Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

BlackBerry OS6. Keçid üçün təlimat

28 Fevralda Azərbaycan BlackBerry istifadəçilərini xoş xəbər gözləyirdi — əməliyyat sisteminin yeni versiyası (BlackBerry OS6) bizim region üçün də aktiv edildi. Bunun haqqında artıq Twitterdə çoxsaylı qeydlər etmişəm. Yeni əməliyyat sistemi fərqli tərtibata, daha stabil və daha tez işləyən brauzer və bir çox faydalı yeniliklərə malikdir. Yeni sistemin Azərbaycan üçün ən böyük əhəmiyyəti isə BB telefonlarının bizim sevimli “Ə” hərfimizi tam dəstəkləməsidir!
Bəyəndiyim ən yaxşı yenilikləri qeyd edirəm:

  • Kiçik detallara kimi düşünülmüş interfeys;
  • “Ə” hərfinin dəstəyi;
  • Bir çox standart fontların (Arial, Times New Roman, Tahoma, Verdana) platforma səviyyəsində dəstəyi;
  • Hotkeys — super bir yenilikdir. İstənilən hərfi (sözü) yazın, həmən sizə telefonda bu hərfə (sözə) aid (harda istifadə olunursa) nə varsa göstəriləcək;
  • Tam yenilənmiş brauzer. Tab dəstəkli, aktiv zoom-lu. Bəyənilsin.
  • Yenilənmiş Mail klient. Müxtəlif variantlarda “sort” etmək imkanı.
  • Yeni fastmenu funksiyası. İstənilən application-da orta düyməni tutub saxlamaqla fastmenu-nu çağırmaq olar.

Ümumi görünüş:
New BBOS6
**************************************
“Ə” hərfi ilə artıq problem yoxdur:
BBOS6-da butun herfler normal gorunur.
**************************************
Hotkeys funksiyasının super realizasiyası:
BBOS6 - Global search. Sadece istenilen knopkaya toxunmaqla
**************************************
Tam yenilənmiş brauzer. Bütün yeni texnologiyaların dəstəyi:
BBOS6. Yeni brauzer suretlidir, keyfiyyetlidir. Hem TAB destekli
**************************************
Yenilənmiş mail klient:
BBOS6. Tam yenilenmish MAIL CLIENT.
Yadımda qalan bunlar idi. 😉 Keçək əsas mətləbə. Bir çox qardaşlar zəng edib sistemi necə yeniləyin yollarını soruşurlar. Hər birinə telefonla başa salmaq məcburiyyətindəyəm, ona görə prosesi birdəfəlik bura yazmaq qərarı verdim.

  • İlk olaraq kompüterinizə BlackBerry Desktop Software proqramını yükləyin. Proqramı PC sahibləri buradan — http://us.blackberry.com/apps-software/desktop/desktop_pc.jsp, MAC sahibləri isə buradan — http://us.blackberry.com/apps-software/desktop/desktop_mac.jsp yükləyə bilərlər. Mən Rus variantını yüklədiyimdən menu adlarını da rus dilində qeyd edəcəm.
  • Proqramı yüklədikdən sonra kompüterinizə qurun və start edin.
  • BlackBerry Desktop Software proqramı açıq vəziyyətdə olarkən, telefonu USB kabel vasitəsilə kompa qoşun.
  • Proqram şifrə istəyəcək — telefonunuzun block şifrəsini daxil edin.
  • Daha sonra yuxarı-sol küncdə olan menuya daxil olun — УСТРОЙСТВО > ОБНОВИТЬ УСТРОЙСТВО.
  • Əgər sizin telefon üçün yeni əməliyyat sistemi aktivdirsə, sizə əməliyyat sisteminin yenilənməsi təklif ediləcək. Qəbul edin.
  • Yüklənmə və avtomatik qurulma prosesi gedəcək. Proses hardasa 40-50 dəqiqə çəkir. Bu zaman telefonunuz mütləq USB kabel vasitəsilə kompa qoşulu olmalıdır.

Onu da nəzərə alın ki, sistem yenilənərkən köhnə OS-dən qalma bir çox əlavə proqramlar işləməyəcək, həmçinin yenilənmə zamanı da telefonun özü də deaktiv olur.
Uğurlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
BB OS 6

Online Azərbaycan xalq mahnıları toplusu layihəsi

Dostlar, bir neçə gündür music-azerbaijan.com-un drop olmasını gözlədikdən sonra, nəhayət bu domeni ala bildim. Əvvəlki yazılarımda qeyd etmişdim, bu domen vasitəsilə İnşallah Azərbaycan xalq mahnılarının online arxivini yaratmaq fikrim var. Bütün musiqilərə online olaraq Soundcloud-a vasitəsiylə qulaq asmaq və həmçinin bir-başa saytdan yükləmə imkanı olacaq.  Saytın dizayn tərtibatı isə olduqca sadə və insanları yormayan tərzdə tərtib ediləcək. Dil variantları 4 dildə olması planlaşdırılır (daha sonra bunu artıra bilərik) — Azərbaycan, Rus, İngilis, Erməni dilləri.

İndi bu layihədə iştirak etmək istəyən bütün vətənpərvər Azərbaycan övladlarını əməkdaşlığa çağırıram. Sizdən hələlik tələb olunan — xalq mahnılarını keyfiyyətli formatda (ən azından 128 kbps) hər hansı bir yükləmə saytına yükləyib, müvafiq linklərlə rəylərdə bölüşün. Xahiş edirəm, soundCloud olmasın. Rapidshare və ya Deposit Files ola bilər. Kömək etməkdə hələ də tərəddüd edənlərə yüklədiyim bir neçə musiqinin sehirli aləminə valeh olmağa dəvət edirəm. Məgər bu gözəllikləri dünyaya çatdırmalı deyilik? Elədə isə kömək edin.

Dalgalar — Azerbaijan music


Bulbuller oxuyur — Azerbaijan Music


Apardi seller Sarani — Azerbaijan music


Gelmedin (instrumental) — Azerbaijan Music


Sari gelin — Azerbaijan music
Fayl keyfiyyəti ilə yanaşı xahiş edirəm musiqinin səslənmə və ifa keyfiyyətinə də fikir verin. Layihəni İnşallah sağlıq olsun, Aprel-May ayı üçün buraxmaq fikrimiz var.
Mövzuya dair forumda müzakirələr ↓
Online Azərbaycan xalq mahnıları toplusu layihəsi

Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik

Bu gün Müsavat-ın 100 illik yubileyidir. Ölkənin ən qocaman siyasi qurumlarından olan Müsavatı, onu təmsil edən hər bir kimsəni təbrik edib, Azərbaycan xalqı, türkçülük ideyası naminə uğurlar arzu edirəm. Qoy ulu Rəsulzadənin bizə əmanət etdiyi üç rəngli bayraq hər zaman ölkəmizdə qürurla dalğalansın.
Azərbaycan İnternetini təmsil edən proqressiv gəncliyimizlə birgə tərtib etdiyimiz Azərbaycan və Ermənistanın tarixi xəritələrinə həsr olunmuş saytlara dair istifadəçilər arasında hələlik nisbi sakitlikdir. Əslində bu bizim milli xüsusiyyətimizdir — bir şey olmadıqda — istəmək, olduqda isə — boş vermək. Hal-hazırda barmaqla sayılası qədər saytlar bu saytların təbliğat kampaniyasına qoşulub (Azerifire qardaşımıza ilk olaraq bu işdə atdığı addımlara görə atəşin salamlar). Amma saytların Google reytinqində birinci olması üçün bütün Aznet təmsilçiləri səfərbər olmalıdır. Niyə axı “azerbaijan vector map” sorğusu verdikdə, Google ilk olaraq ermənilərin tərtib etdiyi və ölkə ərazimizi təhrif edilmiş formada göstərən bir sayt çıxarmalıdır?! Saytlara (www.maps-azerbaijan.comwww.maps-armenia.com) digər saytlarda yerləşdirmək üçün müvafiq kod da yerləşdirilib. Xahiş edirəm biganə qalmayın, bu sırf Azərbaycan naminə atılan addımdır, burada nə mənim biznes maraqlarım var, nə də ki hansısa bir gizli niyyət güdmürəm.

Bu xəritə layihəsi uğurlu alınarsa, növbəti layihə Azərbaycan xalq mahnıların bir sayta yığıb FREE olaraq paylaşımını təmin etmək olacaq. Çox sadə və userfriendly interfeysdə. İnşallah uğurlu alınar.
Uğurlu demişkən — dünyada ən nifrət etdiyim diktator olan təkəbbürlü Qəddafinin uğur quşu 42 il qəddarlıqdan sonra deyəsən onu tərk edib. Şərəfsiz artıq 300-ə yaxın cavanı qanına qəltan edib, amma getmək bilmir. Bu gün Euronews-da maraqlı bir xəbər yayımlandı — polis özbaşnalığından cana gəlmiş xalq onlara atəş açan iki polisi diri-diri yandıraraq asdı. Xalqla zarafatın axırı budur.
Bizim xalqı isə bu saat Facebook-da LİKE söhbəti maraqlandırır. Yeni milli dilənçilik növü peyda olub — indi də “like” dilənirlər. Day zəhləmimi töküblər — 2 dəqiqədən bir sən Allah filankəsin şəklidir, bunu “like” elə, lazımdır… və ya Qurban olum, bu şəkli birinci etmək lazımdır, bunu “like” elə. Lap elədik “like”, nə oldu? İnsanlara xoşbəxtlik üçün bir “like”-da yetərmiş. Əhsən.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Unibank-ın müştərilərə analoqu olmayan "qayğısı"

Bu gün nahardan sonra Unibank-ın Yasamal filialına yaxınlaşıb bir neçə maliyyə əməliyyatı keçirmək istədim. Saat 5-ə işləmişdi. Biraz gözlədim. 16.20-də (vaxtı bilərəkdən qeyd edirəm) müştərilərə xidmət göstərən xanımlardan biri mənə üz tutaraq hansı əməliyyat üçün gözlədiyimi soruşdu, cavab verdim. Daha sonra biraz fikirləşərək dedi — bilirsiniz, bizdə əməliyyat saat 16.30-a kimi aparılır, sizin əməliyyat alınmayacaq. Dedim axı mən daha tez gəlmişəm və indi hələ 16.20-dir, dedi mən çatdırmayacam (!), tələsirəm, Sizdən öncə də bir müştərim var.

İndi təsəvvür edin, gözlə — daha sonra gəlib sənə desinlər ki, əbəs yerə gözləmisiz, biz 16.30-a kimi əməliyyat aparırıq… Lap cəhənnəm, əməliyyatını 16.30-a kimi apar, bunu özün təyin edirsən, amma bunu 16-30-a kimi gələn müştəriləri yola salmaqla et. Necə ki, bunu digər özünə hörmət edən banklar edirlər (adlarını çəkməyəcəm, sonra iddia edərlər ki, bu yazı onların sifarişiylədir). Bu azmış kimi bank əməliyyatçılarından Unibank bankomatları vasitəsilə komunal xərcləri ödəmək mümkünlüyünü soruşuram, cavabında — “bilirsiniz, biz dəqiq bilmirik eeeeeeeeeeeee(!), bankomatlardan elə də anlayışımız yoxdur.” Sitatın sonu. Dəhşət. Burada mənim sözüm bitdi…
Nəsə. Bir vaxtlar hörmət etdiyim və öz proqressivliyi ilə seçilən bank indi kənd səviyyəsində “qəşəng” reklam kampaniyası aparır, müştəriyə fokuslanma, ona diqqət isə 0. Əfsuslar olsun, amma acı reallıq bu bankın xidmətlərindən bir daha faydalanmamağa məcbur edir. Şükürlər olsun, bank sahəsində seçim böyükdür.
Mövzuya dair forumda müzakirələr ↓
Bank və bank sistemi

Tərifli SOCAR benzini və ya növbəti reallıq…

Bütün Respublika üzrə SOCAR yanacaq doldurma stansiyaları işə düşər-düşməz avtomobil sahibləri çox sevindi. Hər kəs kimi mən də elə bildim ki, keyfiyyətli benzin standartları nəhayət ki, bizim üçün də əl çatası olacaq. Stansiyaların açılışının ilk günlərindən avtomobilə yalnız SOCAR brendi altında benzini vurmağa başladım. Dəqiq — Aİ 93. Gözəl. Maşında hiss olunacaq dərəcədə sürət artımı, rahatlıq hiss olunmağa başladı. Artıq 3-cü ay idi ki, SOCAR benzinindən istifadə edirdim. Və… Başladı. İlk öncə avtomobildə öz-özünə əsmələr peyda oldu. Daha sonra bu əsmələr daha da inkişaf edərək “parking”-də durduğum zaman da özünü bildirməyə başladı. Getdikcə əsmə problemi daha da artdı. Servisə müraciət etməli oldum. Benzinin zibil olmasını deyib, maşının “sveçalarını” dəyişdilər. Amma mən yenə də SOCAR benzininə sadiq idim. “Sveçaların” yenisi ilə dəyişilməsinə baxmayaraq, maşın yenə əsirdi. Servisdə bu dəfə benzinin “karburator”-u sıradan çıxardığını dedilər. Kömək etmədi. Səbəbini yaxın dostlardan öyrənməyə çalışdım — hər kəsin sualı bu oldu — benzini SOCAR-dan vurursan? Dedim hə, dedilər səbəb elə budur. Sən demə mən fil qulağında yatmışam — artıq hər kəs SOCAR benzinin necə “keyfiyyətli” olmasını hiss edib. Özü də maraqlısı odur ki, hər kəsdə bu simptomlar ilk olaraq maşında əsmə ilə başlayıb, “sveça” və “karbüratorun” dəyişdirilməsi ilə bitir. Daha doğrusu adət üzrə əksəriyyət “karburatorun” dəyişilməsinə kimi SOCAR-dan istifadə edir, ondan sonra isə o tip benzinə yaxın durmurlar. Dursaydılar, kim bilir “keyfiyyətli” benzin daha hansı fəsadlara gətirib çıxarardı.

Uzun sözün qısası, benzini dəyişdim. İndi hiss olunacaq qədər irəlləyiş var. Onu da qeyd edim ki, əvvəllər SOCAR yanacaq doldurma stansiyalarında maşın əlindən tərpənməli deyildisə, indi maşın sayı əllə sayılasıdır. SOCAR bir anda yerli müştərisinin ümidlərini, ona olan etimadı puç etdi. Axı niyə? Məgər əsl keyfiyyətli benzin təqdim etmək bu qədər çətindir?!
Mövzuya dair forumda müzakirələr ↓
SOCAR yoxsa AZPETROL?!

Son bir həftədə baxdığım filmlər (№7). Resenziya

Çoxdandır ki, vaxt azlığından filmlərə baxa bilmirəm. Amma son 10 gündə imkan edib bir neçə filmə baxdım, onlara dair fikirlərimlə bölüşürəm. Filmlər — Путешествия Гулливера (Gulliver’s Travels), Вверх (Up), Санктум (Sanctum), Гадкий я (Despicable Me).
Путешествия Гулливера (Gulliver’s Travels)
Bu filmə bir ay öncə baxsam da, filmə dair resenziya ilə bu gün bölüşürəm. Özü kimi primitiv filmi hələ fikirləşmək lazımdır. Dəhşət. İtirdiyim vaxtıma çox heyfim gəldi.
Demək olar ki, bütün aktyorlar “anloqu olmayan” tərzdə rolları süni ifa edirlər. Bircə Jack Black nəsə etməyə çalışır, amma tək əldən səs çıxmaz. Nəticədə mənasız və axırı ilk saniyələrdən bilinən bir film alınıb. Belə filmlər 90-cı illərdə dəbdə idi, amma indi 2011-ci ildir. Ssenarini danışmayacam, bircə deyə bilərəm ki, mənasızlığın son həddidir.
Filmə baxmağı heç bir halda məsləhət bilmirəm. Vaxtınızı daha faydalı şeylərə sərf edə bilərsiz, bu film isə vaxt itkisindən başqa bir şey deyil. 10 ballıq şkala ilə qiymətim 0 bal.
PS. Bu filmdə 3D də həddən artıq keyfiyyətsiz təşkil edilib.

**************************
Вверх (Up)
Coxdandır ki, bu filmə baxmağa tərəddüd edirdim, treylerindən mənə nəsə bir uşaq filmi kimi gəlirdi. Amma bir məsləhətdən sonra baxmaq qərarı verdim. Çizgi filmi olsa da özündə böyük məna daşıyan bu film dərhal mənim ən sevimli filmlərdən birinə çevrildi. Filmdə həm qəm, həm də xoşbəxtlik yan-yanadır.
Mükəmməl ssenarini qısaca danışım — film bir balaca oğlancığazın həyatından bəhs edir. O kiçik yaşlarında olarkən öz yarını tapır — onları bir əlçatmaz arzu birləşdirir — uzaq sahillərdə yerləşən bir şəlalənin yanında ev tikib, birgə yaşamaq. Böyüdükdən sonra cütlük evlənir. Amma xoşbəxtlik çox çəkmir, cavan ailənin uşağı olmur. Həyat isə öz axarında davam edir. Cütlük qocalır. Artıq qoca birisinə çevrilən, amma daxilən hələ də cavan baş qəhramanımız həyatda tək qalır — yarı vəfat edir. Kədərinə qapanmağa başladığı vaxtda balaca bir uşaq peyda olur və yeni macəralar başlayır.
Bu filmə 10 baldan 10+ bal verirəm. Həddən artıq gözəl bir filmdir. Mütləq baxın. Məsləhətdir.

**************************
Санктум (Sanctum)
Kemeronun bu işi haqda çoxlu rəylər bildirilib. Kimisi pisləyir, kimisi tərifləyir. Açığı film ilk yarım saat ərzində təmamilə xoşuma gəlmədi — aktyorların olduqca süni rolu, ssenarinin həddən artıq zəif olması özünü bildirirdi. Amma filmdə hadisələr cərəyan etdikcə, bir-birinin dalınca insan faciələrin şahidi olduqca, filmə maraq artdı. Görünür Kemeron zəif ssenarini filmdəki faciəvi səhnələrin bolluğu ilə kompensasiya etmək istəyib. Bu hardasa onda alınıb.
Adət üzrə ssenarini qısaca danışım — Mağaraları öyrənən bir elmi tədqiqat qrupu “analoqu olmayan” bir mağara sisteminə rast gəlir və bütünlüklə özünü onun öyrənilməsinə sərf edir. Amma çox keçmir ki, cansız daş parçası öz sərt üzünü göstərir — insanlar bir-bir müxtəlif vəziyyətlərdə faciəvi şəkildə ölməyə başlayırlar. Bir tərəfdən də tufan qopur — mağaralar su ilə dolmağa başlayır. Ssenaridə baş verəcək hər dramatik olayı 10-20 dəqiqə öncədən tapırdım — bu da ssenarinin standart olmasından irəli gəlir. Digər maraqlı bir cəhət — filmdə kim pessimistləşməyə başlayır — deməli növbəti qurban o olacaq. =)
Filmə qiymətim 10 baldan 8 bal. Niyəsini əmmaların olmasındadır. Birinci əmma — görünür Kemeronun yaşı artdıqca, onda Tarantino sayağı sadizm çoxalmağa başlayır — filmdə yeri gəldi-gəlmədi meyitləri göstərilməsi, sadizm səhnələrini qeyd etmək istəyirəm. Anlayıram, film real hadisələr əsasında çəkilib və reallığı əks etdirmək üçün bu kimi səhnələr vacibdir, amma day bu qədər də yox də. İkincisi yuxarıda qeyd etdiyim kimi, ilk yarım saatda aktyorların həddən artıq süni oyunu.
Onu da qeyd edim ki, qoca Kemeron filmi super effektlərlə tərtib edib, hər şey çox real görünür, 3D də səviyyəsiz “Qulliver” filmindəkindən ən azından 100000000000000 dəfə keyfiyyətlidir.

**************************
Гадкий я (Despicable Me)
Megamind-ı təkrarlayan, daha doğrisu Megamind-ın təkrarladığı bir film. Ssenarilər demək olar ki, eynidir — eyni mərdimazar qəhraman, eyni olaylar, sadəcə Megamind-da baş qəhramanı mərdimazarlıqdan uzaq edən qadın gözəlliyidirsə, bu filmdə səbəb 3 yetim uşaqdır. Ssenarini danışmayacam, bunun üçün Megamind üçün yazdığım resenziya ilə tanış ola bilərsiz.
Onu da qeyd edim ki, film ilk əvvəl çox əla və maraqlı başlamışdı, amma filmin ikinci yarısı standart ssenari üzrə inkişaf edir, bu da onu tam mənasızlaşdırır. O səbəbdən filmə qiymətim 10 baldan 7 bal.
PS. Megamind-dan bu film daha effektli və maraqlı alınıb.

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

Aston Martin. Şirkət konrekt havalanıb

Avtomobil xəbərlərini izləyən bir insan kimi, bu günlərdə məşhur luks brendi Aston Martin-in Toyota-nın iQ modeli üzərində qurduğu avtomobilin qiyməti çox maraqlı idi. Xatırladım ki, Toyota iQ 9 min ABŞ dollarına satılır. Aston Martin isə yeni anons etdiyi Cygnet adlı balacanın qiymətinin nə az nə çox, düz 31 min (!) funt sterlinqdən başlamasını elan etdi, bu da hardasa edir 42 min dollar. Təsəvvür edirsiz, 1.3 motorlu avtomobilcığaza bu qədər pul…

Aston Martin amma ruhdan düşmür, deyir axı mənim balacımın unikal stabilizasiya sistemi (hansı ki, Toyota da var), parlaq disklər, açarsız qoşulma sistemi, elektrik şüşə-qaldıranlar (hə, bax bu texnili inqilabdı :lol:), dəri oturacaqlar, klimat-kontrol, GPS naviqasiya sistemi var. Nə qədər qəribə olsa da, 42 min dollar Mercedess C-Class-in qiymətidir. 42 min dollara 2 D Class təmsilçisi — Hyundai Sonata almaq olar, 42 min dollara bir Audi A4 + Kia Rio almaq olar, 42min dollara — ən azında bizim rəşadətli “barmaq sındıran” polislərimizin gəzdiyi BMW 3-cü seriyadan almaq olar. Amma 42 min dolları faktiki Toyotanın 9 minlik modelinin restaylinqinə vermək səfehlik deyilmi?!


Kimsə indi deyəcək ki, problemlər içində üzürük, sən gör nə haqda yazırsan… Hərdən biraz pozitivlik də lazımdır. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Avto Xəbərlər / Авто Новости

Hava. Steve Jobs. Tunis və biraz pozitiv

Çoxdan idi bloqda bir şey yazmırdım. Səbəbi havadır. İsti və eyni tipli dəyişməz hava bütün əsəblərimə işləyirdi. Amma bu gün gecikmiş də olsa, qış özünü göstərməyə başladı. Düzdür, qar yağmaq istədi — alınmadı, amma yenə də nəsə havada dəyişiklik hiss etdik. Sizi bilmirəm, amma hava mənim əhval-ruhiyyəmə əməlli başlı təsir edirmiş. Soyuqların gəlişi ilə pozitiv enerji yığıb, yenidən bloqu aktivləşdirəcəm. İnşallah 1-2 günə qar da yağsa, olacaq “fullun fullu”. Ayağımızın altındaki qarın xışıltısı üçün yaman darıxmışam.
Hava bu gün yaxşı olsa da, Euronews telekanalının xəbəri məni birazca məyus etdi. Əfsanəvi Steve Jobs Apple-dan müddətsiz xəstəlik məzuniyyəti götürərək gedib. Səbəb — Stivin kəskin xərçəng xəstəliyindən əziyyət çəkməsidir. Hətta bir neçə il öncəki Stivlə indiki Stiv arasında fərqi də göstərdilər — canlı əfsanə gözlə seziləcək dərəcədə əldən düşüb. Bununla da hesab edirəm ki, Apple tədricən zəifləyəcək. Əlbət ki, Apple korporasiyası bunu inkar edəcək, hətta əsaslar da gətirəcək ki, gəlirləri artıb və daha nələr… amma Microsoft-un timsalında baş verən hadisələr göstərir ki, şirkətin banisi, ona can yandıran lider getdikdən sonra şirkətin işləri elə də yaxşı getmir. Bill Gates Microsoft-dan getdikdən sonra şirkət bütün sferalarda öz pozisiyasın itirməkdədir. Eyni hadisə bir dəfə Apple-ın başına gəlib, Steve-in bu sayca ikinci gedişidir. Birinci gedişdən də sonra özünə arxalanan Apple çökməyə başladı və məhv Steve-in qayıdışından sonra şirkətə yeni nəfəs gəldi və yeni zirvələri fəth etdi. İndi Steve yenə gedir. Görünür bu dəfə o həmişəlik gedir. Əlvida Steve. Sən bizi tanımasan da, biz sənin işgüzarlığına, zəhmətə olan sevginə hər zaman yaxşı mənada həsəd aparmışıq. Allah köməyin olsun.

Deyirəm, bu Tunis hadisələrindən yazmayan adam qalmayıb. Artıq bütün sözlər deyilib, yazmağa bir şey yoxdur. Bəli, razıyam, diktator layiqli şəkildə ölkədən qovuldu. Bəli, razıyam, bunu xalq etdi. Amma kütlənin hərəkətə keçməsi üçün düşünülmüş şəkildə ssenari lazımdır. Çünki 20 ilin diktatorunun 3 gün ərzində ölkəni tərk etməyə məcbur edilməsi çox asan baş verdi. Maraqlıdır, ABŞ-ın bu hadisələrdə nə kimi aidiyyatı var? Yoxsa ABŞ narıncı inqilab idxalçıları “stavkanı” ediblər ərəb mənşəlli Afrika dövlətlərinə? Mütləq burada qərb dövlətlərinin əli olmalıdır. Niyə belə fikirləşirəm?! Bunun üçün elə eyni materikdə yerləşən digər ərəb dövləti Sudanın başına gətirilən hadisələrdir. Bu barədə növbəti yazılarımın birində yazacam, indi isə söz verdiyim pozitiv — şəhərin mərkəzində, Space telekanalının düz yanında (səhv etmirəmsə tədris müəssisəsinin adı “İncəsənət kolleci”-dir)  “analoqu olmayan” lövhəcik. Şəkildə abırlı düşüb, amma realda 2-ci sinif şagirdinin əl işindən başqa bir şey deyil.

Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

2010. Ən yaxşı Youtube çarxlar (mənim versiyam)

2010 bitdi. Hamı bu il haqda öz subyekt fikirləri ilə bölüşdü. Kimisi 2010-u söydü, kimisi təriflədi. Mənə görə 2010 ümumidə tanıtım ili oldu, insanları daha da yaxşı tanıdım, öyrəndim. İstirahət günləridir. Bu günlərdə yazmaq istəmirdim, amma Maşallah bloqun daimi oxucuları artıq zəng edib, SMS təbriklərində belə bloqu atmamağımı arzu edirlər. Bloq isə böyüyür. Gün ərzində istifadəçi sayı artıq 350 unikal İP-ni keçib. Bu hardasa 400-420 istifadəçi deməkdir. Oxucuların 96% Azərbaycandan girir. Azərbaycan reallıqlarını nəzərə alsaq, sırf bir insanın fikirlərindən ibarət və cəmi 5 ay fəaliyyət göstərən bir sayt üçün gözəl göstəricidir. Maşallah olsun. Nəsə. Bəsdi təriflədim, tərifləmək onsuz da mənə düşmür, odur ki, gəlin istirahət edək. 2010-cu ilin ən gözəl Youtube çarxlarını birgə seyr edək.
Birinci yeri bir Conter-Strike həvəskarı kimi əlbətki aşağıdakı çarxa verirəm. Super.

*****************************************
Bəs su damlasının bir neçə saniyəlik həyatının necə keçməsinin şahidi olmaq istəyirsiniz? Onda bu çarxa baxın:

*****************************************
Vizit kartları Ninja sayağı atmaq üzrə “analoqu olmayan” qaqaş. Əla.

*****************************************
Dünya pikseldə. Gözəl 3D işi.

*****************************************
Bu isə yuxarıdakı videonun daha real variantı. Uruqvaylı 3D mütəxəssisin yaradıcılığı.

*****************************************
Lego və kinomatoqrafiyanın ən qanlı filmi. 😆

*****************************************
2010-cu ilin ən kreativ klipi:

*****************************************
Doğrudan da analoqu olmayan avtomobil yarışları:

*****************************************
Uşaqlığımızın ayrılmaz hissəsi — roqatka. Müasir roqatkalar necə olur? Gəlin baxaq. Mırt video. =)

*****************************************
Və sonda… İnsan hər şeyə qadirdir (yaxşı mənada). Gəlin enerjimizi xeyirli və faydalı işlərə sərf edək, onun-bunun qeybətini qırıb, ayağının altını qazıb, işlərinə ziyan vurmayaq. Axı həyat gözəldir.

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Niyə böyük İnternet layihələrimiz yoxdur?!

Bu günlərdə “Sosial Şəbəkə” filminə baxdım. Film Facebook şəbəkəsinin yaradıcısı Mark Zuckerberg-in həyatından (yarı düz, yarı gerçək), onun uğura doğru necə addımlamasından bəhs edir. Film özü-özlüyündə xoşuma gəldi, amma məni daha çox düşündürən başqa məsələ oldu — axı niyə bizdə böyük İnternet layihələrin buraxılması mümkünsüzdir?!
Əslində mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı təzələdi.
1. Fikrimcə, təhsil — böyük uğurların təməli, başlanğıcıdır. Filmə baxdıqda tələbələrin necə gözəl bir mühitdə oxuyub yaratdıqlarının şahidi olursan. Adam lap qibtə edir. Hər kəs nəsə bir layihə həyata keçirib, əməliylə öndə olmaq istəyir. Gözəl işgüzar mühit var. Rəqabət hökm sürür. İndi gəlin bizim reallıqlara nəzər yetirək — çürümüş təhsil sistemi. Rüşvətxor müəllimlərimizin sayəsində Universitetlərdə artıq oxuyan uşaqlar da oxumamağa məcbur edilir. Bizdə hər şeyi nəsə reallaşdırmaq deyil, papa uşaqlarının pulu həll edir. “Bilikli” müəllimlərin bilikləri isə 70-ci illərin səviyyəsindən artıq deyil. Bizim Universitetlərdə əməllə deyil, əmiylə seçilirlər. Hərf fərqi çox olmasa da, nəticəsi göz qabağındadır.
2. İnternet layihələrə investroların böyük maliyə yatırımları — bizdə isə İnternet layihəyə on mindən artıq pul qoymaq səfehlik sayılır, İnternet layihələr uşaq oynundan başqa bir şey hesab edilmir. Məsələn, Mark Azərbaycanda yaşasaydı, onun 18 minlik layihəsi istifadəçi sayı yüz mini keçdikdən sonra puç olardı. Niyə? Çünki istifadəçi sayı artıqda, saytın xərcləri də artır. Azərbaycanda isə İnternet layihələrə yatırımlar maksimum reklam bannerləri vasitəsilə edilir, belə olan halda da gərək Facebook Day.AZ-ın əvvəlki görkəmindən də (reklamla dolu olduğu vaxtlar) betər bir vəziyyətdə olaydı — daha çox banner asmağa məcbur idi, amma bu da xərclərin heç 10% demək deyil.
3. Faktiki olaraq 2004-ci ildən fəaliyyətə başlayan Facebook, yalnız 2009-cu ilin son aylarında gəlir gətirməyə başlayıb. Deməli 5 il bu layihə ziyana işləyib, amma böyük investorların milyonlarla sərmayələri sayəsində ayaq üstə qalıb. Mark 18 min ABŞ dollarını layihəyə yatırım edərkən, artıq bilirdi ki, onun layihəsinə yiyə çıxan olacaq və milyonlarla yatırımlar edəcək.
Bu sərmayələr bir növ sabun köpüyünə bənzəyir. Layihələrin birjaya çıxışını təmin etmək üçün dəyərlərini 100-1000 dəfə şişirdirlər, şişirdirlər və şişirdirlər… Ümumiyyətlə bütün Amerika iqtisadiyyatı bu prinsiplə qurulub — orada demək olar ki, istənilən layihəni beləcə şişirdib, məhşurlaşdırırlar. Bəs bizdə birja deyilən şey var? =) Var, amma neftdən başqa çətin orada bir şey satıla.
4. Əgər kimsə hesab edirsə, Mark bu imperiyanı tək başına yaradıb, yanılır. Görünmür, amma layihənin populyarlaşmasında dövlətin də böyük rolu var. Facebook faktiki ABŞ administrasiyasının maraqlarına xidmət edən bir layihədir. Artıq xüsusi orqanlar əziyyət çəkib insanların dosyelərini axtarmır, indi insanların özü hər şeyi Facebook-da yerləşdirir, şəkilləri, dostları, fikirləri ilə bölüşürlər (məsələn, terroristlər növbəti terrorları haqda və s.) və bütün bunlar 100% izlənilir. Rus demişkən, bolee togo Facebook-da profilin ləvğ edilməsi mümkün deyil — siz sadəcə hesabınızı deaktiv edə bilərsiniz, poza bilmərsiniz. Bu da Facebook-un istifadəçi bazasının digər məqsədlərlə istifadə olunduğuna daha bir sübutdur. Bura üstə gəl ölkənin birinci şəxsləri səviyyəsində saytın təbliği — alınır uğurlu və dövlət strategiyasına xidmət edən layihə.
Deməli İnternet layihələr üçün digər stimul verici faktor — dövlətin özəl şirkətlər vasitəsilə müxtəlif “ümüd verici” layihələrə pul yatırımları etməsidir. Bizdə bildiyim qədər bir Yumru layihəsinə sərmayə yatırılıb, o da (layihə) ki, axıda fake çıxdı.

Gördüyümüz kimi nə qədər ki, Universitetlərdə sağlam mühit yaradılmayacaq, nə qədər ki, böyük şirkətlərimiz İnternet layihələrə sərmayə qoymağa can atmayacaqlar, nə qədər ki, iqtisadiyyatımız neft və kənd təsərrüfatı, yeyinti məhsullarından ibarət olacaq, o qədər də biz böyük layihələr görməyəcik. Yəni heç vaxt. Təki yanılım.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları) →

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom