Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Hava. Yessentuki-17. Xəzər Xəbər. Rusiyada qar

Havalar soyumaq bilmir ki, bilmir. Bir gün yağış yağdı, yığılan mənfi enerjimizdən azad olmağa çalışırdıq ki, yenə də bu vaxt üçün anormal  Günəş çıxdı. Özü də fikir vermişəm, fəsil dəyişikliyinin baş verməməsi insanlara çox böyük mənfi təsir göstərir — hər kəs birə-beş aqressivləşib, pessimistləşib. Hələ dili qurumuş sinoptiklərimiz Yanvar ayının “analoqu olmayan” tərzdə isti keçəcəyini proqnozlaşdırırlar.
Nəsə. Hava cəhənnəm, amma məhsulların qiymətləri deyəsən qaynamağa başlayıb — qiymətlər “sakitcə” 20% qaldırılıb. Fakt — digər məhsulları deyə bilmərəm (evə bazarlığı mən etmədiyimdən), amma ev üçün gündəlik aldığım yeganə məhsul — Yessentuki-17-nin qiyməti növbəti dəfə qaldırıldı. Özü də bütün marketlərə baxmışam. Lider AS-dan tutmuş Neptuna kimi. Neptunda Yessentuki-17 (Vim-bil-dam istehsalı olan) 1 manat 10 qəpik, Lider AS-də isə 1 manat 20 qəpiyədir. Keçən il bu vaxtı sözü gedən məhsul cəmi 70-80 qəpik idi. 70 qəpik hara, 1 manat 20 qəpik hara. Bu 70% bahalaşma deməkdir. Dünya birliyi isə hələ də susur. 😆
Digər tərəfdən bu ola bilər sırf Yessentuki-nin Azərbaycandakı rəsmi distributorunun görməmişliyinin nəticəsidir. Hər şey ola bilər. Gündəlik təlabat mallarını alıb, bazarlıq edən şəxslər bunu daha yaşı bilər — digər məhsullarda da artım müşahidə olunur?!

“Dünya birliyi” susmayıb, neynəyəcək axı. Xəzər Xəbər kimi “səviyyəli” bir verlişi olan ölkə üçün 70% inflyasiya hələ azdır. Bu gün təsadüf nəticəsində bu “xəbərlər” verlişinə baxdım. Çox aktual bir xəbəri verirdilər — marşrut avtobusunun siqnalı xarab olmuşdu, dayanmadan duuuuuuldayırdı. Buna görə milləti sorğu sual edirdilər, qara millət də “televizora düşmək” üçün əldən ayaqdan gedirdi. İndən belə maşının təkəri buraxanda, mütləq gərək Xəzər Xəbər əməkdaşlarını çağıram, bundan da aktual xəbər?!
Yazımın əvvəlin də hava ilə başladım, sonunu da onunla bitirirəm. Biz istidən qrilə döndüyümüz bir vaxtda Rusiyada şiddətli qar yağmaqda davam edir. Yolları isə Rusiya (deyərdim bütün post-sovet ölkələri) sayağı təmizləyirlər. Aşağıdakı bir video-çarxa baxın. Deməli iki traktoru birləşdiriblər ki, yanacaq sərf edilsin, gedib desinlər ki, guya yolu təmizlədilər. Əhsən. Belə şeyləri görəndə bir daha əmin olursan ki, bütün bu korrupsiya və özbaşnalığın mənbəyi zəhrimar kommunist təfəkkürüdür, virus kimi yeriyib hər birimizin canına.

Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Azərbaycan İnternetində nələr baş verir (№3)

Növbəti bir ayı da geridə qoyduq. Azərbaycan İnternetində nələr baş verdi? İnqilabi heç nə, həyat öz axarında davam edir. Gəlin bir bir bütün olayları təhlil edək.
Azərbaycan İnternetində yeni virtual mağaza işə başladı — shop.az. Dizayn biraz qarışıq olsa da, işə ciddi yanaşmaları xoşuma gəldi. Test üçün sifariş də verdik. Hər şey gözəl qurulub. Onlayn ödəmə sistemi də fəaliyyət göstərir — GoldenPay. Ölkədə ödəmə sistemlərinin yayımını nəzərə alsaq AzeriCard olsaydı, fikrimcə daha məqsədə uyğun olardı. Yeri gəlmişkən, bizim də onlayn super-market layihəmiz var — bazar.az, amma hələlik onu reallaşdırmağa vaxt çatdırmırıq. İnşallah tezliklə shop.az-a rəqib olarıq. =)
Keçmişin ən populyar saytlarını bir-bir yad edirdim. Növbə dostumuz Fəridin (el arasında Dups kimi tanınır) saytı olan və bir vaxt cavanların ən sevimli saytına gəlib çatdı — az-maz.com. Saytı açdıqda məni sürpriz gözləyirdi. Brauzer məni yönləndirdi tam başqa bir domenə — auto.az. Az-maz.com-un fəaliyyətinə çox güman ki, xitam verilib, amma əvəzində baxımlı bir avtomobil saytı tərtib edilib. Auto.az-da diqqətimi çəkən əsas məsələ — digər yerli (avtomobil profilli) saytlardan öz funksionallığı, yeni texnologiyalardan səliqəli istifadəsinə görə çox fərqlənməsidir. Xeyirli olsun.
Yeni bir bloqa rast gəldim — muntezir.net. Müəllif həddən artıq radikal (ради чего?!), kompromissiz yazılar yazsa da, özünə məxsus ironiya və yumora malikdir. Bu tip radikalizmi nəzərə alsaq, ehtimal etmək olar ki, qardaş çoxdan bu ölkədə yaşamır. =)
Növbəti MilliNet İnternet mükafatına start verildi. Bu mükafatın əsas fərqi — müsabiqədə Azərbaycan dilli saytlara üstünlük verilməsidir. Bunu yalnız alqışlamaq lazımdır. Amma mükafatın təşkilatçısı kimi Azərbaycan İnternet Forumunun çıxış etməsi…
Osman Gündüz. Milli İnternet Forumunun sədri. Onun media qarşısındakı mütəmadi olaraq çıxışlarını, Azərbaycan İnterneti ilə bağlı qayğısını (sözdə olsa belə) daima müşahidə edirik. Hiss olunur ki, insan başqalarından fərqli olaraq çalışır. Amma şəxsən mənim onun səmimiliyinə böyük şübhəm var. Niyə? Səbəbin açıqlayım. Netty-nin mükafatlandırma mərasimi idi. Şəxsi səhifələr nominasiyasında 2 qalib var idi. Biri müğənni Azərinin şəxsi saytı, biri isə ADR-in yaradıcısı böyük Məmmədəmin Rəsulzadəyə aid bir sayt. O zaman juri bilmirdi səsi kimə versin və məhz Osman Gündüzün sayəsi nəticəsində mükafat müğənninin saytına çatdı. Mükafatı qalibə təqdim edən Osman bəy hələ qeyd etməyi də unutmadı — “Müğənni Azərin Azərbaycan üçün çox böyük işlər görür və layiqli olaraq bu mükafatı qazandı”. Əhsən. Azərin Azərbaycan üçün böyük işlər görə bilər, amma məgər onun gördüyü Rəsulzadə və onun irsi ilə müqaisə ediləsidirmi?! Görünür hörmətli Osman müəllim hesab edir ki, bəli, mümkündür.
Netty-dən söz düşmüşkən. Osman bəyin Netty-nin təşkilat komitəsinin üzvü ola-ola yeni bir mükafatı təsis etməsi də mənə qaranlıq qaldı. Ümumiyyətlə, bu Azərbaycan mentalitetinə aid olan bir problemdir. Bir şey ətrafında birləşib, onu daha da təkmilləşdirmək əvəzinə, biz fərdiçiliyi daha üstün tuturuq. Ötən yazılarımda qeyd etdiyim kimi — birisi uğurlu nəsə açdısa, həmən onun kopiyalanmağı prosesinə start verilir. Bu real həyatda Opera Lounge misalında da, virtaulda uğurlu forumların, saytların, mükafatların kopiyalanmasında da belədir.
Ənənəmizə sadiq olub, bu dəfə də Fox.AZ mövzusuna toxunacam. Bir də görürsən kimsə ağzının suyunu tökə-tökə rəy yazır — “Fox.AZ 4 il bundan qabaq sayt idi, indi heç nədir” və sair, və ilaxır. Sair sözünün yerində adətən şəxsi qərəzliklə dolu yazılar olur, o da görünür saytdan hansısa səbəbdən qovulduğundan ürəyində kin qalıb və ya bəziləri kimi bozbaşizmin son həddindən əziyyət çəkərək onu ört-basdır etmək üçün saç uzadıb (guya bununla oldu müasir birisi), böyük-böyük danışıb özünü Azərbaycan İnternetinin tənqidçisi hesab edir.
Cavab verirəm. Kütləvi saytların fəaliyyət profilini elə kütlənin özü müəyyənləşdirir. Fox.AZ isə əyləncə tipli saytdır. Kütlə isə əyləncə dedikdə Röyanı, Rəqsanəni, nəbilim Üzeyiri (Hacıbəyovu yox ha) nəzərdə tutur.
2006-cı ildə digər layihələrə qoşulduğumdan Fox.AZ saytının bağlanmaq təhlükəsi yarandı. Amma son anda dost-qardaşlarla yekun qərarı verdik — saytı 2 nəzarət dairəsinə böldük — portalın bir hissəsi oldu DLE (Data Life Engine) əsaslı və kütləni maraqlandıran, onun istəyi ilə fəaliyyət göstərəcək bloq-xəbərlər (İsti-isti bölümü adı altında), digər hissəsi isə intellektual müzakirələr üçün forum.
Bloq-xəbərlər hissəsini (İsti-isti bölümü) tam olaraq cavan dost-qardaşlar öz nəzarətlərinə götürdülər. Yani o bölüm demək olar ki, məndən 4 ildir ki tam azad və müstəqildir. Forum hissəsi, birdə saytın ümumi dizaynı, proqram təminatına dəstək isə keçdi mənim kurasiyama.
Zaman göstərdi ki, əslində seçdiyimiz bu yol ən doğrusu idi. Çünki portalın bloq-xəbərlər hissəsini gün ərzində unikal İP-lərlə 4000-ə yaxın istifadəçi ziyarət edir, bu da öz növbəsində bizim mobil əsaslı xidmətlərimiz üçün potensial istifadəçi bazasıdır və həmçinin oradakı gənclərin foruma inteqrasiyasını asan edir, forumu yeni istifadəçilərlə təchiz edir.
Onu da qeyd edim ki, aşağı səviyyəli istifadəçilərin foruma keçidini sıfıra endirmək üçün forum və bloq-xəbərlər-də qeydiyyatlar ayrı-ayrılıqda aparılır. Hal-hazırda bloq-xəbərlər bölümündə qeydiyyat tam azaddır. İstənilən şəxs heç bir maneə və xüsusi aktivasiya gözləmədən qeydiyyatdan keçib portalın bloq-xəbərlər hissəsindən faydalana bilər. Amma forumda qeydiyyat həmən aktivasiya olunmur — bütün qeydiyyatlar yoxlandıqdan sonra qəbul edilir.
Müasir Fox.AZ — Bloq-xəbərlər vasitəsi ilə həm kütləni, həm də Forum vasitəsi ilə kifayət qədər intellektual insanları özündə birləşdirir. Portalın gələcək inkaşaf planları isə artıq məlumdur və bununla bağlı ötən yazılarımda bölüşmüşəm. Allah köməyimiz olsun!
Bu dəfə yazım biraz aqressiv oldu. İnciməyin dostlar. Yazılar sırf mənim subyektiv fikirlərim idi. 😉

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom