Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Kinoteatr "Azərbaycan" vs. Park Cinema

Bü gün nəhayət ki, vaxt tapıb Park Bulvarda yerləşən Park Cinema-ya baş çəkdim. Açığı baxılası fərli film də yox idi. Müqayisə üçün bir 3D animasiya seçdik (Союз зверей 3D), o da ki, sən demə mənasızlıqda bəlkə də bu ilin nömrə biridir. Nəsə. Beləliklə, kinoteatr “Azərbaycan”-la Park Cinema-nı müqayisə etmək üçün kifayət qədər informasiya topladım və Sizlərlə bölüşürəm.
Başlayaq. İlk öncə hər kəsi əvəzolunmaz kassalar qarşılayır. Park Cinema-da kassalar daha müasir və deyərdim interaktivdir. Bəs qiymətlər?! Bu yaxınlara kimi monopolist kinoteatr kimi fəaliyyət göstərən kinoteatr “Azərbaycan” Park Cinema-nın açılışından sonra analoqu olmayan qiymətlərində tutarlı korrektələr etdi. Qiymətlər 2 dəfə endirildi, amma nə faydası — kütlə daha cazibəli və müasir görünən Park Cinema-nı seçir. Burda deyiblər — kimin əvvəli, kimin axırı.

Gəlin qiymətlərə nəzər salaq — Park Cinema-da bir seansın qiyməti (bir nəfər üçün) — 6 manat təşkil edir. Kinoteatr “Azərbaycan”-da da bu qiymət artıq 6 manatdır. Burada bərabərlik hökm sürur.
Bildiyimiz kimi, 3D filmlərə baxmaq üçün eynəklərdən istifadə olunur. Eynəklərin keyfiyyətinə görə kinoteatr “Azərbaycan” irəlidədir. Rus demişkən, более того, hər ikisini istifadə edəndən sonra, məndə belə təsəvvür yarandı ki, “Azərbaycan”-da istifadə olunan eynəklər daha yüksək səviyyəlidir (Dolby Stereo dəstəkli və sair). Park Cinema-dakı eynəklər xarici görkəmindən belə ucuz mal təsiri bağışlayır. Eynəyin çatışmamazlıqlarından onun ağırlığını (qulaqları yara edir), keyfiyyətsizliyini (ekranlar əcaib cızıqlı, dumanlı və ləkəlidir), həmçinin 3D effektin çatdırılmasında zəifliyini qeyd edə bilərəm. “Azərbaycan”-dakılar istifadədə daha rahat və keyfiyyətlidır, həmçinin 3D effektləri daha canlı çatdırır.
Eynəklərin keyfiyyətsizliyinin digər təsdiqi — “Azərbaycan”-da baxdığım filmlərdən sonra gözlərim heç ağrımadı, amma Park Cinema-da baxdığım filmdən sonra hələ də özünə gəlmir.
Zalın tərtibatı, müasirliyi və quruluşunda Park Cinema şəksiz liderdir. Zallar ideal təmizlik təəsuratı yaradır. Filmlər daha böyük səhnədə göstərilir.
Bir kinoman kimi mən filmlərə baxmaq üçün yenə də “Azərbaycan”-ı seçəcəm. Niyə?! Ola bilsin bu konservativliyimdən irəli gəlir, amma kinoteatr “Azərbaycan” sırf filmlərə baxmaq üçün gözəl məkandır. Park Cinema isə gününü şoppinqdə keçirib, müasir və baxımlı kafelərdə istirahət edib və sonra vaxtını öldürmək xatirinə filmə baxanlar üçün ideal seçimdir. Əslində oradakı kinoteatr elə bunun üçün də nəzərdə tutulur. Kütlə (əsasən də küyə gedənlər — типа, это круто) Park Cinema-nı sevəcək, buna əminəm.
Lap yadımdan çıxmışdı — Park Cinema-da pop-korndan əcaib ətir gəlir, duzu azdı. 🙂 Coca-Cola isə “Azərbaycan”-dan fərqli olaraq xüsusi kağız stəkanlara süzülmür, birbaşa elə butulkada verilir. Bu da yaxşı hal deyil.
Nəticə:
Azərbaycan — sırf filmlərə baxmaq üçün gözəl məkan.
Park Cinema — şoppinq, gözəl kafelərdə istirahət və yalnız sonda kinoteatr.
Hər ikisinin ən böyük çatışmamazlıqları — Azərbaycan dilinə bir dövlət dili kimi əhəmiyyət verilməməsidir. Bu özünü hər şeydə göstərir — adi bilətlərdən tutmuş filmlərə kimi. Yəni öz dilimizdə adicə biletləri çap etmək belə qəbahətdir?!
Mövzuya dair forumda müzakirələr ↓
“Park Cinema” (+3D) açıldı və ucuz qiymətlərlə təəccübləndirdi!

Su. Deputatlar. İTV. Park Bulvar. Fikirlərim

Bu arada Azeronline şirkətinin rebrendinqinə yaman başım qarışıb, bloqa kifayət qədər vaxt ayıra bilmirəm. Amma söz — İnşallah 2-3 günə yenidən aktivliyimi qaytaracam.
Ətrafımızda baş verən olaylar da o qədərdir ki, heç bilmirəm nədən başlayım. Gözümüzün suyu da qurudu… Yasamala düz bir həftədir ki, su gəlmir. Analoqu olmayan JEK də, su idarəsi də nədənsə susur. Ya deyirlər hardasa “avariya” olub, ya deyirlər camaat su pulunu vermir (bunu bəhanə edib  2011-ci ilin pulunu da indidən yığdılar), ya deyirlər tezliklə yeni sayğaclar gətiriləcək, ona kimi su olmayacaq. Kimə inanaq, bilmirik. Bir sözlə, bu qədər əhalini dolayıblar barmaqlarına. Bu yerdə deputatımız yadımıza düşür, onun da başı qarışıb təşviqat kampaniyasına — ay belə edəcəm, ay helə edəcəm, amma faktiki mövcud problemi həll edən yoxdur. Hamı virtualdan dəm vurur.

Deputatlar demişkən… İctimai kanalda efirə buraxılan təşviqat kampaniyasında iştirak edən bəzi deputatlığa namizədlər görəsən heç səhərlər durub güzgüdə özlərinə baxırlar? Ağızları söz belə tutmayanlar indi deputatlıq iddiasındadırlar. Danışıq qabiliyyətləri sıfır olanlar gen-bol yaltaqlıq edib vəziyyətdən çıxmaq istəsələr də, alınmır. Nəticədə özlərini gülünc vəziyyətə qoyub, xalqın gözündə biabır edirlər. Mənə ən ləzzət edən Şəki seçki dairəsindən öz namizədliyin irəli sürən “ambulatorçu” gəncin çıxışı idi. Çox “tutarlı və məzmunlu” nitq söyləyən bu ambisiyalı gənc eləbilir ki, televizora çıxıb yaltaqlanmaqla deputat olacaq… Amma deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə. =) Yaltaqlanmaq da əslində fitri bir istedaddır, hər kəsə nəsib olmur.
Deyirlər xeyirsiz şər olmaz — İTV-in son günlər reytinqi parta-part edir, şou-biznes proqramlarının aparıcılarını infakt vurmasa yaxşıdı.
Bu günlərdə Park Bulvarda yerləşən kinoteatr da istifadəyə verildi. Qiymətlər deyilənə görə çox münasibdir. Yəqin “klient tutana” kimi belə də olacaq. “Azərbaycan”-ın bazarı öldü. İnşallah vaxt edib, bir ora baş çəkib, subyektiv fikirlərimlə sizlərlə bölüşəcəm.
Nəsə. Gecədi. Gedim biraz dincəlim. Görüşənədək dostlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom