Bu günlərdə nələr baş verir? Heç bilmirəm. Dünya olub böyük bir dəlixana. Lujkovun nəhayət ki, arxasından dəydilər. Yazıq bu hadisəni ya Medvedevin Putinə qarşı addımları ilə yozdu, ya şayə buraxdı ki, Medvedevi verir məhkəməyə… Ortada olan isə nəticədir. Nəticə isə — Lujkov artıq mer deyil…
Fikrimcə, bu hadisə Rusiya siyasətində səhnə arxası mürəkkəb oyunların getməsindən xəbər verir. Lujkov da sadəcə bir qurbanlıq qoyun idi. Çox güman ki, Putin 2012-ci il prezident seçkilərindən kənarda qalacaq. Çünki Medvedev artıq püxtələşir, əl qol atır. Kreslo yaman şirindir deyəsən. Dostluq, söz və dürüstlük yaddan çıxdı. Niyə də yox?! Məgər Putin özü belə siyasi səhnəyə gəlməyib? Rusiyada nə qədər siyasi debatlar qızışsa, ara-qarışsa bir o qədər bizə, kiçik dövlətlərə yaxşıdı.
Gözümüz aydın, deputat Fazil Mustafa partiya sədrlərinin “xüsusi adlarla” təltif edilməsini təklif etdi. Əməkdar partiya sədri. Görünür Fazil bəyin çox gözəl yumor hissi var, Allah özü axrını xeyirli eləsin.
Bu UFO-lar Çindən nə istəyir, heç bilmirəm. Yəqin harda aş, orda da baş “kitayski mallar” artıq başqa planetlərə də gedib çıxıb. Belə ki, Çinin aeroportlarından biri növbəti dəfə UFO təhlükəsinə görə bağlanıb. UFO göydə dayanıb gəlib-gedən təyyarələrə maneəçilik törədirmiş. Hələ bir çinli eləmə tənbəllik UFO-nu videoya da çəkib. Siz də tamaşa edin, açığı mən bir şey anlamadım.
Cənab qızıl şlyager, F.A və digər hərflərlə adını bəzəyən 100% müğənni Faiq Ağayev ona sui-qəsd edildiyini iddia etdi. Ola bilər. Bu iş olduqca qarışıq bir məsələyə bənzəyir. Şəxsən mən bəzi kanalların onu bıçaqlayan şəxsə haqq qazandırmaq cəhtlərini görəndə əsəbləşirəm. Deyilənə görə (telekanallar bunu təstiqləyir) Faiqin “canisi” bundan öncə də türmədə yatıb. Özü də adam öldürmə ittihamı ilə. Amma 2 ildən sonra müammalı şəraitdə “çölə” çıxır və nəticədə yeni cinayət törədir. Lap Holliwood filmlərindəki kimi. Bu konkret sifarişə bənzəyir.
Bizi “demokratiyaya” öyrədənlər, özləri onun azlığından (bəlkə də ifrat çoxluğundan) əziyyət çəkirlər. Belə olmasaydı, inkişaf etmiş demokratik ölkələrdən sayılan Avstraliyada polislər günahsız yerli əhali təmsilçisilə (yəni gəlmə yox, aboriqen) elektroşoker vasitəsi ilə “mırt” tutmazdılar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs ruhi xəstə imiş və yolunu azıb. Polis məntəqəsinə gətirilən xəstəyə kömək əvəzinə nə etdiklərinin Siz də şahidi olun.
Mən də velosiped əyləcinin qəfil nasazlığı ucbatından həm velosipedimi bərbad vəziyyətə qoydum, həm də özümü yaxşıca əzmişəm. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Xəbər verildiyi kimi bir neçə gün öncə möhtəşəm bayrağımız üçün möhtəşəm meydanın açılışı oldu… amma bayraq cırıldı… özüdə 2-ci dəfə… Sən demə içimizdən olan baltalara elə bu lazım idi…
Əslində bu olay vətən sevgisi olan hər bir vətən oğlu (qızı) üçün ürək ağrısıyla qarşılanmalı idi… Amma görünür vətən xainsiz deyil. Babəkin vaxtından deyəsən xainlik qanımızdadır… Bayrağımızın cırıq və tərif edilmiş halda görüntüləri tələm tələsik video və fotolara çəkib Youtube-a yerləşdirildi. Kimisi bundan siyasi dividend qazanmaq üçün, kimisi guya həmən canlı xəbər çatdırdığı üçün, kimisi sadəcə “dostlar”ı önündə lovğalanmaq üçün, kimisi isə qarşısına tula kimi atılmış pulları “otrabotka” etmək üçün istifadə etdi… Amma bir şeyi unutdular. Cırılan bayraq onların bayrağı idi. Cırılan bayraq bizim vətənimizin bayrağı idi. Bu bayraq nə hakimiyyətin, nə siyasi partiyanın, nədə ki hansısa fərdin şəxsi bayrağıdır, bu bütün Azərbaycanın, sənin, mənim bayrağımdır… Başınıza dəysin Sizin bu cılız siyasi oyunlarınız, başınıza dəysin Sizin operativliyiniz, başınıza dəysin Sizin təkəbbürünüz, başınıza dəysin Sizin “otrabotkanız”…
Ar olsun vətəndən, onun müqəddəs dəyərlərindən öz şəxsi maraqları üçün istifadə edənlərə!
Son bir həftə ərzində baş verən olaylara dair qisa fikirlərimlə bölüşürəm. Azərbaycan Beynəlxalq Universitetinin sorağı pik həddə çatdı — univeri bağladılar. Amma niyə bağlandı və indiyə kimi necə fəaliyyət göstərirdi sualını cavablayan olmadı. Minlərlə tələbə çölə atılır. Əsasəndə rüşvətlə ora düzələnlər. Əslində günah hər iki tərəfdədi — rüşvəti verəndə və alanda. Amma nədənsə univerin bağlanması ilə yalnız “verənlər” ziyan çəkir. Bəs alanlar? Eşitdiyimə görə bu işlə artıq hüquq mühavizə orqanları məşğul olurlar. Nəticəsini gözləyək. Allah cavanlara kömək olsun.
Bağlanma demişkən, dedilər Delta telekom (Azərbaycanda İnternet qoşulmaları provayderlərə paylayan monopolist) İnternetə bağlanma (qoşulma) qiymətlərini endirdi. Sevindik. Amma sevincimiz çox çəkmədi. Elə o gündən İnternet bağlantılar çox bərdab günə düşüb. Provayderlərə zəng isə faydasızdır — hər biri günahın Delta telekomda olduğunu bildirir. Nəticədə qiymətlərin enməsini nəsə heç hiss etmədik, amma keyfiyyətin enməsinin lazımınca şahidi olduq.
Tikinti materiallarının qiymətləri isə əksinə qalxıb. Niyə? Niyəsin heç kim bilmir. Amma bu onsuzda od qiymətinə olan evlərin dahada bahalaşmasına yol açacaq. Gənclərimiz deyəsən evsiz qaldı.
Medvedev Bakıya gəldi. Özüdə milliardlarla dollarlıq silah satmaq (APA) təklifi ilə… Deyəsən ruslar lap yaxşı biznes qurublar, ermənini özləri silahlandırıb, bizidə silahlanmağa məcbur edirlər. Amma ermənilərdən fərqli olaraq, bizə hər şey pulla başa gəlir. Əhsən. Əsl yeni nəsil biznes budu elə.
2 gün bundan öncə möhtəşəm bayrağımızın möhtəşəm açılışı oldu. Bu gün küləkli hava olduğundan getdim şəkilin çəkməyə (küləkli havada bayraq gözəl görünür), amma bayrağı görmədim. Bayraq qeyb olub. Ola bilsin küləklə əlaqəlidi. ANS-dən elə bu saat öyrəndim — Lənkəranda camaata silahlı basqın olub. Deyəsən vəziyyət gərginləşir — keçən səfər Tərtər, bu gün Lənkaran. Bir arada Bakının tozlu küləyi zəhləmizi tökməkdə davam edir. Seyrə davam. (c) Bakcell.
Ukraynada qara camaat iqtisadi böhrandan əziyyət çəkdiyi bir vaxtda, Ali Radanın deputatlarının dərdi var — tualetlərdə kağız qıtlığı yaranıb. =)
Timoşenkonun blokundan olan deputat Vladimir Bondarenko parlamentin açılış çıxışında Radanın ayaqyollarından tualet kağızlarının yoxa çıxdığından narahat olduğunu bildirib. “Əvvəllər salfetlər olurdu, tualetdə istifadə edirdik… yoxa çıxıb. Bu azmış kimi indi əlimizi silməyə gigiyenik salfetlər də tapmırıq… Bu məsələ tez bir zamanda həll edilməlidir!” deyən əsəbi və yagin ki, əlləri “çirkin” parlament təmsilçisi öz iradını həmkarlarına çatdırıb.
Maraqlısı isə odur ki, cənab deputat Radanın yeni təmirdən çıxmış binasına “bir mız” qoymaq üçün bəhanə gəzirmiş. Onuda görünür tualet kağızında tapıb. =)
Mövzuya dair forumda müzakirələr ↓
Ukraynanın başı dərddə — tualet kağızı qıtlığı…
Londonda yerləşən “Legatum” Siyasi Araşdırmalar Mərkəzi məşhur baxıcı Zirəddini kölgədə qoyub, növbəti 100 il üçün dünyanın yenilənmiş siyasi xəritəsini tərtib etdi.
Qərbin Siyasi “baxıcılar” Mərkəzindən əminliklə bildirirlər ki, gələcəkdə ölkələr arasında konfederasiyalar, ittifaqlar, birliklər tayfa prinsipi ilə qurulacaq. Maraqlısı isə odur ki, isti yerdə oturmuş Londonlular bizi yeni yaradılacaq bir konfederasiyanın tərkib hissəsi kimi görürlər. Bu konfederasiyanın adı da çox maraqlıdı — Vəhşi Şərq. Özü də bura Azərbaycanla yanaşı — Əfqanıstan, Pakistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan daxil olacaq. Gör biz nə gündəyik ki, artıq qərbdə bizi Tacikistan kimi ac-yalavac, Əfqanıstan kimi “anarxist” ölkələrin sırasında görürlər.
Niyə “Vəhşi Şərq”? Açıqlaması — bu dövlətlər supergüclər üçün müharibə poliqonu rolunu oynayacaq. Guya ki, indi oynamırıq.
Nəzərə alsaq ki, qərb siyasətini ilkin olaraq Siyasi Araşdırmalar Mərkəzləri öyrənib, təyin edirlər və Azərbaycan kimi kiçik dövlətlərin böyük siyasi oyunlarda etiraz etmə, hətta səsini çıxartmaq belə hüququ yoxdur, onda bizi heç də yaxşı olmayan bir gələcək gözləyir.
Digər maraqlı proqnozları Türkiyəyə aiddir. Türkiyə Özbəkistan və Türkmənistanla birləşib Osmanlı İmperiyasın yaratmağa çalışacaq. Nəticənin necə olacağı haqda Londonlu “baxıcılar” nədənsə deməyə çəkinirlər.
ABŞ və Kanada da konfederasiya yaradacaq. Adı da belə olacaq — Şimali Amerika İttifaqı. Maraqlıdır. Ola bilər.
Londondan “zeytun yetişdirən ölkələr” kimi görünən İspaniya, Portuqaliya və Yunanıstan da özləri üçün bir ittifaq yaradacaqlar. Çox maraqlı iddiadı. Çox güman ki, birliyin əsas məqsədi birlikdə zeytun yetişdirmək olacaq. =)
Siyasi “baxıcıların” iddiasına görə London, Paris, Tel-Əviv və Roma kimi böyük şəhərlər müstəqil şəhər-dövlət olacaqlar. Parissiz qalan Fransa isə Hindistan və İsveçrə kimi heç bir ittifaqa daxil olmayacaq.
Digər maraqlı məqam bədnam qonşularımıza aiddi — Rusiya Federasiyası Moldova, Ermənistan və Belarusu udub Rusiya İmperiyasına çevriləcək. Ən realist proqnoz məhz budur.
Bütün bu proqnozları anladıq, amma şəxsən mənə maraqlıdır, görəsən Londonlu “alimlər” boş vaxtlarında siqaret əvəzinə nə çəkirlər?! Əgər Siyasi Araşdırmalar Mərkəzi belə boşboğaz proqnozlar verirsə, onda qərb siyasətindən xeyirli bir şey gözləmək sadəlövhlükdür…
Mövzuya dair forumda müzakirələr ↓
Britaniya alimləri siyasi gələcəkdən xəbər verdilər…
3-cü ölkələr köhnədən qalma silah-sürsatın davasını etdiyi bir vaxtda dünyanın yeganə super-dövlətinə çevrilən ABŞ fantastik filmlərdə gördüyümüz silahları gerçəyə çevirir.
Bu günlərdə ABŞ-ın silah sənayesində düz 88 ildir ki, özünü sınayan Raytheon şirkəti illərdir üzərində işlədiyi Sarcos XOS 2 ekzoskelet modelini təqdim etdi. Skelet, özüdə də nə skelet. Başdan ayağa qidravlika ilə təchiz edilən bu skelet adi insanın görə bilməyəcəyi işlərin öhdəsindən asanlıqla gəlir. Skeleti geyindin — oldun Supermen. Yaradıcılar etiraf edirlər ki, bəs onların əsas “muzası” Iron Man filmindəki super kostyum olub.
Biz də — sadə insanlar, adətimiz üzrə texnoloji yenilikləri qəbul edib, sevinirik. Amma bu “skeletin” gələcək əsgərlərinin əsas atributu olacağını və o zaman müharibələrin daha da qəddarlaşacağını nəzərə alsaq, onda sevinməyə tələsməyək. Əsasən bu kiçik dövlətlərə aiddi. Axı bütün eksperimentlər bizim üstümüzdə keçirilir.
Deyirəm, bu tip yenilikləri görəndə, bir daha əmin oluram ki, Azərbaycan kimi kiçik dövlətlərin super-güclərin yaratdıqlarına həsədlə baxmaqdan başqa çarəsi yoxdu.
Bu gün tam başqa bir mövzu haqda yazmaq fikrim var idi. Amma Faiq Ağayevlə bağlı baş verən hadisələrdən sonra digər mövzular mənasızlaşdı. Bu gün ölkənin ən önəmli mövzusu — Faiqin bıçaqlanması xəbəridir. Xəbər saytlarında aktivlik də bunu sübut edir.
Kimisi bu baş verən olaydan kədərləndi, kimisi Klinikanın önündə durub qoruq çəkdi, kimisi əksinə sevindi, kimisi isə ümumiyyətlə bu olaydan iqtidarı növbəti dəfə iynələmək üçün istifadə etdi. Faiq haqda gedən söz-söhbətlər, dedi-qodular şəxsən mənim üçün heç bir məna kəsb etmir. Məna kəsb edən onun bir insan kimi formalaşması, öz üzərində daima işləməsi və hər zaman liderliyə can atmasıdır. Bu keyfiyyətlər isə hər adama nəsib olmur. Məhz Faiqin bu keyfiyyətlərinə görə mən ona hörmət edirəm. Mübariz insandır.
100% F.A. Estradamızın ən kreativ ulduzu.
Sağal. Mahnılarını dinləməsəmdə, bir insan övladı kimi səni gözləyirik.
Mövzuya dair forumda müzakirələr ↓
Xalq artisti Faiq Ağayev bıçaqlandı!
Ölkədə və dünyada baş verən olaylarla bağlı fikirlərimlə bölüşürəm. Hara baxırsan — Usoyanı güllələdilər xəbəri. Erməni soyadlı, əslən kürd, amma Gürcüstanda doğulan Usoyanı güllələmə xəbəri bir yana, mənə maraqlı gələn onun dövlət səviyyəsində qorunmasıdır. Deyilənə görə FSB (Rusiyanın Federal Təhlükəsizlik Şurası) agentləri ilə mafiozi qaquliklər birləşib elə bir yerdəcə onu qoruyurlar. Yəqin Usoyan Rusiya siyasətinə də xidmət etməyi unutmur. Yəqin…
Amerikalı alimlər maraqlı kəşfə imza atıblar. Daha doğrusu qoca Enşteynin vaxtilə dediklərini təstiqləyiblər. Belə ki, onlar super müasir və dəqiq saatların vasitəsilə təyin ediblər ki, insan yerdən nə qədər uzaq düşərsə, o qədər tez qocalır. Məsələn 50-ci mərtəbədə yaşan insan 1-ci mərtəbədə yaşan insana nisbətdə daha tez qocalır. Bununla Enşteynin teoriyası təstiqlənir. Qoca hələ o vaxtlar öz teoriyasında deyirdi ki, yerin qravitasiyasından (cazibə qüvvəsindən) uzaqlaşdıqca, zaman daha tez keçir.
Deyilənə görə ABU-da vəziyyət hələdə gərgin olaraq qalır. Millətin sənədlərini vermirlər ki, gedib başqa Universitetlərdə təhsillərini davam etdirsinlər. Belə çıxır ki, ABU olub suveren bir ərazi, artıq orada Təhsil Nazirliyinin qərarları keçərli deyil…
Pamella da day soyunmağın daşını atdı. Rumıniyada olan məşhur Playboy “gözəlçəsi” (onda gözəllik varsa, onda əsl gözəllər nədi bəs?) bir də jurnallar üçün çılpaq şəkil çəkdirməyəcəyini bildirib. Səbib kimi isə digər uşaqların onun balalarına lağ etməsini göstərib. Deyirəm biqeyrətin qeyrətə gəlməsi qorxulu şeydi, Allah özü axrını xeyir eləsin.
Qız qalasını da bağladılar. Səbəb — qalanın millətin intihar yerinə çevrilməsidir. Yəqin ifrat romantizmdən əziyyət çəkənlər ora üz tuturlar. Şahidlərin sözlərinə görə özlərinə qəsd edənlərin sayı dəhşətli dərəcədə artıb. Özüdə qaladan yerə düşən insan qarpız kimi parça-parça olur. Yeri gəlmişkən, özünə qəsd etmək İslamda yasaqlanır və ən böyük günahlardan hesab edilir.
Hava da bu arada yaman soyuyacaq. Təki qəlblərimiz isti olsun. İnşallah.
Özümüzü Vaz 2107-dəki “düşük” avtoşlardan güclə qoruyurduq ki, indi də şəhərdə el arasında “pul” maşınları kimi tanınan inkassatorlar tüğyan edir.
Necə gəldi maşın sürmək, kobudluq, boş yer var — “bas getsin” prinsipi və heç bir qaydaya məhəl qoyulmadan idarə olunan inkasator avtomobillər bir çox halda qayda pozuntularınada yol verirlər — dəfələrlə onların qırmızı işıqdan keçdiyinin, digər maşınları sıxdıqlarının, hətta onlara yol vermədikdə təhqirə yol verdiklərinin şahidi olmuşam. Adətən heç bir fərq nişanı (bank adı, məsələn) olmayan bu inkassatorların hansı banka aidiyyatı olduğunu bilmək olmur.
Mənə maraqlıdı, ümumiyyətlə qanunvericiliyə görə inkassator maşınların bu kimi qanundan kənar hərəkətlərə yol verilməsinə icazə var, yoxsa yasaqlanır?! Məsələn, bəzi hallarda dövlət əhəmiyyətli idarələrin xidməti avtomobillərinə qanunu boşa vermək icazəlidir. Bəs inkassatorlar?! İnterneti, qanunvericiliyimizi axtarıb ələk-vələk etsəmdə, inkassatorlara dair bir şey tapmadım. Ümumilikdə əgər inkassatorlar fərdi bankalara məxsusdursa, deməli hökumətə heç bir aidiyyatı yoxdur və onların etdiyi bu kobudluq əslində qanun pozuntusudur. Bu mənim fikrimdir. Düzünü bilən varsa, buyursun.
Sual — İnkassatorların yollarda hərəkəti, onların yol qaydalarına tabeçiliyi hansı qanun və yaxud qayda ilə tənzimlənir?
Məsələ mənim üçün hələdə açıq qalır.
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual