Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Müstəqillik düşüncələri…

Müstəqilik. Sözsüz ki, bu danılmaz bir nemətdir. Dövlətimiz, sevimli bayrağımız var. Bir gerbimizdən xoşum gəlmir (primitiv olduğundan), amma ona da canımız qurban. Yaxşı, bəs bu populist arzulardan başqa müstəqillik bizə nə verdi?!

Ən böyük nailiyyət:

  • Müstəqillik bizə öz ana dilimizi, dinimizi anlatıb, türk əslimizi dərk etməyə yol açdı.

Digər nailiyyətlər isə:

  • Müstəqillik danışıq leksikonumuza “siyasi məhbuslar”, QHT, “yırtıcı müxalifət”, “deskruktiv” və ən əsası “analoqu olmayan” kimi möhtəşəm sözlər gətirdi;
  • Müstəqillik bizə Siyavuş Novruzov, Zahid Oruc, Balıq Hafiz kimi qərəzsiz siyasətçilər bəxş etdi;
  • Müstəqillik həm də bizə ANS, Yeni Müsavat vasitəsilə “əsl” vətənpərvərliyi öyrətdi;
  • Müstəqilliyimiz millətimizə yeni dəb — hacı olub, o adın arxasında gizlənib, istənilən çirkin işi görmək şəraiti yaratdı.
  • Məhz müstəqilliyimizin sayəsində indi Bakı küçələrində Bentley, Rolls-Royse kimi bahalı brend maşınlarını GÖRÜB, vətənimiz üçün ürək dolu fərəh keçirə bilirik;
  • Müstəqilliyimiz təhsilimizin, səhiyyəmizin səviyyəsini dünya liderləri sırasına çıxardı. Əbəs yerə hər 4 mininci vətəndaşımız professor deyil ki… 😉
  • Müstəqilliyimiz bizə 1 milyon qaçqın, erməniyə isə torpaqlarımızın təslim olunmasını bəxş etdi;
  • Müstəqillik bizə Eurovision qalibiyyəti sevincini, bayrağımızın tərs tutulduqda isə məyusluq hissini yaşatdı;
  • Müstəqillik bizə özümüzü Avropanın bir hissəsi olmağı hiss etdirdi. İndi bəziləri mini yubka geyməyən qıza bir-təhər baxırlar;
  • Müstəqillik maşınlarımıza AZ işarəli nömrələr, saytlarımıza .AZ üst domen adı bəxş etdi;
  • Müstəqilliyimiz yalan danışıb, şərləyib, üzə durmaqla çox asan karyera qurmağın yollarını aşkar etdi;
  • Müstəqillik bizə kompleksləşmiş gənclik və onun fəsadları olan avtoş və psevtotolerantlıq hərəkatlarını bəxş etdi;
  • Müstəqilliyimiz həmçinin manıslar üçün də düşərli oldu. İndi bir toya 5-10 minə gedirlər;
  • Müstəqilliyimiz bizə körpülər, yollar bəxş etdi. O yolları ki, qeyri müstəqillik dövrünün qalıqları olan bəzi qurumlar qazıb-doğramaqla məşğuldur;
  • Müstəqillik Bakımızın 1.000.000 dəfə kiçildilmiş Dubai-a bənzədilməsinə yol açdı;
  • Müstəqillik bizə yeni nəslin nailiyyətlərindən olan Flashmobun düşük formalarının şahidi etdi;
  • Müstəqilliyimizin ən böyük bəxşişlərindən biri də — TV-lərdə maqazin verilişləridir. Əsasən də evdar xanımlarımızın qəlbinə yol tapan Dilarə kimi aparıcıların bəxş edilməsini qeyd etmək istəyirəm;
  • Müstəqillik həmçinin bizi əsrin neft kontraktlarından gələn böyük pulların ŞAHİDİ etdi, yalnız şahidi…;
  • Müstəqilliyimiz bizə regionda ən şişirdilmiş qiymətlərin nə olduğunu başa saldı;
  • Müstəqilliyimiz əksər dünyanın artıq 4G-ə keçdiyi vaxtda, bizim öndə gedən operatorlarımızın hələ də 3G həsrəti ilə alışıb-yanmasına yol açdı;
  • Müstəqilliyimiz dövlətin təməlini qoyan insanların adlarına, abidələrinə biganə yanaşılmasını adiləşdirdi;
  • Və sonda… “Müstəqillik gününün” qeyri-iş günü olmaması dünya tarixinə qızıl hərflərlə yazıldı…

20 il çox qısa bir zamandır. Azərbaycan indi sanki bir körpə tək addımlayır. Görək axırı necə olacaq… İnşallah hələ uğurlarımız qabaqdadır.
Müstəqillik bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Müstəqillik bayramınız mübarək!

Müqəddəs Ramazan bayramı…

30 gün oruc tutub, özümüzü Allaha daha yaxın hiss etdiyimiz ayın — Ramazanın pik səviyyəsinə gəlib çıxdıq. Bu gün Mübarək Ramazanın bayram günüdür. Hər kəsi təbrik edirəm. Amma…
Həmişəki kimi bu dəfə də bir amma var… Bu mübarək bayramda o qədər şablon təbriklər alırıq. Demək olar ki, bütün təbriklər ruzi-bərəkətlə bağlıdır. Anlayıram, dünya həyatında ruzi-bərəkət də vacibdir. Amma axı digər vacib olan ünsürlər də var. Bəs görəsən var-dövləti, bu fani dünya həyatını dəhşətli dərəcədə sevən bizim xalq digər dəyərlər barəsində heç düşünür?!
Hər il eyni şey təkrarlanır. Darıxdırıcıdır… Belə baxanda həyatın özü-özlüyündə də darıxdırıcıdır. Həyatımızda nə qədər yeniliklər etsəkdə, hər il eyni şeyləri təkrarlamaq məcburiyyətində oluruq. Əvvəllər məndə SMS-lə, zənglə hər kəsi təbrik edərdim, bunu hansısa mənada insanlara diqqət, hörmət və izzət hesab edirdim. Amma sonra anladım ki, ifrat diqqətçilik də, hörmət də bir şey deyil. İslamın buyurduğu kimi, hər şeyi qədərində etmək lazımdır.
Mübarək Ramazan ayında insan bütünlüklə oruc tutmalıdır. O həm daxilən, həm fiziki olaraq oruc olmalıdır. Bu isə onun səbrli və təmkinli olması deməkdir. Amma buna rəğmən müsəlmanlar hələdə öz primitiv instiktlərinə yiyələnib, özlərini ələ alıb bir birlərinə kompromisə gedə bilmirlər… Hələdə dava-dalaş davam edir. Belə olmasaydı, Fələstin və  İran liderləri İsrail önündə bir birlərini biyabır etməzdi. Belə olmasaydı, İslam bayrağı altında gizlənib, bu günlərdə Lənkaranda ixtişaşlar törətməzdilər. Belə olmasaydı, Ermənistanın vitse-prezidentinin İranda (Cənubi Azərbaycanda) böyük qoyun fermaları olmazdı… Bəlkə elə bütün günahlar da İslamı xalqın gözündə təmsil edən şəxslərdədi? Axı hansısa məsçid axundunun Allah evində fahişə ilə cinsi əlaqəyə girməsi kimi faktları nəzərə alan kütlə İslama necə inansın? Bəlkə nəzir qutularını, yas mərasimlərini biznesə çevirən bu mollalar İslamın cılızlaşmasına görə məsuliyyət daşıyırlar?! Nə bilim. Bəlkədə…
Bütün bunları nəzərə alıb Allahdan müsəlmanlara arzum var — birlik, təmkinlik və ağıl. Bu 3 ünsürün olmaması, hal-hazırda İslam üçün çox böyük bəladır.
Allah köməyimiz olsun! Bayramınız mübarək, müsəlman bacı qardaşlar!
PS. Əsl İslam sadaladığım cılızlıqlardan uzaqdır. İslam gözəldir. Gəlin gözəl İslamı aşağıdakı şəkillərdə müşahidə edək. (Şəkillərə böyük həcmdə baxmaq üçün üzərində tıklayın).
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom