Dünyanın təməlini sarsıdacaq bu bəd xəbər məni yarı oyaq, isti posteldə uzanıb Reeder-lə RSS Feedləri oxuyarkən haqladı. Bir anda sanki dünya dayandı. Canlı əfsanə, ümumbəşər, ümuminsan və ümumheyvan bir məxluq artıq həyatda yox idi…
Nə qədər ağrılı, acılı olsa da — uşaqlıq xatirələrimizə əbədi həkk olunmuş dahi aktyor Çita artıq həyatda yoxdur. Uşaqlıq xatirələri… Onun ulu və uzaqgörən əməlləri yalnız bizim uşaqlıq xatirələrimizlə bitəcək qədər az deyil, o həmçinin bir çoxlarına örnək ola biləcək şanlı həyat yaşadı. Çita sözsüz ümumbəşər səviyyəli aktyor idi, məhz onun tükənməz kimi görünən əməyi nəticəsində kolxoz Hollivud ilk dəfə filmlərdə heyvan personajlardan kommersiya baxımında uğurla istifadə etdi. Bu isə minlərlə heyvanın üzünə yeni perspektivlərin, uğurlu gələcəyin açılması deməkdir.
Ağır itkidir. Deyilənə görə Şimali Koreyada bu xəbəri 2 qat ağır zərbə sayıb (Kim Çen İrin ölümündən sonra), 2-ci kruq ağlaşma qurublar.
Bizim millət isə burada da öz biganəliyini göstərməkdədir. A balam, nətəhər olur xalqına qan uddurmuş diktator Qəddafi tələf olanda yas mərasimləri qurulub, ehsan verilir, bu boyda kinomotoqrafiya dahisi vaxtsız (80 yaşında) əldən gedib, amma bir nəfər də olsun ehsan bir yana, adi “nezirskiy” konfet paylamır?!
Sağol Çitacan!
PS. Beyni 2 neyron birləşməsindən ibarət olan və rəylərdə özünə əl qatacaq amebaların nəzərinə — yazı yarı-gerçək ironiya ilə yazılıb.
Yazı həmçinin yayımlanır:
FOXnews.az — Ümumbəşər itki…
Forum — Ümumbəşər itki…
Qəbələyə çatar-çatmaz hava tam döndü. Avqust ayı olmasına baxmayaraq, hava birdən ifrat soyudu — 10 dərəcə maksimum isti olardı. Bir tərəfdən də yağış yağmağa başladı + duman. Bir sözlə yayın cırcıramasından dərhal qışa düşdük. Qəbələyə gedib Qəbələnd-ə dəyməmək isə günah olardı. Biz də ənənəyə sadiq qalıb, havanın şıltaqlığını boşa verib, yollandıq müasir attraksionlara sarı.
Qəbələndin adı qabağlar Qafqaz İstirahət Mərkəzi idi (ya da buna oxşar bir şey), rəmzi də əvvəl dağlar idi, indi isə Kinder sürprizdən çıxmış Dinozavr.
Dino qabağdan və daldan. =)
Qəbələnd-də (elə Qəbələ rayonunun özündə də) ideal təmizlik hökm sürür.
Fikirli meymun (arxadan)
Vətənpərvər karusel
Qəbələ təkcə Qəbələndin vətəni deyil, Qəbələ həmçinin qədim Qafqaz Albaniyasının paytaxtı olub, odur ki o qədim şəhərin axtarışına çıxdıq. Sən demə o qədim şəhərin xarabalıqları bizim dövrə kimi kifayyət qədər salamat şəkildə qorunub (təbiət sağolsun) saxlanılıb və Çuxur Qəbələ adı altında mövcudiyyətini davam etdirir. Beləliklə, yola düşdük Çuxur Qəbələyə. Bakıdakı digər çuxur — Qaraçuxurdan fərqli olaraq, Çuxur Qəbələyə ideal asfaltlanmış yol aparır. Çatdıq. Qədim şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunan 12 hektarlıq təpənin üstündə yerləşdiyindən ora maşınla qalxmaq alınmadı, yer həddən artıq sürüşkən idi. Bir qid tutub, piyada qalxdıq təpəyə.
Təsadüf elə gətirdi ki, gəlib arxeoloji qazıntıların düz üstünə çıxdıq. Sən demə, hər 1-2 ildən bir burada kiçik arxeoloji qazıntılar aparılır. Səbəbini soruşdum — dedilər ki, bəs bu qazıntılar əslində elm üçün deyil, turist axını üçün aparılır. Biraz qazılır — turistlər gəlib baxırlar, sonra qışda qazıntıları su yuyub aparır, gələn yay mövsümündə isə yeni bir yeri qazırlar. Azərbaycan sayağı analoqu olmayan arxeoloji qazıntılar buna deyərlər. =)
Qədim şəhərin qədim qala divarları
Qala divarlarında gizli keçid. Deyilənə görə düşmən şəhəri məhz bu keçidlərin köməyi ilə ram edə bilib.
Ümumilikdə — Qəbələ istirahət üçün gözəl yerdir. Amma mən burada 2 gündən çox qala bilmirəm. Darıxıram. O səbəbdən də yolumuza davam edirik. Növbə Şəkinindir. 😉
Ortastatistik Qəbələ küçəsi
Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim
Bu gün Musavat.com saytında belə maraqlı bir yazıya rast gəldim — FALÇI İMAMİRƏNİN VƏZİFƏLİ MÜŞTƏRİLƏRİNİN SİYAHISI ƏLİMİZDƏ. Yalan ya doğru — məqalədən belə nəticəyə gəlinir ki, ölkədə vüsət alan uğurlu-uğursuz strateji-qeyri strateji layihələr hansısa falçının xeyir duası ilə keçirilir. Özü də tək falçının duası ilə olsa idi dərd yarı — burda hələ “müqəddəs” ruhun da əli var. Təsəvvür edirsiz?! =)
Burada sözüm bitdi. =)
Mövzuya dair forumda müzakirələr ↓
Falçı İmamirənin uğurlu və strateji proqnozları
Bu videonu bu gün gördüm. Özünü elitar xalq elan edib sinəsinə döyən, digərlərinə yuxarıdan-aşağı baxan, şovinizmdə boğulan bir xalqın nümayəndələri görün Türkiyədə özlərini necə aparırlar. Özü də bir arağa görə! Budur bunların mədəniyyəti?!
Hadisə isə belə olub — Rus turistlərinin həddən artıq arağ qəbul etdiyini görən türk barmenlər onlara bir daha arağ süzməkdən imtina edirlər. Rus xanımın reaksiyası isə özünü gözlətmir, axı onun hava-suyunun qarşısı alınıb. =)
Digər biabırçılıqlar…
Mövzuya dair forumda müzakirələr ↓
Rusların Türkiyə sərgüzəştləri…
“Məni öldürə bilməzsiniz, çünki yaşadığım yerə çətin əliniz çata — insan qəlbləri sizlər üçün qapalıdır. Fiziki olaraq məhv etsəniz belə, bilin, mən milyonların qəlbində əbədi yaşayacam!” Polkovnik Qəddafi. 13 May, 2011-ci il.
Polkovnik artıq fiziki olaraq məhv edildi. Deyilənə görə, indi onun meyitini Misurata supermarketlərinin birində ət-toyuq üçün nəzərdə tutulan soyuducuda (!) saxlayıb, gələn-gedənə göstərib, öyünürlər. Bambılılar… Açığı, mən son video-görüntülərə kimi diktator Qəddafiyə qarşı çox böyük antipatiyam var idi. Amma bu barbarlığı, kütlənin küt vəhşiliyini görüb, dəhşətə gəldim. Bu insanlara bəyəm demokratiya yaraşır?! Yox. Bunlar nə bilir axı demokratiya nədir, 100% əminəm ki, birazdan başlayacaqlar bir-birlərinin də ətini yeməyə. Belə kütlə ilə Liviyada vətəndaş, qəbilələr arası müharibələr qaçılmazdır.
Ən acınacaqlısı isə vəhşilikləriт “Allahu Əkbər” sədası altında edilməsidir — Allahı nə qədər ucuz tuturlar… Belə kadrlardan sonra sivil dünyada Allahı şeytana bərabər tutsalar təəcüblənməyin. Neoquldarlıq planının yaradıcılarına da elə bu lazımdır — xalqları, dindarları bir-birlərinə qarşı daha da aqressivləşdirib, bölmək — belə idarə etmək daha da asandır.
Baş verən olaylarla bağlı keyfiyyətli video görüntüləri tapıb, bir çarxa birləşdirdim, izləyin. Qəddafi ailəsi nə qədər qəddar belə olsa, bu hərəkətləri edənlər, onlardan artıq deyillər…
***
Aprel ayında işıq üzü görmüş bu rus çarxında isə Qəddafinin alçaldıcı (digərlərinə dərs olsun deyə) şəkildə öldürüləcəyi iddia olunur. İddia reallığa çevrildi.
***
Rusiya siyasətinin ən hörmət etdiyim simalarından biri — Maksim Şevçenko Qəddafinin ölümü və onun səbəblərini şərh edir.
***
Bu isə kremlin qeyri-rəsmi klounu Jirinovskinin Liviyadakı situasiyaya dair hələ Mart ayında verdiyi proqnozlardır. Demək olar ki, bütün dedikləri təsdiqini tapdı. Həqiqətən, müsəlman ölkələrini hələ çox bəlalar gözləyir…
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Müstəqilik. Sözsüz ki, bu danılmaz bir nemətdir. Dövlətimiz, sevimli bayrağımız var. Bir gerbimizdən xoşum gəlmir (primitiv olduğundan), amma ona da canımız qurban. Yaxşı, bəs bu populist arzulardan başqa müstəqillik bizə nə verdi?!
Ən böyük nailiyyət:
Digər nailiyyətlər isə:
20 il çox qısa bir zamandır. Azərbaycan indi sanki bir körpə tək addımlayır. Görək axırı necə olacaq… İnşallah hələ uğurlarımız qabaqdadır.
Müstəqillik bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Müstəqillik bayramınız mübarək!
Liviyada baş verən olaylara dair o qədər versiyalar, müxtəlif fikirlər bildirilib ki, adam bilmir nəyə inansın. Versiyalar həqiqətən çox və müxtəlifdir. Aşağıda təqdim olunacaq fikir isə şəxsən mənə daha inandırıcı gəlir — neoquldarlıq + bankların total hakimiyyəti. Bu versiyanın əvvəllər də irəli sürülməsinə baxmayaraq, nədənsə yalnız indi tam ciddiliyi ilə müzakirəyə buraxılıb.
Rusların Müəmmar sevgisi tükənməzdir! =)
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Azərbaycan siyasi arenasında bu saat analoqu olmayan bir polemikanın şahidiyik. Polemikanın tərəfləri — Ana Vətən Partiyasının sədri Fəzail bəy Ağamalı və Azərbaycanın ilk prezidentinin sözcüsü rolunu yerinə yetirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadədir. Hər ikisinin şəxsiyyəti, siyasi fəaliyyət və baxışlarını kənara qoyub, bu qalmaqallı polemikaya nəzər yetirək. Qalmaqal isə Eks-prezidentlərin və onların ailə üzvlərinin statusunu müəyyən edəcək qanun layihəsinin Milli Məclisdə müzakirələri ilə bağlı məlumatlar yayılandan sonra baş verib. Belə ki, ilk zərbəni yetirən Fəzail bəy, daha sonra Araz bəydən cavab zərbəsi alıb.
Xronologiya:
1. Fəzail bəy qanunun eks-prezident Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxıb. Sitat — Hamıya bəllidir ki, indiki Azərbaycan dövləti Azərbaycan Sovet Sosialist Respublikasının varisi deyil və onun nə atributlarını, nə idarəetmə sistemini, nə də digər sahələrini özündə ehtiva edir. Ona görə bu qanun Ayaz Mütəllibova şamil oluna bilməz.
2. Buna cavab olaraq Araz bəy Əlizadə daha kəskin olub. Sitat — Qanun qəbul olunandan sonra məsləhət görərdim ki, Fəzail Ağamalı gedib su içsin. Milli Məclisin tualetlərində su yaxşı və keyfiyyətlidir. İnanmıram ki, kimsə Fəzail Ağamalının dediklərinə ciddi yanaşsın. Onun sözlərində hər hansı məntiq axtaran varsa, ona yazığım gəlir. Heç bir şüurlu adam Fəzail Ağamalının sözlərində məntiq tapmaz. Fəzail Ağamalının sərgilədiyi mövqe ondan ibarətdir ki, o, Roma papasından daha çox katolik olmaq istəyir.
3. Daha sonra estafeti yenidən Fəzail bəy götürüb. Sitat — Mən həm millət vəkili, həm də vətəndaş kimi istənilən məsələ barədə söz demək hüququna malikəm. Millət vəkili kimi mən hansısa məsələ barədə mətbuatda, tədbirlərdə sərbəst fikir söyləyə bilərəm. Mən hansısa məsələyə münasibət bildirərkən, fikir söyləyərkən təhqiramiz ifadələr işlətmirəm. Amma Araz Əlizadə mənim fikirlərimə münasibət bildirərkən tərbiyəsinə uyğun ifadələr işlətməkdən çəkinməyib. Bu ifadələr onun tərbiyəsinin göstəricisidir. Görünür, onun mayalanması tualetdən başlayıb və bu ifadə onun təhtəlşüurunda yer alıb. Ona görə də yeri gəldi-gəlmədi bu ifadəni işlədir.
4. Araz bəyin əks zərbəsini Səməd Vurğunun şeri ilə başlayıb. Sitat — Mayan turş ayrandır, zatın qırıqdır. İlandan, əqrəbdən yar ola bilməz. Bu, mənim ona cavabımdır. Ondan fərqli olaraq hər kəlməmin mənasını və qiymətini dərk edirəm. O, müsahibəmdə bir tərbiyəsiz söz tapsa və məni məhkəməyə verməsə, ata-anasından bixəbərdir.
Sözsüz. =)
Mövzuya dair forumda müzakirələr ↓
Analoqu olmayan siyasi polemika
Stiv Jobs bu gün vəfat etdi. Ola bilsin ortastatistik Nokia və Windows sevər istifadəçiyə bu ad heçnə demir, amma bir çoxları üçün bu insan və onun keçdiyi həyat yolu əsl məktəbdir.
Texnoloji titan, əfsanə, kreator və gözəl marketoloq Stiv getdi. Stiv həm də milyarder idi. Milyarderləri adət üzrə heç kim sevmir, səbəbi də ya adi cılız paxıllıq, ya da milyarderin milyardlara yiyələnmə metodudur. Amma bu gün dünyada total Stiv məhəbbətinin şahidi oluruq. Dünya liderləri, sadə insanlar, qlobal informasiya agentlikləri, TV və radiolar həmrək olub bu sadə və zəhmətkeş insanı yad etdi. Niyə? Çünki bu insan hər şeyə öz zəhməti sayəsində yiyələnib. Bizim neft pullarımız sayəsində şişib sinəsinə döyənlərə örnək olsun.
Stiv mənim də həyatımda böyük rol oynayıb. Adını çox eşitdiyim və həsrətində olduğum Macintosh kompüterini ilk dəfə 2000-ci ildə CBS poliqrafiya şirkətində gördüm. Çox qeyri-adi, fantastik və individual bir kompüter idi. Mac OS-lə o vaxtdan tanışlığım başladı. O vaxtlar Stiv Apple-a yenicə qayıtmışdı, şirkətin işləri elə də yaxşı getmirdi. Update-lər gec-gec çıxırdı, Mac-lar bir növ funksionallıqda Windows-a uduzurdu + bizim millətin Corel Draw sevərliyi Mac-dan istifadəni çətinləşdirirdi. Daha sonra İnternet erası başladı. Bu eranın ilk günlərində öndə gedən Macromedia şirkəti (sonda Abode tərəfindən uduldu) demək olar ki, bütün proqramlarını Windows platforması üçün nəzərdə tuturdu. Elə bu səbəbdən də, 2003-ci ildə Mac-dan tam ayrıldım, Windows-a keçdim… ta 2006-cı ildə yenidən iMac-ı görənə kimi. Gördüm — yenidən vuruldum. 2006-cı ildən etibarən Mac OS X istifadəçisi oldum. Bu il isə təmamilə Mac-a keçdim.
Stiv getdi. Amma ümid edirəm Apple erası hələ davam edəcək. Çünki zaman göstərdi ki, heç bir şirkət Apple qədər istifadəçilərə dəyər verib həyatımızı asanlaşdıra biləcək qədər sadə və orijinal məhsullar təqdim etmir.
Sonda əfsanəvi Stivin əfsanəvi çıxışını təqdim edirəm. Mütləq izləyin:
Mövzuya dair forumda müzakirələr ↓
Steve Jobs – “Apple”in qəhrəmanı vəfat etdi!
Rusiya siyasəti bu saat dəhşətli intriqalar arenasını xatırladır. Putin Medvedevin 2-ci səfər prezident olma ambisiyalarının üstündən xətt çəkdikdən sonra, o küncə sıxılmış heyvana bənzəyir. Küncə sıxılmış heyvan isə gözlənilməz addım ata biləcək qədər qorxuludur. Belə ki, dünən Medvedev Putinin ən yaxın silahdaşı, 15 ildən çox onunla eyni komandada çalışan Aleksey Kudrini gözlənilmədən alçaldıcı şəkildə işdən qovdu. Buna hələ qayıdacam. İndi gəlin Medvedevin bu hala necə çatdırılmasına nəzər yetirək.
Medvedevin Putinin istəyinə rəğmən prezident olma planı isə belə idi:
1. Milliarder Proxorovun pulları hesabına gücləndirilən və əsasən “yenilikçilərin” yer aldığı “Pravoye delo” (Dürüst iş) hərəkatı vasitəsilə Dövlət Dumasına keçid edir.
2. Sonra Proxorov geriyə çəkilir və Medvedev hərakatın adından prezidentliyə namizəd olur.
Amma bu planlar baş tutmadı — Proxorov ondan istifadə olunduğunu anlayan kimi, Medvedevin planlarını alt-üst edib partiyanı tərk etdi — partiya məhv oldu.
Proxorovun ən yaxın silahdaşlarınından olan Nadejdinin bu olayı təstiqləyən etirafı gizli şəkildə qeydə alınıb və Youtube-da yerləşdirilib.
Bundan sonra Medvedev təkləndi və Putinin təklifini qəbul etmək məcburiyyətində qaldı — Putin növbəti seçkilərin nəticəsi kimi prezident olur, Medvedev isə Baş Nazir postu ilə kifayətlənir. Putinpərəst “Edinaya Rossiya”-nın (Bütöv Russiya) qurultayında Medvedev rəsmi olaraq geri çəkildiyini bəyan edəndə, onun gözlərindəki kin açıq-aydın hiss olunurdu. Hətta Medvedevin yaxın ətrafı da öz emosiyalarını gizlətmirdi — Medvedevin köməkçilərindən biri qurultay vaxtı Twitter hesabında yazmışdı — sevinməyə heç bir səbəb görmürəm. Kin isə dünən özünü bildirməyə başladı — Putinin ən yaxın silahdaşı kameralar önündə danlanıb, işdən qolandı.
Bu video görüntüdə Medvedevin Kudrinin “Baş nazirlə məsləhətləşərəm” sözünə necə qısqanc və əsəbi şəkildə reaksiya verdiyinə fikir verin. Fikrimcə Medvedevin kini bununla bitən deyil. O artıq “əl altı” prezident imicindən bezib. Tandemin özlərinin etiraf etmədiklərinə baxmayaraq, onlar arasında mübarizə açıq müstəviyə çıxır və bu Putin üçün yeni itkilərlə bitəcək. Geri çəkilən Putini görüb, ruhlanan Medvedev isə ola bilsin 3-4 aydan sonra, qərarını dəyişib yenidən prezident olmaq sevdasına düşsün.
İstənilən halda bu intriqaların baş verməsi bizim (Azərbaycan) üçün xeyirlidir. Nə qədər bu kimi kompromat müharibəsi olsa, ruslar bir o qədər zəifləyər. Unutmayaq ki, bizim əsas bəlamız elə Rusiyadır.
Mövzuya dair forumda müzakirələr ↓
Medvedevi necə “sındırdılar”?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual