Deyir özgəsinə quyu qazan, özü düşər. Azercell-ə qarşı qara PR-ı kim qurmuşdu bilmirəm, amma bu gün Bakcell demək olar ki, bütün günü daunda olub (hər-halda mənim nömrəm üçün).
Bu gün Klass ödəmə kartı aldım ki, balansı artırım. Adətən bunu bankomat vasitəsilə edirəm, amma vaxtım az olduğundan, dedim “dədə-baba” yoluyla edim. Etdiyimə də peşman oldum. Birincisi ödəmə kartının şifrəsini daxil etdikdə Bakcell şifrənin yalnış olduğunu bildirib məni block etdi. Elə o andan da başlayaraq dayanmadan müştəri xidmətlərinə zəng etmişəm. Təsəvvür edin 5 saat ərzində dəfələrlə zəng etməyimə baxmayaraq telefonu qaldıran olmadı. Əhsən belə müştəri xidmətləri, əhsən. Ola bilsin bu problem sırf təsadüfi bir problemdir, bilmirəm, amma bütün gün ərzində müştəri xidmətlərinin abonentlər üçün əl çatmaz olması Bakcell-ə heç baş ucalığı gətirməyir…
Mövzuya dair forumda müzakirələr ↓
Azercell / Bakcell / Nar Mobile
Hansı xəbər portalını açıram — sifariş tipli olunması açıq-aydın sezilən Anti-Azercell isteriyasını görürəm. Özü də bu kampaniyaya demək olar ki, ölkənin bütün aparıcı xəbər saytları qoşulub. Səbəbini açığı bilmirəm, çox güman ki, Azercell-in səviyyə və uğurunu həzm etməkdə çətinlik çəkənlər var.
Gəlin etiraf edək — Azercell ölkənin ən qabaqcıl və xidmət səviyyəsinə görə nömrə bir olan kütləvi şirkətidir. Bəli, digər operatorlar da dayanmadan çalışırlar, yeniliklər edirlər, qiymətləri endirirlər, amma onların adi müştəri xidmətləri səviyyəyəsinin (şəbəkədə daim baş verən qüsurları haqda susuram) Azercell-dəkinə çatma prosesi hələ ən azından 4-5 il davam edəcək.
Bəs bu isteriyanın əsl səbəbi nədir? Düşünürəm ki, buna səbəb İnformasiya Texnologiyaları Nazirinin (mənim vaxtı ilə rektorum olub) rominq qiymətlərinə dair sərt təpkisindən sonra, Azercell rəsmilərinin bu təpkilərə müvafiq cavabı oldu — qiyməti artıran Azercell yox, Aztelekomdur. Bəli, məhz Aztelekom Azərbaycanda mobil tarif xidmətlərini tənzimləyən bir qurumdur, həmçinin rominq xidmətlərinin qiyməti də məhz Aztelekom-dan asılıdır. Bunu İnternetlə müqaisə etsək, Aztelekom Azərbaycan İnternetinin Delta Telecom-udur. Bütün provayderlər İnterneti məcburən bu monopolistdən aldığı kimi, operatorlar mobil çıxışı Aztelekom-dan almağa məcburdurlar.
Yaxşı, indi bəs Azercell-in nə günahı var? Kütləyə səviyyəli xidmət göstərən bir-iki şirkətlərimiz var, onların da üstünə düşüb qaralamalıyıq? Bir misal çəkim — ABŞ-da başı bəlalı Microsoft-u məhkəməyə verməyən şirkət yoxdur, hər kəs bu biznes nəhənginin uğurlarına qibtə edib, yerli-yersiz verir məhkəməyə. Amma ABŞ ədliyyə sistemi Microsoft-u bəzi hallarda günahkar hesab etsə də, heç vaxt onun cərimələnib, qara PR hədəfinə çevrilməsinə imkan vermir. Çünki bu şirkət dövlət səviyyəli bir şirkətdir, ABŞ-ın iqtisadiyyatının sütunlarından biridir. Azercell isə Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bəs onda bu qaralama nəyə lazım?!
Ümumiyyətlə, KİV təmsilçilərin qara PR aləti olması heç bir halda yaxşı göstərici deyil… Nəsə. Allah bu işlərin axırını yaxşı eləsin.
PS. Allah Mübarəkə də insaf versin. 82 yaşlı xərçəng xəstəliyindən əziyyət çəkən qoca kaftar, yüzlərlə gənci qanına qəltan etdi…
Mövzuya dair forumda müzakirələr ↓
Azercell / Bakcell / Nar Mobile
Dünyanın nömrə bir smartfon istehsalçısı HTC mobil telefonlar bazarını dəyişə biləcək inqilabi yenilik etmək fikrindədir. HTC-nin təklifi belədir — axı niyə hər dəfə texnoloji yenilik axtararkən, bütöv telefonu dəyişirsiniz, halbuki yalnız apart hissəsinin dəyişilməsi ilə kifayətlənmək olar?! Bu həm ucuz başa gələr, həm də daha tez-tez yeniliklərdən faydalanmaq olar. Məgər biz printerin katrici bitəndə gedib yeni printer alırıq?! Burada da eyni prinsipdir — yeni əməliyyat sistemi çıxdı, telefonunun ona gücü çatmır, köhnə katrici (telefonun için) təhvil ver, daha yenisini al. Məsələn indiki katricdə Android 2.3 əməliyyat sistemidir, siz gedib yenisini aldıqda Windows Phone 7 əməliyyat sistemli katric götürə bilərsiniz + həm yaddaşı, həm də prosessoru daha güclü.
Əslində maraqlı iddiadır. Amma HTC-nin bunu inqilabi yenilik kimi təqdim etməsi düzgün deyil. Çünki kiçik araşdırmam nəticəsində məlum oldu ki, bu tip texnologiya artıq İsrailin Modu şirkəti tərəfindən bir neçə ildir ki, istifadə edilir. Amma bu şirkətin adını birinci dəfə eşitdiyimizdən, bu tip texnologiyanın heç də uğurlu olmadığını təxmin etmək olar. Bir də ki, kütlə telefonları sosial göstərici kimi istifadə edir. Məsələn, kim 4 illik bir telefonu üstündə gəzdirəcək?! Nə olsun ki, daxili (katrici) ən son modeldir, axı kütlə hər tərəfli yenilik istəyir. Şəxsən mənim özüm də, telefonları nəsə yeni bir yenilik istədiyimdən dəyişirəm. Bu həm funksionallığa aiddir, həm də ki xarici görünüşə. Köhnə görünüşlü telefon isə sadəcə adamı bezdirir…
Mənə görə HTC-nin bu layihəsinin kütləvi bazarda heç bir perspektivi yoxdur. Bəs siz nə fikirləşirsiniz?!
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinmək məcburiyyətində olacaqlar. Əslində burada etiraz ediləsi bir şey yoxdur. Etiraz ediləsi 7-11-ci siniflərdə oxuyan xanım qızlar üçün tərtib olunmuş yubkaların həddən artıq qısa olmasıdır. Mini yubkalar artıq məktəb səviyyəsində təbliğ edilir. Bu zəhrimar mentalitetimizi qoyduq kənara, bəs kimi təbliğatlar bütöv bir cəmiyyətdə iyrənciliklərə, onun mənən məhv edilməsinə, tənəzzülünə yol açmazmı?!
Mövzuya dair forumda müzakirələr ↓
İndən belə 7-11-ci sinifdə oxuyan qızlar rəsmi olaraq mini yubka geyinməlidirlər?!
Görünür MySpace-in uğurlu rebrendinqi Facebook-un yaradıcısı və onun 26% səhmlərinin sahibi, yəhudi əsilli Mark Zuckerberg-ə rahat yatmağa imkan vermir. Belə olmasaydı, KİV vasitəsilə insanların hisslərinə təsir etmək üçün (ay camaat, baxın FB-u bağlasaq, görün sizin həyatınız necə dəyişəcək) şayiə buraxmazdı. İndiyə kimi Facebook-dan qeydiyyatdan keçməyən də, gedib qeydiyyatdan keçəcək ki, əşi görüm bu nə olan şeydir e, bu qədər hay-küy qoparıb.
Əslində Zuckerberg istəsədə şirkəti bağlamaq iqtidarında deyil. Çünki Facebook artıq böyük korporasiyadır və onun səhmləri ondan da böyük korporasiyalara (məsələn, Microsoft) məxsusdur. Məsələnin digər tərəfi — Facebookun hal-hazırki kapitalizasiyası 50 milyard dollar təşkil edir. Bu qədər kapitalı olan şirkətin öz-özünə qapadılması dünya iqtisadiyyatında nonsensdir. Maliyə sistemi isə elə qurulub ki, 50 milyard kapitalizasiya 50 milyard pul köpüyü (ifadə sabun köpüyündən götürülüb) deməkdir. Yəni Facebook-un real dəyəri daha azdır və bu 50 milyard birjalarda pay satışını artırmaq üçün süni olaraq şişirdilib. Şablon sistem belədir — məsələn, sizin 500 dollar pulunuz varsa, siz onu 500*100 düsturu ilə şişirdə bilərsiniz, nəticədə kapitalizasiya olacaq 50000$. Eynilə də Facebook (və digər korporasiyalar) fəaliyyət göstərir. 50 milyard köpüyü partladanda isə gərək bu 50 milyard nəğd pulu (!) səhmdarlara paylayasan. Amma nəzərə alsaq ki, Facebook köpükdür və real olaraq 50 millyardı yoxdu (50.000.000.000/100=500.000.000 real pulu var), o zaman səhmdarlara paylayası bir şey olmayacaq və Amerika iqisadiyyatında nəhəng bankrotlaşdırma prosedurunun şahidi olacağıq. ABŞ höküməti isə indiki həssas iqtisadi vəziyyətdə buna heç bir halda imkan verməz.
Deməli Facebook-un Mark Zuckerberg tərəfindən qapadılması səfeh bir fərziyədir.
Yuxarıda yazdığım birinci variant idi. İkinci variantda ondan ibarət ola bilər ki — bu şayəni Facebook-un rəqibləri ortaya atıb. Bu Google da ola bilər. Bildiyimiz kimi, Facebook öz şəxsi mail xidmətini buraxmaq istəyir, bu isə Google-un Gmaili üçün ölümcül zərbə ola bilər. Google bu şayəni buraxır, nəticədə Facebook-un stabil tərəfdaş və güvənilən sayt imicinə böyük zərbə dəyir. Axı kim səhər bağlanacaq saytda özünə mailbox açar?!
Mövzuya dair forumda müzakirələr ↓
Sosial şəbəkələr və biz
ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki, bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı. Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Ətrafımızı anormallıq bürüyür… Hava — anormal istilər lap bezdirdi. Bu gün məcbur olub maşında kondisioneri yandırmışam. Mən bu yaşa çatmışam, amma belə anormal hava görməmişdim. Yəqin elə məhz bu anormallıq insanlara pis təsir edib, onlar da anormal olublar.
Belə olmasaydı “Azərsu” ASC-nin işçiləri 2010-cu il üçün su pulunu ilin əvvəlində ödədiyimizə baxmayaraq, gəlib özləri yazdıqları çekləri saxta elan edib, bütün binadan yenidən su pulunu yığmazdı. Belə olmasaydı, kimsə ona həvalə olunan işi özününki bilib, hər yerdə bunu özünün işi kimi qələmə verib, sinəsinə döyməzdi. Belə olmasaydı, ifrat biqeyrətlikdən əziyyət çəkənlər qeyrət davasına çıxmazdı. Belə olmasaydı, son 2-3 ayda böyük şirkətlər onlara göstərilən xidmətlərə görə ödəməli olduqları pulları səbəbsiz olaraq aylarla gecikdirməzdi. Belə olmasaydı keyfiyyətsiz insanlar hörmətli insanların bağına daş atıb, özlərinə ad qazanmağa çalışmazdı. Belə olmasaydı, günün-günorta çağı yanımızdakı 21 mərtəbəli “novostroyka”-nın üstündən bir qızcığaz özünü atmazdı. Belə olmasaydı, universitetlərdə müəllimlər harınlayıb bilikli uşaqları belə kəsib rüşvət tələb etməzdi. Belə olmasaydı, digərlərin uğuruna paxıllıq edənlərin sayı birə-beş artmazdı. Belə olmasaydı, axşam saat 2-dən sonra Bakı küçələri Amsterdamı xatırlatmazdı. Belə olmasaydı, onun-bunun evini yıxıb varlananlar indi mənəviyyatdan notasiyalar oxumazdı. Belə olmasaydı, yatmadığı adam qalmayan insanlar efirə çıxıb namus söhbəti aparmazdı. Belə olmasaydı, oğru həyasızlığına salıb, şüvənlə özünü ağa çıxarmazdı. Belə olmasaydı 2010-cu ili bir göz qırpımında yola verməzdik… Belə olmasaydı… anormallıq həyat tərzimizə çevrilməzdi…
Bu dünya onsuz da düzələn deyil. Heç olmaya biz çalışıb özümüzü saf saxlamalıyıq. Dünya onsuz da 5 günlükdir. Onu da kişi kimi yaşamaq hər oğulun işi deyil.
Cəmiyyətin faciəsi isə bu anormallıqları norma kimi qəbul etməsindədir. Biz artıq bunun astanasındayıq… Avropalaşırıq. Amma nədənsə, bu xaraba Avropadan yalnız pis şeyləri götürürük. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Anormallıq
Biz Azərbaycanlılar fərqliyik. Bu fəqliyimiz bizim “analoqu olmayan” mentalitetdə, dünya görüşümüz və hadisələrə unikal baxışlarımızda öz əksini tapır. Maraqlı xüsusiyyətlərimiz çoxdur. Məsələn, bütün dünya car çəkib təhlükəsizlik kəmərindən istifadəni məsləhət gördüyü halda, Azərbaycanlı sürücülər bunu qətiyyətlə etmirlər — çünki bu “zapodlo”-dur. “Əşi, filankəs görər, sonra bəs deməz ki, o nədi 10 manat cəriməyə görə özünü bürümüsən… Ayıbdır. Adımız var, sanımız var. Kəmər bizlik deyil.”
Belə bir hadisə real həyatda da baş verib. Deyilənə görə bir qaqaşı rəşadətli yol polislərimiz saxlayıb, onun kəmər vurduğunu görəndə deyiblər — ayə yekə kişisən, 10 manat cərimə ödəyəcəksən deyə bu nədi dolamısan özünə. Bəlkə elə ona görə də bərk gedən qaqaşlar, ümumiyyətlə sürücülərin əksəriyyəti (deyərdim 99%-i) avtomobil sürərkən heç bir halda kəmər vurmurlar. Kimisi bunu kəmərə öyrəşmədiyinə görə etdiyini deyir, kimisi guya kəməri taxarkən ürəyi sıxıldığını bəhanə gətirir, amma əsl səbəb — sosial qınaqdır, kiminsə bunu söz etməsindən qorxmaqdır. Bir şey unudulur — bu təhlükəsizlik kəməri məhz TƏHLÜKƏSİZLİK kəməridir, cərimə verməmək üçün vasitə deyil. Bu ilk öncə sürücünün, sərnişinlərin həyatını gözlənilməz hadisədən qorumaq üçün nəzərdə tutulub, polislərin yanından rahat ötüb-keçmək üçün deyil. Axı həyat bizə bir dəfə verilir, onunla niyə kiminsə sözünə görə risk edək? Axı səhər bir hadisə olsa, bu sizə olacaq, kəmər taxmağı söz edən Gülməmmədə deyil…
Təhlükəsizlik kəmərindən istifadə edilməməsinin digər səbəbi də post-sovet ölkələrinə xas — ifrat pofiqizmdir. İnsanların öz həyatlarına, təhlükəsizliklərinə biganəliyi.
Təhlükəsizlik kəmərlərinizi mütləq taxın. Həyatınıza qarşı biganə olmayın.
Sonda çox təsir edici bir video çarxa baxmağa dəvət edirəm. Siz yalnız özünüz üçün yaşamırsınız, bunu unutmayın!
Allah bizi qorusun!
Çarxa mütləq səslə baxın. Onda daha təsir edici olur.
Mövzuya dair forumda müzakirələr ↓
Təhlükəsizlik kəməri sizin üçün nədir?
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual