Ənənəvi rubrikanı davam edirəm. Zövqlər fərqlidir və hansı filmə baxmağa dəyər və ya dəyməz, hər kəs özü qərar versin. Qalan yazılar mənim öz şəxsi fikrilərimdir.
Без улик (Sans laisser de traces)
Fransuz filmidi. Psixoloji triller janrında çəkilib. Ssenari biraz çiy olsa da, aktyorların gözəl və təbii oyunu öz sözünü deyir. Filmdən ayrılmaq olmur, bir anda baxılır.
Filmin baş qəhramanı bir vaxtlar başqasının uğurlu formulunu oğurlayıb özünü zəngin birinə çevilən perspektivli bir biznesmendir. Özü də 3 həftədən sonra o böyük bir trans-milli şirkətin direktoru olacaq. Amma… onu vicdan əzabı boğur və dostunun təkidi ilə uğurlu formulun əsl yiyəsi ilə görüşüb ürəyini açır, yeni işinə görə xeyir dua almaq istəyir. Hər şey gözlənilən kimi alınmır — bir vaxt aldadılan insan onları çox aqressiv qarşılayır və nəticədə cinayət törədilir.
Bütün filmi danışmayacam. Özünüz baxsanız daha məsləhətdir. Gözəl filmdi.
Qiymətim 10 ballıq şkala ilə 9 bal olacaq. 1 xalı kəsməyimin səbəbi sonluğun biraz qarışıq, anlaşılan olmaması idi. Eləbil nəsə çatmır — bu da ssenaridəki boşluqlardan irəli gəlir.
Рыцарь дня (Knight and Day)
Komediya janrında çəkilmiş filmdir. Triller elementləri də var. Həmişəki kimi Tom “supermen” rolundadı. Qarşısına çıxanı məhv edir. Ssenari adi və bezdirici olsa da, aktyorların gözəl oyunu sayəsində film baxımlı və rəngarəng alınıb.
Filmin qısa ssenarisi — guya “super batareyka” yaradılıb. Kiçik və tükənməyən bir batareyka bütün şəhəri enerji ilə təchiz edə bilər. Pis daydaylar da Tomdan o batareykanı almaq istəyirlər, amma nə faydası — Tom qabağına çıxan oğul gəzir. =) Deyirəm bu Tomdan 5-6-ı bizdə də olsaydı, göndərərdik Qarabağa, yarım saata torpaqlarımızı geri alıb gələrdi.
Filmə qiymətim 10 ballıq şkala ilə 6 bal.
Луна 2112 (Moon)
Fantastika janrında çəkilmiş bir filmdir. Deyərdim janrın klassikasıdır. Fantastikanı sevən birisi kimi, mənim həddən artıq xoşuma gəldi.
Filmdə demək olar ki, yalnız bir aktyor çəkilib və bütün film onun qısa həyatından bəhs edir. Qısaca danışım — Deməli 2112-ci ildi. Ayda yeni enerji mənbəyi tapılıb. Bu enerjini tapıb yerə göndərmək üçün bütün Ay boyunca xüsusi bir nəfərlik stansiyalar qurulub. Stansiyalarda insanlar tək-tək işləyirlər, 3 illik kontraktla. Bizim qəhraman da yerə qayıdacağı günü sayır, elə o an yaxınlaşanda bədbəxt bir hadisə baş verir — qəhramanımız qalır Ayın çöllüyündə. Amma sonradan məlum olur ki, bazada hər şey qaydasındadı və Sem (qəhramanın adıdır) iş başındadı… Nəsə, çox başınızı ağrıtmayım, məlum olur ki, yeni Sem köhnə Semin klonudur, amma köhnə Semin özü də daha köhnə Semin klonudur. Hələ Ayın şaxtasında anabioz yuxusuna getmiş minlərlə Semlər var. “Onları” evdə gözləyən arvad-uşaq da çoxdan ölüblər.
Çox maraqlı, mənalı və düşündürən bir filmdir. Məsləhətdi. 10 ballıq şkala ilə qiymətim 10+.
PS. Fantastika janrını sevməyənlər baxmasınlar, film adi gələ bilər.
Робин Гуд (Robin Hood)
Qladiator filminin rejissoru Ridley Scott-dan, bu filmdə də baş qəhraman rolunu oynayan Russell Crowe-dan çox şey gözləyirdim. Ən azından “Qladiator” səviyyəsində bir şey. Filmə baxdım. Heç nə. Tanıdığımız Robin Qudun balladasına aid olmayan hansısa bir qəhraman əfsanəsi. Əfsanəni özü də tarixi bir olay kimi qələmə verməyə çalışırlar. Robin Qud bu filmdə meşə quldurundan çevrilib olur cəsarətli və əsilzadə bir rıttsar (Azərbaycanca tərcüməsin əfsuslar olsun bilmirəm, yəqin ki, zadəgan). Filmə baxarkən bəzən elə gəlir ki, Robin Qud insan deyil — ya Supermenin əmisi oğludur, ya da ki, Batmanın ulu babası, bir sözlə bu Robin ölməzdir.
Hm… Ən hörmət etdiyim aktyorlardan biri Rasl Krou deyəsən qocalıb, onda “Qladiator”-dakı mükəmməl oyunu bu dəfə görmədim.
Bu filmdə də “Qladiator”-da olduğu kimi zəif xasiyyətli Kral var — İoan. Amma “Qladiator”-da imperator rolunu istedadlı Joaquin Phoenix oynayırdısa, burada bu rolu 2-ci səviyyəli bir aktyora tapşırıblar. Nəticədə aktyor rolu tamamilə batırır. Hələ onun gülünc qılınc oynatmasını demirəm. Ümumiyyətlə, filmdə çoxsaylı səhvlər gözdən yayınmır. Məsələn, fransızlar gəmilərdən sahilə enərkən, Kral onlara hücum edir — qılıncını insanlara vurmamış onlar yıxılırlar, birinin də guya belinə vurur — qan çıxmır, eləbil plasmas toxunur belinə. Çox gülünc görünür. =) Bu səviyyədə olan film üçün belə “nedoçetlar” yaraşmaz.
Tarixi filmlərdə day gözümüzü “mazol” edən Cate Blanchett də burdadır. Yaxşı oynayır, söz yox, amma tək Keytin oyunu ilə filmi xilas etmək olmaz.
Poni atları çapan uşaqları isə hansı “izvraşenets” fikirləşib, bilmirəm. Heç yeri yox idi. Nəsə. Qoca Ridli istəyirdi ən azından “Qladiator” səviyyəsində bir tarixi sənət əsəri yaratsın, amma rusların gözəl sözü var — Хотели как лучше, а получилось как всегда. Filmi bəyənmədim. Səviyyə baxımından bayaqdan sitat gətirdiyim “Qladiator”-un yaxınana belə düşmür. “Qladiator”, “Troy” kimi filmlər kinomotoqrafiyada inqilab edənlərdi, amma “Robin Hood” filmi sadəcə sıradan bir film olacaq.
10 ballıq şkala ilə qiymətim 4. Vaxtımı boş yerə sərf elədim. Tfu.
Остров проклятых (Shutter Island)
Əvvəlcə baxmağa tərəddüd edirdim. Filmin başlanğıcı maraqlı olmasa da, Leonardo Dikaprio-nun gözəl oyununu görəndə axıra kimi baxmağa qərarı verdim. Film psixoloji triller janrında çəkilib. Ürəyi zəif, hər şeyi özünə dərd edənlər baxmasınlar.
Filmdə söhbət 20-30-cu illərdən gedir. Dənizlə əhatə olunan adada yerləşən və ruhi xəstə canilər üçün nəzərdə tutulan bir türmədə bir cani yoxa çıxır. Cani sanki buxarlanıb — əl izləri belə yoxdur. İşi araşdırmaq üçün kontinentdən bir marşal (detektiv) dəvət edilir. Yanında da köməkçisi… Hadisələr bir göz qırpımında inkişaf edir. Nəticədə məlum olur ki, sözü gedən bu marşalın özü türmənin ən qorxulu canisidir… Gözəl filmdir. Aktyorların gözəl oyununu bir daha qeyd etmək istəyirəm.
10 ballıq şkala ilə qiymətim 10 bal.
22 пули: Бессмертный (L’immortel)
Kriminal dram janrında çəkilmiş bir filmdir. Özü də Jan Reno baş qəhraman kimi. Film heç xoşuma gəlmədi. Bu iki səbəbdən ola bilər — ya filmdə “Xaç Atası” trilogiyasına uğursuz plaqiat cəhdi var idi, ya da ki, film başdan-ayağa Renonun anormal ölməzliyi, onun tükənməyən gücü kimi boş-boş kadrlarla dolu idi. Mənasız triller sevənlər üçün bu film tapıntı olacaq.
10 ballıq şkala ilə qiymətim 4 bal. Mənə görə vaxt itkisi.
Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film