Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Hamısı mənimdir! Azərbaycan reallıqları

Bir vaxtlar kütlə üçün ən asan çörək pulu qazanmaq ona-buna baha qiymətə ev sırayıb maklerlik etmək idisə, məlum böhrandan sonra yeni dəb gəldi — əlinə bir taxta alıb yolun kənarında dayanan maşınlardan pul tələb etmək. Normal parking sisteminin olmaması həqiqətən biabırçı situasiya yaradıb. Əhalinin sıx toplandığı istənilən yerdə naməlum mənşəlli insanlar peyda olur, konkret reketliklə insanlardan pul yığırlar. Özü də xahişlə yox, məhz pul TƏLƏB etməklə. Bilmirsən verdiyin bu pullar həqiqətən dövlət büdcəsinə gedir, yoxsa bu dələduzluğun yeni müasir növüdür. Yəqin elə dələduzluqdur — çünki ödəmələr zamanı heç bir çek verilmir, bu isə bir başa dövlət vergisindən yayınma deməkdir. 90% hallarda konfliktlərə qarşı kompleksli millətimiz pulu ödəyir — ödəyim, təki başım dinc, əsəblərim sakit olsun.

Cəzasızlığa güvənib, indi bu növ dələduzluq sahilyanı çimərliklərə də yol açıb — bu günləri bir əcaib situasiyaya ilə rastlaşdım. Kürdaxanı bağları ətrafında (ora Pirşağı da deyirlər) əntiqə bir çimərlik yerləşir. Çimərlik digərlərinə nisbətdə çox kiçik, amma dənizin suyu çox təmizdir. Çimərliyin özü kiçik olduğundan ətrafları boş qumlaqlığdan ibarət idi. İdi… Amma bu ildən etibarən orada “quş-qondular” sayağı bəsit 3-4 “besedkalar” tikib, bütün çimərliyi 2-3 nəfərin arasında bölüb, özününki elan ediblər. Kim bölüb, necə bölüb, heç kimin xəbəri yoxdur. İndi bağ sahibləri dənizə çıxmaq üçün mütləq kiminsə “obyektinə” daxil olmalıdırlar. Onu da qeyd edim ki, araşdırma apardım və sən demə bu torpaqlar sırf dövlət reyestrində olan torpaqlardır, yəni torpaqların faktiki sahibi dövlətdir. Deməli bu quşqondular da qanunsuzdur. Bunu müvafiq orqanlar araşdırar, biz isə çimərlikdə istirahət edən şəxsləri narahat edən problemə toxunaq — qanunsuz pul yığımları. İndi çimərlikdə istirahət etmək istəyən şəxsdən məcburi yer haqqı (!) tələb olunur. Sual olundu ki, bu sahibsiz dəniz sahili üçün niyə yer haqqı ödənilməlidir, deyir bura bizim obyektin (obyekt deyərkən, uzaqda görünən qanunsuz bəsit 3-4 “besedka” nəzərdə tutulur) dənizidir (!). Analoqu olmayan iddia! Təsəvvür edin, gedib sahildən kənarda bir-iki qanunsuz “besedka” tikin, sonra da dənizi özünüzünki elan edin. OK. Bununla da razılaşdıq və “yer haqqı” ödəməyə razılıq verdik, amma bir şərtlə — bizə ödəniş aparıldığına dair çek veriləcək. Sən demə bunların nəinki kassa aparatı, heç ümumiyyətlə çekin nə olduğundan anlayışları belə yoxdur. “Bəs siz dövlətə vergi vermirsiniz?!” sualına cavab isə vəziyyətin nə qədər absurd olduğunu göstərir — cavab, sitat — “buranın yiyəsi özü “naloqda” işləyir!”. Sitatın sonu…
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Hamısı mənimdir! Azərbaycan reallıqları

Azərbaycan dili. Milli kimlik problemi

Ölkədə yaşayan əksəriyyət tərəfindən Azərbaycan türkcəsinə hörmətsizliyin səbəbi bunlar ola bilər — yüz illərcə formalaşmış kölə təfəkkürü və ondan qidalanan «özünü dərketmə» problemi. Etiraf etməliyik — qarışığımız çoxdur — alban, ərəb, fars, monqol, yunan, rus, cuhut… türk. Bütün bu millətlərin, mədəniyyətlərin sinteziyik. Hərənin ağzından da bir avaz gəlir — birisi deyir albanıq, digəri deyir türkük, qeyrisi deyir biz türklərlə farsların qarışığıyıq… Elə ona görə də milli «özünü dərketmə», milli qürur və özünə hörmətlə bağlı ciddi problemlər var.

Belə olmasaydı, bu günlərdə ruslara xas şovinist üsulla Azərbaycan qeydlərini aparan jurnalistə müsahibə verən birisinin dolayı yolla Azərbaycan dilinin heç fahişələrin də bəyənməməsini dilinə alıb, dilimizi aşağılayıb kənd dili adlandırmazdı. Sitat:
«Министерство образования пытается сократить число русских школ, но в Баку им это не удается, – говорит политолог Расим Агаев. – А население предпочитает отдавать детей именно в русские школы, поскольку там выше качество образования. Вообще, исторически так сложилось, что Баку говорил на русском, а деревня — на азербайджанском. К тому же знание русского дает определенный простор в развитии: скажем, врач, желающий развиваться профессионально, понимает, что информации на русском гораздо больше. Самые популярные независимые газеты — тоже русские. У нас, знаете, даже проститутки предпочитают говорить на русском, набивая себе цену».
Qısa tərcümə — «Tarixən belə olub — Bakı rus dillidir, kənd isə Azərbaycan dilli… Hətta ən tanınmış qəzetlər belə rus dillidir (görəsən bunun «Yeni Müsavat», «Azadlıq» qəzetlərinin mövcudiyyatından xəbəri var?!). Bizdə hətta fahişələr qiymətlərini qaldırmaq üçün rus dilində danışırlar…» Sitatın sonu. İndi gəlin bu “politoloqun” şəxsiyyətinə toxunmadan onu bu kimi sözləri deməyə vadar edən səbəbləri araşdıraq.
Yeri gəlmişkən vəhşi rusları elitar bir xalq kimi təqdim edən və millətimizi aşaqlayan (bəzi hallarda haqlı olaraq) bu yazını tam buradan oxuya bilərsiniz — http://www.sobesednik.ru/print/64328.
Bəlkə bu «politoloq» bu cümlələri başqa mənada işlədib, hansını ki, biz qara millət anlamırıq?! Bilmirəm. Və yaxud bu sözlər rus mətbuatında «засветится» etmək eşqiylə deyilib? Don Karleonenin sözü olmasın — Ничего личнего, только бизнес… Bilmirəm… Bəlkə provokasiyaya uğrayıb?! Əgər belədirsə, onda bunun nəyi «politoloq» oldu… Bilmirəm. Hər şey ola bilər, amma bu müsahibə ümumi kontekstdə yalnız və yalnız Azərbaycan türkcəsi, onun daşıyıcıları üçün təhqirdir.

Bəlkə dilimizin dəyərdən düşməsinə səbəb analoqu olmayan tərzdə populyar «xalxın uşağı» məsəli vasitəsilə uşaqlıqdan beyinlərə şüuraltı yeridilən ifrat eqoizm hissidir?! Eqoizmdən söz düşmüşkən — bu andıra qalmış hiss bəzən insanları primitiv heyvanlar səviyyəsinə salmağa qadırdir — ANS-dən bu günlərdə bir kadr göstərdilər — dəniz kənarı parkda karuselləri 3 saatlıq pulsuz buraxıblar uşaqların öhdəsinə — siz indi mənzərəni təsəvvür edir — yekə göt xalalar gəlib digər uşaqları vəhşicəsinə karusellərdən selbələyib, öz uşaqlarını otuzdururlar, bir-birləri ilə 1 manatlıq atraksiyon  üstə saç-yolduya çıxırlar. Və yaxud, orta-statistik Azərbaycanlı avtomobil sürücüsünün qəsdən yolun düz tən ortasını tutub tələsmədən maşınını sürməsi, tələsən və qabağa keçmək istəyənlərə isə nə imkan, nə də siqnala, işıqların oynamasına reaksiya verməyib, heçnə olmamış kimi yoluna davam etməsi sizcə primatlara xas vəhşi eqoizm nümunəsi deyilmi?!… Buna dair gündəlik həyatdan o qədər kiçik nümunələr gətirmək olar ki… Əsl səbəb isə başqadır — dar düşüncə. Dar düşüncə isə milli kimliyin dərk edilməməsi, qürursuzluq və savadsızlıqdan irəli gəlir — bu da özlüyündə mənasız fərdiliyə, ifrat eqoizmə yol açır. İfrat eqoizm isə acizlik deməkdir. Məhz aciz insanlar daimi özünü ifadə komplekslərindən əziyyət çəkirlər. Lap bizim kimi.
Bu problemdən qurtulmanın isə yeganə yolu milli indentifikasiyanın qəbul edilməsidir. Hər kəs bilməlidir ki, bu ölkədə əsas aparıcı qüvvə türk xalqıdır, əksəriyyət türkdür. Milli özünü dərketmə prosesi başlayan kimi, bütün bu eqoizm və hörmətsizliklər tam yoxa çıxmasa da, artıq formalaşmış xalqın sosial qınağı nəticəsində əksərən yerini şərəf və ləyaqətə verəcək. İnsanlar mənən böyüyəcək, özünü dərk edəcək, öz ölkəsinə, milli mənsubiyyətinə hörmətlə yanaşacaq və digərlərindən də özünə qarşı o hörməti tələb ediləcək… Bariz nümunə — hal-hazırda Gürcüstanda baş verən milli oyanış prosesidir. Bəs biz kimi gözləyirik?!
PS. Bəzi ağzı göyçəklər fikirləşər ki, bu rus dilin bilmir deyə, onun daşıyıcılarına daş atır. Yox, əsla. Özüm şəxsən rus dilində təhsil almışam, deyərdim hətta fikirləşəndə də rus dilində düşünürəm, amma doğma türkcəm ola-ola rus dilini əsla doğma dil hesab etmirəm. Rus dili sadəcə bildiyim əcnəbi dillərdən biridir.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan dili. Milli kimlik problemi

Qondarma ölkənin qondarma siyasi oyunları

Neçə gündür rus mətbuatı qondarma Cənubi Osetiya respublikasında baş verən absurd olaylardan söz açır. Olayların ssenarisini də eləbil Qazaxıstanın ümummilli kaftarı Nursultan yazıb — oxşar hadisələr bu yarıtanınmış respublikada da baş verməkdədir… İlahi, diktatorlar necə də bir-birlərinə bənzəyir, yəqin eyni əqli çatışmamazlıqdan əziyyət çəkirlər.
Hə, keçim olaya — guya “prezident” Eduard Kokoytı 3-cü dəfə prezident olmaqdan imtina edib, ölkədə (qurumda) demokratik seçki keçirmək fikrindədir. Amma… və “təbii ki”, xalq Kokoytonun getməsini “istəmir” və buna dair ümumxalq etirazları baş qaldırıb, minnət kampaniyaları qurulur. Kokoytu isə deyir — kişi sözünün ağası olar, daha prezident olmayaJam! Görünür, o da Qazaxıstanlı kaftar kimi xalqın “inadkar tələblərinə” rəğmən, “QƏTİ” getmək qərarı verib… Qazaxıstanda bu getmə söhbətinin nə ilə sonunclandığının şahidi olduq, indi bu teatral səhnəciyin Osetiyada nə ilə bitəcəyini müşahidə edək…

Səhnəcik isə vüsət almaqdadır – bu gün qondarma respublikanın qondarma parlamentinə qondarma silahlı güvvələrinin 100-dən çox təmsilçisi basqın edib. Tələbləri də Cənubi Osetiyanın analoqu olmayan liderinin 3-cü dəfə prezident seçilməsi üçün qondarma qanunvericiliyə müvafiq qondarma düzəlişlərin edilməsi olub. Sözsüz. =))
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Mirşahin. Mələklər. Çexiya prezidenti. Sözsüz

Sözsüz. Yalnız video görüntülər.
Mirşahinin “Hesabatı”. Hakimiyyət üçün söz azadlığı istəyirik!

Mələklər prezident olsaydı, necə olardı? Maraqlı sualdır, gəlin cavabına baxaq.

Çexiya prezidentinin qələm sevdası. 😀

Mövzuya dair forumda müzakirələr ↓
Mirşahin yenidən daş atdı

Klounlar müharibəsi başladı…

Tək qütblü dünya öz acı fəsadlarını göstərməkdədir. Dünya birliyi tərəfindən qəbul edilmiş müstəqil dövlətlərin əsas postulatların biri bu günlərdə havaya sovuruldu — müstəqil dövlətlərin öz suverenliklərini separatizmdən təmizləmə hüququ darmadağın edildi. Faktiki qərb dövlətləri hayasızcasına BMT-dən növbəti dəfə öz çirkin planları üçün istifadə etdilər — Liviyanı 2 yerə parçaladılar. Məqsəd — neftdir. Eyni ssenari Sudanda da tətbiq edilmişdi, neftlə dolu cənubu şimala qarşı qızışdırıb, ölkəni iki yerə böldülər. İndi də Liviya. Bundan sonra Liviya xalqına yalnız baş sağlığı vermək qalır.
Ən maraq doğuran fakt isə bu olaylarda öndə gedən Amerikanın əl-altısı Fransa prezidenti Nikolya Sarkozinin olmasıdır. Bu insan siyasi nailiyyətlərindən daha çox qeyri ciddi, şou-biznes sayağı hoqqaları ilə gündəmdə qalır. Ya arvadı lütlənib jurnal səhifələrinə çıxır, ya dəvət etdiyi prezidenti aşaqlayaraq saqqız çiynəyir. Bu günlərdə Qəddafinin oğlu Sarkozini gözəl xarakterizə etdi — kloun. Bu sözdən bir sutka keçməmiş Fransa və ABŞ (Böyük Britaniya ilə əlbətki) BMT-yə öz çirkin planlarını qəbul etdirib Liviyaya soxuldular. Bir tərəfdən kloun Qəddafi, digər tərəfdən kloun Sarkozi — lap klounlar savaşıdır.
Qəddafinin oğlunun eksklüziv müsahibəsinə aşağıda baxın:

Gözümüzün önündə dəhşətli proseslər baş verir. Bütün bunlar son yazılarımda qeyd etdiyim qlobal neoquldarlıq siyasətinin davamıdır. Heç kim də bu olaylara sevinməsin. Bu presedent ona əsas verir ki, səhər biz öz torpaqlarımızı düşməndən azad etdikdə, Fransa gəlib erməni xalqını xilas etmək adıyla Qarabağa soxulsun. Çünki artıq buna BMT tərəfindən qanuni müstəvidə qəbul edilmiş qətnamə var.
Hələ görəcəklərimiz qabağdadır. Allah bizi qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik

Bu gün Müsavat-ın 100 illik yubileyidir. Ölkənin ən qocaman siyasi qurumlarından olan Müsavatı, onu təmsil edən hər bir kimsəni təbrik edib, Azərbaycan xalqı, türkçülük ideyası naminə uğurlar arzu edirəm. Qoy ulu Rəsulzadənin bizə əmanət etdiyi üç rəngli bayraq hər zaman ölkəmizdə qürurla dalğalansın.
Azərbaycan İnternetini təmsil edən proqressiv gəncliyimizlə birgə tərtib etdiyimiz Azərbaycan və Ermənistanın tarixi xəritələrinə həsr olunmuş saytlara dair istifadəçilər arasında hələlik nisbi sakitlikdir. Əslində bu bizim milli xüsusiyyətimizdir — bir şey olmadıqda — istəmək, olduqda isə — boş vermək. Hal-hazırda barmaqla sayılası qədər saytlar bu saytların təbliğat kampaniyasına qoşulub (Azerifire qardaşımıza ilk olaraq bu işdə atdığı addımlara görə atəşin salamlar). Amma saytların Google reytinqində birinci olması üçün bütün Aznet təmsilçiləri səfərbər olmalıdır. Niyə axı “azerbaijan vector map” sorğusu verdikdə, Google ilk olaraq ermənilərin tərtib etdiyi və ölkə ərazimizi təhrif edilmiş formada göstərən bir sayt çıxarmalıdır?! Saytlara (www.maps-azerbaijan.comwww.maps-armenia.com) digər saytlarda yerləşdirmək üçün müvafiq kod da yerləşdirilib. Xahiş edirəm biganə qalmayın, bu sırf Azərbaycan naminə atılan addımdır, burada nə mənim biznes maraqlarım var, nə də ki hansısa bir gizli niyyət güdmürəm.

Bu xəritə layihəsi uğurlu alınarsa, növbəti layihə Azərbaycan xalq mahnıların bir sayta yığıb FREE olaraq paylaşımını təmin etmək olacaq. Çox sadə və userfriendly interfeysdə. İnşallah uğurlu alınar.
Uğurlu demişkən — dünyada ən nifrət etdiyim diktator olan təkəbbürlü Qəddafinin uğur quşu 42 il qəddarlıqdan sonra deyəsən onu tərk edib. Şərəfsiz artıq 300-ə yaxın cavanı qanına qəltan edib, amma getmək bilmir. Bu gün Euronews-da maraqlı bir xəbər yayımlandı — polis özbaşnalığından cana gəlmiş xalq onlara atəş açan iki polisi diri-diri yandıraraq asdı. Xalqla zarafatın axırı budur.
Bizim xalqı isə bu saat Facebook-da LİKE söhbəti maraqlandırır. Yeni milli dilənçilik növü peyda olub — indi də “like” dilənirlər. Day zəhləmimi töküblər — 2 dəqiqədən bir sən Allah filankəsin şəklidir, bunu “like” elə, lazımdır… və ya Qurban olum, bu şəkli birinci etmək lazımdır, bunu “like” elə. Lap elədik “like”, nə oldu? İnsanlara xoşbəxtlik üçün bir “like”-da yetərmiş. Əhsən.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom