Bir analoqu olmayan hadisə danışacam. 3 həftə bundan qabaq Bakcell nömrəmi aktiv etmək qərarına gəldim. Balansa 30 manat qoyub, bu nömrədə olan telefonu 2-ci telefon kimi test etməyə başladım. Klass abonenti olduğum üçün mənə bonus kimi 250MB İnternet də verdilər + 35MB İnterneti də özüm sifariş etdim. Telefonun ayarlarından trafikə nəzarət funksiyasını aktiv etdim. Bundan əlavə — demək olar ki, bütün günü ofis və evdə Wi-Fi-dan istifadə edirdim. Amma bütün bunlara və telefonun ayarlarının hələ cəmi 229 MB mobil trafikin sərf olunduğunu göstərməsinə baxmayaraq, fevral ayının 12-si Bakcell balansımdakı 30 AZN pulu silib + hələ 18 AZN-də borc yazdı.
Bir gün sonra yolum Yasamalda yerləşən bir Bakcell diler mağazasından düşdü. Fürsətdən istifadə edib, dedim bunlardan soruşum, bəlkə məsələnin nə yerdə olduğunu bilələr. 20 dəqiqə Bakcell təmsilçisini gözləmişəm, nəsə edirdi. Nəhayət Bakcell təmsilçisi gəlib mənə deyir ki, sizin telefonda 3G funksiyası açıqdır, onu və İnterneti bağlayın, pulunuz uçmasın. Deyirəm, mənə elə lazım olan 3G, İnternet funksiyalarıdır, siz mənə deyin görüm 48 AZN nəyə sərf olunub. Yenə 3G-ni, İnterneti söndürmək məsləhətindən başqa tutarlı cavab almadım. Daha sonra Bakcell-də faktura kəsilmə vaxtının ayın neçəsi aparıldığını soruşdum, ümumiyyətlə fakturanın nə olduğunu bilmədilər. =)
Zəng etdim Bakcell-in 555 Müştəri Xidmətinə. Telefonu cavan oğlan götürdü. Deyir, bəs siz 480 MB İnternet sərf etmisiniz, o da edir 42 AZN. Daha sonra bir də 555-ə zəng etdim. Bu dəfə xanım qız götürdü və nisbətən dolğun informasiya verdi. Sən demə mən 10 fevrala kimi mənə bonus verilən 250 MB + 35 MB-ni istifadə etmişəm. Ayın 11-i isə 42 (!) manatlıq mobil İnternet istifadə etmişəm. Bu başı bəlalı 42 AZN-lik mobil trafikin nəyə və necə istifadə olunduğu haqda isə Bakcell təmsilçisi məlumat verməkdən boyun qaçırdı…
1 günə 42 manatlıq İnternet trafik… Özü də 2-ci telefonda… Nə videoya baxmışam, nə də albomlar açmışam… Allah insafınızı kəssin!