Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Macbook Air. Apple əfsanəsi yeniləndi!

Başımız deputatlığa namizədlərin traqikomik çıxışlarına o qədər qarışıb ki, texnoloji aləmin əfsanəsi — Macbook Air-in yenilənməsi xəbərini sükutla qarşıladıq. Rus demişkən — а зря.
Beləliklə, Apple bu günlərdə tam yenilənmiş Macbook Air-i təqdim etdi. Dünyanın ən nazik noutbuku kimi təqdim olunan Air-in eni cəmi 1,7 sm-dir! Yeni Air-lər 2 variantda buraxılacaq — 11.6 düymluq (ekran ölçüləri 1366х768 piksel) və 13.3 düym (1440х900 piksel). Hər iki modelin ekranı touch-pad (sensorlu) və multi-touch texnologiyasını dəstəkləyir. Hm… iPad üçün rəqib? Məncə, yox. Gözəlçələrin ən ağırı 1 kilo 300 qramdır.
Texniki göstəricilər — Core 2 Duo 1.86 GHz (13 düymluq modeldə 2.13 GHz), operativ yaddaş 2 (4 GB), NVIDIA GeForce 320M video-kartı. Modellərin Wi-fi, USB və hətta DisplayPort dəstəyi də var.
Əsas məsələ — qiymətidir. Amerikada 11 düymluq model 1299 USD (+128 GB flash yaddaş), 13 düymluq model isə 1599 USD (+256 GB flash yaddaş) dəyərində olacaq. Azərbaycanda isə Alma Store-un monopoliyasını və hal-hazırki modellərə olan qiymətləri nəzərə alsaq yeni Air Bakıda ən azı 2000-2500 manat civarında olacaq. Bu da dollarla eləyir 2400-3000 USD. Analoqu olmayan qiymətlərimiz hal-hazırki modellərdə də özünü göstərir. Belə ki, Alma Store mağazalarında köhnə model Macbook Air 2099 AZN-ə satılır. Əhsən.


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Su. Deputatlar. İTV. Park Bulvar. Fikirlərim

Bu arada Azeronline şirkətinin rebrendinqinə yaman başım qarışıb, bloqa kifayət qədər vaxt ayıra bilmirəm. Amma söz — İnşallah 2-3 günə yenidən aktivliyimi qaytaracam.
Ətrafımızda baş verən olaylar da o qədərdir ki, heç bilmirəm nədən başlayım. Gözümüzün suyu da qurudu… Yasamala düz bir həftədir ki, su gəlmir. Analoqu olmayan JEK də, su idarəsi də nədənsə susur. Ya deyirlər hardasa “avariya” olub, ya deyirlər camaat su pulunu vermir (bunu bəhanə edib  2011-ci ilin pulunu da indidən yığdılar), ya deyirlər tezliklə yeni sayğaclar gətiriləcək, ona kimi su olmayacaq. Kimə inanaq, bilmirik. Bir sözlə, bu qədər əhalini dolayıblar barmaqlarına. Bu yerdə deputatımız yadımıza düşür, onun da başı qarışıb təşviqat kampaniyasına — ay belə edəcəm, ay helə edəcəm, amma faktiki mövcud problemi həll edən yoxdur. Hamı virtualdan dəm vurur.

Deputatlar demişkən… İctimai kanalda efirə buraxılan təşviqat kampaniyasında iştirak edən bəzi deputatlığa namizədlər görəsən heç səhərlər durub güzgüdə özlərinə baxırlar? Ağızları söz belə tutmayanlar indi deputatlıq iddiasındadırlar. Danışıq qabiliyyətləri sıfır olanlar gen-bol yaltaqlıq edib vəziyyətdən çıxmaq istəsələr də, alınmır. Nəticədə özlərini gülünc vəziyyətə qoyub, xalqın gözündə biabır edirlər. Mənə ən ləzzət edən Şəki seçki dairəsindən öz namizədliyin irəli sürən “ambulatorçu” gəncin çıxışı idi. Çox “tutarlı və məzmunlu” nitq söyləyən bu ambisiyalı gənc eləbilir ki, televizora çıxıb yaltaqlanmaqla deputat olacaq… Amma deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə. =) Yaltaqlanmaq da əslində fitri bir istedaddır, hər kəsə nəsib olmur.
Deyirlər xeyirsiz şər olmaz — İTV-in son günlər reytinqi parta-part edir, şou-biznes proqramlarının aparıcılarını infakt vurmasa yaxşıdı.
Bu günlərdə Park Bulvarda yerləşən kinoteatr da istifadəyə verildi. Qiymətlər deyilənə görə çox münasibdir. Yəqin “klient tutana” kimi belə də olacaq. “Azərbaycan”-ın bazarı öldü. İnşallah vaxt edib, bir ora baş çəkib, subyektiv fikirlərimlə sizlərlə bölüşəcəm.
Nəsə. Gecədi. Gedim biraz dincəlim. Görüşənədək dostlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Aran. Sözsüz

Qonşu yazıda da qeyd etdiyim kimi, bu günlərdə Aran zonasında oldum. Orada olarkən qeydə aldığım çoxsaylı şəkillərdən bir neçəsi ilə bölüşürəm. Sözsüz rubrikası.
Şəkillərə böyük həcmdə baxmaq üçün üzərinə tıklayın.
Sarısu gölünün ətrafı. Günün batması.

Şirvan. Yerli yumor.

İmişli. Qoyunların koteclərə həsrət dolu baxışları.

İmişli səmasında naməlum uçan obyekt

Yerli kolorit

Mövzuya dair forumda müzakirələr ↓
No Comment və ya Sözsüz rubrikası

Soxulcanın Kreml sərgüzəştləri

Ukrayna parlamentində yaşanan tualet kağızı qıtlığından sonra indi də Rusiyada gərginlik yaşanır. Amma burada tualet kağızı ilə qıtlıq yoxdu. Burada aranı qatan daha orijinal hadisədir — Soxulcanın Kreml sərgüzəştləri.
Belə ki, Rusiyanın rəsmi informasiya agentliklərinin (Vesti.ru) verdiyi xəbərə görə, Kremldə Almaniya prezidentinin şərəfinə verilən ziyafətdə iştirak edən Rusiya hakim elitasının təmsilçisi, Tver vilayətinin qubernatoru Dmitriy Zelenin salatların birində topbuş bir soxulcana rast gəlib. “Sovremennıy” qubernator eləmə tənbəllik soxulcanın şəklini telefonuna çəkib və həmən Twitter-də yerləşdirib. Özü də əlavə edib — hə camaat, Sizdə baxın görün Kreml soxulcanı necə olur. =)

Düzdü hadisədən 2-3 saat sonra “mırt tutan” qubernator həmən postu pozub və istifadəçi adını ləvğ edib, amma nə karə — artıq rəsmi agentliklər şəkili tirajlayıb yayıblar. Hadisədən heyrətlənən Kreml administrasiyası isə qubernatoru “başdan xarab” adlandırıb və Kreml mətbəxinə “yoxlama” göndərib. Deyilənə görə, “soxulcan əhvalatı” Tver qubernatorunun kreslosun yaman laxladıb. Əhsən. Sən bir soxulcanda olan fərasətə bax e. =)
Mövzuya dair forumda müzakirələr ↓
Soxulcanın Kreml sərgüzəştləri

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Amerikada maraqlı bir eksperiment keçirilib. McDonalds-dan alınan və uşaq yeməyi kimi qələmə verilən “Happy Meal!” yarım il saxlandıqdan sonra belə xarab olmayıb!
Britaniyanın mötəbər The Daily Mail dərgisinin verdiyi xəbərə görə, xanım Sally Davies (sənətcə foto-rəssamdır) tərəfindən keçirilən eksperiment maraqlı və eyni zamanda dəhşətli nəticələr əldə edib. Eksperimentin hər günü “Happy Meal”-ın şəkili çəkilib. McDonalds möcüzəsi bu müddət ərzində nəinki xarab olmayıb, hətta yüngülcə belə kiflənməyib. Yeganə dəyişiklik — 6 ay ərzində “Xoşbəxt qida” bərkiyib olub daş parçası.




Bu da bir daha McDonalds məhsullarının insan orqanizmi üçün katastrofik dərəcədə qorxulu olmasının növbəti sübutudur.
Bundan əvvəl bu tipdə bir neçə testlər keçirilib. Məsələn, Nyu-Yorklu bir araşdırıcı öz üzərində eksperiment aparıb — o 30 gün ərzində yalnız McDonalds məhsulları ilə qidalanıb. Nəticədə 33 yaşlı tam sağlam insan 30 gün ərzində 11 kilo kökəlib, onda ürək sancıları, qaraciyərin bərkiməsi, həmçinin mədə-bağırsaq problemləri müşahidə olunub. Eksperiment yarımçıq bitib, eksperimentator isə düz 2 il müalicə almalı olub.
Bax belə. Görəsən bütün bu faktlar bizimkiləri McDonalds məhsullarından imtina etməyə bəs edəcək? Fikrimcə yox.

  • Birincisi, bizim millət McDonalds-a ya qız (oğlan) “tutmağa” gedir (adətən Bluetooth-la), ya da “risovkalığa”.
  • İkincisi, camaat rayondan gəlib McDonalds-da oturmağı, nəsə yeməyi “sverx-prestij” hesab edir.
  • Üçüncüsü isə, sağlamlığımıza “biganə” yanaşma adətimizi nəzərə alıb, indi hər kəs deyəcək — guya yediyimiz digər qidalar fərlidir? Əşi, bas getsin…

Bu arada McDonalds məhsulları həqiqətən dadlı olur. 🙂
Mövzuya dair forumda müzakirələr ↓
Fast food və ya millət qırılır

Windows Phone 7 efirdə!

Çoxdandır ki, anons edilən Windows Phone 7-i nəhayət ki, bu gün rəsmi olaraq anons edildi. Mobil telefon istehsalçıları da həmən öz modellərini göstərdilər.
İlk olaraq səs LG-dən gəldi. LG Optimus 7 adlı yeni qadjet “touch-screen” ekranlı (resolution 800×480 px), 5 megapikselli HD çəkilişi aparmağı bacaran kameraya malik, 16GB daxili yaddaşlı və Wi-Fi dəstəkli bir mobil telefondur.

Daha sonra xəbər LG-nin yerlisi Samsungdan çıxdı — Samsung Omnia 7 (GT-I8700). Çox gözəl xarici görünüşü var.
Samsung-un özüdə Super AMOLED tipli ekranı olacaq. Amma ekranda LG-dən güclü olsa da, yaddaş sarıdan uduzur — 8 GB. Digər xüsusiyyətləri LG ilə demək olar ki, eynidir.


Ən sonda isə HTC söz aldı. Microsoft-un HTC-nin səhmlərinin bir qisminin sahibi olması özünü göstərdi — Samsung və LG hərəyə bir telefon təqdim etdilərsə, HTC düz 5 telefon təqdim etdi. Özü də yeni seriya altında. Telefonların xarakteristikaları rəqiblərə oxşardır — bütün telefonlar 5 meqa-piksellik kamera (Bircə HTC 7 Mozart modeli 8 meqa-piksellik kamera ilə) və 1 GHz-lik Qualcomm prosessoru ilə təchiz olunur.

Hər model bir seqment üçün nəzərdə tutulub.
HTC 7 Trophy — ən sadə model. Standart funksiyalar ilə.


HTC 7 Mozart — əsas üstünlüyü kameradır. Özü də ksenon işıqla.


HTC 7 Surround — slayder tipli bu telefon gözəl akustik xüsusiyyətlərə malikdir.

HTC HD 7 — əsasən video-ya baxmaq üçün nəzərdə tutulur. Hələ açılan ayaqcıqları da var — olur kiçik televizor. =)


HTC 7 Pro — QWERTY klaviaturalı telefondur. İş adamları üçün nəzərdə tutulur. Mini laptop.

Mövzuya dair forumda müzakirələr ↓
Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Azərbaycan İnternetində nələr baş verir (№2)

Azərbaycan İnternetində baş verən hadisələrə dair bölüşdüyüm fikirlərimlə bağlı yazımdan bir xeyli vaxt keçib. Amma aktivlik gözlədiyimiz Sentyabr ayının gəlişinə baxmayaraq, hələlik qeyri-adi bir yenilik müşahidə edilmir. Əksinə, deyərdim bəzi saytlar daha da passivləşib, paslanıblar.
Başlayaq Azərbaycanda İnternet qoşulmanın qiymətlərinin azalmasına dair vədlərdən. Deyəsən bu vəd də çoxsaylı vədlər kimi yalnız söz olaraq qalacaq. Bu “xoş xəbər”in verilməsindən ay yarım keçməsinə baxmayaraq qiymətlərdə hələlik heç bir dəyişiklik yoxdur.
Aznet
“Sosial Yeniliklər Düşərgəsi”ndən sonra Bloqosfer 2010 keçirilməsi barədə elan olundu. Aktiv gənclərin bu tip yığıncaqlar keçirməsi alqışa layiqdi. Dəstəkləyirəm. Yığıncağa (foruma) da kölgə salmaq fikrim yoxdur, lakin təşkilatçılar arasında məlum Soros fondunu, Amerikanın USAİD təşkilatını, Amerikanın ölkəmizdəki səfirliyinin adını görəndə… nəzərə alsaq ki, Sem dayı heç nəyi təmənnasız etmir, onda onun seçki öncəsi “stavkanı” aktiv gənclərə etdiyi məlum olur. Bir-iki layihəyə sərmayə buraxıb gəncliyi ələ almaq üçün bu tip yığıncaqlar ideal məkandı. Amma ümüd edək ki, bizim gənclik də bu kimi tələlərə düşən deyil — Sem dayını iqnora atıb, forumdan sırf özlərinin, Azərbaycan İnternetinin inkişafına dair nəticələr çıxararlar.
Keçən yazımda qeyd etdiyim kiçik amma faydalı proqram (vidjet) — Ramazan təqvimi — başladı şıltaqlığa. Proqramı yaradanlar sağolsunlar, böyük savab sahibi oldular. Amma Ramazan bitdi — proqram işləmədi. Daha doğrusu mənə belə bir təklif elədi — Kataloq.NET köməkçisinin yeni versiyasını yükləmək üçün SIXIN. Sıxdım. Brauzer səhv səhifəyə keçid etdiyimi göstərir. Deməli proqram artıq yararsızdır. Pozmaq istədim. Burada isə məni sürpriz gözləyirdi. Sən demə bu proqramı pozmaq mümkün deyil. Daha doğrusu öyrəşdiyimiz “UNINSTALL” faylı mövcud deyil. Yeganə çıxış yolu vidjeti AUTOSTART menudan pozmaqdır. Vəssalam. Bizdən yalnız növbəti Ramazanda proqramın daha mükəmməl versiyasın gözləmək qalır.
Odnoklassniki.ru-nun ölkəmizdə kifayyət qədər istifadəçisi olduğunu nəzərə alıb, onun Azərbaycan İnternetinə aidiyyatı danılmazdır. Sonunu hiss edən bu xidmət artıq qeydiyyatları pulsuz aparır. Amma nə faydası. Rəqiblərinin təklif etdiyi “flexible” sistemlərə öz hərəkətsizliyi ilə uduzan odnoklassniki.ru-nun süqutuna artıq heçnə mane olan deyil. Çünki buna bir neçə obyektiv səbəblər var:

  1. Artıq qeyd etdiyim kimi, digər sistemlərə “flexible” məsələsində uduzur, yeniliklər etməkdə gecikir və s.;
  2. Kənar saytlara inteqrasiyası məsələsi – 0. Məsələn, odnoklassniki.ru-dan fəqli olaraq hələ 2-3 il (nisbətən qəlizliyi və qloballığı səbəbindən) sabit yaşayacaq Facebook, öz sisteminin 3-cü saytlarla inteqrasiyanı mümkün (məsələn Like düyməsi və s.)  edir, yeni istifadəçilər toplayır;
  3. Saytın Mamba sistemli tanış saytlarının artıq alternativinə çevrilməsi + çoxsaylı “yanıq” istifadəçilərin oranı “qız, oğlan tutmaq” üçün istifadə etməsi — xidmətin bir başa deqradasiyasına yol açır.
  4. Həddən artıq acı-gözlük. Xidmətlərin total pullaşdırılması.

Nəsə, ruslara heç Allah köməkləri olsun deməyə dilim gəlmir. Qoy necə olacaqsa, elədə olsun. =)
Artıq ənənəyə çevrilmiş — Fox.AZ haqqında məlumatlarımla bölüşürəm. Qeyd etdiyim kimi, İnşallah tezliklə (2-3 ay ərzində) sayt (forumda artıq bu öz əksini tapıb) bütünlüklə rebrendiq, restylinq və digər “ağıllı” sözlərin real nəticəsinə məruz qalacaq. Sayt bütünlüklə öz ideologiyasını dəyişir, artıq ordan-burdan copy-paste edilmiş yazılar toplusu deyil, intellektual gənclər üçün informasiya-əyləncə tipli bir portal olacaq. Bunun üçün artıq saytın işçi potensialının gücləndirilməsinə başlanılıb. Sayt üçün materiallar hazırlayacaq təcrübəli jurnalistlər işə götürülür. Həmçinin saytın xarici görünüşündə də müvafiq dəyişikliklər ediləcək, bloq sistemdən imtina ediləcək. Hələlik isə portal üçün “satellite” mobil xidmətlərin yaradılması prosesi gedir. Bununla da, İnşallah Azərbaycan İnternetinin ən qocaman portallarından birinin yaxşı mənada böyüməsinin şahidi olacağıq.
Allah köməyimiz olsun!
Bu “Azərbaycan İnternetində nələr baş verir” silsiləsindən olan yazılarımın növbətisi idi. Yeni yazırlada görüşənədək! 😉
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternetində nələr baş verir (№2)

Lujkov. Səbəb kepkadadı…

Rusiya başbilənləri deyəsən bu vaxtda kimi özək siyasətçilər sayılanların bərk kreslolarını tərpətməyə başlayıblar. Belə olmasaydı, bir vaxt öncə ən yaxın müttəfiqləri olan Lukaşenko haqqında, indi isə Moskva meri, kepkalar şahzadəsi Yuriy Lujkov haqqında federal kanallarda kompromativ verlişlər yayımlamazdılar.
Hə, bu dəfə “tandemin” (Putin-Medvedev birliyini adətən belə adlandırırlar) qurbanı Lujkovdu. Əsas da Lujkovun xanımı, Rusiyanın ən varlı qadını olan Yelena Baturina haqqında. Federal kanal olan və bir vaxt müstəqil olan (hal-hazırda bir başa Kremlin kurasiyasındadır) NTV-də yayımlanan bu film əsasən kompromatlardan ibarətdir. Məsələn, sual olunur, niyə Moskva Avqust ayında tüstüdən can verəndə Lujkov dağlar ətəyində istirahət edirdi və gələn kimi əhaliyə kömək əvəzinə şəhər büdcəsindən Mokvada yerləşən bütün arıların (!) evakuasiyası üçün 256 milyon rubl (hardasa 10-12 milyon dollar) vəsait ayırdı. Hansı ki, əlillərin evakuasiyası üçün böyük qalmaqaldan sora (deyirdi şəhər büdcəsində vəsait yoxdu) 105 milyon rublu (3,5 milyon dollar) böyük minnətlə verdi… və daha nələr. Filmdə yerlimiz Telman İsmayılovda gözə dəyir.
Mənə maraqlı gələn isə odur ki, Lujkov əslində Putinin ən yaxın silahdaşlarından sayılır. Bəs onda Medvedev hansı ürəklə ona qarşı belə “kompromat” sifariş edib?! Yoxsa Medvedev yavaş-yavaş Putinin adamlarını sıradan çıxarmaq taktikasına keçib? Hər şey ola bilər. Ola bilsin elə burada Putinin də əli var — bəlkə Lujkov nədəsə “çaşıb”, indi cəzasın alır?! Siyasət çirkindi…
Bir sözlə, min eşitməkdənsə, görmək daha yaxşıdı. Baxmayanlarda baxsın:


Mövzuya dair forumda müzakirələr ↓
Lujkov. Səbəb kepkadadı… (Video)

Azərbaycan İnternetində nələr baş verir (№3)

Növbəti bir ayı da geridə qoyduq. Azərbaycan İnternetində nələr baş verdi? İnqilabi heç nə, həyat öz axarında davam edir. Gəlin bir bir bütün olayları təhlil edək.
Azərbaycan İnternetində yeni virtual mağaza işə başladı — shop.az. Dizayn biraz qarışıq olsa da, işə ciddi yanaşmaları xoşuma gəldi. Test üçün sifariş də verdik. Hər şey gözəl qurulub. Onlayn ödəmə sistemi də fəaliyyət göstərir — GoldenPay. Ölkədə ödəmə sistemlərinin yayımını nəzərə alsaq AzeriCard olsaydı, fikrimcə daha məqsədə uyğun olardı. Yeri gəlmişkən, bizim də onlayn super-market layihəmiz var — bazar.az, amma hələlik onu reallaşdırmağa vaxt çatdırmırıq. İnşallah tezliklə shop.az-a rəqib olarıq. =)
Keçmişin ən populyar saytlarını bir-bir yad edirdim. Növbə dostumuz Fəridin (el arasında Dups kimi tanınır) saytı olan və bir vaxt cavanların ən sevimli saytına gəlib çatdı — az-maz.com. Saytı açdıqda məni sürpriz gözləyirdi. Brauzer məni yönləndirdi tam başqa bir domenə — auto.az. Az-maz.com-un fəaliyyətinə çox güman ki, xitam verilib, amma əvəzində baxımlı bir avtomobil saytı tərtib edilib. Auto.az-da diqqətimi çəkən əsas məsələ — digər yerli (avtomobil profilli) saytlardan öz funksionallığı, yeni texnologiyalardan səliqəli istifadəsinə görə çox fərqlənməsidir. Xeyirli olsun.
Yeni bir bloqa rast gəldim — muntezir.net. Müəllif həddən artıq radikal (ради чего?!), kompromissiz yazılar yazsa da, özünə məxsus ironiya və yumora malikdir. Bu tip radikalizmi nəzərə alsaq, ehtimal etmək olar ki, qardaş çoxdan bu ölkədə yaşamır. =)
Növbəti MilliNet İnternet mükafatına start verildi. Bu mükafatın əsas fərqi — müsabiqədə Azərbaycan dilli saytlara üstünlük verilməsidir. Bunu yalnız alqışlamaq lazımdır. Amma mükafatın təşkilatçısı kimi Azərbaycan İnternet Forumunun çıxış etməsi…
Osman Gündüz. Milli İnternet Forumunun sədri. Onun media qarşısındakı mütəmadi olaraq çıxışlarını, Azərbaycan İnterneti ilə bağlı qayğısını (sözdə olsa belə) daima müşahidə edirik. Hiss olunur ki, insan başqalarından fərqli olaraq çalışır. Amma şəxsən mənim onun səmimiliyinə böyük şübhəm var. Niyə? Səbəbin açıqlayım. Netty-nin mükafatlandırma mərasimi idi. Şəxsi səhifələr nominasiyasında 2 qalib var idi. Biri müğənni Azərinin şəxsi saytı, biri isə ADR-in yaradıcısı böyük Məmmədəmin Rəsulzadəyə aid bir sayt. O zaman juri bilmirdi səsi kimə versin və məhz Osman Gündüzün sayəsi nəticəsində mükafat müğənninin saytına çatdı. Mükafatı qalibə təqdim edən Osman bəy hələ qeyd etməyi də unutmadı — “Müğənni Azərin Azərbaycan üçün çox böyük işlər görür və layiqli olaraq bu mükafatı qazandı”. Əhsən. Azərin Azərbaycan üçün böyük işlər görə bilər, amma məgər onun gördüyü Rəsulzadə və onun irsi ilə müqaisə ediləsidirmi?! Görünür hörmətli Osman müəllim hesab edir ki, bəli, mümkündür.
Netty-dən söz düşmüşkən. Osman bəyin Netty-nin təşkilat komitəsinin üzvü ola-ola yeni bir mükafatı təsis etməsi də mənə qaranlıq qaldı. Ümumiyyətlə, bu Azərbaycan mentalitetinə aid olan bir problemdir. Bir şey ətrafında birləşib, onu daha da təkmilləşdirmək əvəzinə, biz fərdiçiliyi daha üstün tuturuq. Ötən yazılarımda qeyd etdiyim kimi — birisi uğurlu nəsə açdısa, həmən onun kopiyalanmağı prosesinə start verilir. Bu real həyatda Opera Lounge misalında da, virtaulda uğurlu forumların, saytların, mükafatların kopiyalanmasında da belədir.
Ənənəmizə sadiq olub, bu dəfə də Fox.AZ mövzusuna toxunacam. Bir də görürsən kimsə ağzının suyunu tökə-tökə rəy yazır — “Fox.AZ 4 il bundan qabaq sayt idi, indi heç nədir” və sair, və ilaxır. Sair sözünün yerində adətən şəxsi qərəzliklə dolu yazılar olur, o da görünür saytdan hansısa səbəbdən qovulduğundan ürəyində kin qalıb və ya bəziləri kimi bozbaşizmin son həddindən əziyyət çəkərək onu ört-basdır etmək üçün saç uzadıb (guya bununla oldu müasir birisi), böyük-böyük danışıb özünü Azərbaycan İnternetinin tənqidçisi hesab edir.
Cavab verirəm. Kütləvi saytların fəaliyyət profilini elə kütlənin özü müəyyənləşdirir. Fox.AZ isə əyləncə tipli saytdır. Kütlə isə əyləncə dedikdə Röyanı, Rəqsanəni, nəbilim Üzeyiri (Hacıbəyovu yox ha) nəzərdə tutur.
2006-cı ildə digər layihələrə qoşulduğumdan Fox.AZ saytının bağlanmaq təhlükəsi yarandı. Amma son anda dost-qardaşlarla yekun qərarı verdik — saytı 2 nəzarət dairəsinə böldük — portalın bir hissəsi oldu DLE (Data Life Engine) əsaslı və kütləni maraqlandıran, onun istəyi ilə fəaliyyət göstərəcək bloq-xəbərlər (İsti-isti bölümü adı altında), digər hissəsi isə intellektual müzakirələr üçün forum.
Bloq-xəbərlər hissəsini (İsti-isti bölümü) tam olaraq cavan dost-qardaşlar öz nəzarətlərinə götürdülər. Yani o bölüm demək olar ki, məndən 4 ildir ki tam azad və müstəqildir. Forum hissəsi, birdə saytın ümumi dizaynı, proqram təminatına dəstək isə keçdi mənim kurasiyama.
Zaman göstərdi ki, əslində seçdiyimiz bu yol ən doğrusu idi. Çünki portalın bloq-xəbərlər hissəsini gün ərzində unikal İP-lərlə 4000-ə yaxın istifadəçi ziyarət edir, bu da öz növbəsində bizim mobil əsaslı xidmətlərimiz üçün potensial istifadəçi bazasıdır və həmçinin oradakı gənclərin foruma inteqrasiyasını asan edir, forumu yeni istifadəçilərlə təchiz edir.
Onu da qeyd edim ki, aşağı səviyyəli istifadəçilərin foruma keçidini sıfıra endirmək üçün forum və bloq-xəbərlər-də qeydiyyatlar ayrı-ayrılıqda aparılır. Hal-hazırda bloq-xəbərlər bölümündə qeydiyyat tam azaddır. İstənilən şəxs heç bir maneə və xüsusi aktivasiya gözləmədən qeydiyyatdan keçib portalın bloq-xəbərlər hissəsindən faydalana bilər. Amma forumda qeydiyyat həmən aktivasiya olunmur — bütün qeydiyyatlar yoxlandıqdan sonra qəbul edilir.
Müasir Fox.AZ — Bloq-xəbərlər vasitəsi ilə həm kütləni, həm də Forum vasitəsi ilə kifayət qədər intellektual insanları özündə birləşdirir. Portalın gələcək inkaşaf planları isə artıq məlumdur və bununla bağlı ötən yazılarımda bölüşmüşəm. Allah köməyimiz olsun!
Bu dəfə yazım biraz aqressiv oldu. İnciməyin dostlar. Yazılar sırf mənim subyektiv fikirlərim idi. 😉

Müqəddəs Ramazan bayramı…

30 gün oruc tutub, özümüzü Allaha daha yaxın hiss etdiyimiz ayın — Ramazanın pik səviyyəsinə gəlib çıxdıq. Bu gün Mübarək Ramazanın bayram günüdür. Hər kəsi təbrik edirəm. Amma…
Həmişəki kimi bu dəfə də bir amma var… Bu mübarək bayramda o qədər şablon təbriklər alırıq. Demək olar ki, bütün təbriklər ruzi-bərəkətlə bağlıdır. Anlayıram, dünya həyatında ruzi-bərəkət də vacibdir. Amma axı digər vacib olan ünsürlər də var. Bəs görəsən var-dövləti, bu fani dünya həyatını dəhşətli dərəcədə sevən bizim xalq digər dəyərlər barəsində heç düşünür?!
Hər il eyni şey təkrarlanır. Darıxdırıcıdır… Belə baxanda həyatın özü-özlüyündə də darıxdırıcıdır. Həyatımızda nə qədər yeniliklər etsəkdə, hər il eyni şeyləri təkrarlamaq məcburiyyətində oluruq. Əvvəllər məndə SMS-lə, zənglə hər kəsi təbrik edərdim, bunu hansısa mənada insanlara diqqət, hörmət və izzət hesab edirdim. Amma sonra anladım ki, ifrat diqqətçilik də, hörmət də bir şey deyil. İslamın buyurduğu kimi, hər şeyi qədərində etmək lazımdır.
Mübarək Ramazan ayında insan bütünlüklə oruc tutmalıdır. O həm daxilən, həm fiziki olaraq oruc olmalıdır. Bu isə onun səbrli və təmkinli olması deməkdir. Amma buna rəğmən müsəlmanlar hələdə öz primitiv instiktlərinə yiyələnib, özlərini ələ alıb bir birlərinə kompromisə gedə bilmirlər… Hələdə dava-dalaş davam edir. Belə olmasaydı, Fələstin və  İran liderləri İsrail önündə bir birlərini biyabır etməzdi. Belə olmasaydı, İslam bayrağı altında gizlənib, bu günlərdə Lənkaranda ixtişaşlar törətməzdilər. Belə olmasaydı, Ermənistanın vitse-prezidentinin İranda (Cənubi Azərbaycanda) böyük qoyun fermaları olmazdı… Bəlkə elə bütün günahlar da İslamı xalqın gözündə təmsil edən şəxslərdədi? Axı hansısa məsçid axundunun Allah evində fahişə ilə cinsi əlaqəyə girməsi kimi faktları nəzərə alan kütlə İslama necə inansın? Bəlkə nəzir qutularını, yas mərasimlərini biznesə çevirən bu mollalar İslamın cılızlaşmasına görə məsuliyyət daşıyırlar?! Nə bilim. Bəlkədə…
Bütün bunları nəzərə alıb Allahdan müsəlmanlara arzum var — birlik, təmkinlik və ağıl. Bu 3 ünsürün olmaması, hal-hazırda İslam üçün çox böyük bəladır.
Allah köməyimiz olsun! Bayramınız mübarək, müsəlman bacı qardaşlar!
PS. Əsl İslam sadaladığım cılızlıqlardan uzaqdır. İslam gözəldir. Gəlin gözəl İslamı aşağıdakı şəkillərdə müşahidə edək. (Şəkillərə böyük həcmdə baxmaq üçün üzərində tıklayın).
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan
Ramazan

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom