Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Liza Simpson. Azərbaycan. Günəş və WikiLeaks

Hə… Liza Simpson da Azərbaycan haqqında danışdı. Özü də danışmağı dərd yarı, sən demə o bizi BMT-də təmsil edirmiş, bizim heç xəbərimiz də yoxdur.

Məşhur Simpsonlar çizgi serialının qəhramanlarından olan balaca Liza növbəti filmlərin birində Azərbaycanı təmsil edir. Cəsur Liza xanımın düyünün rüsumlarını qaldıracağı ilə bağlı Azərbaycan adından BMT üzvlərinə hətta hədə-qorxu gəlmək planları var. Ay səni, Liza… Neft olsaydı, yenə başa düşmək olardı, amma Azərbaycanın düyü ixracı… Deyəsən amerikallılar bizi induslarla səhv salıblar, Vallah. :hm:  Ümumiyyətlə, axır vaxtlar Amerika üçün Azərbaycan faktoru yaman aktuallaşıb. Allah axırını xeyir eləsin.

Ölmədik, bu günü də gördük — Günəşi rəsmi olaraq özəlləşdirdilər. Milliardlarla il azad ömür sürdükdən sonra indi Günəşin də yiyəsi var — bu İspaniyanın Galicia bölgəsinin sakini 49 yaşlı Angeles Duran adlı bir xanımdır.
Bu “fərasətli” qadın əməlinə belə açıqlama verib — “Mən bütün hüquqi məsələri gözəl bilirəm, elə ona görə də rəsmi orqanlara müraciət etdim və mənim sorğum təmin edildi. Ağılsız deyiləm ki, Günəşi kiməsə verim… ” Hə, “çox ağıllı” xanımın Günəşə dair Notariusda təsdiq edilmiş sənədi də var. İspaniyanın dövlət Notarius təsdiq edir ki, Angeles Duran həqiqətən G2 tipli spektral ulduz olan və Günəş sisteminin mərkəzində yerləşən Günəş adlı ulduzun qanuni sahibidir.
Günəşə dair gələcək planlarını açıqlayan fırıldaqçı qadın günəşi parça-parça satmağı planlaşdırdığını deyib. Əhsən.
Günəş demişkən. WikiLeaks saytının “günəşi” də bu saat ən parlaq anını yaşayır. Ötən yazımda qeyd etdiyim kimi, ABŞ-ın xarici siyasətinin yeni vuran “dubinkası” olan bu sayt dövlət departamentinə arxalanıb ABŞ-dan başqa demək olar ki, bütün dövlətlərin başçılarına, ölkələrin apardığı xarici və daxili siyasətə “ilişir”. Düzdür, hərdən lap ağ olmasın deyə, Amerikayada bir iki söz atır, amma yazılarının böyük əksəriyyəti digər ölkələri əhatə edir. Ən maraqlısı odur ki, bu dərgi indi də başlayıb ölkələrin birinci xanımlarına dair kompromatlar dərc etməyə. Məsələn, bu dəfə WikiLeaks Rusiyanın birinci xanımı Svetlana Medvedevaya dair “məxvi” sənədləri üzə çıxarıb, amma nədənsə özünü “müstəqil” adlandıran bu dərgi Amerikanın ilk qara dərili prezidentinin kameralar qarşısında aktyorluq edən və ağ evi xiyar-pomidor-balqabaq bostanına çevirən həyat yoldaşı haqqında bircə kəlmə də olsa söz açmır. Ucuz tamaşa. Amerika nə gündəsən?! 😀
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

ABU. İnsan qəssabları. Bayraq və Hafiz Hacıyev

Son olaylarla bağlı fikirlərimlə bölüşürəm. ABU. Daha doğrusu Azərbaycan Beynəlxalq Universiteti. Universitet bağlandı, dərd yarı. Sən demə ABU-ya məxsus klinikaların birində insan orqanlarının transplantasiyası və satışı təşkil olunurmuş.
Məlumat artıq rəsmi şəkildə təsdiqini tapıb. Klinikaya əməliyyat üçün insan qəssabları əsasən Ukraynadan dəvət olunurmuşlar. Deyilənə görə 10-dan çox bu kimi cinayətin üstü açılıb. Görünür ABU-nun rektoruna da qarşı cinayyət işi açılacaq. Hərçənd Yeni Müsavat dərgisinin xəbərinə görə klinikanın rəsmiləri bu xəbəri böhtan və iftira adlandırırlar, amma… Düzünü zaman göstərəcək.
Zaman demişkən. Bu balacaboy taciklər imkan vermədilər ki, bizim analoqu olmayan ən uca dirəkli 3 rəngli bayrağımız heç olmaya bir müddən analoqu olmayan kimi rahat dalğalansın. Belə ki, bu gün gəzən şayələrə görə əhalisinin yarıdan çoxu Rusiyada küçə süpürgəçiliyi ilə məşğul olan və dünyanın ən kasıb ölkələrindən olan Tacikistanın dövlət başçısı İmaməli Raxmon özünün “ən uca bayraq” sevdasını gerçəkləşdirmək qərarı verib. Tacikistanın analoqu olmayan bayrağının dirəyi paytaxtları Düşənbədəki Millətlər Sarayının qarşısında ucaldılacaq. Bundan əlavə dirəyin önündə dövlət qerbi üçün nəhəng postament də yerləşdiriləcək. Bayraq dirəyi isə 165 metr hündürlükdə olacaq. Xatırladım ki, bizim bayrağın dirəyi 162 metr təşkil edir.
Azərbaycanı anladıq — biz neftimizlə öyünürük, belə layihələri gerçəkləşdiririk, bəs yaxşı bu Tacikistanın nəyi var axı?! Paxıllıqdan başqa heç nəyi. :pis: Lazımsız pafos və ambisiyalardan başqa bir şey deyil.
Bayraqdan söz düşmüşkən. Seçkilərdən sonra Hafiz Hacıyevi tanımaq olmur. Arzusunda olduğu Milli Məclisə düşə bilmədikdən sonra “balıq” ləqəbli Hafiz bəy bayrağını dəyişmək qərarı verib. Bir vaxtlar “Müsavat” Partiyasını dağıtmaq üçün yaratdığı separatist “Müasir Müsavat” Partiyasını indi elə həmin “Müsavat”-ın müttəfiqi elan edib. Əhsən. Görəsən bu deputat kreslosu niyə belə şirindir?! Qismət olar, bilərik. 😆
Hə, bu gün də məlum olur ki, “Müasir Müsavat” Partiyasının aktivistləri yığışıb “flexible” Hafiz bəyin istefasını tələb ediblər. İndi Hafiz bəy çətin vəziyyətdə qalıb. Nə müxalifət onu qəbul edir, nə də ki iqtidar. Bir tərəfdən də öz partiyası. Atalar bunda deyib e — yeyə bilməyəcəyin şeyi çəngəlləmə.

Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Seçkilər Mirşahinin gözü ilə… Dövləti seçim

Parlament seçkiləri Mirşahinin gözü ilə — Dövləti seçim. Deyirəm, Yasamal seçki dairəsindən qalib deputat, “Sitatın sonu” layihəsinin əvəzolunmaz aparıcısı Etibar Hüseynov bunun yanında yalan oldu.
Çox yazmaqda məna görmürəm. Birdəfəlik baxmaq daha yaxşıdır.
Seçkilər Mirşahin bəyin prizmasından… :s:


Video-ları sevərək RİP etdiyi üçün Müntəzirə minnətdarlığımızı bildirməyi unutmuruq.
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev

Elmi möcüzələr. “Tanrının gözü” Yerə baxır

Bu yaxınlarda Amerikanın Aerokosmik Təhqiqatlar bürosu NASA infrabənövşəyi şüaların köməyi ilə göydə “Tanrının gözü” adlandırılan bir obyektin şəklini çəkib. Şəkli kosmosda təhqiqatlar aparan “Şpitzer” (Spitzer Space Telescope) teleskopu çəkib. Şəkillərin birində həqiqətən mistik bir obyekt təsvir olunub. Bizə özü yaşıl, bəbəkləri isə qırmızı rəngdə olan bir “göz” baxır.
Əslində “Tanrının gözü” uzaq 1824-ci ildə alman astronomu Karl Harding tərəfindən kəşf olunmuşdu. Hətta 2003-ci ildə məşhur Hubble teleskopu da onu qeydə almışdı. Çəkilmiş şəkillərin 3D versiyasını almaq üçün əldə olunmuş məlumatı Arizonada yerləşən digər teleskopa (the National Science Foundation’s telescope at Kitt Peak National Optical Astronomy Observatory) yerləşdiriblər.  Amma realistik 3D görüntü üçün dəqiqlik çatmadı. O səbəbdən “Tanrının gözü”-nün təsvirinin yaradılması və öyrənilməsi bu günə kimi davam edir.

2003-ci ildə çəkilmiş şəkil
Onu da qeyd edim ki, “Tanrının gözü” spiral formasındadır (kosmos formalarından biri) və spiralın düz mərkəzi Yer kürəsinə baxır. Məhz ona görə bu obyektə “Tanrının gözü” adı verilib, sanki Tanrı Yer kürəsini müşahidə edir. Spiral dumanlığının dəqiq adı NGC 7293-dir.

Real görüntü (ən son çəkilmiş 3D şəkil)
Bu spiral dumanlığı Yer kürəsindən 650 işıq ili uzaqda yerləşməsinə baxmayaraq, bəzi günlər onu yer kürəsindən adi teleskoplardan rahat müşahidə etmək olar. Spiral dumanlığının mənşəlini öyrənən alimlər belə qərara gəliblər ki, bu dumanlıq artıq “ölən” bir ulduzun qalıqlarıdır. Artıq enerjisi tükənən ulduz ömrünün axırına yaxın şişməyə başlayır və nəhayət partlayır. Müşahidə edilən “Tanrının gözü”-də məhz o partlayışın effektidir.
Düz 4,6 milyard il sonra bizim Günəş-də “Tanrının gözü”-nə çevriləcək. Bəli, bu dünya da hər şey fanidir… Hətta Günəşin də sonu var. Bizimkilər hələ indi çörəyin qiymətin qaldırır. Nə deyim? Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Elmi möcüzələr. «Tanrının gözü» Yerə baxır?!

Qurban. Velosiped. İspan inəyi. Hava və Zirəddin

Bu gün müqəddəs Qurban bayramıdır. Qurban bayramı şablon SMS-lərin gördərib-alınması, pulla qurbanlığa şərik olmaq kimi adətlərdən deyil, səhər-tezdən məsçiddə camaatla bayram namazı qılıb, Allahın böyüklüyünün bir daha anılmasından, qurban kəsib, yeddi kasıb qapıya paylanmasından, yaxınları yad etməkdən, zikrlər və “qurban” olmaq fenomeni haqda heç olmasa bir neçə dəqiqə fikirləşməkdən ibarətdir. Hələ mənim bildiyim bunlardır… Bəs bunlara riayət edirik?
Sizə deyirəm, amma özüm bu il edə bilmədim. Növbəti velo-gəzintimdə yaman yıxılmışam. Bu dəfə deyəsən qabırğalarımı əzdim, güclə tərpənirəm. Travmatologiyada dedilər ki, qabırğa üstü gəmirçəklər sınıb, “koroçe” vəziyyət yaxşı deyil. Allah kərimdir, İnşallah bu da keçər.
Qurban demişkən, yaxşı ki, bu bayramda qurbanlıq kimi qoyun təyin olunub (bu təyin, o təyindən deyil ha. 😉 (c) seçki 2010). Bəs qoyunun yerinə vəhşi ispan inəyi olsaydı, onda necə olardı? Onda vay bizim məzlum xalqın başına, heç olmaya bayramlarda nəfəsin dərib istirahət edir, onu da vəhşi inəklər gözündən gətirərdi…
Yəqin elə bu “haqsızlığa” görə bu gün Meksikada növbəti ispan inəyi dünya ictimayətinə çılğın etirazını bildirib, insanları qatıb qabağına. Dünya birliyi bu haqsızlığa hələ də dözür. 😀 (c) İTV

Havalar da ki, məşhur fırıldaqçı baxıcı Zirəddinin proqnozlarına rəğmən soyumaq bilmir ki, bilmir. Noyabr ayında belə isti havanın olması heç yadıma gəmir. Bezdiricidi. Nəsə. Gedim biraz uzanım, qabırğalarım “zokkuldayır”. =)
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Flaşmob — müasir bambılizm?!

Flaşmob — son vaxtlar gənclərimiz (əsasən də küyə gedənlər) arasında çox populyarlaşan bir ifadədir. Bəs bu flashmob ümumiyyətlə nədir? Bu kimi tədbirlər nə məna daşıyır?!
Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Məsələn, min bir əziyyətlə ailəsinə çörək pulu qazanan Əhməd kişi evə qayıdarkən görür ki, qəfil kimsə yolun ortasında huşunu itirdi… Həyatı onsuz da başdan-ayağa böyük bir stress olan Əhməd kişi bambılizmin son həddindən əziyyət çəkən cavana köməyə qaçır, bu zaman kənarda durub müşahidə edən digər şəxslər də yerə uzanırlar… Əhməd kişi şokdadı… Sən demə bu səhnəcikdir… Sən demə bu fərqli olmaq deməkdir… Sən demə bu flaşmobdur. Əhsən.

Flaşmobun atası amerikalı sosioloq-yazıçı Howard Rheingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmob-un mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmob-lar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır.
Post-sovet məkanında, əsasən də Rusiya, Ukrayna və Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusiyada etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komisiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar.
Azərbaycanda da flaşmoblar yayılmağa başlayıb. Amma bizdə hər şeydə olduğu kimi burada da özünə məxsusluq var — bizim flaşmober-lər yalnız onun bunun zir-zibilini təkrar etməklə məşğuldular. Maykl Ceksona, Halloween-ə həsr olunmuş flaşmoblar bu silsilədəndir.

Azərbaycanın xalq artisti, mərhum Mikayıl Ceksonun xatirəsinə həsr olunmuş milli flaşmob.
Onu da qeyd edim ki, Azərbaycan flaşmober-lərinin əksəriyyəti tələbələrdir.

Azərbaycan xalqının sevimli milli bayramı — Halloween-ə həsr olunmuş növbəti flaşmob.
Gəlin bizim flashmober-lərin son işlərini analiz edək (yuxarıda təqdim olunmuş video vasitəsiylə). Göründüyü kimi, milli flaşmober-lər dədə-baba bayramları olan Halloween-ə həsr edilmiş bu aksiyaya əməlli-başlı hazırlıq görülüblər. Özü də professional qrimlər, maskalar vasitəsi ilə. Çox güman ki, onları hansısa “pul yumaq” üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatı maliyyələşdirir. Xeyli adam da toplaya biliblər — bu isə bizim gəncliyin nə qədər deqradasiyaya uğradığının göstəricisidir…
Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora “qız tutmaq” üçün gedir… nə flaşmob?! 😀
Nəsə. Atalar yaxşı deyib, utanmasan, oynamağa nə var ki?! Allah ağıl versin.
Fikirlər mənim şəxsi subyektiv fikrimdir. Ürəyinizə çox almayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Flaşmob

Türkiyə – Ermənistan sərhədləri. Mif və reallıqlar

Türkiyə – Ermənistan sərhədlərinə dair öncə qısaca yazmışdım. Amma rastlaşdığım növbəti xəbər məni bir daha bu mövzuya qayıtmağıma vadar etdi. Deməli Ermənistanın Armtoday xəbər agentliyi belə bir başlıqla xəbər yayıb — Türkiyədən Ermənistana 9 kiloqram qızıl keçirmək cəhdinin qarşısı alınıb. Ən maraqlısı isə bu olay Yerevan-İstanbul (!) marşrutu ilə hərəkət edən avtobusda baş verib.

Bax belə. Əgər sərhədlər bağlıdırsa, əgər heç bir gediş-gəliş yoxdursa, əgər Türkiyə höküməti bizi buna inandırmağa çalışırsa… onda necə ola bilər ki, Ermənistandan Türkiyəyə birbaşa (Gürcüstandan deyil!) sərnişin avtobus reysləri işləsin?! Maraqlıdır. Yaxud elə həmin Armtoday dərgisində ermənilər İstanbul – Yerevan aviareysinin bahalığından gileylənirlər. Sual olunur, əgər sərhədlər bağlıdırsa, onda ermənilər heç bir maneə olmadan necə təyyarəyə və ya avtobusa oturub birbaşa İstanbula (və yaxud əks istiqamətdə) gedə bilərlər?!
Nəsə, mən bu işdən bir şey anlamadım. Əgər sərhədlər açılıbsa, onda bu türk abilərin qurduğu “Türkiyə-Ermənistan sərhədləri” adlı bu gülünc teatr nəyə gərəkdir? Kimi aldadırlar? Azərbaycan xalqını? Onsuz da aldatdınız, aldatmadınız, ay türk abilər, səsimiz çıxan deyil…
Bəlkə Sizin bildiyiniz gizli mətləblər var? Bölüşün.
Mövzuya dair forumda müzakirələr ↓
Türkiyə – Ermənistan sərhədləri. Mif və reallıqlar

Etibar Hüseynov, İmişlili qoçu və yenə də tualet kağızı

Seçki qabağı təşviqat kampaniyası bağlı elan edildi. Namizədlərin çıxış etdiyi bu “4 dəqiqələr” silsiləsi qısa vaxtda kütlə arasında çox populyarlaşdı, deyərdim hətta bəziləri üçün seriallardan da əziz oldu —  millət “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və digər səviyyəsiz serialları təxirə salıb, səbirsizliklə növbəti iqtidar-müxalifət deyişməsini gözləyirdi. Amma hər şeyin sonu olduğu kimi, bu da bitdi.
Televiziyadakı debatlar bir yana, namizədlərin seçicilərlə keçirdikləri görüşlər barəsində bir neçə söz demək istəyirəm.
Realda keçirilən seçki qabağı kampaniyalardan yadımda qalanı ilk yerli porno-telekanalın əvəzolunmaz əməkdaşı Etibar Hüseynovun Yasamal camaatı ilə keçirdiyi görüş oldu. Açığı heç ondan savayı bizi gəlib ziyarət edən də olmadı — digər namizədlər bizi görməz oldular. Yəqin məhləmizin məşhur Qələbə meydanına yaxınlığı onlara pis təsir edib. Hüseynovun da görüşünün şahidi təsadüfən oldum. Maşını vermişdim məhlədəki “moyka”ların birinə, bir də gördüm ki, “moyka”nın yaxınlığında yad maşınlar peyda oldu, sonra boş bir yer tapıb mikrofon-stol gətirdilər və nəhayət mərasim sahibi müqəddəs qədəmləri ilə məhləmizdə göründü. Yasamal camaatını salamlayan kimi, cənab Hüseynovu məhlənin bütün işsiz-gücsüz, pensioner-dominoçuları əhatə etdi. Çıxışı tam dinləyə bilmədim, amma dinlədiklərim müəllifin apardığı məşhur “Sitatın sonu” verlişindən heç nə ilə fərqlənmirdi. Öz platformasından bir kəlmə də söz açmayan gözəl natiq Etibar bəy yalnız digər opponentlərini müzakirə edirdi. Edirdi, edirdi… Maşın hazır idi, mən çıxıb getdim.

Qütbün digər tərəfini təmsil edən Yeni Müsavat dərgisi isə özünəməxsus şişirtmə ilə Rauf Arifoğlunun növbəti “möhtəşəm” görüşündən dəm vurur. Görəsən o “möhtəşəm” görüş adi görüşlərdən nə ilə fərqlənir? Yoxsa onu möhtəşəm edən cənab baş redaktorun orada iştirakıdır? Vallah, bu jurnalistlər yaman ambisiyalı olurlar axı. 😉
Son günlər şok xəbərlər almaqda davam edirik. Bu dəfə şok olay İmişlidə baş verib. Yerli xəbər agentliklərinin yaydığı xəbərə görə İmişli rayonun icra başçısının müavini Saleh Səmədov rayon sakini, 4 uşaq anası olan bir qadına övladlarının qarşısında seksual xarakterli təcavüz edib. Təcavüzə məruz qalan qadın hadisədən sonra depressiyaya düşərək hətta canına qəsd etmək istəyib. İndi işi müvafiq orqanlar araşdırır. Nə deyim, müasir qoçuluq nümunəsidir. Allah mərdimazardan qorusun.
Ukrayna xalqının tualet kağızına olan sevgisi deyəsən tükənməzdir. Məlum olaydan sonra, bu dəfə Ali Rada tualet kağızı bolluğundan əziyyət çəkib. Belə ki, vergi qanunvericiliyinə ediləcək dəyişikliklərə etiraz edən on minlərlə insan Ali Rada binasını tualet kağızları ilə atəşə tutub. Niyə məhz tualet kağızı? “Ukrayna uğrunda” partiyanın rəhbər müavini xanım Kseniya Lyapina səbəbi açıqlayaraq bildirib ki, əslində kütlə Radanı yumurta atəşinə tutmaq istəyirdi, amma sonda qərar verildi ki, bu fikirdən yayınsınlar — çünki bu halda hüquq mühafizə orqanları xuliqanlıq adı ilə kütləvi həbslərə başlaya bilərdi. Ona görə ən optimal variant kimi tualet kağızı seçildi. Yenə də tualet kağızı. =)
Sitatın sonu. 😀
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Nəqliyyat müfəttişləri vs. Sürücülər

Qarabağ bir yana, bizim rəşadətli nəqliyyat müfəttişləri ilə sürücülər arasında qarşıdurma davam edir. Qalib tərəf daha qüdrətli müfəttişlərdir. Sürücülər isə qara milləti təmsil etdiklərindən, hələ ki, susmağı daha üstün tuturlar.

Yolumu gedib, ANS CM-ə qulaq asırdım. Birdən İsti-istinin əvəzolunmaz aparıcısı Mətanət bacı Xəzər TV-yə xas üslubda müfəttişin taksi sürücüsünü öldürməsi xəbərini anons etdi. Rəsmi açıqlamadan sonra hadisə şahidlərinə söz verildi. Hər kəs bir nəfər kimi iddia etdi ki, müfəttiş qanunsuz olaraq (bir sadə vətəndaş kimi mən də bu qanunsuzluğun dəfələrlə şahidi olmuşam) sürücün avtomobilindən dövlət nömrə nişanını açıb. Buna etiraz edən sürücü ilə (özü də yaşlı birisi olub) müfəttiş arasında xoşagəlməz mübahisə baş verib və müfəttiş eləmə tənbəllik, biçarə sürücünün sifətinə var gücü ilə yumruq ilişdirib. Aldığı zərbədən dili qatlanan yazıq qoca elə yerindəcə canını tapşırıb. Müfəttiş isə xüsusi “цинизм” göstərərək, sanki heç nə olmamış kimi can verən sürücüyə fikir vermədən maşınına oturub, nömrənidə (!) özüylə götürərək hadisə yerindən uzaqlaşıb. Bu hadisə açığı məni bir vətəndaş kimi şoka saldı. Məgər bu cılız məmur öz cəzasızlığına bu qədər əmindir ki, artıq insan həyatına belə saymamazlıqla yanaşır?!
Bu azmış kimi, Nəqliyyat Nazirliyinin hörmətli sözcüsü Namiq Həsənov aşağıdakıları bildirib: “Mərhum taksi sürücüsü xidməti maşını ilə hərəkətdə olan Nəqliyyat Departamentinin işcisini saxlatdıraraq dövlət rüsumunu necə və hara ödəmək barədə soruşub. Bizim əməkdaş da ona prosedur qaydalarını başa salaraq gedib. Departament işçisi yenidən geri qayıdaraq həmin ərazidən keçərkən taksi sürücüsünün yerə yıxıldıını görüb. Dərhal təcili yardım çağırıb, polis əməkdaşları və Nəqliyyat Nazirliyinə məlumat verib”.
Çox maraqlıdır, Azərbaycan reallığında hansı sürücü öz xoşuna gedib müfəttişə “ilişər”? Bu lap Rusiyanın məşhur Comedy Club rezidentlərinin oynadığı bir traqi-komik səhnəni xatırladır — “Skripaç”. Yazıq skripaç. Hadisələr demək olar ki, eynidir.

Mövzuya dair forumda müzakirələr ↓
Nəqliyyat müfəttişləri vs. Sürücülər

İşıqsız. Qazsız. Susuz. 3D. Həyatımdan bir gün

Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.
Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…
Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.
Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.

PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.
Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom