Azərbaycanda hər şeydə olduğu kimi, kreativlikdə də böhran var. Bu əsasən də özünü loqotiplərdə göstərir.
İnsanlar loqo sifariş etdikdə elə bilir ki, mütləq onların fəaliyyəti hər hansı bir şəkildə bu loqotipdə öz əksini tapmalıdır. Özü də fərq etməz, bu özəl sektordur, ya dövlət strukturu. Məsələn, əksər tikinti şirkətlərinin loqotipində mütləq ekskavator, kran təsviri, İT şirkətlərində mütləq Matrix filmi fason bir element olmalıdır. Mən hələ şablon dövlət strukturlarının loqotiplərini demirəm. Əslində bu primitivizmdir — bir növ loqoya baxan insanlara ismarıcdır ki, ay eşşək, bildin bu haranın loqosudur?
Bir neçə ay bundan öncə Azercell-də birgə çalışdığımız dəyərli dostumuz Rustam Aliyev “Startup Azerbaijan” layihəsi üçün loqo hazırlamağımı istədi. İşə başladım, bir neçə variantdan sonra final variant hazır oldu. Loqoda əsas element dəyişkən rənglər oldu. Müxtəlif fonlarda, müxtəlif rənglərdə. Bu gün görürəm ki, rənglərə xitam verilib, hərflər arası effekt götürülüb və UP sözünün üstünə strelka işarəsi qoyulub. Guya bu layihədə iştirak edəcək öz işlərinin biliciləri bilməyəcəklər ki, UP nə deməkdir, mütləq bu sözün mənasını onlara çatdırmaq lazımdır.
Nəticədə daha çox işıq transformatoru loqotipinə oxşar bu loqoda harmoniya itib, orta-statistik “kolxoz” loqoya çevrilib – monoton yazı Startip kimi oxunur, strelka işarəsi isə P-dən başlayıb əsk istiqamətdə inkişaf edir.
Bu yazıyla layihəyə heç bir səbəblə kölgə salmaq istəmirəm. Sadəcə müasir texnologiyaları təbliğ edəcək bu kimi layihəyə köhnə sovet üsulu ilə loqo tərtibini yaraşdırmadım.