Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydləri (1-ci hissə)

Qeydlərimə başlamazdan öncə kiçik bir olay haqda danışmaq istərdim. Deməli Qəbələ-Şəki yolunda, Oğuz rayonu ərazisində bir paradoksal dairə var. Dairə əsas yoldan demək olar ki, 20-30 metrə aralıda yerləşir. Funksionallığı — tam mənasızlıq, sürücülərə mane olmaq. Təsəvvür edin, sürətlə hərəkət edən avtomobillər qəflətən peyda olan kənardakı dairənin başına “kruq” vurub yollarını davam etməlidirlər. Özü də dairənin yaxınlaşdığını xəbərdar edən işarə də elə vurulub ki, trasda sürətlə hərəkət edən sürücü ona fikir vermir, daha doğrusu fikir verməyə macal tapmır. Yolun o biri tərəfində isə dairəyə “girməyən” sürücünü rəşadətli YPX əməkdaşı gözləyir.
Hava yağmurlu, dumanlı idi. Mən də bu yola bələd olmayan bütün sürücülər kimi dairəni buraxıb yolumu davam etdirmişdim ki, YPX əməkdaşı əl etdi. Saxladım. Sözüm yox, absurd olsa da, qayda pozmuşam, cərimələdi və dedi — 3 gün ərzində cəriməni ödəsən ümumi məbləğə 10% endirim ediləcək. Mən də eləmə tənbəllik elə həmən gün üz tutdum Şəki rayon Kapital Bank filialına. Şirin dilli bir xala dedi, bəs “cərimə hələ kompüterə vurulmayıb”.
Olayın üstündən 3 gün keçdi. Bütün olduğum rayonlarda bank filiallarına baş çəkdim ki, cəriməmi ödəyim — standart cavab aldım — cərimə sistemə oturmayıb. Nəsə. Olaydan artıq 10 gün keçib. Bu gün yadıma düşdü ki, cəriməm var, gedim ödəyim. Üz tutdum sevimli Bank Standarda və yenidən artıq adət etdiyim cavabı aldım. Soruşanda ki, adətən cərimə nə vaxta kimi “oturur” — dedilər 1 ay, ay-yarım. Beləcə 10% endirimim əldən getdi. =)

Bu da həmin mənasız “kruq”.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-lə üstündə tıklayın.


Göy guruldadı, çaylar daşdı — beləcə növbəti turne başladı. Davamı növbəti yazıda.
Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim

Azərbaycan sayağı "Qədr" gecəsi

Qədr gecələrinin birində yaxınlarla yatmayıb, məsciddə dua etmək qərarı verdik. Bir neçə məscidə baş çəkdik — bağlı oldu. Yolumuz düşdü Nizami metrosu yaxınlığındakı məscidə. Məsçid ətrafında kifayət qədər çox adam toplaşmışdı. Keçdik içəri. Məscidin içi də demək olar ki, insanla tam dolmuşdu. Amma bu “dolmanın” dinə-imana heç bir aidiyyatı yox idi. Allaha ibadət üçün yığışan bəndələrin 90%-i dua etmək əvəzinə öz aralarında deyib-gülüb, söhbətləşirdilər. Mənə elə gəldi millət çayxana ilə məscidi səhv salıb, nəticədə elə məsələnin belə olduğu ortaya çıxdı (buna qayıdacam). Dediyim kimi, hərə öz işində idi — kimisi burnunu qurdalayır, kimisi qaqqıltı ilə gülür, kimisi ölkədəki siyasi-iqtisadi durumu müzakirə edir, kimisi də dizi üstə oturub surikatlar fason ora-bura boylanırdı. Mənim qonşum isə ayaq barmaqlarının arasında nəsə tapmışdı, yaman eşələyirdi. Tək-tük insan tapılardı ki, kənara çəkilib duasını etsin.

Məyusluq bununla bitmədi — məscid boyu salınmış və üstündə namaz qılmaq üçün nəzərdə tutulan xalçalarda 3-4 ayın tozu-torpağı var idi. Təsəvvür edin, insan hər səcdəyə getdikdə yarım ton toz udmalıdır. Yəqin məscidin işçilərinə adi tozsoranla bir dəfə də olsun bu xalçaları təmizləmək “zapodlodur”. Natəmizliyin digər göstəricisi — insanların hərəkəti üçün xətlərin qoyulmaması idi — oturub dua edirsən, birdə gördün sən səcdə edən yerə (alın qoyulan yer) kimsə kirli ləpə ayağını basıb keçdi.
Nəsə, duamızı edib çıxdıq çölə — bax indi anladım ki, insanlar bura elə çay üçün gəlibmiş. Həyətdə çay ehsanı verilirdi. Fərdi eqoizmdə analoqu olmayan xalqımız bir stakan çay üstündə canını belə fəda etməyə hazır idi. Növbəyə durub, gözləyib, nəhayyət həsrətində olduğu o bir stakan çayı alıb böyük bir qənimət sayaraq vururdular bədənə…
Beləcə Qərd gecəsi də keçdi…
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan sayağı “Qədr” gecəsi

Dubai. Azərbaycan gəncinin qeydləri (Sonuncu hissə)

Nəhayət ki, tilsimi qırıb bu dəfəki Dubai qeydlərimin sonuncusunu yazdım. Başlayaq.
Dubai-ı deyəsən çox təriflədim — oraların gerçək analoqu olmayan inkişafına rəğmən, ölkə bir şərq olkəsi olaraq mövcudiyyatını davam etdirir. Burada addımbaşı şərq və totalitar ölkələrə xas itaət obyektlərinə rast gəlinir — Dubai rəhbərlərinin şəkilləri (heykəllər deyəsən qadağandır). Dubai-lıların üç ümummilli liderləri var — hər biri də Al Nahyan və Al Maktoum sülaləsinin üzvləridir — əsas lider Əmirliklərinin təməlini qoymuş şeyx Zayed bin Sultan Al Nahyan hesab olunur. Amma o vəfat etdiyindən şəhərdə onun şəkillərinə az rast gəlinir. Adət üzrə onun adını böyük prospekt və baxımlı məhəllələr daşıyır. Şəkilləri ilə bütün şəhəri bəzəyənlər isə hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Khalifa bin Zayed bin Sultan Al Nahyan və bütöv Dubai şeyxi Mohammed bin Rashid Al Maktoum-dır.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.


Şəkildə — Şəhər boyu Dubai-ın ümummilli liderlərinin portretlərinə rast gəlmək olar. Solda BƏƏ prezidenti, sağda isə Dubai şeyxi Mohammed Al Maktoum-dur. 
Ötən yazılarımda qeyd etmişdim – Dubai parokslar şəhəridir — tükənməz var dövlət, hakimiyyət, böyük imkanlar və səviyyəsizlik burada qonşudur.

Şəkildə – Şeyxin oğlunun “obyekti” önündə elə oğlundan bir sadəlik nümunəsi. Əlində brilliant qaşlı telefona fikir verin. =)
Yeni Dubai adlanan rayondan fərqli olaraq, şəhərin tarixi mərkəzi — Deira daha çox filmlərdə qarşılaşdığımız şərq şəhərlərini xatırladır. Bu kimi rayonlar əsasən axşamlar insanlarla qaynayır —  səbəb gündüzlər havanın hərarətinin 45 dərəcədən aşağı olmamasıdır. Dəhşət isti olur. Dubai istisini gördükdən sonra, Bakı istisi insana sərin meh kimi gəlir. =)








Şəkildə — Dubai — əsl nağılvari şərq şəhəri.

Şəkildə — Sən demə Dubai-da badımcanlar da fərqlidir. Bəs sizin yumru badımcanınız varmı?!
Dubai haqda bu qədər. İnşallah növbəti səfərlərimi qələmə almaq ümidi ilə sizlərdən hələlik ayrılıram.
Fürsətdən istifadə edərək, Aslan qardaşıma və onun ailəsinə səfər zamanı göstərdiyi qonaqpərvərliyə görə dərin təşəkkürlərimi çatdırıram.
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Diqqət, ehtiyatlı olun! Vətənpərvər gəlib bir vaqon!

Son dövrlər kütlə arasında 2 müxtəlif, amma eyni zamanda oxşar tendensiya müşahidə edirəm — psevdopatriotluq və psevdotollerantlıq. Özü də hər ikisinin ifrat və iyrənc forması. Psevdopatriotlar — yeri gəldi-gəlmədi özlərini gözə soxmaq naminə köpüklü ağızla analoqu olmayan vətənpərvərliklərini sözlə ifadə edib, əməldə tam əksini etdikləri halda, milli psevdotolerantlarımız artıq erməniləri qardaşlarımız elan edib, xalqımızı “geri kafalıqda” qınayıb, barışığa səslənirlər. Acınacaqlı situasiya yaranıb.
Millətimiz burada da sərhəd bilməyərək, ifrata varır. Bu günlərdə məşhur satirik Müntəzirin bir bloq yazısını oxudum. Söhbət Aybəniz Həşimovanın atası vətən uğrunda şəhid olmuş qızı Aynişanın son hərəkətlərindən bəhs edir. Qızcığazın bayrağımızı aşağılaması bəs deyilmiş kimi, erməni dostları (!) ilə şəkillər çəkdirib, Facebookda paylaşması lap məyus edicidir. Müntəzir bu olayı bloqunda təsbit də edir. Kim kim, amma Aynişan gərək bunu etməzdi.

Nigarin əlində tutduğu bayrağa fikir verin.
Digər qəhramanımız az qala milli qəhraman statusuna qədər ilahiləşdirdiyimiz Eurovision müsabiqəsində ölkəmizi təmsil edən Nigar Camaldır. Öz doğma Azərbaycan türkcəsində tutarlı bir söz deməyə çətinlik çəkən, Türkiyə səfəri zamanı bayrağımızı aşağılayan Nigar xanımın son günlər sosial şəbəkələrdə yayılan Facebook yazışması məni lap şoka saldı. Bu dəfə Nigar xanım bayrağımızı deyil, dövlətimizi, ölkəmizi aşağılayır. Əhsən belə “patriotlara”…
Nigar Camalın etirafları
Deyəsən işimiz qalıb bir tək Allaha…
Mövzuya dair forumda müzakirələr ↓
Ən böyük, ən uca, ən müqəddəs bayraq!

Ramazan duaları, Namaz təqvimi hər gün telefonunuzda!

Mənasız SMS xidmətlərdən bezən müsəlman bacı qardaşlara müjdəmiz var! Nəhayət ki, dəyərli xidmətlərdən faydalanıb, Ramazan dualarını da SMS vasitəsilə hər gün mobil telefonunuza ala biləcəksiniz. Bunun üçün 2 şərt var — biri Azercell abonenti olmalısınız, digəri isə 9033 nömrəsinə SMS-lə RAMAZAN sözünü göndərməlisiniz. SMS-i göndərdikdən sonra xəbərdarlıq mesajı alacaqsınız — “Siz xidmətə müvəffəqiyyətlə qoşuldunuz”. Ramazan ayı başladığı ilk gündən Siz mobil telefonunuza hər səhər saat 05:00-da günün Ramazan duasını alacaqsınız. Xidmət Ramazan ayı müddətində aktiv olacaq.

Eyni üsulla NAMAZ sözünü də yazıb 9033-ə göndərməklə, Siz hər gün günün Namaz təqvimini telefonunuza alıb, iftar və imsak vaxtlarından agah olacaqsınız. Müsəlman bacı qardaşların xahişini nəzərə alaraq bu xidmət daimi xarakter daşıyır, yəni tək Ramazan ayında aktiv olmayacaq — xidmətdən bütün aylarda faydalana bilərsiniz! Namaz təqvimi hər gün saat tezdən 06:00-da abonentlərə çatdırılır.
Əfsuslar olsun, amma bu xidmətlər resurslar tələb etdiyindən, xidmətləri pulsuz etmək mümkün deyil, xidmətlər pulludur. Operatorla danışıb xidmətlər üçün ən minimum tarif aldıq — 1 AZN. Bu bir manata siz bir ay boyunca hər gün (!) SMS alacaqsınız (Ramazan duası, Namaz təqvimi). Bir SMS-im qiyməti cəmi 3 qəpiyə düşür!
Əlavə məlumat üçün sayta daxil olun — www.smsim.az, mobil telefonlardan — m.smsim.az
Allah Namaz və oruclarınızı qəbul etsin!

Mac OS X Lion. Deyəsən Apple-in sonu çatıb

Mac OS X Lion. Apple bu əməliyyat sistemini nə qədər pafosla “dünyanın ən yaxşı əməliyyat sistemi” kimi təqdim etdisə, faktiki sistem bir o qədər də çiy alındı. Şəxsən mənim qarşıma hələ bu qədər çiy və həddən artıq primitiv bir sistem çıxmamışdı. Yadımdadır, Microsoft-un cavanlıq səhvi Windows Me deyilən bir qeyri stabil sistem də var idi, o da çiy idi, amma Lion onun rekordunu konkret qıra bildi! Stabillik cəhənnəm, guya kişinin uşaqları yenilik ediblər — əvvəlki əməliyyat sisteminə xas və “by default” aktiv olmayan trackpad üçün xüsusiyyətləri indi default aktiv edib, yerlərini dəyişib yeni funksiya adı ilə camaata sırıyırlar. Özü də yer dəyişməni o qədər məntiqsiz ediblər ki, bütün İnternet artıq bu “yenilikdən” gileylənir. Təsəvvür edin — skrolu aşağı edirsən, səhifə yuxarı qalxır. =) Apple mühəndislərinin fikrincə, guya bu funksiya vasitəsilə səhifə barmaqların inersiyasından əks istiqamətdə hərəkət edir, realda isə bu istifadəçinin əsəbi ilə oynamaqdan başqa bir şey deyil.

Lionun çiy olması tək bununla bitmir, çoxsaylı baqlar, çatışmamazlıqlar, iki dəqiqədən bir tutulmalar insanı məyus edir. Axı biz Apple-dan hər zaman ən azından ideala yaxın bir məhsul gözləmişik və almışıq da. Çox güman ki, bu məhsulun hazırlanmasında məlum səbəblərdən Stiv özü iştirak edə bilməyib — etsəydi, əminəm ki, bu biabırçılığı bazara çıxarmağa qoymazdı.
Lion-un müstəqil bir əməliyyat sistemi olmamasına dair digər sübut — final relizi heç bir halda sıfırdan MAC-a qurmaq olmaz. Mütləq gərək əvvəlki ƏS Snow Panther olmalıdır, özü də 10.6.8-ci versiyada (!). Digər hallarda bu qəti şəkildə mümkün deyil — İnternetdə “clear install” məsələsinə dair müxtəlif üsulları tapıb təcrübədən keçirdim, alınmadı. Final reliz faktiki Snow Panther üçün interfeys tuninqidir, çox yox. Ən gülməlisi isə Apple-in App Store-da sistemə dair neqativ rəylərin qəbul etməyib pozmasıdır. Əhsən, Apple, 30$ al ki, yeni sistem verəcəm, əvəzində Windows sayağı Theme pack ver bizə. =)
Windows demişkən, deyəsən Apple Mac-ı kütləviləşdirmək üçün onu Windows-a bənzətmək qərarı verib. Lion-da Windows-laşma ilk olaraq yeni login səhifəsindən hiss edilir. Daha sonra Start menunun yeni alternativi Lauchpad, hələ monoxrom interfeysi demirəm.
Ümumiyyətlə Mac sistemini Windows-a tay tutanları heç vaxt anlamamışam. Mac Windowsa nisbətdə Unix üçün primitiv bir üzlükdür, bunu unutmaq olmaz. Bizə isə Windows 8-i gözləmək qalır, deyəsən Apple artıq büdrədi.
PS. İndi geriyə, Snow Panther-ə qayıtma yollarını axtarıram. =)
Mövzuya dair forumda müzakirələr ↓
Mac OS X Lion. Deyəsən Apple-in sonu çatıb

Dəqiq, vicdanlı və qərəzsiz Oksana Rəsulovaya qarşı

Deyəsən, son 2-3 gündə ANS-in “Xəbərçi” verilişi ilə Dilarənin “Çal-çağır”-ı yerlərini dəyişik salıblar. ANS-i nə vaxt açıram — Oksana Rəsulovanın 1-ci əri belə getdi, Oksana Rəsulovanın 2-ci əri helə etdi … Bəli, bu kimi primitiv mənəviyyatsızlıq.
Maraqlıdır, dəqiq, vicdanlı və qərəzsiz kəlmələrinə analoqu olmayan tərzdə iddialı bir kanal nədən ortastatistik bir rəqqasənin şəxsi həyatını psevdopatriotluqla başını aldatdığı xalq qarşısında qabardıb, günün əsas xəbərləri sırasında verir?! Ölkədə baş verən minlərlə olaylar diqqətsiz qaldığı halda, bu mənasızlığa bu kimi diqqətin səbəbi görəsən nədir belə?!

Bu olayın 3 səbəbi ola bilər:
1. Oksana Rəsulova ilə ANS-in arasında konkret şəxsi qərəzlilik var;
2. Bu həmçinin ölkədə gərginləşməkdə olan ictimai-siyasi abu havanı səngitmək, kütlənin diqqətini sönməkdə olan şou-biznesə yönəltmək üçün addım ola bilər;
3. Bu elə Oksana Rəsulova tərəfindən sifariş edilmiş PR kampaniya da ola bilər. Unutmaq lazım deyil ki, qara PR-ın özü ən böyük təbliğatdır. Bütün şou əhli ilk olaraq kütlənin diqqətini qazanmaq üçün bu kimi iyrənc qalmaqallara əl atır.
Amma istənilən halda yüksək dəyərləri əlində bayraq edən bir kanala bu kimi ucuz intriqaları heç yaraşdırmadım. Nəsə. Düzünü zaman göstərəcək. Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Dəqiq, vicdanlı və qərəzsiz Oksana Rəsulovaya qarşı

Şah İsmayıl vs. Sultan Səlim

Son günlər fars şovinizmində boğulan İranın Azərbaycana mənəvi hücumu daha da intensivləşib. Sosial şəbəkələrdə dalbadal Azərbaycan ərazi bötüvlüyünü şübhə altına alan səhifələr yer alır, konkret yalan məlumatlar (xəbərimiz yoxdur, sən demə havalanmış farsların iddiasına görə danışdığımız türkcə əslində türkcə deyilmiş, farsiymış :))  yayan saytlar yaradılır. Bir bu səhifələrin insanlara çatdırmaq istədiyi “həqiqətlərə” diqqət yetirin — on.fb.me/o782iJ və on.fb.me/pMPFzA — molla rejiminin əsl mahiyyətini anlayacaqsınız.

Bu azmış kimi, fürsətdən istifadə edib iki türk qardaşın tarixdə buraxdığı bir səhvdən maksimum “faydalanmağa”, onu yeri gəldi-gəlməz köpüklü ağızla qabartmağa çalışıb, Anadolu və Azərbaycan türklərini bir-birlərinə düşmən kimi təqdim edirlər. Söhbət Çaldıran döyüşü ətrafında yaranan söz-söhbətlərdən gedir. Bu səhvin özəyində liderlərin, fərdlərin səhvləri yer alır, bu da qanı, dili, dini bir olan bir millət üçün düşmən olmağa əsla yetməz. İslamaz.com saytında bu olaya aydınlıq gətirən gözəl bir tarixi araşdırmaya rast gəldim, Sizlərlə bölüşürəm. Araşdırma dini prizmadan nəzərə alınıb, amma ümumi abu havanı düzgün çatdırır:
Şahın düşməni
Səlim uşaqlıqdan öz qəddarlığı ilə seçilirdi. Məhz onun bu xüsusiyyəti Sultan II Bəyazidi vadar etdi ki, Səlimi deyil, digər oğlu – Əhmədi vəliəhd təyin etsin. Lakin Səlim bununla razılaşa bilməzdi və atasına qarşı ordu yığaraq İstanbula hücum etdi. Sultan Bəyazid oğlunun ordusunu darmadağın etdi və Səlim Krıma qaçmalı oldu. Burada güc toplayan şahzadə yenidən atasına qarşı ordu çəkir. Osmanlı saray salnaməçilərinin yazdığına görə, 1512-ci ildə Sultan Bəyazid taxtdan imtina edərək onu Səlimə təhvil verir. Lakin bu məlumatın nə qədər düzgün olması şübhəlidir. Çünki, ilk günlərdən Sultan Bəyazid oğlunun hakimiyyətə gəlməsinə müxalif idi. Bəzi tarixçilərin iddiasına görə Səlim atasını öldürür və bu yolla hakimiyyətə gəlir. Hər halda, 1512-ci ildə İstanbula girən Səlim özünü sultan elan edir və dərhal qardaşlarını və digər kişi qohumlarını öldürtdürür. Bununla o, sultanlığa iddia edə biləcək bütün şəxslərdən canını qurtarır. Məhz belə bir vəhşiliyinə görə Səlim “Yavuz” (zalım) ləqəbi alır.
1513-cü ildə Sultan I Səlim Anadoluda yaşayan şiələrin qətliamını törədir. İqrar Əliyevin orta əsr tarixçilərinə istinadən yazdığına görə o, 7 yaşdan 70 yaşa qədər 70 min şiə öldürür. Digər məlumatlarda isə Səlim 45 min şiə-türkün qanına bais olur. Bundan sonra o, 1514-cü ilin may ayında Səfəvi dövlətinə tərəf yürüyərək Şah İsmayılla müharibəyə qalxır. Lakin müsəlman qanının tökülməsini istəməyən Şah İsmayıl xeyli müddət Səlimi müharibə fikrindən daşındırmağa çalışır. Sultan Səlim Şaha dörd təhqiramiz məktub yazdıqdan sonra Şah İsmayıl ona bu cavabı göndərir:
Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğdum, bu gün ölürəm,
Ölən gəlsin – iştə meydan.
Avqustda Maku şəhəri yaxınlığındakı Çaldıran çölündə iki ordu qarşılaşır və Şah İsmayıl bu savaşda məğlub olur. Sultan Səlim Avropa ölkələrindən aldığı artilleriya (300 top) sayəsində Səfəvi ordusuna qalib gələ bildi. Rəvayətə görə, Şah İsmayıl toplara nifrət edirdi və deyirdi ki, əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır. Digər rəvayətə görə, Şah məğlub olduğuna görə itiliyi ilə məşhur olan qılıncını Sultana hədiyyə edir. Səlim həmin qılıncla topun lüləsini kəsə bilməyəndə, Şaha xəbər göndərir ki, ona öz qılıncını deyil, başqasını verib. Şah İsmayıl isə cavab verir: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”. Sultan Səlim Yavuz Səfəvi dövlətinin Osmanlı ilə sərhədində yerləşən vilayətləri zəbt etdikdən sonra Şərqə tərəf irəliləməyə istəyir. Lakin yeniçərilərin üsyanı nəticəsində Sultan Səlim Anadoluya qayıtmalı olur. Şah İsmayıl isə Sultandan intiqam almağa qalxmadı.
Sultan Səlimin bu davranışını onun sünni təəssübkeşçisi olması ilə səhvən əlaqələndirilənlər də var. Belə ki Anadolu ərazisində şiələrin qətliamını törətmək və Səfəvilərə hücum etmək üçün o, “kafirlərə qarşı cihad” elan etmişdi. Hətta bunun üçün bəzi sünni üləmalarını fətva verməyə vadar etmişdi. Bütün bunlar Səlimin siyasi ambisiyalarına xidmət edən bir manevr idi. Çünki, Osmanlı və Səfəvi dövlətləri ərazisində yaşayan türklər qohum tayfalar idi. Məzhəb fərqi burada yaşayan tayfaları bir-birinə düşmən etmirdi, lakin Sultan Səlim bu fərqliliyi düşmənçiliyə çevirməyə bacardı. Bunun üçün sadəcə insanların dini təəssübkeşliyini işə salmaq lazım idi. Sonrakı tarix göstərir ki, Sultan Səlim şiələrə qarşı amansız davrandığı kimi, sünnilərin də qanını tökürdü.
Səfəvilərlə müharibədən sonra o, əvvəlcə Elbistana (Ələbusteyn) hücum edib və buranın hakimi Əlaüddövləni öldürdü. Elbistanın Zülqədər sülaləsi (sünni) Şah İsmayılın məmləkətinə pənah aparıb indiki Qax, Zaqatala və Qazax rayonları ərazisində məskunlaşdılar. Daha sonra Sultan Məkkə və Mədinə valisinə hücum edərək müqəddəs torpaqların əmin-amanlığını pozmuş oldu. Məkkə və Mədinənin zəbtindən sonra Səlim özünü “iki müqəddəs şəhərin xadimi” elan etdi. 1516-cı ildə o Qüdsü də müharibə meydanına çevirdi. 1517-ci ildə Misirin paytaxtına daxil olaraq 50 min insan qətlə yetirir. Eyni zamanda o, 800 məmlük bəyinin boynunu vurmağı əmr edir. O, Qahirədə yaşayan Abbasi xəlifəsini məcbur etdi ki, xəlifə titulunu ona versin. Beləliklə də, Sultan Səlim 1517-ci ildə özünü müsəlmanların xəlifəsi elan etdi.
Xalqın xidmətində
Sultan Səlimin işğal etdiyi bəzi əraziləri qaytardıqdan sonra Şah müharibələrə son qoyur. Böyük siyasətçi və hökmdar olmaqla yanaşı, Şah İsmayıl “Xətai” ləqəbi ilə tanınan gözəl bir şairdir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlər ədəbiyyatımızın incilərindən sayılır. Həmçinin Şah əla xəttat, bərbət ifaçısı və xanəndə olub. Özü də məmləkətində incəsənətin inkişafına böyük önəm verirdi. Onun yazdığı şerlər aşıq və dərvişlərin dillər əzbəri idi. Şah İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də, onun vergi siyasəti idi ki, öncəki hökmdarların saysız-hesabsız vergilərinin sayı xeyli azaldılmışdı. Bundan əlavə, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlı faktdır ki, Şah İsmayılın qatı tənqidçilərindən olan İsgəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, Sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavab verirdi. Hətta müəllif öz təəccübünü gizlətmir ki, İran hökmdarı türkcə, türk hökmdarı isə farsca danışırdı. Şah İsmayılın apardığı siyasət nəticəsində türk dili və ədəbiyyatı xeyli inkişaf etdi və yayıldı. Hətta XVII əsrin birinci yarısında Səfəvi sarayında Holştin səfirliyində katib işləyən Adam Oleari “Səyahət” kitabında yazırdı: “… İran şairləri fars və türk dillərində şerlər yazırdılar və iranlılar onları həvəslə oxuyurlar, çünki hər iki dil eyni şəkildə geniş yayılıbdır”.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şer söyləməyə də mail idi”.
Təsadüfi deyil ki, dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Böyük alim və şair Məhəmməd Füzuli öz alleqorik “Bəngü-Badə” poemasını da (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf edib. Bu əsərdə “şərab” sözü altında məcazi olaraq Osmanlı, “tiryək” sözü altında isə Səfəvilər nəzərdə tutulur.
“Xətai” ləqəbinin sirri
Şah İsmayılın özünə “Xətai” təxəllüsünün götürməsinin səbəbi dəqiq məlum deyildir. Bəziləri hesab edir ki, ləqəbin kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub. Digər rəvayətə görə, Şah İsmayıl:” Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq.” – deyirdi.
Mövzuya dair forumda müzakirələr ↓
Əli Laricani: “Mən problemin həll yollarını dedim”

Azərbaycan paradoksları. Üzeyir fenomeni

Azərbaycan xalqı paradokslar xalqıdır. Bir tərəfdən muğama yüksək dəyər deyib, elitar səviyyəyə qaldırdığımız zaman, digər tərəfdən əksəriyyət Üzeyir, Balabəy və sairləri kimi gənclərin analoqu olmayan yaradıcılığının vurğunudur. Bəli, bu belədir. Mobil xidmətlərə gələn sifarişləri nəzərə alsaq, kütlənin 90% Üzeyiri seçir. Nə muğam, nə meyxana, nə də digərləri… məhz Üzeyir. Əslində bu fenomendir, Azərbaycan xalqının özünə məxsus fenomeni. Röya, Rəqsanə, Xumar. İndi də — Üzeyir.

Məsələyə gəlin başqa prizmadan baxaq — təkəbbürdən sinəsinə döyən Elmlər Akademiyamız var, amma faktiki bir işə yaramır. Deyirəm, bəlkə oturub  heç olmaya  Üzeyir fenomeni üzərində düşünsünlər. Araşdırma aparılsın — kütlə səviyyəsinin bu həddə enməsinin sirri nədir?! Bəlkə öyündüyümüz quruculuq işləri əksəriyyəti əhatə etmədiyindən kütlə daha da deqradasiyaya məruz qalıb?! Bəlkə səbəb təhsildə rüşvətin tüğyan etməsi və bunun nəticəsi olaraq gənclərimizin elmlə deyil, mənasızlıqlarla məşğuliyyətidir?! Hər nədirsə, amma hər kəs susur.
Üzeyir isə öz “yaradıcılığından” qalmır. Bu günlərdə onun yeni bir xiti işıq üzü gördü — Zəngimcell (Full versiya). İndi mobil xidmətlər təklif edən şirkətlər yenidən sifarişlərin pik həddini yaşayırlar. Acaba, bu ne ya?! =)

Mövzuya dair forumda müzakirələr ↓
Şok! Üzeyirin Zəngimcell xiti (tam versiya) 😀

İstirahət edək. Ən maraqlı video çarxlar

Şablon cümlə — “çoxdandır ki, bloq üçün vaxt tapıb bir şey yazmıram”. Hə, belədir. Amma buna baxmayaraq son günlər bloqda paradoks yaşanır. Bloqu ziyarət edənlərin sayı bilmirəm nədən, amma durmadan artır. Artıq saytı gün ərzində unikal IP ilə ən azından 800 nəfər ziyarət edir. Halbuki, bloqu daim yenilədiyim vaxtlar bu göstərici maksimum 300-350 olardı. 800 nəfərin 30% (bu edir 240 nəfər) Google həzrətləri vasitəsilə, qalan 70% (bu da edir 560 nəfər) bir başa saytın ünvanını yığaraq daxil olur. Nə məsələdir, bilmirəm. Maşallah! =)
Keçim əsas məsələyə. Çoxdandır ki, video çarxlarla paylaşmıram. Ənənəyə davam:
Qarşılayın — deyilənə görə, ölkəmizdə keçiriləcək Eurovision mahnı müsabiqəsinə Rusiyadan cinsi azlıqların nümayəndəsi qatılacaq. Rusiyanın bu analoqu olaman kinayəsi heç anlaşılan deyil. =)

Öz aramızdı, amma klip və mahnının yeri var. Əsl “mırt style”.
***********************************************************
Elə növbəti çarx da əvvəlkindən mırtlığı ilə geri qalmır:

***********************************************************
Bizimkilər naməlum “nano-texnologiyalarla” öyündüyü zaman, əcnəbilər sözünü həqiqi mənasında möcüzələr yaradırlar — Robot-rəssam:

***********************************************************
Samsung kreativləşməyə başlayıb. Samsung Galaxy Tab üçün həm baxımlı, həm də informativ bir çarx:

***********************************************************
Kreativlik demişkən — kreativliyi hər yerdə tapmaq olar — vibrasiyada belə!

***********************************************************
Həvəskarlar tərəfindən çəkilmiş, amma professionalların belə qəbul etdiyi əla bir çarx.

***********************************************************
LG Optimus. Smartfonarın yarışı. =))

***********************************************************
Və sonda. Bu çarxı reklam sahəsinin şah əsəri sanıram — Samsung Galaxy S II — Barmaqlara azadlıq ver! Super!

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom