qurulub, hərçənd Dubai-da ildə 1-2 dəfə yağış ya yağa, ya da yağmaya. Bizimkilər üçün böyük örnək.
Dubai-da digər diqqətimi çəkən məqam — insanların qanunlara olan hörmətidir. Bu əsasən də gündəlik həyatda hiss olunur. Məsələn, heç bir piyada müəyyən edilməmiş yerdən keçməz (əlbətdə ki, əgər o Azərbaycandan gəlmə deyilsə), taksi sürücüsü isə müəyyən edilmiş yerdən kənar öz taksisini saxlamaz və ya heç kəs maşınıyla yol boyu çəkilmiş xətləri tapdalayıb qırmızı işıqdan keçməz. Özü də bu hal yalnız yerli (burada onlara lokal deyilir) əhaliyə aid deyil, qayda-qanunu gəlmələr də gözləyir. Yollarda 2-3 dəfə qayda pozuntusunun şahidi olduq, təsəvvür edin, ikisində sürücü azərbaycanlı çıxdı. =) Ümumiyyətlə, burada qayda pozanlara qarşı sosial qınaq var, onlar qanacaqsız, mədəniyyətsiz kimi qəbul edilir. Əfsuslar olsun, amma bizdə bunun tam əksidir — qayda pozmaq “bomba oğlan”-lıq sayılır. Günah bizim özünü ifadə etmə və cılızlıq kompleksimizdədir.
Dubai-da sərnişin daşıma sistemi də mükəmməl təşkil olunub. Avtobusun sərnişinin istəyi ilə harda gəldi saxlaması fantastik olay kimi görünür. Burada avtobusların dayanması üçün xüsusi ayrılmış dayanacaqlar var və bu dayancaqların sayəsində sərnişin götürən avtobuslar heç bir halda yol ilə hərəkət edən digər avtomobillərin gedişatına maneə olmur. Bizdə 3 sıra dayanıb bütün yolu tutan avtobus sürücülərinin (onlara sürücü demək olarsa) gözlərindən iraq…


Şəkildə — Əksər avtobus dayanacaqları kondisionerlə təhciz olunub.

Şəkildə — Taksilər bizdə biznes klas avtomobillər hesab edilən Toyota Camry və Hyundai Sonatadır.

Şəkildə — Azərbaycan taksi sürücülərinin arzusu — Dubai-da taksiyə minmək üçün bəzən növbəyə durmalı olursan.
Dubai metrosu baxımlı və müasirdir. 2 il ərzində ərəblər 30-dan (!) çox stansiya tikib, təhvil veriblər. Bax buna deyərəm analoqu olmayan inkişaf! Görəsən Tağı müəllimin bundan xəbəri var?! =)



Şəkillərdə — Dubai metrostansiyaları bir-birinə bənzəyir, amma buna baxmayaraq çox proqressiv və müasir görünüşləri var.


Şəkillərdə — həqiqi “analoqu olmayan” quruculuq işləri gecələr də davam edir.
Bu günlük bu qədər, davamı (davamları) mütləq olacaq. Bloqu izləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Eurovision bayramınız mübarək!

İlk öncə Eldar və Nigarın Azərbaycan türkcəsində normal danışa bilməməkləri mənə çox toxundu. Təmsil etdiyin doğma vətəninin dilini bilməmək analoqu olmayan hallar silsiləsindən idi. Amma heçnəyə baxmayaraq onlar qalib oldular. Rusların gözəl bir məsəli var — победителей не судят. Möhtəşəm qələbə idi. Azərbaycan çətinliklə də olsa, lazımı qədər səsi toplaya bildi. Təbriklər Azərbaycan!

Azərbaycan üçün bu çox böyük uğurdur. Ani saniyədə Azərbaycan sosial şəbəkələrdə top trendlər sırasında oldu. Hətta deyilənə görə Google Earth sorğuların çoxluğundan sıradan çıxdı — hər kəs xəritədə Azərbaycanı axtarırdı. Bu ölkənin tanıtım yolunda çox böyük və əhəmiyyətli PR addım olacaq, İnşallah.
Təriflədim, bəsdir. Adətim üzrə, əmmalara keçirəm:
Nigarın türk bayrağı ilə səhnəyə çıxması, Eldarın göstərdiyi bozqurd işarəsi — şəksiz bunlar Türkiyəyə böyük jest və sayğı idi. Amma… öz bayrağımızı da Eldar götürə bilərdi. Məgər böyük Rəsulzadə möhtəşəm bayrağımızı qardaş bayrağından istifadə edək deyə yaradıb?! Hə, deməli belə… Bu məsələdə bir pozitivlik hiss etdim — türk soyumuzun dərketmə prosesi qaçılmaz bir vüsət alıb.

Türk qardaşlarımızın təmsilçimizin səhnəyə onların bayrağı ilə çıxmasına maraqlı reaksiyaları.

Digər bir məsələ, bizimkilər qalib olar-olmaz, İTV və digər yerli telekanallarda dəxilsiz insanların analoqu olmayan sabunlanma prosesinə başlamasıdır. Hər kəs özünə məxsus tərzdə sabunlanma üslubuna əl atır. Gözəl və möhtəşəm bir qələbəni mənasızlıqları ilə ucuzlaşdırırlar. Bu qələbədə bir çox insanların haqqı, zəhməti var — bilirik, amma bunu dəfələrlə və dayanmadan saqqız kimi çeynəyib gözümüzə soxmaq ən azından bezdiricidir.
Başqa bir məqam isə küçə avtoyürüşlərdir — xalqımız böyük qələbələrə susayıb, insanların küçələrə axışması başa düşüləndir, amma burada da qədərinə varmaq lazımdır. Məgər qızların lütlənib özlərini çölə qoyması, yoxsa hansısa avtoşun avtomobili 2 təkər qaldıraraq qəza şəraiti yaradıb 6 maşın əzməsi sevinc hissidir, yoxsa əzəmətimizin göstəricisidir?!  Maraqlıdır… Belə hallar şənliyin konkret şitini çıxarır.
Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. Məsələn, buradakı rəylərə baxın — Armtoday.info. Haylar artıq çarəsizlikdən bir-birlərini təhqir belə edirlər. Onu da nəzərə alın ki, rəylərin 99% pozulub — saytda yalnız Azərbaycanlılar adından ermənilər tərəfindən yazılan sarsaq rəylər, bir də öz şəxsi rəyləri yer alır. Sağlam fikirli rəylər həmən pozulur.
Və sonda… Nə qədər təəcüblü olsa da, Azərbaycanlılar arasında da bu qələbəyə sevinməyənlər, müsabiqəyə ləkə yaxanlar da tapıldı. Hərənin bir dərdi var, amma bildiyim qədəri onların bir çoxu bu qələbənin iqtidara işləyəcəyindən ehtiyatlanaraq bu addımı atırlar. Ola bilsin özlərinə görə, onlar haqlıdırlar, amma şəxsən mənim fikrimcə yanılırlar — vətənin qələbəsinə yalnız sevinmək lazımdır, müxalif vətənə deyil, iqtidara olmaq lazımdır. Unutmaq lazım deyil ki, iqtidara hər kəs gələ bilər, amma vətənimiz bir və dəyişilməzdir.
Eurovision bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Eurovision 2011-in qalibi – AZƏRBAYCAN!

Son bir həftədə baxdığım filmlər (№8). Resenziya

Çoxdandır ki, baxdığım filmlərə dair fikirlərimlə bloqda bölüşmürəm. Ənənəni davam etdirək. =) Bu həftənin film porsiyasını qarşılayın —Битва за Лос-Анджелес (Battle: Los Angeles), Сказ о розовом зайце, Время ведьм (Season of the Witch), Исходный код (Source Code), Три дня на побег (The Next Three Days).
Инопланетное вторжение: Битва за Лос-Анджелес (Battle: Los Angeles)
Fantastika janrında çəkilmiş filmdir. Bu filmi torrent treklərdən həsrətlə yükləyib, həvəslə baxmağa başladım. Amma əfsuslar olsun, filmin süjeti ilk yarım saat maraqlı olsa da, qalan hadisələr sanki şablon üzrə cərayən edir. Güclə səbr edib axıra kimi baxmışam. Bu qədər effekt, bu qədər pulu mənasız və çox banal bir filmə xərcləyiblər. Aktyorların oyununa qiymətim isə — -150 (mənfi). =)
Ssenari haqda qısaca — guya planetimizə yadplanetlilərin gözü düşür. Hədəfləri isə sudur. Amma nədənsə insanları da öldürməyə başlayırlar, dığalar demişkən, əsl genosid törədirlər. Hər şey cəhənnəm, amma yadplanetlilərin o boyda texnoloji imkanları ola ola patron sayağı silahdan istifadə etməsi analoqu olmayan hadisələr silsiləsindəndir.
Özü kimi primitiv filmi fikirləşmək üçün gərək dərrakən ən azından amöb səviyyəsində ola. Bu fantastik göstəriciyə görə ssenaristləri yalnız alqışlamaq qalır. Başlarına dəysin.
Nə badə bu mənasız filmə baxasınız. Boş yerə vaxt itkisi olacaq.
Qiymətim isə 10 baldan 1 bal. 1 bal da ona görə ki, heç olmaya ilk dəqiqələrdə filmin baxımlı olmasına ümüd var idi…

**********************************************************************
Сказ о розовом зайце
Qazax arkadaşlarımızın filmidir. Açığı maraqlı bir şey gözləmirdim, amma əksi oldu. Əla ssenaridir. Filmin əsasında cəmiyyətdə hökm sürən sosial haqsızlıqlar barədə bir hekayə durur. Aktyorlar da normal oynayırlar. Filmdə yegənə xoşuma gəlməyən cəhət — həddən artıq pafosun olmasıdır — guya Alma-Ata Alma-Ata deyil, Nyu-yorkdur, bəşəriyyətin mərkəzidir. =)
Deməli bir kasıb tələbə qaqaş varlı birisi ilə dostluq edir. Tələbə varlının hesabına hər kəsi təəcübləndirməyə başlayır. Mənasız razborkalara Porsche və 10-larla boyunu yoğunla gedir. Qaqaş konkret havalanır. Amma bir gün varlı dostunun digər dostu bunların yanında özünü oldürür və hər şeyi atırlar artıq qazlanmış tələbənin üstünə.
Filmi qazax kinomotoqrafiyasının şah əsəri saymaq olar. 10 ballıq şkala ilə qiymətim 6 bal. Pafos, mafos. Qiyməti kəsməyimə səbəb odur.

**********************************************************************
Время ведьм (Season of the Witch)
Filmin baş qəhramanı sənətinə hörmət etdiyim aktyorlardan olan Nicolas Cage-dir. Filmin adından da bəlli olduğu kimi fantastik janrda çəkilib. Əla tərtib edilmiş realist 3D səhnələr var. Qrafikaya söz ola bilməz. Elə ssenari də qənaətbəxşdir, amma nə yazıqlar ki, artıq bu kimi filmlər zəhləmizi töküb. Yazıq Nikolas gözəl aktyor rolu ilə var gücü ilə filmi xilas etməyə çalışsada, alınmır.
Orta əsrlərdir. İnkvizisiya bir neçə qadını ifritəlikdə ittiham edib edam edir. Amma iş elə gətirir ki, dini ayinləri bitirmədən onları suya atırlar. İftitələrə də elə bu lazım idi. Onlar dirilib, dini ayini sona çatdırmaq üçün hadisə yerinə gələn keşişi o biri dünyalıq edirlər. Nəsə. Sonra süjet dəyişir. Səlib yürüşlərindən qayıdan 2 cəngavərə günahlarını yumaq üçün yeni tapşırıq verilir. Bir azyaşlı ifritə qadını çatdırmalıdırlar müəyyən yerə. Sən demə bu ifritə və ilk baxışdan çox sadəlövh görünən bu qız iblisin özü imiş.
Əla effektləri bir daha qeyd etmək istəyirəm. Kinoteatrda bu film ümumiyyətlə super görünür.
Qiymətim 10 ballıq şkala ilə 7 bal. Bu tip filmlər artıq ləzzət vermir.

**********************************************************************
Исходный код (Source Code)
Mənim yeni ən sevimli filmim. Film bir andaca baxılır. Bu da fantastika janrında çəkilmiş bir filmdir, amma Battle: Los Angeles-də fərqli olaraq mənasız ətdoğrayan (мясорубка) deyil. Bu film eyni zamanda öz romantikliyi, mənəvi mesajı, elmi əsaslanması, peşakar rejisor işi və aktyorların gözəl oyunu ilə seçilən bir filmdir. Ssenari hardasa “İnception” filmini xatırladır, amma bu film İnceptiondan daha baxımlı və maraqlıdır.
Ssenari demişkən — sürətli qatarda gedən birisi hiss edir ki, qatarda mövcud şəxs o özü deyil, sanki kiminsə bədəninə daxil olub. Elə hər şeyi aydınlaşdırmağa çalışır ki, birdən qatar partlayır… və o bunkerdə oyanır. Sən demə bu bunkerin özü gizli bir labaratoriyada yerləşir və o bunkerin özü də eyni zamanda mövcud deyil — artıq o biri dünyaya ayaqlayan birisinin xəyalıdır. Çətin oldu?! =))  Biraz aydınlıq gətirim. İnsan öldükdə, beyindəki neyronlarda müəyyən müddən aktivlik qalır + ömrünün son 8 dəqiqəsində baş verən hadisələr yaddaşda sanki video-kameraya çəkilmiş kimi həkk olunur. Gizli laborotoriya işçilərinin də məqsədi o son 8 dəqiqəni dəyişib, qatarı partladanı təyin etməkdir. Baş qəhraman hər şeyi dəyişdirir, amma gözlənilməz olay baş verir — bu dəyişmə nəticədə paralel dünya əmələ gəlir.
Filmə mütləq baxın. 10 ballıq şkala ilə 10 balın hər biri halaldır bu filmə!

**********************************************************************
Три дня на побег (The Next Three Days)
Russell Crowe-un filmdə baş qəhraman rolunu oynamasına baxmayaraq, filmə baxmağa nəsə həvəsim yox idi. Amma yaxın dostun filmi tərifləyib ssenarini qısa danışmasından sonra bu filmi qaçıra bilməzdim. Əla filmdir. Russell Crowe yenə də aktyor sənətinin ən parlaq nümayəndəsi kimi özünü təstiqlədi.
Ssenarini qısaca danışım — bir xoşbəxt və ortastatik ailədə xanım təsadüfən ölümlə nəticələnən oğurluq hadisəsinin şahidi olur. Amma xanımın sadəcə şahid olmasına rəğmən, bütün dəlillər cinayəti məhz onun törətdiyini göstərir. Nəticədə xanımı tutub, ömürlük həbs cəzası verirlər. Ərinin isə (Russell Crowe qəhramanı) həyati məqsədi xanımını türmədən çıxarmaq olur. Qanunlarda məyus olduqdan sonra o çox bir cəsur plan hazırlayır — xanımını türmədən qaçırma planı. Hər gün zəif yerləri tapmaq üçün türməni müşahidə edir. Edir, edir, edir… Ssenarini tam danışmayacam, amma filmə mütləq baxın.
10 ballıq şkala ilə qiymətim 8 bal. 2 balı kəsməyimə səbəb müasir filmlərin ayrılmaz tərkib hissəsi olan action səhnələrin həddən artıq az olmasına görədir.

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film – 2

Ən son texnoloji yeniliklər


Çoxdandır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Başlayaq. EvoMouse. Kompüter mouse-larının təkamülü. Amma əfsusar olsun ki, Cellulon şirkətinin istehsalı olan bu inqilabi yenilik hələ satışa buraxılmayıb. Hər-halda İnternetdə nə qədər axtarsam da, satışda olmasına, qiymətinə dair bir şey tapa bilmədim. 20-30 dollar arası olsaydı, alıb bir test edərdik.

********************************************************
Artıq texnoloji aləmin yeni liderinə çevrilən Samsung isə fantastik sayıla biləcək monitorlar seriyasını təqdim etdi. USB3 dəstəkli, avtomatik sönüb-yanan və çoxsaylı yenilikləri özündə cəmləşdirən bu ultra-nazik monitorlar həmçinin 3D texnologiyasını da dəstəkləyir. Əhsən Samsung. Mənim daha çox 9-cu versiya monitorlar xoşuma gəldi. Çox gözəl görüşü var.



********************************************************
iPad-da 3D ekran?! Bu mümkündür! Düzdür, hələlək proqram təminatı səviyyəsində. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Koreya. Fenomenal inkişaf

Hyundai-Kia konserninin fenomenal inkişafına heyranam. Ümumiyyətlə, son 10 ildə bütün Koreya şirkətləri öz seqmentlərində inkişaf tempinə görə rəqib tanımırlar. Demək olar ki, hər səviyyədə təmsil olunmağa can atan Hyundai-Kia birliyi artıq dünyanın 4-cü ən böyük avto-nəhəngidir. Dayanmadan öz üzərilərində iş aparırlar — 10 il bundan öncə bu istehsalçının avtomobilləri “oğru dizayna” əsaslanırdısa, indi modellər öz orijinallığı ilə seçilir. Dizayn cəhətdən son dövrlər KİA məni daha çox cəlb edir. Son modelləri olan Optima 2011 elə nəyə desən dəyər.

Götürək digər Koreya təmsilçisi — Samsung-u. Aşağı büdcəyə hesablanan texnika istehsalçısı bu gün ən yaxın rəqiblərini belə gəlirlərinə görə azından 3-4 dəfə üstələyir. Bir vaxtlar SONY-nin uğurlarına hədəflənən Samsung, indi özü dünya lideridir — hətta keçmiş hədəfi belə istehsal etdiyi məhsullarında onun patentləşdirilmiş texnologiyalarından istifadə edir. Bu yaxınlarda öyrəndim ki, Daewoo şirkətinin məlum müflisməşindən sonra, Samsung ona məxsus bütün strateji sənayeni ələ keçirib. İndi Samsung dedikdə tək məişət texnikası nəzərdə tutulmur, Samsung indi avtomobildən tutmuş müxtəlif növ silahlar, hərbi gəmilərədək istehsal edir! Əhsən bunda deyiblər.
Bu fenomenal inkişafın bir neçə motivasiyası var. Birincisi bu ölkə hal-hazırda faktiki iki yerə bölünüb — Cənub kapitalizmi hər bir şeydə Şimal “sosializminə” ondan daha üstün olmasını isbat etmək istəyir. İkincisi koreya xalqı tarixi və daha uğurlu düşmənləri tərəfindən əhatə olunub — Çin və Yaponiya. Bu da öz növbəsində dayanmadan inkişaf etmək və onlardan geri qalmamaq üçün daha bir səbəbdir. Üçüncüsi isə Koreya hal-hazırda inkişaf dövrünün keçid mərhələsin keçir, tam inkişafa çatdıqda iqtisadiyyatda sərinləmə hiss olunacaq, necə bu Yaponiya iqtisadiyyatında özünü bildirməkdədir. İqtisadiyyatlarını dünya səviyyəsində pik həddə çatdıran yaponlar son bir neçə ildə sanki soyuyublar. Və ən nəhayət — qeyd olunun bu üç prinsipin də düzgün işləməsi üçün düzgün strateji siyasi və iqtisadi addımların atılmasıdır. Əsl analoqu olmayanlar bu saat koreyalılardır, qoy bizim optimistlər inciməsin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Kia Candeza — Yeni əfsanə

Minskdə partlayış. Terroristlər yoxsa siyasi qambit?!

Dünən Minsk metrosunda partlayış baş verdi. Özü də Lukaşenkonun düz rezidensiyasının yanında. Adət üzrə hər şeyi yıxdılar terroristlərin, qərbin üstünə. Maraqlıdır, həqiqətən bu olayda terroristlər və “onları maliyyələşdirən” qərbin əli var?! Fikrimcə yox. Dünənki olay açıq-aydın iyrənc siyasi qambit nümunəsi idi — insanlar qurban verildi, nəticədə rejim daha da bərkidi və siyasi bonus qazandı. Bu hadisə lap 11 sentyabr olaylarını xatırlatdı. O vaxt 11 sentyabr hadisəsi Corc Buşa su və hava kimi lazım idisə, bu partlayış da Avropanın son diktatoru üçün həyati məna kəsb edir.
Məqsəd — “ərəb” ssenarisindən qorxuya düşən rejim cəmiyyətə çatdırmaq istəyir ki, bəs Lukaşenko getdi — Belorus qarışacaq. Bundan əlavə bonuslar da əldə edildi — indi müxalifətçiləri terrorda günahlandırıb daha asan zindanlara atmaq olacaq və yaxud polis rejiminin daha da ifratlaşmasına bahanə var. Nəsə. Günahsız insan həyatından öz çirkin siyasi oyunları üçün istifadə edənlərə ar olsun!



Video görüntülərə görə Aslana təşəkkürlər.
Mövzuya dair forumda müzakirələr ↓
Minskdə metro partladıldı

Qəddəfi. Heydər Camal. Sumqait.com və Kirkorov

Nifrət etdiyim və ən təkəbbürlü diktatorların birincisi Qəddafi (və ya Qəzzafi) getmək bilmir ki, bilmir. Bu azmış kimi, artıq ölkəsinə xarici qüvvələr də müdaxilə edir, Liviya az qala Əfqanıstanı xatırladır. Bütün bunlar Qərb dövlətlərinin əvvəlcədən mükəmməl şəkildə hazırladıqları plandan başqa bir şey deyil. Azadlıq ideyası gözəl ideyadır. Bu utopiya qoxulu ideya yeridilir ac və yalavac, özbaşınalıqdan cana doymuş kütlənin beyninə və kütlə də zombiləşmiş formada hərəkətə keçir. Hər kəs azadlıq istəyir. Tarix boyu belə olub, olur və olacaq. Son inqilablar — Misir və Tunis hadisələri “happy end”-lə bitdisə, Liviya hadisələri sonluğun gözlənilməz faciəvi olmasına işarədir.
Gəddafi
Bu günlərdə hörmət etdiyim politoloqlardan biri, yerlimiz Heydər Camalın siyasi fahişə Jirinovski ilə polemikasına baxdım. Polemika zamanı Heydər bəy çox ağla batan faktlar səsləndirir. Sizləri də bu verlişə baxmağa dəvət edirəm.

Camal bəyin sözlərindən belə aydın olur ki, Qəddafi faktiki ABŞ-ın peşkasıdır və hal-hazırda elə qərbin Liviyanı növbəti Əfqanıstan, İraqa çevirmə planında iştirak edir. İnandırıcıdır. Digər tərəfdən ola bilər ki, Qəddafi indiyə kimi ABŞ-ın köləsi olub, ölkə neftini onlara içirdib, amma vaxt keçdikcə, pul artdıqca sahiblərinə daş atmağa başlayıb. Belə olan halda Qəddafi qurbandır, neft naminə qurbanlıq verilən qoyun. ABŞ isə digər dövlətlərin işlərinə qarışmıram deyib, artıq Liviyaya qoşun yeritməkdədir.
Bizimkilər isə 7 səhifəlik xüsusi zövqsüzlüklə tərtib olunmuş və şablon informasiyadan ibarət bir sayt yaradıb TV-ni zəbt ediblər. Axır bir həftədə hansı kanalı açdım — sumqait.com (domen seçərkən şəhərin adını belə düz yaza bilməyiblər) saytının təbliğat-təşviqat kampaniya gedir. Texniki cəhətdən sayt uzaq 98-99-cu illərdə ilişib qalıb, bunu sayt yaradıcılarının vicdanına buraxıram, bəs saytın kontenti? Qeyd etdiyim kimi sayt şablon və olduqca maraqsız tərzdə yazılmış bir neçə məqalə-faktdan ibarətdir. Görəsən bunlar ermənilərin hazırladığı baku.am saytını görüblər? Fikir verin, ermənilər necə səlist şəkildə olmayan faktları gerçək kimi təqdim edirlər. Bizimkilər isə olan hadisələri belə mifə çevirməkdə səlistlik göstərirlər. Əhsən.
Çünki belə olmasaydı, kişi fahişəsi və öz erməni sevgisi haqda yeri gəldi-gəlmədi bəyan edən Bedros Kirkorovun oğlu Filip Kirkorovun Azərbaycana gəlişinə etiraz bildirən daha çox olardı. Erməni olduğuna görə fəxr etdiyini dəfələrlə bildirən, hətta bu adda albom da buraxan İrina Alleqrovanı isə Bakıya gətirənlərin milliyətinə mənim böyük şübhəm var. Axı nə qədər olar?!
Mövzuya dair forumda müzakirələr
Son olaylar. Nələr baş verir?!

Son bir həftədə baxdığım filmlər (№7). Resenziya

Çoxdandır ki, vaxt azlığından filmlərə baxa bilmirəm. Amma son 10 gündə imkan edib bir neçə filmə baxdım, onlara dair fikirlərimlə bölüşürəm. Filmlər — Путешествия Гулливера (Gulliver’s Travels), Вверх (Up), Санктум (Sanctum), Гадкий я (Despicable Me).
Путешествия Гулливера (Gulliver’s Travels)
Bu filmə bir ay öncə baxsam da, filmə dair resenziya ilə bu gün bölüşürəm. Özü kimi primitiv filmi hələ fikirləşmək lazımdır. Dəhşət. İtirdiyim vaxtıma çox heyfim gəldi.
Demək olar ki, bütün aktyorlar “anloqu olmayan” tərzdə rolları süni ifa edirlər. Bircə Jack Black nəsə etməyə çalışır, amma tək əldən səs çıxmaz. Nəticədə mənasız və axırı ilk saniyələrdən bilinən bir film alınıb. Belə filmlər 90-cı illərdə dəbdə idi, amma indi 2011-ci ildir. Ssenarini danışmayacam, bircə deyə bilərəm ki, mənasızlığın son həddidir.
Filmə baxmağı heç bir halda məsləhət bilmirəm. Vaxtınızı daha faydalı şeylərə sərf edə bilərsiz, bu film isə vaxt itkisindən başqa bir şey deyil. 10 ballıq şkala ilə qiymətim 0 bal.
PS. Bu filmdə 3D də həddən artıq keyfiyyətsiz təşkil edilib.

**************************
Вверх (Up)
Coxdandır ki, bu filmə baxmağa tərəddüd edirdim, treylerindən mənə nəsə bir uşaq filmi kimi gəlirdi. Amma bir məsləhətdən sonra baxmaq qərarı verdim. Çizgi filmi olsa da özündə böyük məna daşıyan bu film dərhal mənim ən sevimli filmlərdən birinə çevrildi. Filmdə həm qəm, həm də xoşbəxtlik yan-yanadır.
Mükəmməl ssenarini qısaca danışım — film bir balaca oğlancığazın həyatından bəhs edir. O kiçik yaşlarında olarkən öz yarını tapır — onları bir əlçatmaz arzu birləşdirir — uzaq sahillərdə yerləşən bir şəlalənin yanında ev tikib, birgə yaşamaq. Böyüdükdən sonra cütlük evlənir. Amma xoşbəxtlik çox çəkmir, cavan ailənin uşağı olmur. Həyat isə öz axarında davam edir. Cütlük qocalır. Artıq qoca birisinə çevrilən, amma daxilən hələ də cavan baş qəhramanımız həyatda tək qalır — yarı vəfat edir. Kədərinə qapanmağa başladığı vaxtda balaca bir uşaq peyda olur və yeni macəralar başlayır.
Bu filmə 10 baldan 10+ bal verirəm. Həddən artıq gözəl bir filmdir. Mütləq baxın. Məsləhətdir.

**************************
Санктум (Sanctum)
Kemeronun bu işi haqda çoxlu rəylər bildirilib. Kimisi pisləyir, kimisi tərifləyir. Açığı film ilk yarım saat ərzində təmamilə xoşuma gəlmədi — aktyorların olduqca süni rolu, ssenarinin həddən artıq zəif olması özünü bildirirdi. Amma filmdə hadisələr cərəyan etdikcə, bir-birinin dalınca insan faciələrin şahidi olduqca, filmə maraq artdı. Görünür Kemeron zəif ssenarini filmdəki faciəvi səhnələrin bolluğu ilə kompensasiya etmək istəyib. Bu hardasa onda alınıb.
Adət üzrə ssenarini qısaca danışım — Mağaraları öyrənən bir elmi tədqiqat qrupu “analoqu olmayan” bir mağara sisteminə rast gəlir və bütünlüklə özünü onun öyrənilməsinə sərf edir. Amma çox keçmir ki, cansız daş parçası öz sərt üzünü göstərir — insanlar bir-bir müxtəlif vəziyyətlərdə faciəvi şəkildə ölməyə başlayırlar. Bir tərəfdən də tufan qopur — mağaralar su ilə dolmağa başlayır. Ssenaridə baş verəcək hər dramatik olayı 10-20 dəqiqə öncədən tapırdım — bu da ssenarinin standart olmasından irəli gəlir. Digər maraqlı bir cəhət — filmdə kim pessimistləşməyə başlayır — deməli növbəti qurban o olacaq. =)
Filmə qiymətim 10 baldan 8 bal. Niyəsini əmmaların olmasındadır. Birinci əmma — görünür Kemeronun yaşı artdıqca, onda Tarantino sayağı sadizm çoxalmağa başlayır — filmdə yeri gəldi-gəlmədi meyitləri göstərilməsi, sadizm səhnələrini qeyd etmək istəyirəm. Anlayıram, film real hadisələr əsasında çəkilib və reallığı əks etdirmək üçün bu kimi səhnələr vacibdir, amma day bu qədər də yox də. İkincisi yuxarıda qeyd etdiyim kimi, ilk yarım saatda aktyorların həddən artıq süni oyunu.
Onu da qeyd edim ki, qoca Kemeron filmi super effektlərlə tərtib edib, hər şey çox real görünür, 3D də səviyyəsiz “Qulliver” filmindəkindən ən azından 100000000000000 dəfə keyfiyyətlidir.

**************************
Гадкий я (Despicable Me)
Megamind-ı təkrarlayan, daha doğrisu Megamind-ın təkrarladığı bir film. Ssenarilər demək olar ki, eynidir — eyni mərdimazar qəhraman, eyni olaylar, sadəcə Megamind-da baş qəhramanı mərdimazarlıqdan uzaq edən qadın gözəlliyidirsə, bu filmdə səbəb 3 yetim uşaqdır. Ssenarini danışmayacam, bunun üçün Megamind üçün yazdığım resenziya ilə tanış ola bilərsiz.
Onu da qeyd edim ki, film ilk əvvəl çox əla və maraqlı başlamışdı, amma filmin ikinci yarısı standart ssenari üzrə inkişaf edir, bu da onu tam mənasızlaşdırır. O səbəbdən filmə qiymətim 10 baldan 7 bal.
PS. Megamind-dan bu film daha effektli və maraqlı alınıb.

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№4) ↓

Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.
Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.

***
AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.

***
Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.

***
Apple yenə irəlidədir. Möhtəşəm çarx.

***
və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.

Hələlik bəsdir. Xoş istirahətlər. 😉
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

HTC-dən mobil telefonlar bazarında inqilabi yenilik?!

Dünyanın nömrə bir smartfon istehsalçısı HTC mobil telefonlar bazarını dəyişə biləcək inqilabi yenilik etmək fikrindədir. HTC-nin təklifi belədir — axı niyə hər dəfə texnoloji yenilik axtararkən, bütöv telefonu dəyişirsiniz, halbuki yalnız apart hissəsinin dəyişilməsi ilə kifayətlənmək olar?! Bu həm ucuz başa gələr, həm də daha tez-tez yeniliklərdən faydalanmaq olar. Məgər biz printerin katrici bitəndə gedib yeni printer alırıq?! Burada da eyni prinsipdir — yeni əməliyyat sistemi çıxdı, telefonunun ona gücü çatmır, köhnə katrici (telefonun için) təhvil ver, daha yenisini al. Məsələn indiki katricdə Android 2.3 əməliyyat sistemidir, siz gedib yenisini aldıqda Windows Phone 7 əməliyyat sistemli katric götürə bilərsiniz + həm yaddaşı, həm də prosessoru daha güclü.

Əslində maraqlı iddiadır. Amma HTC-nin bunu inqilabi yenilik kimi təqdim etməsi düzgün deyil. Çünki kiçik araşdırmam nəticəsində məlum oldu ki, bu tip texnologiya artıq İsrailin Modu şirkəti tərəfindən bir neçə ildir ki, istifadə edilir. Amma bu şirkətin adını birinci dəfə eşitdiyimizdən, bu tip texnologiyanın heç də uğurlu olmadığını təxmin etmək olar. Bir də ki, kütlə telefonları sosial göstərici kimi istifadə edir. Məsələn, kim 4 illik bir telefonu üstündə gəzdirəcək?! Nə olsun ki, daxili (katrici) ən son modeldir, axı kütlə hər tərəfli yenilik istəyir. Şəxsən mənim özüm də, telefonları nəsə yeni bir yenilik istədiyimdən dəyişirəm. Bu həm funksionallığa aiddir, həm də ki xarici görünüşə. Köhnə görünüşlü telefon isə sadəcə adamı bezdirir…

Mənə görə HTC-nin bu layihəsinin kütləvi bazarda heç bir perspektivi yoxdur. Bəs siz nə fikirləşirsiniz?!
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom