Seçki qabağı təşviqat kampaniyası bağlı elan edildi. Namizədlərin çıxış etdiyi bu “4 dəqiqələr” silsiləsi qısa vaxtda kütlə arasında çox populyarlaşdı, deyərdim hətta bəziləri üçün seriallardan da əziz oldu — millət “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və digər səviyyəsiz serialları təxirə salıb, səbirsizliklə növbəti iqtidar-müxalifət deyişməsini gözləyirdi. Amma hər şeyin sonu olduğu kimi, bu da bitdi.
Televiziyadakı debatlar bir yana, namizədlərin seçicilərlə keçirdikləri görüşlər barəsində bir neçə söz demək istəyirəm.
Realda keçirilən seçki qabağı kampaniyalardan yadımda qalanı ilk yerli porno-telekanalın əvəzolunmaz əməkdaşı Etibar Hüseynovun Yasamal camaatı ilə keçirdiyi görüş oldu. Açığı heç ondan savayı bizi gəlib ziyarət edən də olmadı — digər namizədlər bizi görməz oldular. Yəqin məhləmizin məşhur Qələbə meydanına yaxınlığı onlara pis təsir edib. Hüseynovun da görüşünün şahidi təsadüfən oldum. Maşını vermişdim məhlədəki “moyka”ların birinə, bir də gördüm ki, “moyka”nın yaxınlığında yad maşınlar peyda oldu, sonra boş bir yer tapıb mikrofon-stol gətirdilər və nəhayət mərasim sahibi müqəddəs qədəmləri ilə məhləmizdə göründü. Yasamal camaatını salamlayan kimi, cənab Hüseynovu məhlənin bütün işsiz-gücsüz, pensioner-dominoçuları əhatə etdi. Çıxışı tam dinləyə bilmədim, amma dinlədiklərim müəllifin apardığı məşhur “Sitatın sonu” verlişindən heç nə ilə fərqlənmirdi. Öz platformasından bir kəlmə də söz açmayan gözəl natiq Etibar bəy yalnız digər opponentlərini müzakirə edirdi. Edirdi, edirdi… Maşın hazır idi, mən çıxıb getdim.
Qütbün digər tərəfini təmsil edən Yeni Müsavat dərgisi isə özünəməxsus şişirtmə ilə Rauf Arifoğlunun növbəti “möhtəşəm” görüşündən dəm vurur. Görəsən o “möhtəşəm” görüş adi görüşlərdən nə ilə fərqlənir? Yoxsa onu möhtəşəm edən cənab baş redaktorun orada iştirakıdır? Vallah, bu jurnalistlər yaman ambisiyalı olurlar axı. 😉
Son günlər şok xəbərlər almaqda davam edirik. Bu dəfə şok olay İmişlidə baş verib. Yerli xəbər agentliklərinin yaydığı xəbərə görə İmişli rayonun icra başçısının müavini Saleh Səmədov rayon sakini, 4 uşaq anası olan bir qadına övladlarının qarşısında seksual xarakterli təcavüz edib. Təcavüzə məruz qalan qadın hadisədən sonra depressiyaya düşərək hətta canına qəsd etmək istəyib. İndi işi müvafiq orqanlar araşdırır. Nə deyim, müasir qoçuluq nümunəsidir. Allah mərdimazardan qorusun.
Ukrayna xalqının tualet kağızına olan sevgisi deyəsən tükənməzdir. Məlum olaydan sonra, bu dəfə Ali Rada tualet kağızı bolluğundan əziyyət çəkib. Belə ki, vergi qanunvericiliyinə ediləcək dəyişikliklərə etiraz edən on minlərlə insan Ali Rada binasını tualet kağızları ilə atəşə tutub. Niyə məhz tualet kağızı? “Ukrayna uğrunda” partiyanın rəhbər müavini xanım Kseniya Lyapina səbəbi açıqlayaraq bildirib ki, əslində kütlə Radanı yumurta atəşinə tutmaq istəyirdi, amma sonda qərar verildi ki, bu fikirdən yayınsınlar — çünki bu halda hüquq mühafizə orqanları xuliqanlıq adı ilə kütləvi həbslərə başlaya bilərdi. Ona görə ən optimal variant kimi tualet kağızı seçildi. Yenə də tualet kağızı. =)
Sitatın sonu. 😀
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!