Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Universitetlərdə "semestrbaşına" start verildi…

Bu gündən etibarən universitetlərdə “semestrbaşına” start verilib. Korrupsiya ilə mübarizədən daha da qəzəblənən vicdansız müəllimciklər əgər əvvəllər bir fən üçün 50-60 AZN alırdılarsa, indi stavkanı qaldırıb ediblər 100 AZN (!). Analoqu olmayan inflyasiya deyəsən bunlara yaman təsir edib. Özü də azğınlaşmış və müəllim sözünə ləkəciklər oxuyanı oxumayandan da ayırd etmirlər — hər kəsdən eyni məbləğ tələb olunur — fənni bildin və ya bilmədin, xeyri yoxdur.

İTV-ni də nə vaxt açıram, təhsil və orada olan problemlərlə bağlı mənasız şablon diskusiyalar aparılır. Hər kəs problemə dırnaqarası yanaşaraq monoloq oxuyur, hələ bir fərəh dolu baxışlarla ekrana da baxmağı unutmurlar, sanki nəsə böyük bir cəsurluq etdilər. Problem isə dərindir, dərinləşir. Universitetlərdə (məktəblər haqda susuram) demək olar ki, bütün müəllim heyyətinin əli rüşvətə bulaşıb, onların da yarıdan çoxu hətta mənəviyyatını itirib, həyatın mənasını yalnız tələbədən alınan haram rüşvətdə görürlər.
Ex… Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır ki, cavan kadrlar da gəlib hal-hazırki çirkabın bir üzvünə çevrilməsinlər.
Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Universitetlərdə rüşvət pik həddinə çatdı!

Dində böhran?! Fikirlərim

Bir neçə müddətdir müşahidə edirəm — ən proqressiv gəncliyimiz sürətlə dindən uzaqlaşır, müqəddəs kitabları ələ salıb, dini primitivlik əlaməti hesab edirlər. Bu tendensiya adətən qərbdə daha çox yayılmışdı, indi də biz bunun şahidi oluruq. Axı niyə savadlı insanlar dindən uzaqlaşırlar?! Bəlkə dinin özü doğurdan da primitivləşib?! Yox, fikrimcə primitivləşən din deyil, dini təmsil edən fərdlərdir, şəxsi mənafeyə görə “imana” gələnlərdir.
Maraqlı misal — heç bir video çarxına baxmadığım, amma dostlar tərəfindən vaxtı ilə çox təriflənən Harun Yahya özünə məxsus “qatıqlamqları”  ilə YouTube-un ulduzuna çevrilib. Əslində bu İslama qarşı əvvəlcədən düşünülmüş bir plan da ola bilər — Harunu bir qatı və elmli dindar kimi PR edərək kütləyə istədirlər, daha sonra onun necə mənəviyyatsız olduğunu göstərirlər. Nəticədə İslam bir din kimi gözdən düşür. Ola bilər. Amma gəlin öz bostanımıza da baxaq.
Azərbaycanda İslam dininə mənsub dindarları dörd yerə bölərdim:
1. Səmimi qəlbdən ali varlıq olan Tanrıya inanan, ona hər gün ibədət edib, onu hər an anan insanlar. Belələri hardasa dindarların maksimum 15-20%  təşkil edir.
2. Kiminsə namaz və ibadət etdiyini görüb, onunla bəhsə girib dinə gələnlər. Bu tip insanlar adətən dinə “pokazuxa” üçün gəlirlər. Məsçidlərdə müşahidələrim onu göstərir ki, bu tip insanlar dində olanların hardasa tam yarısını təşkil edirlər. Buna iman yox, bambılizm (cahilliyin bir növü) deyərdim. Bunların flaşmoberlərdən heç bir fərqi yoxdur, onlar da “pokazuxa” üçün əyilib düzəlirlər, bunlar da. Sadəcə məkan başqadır. Belələrinə saxta “hacı”-lar da deyilir. Dini bilikləri isə 0. Özü də dini “kruqdan” ayrıldıqdan sonra, yenidən öz əsl simalarına qayıdırlar.
3. Öz istəklərinə rəğmən dində olmağa məcbur edilənlər. Bunlar adətən az yaşlılar və ya qadınlar olur və öz iradələrinə qarşı ibadət etməyə məcbur edilirlər. Belələri hardasa dindarların 20%-nı təşkil edir.
Və sonda — 4. Dindən sui istifadə edənlər, dinə bir biznes aləti kimi baxanlar. Belələri adət üzrə bizim mollalardır. Yas tutmaq, yas danışmaq bunların peşəsidir. İyrəncdir. Bu gün biabırçı bir mənzərənin şahidi olmuşam — yaxın insanla ibadət üçün “Göy məsçid”-ə getmişdik. Məsçid təmirdə olduğu ibadət üçün balaca bir yer düzəldiblər, o balaca yeri də pərdə ilə 2 yerə bölüblər — birində rüşvətxor mollalar oturub, birində isə camaat öz ibadətini edir. İnanırsız, içəridə oturmaq mümkün olmadı — kimsə mollaya Yasin “oxutmaq” üçün 10 manat pul verib, biri də (deyəsən məsçidin Administrasiyası idi) gəlib ki, “ay molla davay Yasinlərin pullarını düş bura”… Aralarında 5 manata (!) görə mübahisə düşdü… Təsəvvür edin, siz Allah yolunda pulu verirsiz, adını molla qoymuş mənəviyyatsızlar o pulları mənimsəyərək, elə Allah evindəcə dava edirlər. “Göy məsçid” kimi mötəbər bir məsçidi alverxanaya çevirən dünya-malı düşgünlərinə ar olsun! Oranın axundu hara baxır, məlum deyil… Ümumiyyətlə, Azərbaycanda bütün din sistemi çürük, təhsil sistemimiz kimi sovetlərin paslanmış və işləməyən rüşvətxor mexanizmindən başqa bir şey deyil…
Pulu dinə çevirənlər isə özləri də bilmədən başqalarına xidmət etmiş olurlar. Aşağıda post etdiyim maraqlı və düşündürücü bir filmə baxın.

Nəsə. Belə insanlar bütün İslam ölkələrində var, amma nə yazıqlar olsun ki, sadaladığım son 3 tip dindarlar bizdə çoxluq təşkil edir. Məhz onların iyrənc oyunları nəticəsində cavan və proqressiv gənclik dindən iyrənir, məhz onların sayəsində mənən boş insanlar radikallığa üz tutur, mənəviyyatsızlar isə daha da həyasızlaşırlar.
Proqressiv gənclərimizə isə üz tutaraq demək istəyirəm — dostlar, İslam sülh və ədalət dinidir. İslam gözəldir. Sadəcə hansısa fərdlərə görə bütün dindən, sizi yaradandan üz döndərməyin! Onlar buna layiq deyillər…
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Dində böhran?!

Anormallıq

Ətrafımızı anormallıq bürüyür… Hava — anormal istilər lap bezdirdi. Bu gün məcbur olub maşında kondisioneri yandırmışam. Mən bu yaşa çatmışam, amma belə anormal hava görməmişdim. Yəqin elə məhz bu anormallıq insanlara pis təsir edib, onlar da anormal olublar.
Belə olmasaydı “Azərsu” ASC-nin işçiləri 2010-cu il üçün su pulunu ilin əvvəlində ödədiyimizə baxmayaraq, gəlib özləri yazdıqları çekləri saxta elan edib, bütün binadan yenidən su pulunu yığmazdı. Belə olmasaydı, kimsə ona həvalə olunan işi özününki bilib, hər yerdə bunu özünün işi kimi qələmə verib, sinəsinə döyməzdi. Belə olmasaydı, ifrat biqeyrətlikdən əziyyət çəkənlər qeyrət davasına çıxmazdı. Belə olmasaydı, son 2-3 ayda böyük şirkətlər onlara göstərilən xidmətlərə görə ödəməli olduqları pulları səbəbsiz olaraq aylarla gecikdirməzdi. Belə olmasaydı keyfiyyətsiz insanlar hörmətli insanların bağına daş atıb, özlərinə ad qazanmağa çalışmazdı. Belə olmasaydı, günün-günorta çağı yanımızdakı 21 mərtəbəli “novostroyka”-nın üstündən bir qızcığaz özünü atmazdı. Belə olmasaydı, universitetlərdə müəllimlər harınlayıb bilikli uşaqları belə kəsib rüşvət tələb etməzdi. Belə olmasaydı, digərlərin uğuruna paxıllıq edənlərin sayı birə-beş artmazdı. Belə olmasaydı, axşam saat 2-dən sonra Bakı küçələri Amsterdamı xatırlatmazdı. Belə olmasaydı, onun-bunun evini yıxıb varlananlar indi mənəviyyatdan notasiyalar oxumazdı. Belə olmasaydı, yatmadığı adam qalmayan insanlar efirə çıxıb namus söhbəti aparmazdı. Belə olmasaydı, oğru həyasızlığına salıb, şüvənlə özünü ağa çıxarmazdı.  Belə olmasaydı 2010-cu ili bir göz qırpımında yola verməzdik… Belə olmasaydı… anormallıq həyat tərzimizə çevrilməzdi…

Bu dünya onsuz da düzələn deyil. Heç olmaya biz çalışıb özümüzü saf saxlamalıyıq. Dünya onsuz da 5 günlükdir. Onu da kişi kimi yaşamaq hər oğulun işi deyil.
Cəmiyyətin faciəsi isə bu anormallıqları norma kimi qəbul etməsindədir. Biz artıq bunun astanasındayıq… Avropalaşırıq. Amma nədənsə, bu xaraba Avropadan yalnız pis şeyləri götürürük. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Anormallıq

Niyə böyük İnternet layihələrimiz yoxdur?!

Bu günlərdə “Sosial Şəbəkə” filminə baxdım. Film Facebook şəbəkəsinin yaradıcısı Mark Zuckerberg-in həyatından (yarı düz, yarı gerçək), onun uğura doğru necə addımlamasından bəhs edir. Film özü-özlüyündə xoşuma gəldi, amma məni daha çox düşündürən başqa məsələ oldu — axı niyə bizdə böyük İnternet layihələrin buraxılması mümkünsüzdir?!
Əslində mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı təzələdi.
1. Fikrimcə, təhsil — böyük uğurların təməli, başlanğıcıdır. Filmə baxdıqda tələbələrin necə gözəl bir mühitdə oxuyub yaratdıqlarının şahidi olursan. Adam lap qibtə edir. Hər kəs nəsə bir layihə həyata keçirib, əməliylə öndə olmaq istəyir. Gözəl işgüzar mühit var. Rəqabət hökm sürür. İndi gəlin bizim reallıqlara nəzər yetirək — çürümüş təhsil sistemi. Rüşvətxor müəllimlərimizin sayəsində Universitetlərdə artıq oxuyan uşaqlar da oxumamağa məcbur edilir. Bizdə hər şeyi nəsə reallaşdırmaq deyil, papa uşaqlarının pulu həll edir. “Bilikli” müəllimlərin bilikləri isə 70-ci illərin səviyyəsindən artıq deyil. Bizim Universitetlərdə əməllə deyil, əmiylə seçilirlər. Hərf fərqi çox olmasa da, nəticəsi göz qabağındadır.
2. İnternet layihələrə investroların böyük maliyə yatırımları — bizdə isə İnternet layihəyə on mindən artıq pul qoymaq səfehlik sayılır, İnternet layihələr uşaq oynundan başqa bir şey hesab edilmir. Məsələn, Mark Azərbaycanda yaşasaydı, onun 18 minlik layihəsi istifadəçi sayı yüz mini keçdikdən sonra puç olardı. Niyə? Çünki istifadəçi sayı artıqda, saytın xərcləri də artır. Azərbaycanda isə İnternet layihələrə yatırımlar maksimum reklam bannerləri vasitəsilə edilir, belə olan halda da gərək Facebook Day.AZ-ın əvvəlki görkəmindən də (reklamla dolu olduğu vaxtlar) betər bir vəziyyətdə olaydı — daha çox banner asmağa məcbur idi, amma bu da xərclərin heç 10% demək deyil.
3. Faktiki olaraq 2004-ci ildən fəaliyyətə başlayan Facebook, yalnız 2009-cu ilin son aylarında gəlir gətirməyə başlayıb. Deməli 5 il bu layihə ziyana işləyib, amma böyük investorların milyonlarla sərmayələri sayəsində ayaq üstə qalıb. Mark 18 min ABŞ dollarını layihəyə yatırım edərkən, artıq bilirdi ki, onun layihəsinə yiyə çıxan olacaq və milyonlarla yatırımlar edəcək.
Bu sərmayələr bir növ sabun köpüyünə bənzəyir. Layihələrin birjaya çıxışını təmin etmək üçün dəyərlərini 100-1000 dəfə şişirdirlər, şişirdirlər və şişirdirlər… Ümumiyyətlə bütün Amerika iqtisadiyyatı bu prinsiplə qurulub — orada demək olar ki, istənilən layihəni beləcə şişirdib, məhşurlaşdırırlar. Bəs bizdə birja deyilən şey var? =) Var, amma neftdən başqa çətin orada bir şey satıla.
4. Əgər kimsə hesab edirsə, Mark bu imperiyanı tək başına yaradıb, yanılır. Görünmür, amma layihənin populyarlaşmasında dövlətin də böyük rolu var. Facebook faktiki ABŞ administrasiyasının maraqlarına xidmət edən bir layihədir. Artıq xüsusi orqanlar əziyyət çəkib insanların dosyelərini axtarmır, indi insanların özü hər şeyi Facebook-da yerləşdirir, şəkilləri, dostları, fikirləri ilə bölüşürlər (məsələn, terroristlər növbəti terrorları haqda və s.) və bütün bunlar 100% izlənilir. Rus demişkən, bolee togo Facebook-da profilin ləvğ edilməsi mümkün deyil — siz sadəcə hesabınızı deaktiv edə bilərsiniz, poza bilmərsiniz. Bu da Facebook-un istifadəçi bazasının digər məqsədlərlə istifadə olunduğuna daha bir sübutdur. Bura üstə gəl ölkənin birinci şəxsləri səviyyəsində saytın təbliği — alınır uğurlu və dövlət strategiyasına xidmət edən layihə.
Deməli İnternet layihələr üçün digər stimul verici faktor — dövlətin özəl şirkətlər vasitəsilə müxtəlif “ümüd verici” layihələrə pul yatırımları etməsidir. Bizdə bildiyim qədər bir Yumru layihəsinə sərmayə yatırılıb, o da (layihə) ki, axıda fake çıxdı.

Gördüyümüz kimi nə qədər ki, Universitetlərdə sağlam mühit yaradılmayacaq, nə qədər ki, böyük şirkətlərimiz İnternet layihələrə sərmayə qoymağa can atmayacaqlar, nə qədər ki, iqtisadiyyatımız neft və kənd təsərrüfatı, yeyinti məhsullarından ibarət olacaq, o qədər də biz böyük layihələr görməyəcik. Yəni heç vaxt. Təki yanılım.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları) →

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom