Bu kiçik bir müsahibəyə mütləq baxın və gedib AZTV-yə şükür edin. 😀 И смех, и грех. İnsanlar necə də qaraya inadkarlıqla ağ deyə bilirlər. Əhsən.
Mövzuya dair forumda müzakirələr ↓
Youtube
Hyundai-Kia konserninin fenomenal inkişafına heyranam. Ümumiyyətlə, son 10 ildə bütün Koreya şirkətləri öz seqmentlərində inkişaf tempinə görə rəqib tanımırlar. Demək olar ki, hər səviyyədə təmsil olunmağa can atan Hyundai-Kia birliyi artıq dünyanın 4-cü ən böyük avto-nəhəngidir. Dayanmadan öz üzərilərində iş aparırlar — 10 il bundan öncə bu istehsalçının avtomobilləri “oğru dizayna” əsaslanırdısa, indi modellər öz orijinallığı ilə seçilir. Dizayn cəhətdən son dövrlər KİA məni daha çox cəlb edir. Son modelləri olan Optima 2011 elə nəyə desən dəyər.
Götürək digər Koreya təmsilçisi — Samsung-u. Aşağı büdcəyə hesablanan texnika istehsalçısı bu gün ən yaxın rəqiblərini belə gəlirlərinə görə azından 3-4 dəfə üstələyir. Bir vaxtlar SONY-nin uğurlarına hədəflənən Samsung, indi özü dünya lideridir — hətta keçmiş hədəfi belə istehsal etdiyi məhsullarında onun patentləşdirilmiş texnologiyalarından istifadə edir. Bu yaxınlarda öyrəndim ki, Daewoo şirkətinin məlum müflisməşindən sonra, Samsung ona məxsus bütün strateji sənayeni ələ keçirib. İndi Samsung dedikdə tək məişət texnikası nəzərdə tutulmur, Samsung indi avtomobildən tutmuş müxtəlif növ silahlar, hərbi gəmilərədək istehsal edir! Əhsən bunda deyiblər.
Bu fenomenal inkişafın bir neçə motivasiyası var. Birincisi bu ölkə hal-hazırda faktiki iki yerə bölünüb — Cənub kapitalizmi hər bir şeydə Şimal “sosializminə” ondan daha üstün olmasını isbat etmək istəyir. İkincisi koreya xalqı tarixi və daha uğurlu düşmənləri tərəfindən əhatə olunub — Çin və Yaponiya. Bu da öz növbəsində dayanmadan inkişaf etmək və onlardan geri qalmamaq üçün daha bir səbəbdir. Üçüncüsi isə Koreya hal-hazırda inkişaf dövrünün keçid mərhələsin keçir, tam inkişafa çatdıqda iqtisadiyyatda sərinləmə hiss olunacaq, necə bu Yaponiya iqtisadiyyatında özünü bildirməkdədir. İqtisadiyyatlarını dünya səviyyəsində pik həddə çatdıran yaponlar son bir neçə ildə sanki soyuyublar. Və ən nəhayət — qeyd olunun bu üç prinsipin də düzgün işləməsi üçün düzgün strateji siyasi və iqtisadi addımların atılmasıdır. Əsl analoqu olmayanlar bu saat koreyalılardır, qoy bizim optimistlər inciməsin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Kia Candeza — Yeni əfsanə
Bu il üçün gözlədiyim ən böyük texnoloji yenilik əlbətdə ki, Apple iPad2 idi. Planşetlər şahı yeniləndi. Yeniliklər çox olmasa da, kiçik görünən əlavələr bu qadjeti daha da qiymətsiz edir.
Yeni iPad2 texniki göstəriciləri aşağıdakı kimidir:
Processor: Apple A5, 2 nüvəli 1 GHz;
Displey: 9.7 düymlüq ekran, 1024×768;
Əməliyyat sistemi: iOS 4.3;
Fleş-yaddaş: 16, 32 və ya 64 GB;
Kamera: 2 ədəd — əsas — HD kamera (720p), digər sadə VGA kamera;
Əlaqə: Wi-Fi, Bluetooth, 3G;
Çıxışlar: Apple Dock, HDMI, CCK
Ölçüləri: 242x186x8,8 mm;
Çəkisi: 601 qram (yalnız Wi-Fi-lı model) və 613 qram (Wi-Fi və 3G-li model).
iPad2 daha nazik, daha praktik (Smart Cover-i elə nəyə desən dəyər) və daha tez işləyən (istehsalçının etirafına görə düz 9 dəfə birinci iPad-dan tez işləyir) bir qadjetdir. Daha bir yenilik — qadjetin Stand-by rejimində düz 1 ay (!) işləyə bilməsidir. Super!
Qiymətləri də kifayyət qədər konservativdir:
Wi-Fi — 499$ (16GB) — 599$ (32GB) — 699$ (64GB)
Wi-Fi + 3G — 629$ (16GB) — 729$ (32GB) — 829$ (64 GB)
Mənə görə ən optimalı 32 GB-lik Wi-Fi + 3G modelidir, onun qiyməti da bizim analoqu olmayan acgözlüyimizi nəzərə alsaq, Bakıda çox güman ki, 1200-1400 manat arası olacaq. iPad 11 martdan (nə qədər banal olsa da) etibarən satışda olacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Barselonada keçirilən texnologiya bayramı — MWC 2011 də belə getdi. Çox saylı yeniliklərin şahidi olduq — Nokia ilə Microsoft evləndi, PlayStation-ın telefonlara keçidinin şahidi olduq, Samsung Galaxy, HTC isə Desire layihərərinin təkamülü olan yeni telefon və planşetləri təqdim etdi və daha nələr. Bu xəbərlər barəsində o qədər fikirlər bildirilib ki, təkrarçılığa yol verməyib bu yenilikləri tanıtım çarxları ilə bölüşürəm.
Sony Ericsson XPERIA Play
Ən maraqlı yeniliklərdən olan XPERIA Play, Sony PlayStation-ın mobil telefonlara adaptasiya edilmiş formasıdır. Kiçik çarx vasitəsilə bu qadjetin gözəlliyi tam anlatılır. Əla çarxdır.
********************************************************
LG Optimus Pad
Apple iPad-ın uğuru heç kimə sakit oturmağa imkan vermir. Motorola və Samsung-la yanaşı bu yarışmaya LG də qoşuldu. LG-nin təqdim etdiyi Optimus Pad adlı planşet də Samsung və Motorola planşetləri kimi Android platformasında işləyir. Amma rəqiblərindən yeganə üstünlüyü onun 3D rejimində çəkiliş apara bilməsindədir. Çarx hardasa SONY-nin məhşur Bravia Monolith televizorlarını təbliğ edən çarxı təkrarlayır.
********************************************************
Samsung Galaxy Ace, Fit, Gio və Mini
Samsung isə dayanmadan Android platformalı smartfonları ştampovkalamaqda davam edir. Galaxy seriyasından olan yeniliklərə həsr olunmuş çarx.
********************************************************
HTC ChaCha
Facebook üçün ayrıca telefon?! HTC bunu etdi. ChaCha adlanan bu telefon həm xarici görünüşcə, həm də funksianıllığına görə unikaldır (daha doğrusu mırtdır).
********************************************************
HTC Incredible S
HTC-nin Flaqman telefonu. Açıqlanan üstünlükləri — 4 düymluq Super-Amoled tipli displey və idarə etmə düymələrinin telefonun səmtindən asılı olaraq dəyişməsidir. Digər üstünlüklər hələ açıqlanmır.
********************************************************
HTC Flyer
Və sonda… HTC-nin iPad arzusu — Flayer. Burada da texniki göstəricilər tam açıqlanmır. Sadəcə o məlumdur ki, qadjetin displeyi 7 düym, işlək pressesoru isə 1.5 GHZ (!)-dir.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Çoxdandır ki, vaxt azlığından filmlərə baxa bilmirəm. Amma son 10 gündə imkan edib bir neçə filmə baxdım, onlara dair fikirlərimlə bölüşürəm. Filmlər — Путешествия Гулливера (Gulliver’s Travels), Вверх (Up), Санктум (Sanctum), Гадкий я (Despicable Me).
Путешествия Гулливера (Gulliver’s Travels)
Bu filmə bir ay öncə baxsam da, filmə dair resenziya ilə bu gün bölüşürəm. Özü kimi primitiv filmi hələ fikirləşmək lazımdır. Dəhşət. İtirdiyim vaxtıma çox heyfim gəldi.
Demək olar ki, bütün aktyorlar “anloqu olmayan” tərzdə rolları süni ifa edirlər. Bircə Jack Black nəsə etməyə çalışır, amma tək əldən səs çıxmaz. Nəticədə mənasız və axırı ilk saniyələrdən bilinən bir film alınıb. Belə filmlər 90-cı illərdə dəbdə idi, amma indi 2011-ci ildir. Ssenarini danışmayacam, bircə deyə bilərəm ki, mənasızlığın son həddidir.
Filmə baxmağı heç bir halda məsləhət bilmirəm. Vaxtınızı daha faydalı şeylərə sərf edə bilərsiz, bu film isə vaxt itkisindən başqa bir şey deyil. 10 ballıq şkala ilə qiymətim 0 bal.
PS. Bu filmdə 3D də həddən artıq keyfiyyətsiz təşkil edilib.
**************************
Вверх (Up)
Coxdandır ki, bu filmə baxmağa tərəddüd edirdim, treylerindən mənə nəsə bir uşaq filmi kimi gəlirdi. Amma bir məsləhətdən sonra baxmaq qərarı verdim. Çizgi filmi olsa da özündə böyük məna daşıyan bu film dərhal mənim ən sevimli filmlərdən birinə çevrildi. Filmdə həm qəm, həm də xoşbəxtlik yan-yanadır.
Mükəmməl ssenarini qısaca danışım — film bir balaca oğlancığazın həyatından bəhs edir. O kiçik yaşlarında olarkən öz yarını tapır — onları bir əlçatmaz arzu birləşdirir — uzaq sahillərdə yerləşən bir şəlalənin yanında ev tikib, birgə yaşamaq. Böyüdükdən sonra cütlük evlənir. Amma xoşbəxtlik çox çəkmir, cavan ailənin uşağı olmur. Həyat isə öz axarında davam edir. Cütlük qocalır. Artıq qoca birisinə çevrilən, amma daxilən hələ də cavan baş qəhramanımız həyatda tək qalır — yarı vəfat edir. Kədərinə qapanmağa başladığı vaxtda balaca bir uşaq peyda olur və yeni macəralar başlayır.
Bu filmə 10 baldan 10+ bal verirəm. Həddən artıq gözəl bir filmdir. Mütləq baxın. Məsləhətdir.
**************************
Санктум (Sanctum)
Kemeronun bu işi haqda çoxlu rəylər bildirilib. Kimisi pisləyir, kimisi tərifləyir. Açığı film ilk yarım saat ərzində təmamilə xoşuma gəlmədi — aktyorların olduqca süni rolu, ssenarinin həddən artıq zəif olması özünü bildirirdi. Amma filmdə hadisələr cərəyan etdikcə, bir-birinin dalınca insan faciələrin şahidi olduqca, filmə maraq artdı. Görünür Kemeron zəif ssenarini filmdəki faciəvi səhnələrin bolluğu ilə kompensasiya etmək istəyib. Bu hardasa onda alınıb.
Adət üzrə ssenarini qısaca danışım — Mağaraları öyrənən bir elmi tədqiqat qrupu “analoqu olmayan” bir mağara sisteminə rast gəlir və bütünlüklə özünü onun öyrənilməsinə sərf edir. Amma çox keçmir ki, cansız daş parçası öz sərt üzünü göstərir — insanlar bir-bir müxtəlif vəziyyətlərdə faciəvi şəkildə ölməyə başlayırlar. Bir tərəfdən də tufan qopur — mağaralar su ilə dolmağa başlayır. Ssenaridə baş verəcək hər dramatik olayı 10-20 dəqiqə öncədən tapırdım — bu da ssenarinin standart olmasından irəli gəlir. Digər maraqlı bir cəhət — filmdə kim pessimistləşməyə başlayır — deməli növbəti qurban o olacaq. =)
Filmə qiymətim 10 baldan 8 bal. Niyəsini əmmaların olmasındadır. Birinci əmma — görünür Kemeronun yaşı artdıqca, onda Tarantino sayağı sadizm çoxalmağa başlayır — filmdə yeri gəldi-gəlmədi meyitləri göstərilməsi, sadizm səhnələrini qeyd etmək istəyirəm. Anlayıram, film real hadisələr əsasında çəkilib və reallığı əks etdirmək üçün bu kimi səhnələr vacibdir, amma day bu qədər də yox də. İkincisi yuxarıda qeyd etdiyim kimi, ilk yarım saatda aktyorların həddən artıq süni oyunu.
Onu da qeyd edim ki, qoca Kemeron filmi super effektlərlə tərtib edib, hər şey çox real görünür, 3D də səviyyəsiz “Qulliver” filmindəkindən ən azından 100000000000000 dəfə keyfiyyətlidir.
**************************
Гадкий я (Despicable Me)
Megamind-ı təkrarlayan, daha doğrisu Megamind-ın təkrarladığı bir film. Ssenarilər demək olar ki, eynidir — eyni mərdimazar qəhraman, eyni olaylar, sadəcə Megamind-da baş qəhramanı mərdimazarlıqdan uzaq edən qadın gözəlliyidirsə, bu filmdə səbəb 3 yetim uşaqdır. Ssenarini danışmayacam, bunun üçün Megamind üçün yazdığım resenziya ilə tanış ola bilərsiz.
Onu da qeyd edim ki, film ilk əvvəl çox əla və maraqlı başlamışdı, amma filmin ikinci yarısı standart ssenari üzrə inkişaf edir, bu da onu tam mənasızlaşdırır. O səbəbdən filmə qiymətim 10 baldan 7 bal.
PS. Megamind-dan bu film daha effektli və maraqlı alınıb.
Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film
Dünyanın, proqressiv insanlığın başı Misirə qatışdığı bir vaxtda, Qazaxıstanda traqikomik hadisələr baş verir. Görünür, köhnə qurd Nursultan Nazarbayev xalqıyla manipulyasiya üçün gözəl vaxt seçib. Əsl tamaşa qurub. Guya qocanı Qazax xalqı 20-ci ilə kimi prezident görmək istəyir, bu da var gücü ilə buna “qarşı” çıxır. Əhsən. “Əsl” demokrat. Görəsən bu komediyaya Nazarbayevin özündən başqa Qazaxıstanda inanan var?! Çətin.
Xatırladım ki, 14 Yanvar tarixində Qazaxıstan parlamenti Nursultan Nazarbayevin 2020-ci ilə kimi heç bir seçkisiz prezident olmasını təmin etmək üçün Konstitusiyada dəyişiklik edib. “Əsl demokrat” Nursultan bəy isə guya buna etiraz olaraq bu qərara veto qoyub. Parlament isə Nursultanın vetosunu ləvğ etmə hüququndan istifadə edib (!). Qazaxıstan kimi avtoritar bir dövlətdə parlamentin prezidentə qarşı çıxması olayı absurd olması kimi traqikomikdir. Day bu qədər də yox də… Xalqla məzələnmə prosesi bununla bitməyib. Nursultan eləmə tənbəllik Konstitusiya məhkəməsinə müraciət edir və “müstəqil” məhkəmə parlamentin qərarını ləvğ edir. Burada adamın lap ağlamağı gəlir. Ay yazıq… Hüsnü Mübarəkin həyat yolu sənə dərs olmadı? Yəqin ki, olmayıb. Belə olmasaydı, “demokrat” qoca yeni prezident seçkilərinin keçirilməsini (mütləq öz iştirakı ilə) istəyib, buna nail olmazdı…
Nəsə. Allah sənə o kreslonu çox görsün, ay Nursultan…
Mövzuya dair forumda müzakirələr ↓
Qazaxıstan. Qoca aktyorun teatrı…
ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki, bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı. Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Havalar soyumaq bilmir ki, bilmir. Bir gün yağış yağdı, yığılan mənfi enerjimizdən azad olmağa çalışırdıq ki, yenə də bu vaxt üçün anormal Günəş çıxdı. Özü də fikir vermişəm, fəsil dəyişikliyinin baş verməməsi insanlara çox böyük mənfi təsir göstərir — hər kəs birə-beş aqressivləşib, pessimistləşib. Hələ dili qurumuş sinoptiklərimiz Yanvar ayının “analoqu olmayan” tərzdə isti keçəcəyini proqnozlaşdırırlar.
Nəsə. Hava cəhənnəm, amma məhsulların qiymətləri deyəsən qaynamağa başlayıb — qiymətlər “sakitcə” 20% qaldırılıb. Fakt — digər məhsulları deyə bilmərəm (evə bazarlığı mən etmədiyimdən), amma ev üçün gündəlik aldığım yeganə məhsul — Yessentuki-17-nin qiyməti növbəti dəfə qaldırıldı. Özü də bütün marketlərə baxmışam. Lider AS-dan tutmuş Neptuna kimi. Neptunda Yessentuki-17 (Vim-bil-dam istehsalı olan) 1 manat 10 qəpik, Lider AS-də isə 1 manat 20 qəpiyədir. Keçən il bu vaxtı sözü gedən məhsul cəmi 70-80 qəpik idi. 70 qəpik hara, 1 manat 20 qəpik hara. Bu 70% bahalaşma deməkdir. Dünya birliyi isə hələ də susur. 😆
Digər tərəfdən bu ola bilər sırf Yessentuki-nin Azərbaycandakı rəsmi distributorunun görməmişliyinin nəticəsidir. Hər şey ola bilər. Gündəlik təlabat mallarını alıb, bazarlıq edən şəxslər bunu daha yaşı bilər — digər məhsullarda da artım müşahidə olunur?!
“Dünya birliyi” susmayıb, neynəyəcək axı. Xəzər Xəbər kimi “səviyyəli” bir verlişi olan ölkə üçün 70% inflyasiya hələ azdır. Bu gün təsadüf nəticəsində bu “xəbərlər” verlişinə baxdım. Çox aktual bir xəbəri verirdilər — marşrut avtobusunun siqnalı xarab olmuşdu, dayanmadan duuuuuuldayırdı. Buna görə milləti sorğu sual edirdilər, qara millət də “televizora düşmək” üçün əldən ayaqdan gedirdi. İndən belə maşının təkəri buraxanda, mütləq gərək Xəzər Xəbər əməkdaşlarını çağıram, bundan da aktual xəbər?!
Yazımın əvvəlin də hava ilə başladım, sonunu da onunla bitirirəm. Biz istidən qrilə döndüyümüz bir vaxtda Rusiyada şiddətli qar yağmaqda davam edir. Yolları isə Rusiya (deyərdim bütün post-sovet ölkələri) sayağı təmizləyirlər. Aşağıdakı bir video-çarxa baxın. Deməli iki traktoru birləşdiriblər ki, yanacaq sərf edilsin, gedib desinlər ki, guya yolu təmizlədilər. Əhsən. Belə şeyləri görəndə bir daha əmin olursan ki, bütün bu korrupsiya və özbaşnalığın mənbəyi zəhrimar kommunist təfəkkürüdür, virus kimi yeriyib hər birimizin canına.
Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Biz Azərbaycanlılar fərqliyik. Bu fəqliyimiz bizim “analoqu olmayan” mentalitetdə, dünya görüşümüz və hadisələrə unikal baxışlarımızda öz əksini tapır. Maraqlı xüsusiyyətlərimiz çoxdur. Məsələn, bütün dünya car çəkib təhlükəsizlik kəmərindən istifadəni məsləhət gördüyü halda, Azərbaycanlı sürücülər bunu qətiyyətlə etmirlər — çünki bu “zapodlo”-dur. “Əşi, filankəs görər, sonra bəs deməz ki, o nədi 10 manat cəriməyə görə özünü bürümüsən… Ayıbdır. Adımız var, sanımız var. Kəmər bizlik deyil.”
Belə bir hadisə real həyatda da baş verib. Deyilənə görə bir qaqaşı rəşadətli yol polislərimiz saxlayıb, onun kəmər vurduğunu görəndə deyiblər — ayə yekə kişisən, 10 manat cərimə ödəyəcəksən deyə bu nədi dolamısan özünə. Bəlkə elə ona görə də bərk gedən qaqaşlar, ümumiyyətlə sürücülərin əksəriyyəti (deyərdim 99%-i) avtomobil sürərkən heç bir halda kəmər vurmurlar. Kimisi bunu kəmərə öyrəşmədiyinə görə etdiyini deyir, kimisi guya kəməri taxarkən ürəyi sıxıldığını bəhanə gətirir, amma əsl səbəb — sosial qınaqdır, kiminsə bunu söz etməsindən qorxmaqdır. Bir şey unudulur — bu təhlükəsizlik kəməri məhz TƏHLÜKƏSİZLİK kəməridir, cərimə verməmək üçün vasitə deyil. Bu ilk öncə sürücünün, sərnişinlərin həyatını gözlənilməz hadisədən qorumaq üçün nəzərdə tutulub, polislərin yanından rahat ötüb-keçmək üçün deyil. Axı həyat bizə bir dəfə verilir, onunla niyə kiminsə sözünə görə risk edək? Axı səhər bir hadisə olsa, bu sizə olacaq, kəmər taxmağı söz edən Gülməmmədə deyil…
Təhlükəsizlik kəmərindən istifadə edilməməsinin digər səbəbi də post-sovet ölkələrinə xas — ifrat pofiqizmdir. İnsanların öz həyatlarına, təhlükəsizliklərinə biganəliyi.
Təhlükəsizlik kəmərlərinizi mütləq taxın. Həyatınıza qarşı biganə olmayın.
Sonda çox təsir edici bir video çarxa baxmağa dəvət edirəm. Siz yalnız özünüz üçün yaşamırsınız, bunu unutmayın!
Allah bizi qorusun!
Çarxa mütləq səslə baxın. Onda daha təsir edici olur.
Mövzuya dair forumda müzakirələr ↓
Təhlükəsizlik kəməri sizin üçün nədir?
Artıq uzaq görünən 2007-2008-ci ildə ilişib qalan Nokia, özü kimi populyarlığını günbəgün itirən Röyaya əcaib sözləri (HDMI, USB, Carl Zeiss və sair) deməyə məcbur etdirdiyi bir vaxtda, Nokia-nın rəqibləri daha əməli işlərlə məşğuldur. Nokia vaxtı ilə Motorola və Ericsson-un keçdiyi uğursuz yolu təkrarların. Ericsson demişkən, son 2 ildə SONY şirkəti də əməlli başlı rəqabətdən geri çəkilib, öz pozisiyaların rəqiblərinə verməkdədir.
Sony-nin subbrendi Sony Ericsson bazarı itirməkdə davam edir. Onsuzda böyük olmayan satışları 1/5 azalıb. Nokia SE-na baxıb təsəlli tapa bilər, amma digər rəqiblərinə — əsla yox. Son illər Samsung, Apple, RIM (Blackberry), LG və HTC yeni texnologiyaların uğurlu tətbiqi ilə məşğuldular. İndi aktiv oyunçular Nokia-nın tədricən çəkildiyi bazarı mənimsəyib, satışlarını artırırlar — götürək HTC-ni. HTC 2010-cu ildə ümumi smartfon satışını 2 dəfə artırıb. 2011-ci ildə isə bu rəqəmi 300% (!) çatdırmağı planlaşdırır. Kimin hesabına? Əlbətdə ki, Nokia-nın hesabına. Hələ gəlirlərinə görə Nokia-nı dəfələrlə üstələyən Apple, Samsung-u, RIM-i demirəm. Nokia smartfon bazarını demək olar ki, tamamilə əldən buraxıb. Niyə? Səbəbini inkişaf etmək istəyinin olmamasında görürəm — Nokia hesab edirdi ki, ən yeni texnologiyaları o özü təyin etdiyi vaxtda kütləyə buraxacaq, hər şeyi kontrol edəcək və lider qalacaq — beləcə o tədricən passivləşdi. Texnologiya aləmində isə passivləşmək qaçılmaz ölüm deməkdir. Digər tərəfdən Nokia-nın axrına Symbian çıxdı, 2003-cü ildən bəri demək olar ki, cüzi şəkildə dəyişilən bu platformadan Nokia hələ də istifadə etməkdədir. Axı nə qədər olar?! Digər ümüd etdiyi platforma MeGoo — anadan olmamış iflasa uğrayıb — MeGoo platformalı N900 telefonlarının satışı barmaqla sayılasıdır…
Bizim millətin bəyənmədiyi LG-də Nokia-nın yiyəsiz qalmış müştəriləri uğrunda mübarizəyə qoşulanlardandır — bu günlərdə LG dünyada ilk dəfə Android platforması üzərində işləyən iki nüvəli prosessorlu smartfonu təqdim etdi. LG Optimus 2X özündə çox saylı texnoloji yenilikləri cəmləşdirdiyi kimi gözəl görünüşə də malikdir.
Hə. Qayıdaq Nokia-yaya. Ola bilsin bizim xalqın konservatorluğu Nokia-nın Azərbaycanda satışlarını bir neçə müddət yüksək səviyyədə qalmasına imkan verəcək. Bəlkədə. Amma fakt fakt olaraq qalır. Bir vaxtlar keyfiyyət və prestij markası olan Nokia artıq keyfiyyətsiz və geridə qalmış telefonlar istehsal edən şirkət kimi qəbul edilir. Kütlə isə belə şeyləri sevmir… Kütlə daha baha və adlı-sanlı markalara can atır. Deməli Azərbaycanda da Nokia-nın ömrünə çox qalmayıb.
Mövzuya dair forumda müzakirələr ↓
Genanın qara PRı və Nokiananın qəzəbi -) (N8 vs E7)
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual