Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Etibar Hüseynov, İmişlili qoçu və yenə də tualet kağızı

Seçki qabağı təşviqat kampaniyası bağlı elan edildi. Namizədlərin çıxış etdiyi bu “4 dəqiqələr” silsiləsi qısa vaxtda kütlə arasında çox populyarlaşdı, deyərdim hətta bəziləri üçün seriallardan da əziz oldu —  millət “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və digər səviyyəsiz serialları təxirə salıb, səbirsizliklə növbəti iqtidar-müxalifət deyişməsini gözləyirdi. Amma hər şeyin sonu olduğu kimi, bu da bitdi.
Televiziyadakı debatlar bir yana, namizədlərin seçicilərlə keçirdikləri görüşlər barəsində bir neçə söz demək istəyirəm.
Realda keçirilən seçki qabağı kampaniyalardan yadımda qalanı ilk yerli porno-telekanalın əvəzolunmaz əməkdaşı Etibar Hüseynovun Yasamal camaatı ilə keçirdiyi görüş oldu. Açığı heç ondan savayı bizi gəlib ziyarət edən də olmadı — digər namizədlər bizi görməz oldular. Yəqin məhləmizin məşhur Qələbə meydanına yaxınlığı onlara pis təsir edib. Hüseynovun da görüşünün şahidi təsadüfən oldum. Maşını vermişdim məhlədəki “moyka”ların birinə, bir də gördüm ki, “moyka”nın yaxınlığında yad maşınlar peyda oldu, sonra boş bir yer tapıb mikrofon-stol gətirdilər və nəhayət mərasim sahibi müqəddəs qədəmləri ilə məhləmizdə göründü. Yasamal camaatını salamlayan kimi, cənab Hüseynovu məhlənin bütün işsiz-gücsüz, pensioner-dominoçuları əhatə etdi. Çıxışı tam dinləyə bilmədim, amma dinlədiklərim müəllifin apardığı məşhur “Sitatın sonu” verlişindən heç nə ilə fərqlənmirdi. Öz platformasından bir kəlmə də söz açmayan gözəl natiq Etibar bəy yalnız digər opponentlərini müzakirə edirdi. Edirdi, edirdi… Maşın hazır idi, mən çıxıb getdim.

Qütbün digər tərəfini təmsil edən Yeni Müsavat dərgisi isə özünəməxsus şişirtmə ilə Rauf Arifoğlunun növbəti “möhtəşəm” görüşündən dəm vurur. Görəsən o “möhtəşəm” görüş adi görüşlərdən nə ilə fərqlənir? Yoxsa onu möhtəşəm edən cənab baş redaktorun orada iştirakıdır? Vallah, bu jurnalistlər yaman ambisiyalı olurlar axı. 😉
Son günlər şok xəbərlər almaqda davam edirik. Bu dəfə şok olay İmişlidə baş verib. Yerli xəbər agentliklərinin yaydığı xəbərə görə İmişli rayonun icra başçısının müavini Saleh Səmədov rayon sakini, 4 uşaq anası olan bir qadına övladlarının qarşısında seksual xarakterli təcavüz edib. Təcavüzə məruz qalan qadın hadisədən sonra depressiyaya düşərək hətta canına qəsd etmək istəyib. İndi işi müvafiq orqanlar araşdırır. Nə deyim, müasir qoçuluq nümunəsidir. Allah mərdimazardan qorusun.
Ukrayna xalqının tualet kağızına olan sevgisi deyəsən tükənməzdir. Məlum olaydan sonra, bu dəfə Ali Rada tualet kağızı bolluğundan əziyyət çəkib. Belə ki, vergi qanunvericiliyinə ediləcək dəyişikliklərə etiraz edən on minlərlə insan Ali Rada binasını tualet kağızları ilə atəşə tutub. Niyə məhz tualet kağızı? “Ukrayna uğrunda” partiyanın rəhbər müavini xanım Kseniya Lyapina səbəbi açıqlayaraq bildirib ki, əslində kütlə Radanı yumurta atəşinə tutmaq istəyirdi, amma sonda qərar verildi ki, bu fikirdən yayınsınlar — çünki bu halda hüquq mühafizə orqanları xuliqanlıq adı ilə kütləvi həbslərə başlaya bilərdi. Ona görə ən optimal variant kimi tualet kağızı seçildi. Yenə də tualet kağızı. =)
Sitatın sonu. 😀
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

İşıqsız. Qazsız. Susuz. 3D. Həyatımdan bir gün

Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.
Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…
Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.
Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.

PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.
Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!

Yeni Müsavat. İblis. Android

Başlayaq. Son vaxtlar “Yeni Müsavat” dərgisinin baş redaktor Rauf Arifoğlunun seçki-öncəsi təbliğat ruporuna çevrilməsini heç də müsbət qarşılamıram. Demək olar ki, 5 xəbərdən biri cəsur və cürətli Arifoğlunun seçki öncəsi növbəti-və-növbəti qəhrəmanlığından dəm vurur. Adamda belə təsəvvür yaranır ki, bu seçkidə müxalifət düşərgəsindən bir namizəd var, o da cənab baş redaktordu. Əslində burada pis heç bir şey yoxdur, amma…
Amma müxalifət liderləri bir yana, Onlarla layiqli oğullar süni şəkildə yaradılan təxribatlar nəticəsində seçkidən kənarda qaldığı bir vaxtda, müxalifətin ən vacib və xalq tərəfindən izlənilən bir nəşri tam olaraq bir insana xidmət etməsi… siyasi eqoistlik və görməmişlikdən xəbər verir. Onlarla insanlara təyziqlər olduğu halda, nədənsə “Yeni Müsavat” bunun haqqında bir kəlmə belə yazmır, amma Rauf bəyin seçicilərlə keçirəcəyi “besedkada” bir postovoyun görünməsindən düz 3 məqalə tirajlayır. Bəs hanı o vəd verdiyiniz sosial bərabərlik?! Hörmətli Rauf Arifoğlu bunun yoxluğunda indiki iqtidarı ittiham edir, sosial haqsızlıqlardan gileylənir. Sual olunur, o zaman fərqiniz nədədir? İqtidarın imkanı var, televiziya və digər medianı zəbt edir, Rauf Arifoğlunun da imkanı var, “Yeni Müsavatı” zəbt edir. Səhər Arifoğlu iqtidarda olsa, əminəm ki, AZTV ekranlarından düşməyəcək.

Gözümüz aydın. Fransada iblis peyda olub. Fransa paytaxtı Parisin cənub-qərbində yerləşən La-Veryer şəhərciyində 11 nəfər birdən özünü pəncərədən atıb. Özünü atanlar arasında 7 böyük, 3 uşaq və bir bəbəşin olması xəbər verilir. Ölüm-itim olmasa da, bir neçəsi ömürlük əlil olub.
Fransa polisi bu olayın səbəbi ilə maraqlananda ortaya maraqlı fakt çıxıb — sən demə zərər çəkənlər gecə saat 3-də bir yerə yığışır “spiritik seans” keçirirlərmiş. Bilməyənlər üçün qeyd edim ki, “spiritik seans” iblis və şeytan (Allah onlara lənət etsin) vasitəsiylə ölülərin ruhlarını çağırma ritualına deyilir. Ritualın qızğın çağıymış ki, bu vaxt otağa yarı-çılpaq qara dərili birisi daxil olub. Ritualda iştirak edənlər panikaya düşüb, elə biliblər ki, bəs bu iblisin özüdür, özlərini pəncərədən veriblər aşağı. =)) Əhsən.
Google-un Amerika Kəşfiyyatı üçün işlədiyi heç kimə sirr deyil. Bir vaxtlar Chrome gizlicə istifadəçinin İnternetdə bütün aktivliyini qeydə alıb, xüsusi ünvana göndərirdisə, müxtəlif təzyiqlər nəticəsində Google guya bundan əl çəkdi, əvəzində Google History söhbətini yaratdı. Amma qozbeli deyir heç qəbr də düzəltməz. Google-un növbəti nailiyyəti Android (mobil telefonlar üçün nəzərdə tutulan əməliyyat sistemidir) istifadəçilərin xəbəri olmadan müxtəlif məlumatları Google-a ötürür. Ötürülən məlumatlar arasında İnternetdə aktivlikdən tutmuş, Sizin kontaktlarınız, telefonunuzun imei kodu, SMS-ləriniz, telefondakı fayllar (şəkil, video və s.) və hətta koordinatlarınızı (əgər telefon GPS-i dəstəklərsə) kimi var.
Onu da qeyd edim ki, bir çox Avropa dövlətlərində yerləşən transmilli şirkətlərdə Google proqramlarından istifadə etmək qadağan edilib.
Google istifadəçilərinə xəbərdarlıq — ehtiyatlı olun dostlar, böyük qardaş sizi izləyir. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Su. Deputatlar. İTV. Park Bulvar. Fikirlərim

Bu arada Azeronline şirkətinin rebrendinqinə yaman başım qarışıb, bloqa kifayət qədər vaxt ayıra bilmirəm. Amma söz — İnşallah 2-3 günə yenidən aktivliyimi qaytaracam.
Ətrafımızda baş verən olaylar da o qədərdir ki, heç bilmirəm nədən başlayım. Gözümüzün suyu da qurudu… Yasamala düz bir həftədir ki, su gəlmir. Analoqu olmayan JEK də, su idarəsi də nədənsə susur. Ya deyirlər hardasa “avariya” olub, ya deyirlər camaat su pulunu vermir (bunu bəhanə edib  2011-ci ilin pulunu da indidən yığdılar), ya deyirlər tezliklə yeni sayğaclar gətiriləcək, ona kimi su olmayacaq. Kimə inanaq, bilmirik. Bir sözlə, bu qədər əhalini dolayıblar barmaqlarına. Bu yerdə deputatımız yadımıza düşür, onun da başı qarışıb təşviqat kampaniyasına — ay belə edəcəm, ay helə edəcəm, amma faktiki mövcud problemi həll edən yoxdur. Hamı virtualdan dəm vurur.

Deputatlar demişkən… İctimai kanalda efirə buraxılan təşviqat kampaniyasında iştirak edən bəzi deputatlığa namizədlər görəsən heç səhərlər durub güzgüdə özlərinə baxırlar? Ağızları söz belə tutmayanlar indi deputatlıq iddiasındadırlar. Danışıq qabiliyyətləri sıfır olanlar gen-bol yaltaqlıq edib vəziyyətdən çıxmaq istəsələr də, alınmır. Nəticədə özlərini gülünc vəziyyətə qoyub, xalqın gözündə biabır edirlər. Mənə ən ləzzət edən Şəki seçki dairəsindən öz namizədliyin irəli sürən “ambulatorçu” gəncin çıxışı idi. Çox “tutarlı və məzmunlu” nitq söyləyən bu ambisiyalı gənc eləbilir ki, televizora çıxıb yaltaqlanmaqla deputat olacaq… Amma deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə. =) Yaltaqlanmaq da əslində fitri bir istedaddır, hər kəsə nəsib olmur.
Deyirlər xeyirsiz şər olmaz — İTV-in son günlər reytinqi parta-part edir, şou-biznes proqramlarının aparıcılarını infakt vurmasa yaxşıdı.
Bu günlərdə Park Bulvarda yerləşən kinoteatr da istifadəyə verildi. Qiymətlər deyilənə görə çox münasibdir. Yəqin “klient tutana” kimi belə də olacaq. “Azərbaycan”-ın bazarı öldü. İnşallah vaxt edib, bir ora baş çəkib, subyektiv fikirlərimlə sizlərlə bölüşəcəm.
Nəsə. Gecədi. Gedim biraz dincəlim. Görüşənədək dostlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom