WikiLeaks. Son vaxtlar xəbərlərdə adı ən çox çəkilən sayt. Bəs bu WikiLeaks nədir və ümumiyyətlə nəyə xidmət edir? Gəlin birlikdə bunu aydınlaşdıraq.
WikiLeaks-ın yaradıcısı Julian Paul Assange adlı bir Avstraliya vətəndaşıdır. Uşaqlığı çox ağır keçən Julian cavanlıq dövründə bir çox kiber-cinayətlərdə şübhəli bilinib. Hətta vaxtıyla CityBank-dan 500.000 ABŞ dolları oğurladığına görə onun barəsində cinayət işi də açılıb. Texnologiya aləmiylə yaxından tanış olan hər bir şəxs gözəl bilir ki, bu tip savadlı xakerlər bir müddətdən sonra xüsusi xidmət orqanlarına işləməyə məcbur edilir. Yəni başqa bir variant ola bilməz — əsas prinsip — “istedadlı xakerlərlə mübarizə aparmaqdansa, onları mənən məhv edib özünə tabe etmək daha sərfəlidir” burada öz rolunu oynayır. Görünür elə bu səbəbdən də tezliklə Julian-ın üzərindən bütün ittihamlar götürülür və o fəaliyyətini davam etdirir.
Beləliklə, 2006-cı ildə Julian-ın növbəti layihəsi WikiLeaks işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, İnternetdə bölüşürlər.
Gizli və məxfi sənədlərin yayımını başqa bir saytda da təmin etmək olardı, bəs niyə məhz WikiLeaks?! Axı yüzlərlə bu kimi saytlar var… Niyə? Çünki bu sayt birbaşa ABŞ Administrasiyası tərəfindən idarə olunur. Bunun təsdiqi kimi:
- WikiLeaks-ın əsas ideologiyası (saytlarında da qeyd olunur) — siyasi azadlıqların təbliği, əsas hədəfi isə Çin və Rusiyadır. ABŞ Administrasiyasının Rusiya və Çinlə münasibətlərini birbaşa korlamamaq üçün gözəl vasitə — kompromatı burax İnternetə, sonra da bu kimi “məxfi” sənədlərə istinad edib bu ölkələrə təzyiq et.
- Tamaşaya biraz da təbiilik qatmaq üçün ABŞ Administrasiyası səviyyəsində sayta reaksiya olunur. Guya “pis” WikiLeaks bunların “sirlərini” açıb-tökür. Bu isə əslində onun bütün dünyada tanınmasına, təbliğinə xidmət edir.
- Guya İnterpol Julian-ı axtarışa verib, amma o görünməz olub. Bu da absurd bir şeydir. Hər-halda sayta girib, yeniləyirsə, onun IP-ləri həmən ICANN-da və ya provayderdə (hosterdə) qeydiyyata düşür. IP ilə isə insanı asanlıqla tapmaq olar. Deyə bilərsiz bəs birdən proxy-dən istifadə edirsə?! Bu da boş şeydir. Hələ bizdə proxy-ləri yararsız edən proqram və skriptlər var, təsəvvür edin bunun üçün xüsusi kəşfiyyat orqanlarının nə kimi alətləri var…
- Əgər həqiqətən də WikiLeaks ABŞ-ın nüfuzuna zərbə vurursa, onda elə adı çəkilən ICANN (dünyanın bütün domen adlarına nəzarət edir) heç bir səs-səmir olmadan WikiLeaks.org saytını bağlaya bilər.
- Guya WikiLeaks anti-ABŞ təbliğatı aparır. Növbəti sayıqlama. Əslində saytda yayımlanan bütün sənədlər ABŞ-ın mənafeyinə xidmət edir. Məsələn, “məxfi” sənədlərdə qeyd olunur ki, İraqlı əsgərlər (məhz iraqlı (!)) əsirlərə işgəncə verib, onların barmaqlarını kəsib, gözlərini çıxarırlarmış. ABŞ hakimiyyətinin günahı isə — buna göz yummaqla bitir. Deməli İraq oldu vəhşi-barmaq kəsən… İraqa təzyiq üçün növbəti bəhanə. Budur ABŞ-a ziyan?
- Bu klassik ovçuluq strategiyasıdır. Bir misal çəkim. Ovçular ilk olaraq 3-4 ördəyi tuturlar, qanadlarını şikəst edirlər ki, uçmasınlar. Onları bir müddət qaranlıq yerdə saxladıqdan sonra, ümumiyyətlə uçmağa can atmırlar, insanlardan qorxmurlar. İşləri yalnız başlarını aşağa salıb sakitcə üzmək olur. Ovçular ova gedərkən onları mütləq özləriylə götürürlər, buraxırlar suya. Göydə uçan azad quşlar onların rahatça üzdüyünü görüb, onlara qoşulmağa can atırlar, qonurlar onlarla üzməyə — elə bu vaxt ördək soyqırımı başlayır. Azad və uçan quşları bir-bir vurub güllələyirlər. Zəlilləri isə yenidən qəfəsə qoyub, gələn dəfə üçün saxlayırlar. İndi WikiLeaks də o zəlil ördəklərdən biridir. Birisi məxfi sənədi ötürdü — onu həmən ayırd etmək üçün əla vasitə.
WikiLeaks sadəcə ABŞ kəşfiyyatının bir alətidir. Demokratiya carçısının saman-altı oyunu üçün yeni bir layihə.
Yuxarıdakılar mənim subyektiv fikrim idi. Əgər etirazınız varsa, faktlarla təsdiq edin.
Mövzuya dair forumda müzakirələr ↓
WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?