3-cü ölkələr köhnədən qalma silah-sürsatın davasını etdiyi bir vaxtda dünyanın yeganə super-dövlətinə çevrilən ABŞ fantastik filmlərdə gördüyümüz silahları gerçəyə çevirir.
Bu günlərdə ABŞ-ın silah sənayesində düz 88 ildir ki, özünü sınayan Raytheon şirkəti illərdir üzərində işlədiyi Sarcos XOS 2 ekzoskelet modelini təqdim etdi. Skelet, özüdə də nə skelet. Başdan ayağa qidravlika ilə təchiz edilən bu skelet adi insanın görə bilməyəcəyi işlərin öhdəsindən asanlıqla gəlir. Skeleti geyindin — oldun Supermen. Yaradıcılar etiraf edirlər ki, bəs onların əsas “muzası” Iron Man filmindəki super kostyum olub.
Biz də — sadə insanlar, adətimiz üzrə texnoloji yenilikləri qəbul edib, sevinirik. Amma bu “skeletin” gələcək əsgərlərinin əsas atributu olacağını və o zaman müharibələrin daha da qəddarlaşacağını nəzərə alsaq, onda sevinməyə tələsməyək. Əsasən bu kiçik dövlətlərə aiddi. Axı bütün eksperimentlər bizim üstümüzdə keçirilir.
Deyirəm, bu tip yenilikləri görəndə, bir daha əmin oluram ki, Azərbaycan kimi kiçik dövlətlərin super-güclərin yaratdıqlarına həsədlə baxmaqdan başqa çarəsi yoxdu.