Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır.
Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 8 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!
PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir. Mövzuya dair forumda müzakirələr ↓ Professorlar ölkəsi!
Azərbaycan xalqı paradokslar xalqıdır. Bir tərəfdən muğama yüksək dəyər deyib, elitar səviyyəyə qaldırdığımız zaman, digər tərəfdən əksəriyyət Üzeyir, Balabəy və sairləri kimi gənclərin analoqu olmayan yaradıcılığının vurğunudur. Bəli, bu belədir. Mobil xidmətlərə gələn sifarişləri nəzərə alsaq, kütlənin 90% Üzeyiri seçir. Nə muğam, nə meyxana, nə də digərləri… məhz Üzeyir. Əslində bu fenomendir, Azərbaycan xalqının özünə məxsus fenomeni. Röya, Rəqsanə, Xumar. İndi də — Üzeyir.
Məsələyə gəlin başqa prizmadan baxaq — təkəbbürdən sinəsinə döyən Elmlər Akademiyamız var, amma faktiki bir işə yaramır. Deyirəm, bəlkə oturub heç olmaya Üzeyir fenomeni üzərində düşünsünlər. Araşdırma aparılsın — kütlə səviyyəsinin bu həddə enməsinin sirri nədir?! Bəlkə öyündüyümüz quruculuq işləri əksəriyyəti əhatə etmədiyindən kütlə daha da deqradasiyaya məruz qalıb?! Bəlkə səbəb təhsildə rüşvətin tüğyan etməsi və bunun nəticəsi olaraq gənclərimizin elmlə deyil, mənasızlıqlarla məşğuliyyətidir?! Hər nədirsə, amma hər kəs susur.
Üzeyir isə öz “yaradıcılığından” qalmır. Bu günlərdə onun yeni bir xiti işıq üzü gördü — Zəngimcell (Full versiya). İndi mobil xidmətlər təklif edən şirkətlər yenidən sifarişlərin pik həddini yaşayırlar. Acaba, bu ne ya?! =)
Nə vaxtdır ki, sevimli Astronomiyaya dair xəbərlərlə bölüşmürdim. BBC xəbər verir ki, bu günlərdə Amerikanın Sietl şəhərində keçirilən elmi yığıncaqda Kainatın ən böyük xəritəsi təqdim olunub. Xəritədə 500 milyon (!) ulduz və eyni sayda da Qallaktika yer alıb. Bu xəritəni camaat arasında daha populyar olan piksellərlə götürdükdə 1 terapiksel (milyon megapiksel) həcmdə xəritə alınır. Dəhşət. Bizim də Elmlər Akademiyasında oturanlar ATV-də gedən bozbaş proqramları müzakirə etməklə məşğuldurlar.