Azərbaycan xalqı paradokslar xalqıdır. Bir tərəfdən muğama yüksək dəyər deyib, elitar səviyyəyə qaldırdığımız zaman, digər tərəfdən əksəriyyət Üzeyir, Balabəy və sairləri kimi gənclərin analoqu olmayan yaradıcılığının vurğunudur. Bəli, bu belədir. Mobil xidmətlərə gələn sifarişləri nəzərə alsaq, kütlənin 90% Üzeyiri seçir. Nə muğam, nə meyxana, nə də digərləri… məhz Üzeyir. Əslində bu fenomendir, Azərbaycan xalqının özünə məxsus fenomeni. Röya, Rəqsanə, Xumar. İndi də — Üzeyir.
Məsələyə gəlin başqa prizmadan baxaq — təkəbbürdən sinəsinə döyən Elmlər Akademiyamız var, amma faktiki bir işə yaramır. Deyirəm, bəlkə oturub heç olmaya Üzeyir fenomeni üzərində düşünsünlər. Araşdırma aparılsın — kütlə səviyyəsinin bu həddə enməsinin sirri nədir?! Bəlkə öyündüyümüz quruculuq işləri əksəriyyəti əhatə etmədiyindən kütlə daha da deqradasiyaya məruz qalıb?! Bəlkə səbəb təhsildə rüşvətin tüğyan etməsi və bunun nəticəsi olaraq gənclərimizin elmlə deyil, mənasızlıqlarla məşğuliyyətidir?! Hər nədirsə, amma hər kəs susur.
Üzeyir isə öz “yaradıcılığından” qalmır. Bu günlərdə onun yeni bir xiti işıq üzü gördü — Zəngimcell (Full versiya). İndi mobil xidmətlər təklif edən şirkətlər yenidən sifarişlərin pik həddini yaşayırlar. Acaba, bu ne ya?! =)