Çoxdandır ki, elə siyasi mülahizələrimlə bölüşürəm. Nə qədər olar axı. =) Biraz istirahət edib, pozitivlənək.
Texnoloji təkamül. Super 3D effektlər.
************************************************
Uşaqlığımızın pərəstiş obyekti “Mario” oyunu indi onun gözləri ilə. Maraqlı çarxdır.
************************************************
Paralel dünya. Qısa (elə bütöv də) 3D filmlər arasında şəksiz şah əsər! Mütləq baxın!
************************************************
Və sonda… Avropanın məşhur Euronews telekanalının Azərbaycanda keçirilən Novruz şənlikləri və bu bayramın mahiyyəti ilə bağlı hazırladığı maraqlı reportaj.
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar
Çoxdandır ki, vaxt azlığından filmlərə baxa bilmirəm. Amma son 10 gündə imkan edib bir neçə filmə baxdım, onlara dair fikirlərimlə bölüşürəm. Filmlər — Путешествия Гулливера (Gulliver’s Travels), Вверх (Up), Санктум (Sanctum), Гадкий я (Despicable Me).
Путешествия Гулливера (Gulliver’s Travels)
Bu filmə bir ay öncə baxsam da, filmə dair resenziya ilə bu gün bölüşürəm. Özü kimi primitiv filmi hələ fikirləşmək lazımdır. Dəhşət. İtirdiyim vaxtıma çox heyfim gəldi.
Demək olar ki, bütün aktyorlar “anloqu olmayan” tərzdə rolları süni ifa edirlər. Bircə Jack Black nəsə etməyə çalışır, amma tək əldən səs çıxmaz. Nəticədə mənasız və axırı ilk saniyələrdən bilinən bir film alınıb. Belə filmlər 90-cı illərdə dəbdə idi, amma indi 2011-ci ildir. Ssenarini danışmayacam, bircə deyə bilərəm ki, mənasızlığın son həddidir.
Filmə baxmağı heç bir halda məsləhət bilmirəm. Vaxtınızı daha faydalı şeylərə sərf edə bilərsiz, bu film isə vaxt itkisindən başqa bir şey deyil. 10 ballıq şkala ilə qiymətim 0 bal.
PS. Bu filmdə 3D də həddən artıq keyfiyyətsiz təşkil edilib.
**************************
Вверх (Up)
Coxdandır ki, bu filmə baxmağa tərəddüd edirdim, treylerindən mənə nəsə bir uşaq filmi kimi gəlirdi. Amma bir məsləhətdən sonra baxmaq qərarı verdim. Çizgi filmi olsa da özündə böyük məna daşıyan bu film dərhal mənim ən sevimli filmlərdən birinə çevrildi. Filmdə həm qəm, həm də xoşbəxtlik yan-yanadır.
Mükəmməl ssenarini qısaca danışım — film bir balaca oğlancığazın həyatından bəhs edir. O kiçik yaşlarında olarkən öz yarını tapır — onları bir əlçatmaz arzu birləşdirir — uzaq sahillərdə yerləşən bir şəlalənin yanında ev tikib, birgə yaşamaq. Böyüdükdən sonra cütlük evlənir. Amma xoşbəxtlik çox çəkmir, cavan ailənin uşağı olmur. Həyat isə öz axarında davam edir. Cütlük qocalır. Artıq qoca birisinə çevrilən, amma daxilən hələ də cavan baş qəhramanımız həyatda tək qalır — yarı vəfat edir. Kədərinə qapanmağa başladığı vaxtda balaca bir uşaq peyda olur və yeni macəralar başlayır.
Bu filmə 10 baldan 10+ bal verirəm. Həddən artıq gözəl bir filmdir. Mütləq baxın. Məsləhətdir.
**************************
Санктум (Sanctum)
Kemeronun bu işi haqda çoxlu rəylər bildirilib. Kimisi pisləyir, kimisi tərifləyir. Açığı film ilk yarım saat ərzində təmamilə xoşuma gəlmədi — aktyorların olduqca süni rolu, ssenarinin həddən artıq zəif olması özünü bildirirdi. Amma filmdə hadisələr cərəyan etdikcə, bir-birinin dalınca insan faciələrin şahidi olduqca, filmə maraq artdı. Görünür Kemeron zəif ssenarini filmdəki faciəvi səhnələrin bolluğu ilə kompensasiya etmək istəyib. Bu hardasa onda alınıb.
Adət üzrə ssenarini qısaca danışım — Mağaraları öyrənən bir elmi tədqiqat qrupu “analoqu olmayan” bir mağara sisteminə rast gəlir və bütünlüklə özünü onun öyrənilməsinə sərf edir. Amma çox keçmir ki, cansız daş parçası öz sərt üzünü göstərir — insanlar bir-bir müxtəlif vəziyyətlərdə faciəvi şəkildə ölməyə başlayırlar. Bir tərəfdən də tufan qopur — mağaralar su ilə dolmağa başlayır. Ssenaridə baş verəcək hər dramatik olayı 10-20 dəqiqə öncədən tapırdım — bu da ssenarinin standart olmasından irəli gəlir. Digər maraqlı bir cəhət — filmdə kim pessimistləşməyə başlayır — deməli növbəti qurban o olacaq. =)
Filmə qiymətim 10 baldan 8 bal. Niyəsini əmmaların olmasındadır. Birinci əmma — görünür Kemeronun yaşı artdıqca, onda Tarantino sayağı sadizm çoxalmağa başlayır — filmdə yeri gəldi-gəlmədi meyitləri göstərilməsi, sadizm səhnələrini qeyd etmək istəyirəm. Anlayıram, film real hadisələr əsasında çəkilib və reallığı əks etdirmək üçün bu kimi səhnələr vacibdir, amma day bu qədər də yox də. İkincisi yuxarıda qeyd etdiyim kimi, ilk yarım saatda aktyorların həddən artıq süni oyunu.
Onu da qeyd edim ki, qoca Kemeron filmi super effektlərlə tərtib edib, hər şey çox real görünür, 3D də səviyyəsiz “Qulliver” filmindəkindən ən azından 100000000000000 dəfə keyfiyyətlidir.
**************************
Гадкий я (Despicable Me)
Megamind-ı təkrarlayan, daha doğrisu Megamind-ın təkrarladığı bir film. Ssenarilər demək olar ki, eynidir — eyni mərdimazar qəhraman, eyni olaylar, sadəcə Megamind-da baş qəhramanı mərdimazarlıqdan uzaq edən qadın gözəlliyidirsə, bu filmdə səbəb 3 yetim uşaqdır. Ssenarini danışmayacam, bunun üçün Megamind üçün yazdığım resenziya ilə tanış ola bilərsiz.
Onu da qeyd edim ki, film ilk əvvəl çox əla və maraqlı başlamışdı, amma filmin ikinci yarısı standart ssenari üzrə inkişaf edir, bu da onu tam mənasızlaşdırır. O səbəbdən filmə qiymətim 10 baldan 7 bal.
PS. Megamind-dan bu film daha effektli və maraqlı alınıb.
Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film
Bü gün nəhayət ki, vaxt tapıb Park Bulvarda yerləşən Park Cinema-ya baş çəkdim. Açığı baxılası fərli film də yox idi. Müqayisə üçün bir 3D animasiya seçdik (Союз зверей 3D), o da ki, sən demə mənasızlıqda bəlkə də bu ilin nömrə biridir. Nəsə. Beləliklə, kinoteatr “Azərbaycan”-la Park Cinema-nı müqayisə etmək üçün kifayət qədər informasiya topladım və Sizlərlə bölüşürəm.
Başlayaq. İlk öncə hər kəsi əvəzolunmaz kassalar qarşılayır. Park Cinema-da kassalar daha müasir və deyərdim interaktivdir. Bəs qiymətlər?! Bu yaxınlara kimi monopolist kinoteatr kimi fəaliyyət göstərən kinoteatr “Azərbaycan” Park Cinema-nın açılışından sonra analoqu olmayan qiymətlərində tutarlı korrektələr etdi. Qiymətlər 2 dəfə endirildi, amma nə faydası — kütlə daha cazibəli və müasir görünən Park Cinema-nı seçir. Burda deyiblər — kimin əvvəli, kimin axırı.
Gəlin qiymətlərə nəzər salaq — Park Cinema-da bir seansın qiyməti (bir nəfər üçün) — 6 manat təşkil edir. Kinoteatr “Azərbaycan”-da da bu qiymət artıq 6 manatdır. Burada bərabərlik hökm sürur.
Bildiyimiz kimi, 3D filmlərə baxmaq üçün eynəklərdən istifadə olunur. Eynəklərin keyfiyyətinə görə kinoteatr “Azərbaycan” irəlidədir. Rus demişkən, более того, hər ikisini istifadə edəndən sonra, məndə belə təsəvvür yarandı ki, “Azərbaycan”-da istifadə olunan eynəklər daha yüksək səviyyəlidir (Dolby Stereo dəstəkli və sair). Park Cinema-dakı eynəklər xarici görkəmindən belə ucuz mal təsiri bağışlayır. Eynəyin çatışmamazlıqlarından onun ağırlığını (qulaqları yara edir), keyfiyyətsizliyini (ekranlar əcaib cızıqlı, dumanlı və ləkəlidir), həmçinin 3D effektin çatdırılmasında zəifliyini qeyd edə bilərəm. “Azərbaycan”-dakılar istifadədə daha rahat və keyfiyyətlidır, həmçinin 3D effektləri daha canlı çatdırır.
Eynəklərin keyfiyyətsizliyinin digər təsdiqi — “Azərbaycan”-da baxdığım filmlərdən sonra gözlərim heç ağrımadı, amma Park Cinema-da baxdığım filmdən sonra hələ də özünə gəlmir.
Zalın tərtibatı, müasirliyi və quruluşunda Park Cinema şəksiz liderdir. Zallar ideal təmizlik təəsuratı yaradır. Filmlər daha böyük səhnədə göstərilir.
Bir kinoman kimi mən filmlərə baxmaq üçün yenə də “Azərbaycan”-ı seçəcəm. Niyə?! Ola bilsin bu konservativliyimdən irəli gəlir, amma kinoteatr “Azərbaycan” sırf filmlərə baxmaq üçün gözəl məkandır. Park Cinema isə gününü şoppinqdə keçirib, müasir və baxımlı kafelərdə istirahət edib və sonra vaxtını öldürmək xatirinə filmə baxanlar üçün ideal seçimdir. Əslində oradakı kinoteatr elə bunun üçün də nəzərdə tutulur. Kütlə (əsasən də küyə gedənlər — типа, это круто) Park Cinema-nı sevəcək, buna əminəm.
Lap yadımdan çıxmışdı — Park Cinema-da pop-korndan əcaib ətir gəlir, duzu azdı. 🙂 Coca-Cola isə “Azərbaycan”-dan fərqli olaraq xüsusi kağız stəkanlara süzülmür, birbaşa elə butulkada verilir. Bu da yaxşı hal deyil.
Nəticə:
Azərbaycan — sırf filmlərə baxmaq üçün gözəl məkan.
Park Cinema — şoppinq, gözəl kafelərdə istirahət və yalnız sonda kinoteatr.
Hər ikisinin ən böyük çatışmamazlıqları — Azərbaycan dilinə bir dövlət dili kimi əhəmiyyət verilməməsidir. Bu özünü hər şeydə göstərir — adi bilətlərdən tutmuş filmlərə kimi. Yəni öz dilimizdə adicə biletləri çap etmək belə qəbahətdir?!
Mövzuya dair forumda müzakirələr ↓
“Park Cinema” (+3D) açıldı və ucuz qiymətlərlə təəccübləndirdi!
Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.
Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…
Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.
Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.
PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.
Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual