Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Rusların Türkiyə sərgüzəştləri… (Görüntülərdə söyüş var!)

Bu videonu bu gün gördüm. Özünü elitar xalq elan edib sinəsinə döyən, digərlərinə yuxarıdan-aşağı baxan, şovinizmdə boğulan bir xalqın nümayəndələri görün Türkiyədə özlərini necə aparırlar. Özü də bir arağa görə! Budur bunların mədəniyyəti?!
Hadisə isə belə olub — Rus turistlərinin həddən artıq arağ qəbul etdiyini görən türk barmenlər onlara bir daha arağ süzməkdən imtina edirlər. Rus xanımın reaksiyası isə özünü gözlətmir, axı onun hava-suyunun qarşısı alınıb. =)

Digər biabırçılıqlar…




Mövzuya dair forumda müzakirələr ↓
Rusların Türkiyə sərgüzəştləri…

Qəddafisiz Liviya. Fikirlər…

“Məni öldürə bilməzsiniz, çünki yaşadığım yerə çətin əliniz çata — insan qəlbləri sizlər üçün qapalıdır. Fiziki olaraq məhv etsəniz belə, bilin, mən milyonların qəlbində əbədi yaşayacam!” Polkovnik Qəddafi. 13 May, 2011-ci il.
Polkovnik artıq fiziki olaraq məhv edildi. Deyilənə görə, indi onun meyitini Misurata supermarketlərinin birində ət-toyuq üçün nəzərdə tutulan soyuducuda (!) saxlayıb, gələn-gedənə göstərib, öyünürlər. Bambılılar… Açığı, mən son video-görüntülərə kimi diktator Qəddafiyə qarşı çox böyük antipatiyam var idi. Amma bu barbarlığı, kütlənin küt vəhşiliyini görüb, dəhşətə gəldim. Bu insanlara bəyəm demokratiya yaraşır?! Yox. Bunlar nə bilir axı demokratiya nədir, 100% əminəm ki, birazdan başlayacaqlar bir-birlərinin də ətini yeməyə. Belə kütlə ilə Liviyada vətəndaş, qəbilələr arası müharibələr qaçılmazdır.
Ən acınacaqlısı isə vəhşilikləriт “Allahu Əkbər” sədası altında edilməsidir — Allahı nə qədər ucuz tuturlar… Belə kadrlardan sonra sivil dünyada Allahı şeytana bərabər tutsalar təəcüblənməyin. Neoquldarlıq planının yaradıcılarına da elə bu lazımdır — xalqları, dindarları bir-birlərinə qarşı daha da aqressivləşdirib, bölmək — belə idarə etmək daha da asandır.
Baş verən olaylarla bağlı keyfiyyətli video görüntüləri tapıb, bir çarxa birləşdirdim, izləyin. Qəddafi ailəsi nə qədər qəddar belə olsa, bu hərəkətləri edənlər, onlardan artıq deyillər…

***
Aprel ayında işıq üzü görmüş bu rus çarxında isə Qəddafinin alçaldıcı (digərlərinə dərs olsun deyə) şəkildə öldürüləcəyi iddia olunur. İddia reallığa çevrildi.

***
Rusiya siyasətinin ən hörmət etdiyim simalarından biri — Maksim Şevçenko Qəddafinin ölümü və onun səbəblərini şərh edir.

***
Bu isə kremlin qeyri-rəsmi klounu Jirinovskinin Liviyadakı situasiyaya dair hələ Mart ayında verdiyi proqnozlardır. Demək olar ki, bütün dedikləri təsdiqini tapdı. Həqiqətən, müsəlman ölkələrini hələ çox bəlalar gözləyir…

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Müstəqillik düşüncələri…

Müstəqilik. Sözsüz ki, bu danılmaz bir nemətdir. Dövlətimiz, sevimli bayrağımız var. Bir gerbimizdən xoşum gəlmir (primitiv olduğundan), amma ona da canımız qurban. Yaxşı, bəs bu populist arzulardan başqa müstəqillik bizə nə verdi?!

Ən böyük nailiyyət:

  • Müstəqillik bizə öz ana dilimizi, dinimizi anlatıb, türk əslimizi dərk etməyə yol açdı.

Digər nailiyyətlər isə:

  • Müstəqillik danışıq leksikonumuza “siyasi məhbuslar”, QHT, “yırtıcı müxalifət”, “deskruktiv” və ən əsası “analoqu olmayan” kimi möhtəşəm sözlər gətirdi;
  • Müstəqillik bizə Siyavuş Novruzov, Zahid Oruc, Balıq Hafiz kimi qərəzsiz siyasətçilər bəxş etdi;
  • Müstəqillik həm də bizə ANS, Yeni Müsavat vasitəsilə “əsl” vətənpərvərliyi öyrətdi;
  • Müstəqilliyimiz millətimizə yeni dəb — hacı olub, o adın arxasında gizlənib, istənilən çirkin işi görmək şəraiti yaratdı.
  • Məhz müstəqilliyimizin sayəsində indi Bakı küçələrində Bentley, Rolls-Royse kimi bahalı brend maşınlarını GÖRÜB, vətənimiz üçün ürək dolu fərəh keçirə bilirik;
  • Müstəqilliyimiz təhsilimizin, səhiyyəmizin səviyyəsini dünya liderləri sırasına çıxardı. Əbəs yerə hər 4 mininci vətəndaşımız professor deyil ki… 😉
  • Müstəqilliyimiz bizə 1 milyon qaçqın, erməniyə isə torpaqlarımızın təslim olunmasını bəxş etdi;
  • Müstəqillik bizə Eurovision qalibiyyəti sevincini, bayrağımızın tərs tutulduqda isə məyusluq hissini yaşatdı;
  • Müstəqillik bizə özümüzü Avropanın bir hissəsi olmağı hiss etdirdi. İndi bəziləri mini yubka geyməyən qıza bir-təhər baxırlar;
  • Müstəqillik maşınlarımıza AZ işarəli nömrələr, saytlarımıza .AZ üst domen adı bəxş etdi;
  • Müstəqilliyimiz yalan danışıb, şərləyib, üzə durmaqla çox asan karyera qurmağın yollarını aşkar etdi;
  • Müstəqillik bizə kompleksləşmiş gənclik və onun fəsadları olan avtoş və psevtotolerantlıq hərəkatlarını bəxş etdi;
  • Müstəqilliyimiz həmçinin manıslar üçün də düşərli oldu. İndi bir toya 5-10 minə gedirlər;
  • Müstəqilliyimiz bizə körpülər, yollar bəxş etdi. O yolları ki, qeyri müstəqillik dövrünün qalıqları olan bəzi qurumlar qazıb-doğramaqla məşğuldur;
  • Müstəqillik Bakımızın 1.000.000 dəfə kiçildilmiş Dubai-a bənzədilməsinə yol açdı;
  • Müstəqillik bizə yeni nəslin nailiyyətlərindən olan Flashmobun düşük formalarının şahidi etdi;
  • Müstəqilliyimizin ən böyük bəxşişlərindən biri də — TV-lərdə maqazin verilişləridir. Əsasən də evdar xanımlarımızın qəlbinə yol tapan Dilarə kimi aparıcıların bəxş edilməsini qeyd etmək istəyirəm;
  • Müstəqillik həmçinin bizi əsrin neft kontraktlarından gələn böyük pulların ŞAHİDİ etdi, yalnız şahidi…;
  • Müstəqilliyimiz bizə regionda ən şişirdilmiş qiymətlərin nə olduğunu başa saldı;
  • Müstəqilliyimiz əksər dünyanın artıq 4G-ə keçdiyi vaxtda, bizim öndə gedən operatorlarımızın hələ də 3G həsrəti ilə alışıb-yanmasına yol açdı;
  • Müstəqilliyimiz dövlətin təməlini qoyan insanların adlarına, abidələrinə biganə yanaşılmasını adiləşdirdi;
  • Və sonda… “Müstəqillik gününün” qeyri-iş günü olmaması dünya tarixinə qızıl hərflərlə yazıldı…

20 il çox qısa bir zamandır. Azərbaycan indi sanki bir körpə tək addımlayır. Görək axırı necə olacaq… İnşallah hələ uğurlarımız qabaqdadır.
Müstəqillik bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Müstəqillik bayramınız mübarək!

Nokia Tune dəyişdi…

Nokia-nın başına daş — nəhəng şirkət gözümüzün önündə əriməyə davam edir, ümidi bir Microsoft-du, o da tutar qatıq, tutmaz Nokianın sonu. Axirət dünyasına qədəmini basmağa hazırlaşan şirkət öz rəsmi “himnini” dəyişmək qərarı verdi. Himn deyərkən Nokia telefonlarında alışdığımız Nokia Tune melodiyasını nəzərdə tuturam. Bunun üçün əməlli başlı sayt da açdılar, istənilən adam yaratdığı kompozisiyasını ora yükləyib, səsvermədə iştirak edə bilərdi.

Səs vermə bitdi. Yüzlərlə maraqlı kompozisiya içində bəlkə deyərdim ən zövqsüz birini seçib (kütləvi internet səsverməsinə rəğmən!) qalib elan etdilər. Qalib kompozisiya Nokia Tune Dubstep Edition adlanır. O cəmi 1394 səs toplayıb (708-ci yer). Halbuki, 39494 səs toplamış təkliflər də var idi.
Mənim favoritim isə Progressive Nokia adlanırdı. Çox gözəl, müasir ritmli və ən əsası səviyyəli bir kompozisiya idi. O 13233 səs toplayıb (12-cü yer), amma Nokia başbilənləri qalibiyyəti ona deyil, dediyim kimi 1394 səs toplayan mənasızlığa verdilər. Nokia-nın gələcəyini elə bu yenilik aydın göstərir…
Mahnıların siyahısı ilə bu saytdan tanış ola bilərsiniz — http://nokiatune.audiodraft.com
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Professorlar ölkəsi!

Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır. 

Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 8 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!
PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir.
Mövzuya dair forumda müzakirələr ↓
Professorlar ölkəsi!

Oktyabrın ən maraqlı Youtube videoları

Çoxdandır yalnız siyasi mövzularda yazıram. Özüm də bezdim. “Donquli” ənənəyə sadiq olaraq, Youtube videolarını mütamadiləşdirəcəm. Başlayaq. =)
Deyəsən Siyasi kloun Sarkozini yerində oturmayan adam qalmadı, amma zalım yenə də səviyyəsiz adətindən əl çəkmir. Quyuya su tökməklə dolmaz deyiblər, bu da onun kimi bir şeydir. Növbəti dəfə məşhur klounu Türkiyə Cümhuriyyətinin baş Naziri, əsl natiq cənab Racep Tayyip Erdoğan yerində oturtdu. Növbəti və növbəti dəfə…

Daha bir möhtəşəm müraciət. Bu dəfə Mr.Freemandan Rusiya prezidenti Medvedevə. Əvvəlki yazılarda qeyd etdiyim, Medvedevin kini üzə çıxmaqdadır. Dedim guya siyasət olmayacaq, ha. =)

Bu videonu gördükdə, videoda bəhs edən şəkli çəkən qaqaşın (deyəsən yapondur) əl qabiliyyətinə valeh oldum. Çox harika.

Etiraf etmək lazımdır ki, xarici ölkələrdə qarşılaşdığımız aeroportlarla müqayisədə müasir Bakı Aeroportu kiçik bir əyalət aeroportunu xatırladır. Amma tezliklə bu stereotipə son qoyulacaq — yeni aeroport gəlir! Bir bəzi mədəniyyətsiz personalı da dəyişsələr, dərdimiz olmaz.

Gizli kamera. İnsanlar işə düzəlmək üçün müsahibəyə gəliblər. “SekretUtka” girir müdirin otağına. Elə bu vaxt onun əri gəlir, özü də tapança ilə. Müsahibəyə gəlmiş insanların bu olaya reaksiyası çox maraqlıdır. =)

Və sonda… Həm gülməlidir, həm də ağlamalı…

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Liviyadakı müharibə bankirlərin sifarişidir?!

Liviyada baş verən olaylara dair o qədər versiyalar, müxtəlif fikirlər bildirilib ki, adam bilmir nəyə inansın. Versiyalar həqiqətən çox və müxtəlifdir. Aşağıda təqdim olunacaq fikir isə şəxsən mənə daha inandırıcı gəlir — neoquldarlıq + bankların total hakimiyyəti. Bu versiyanın əvvəllər də irəli sürülməsinə baxmayaraq, nədənsə yalnız indi tam ciddiliyi ilə müzakirəyə buraxılıb.

Rusların Müəmmar sevgisi tükənməzdir! =)

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Analoqu olmayan siyasi polemika

Azərbaycan siyasi arenasında bu saat analoqu olmayan bir polemikanın şahidiyik. Polemikanın tərəfləri — Ana Vətən Partiyasının sədri Fəzail bəy Ağamalı və Azərbaycanın ilk prezidentinin sözcüsü rolunu yerinə yetirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadədir. Hər ikisinin şəxsiyyəti, siyasi fəaliyyət və baxışlarını kənara qoyub, bu qalmaqallı polemikaya nəzər yetirək. Qalmaqal isə Eks-prezidentlərin və onların ailə üzvlərinin statusunu müəyyən edəcək qanun layihəsinin Milli Məclisdə müzakirələri ilə bağlı məlumatlar yayılandan sonra baş verib. Belə ki, ilk zərbəni yetirən Fəzail bəy, daha sonra Araz bəydən cavab zərbəsi alıb.

 Xronologiya:
1. Fəzail bəy qanunun eks-prezident Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxıb. Sitat — Hamıya bəllidir ki, indiki Azərbaycan dövləti Azərbaycan Sovet Sosialist Respublikasının varisi deyil və onun nə atributlarını, nə idarəetmə sistemini, nə də digər sahələrini özündə ehtiva edir. Ona görə bu qanun Ayaz Mütəllibova şamil oluna bilməz.
2. Buna cavab olaraq Araz bəy Əlizadə daha kəskin olub. Sitat — Qanun qəbul olunandan sonra məsləhət görərdim ki, Fəzail Ağamalı gedib su içsin. Milli Məclisin tualetlərində su yaxşı və keyfiyyətlidir. İnanmıram ki, kimsə Fəzail Ağamalının dediklərinə ciddi yanaşsın. Onun sözlərində hər hansı məntiq axtaran varsa, ona yazığım gəlir. Heç bir şüurlu adam Fəzail Ağamalının sözlərində məntiq tapmaz. Fəzail Ağamalının sərgilədiyi mövqe ondan ibarətdir ki, o, Roma papasından daha çox katolik olmaq istəyir.
3. Daha sonra estafeti yenidən Fəzail bəy götürüb. Sitat — Mən həm millət vəkili, həm də vətəndaş kimi istənilən məsələ barədə söz demək hüququna malikəm. Millət vəkili kimi mən hansısa məsələ barədə mətbuatda, tədbirlərdə sərbəst fikir söyləyə bilərəm. Mən hansısa məsələyə münasibət bildirərkən, fikir söyləyərkən təhqiramiz ifadələr işlətmirəm. Amma Araz Əlizadə mənim fikirlərimə münasibət bildirərkən tərbiyəsinə uyğun ifadələr işlətməkdən çəkinməyib. Bu ifadələr onun tərbiyəsinin göstəricisidir. Görünür, onun mayalanması tualetdən başlayıb və bu ifadə onun təhtəlşüurunda yer alıb. Ona görə də yeri gəldi-gəlmədi bu ifadəni işlədir.
4. Araz bəyin əks zərbəsini Səməd Vurğunun şeri ilə başlayıb. Sitat — Mayan turş ayrandır, zatın qırıqdır. İlandan, əqrəbdən yar ola bilməz. Bu, mənim ona cavabımdır. Ondan fərqli olaraq hər kəlməmin mənasını və qiymətini dərk edirəm. O, müsahibəmdə bir tərbiyəsiz söz tapsa və məni məhkəməyə verməsə, ata-anasından bixəbərdir.
Sözsüz. =)
Mövzuya dair forumda müzakirələr ↓
Analoqu olmayan siyasi polemika

Əfsanənin sonu…

Stiv Jobs bu gün vəfat etdi. Ola bilsin ortastatistik Nokia və Windows sevər istifadəçiyə bu ad heçnə demir, amma bir çoxları üçün bu insan və onun keçdiyi həyat yolu əsl məktəbdir.
Texnoloji titan, əfsanə, kreator və gözəl marketoloq Stiv getdi. Stiv həm də milyarder idi. Milyarderləri adət üzrə heç kim sevmir, səbəbi də ya adi cılız paxıllıq, ya da milyarderin milyardlara yiyələnmə metodudur. Amma bu gün dünyada total Stiv məhəbbətinin şahidi oluruq. Dünya liderləri, sadə insanlar, qlobal informasiya agentlikləri, TV və radiolar həmrək olub bu sadə və zəhmətkeş insanı yad etdi. Niyə? Çünki bu insan hər şeyə öz zəhməti sayəsində yiyələnib. Bizim neft pullarımız sayəsində şişib sinəsinə döyənlərə örnək olsun.

Stiv mənim də həyatımda böyük rol oynayıb. Adını çox eşitdiyim və həsrətində olduğum Macintosh kompüterini ilk dəfə 2000-ci ildə CBS poliqrafiya şirkətində gördüm. Çox qeyri-adi, fantastik və individual bir kompüter idi. Mac OS-lə o vaxtdan tanışlığım başladı. O vaxtlar Stiv Apple-a yenicə qayıtmışdı, şirkətin işləri elə də yaxşı getmirdi. Update-lər gec-gec çıxırdı, Mac-lar bir növ funksionallıqda Windows-a uduzurdu + bizim millətin Corel Draw sevərliyi Mac-dan istifadəni çətinləşdirirdi. Daha sonra İnternet erası başladı. Bu eranın ilk günlərində öndə gedən Macromedia şirkəti (sonda Abode tərəfindən uduldu) demək olar ki, bütün proqramlarını Windows platforması üçün nəzərdə tuturdu. Elə bu səbəbdən də, 2003-ci ildə Mac-dan tam ayrıldım, Windows-a keçdim… ta 2006-cı ildə yenidən iMac-ı görənə kimi. Gördüm — yenidən vuruldum. 2006-cı ildən etibarən Mac OS X istifadəçisi oldum. Bu il isə təmamilə Mac-a keçdim.
Stiv getdi. Amma ümid edirəm Apple erası hələ davam edəcək. Çünki zaman göstərdi ki, heç bir şirkət Apple qədər istifadəçilərə dəyər verib həyatımızı asanlaşdıra biləcək qədər sadə və orijinal məhsullar təqdim etmir.
Sonda əfsanəvi Stivin əfsanəvi çıxışını təqdim edirəm. Mütləq izləyin:


Mövzuya dair forumda müzakirələr ↓
Steve Jobs – “Apple”in qəhrəmanı vəfat etdi!

Medvedevi necə "sındırdılar"?!

Rusiya siyasəti bu saat dəhşətli intriqalar arenasını xatırladır. Putin Medvedevin 2-ci səfər prezident olma ambisiyalarının üstündən xətt çəkdikdən sonra, o küncə sıxılmış heyvana bənzəyir. Küncə sıxılmış heyvan isə gözlənilməz addım ata biləcək qədər qorxuludur. Belə ki, dünən Medvedev Putinin ən yaxın silahdaşı, 15 ildən çox onunla eyni komandada çalışan Aleksey Kudrini gözlənilmədən alçaldıcı şəkildə işdən qovdu. Buna hələ qayıdacam. İndi gəlin Medvedevin bu hala necə çatdırılmasına nəzər yetirək.

Medvedevin Putinin istəyinə rəğmən prezident olma planı isə belə idi:
1. Milliarder Proxorovun pulları hesabına gücləndirilən və əsasən “yenilikçilərin” yer aldığı “Pravoye delo” (Dürüst iş) hərəkatı vasitəsilə Dövlət Dumasına keçid edir.
2. Sonra Proxorov geriyə çəkilir və Medvedev hərakatın adından prezidentliyə namizəd olur.
Amma bu planlar baş tutmadı — Proxorov ondan istifadə olunduğunu anlayan kimi, Medvedevin planlarını alt-üst edib partiyanı tərk etdi — partiya məhv oldu.
Proxorovun ən yaxın silahdaşlarınından olan Nadejdinin bu olayı təstiqləyən etirafı gizli şəkildə qeydə alınıb və Youtube-da yerləşdirilib.

Bundan sonra Medvedev təkləndi və Putinin təklifini qəbul etmək məcburiyyətində qaldı — Putin növbəti seçkilərin nəticəsi kimi prezident olur, Medvedev isə Baş Nazir postu ilə kifayətlənir. Putinpərəst “Edinaya Rossiya”-nın (Bütöv Russiya) qurultayında Medvedev rəsmi olaraq geri çəkildiyini bəyan edəndə, onun gözlərindəki kin açıq-aydın hiss olunurdu. Hətta Medvedevin yaxın ətrafı da öz emosiyalarını gizlətmirdi — Medvedevin köməkçilərindən biri qurultay vaxtı Twitter hesabında yazmışdı — sevinməyə heç bir səbəb görmürəm. Kin isə dünən özünü bildirməyə başladı — Putinin ən yaxın silahdaşı kameralar önündə danlanıb, işdən qolandı.

Bu video görüntüdə Medvedevin Kudrinin “Baş nazirlə məsləhətləşərəm” sözünə necə qısqanc və əsəbi şəkildə reaksiya verdiyinə fikir verin. Fikrimcə Medvedevin kini bununla bitən deyil. O artıq “əl altı” prezident imicindən bezib. Tandemin özlərinin etiraf etmədiklərinə baxmayaraq, onlar arasında mübarizə açıq müstəviyə çıxır və bu Putin üçün yeni itkilərlə bitəcək. Geri çəkilən Putini görüb, ruhlanan Medvedev isə ola bilsin 3-4 aydan sonra, qərarını dəyişib yenidən prezident olmaq sevdasına düşsün.
İstənilən halda bu intriqaların baş verməsi bizim (Azərbaycan) üçün xeyirlidir. Nə qədər bu kimi kompromat müharibəsi olsa, ruslar bir o qədər zəifləyər. Unutmayaq ki, bizim əsas bəlamız elə Rusiyadır.
Mövzuya dair forumda müzakirələr ↓
Medvedevi necə “sındırdılar”?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom