Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Son bir həftədə baxdığım filmlər (№5). Resenziya

Bu həftə Maşallah o qədər iş olub ki, vaxt edib barmaqla sayılası filmlərə baxa bilmişəm. Bu dəfəki qurbanlarım — Аджами (Ajami), Скотт Пилигрим против всех (Scott Pilgrim vs. the World), Побег из Вегаса (Get Him to the Greek), 500 дней лета ((500) Days of Summer), Конец света (End of Days) və Перси Джексон и похититель молний (Percy Jackson & the Olympians: The Lightning Thief).
Bir bir sadalayaq.
Аджами (Ajami)
Bu filmə baxmağa yaxın qardaşların biri məsləhət etdi. Film triller, psixoloji dram janrına çəkilib. İsrail filmidir. Filmin belə möhtəşəm ssenariyə malik olmasını heç gözləməzdim. Aktyorların gözəl oyununu da qeyd etmək istəyirəm.
Ssenari hardasa Hindistanın “Zibillik Milyonçusu” filminə bənzəyir. Amma orada sonluq real həyata xas olmayan “happy-end”-lə bitirsə, burada sonluq kövrəldicidir… Filmdə söhbət fələstinli bir dinc ailədən gedir. Əsas qəhramanlar 2 azyaşlı gəncdir. Ssenarini qısaca danışım — bu gənclərin əmisi oğlu kafesinə hücum edən bir bir dələduzu güllələyir. Bu dələduz da sən demə fələstinin nüfuzlu kriminal ailələrinə mənsub olur və ailələr arasında qan müharibəsi başlayır. Daha doğrusu dələduzlar dinc ailənin bütün üzvlərini güllələməkdə qərarlıdırlar. Bir neçə nəfər qurban gedəndən sonra, növbə 2 azyaşlı gəncə çatır. Qohum-qonşu bu azyaşlıları xilas etmək üçün ailələr arasında barışıq elan edirlər, amma bir şərtlə — bu iki gənc sağ qalmaları üçün dələduzlara külli miqdarda pul verilməlidirlər… Bununla da gənclərin onsuzda asan olmayan həyatları daha da mürəkkəbləşir, onlar kriminal işlərə əl atmalı olurlar… Qalanına özünüz baxsanız yaxşıdı. Gözəl filmdir. Film məşhur “Pulp Fiction” stilində çəkilib, yəni bir neçə səhnəcikdən ibarətdir.
Filmdən bir sitat çox xoşuma gəldi — o yerdə ki, məyusçuluq və kasıblıq hökm sürür, mafiya idarəçilik edir, o yerdə barmaqlar tapançadan güllə atmağa can atır, əl isə öldürmək üçün asanlıqla bıcaqı götürür…
Məsləhət görürəm. 10 ballıq şkala ilə 10 bal.

******************************
Скотт Пилигрим против всех (Scott Pilgrim vs. the World)
Film industriyasında inqlab edəcək yeni ideyalı bir film. Bu filmə sırf filmdə demək olmaz. Oyun, komik və bədii filmin miksindən yaradılıb. Məzəli çəkilib, mənim çox xoşuma gəldi. Film bir anda baxılır, sanki hansısa maraqlı bir oyunun şahidisən. Onu da qeyd edim ki, eyni adlı oyun da çox populyardı.
Filmin ssenarisi də maraqlıdı — deməli adəti üzrə bir cavan oğlan (qəhraman — Scott) bir qıza vurulur. Amma o qız sirli birisidir və Scott onunla əlaqəyə girən kimi oyun sayağı antiqəhramanlarla vuruşmağa məcbur olur. Hər qalib gələndədə o xallar (bonuslar) qazanır. Son anti-qəhramanı öldürdükdən sonra, o xallarını maksimum edir və yeni bir can qazanmış olur. Növbə çatır super finala. Super finalda o məğlub olur, ölür. Amma axı o can qazanmışdı! 😆  Scot bonus candan istifadə edib yenidən həyata qayıdır və bu dəfə qalib olur. Deyərdim cox mırt kinodur. Əgər keyfiniz yoxdursa, adi filmlərdən bezmisinizsə, nəsə qeyri-adi bir filmə baxmaq istəyirsinizsə, onda bu film sizin seçimdir.
Filmin adın mən belə qoyardım — Botanın (botanik) sərgüzəştləri.
Qiymətim 10 ballıq şkala ilə 10 bal. Ən sevimli filmlərimin sırasına yazdım.

******************************
Побег из Вегаса (Get Him to the Greek)
Bu filmi 2010-cu ilin ən yaxşı komediyalarından saymaq olar. Film çeynənilmiş mənasız və şit zarafatlardan uzaqdır. Amma başdan-ayağa böyük bir məzədir (hardasa məna da kəsb edən).
Ssenarini adi saymaq olar — deməli böyük bir səsyazma studiyasında çalışan baş qəhramana tapşırılır ki, keçmişin ən populyar ulduzunu yeni konsert vermək üçün yola gətirsin. Beləliklə, zahirən Lider-in əməkdaşı Murad Arifi xatırladan baş qəhraman yola düşür Londona və… keçmiş ulduzun gündəlik keyf həyatının bir hissəsinə çevrilir. Amma gündəlik keyfin özü də bezdiricidir. Bizim qəhraman da bezir və keçmiş ulduzun həyatında dəyişikliklər etməyə çalışır.
Aktyorların gözəl oyununu qeyd etmək istəyirəm.
10 ballıq şkala ilə qiymətim 9 bal.. Baxmaq məsləhətdi

******************************
500 дней лета ((500) Days of Summer)
Anlamaq olmur, bu film drama janrında çəkilib, yoxsa “vse-taki” traqi-komediyadır. Bir sözlə növbəti qeyri-adi film. Əvvala qeyd edim ki, aktyorlar onlara həvalə etmiş rolların öhdəsindən məharətlə gəlirlər.
Ssenari isə — baş qəhraman təbrik açıqcaları istehsal edən bir şirkətdə çalışır. Maraqsız həyat sürür. Hər gün ev-iş, iş-ev. Bir gün ofisdə yeni işçi — Summer (Yay) adlı bir qız peyda olur və bununla da onun həyatı tam dəyişir. Hadisələr bir anda inkişaf edir və baş qəhramanla qız görüşməyə başlayırlar. Amma çox keçmir ki, Summerin hissləri qəhramanımıza qarşı soyurur. Qızı dəlicəsinə sevən oğlan isə az qalır başını itirsin. Məlum olur ki, Summer nişanlıdır.
Filmin başlığı ümumiyyətlə super idi. Deməli ilk olaraq yazılır — Bu filmdə cərayan edən hadisələr həqiqətə uyğun deyil və hadisələrin real insanların həyatı ilə üst-üstə düşməsi sırf təsadüfdür. Əsas da sənin həyatınla Jenny Beckman. Qancıq (Suka). 
Filmin özü gözəl və maraqlı olsa da, sonda mənası məni açmadı. Ona görə 10 ballıq şkala ilə 8 bal verirəm.

******************************
Конец света (End of Days)
Fantastik trillerdir. Yenə də dünyanın sonudur. Yenə də dünyaya antixrist gəlir. Yenə də hər şeyi qaynadıb-qarışdıran İblisdir. Yenə də dünyanın xilaskarı ölməz Şvartsdır (düzdür, axırda ölür). Hə, bu filmdə baş qəhraman uşaqlığımızın məşhur aktyoru Arnold Schwarzenegger-dir.
Film uzaq 1999-cu ildə çəkilsə də, mənim üçün tapıntı oldu. Gəzəl çəkilib, əsasəndə İblis rolunu oynayan Gabriel Byrne-nın məharətlə yaratdığı obrazı qeyd etmək istəyirəm. İblis rolunu heç metr Al Paçinonun özü belə oynamayıb. Filmi biraz maraqsız edən Şvartsın zəhlə tökən ölməməzliyidir. Amma onu da etiraf etmək lazımdır ki, bu filmdə Şvartsın oyunu bəlkədə karyerası boyu oynadığı ən yaxşı aktyor oyunu idi.
10 ballıq şkala ilə qiymətim 7 bal.

******************************
Перси Джексон и похититель молний (Percy Jackson & the Olympians: The Lightning Thief)
Yunan mifologiyasını uşaqlıqdan sevdiyim üçün bu filmə baxmaya bilməzdim. Amma gözlədiyimi almadım. Yenə “Битва Титанов” filmində olduğu kimi burada da mifologiyaya aid olmayan Hollywood sayağı müasir Zevs, Poseydon və Aidlərin arasında dava düşür. Lakin burada pis “dayday” rolunu Poseydon yox, Zevsin özü oynayır. Effekt sarıdan film gözəl tərtib olunub, amma ssenari sarıdan zəifdir.
Ssenari — Poseydonun zinədən olan oğlu Persi Zevsin qəzəbinə tuş gəlir. Qəzəbin səbəbi Zevsin ildırımlarının itməsidir. Qüdrətli Zevs elə bilir ki, ildırımlar Persidədir, amma yanılır… Heç qüdrətli Tanrı-da yanılar? Nəsə. Aktyorlarında zəif oyunu filmi lap mənasızlaşdırır. Filmə baxdıqdan sonra itirilmiş vaxtıma heyifim gəldi.
10 ballıq şkala ilə qiymətim 3 bal. Çox yox, o da ki effektlərə görə.

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?

WikiLeaks. Son vaxtlar xəbərlərdə adı ən çox çəkilən sayt. Bəs bu WikiLeaks nədir və ümumiyyətlə nəyə xidmət edir? Gəlin birlikdə bunu aydınlaşdıraq.
WikiLeaks-ın yaradıcısı Julian Paul Assange adlı bir Avstraliya vətəndaşıdır. Uşaqlığı çox ağır keçən Julian cavanlıq dövründə bir çox kiber-cinayətlərdə şübhəli bilinib. Hətta vaxtıyla CityBank-dan 500.000 ABŞ dolları oğurladığına görə onun barəsində cinayət işi də açılıb. Texnologiya aləmiylə yaxından tanış olan hər bir şəxs gözəl bilir ki, bu tip savadlı xakerlər bir müddətdən sonra xüsusi xidmət orqanlarına işləməyə məcbur edilir. Yəni başqa bir variant ola bilməz — əsas prinsip — “istedadlı xakerlərlə mübarizə aparmaqdansa, onları mənən məhv edib özünə tabe etmək daha sərfəlidir” burada öz rolunu oynayır. Görünür elə bu səbəbdən də tezliklə Julian-ın üzərindən bütün ittihamlar götürülür və o fəaliyyətini davam etdirir.

Beləliklə, 2006-cı ildə Julian-ın növbəti layihəsi WikiLeaks işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, İnternetdə bölüşürlər.
Gizli və məxfi sənədlərin yayımını başqa bir saytda da təmin etmək olardı, bəs niyə məhz WikiLeaks?! Axı yüzlərlə bu kimi saytlar var… Niyə? Çünki bu sayt birbaşa ABŞ Administrasiyası tərəfindən idarə olunur. Bunun təsdiqi kimi:

  1. WikiLeaks-ın əsas ideologiyası (saytlarında da qeyd olunur) — siyasi azadlıqların təbliği, əsas hədəfi isə Çin və Rusiyadır. ABŞ Administrasiyasının Rusiya və Çinlə münasibətlərini birbaşa korlamamaq üçün gözəl vasitə — kompromatı burax İnternetə, sonra da bu kimi “məxfi” sənədlərə istinad edib bu ölkələrə təzyiq et.
  2. Tamaşaya biraz da təbiilik qatmaq üçün ABŞ Administrasiyası səviyyəsində sayta reaksiya olunur. Guya “pis” WikiLeaks bunların “sirlərini” açıb-tökür. Bu isə əslində onun bütün dünyada tanınmasına, təbliğinə xidmət edir.
  3. Guya İnterpol Julian-ı axtarışa verib, amma o görünməz olub. Bu da absurd bir şeydir. Hər-halda sayta girib, yeniləyirsə, onun IP-ləri həmən ICANN-da və ya provayderdə (hosterdə) qeydiyyata düşür. IP ilə isə insanı asanlıqla tapmaq olar. Deyə bilərsiz bəs birdən proxy-dən istifadə edirsə?! Bu da boş şeydir. Hələ bizdə proxy-ləri yararsız edən proqram və skriptlər var, təsəvvür edin bunun üçün xüsusi kəşfiyyat orqanlarının nə kimi alətləri var…
  4. Əgər həqiqətən də WikiLeaks ABŞ-ın nüfuzuna zərbə vurursa, onda elə adı çəkilən ICANN (dünyanın bütün domen adlarına nəzarət edir) heç bir səs-səmir olmadan WikiLeaks.org saytını bağlaya bilər.
  5. Guya WikiLeaks anti-ABŞ təbliğatı aparır. Növbəti sayıqlama. Əslində saytda yayımlanan bütün sənədlər ABŞ-ın mənafeyinə xidmət edir. Məsələn, “məxfi” sənədlərdə qeyd olunur ki, İraqlı əsgərlər (məhz iraqlı (!)) əsirlərə işgəncə verib, onların barmaqlarını kəsib, gözlərini çıxarırlarmış. ABŞ hakimiyyətinin günahı isə — buna göz yummaqla bitir. Deməli İraq oldu vəhşi-barmaq kəsən… İraqa təzyiq üçün növbəti bəhanə. Budur ABŞ-a ziyan?
  6. Bu klassik ovçuluq strategiyasıdır. Bir misal çəkim. Ovçular ilk olaraq 3-4 ördəyi tuturlar, qanadlarını şikəst edirlər ki, uçmasınlar. Onları bir müddət qaranlıq yerdə saxladıqdan sonra, ümumiyyətlə uçmağa can atmırlar, insanlardan qorxmurlar. İşləri yalnız başlarını aşağa salıb sakitcə üzmək olur. Ovçular ova gedərkən onları mütləq özləriylə götürürlər, buraxırlar suya. Göydə uçan azad quşlar onların rahatça üzdüyünü görüb, onlara qoşulmağa can atırlar, qonurlar onlarla üzməyə — elə bu vaxt ördək soyqırımı başlayır. Azad və uçan quşları bir-bir vurub güllələyirlər. Zəlilləri isə yenidən qəfəsə qoyub, gələn dəfə üçün saxlayırlar. İndi WikiLeaks də o zəlil ördəklərdən biridir. Birisi məxfi sənədi ötürdü — onu həmən ayırd etmək üçün əla vasitə.

WikiLeaks sadəcə ABŞ kəşfiyyatının bir alətidir. Demokratiya carçısının saman-altı oyunu üçün yeni bir layihə.
Yuxarıdakılar mənim subyektiv fikrim idi. Əgər etirazınız varsa, faktlarla təsdiq edin.
Mövzuya dair forumda müzakirələr ↓
WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?

ABU. İnsan qəssabları. Bayraq və Hafiz Hacıyev

Son olaylarla bağlı fikirlərimlə bölüşürəm. ABU. Daha doğrusu Azərbaycan Beynəlxalq Universiteti. Universitet bağlandı, dərd yarı. Sən demə ABU-ya məxsus klinikaların birində insan orqanlarının transplantasiyası və satışı təşkil olunurmuş.
Məlumat artıq rəsmi şəkildə təsdiqini tapıb. Klinikaya əməliyyat üçün insan qəssabları əsasən Ukraynadan dəvət olunurmuşlar. Deyilənə görə 10-dan çox bu kimi cinayətin üstü açılıb. Görünür ABU-nun rektoruna da qarşı cinayyət işi açılacaq. Hərçənd Yeni Müsavat dərgisinin xəbərinə görə klinikanın rəsmiləri bu xəbəri böhtan və iftira adlandırırlar, amma… Düzünü zaman göstərəcək.
Zaman demişkən. Bu balacaboy taciklər imkan vermədilər ki, bizim analoqu olmayan ən uca dirəkli 3 rəngli bayrağımız heç olmaya bir müddən analoqu olmayan kimi rahat dalğalansın. Belə ki, bu gün gəzən şayələrə görə əhalisinin yarıdan çoxu Rusiyada küçə süpürgəçiliyi ilə məşğul olan və dünyanın ən kasıb ölkələrindən olan Tacikistanın dövlət başçısı İmaməli Raxmon özünün “ən uca bayraq” sevdasını gerçəkləşdirmək qərarı verib. Tacikistanın analoqu olmayan bayrağının dirəyi paytaxtları Düşənbədəki Millətlər Sarayının qarşısında ucaldılacaq. Bundan əlavə dirəyin önündə dövlət qerbi üçün nəhəng postament də yerləşdiriləcək. Bayraq dirəyi isə 165 metr hündürlükdə olacaq. Xatırladım ki, bizim bayrağın dirəyi 162 metr təşkil edir.
Azərbaycanı anladıq — biz neftimizlə öyünürük, belə layihələri gerçəkləşdiririk, bəs yaxşı bu Tacikistanın nəyi var axı?! Paxıllıqdan başqa heç nəyi. :pis: Lazımsız pafos və ambisiyalardan başqa bir şey deyil.
Bayraqdan söz düşmüşkən. Seçkilərdən sonra Hafiz Hacıyevi tanımaq olmur. Arzusunda olduğu Milli Məclisə düşə bilmədikdən sonra “balıq” ləqəbli Hafiz bəy bayrağını dəyişmək qərarı verib. Bir vaxtlar “Müsavat” Partiyasını dağıtmaq üçün yaratdığı separatist “Müasir Müsavat” Partiyasını indi elə həmin “Müsavat”-ın müttəfiqi elan edib. Əhsən. Görəsən bu deputat kreslosu niyə belə şirindir?! Qismət olar, bilərik. 😆
Hə, bu gün də məlum olur ki, “Müasir Müsavat” Partiyasının aktivistləri yığışıb “flexible” Hafiz bəyin istefasını tələb ediblər. İndi Hafiz bəy çətin vəziyyətdə qalıb. Nə müxalifət onu qəbul edir, nə də ki iqtidar. Bir tərəfdən də öz partiyası. Atalar bunda deyib e — yeyə bilməyəcəyin şeyi çəngəlləmə.

Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Seçkilər Mirşahinin gözü ilə… Dövləti seçim

Parlament seçkiləri Mirşahinin gözü ilə — Dövləti seçim. Deyirəm, Yasamal seçki dairəsindən qalib deputat, “Sitatın sonu” layihəsinin əvəzolunmaz aparıcısı Etibar Hüseynov bunun yanında yalan oldu.
Çox yazmaqda məna görmürəm. Birdəfəlik baxmaq daha yaxşıdır.
Seçkilər Mirşahin bəyin prizmasından… :s:


Video-ları sevərək RİP etdiyi üçün Müntəzirə minnətdarlığımızı bildirməyi unutmuruq.
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev

Elmi möcüzələr. “Tanrının gözü” Yerə baxır

Bu yaxınlarda Amerikanın Aerokosmik Təhqiqatlar bürosu NASA infrabənövşəyi şüaların köməyi ilə göydə “Tanrının gözü” adlandırılan bir obyektin şəklini çəkib. Şəkli kosmosda təhqiqatlar aparan “Şpitzer” (Spitzer Space Telescope) teleskopu çəkib. Şəkillərin birində həqiqətən mistik bir obyekt təsvir olunub. Bizə özü yaşıl, bəbəkləri isə qırmızı rəngdə olan bir “göz” baxır.
Əslində “Tanrının gözü” uzaq 1824-ci ildə alman astronomu Karl Harding tərəfindən kəşf olunmuşdu. Hətta 2003-ci ildə məşhur Hubble teleskopu da onu qeydə almışdı. Çəkilmiş şəkillərin 3D versiyasını almaq üçün əldə olunmuş məlumatı Arizonada yerləşən digər teleskopa (the National Science Foundation’s telescope at Kitt Peak National Optical Astronomy Observatory) yerləşdiriblər.  Amma realistik 3D görüntü üçün dəqiqlik çatmadı. O səbəbdən “Tanrının gözü”-nün təsvirinin yaradılması və öyrənilməsi bu günə kimi davam edir.

2003-ci ildə çəkilmiş şəkil
Onu da qeyd edim ki, “Tanrının gözü” spiral formasındadır (kosmos formalarından biri) və spiralın düz mərkəzi Yer kürəsinə baxır. Məhz ona görə bu obyektə “Tanrının gözü” adı verilib, sanki Tanrı Yer kürəsini müşahidə edir. Spiral dumanlığının dəqiq adı NGC 7293-dir.

Real görüntü (ən son çəkilmiş 3D şəkil)
Bu spiral dumanlığı Yer kürəsindən 650 işıq ili uzaqda yerləşməsinə baxmayaraq, bəzi günlər onu yer kürəsindən adi teleskoplardan rahat müşahidə etmək olar. Spiral dumanlığının mənşəlini öyrənən alimlər belə qərara gəliblər ki, bu dumanlıq artıq “ölən” bir ulduzun qalıqlarıdır. Artıq enerjisi tükənən ulduz ömrünün axırına yaxın şişməyə başlayır və nəhayət partlayır. Müşahidə edilən “Tanrının gözü”-də məhz o partlayışın effektidir.
Düz 4,6 milyard il sonra bizim Günəş-də “Tanrının gözü”-nə çevriləcək. Bəli, bu dünya da hər şey fanidir… Hətta Günəşin də sonu var. Bizimkilər hələ indi çörəyin qiymətin qaldırır. Nə deyim? Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Elmi möcüzələr. «Tanrının gözü» Yerə baxır?!

Texnologiya. Maraqlı konsept və eksperimentlər

Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.


Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)


Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.

Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.


Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Azərbaycan İnternetində nələr baş verir (№4)

Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.
Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.
Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.
Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.
Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.
Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.
Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.
Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.

Vətən qurbanları. Mübariz və Fərid

Qurban bayramı. Bu gün özünü vətən üçün qurban edən şəhidlərimizi yada salmamaq günah olardı. Allah hər birinə rəhmət etsin. Sözüm sonuncu qəhraman şəhidlərimiz Mübariz və Fərid haqqındadır.
Televiziyadan yalan eşitməyə adət etmişik. Elə ona görə də, gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Mübariz və Fəridlə bir yerdə döyüş yolu keçmiş qardaşlarla şəhidlərimiz barəsində ətraflı söhbətimiz oldu. Çox şeyi açıb yaza bilmirəm, amma onların qəhramanlığına heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Bu iki oğul həqiqətən böyük şücayət göstərən əsgərlərimizdi.

Amma… Əfsuslar olsun ki, nadanlarımız barmaqla sayılası deyil — bir çox forum və bloqlarda kompüter qarşısında oturan soxulcanlar, özünü şir təsəvvür edib (realda heç tualet əskisi də deyillər) onların etdiyi qəhrəmanlığa kölgə salıb, başları çıxdı-çıxmadı ağızlarına gələni yazırlar… amma bir şeyi unudurlar — erməninin pisi-yaxşısı olmur. Müharibə bitdikdən sonra, bəlkə də barışıq mümkündür, amma nə qədər ki, Şuşada zövqsüz erməni bayrağı dalğalanır, bizlərə insan-sevərlik, kosmopolitlik yaraşmaz. Bəsdi bambılılıq etdiniz. Nəsə. Əşi, onsuz da bu millət satqınlığa ta Babəkin dövründən meyllidir. Nə etmək olar?!
Proqressiv gənclik Mübariz və Fərid kimi oğullarla fəxr edir! Allah rəhmət eləsin!
ANS-in Mübarizə həsr etdiyi veriliş — Ölümdən 24 saat əvvəl.



Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanın Milli Qəhrəmanları!

Qurban. Velosiped. İspan inəyi. Hava və Zirəddin

Bu gün müqəddəs Qurban bayramıdır. Qurban bayramı şablon SMS-lərin gördərib-alınması, pulla qurbanlığa şərik olmaq kimi adətlərdən deyil, səhər-tezdən məsçiddə camaatla bayram namazı qılıb, Allahın böyüklüyünün bir daha anılmasından, qurban kəsib, yeddi kasıb qapıya paylanmasından, yaxınları yad etməkdən, zikrlər və “qurban” olmaq fenomeni haqda heç olmasa bir neçə dəqiqə fikirləşməkdən ibarətdir. Hələ mənim bildiyim bunlardır… Bəs bunlara riayət edirik?
Sizə deyirəm, amma özüm bu il edə bilmədim. Növbəti velo-gəzintimdə yaman yıxılmışam. Bu dəfə deyəsən qabırğalarımı əzdim, güclə tərpənirəm. Travmatologiyada dedilər ki, qabırğa üstü gəmirçəklər sınıb, “koroçe” vəziyyət yaxşı deyil. Allah kərimdir, İnşallah bu da keçər.
Qurban demişkən, yaxşı ki, bu bayramda qurbanlıq kimi qoyun təyin olunub (bu təyin, o təyindən deyil ha. 😉 (c) seçki 2010). Bəs qoyunun yerinə vəhşi ispan inəyi olsaydı, onda necə olardı? Onda vay bizim məzlum xalqın başına, heç olmaya bayramlarda nəfəsin dərib istirahət edir, onu da vəhşi inəklər gözündən gətirərdi…
Yəqin elə bu “haqsızlığa” görə bu gün Meksikada növbəti ispan inəyi dünya ictimayətinə çılğın etirazını bildirib, insanları qatıb qabağına. Dünya birliyi bu haqsızlığa hələ də dözür. 😀 (c) İTV

Havalar da ki, məşhur fırıldaqçı baxıcı Zirəddinin proqnozlarına rəğmən soyumaq bilmir ki, bilmir. Noyabr ayında belə isti havanın olması heç yadıma gəmir. Bezdiricidi. Nəsə. Gedim biraz uzanım, qabırğalarım “zokkuldayır”. =)
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№2)

Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.

Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.

Yenə də Sony. Ev kinoteatrı.

Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.

Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…

Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.

HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.

Huggies. Sexy balaca. =)

Və nəhayət, texnologiya titanı — Intel.

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm reklam çarxları

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom