Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Macbook Air. Apple əfsanəsi yeniləndi!

Başımız deputatlığa namizədlərin traqikomik çıxışlarına o qədər qarışıb ki, texnoloji aləmin əfsanəsi — Macbook Air-in yenilənməsi xəbərini sükutla qarşıladıq. Rus demişkən — а зря.
Beləliklə, Apple bu günlərdə tam yenilənmiş Macbook Air-i təqdim etdi. Dünyanın ən nazik noutbuku kimi təqdim olunan Air-in eni cəmi 1,7 sm-dir! Yeni Air-lər 2 variantda buraxılacaq — 11.6 düymluq (ekran ölçüləri 1366х768 piksel) və 13.3 düym (1440х900 piksel). Hər iki modelin ekranı touch-pad (sensorlu) və multi-touch texnologiyasını dəstəkləyir. Hm… iPad üçün rəqib? Məncə, yox. Gözəlçələrin ən ağırı 1 kilo 300 qramdır.
Texniki göstəricilər — Core 2 Duo 1.86 GHz (13 düymluq modeldə 2.13 GHz), operativ yaddaş 2 (4 GB), NVIDIA GeForce 320M video-kartı. Modellərin Wi-fi, USB və hətta DisplayPort dəstəyi də var.
Əsas məsələ — qiymətidir. Amerikada 11 düymluq model 1299 USD (+128 GB flash yaddaş), 13 düymluq model isə 1599 USD (+256 GB flash yaddaş) dəyərində olacaq. Azərbaycanda isə Alma Store-un monopoliyasını və hal-hazırki modellərə olan qiymətləri nəzərə alsaq yeni Air Bakıda ən azı 2000-2500 manat civarında olacaq. Bu da dollarla eləyir 2400-3000 USD. Analoqu olmayan qiymətlərimiz hal-hazırki modellərdə də özünü göstərir. Belə ki, Alma Store mağazalarında köhnə model Macbook Air 2099 AZN-ə satılır. Əhsən.


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Aran zonasına səfərim. Google Maps möcüzəsi

Bu gün İnşallah Aran zonasına səfərə çıxıram. Fürsətdən istifadə edərək Google Maps möcüzəsi olan yeni Latitude xidmətini testdən keçirmək fikrindəyəm. Deməli Google Latitude nədir?! Google Latitude vasitəsilə mənim ölkə üzrə bütün hərəkətimi canlı olaraq izləyə bilərsiniz.
Xidmətə dair fikirlərinizi bilmək maraqlı olardı.

Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about
Allah bizi qorusun, İnşallah!
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Corel Draw. Day.az. 1news.az. Fikirlərim

Fikirlərim bu arada yaman qatışıqdı. Qatışıq olsada hər biri ilə bir-bir Sizləri tanış edəcəm. Qabaqlar heç vecimə olmasada, amma son vaxtlar ölkəmizdəki çoxsaylı poliqrafiya şirkətlərinin “biz Adobe Illustrator-la işləmirik” ifadəsi məni yaman qıcıqlandırır.
Özüdə kimlər… Azərbaycanın deyərdim ən böyük poliqrafiya və çap şirkətləri… hansı ki, özlərini professional yox e, bəşəriyyətin ən son texnoloji yeniliklərini cəmləşdirən bir mərkəzi sayırlar. Sualıma, bəs a bala onda day bu nə professionallıq oldu, əgər Adobe-la işləmirsiz?! Deyirlər — bilirsiz biz bütün işləri Corel Draw-da qəbul edirik, Illustratorda işləyənimiz yoxdu.
Corel Draw. Azərbaycan dizaynerlərinin Corel sevgisi haqqında bəlkədə dastanlar yazmaq olar. İnkar etmək olmaz — Corel gözəl proqramdı, yeni öyrənənlər üçün tapıntıdı, amma professional deyil. Ümumiyyətlə Adobe Illustrator ilə Corel Draw-ı müqayisə etmək düzgün deyil. Bu kiçik bir göllə böyük bir okeanın müqayisəsinə bənzəyir. Corel Draw-da gözəl bir şey yaratmaq olar, amma müəyyən çərçivədə. Illustratorda isə bu maneələr, çərçivələr yoxdur, imkanlar hədsizdir. Illustratorun Corel qarşısında yeganə mənfi cəhəti onun kifayət qədər qəliz olmasıdır… Amma bu özünü “professional” adlandıran şirkətlər üçün heçdə keçilməz sədd olmalı deyil. Nəsə… indi biz məcburuq işləri Illustratorda yaradıb, sonra Corel Draw-a keçirək. Amma bütün dünya adətən bunun əksini edir. Deyirəm, Maşallah bizim ölkə hər cəhətdə “analoqu” olmayandı.
Day.AZ
Corel Draw qrafik paketi ümumiyyətlə 11-ci versiyasından sonra inkişafdan dayanıb. 11-dən başlayaraq onlar “tupo” Adobe-u klon etməyə çalışırlar. Amma necə deyərlər iş-işdən keçib, qatar da çoxdan gedib… İndi bizim də bir vaxtlar populyarlığından alışıb yanan Day.Az xəbər portalı bu qatarın dalınca nə qədər qaçsa xeyri yoxdu. Gül kimi xəbər portalını çevirib elədilər “popsovıy” mail.ru-nun klonu. Eləbildilər yerli odnoklassniki.ru olacaqlar, amma yanıldılar. Azərbaycan İnternet məkanının miqyası Rusiya ilə müqayisə edilən deyil. Nəticədə Day.AZ öz ciddiliyini, deyərdim xarizmasını itirdi, növbəti əyləncə portallarının birinə çevrildi. Gündəlik bu saytdan istifadə edən şəxslər isə həndəsi proqresiya ilə azaldı. Maraqlı bir fakt — Day.AZ popsalaşandan sonra ilk10.az kontur sisteminin göstəricilərinə görə digər informasiya saytları, əsasəndə musavat.comazadliq.info ən azı 2-3 dəfə istifadəçi sayını artırıblar. Belə görünür, Day.AZ-ı loyallaşdırmaq planı əks təsir verib, istifadəçilər tam fərqli mövqe tutublar.
1news.az isə Day.az-ın itirilmiş pozisiyasına göz tikib onu tutmaq istəsədə, fikrimcə xeyri yoxdu. Bu İnternet nəşr mənə Xalq Qəzetini xatırladır. Ümumilikdə yerli rus dilli İnternet nəşrlərdə son vaxtlar sabunu həddən çox edirlər, ifrata varırlar. Buda son nəticədə oxucunun itirilməsi deməkdir. Unutmaq lazım deyil ki, İnternetdən adətən cavan və proqressiv nəsil istifadə edir, İnternet TV deyil və o səbəbdən azcada olsa obyektivlik mütləqdir.
Bir tərəfdən onları qınamaq da olmur — bu tip nəşrlər adətən xarici ölkələr üçün (elə bədnam qonşularımız da bura aiddi) təbliğat rolunu oynayır, deməli kiçik şişirtmələri onlara bağışlamaq olar.
Nəsə. Düzələr İnşallah. Təki salamatçılıq olsun.

Windows Phone 7 efirdə!

Çoxdandır ki, anons edilən Windows Phone 7-i nəhayət ki, bu gün rəsmi olaraq anons edildi. Mobil telefon istehsalçıları da həmən öz modellərini göstərdilər.
İlk olaraq səs LG-dən gəldi. LG Optimus 7 adlı yeni qadjet “touch-screen” ekranlı (resolution 800×480 px), 5 megapikselli HD çəkilişi aparmağı bacaran kameraya malik, 16GB daxili yaddaşlı və Wi-Fi dəstəkli bir mobil telefondur.

Daha sonra xəbər LG-nin yerlisi Samsungdan çıxdı — Samsung Omnia 7 (GT-I8700). Çox gözəl xarici görünüşü var.
Samsung-un özüdə Super AMOLED tipli ekranı olacaq. Amma ekranda LG-dən güclü olsa da, yaddaş sarıdan uduzur — 8 GB. Digər xüsusiyyətləri LG ilə demək olar ki, eynidir.


Ən sonda isə HTC söz aldı. Microsoft-un HTC-nin səhmlərinin bir qisminin sahibi olması özünü göstərdi — Samsung və LG hərəyə bir telefon təqdim etdilərsə, HTC düz 5 telefon təqdim etdi. Özü də yeni seriya altında. Telefonların xarakteristikaları rəqiblərə oxşardır — bütün telefonlar 5 meqa-piksellik kamera (Bircə HTC 7 Mozart modeli 8 meqa-piksellik kamera ilə) və 1 GHz-lik Qualcomm prosessoru ilə təchiz olunur.

Hər model bir seqment üçün nəzərdə tutulub.
HTC 7 Trophy — ən sadə model. Standart funksiyalar ilə.


HTC 7 Mozart — əsas üstünlüyü kameradır. Özü də ksenon işıqla.


HTC 7 Surround — slayder tipli bu telefon gözəl akustik xüsusiyyətlərə malikdir.

HTC HD 7 — əsasən video-ya baxmaq üçün nəzərdə tutulur. Hələ açılan ayaqcıqları da var — olur kiçik televizor. =)


HTC 7 Pro — QWERTY klaviaturalı telefondur. İş adamları üçün nəzərdə tutulur. Mini laptop.

Mövzuya dair forumda müzakirələr ↓
Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Azərbaycan İnternetində nələr baş verir (№2)

Azərbaycan İnternetində baş verən hadisələrə dair bölüşdüyüm fikirlərimlə bağlı yazımdan bir xeyli vaxt keçib. Amma aktivlik gözlədiyimiz Sentyabr ayının gəlişinə baxmayaraq, hələlik qeyri-adi bir yenilik müşahidə edilmir. Əksinə, deyərdim bəzi saytlar daha da passivləşib, paslanıblar.
Başlayaq Azərbaycanda İnternet qoşulmanın qiymətlərinin azalmasına dair vədlərdən. Deyəsən bu vəd də çoxsaylı vədlər kimi yalnız söz olaraq qalacaq. Bu “xoş xəbər”in verilməsindən ay yarım keçməsinə baxmayaraq qiymətlərdə hələlik heç bir dəyişiklik yoxdur.
Aznet
“Sosial Yeniliklər Düşərgəsi”ndən sonra Bloqosfer 2010 keçirilməsi barədə elan olundu. Aktiv gənclərin bu tip yığıncaqlar keçirməsi alqışa layiqdi. Dəstəkləyirəm. Yığıncağa (foruma) da kölgə salmaq fikrim yoxdur, lakin təşkilatçılar arasında məlum Soros fondunu, Amerikanın USAİD təşkilatını, Amerikanın ölkəmizdəki səfirliyinin adını görəndə… nəzərə alsaq ki, Sem dayı heç nəyi təmənnasız etmir, onda onun seçki öncəsi “stavkanı” aktiv gənclərə etdiyi məlum olur. Bir-iki layihəyə sərmayə buraxıb gəncliyi ələ almaq üçün bu tip yığıncaqlar ideal məkandı. Amma ümüd edək ki, bizim gənclik də bu kimi tələlərə düşən deyil — Sem dayını iqnora atıb, forumdan sırf özlərinin, Azərbaycan İnternetinin inkişafına dair nəticələr çıxararlar.
Keçən yazımda qeyd etdiyim kiçik amma faydalı proqram (vidjet) — Ramazan təqvimi — başladı şıltaqlığa. Proqramı yaradanlar sağolsunlar, böyük savab sahibi oldular. Amma Ramazan bitdi — proqram işləmədi. Daha doğrusu mənə belə bir təklif elədi — Kataloq.NET köməkçisinin yeni versiyasını yükləmək üçün SIXIN. Sıxdım. Brauzer səhv səhifəyə keçid etdiyimi göstərir. Deməli proqram artıq yararsızdır. Pozmaq istədim. Burada isə məni sürpriz gözləyirdi. Sən demə bu proqramı pozmaq mümkün deyil. Daha doğrusu öyrəşdiyimiz “UNINSTALL” faylı mövcud deyil. Yeganə çıxış yolu vidjeti AUTOSTART menudan pozmaqdır. Vəssalam. Bizdən yalnız növbəti Ramazanda proqramın daha mükəmməl versiyasın gözləmək qalır.
Odnoklassniki.ru-nun ölkəmizdə kifayyət qədər istifadəçisi olduğunu nəzərə alıb, onun Azərbaycan İnternetinə aidiyyatı danılmazdır. Sonunu hiss edən bu xidmət artıq qeydiyyatları pulsuz aparır. Amma nə faydası. Rəqiblərinin təklif etdiyi “flexible” sistemlərə öz hərəkətsizliyi ilə uduzan odnoklassniki.ru-nun süqutuna artıq heçnə mane olan deyil. Çünki buna bir neçə obyektiv səbəblər var:

  1. Artıq qeyd etdiyim kimi, digər sistemlərə “flexible” məsələsində uduzur, yeniliklər etməkdə gecikir və s.;
  2. Kənar saytlara inteqrasiyası məsələsi – 0. Məsələn, odnoklassniki.ru-dan fəqli olaraq hələ 2-3 il (nisbətən qəlizliyi və qloballığı səbəbindən) sabit yaşayacaq Facebook, öz sisteminin 3-cü saytlarla inteqrasiyanı mümkün (məsələn Like düyməsi və s.)  edir, yeni istifadəçilər toplayır;
  3. Saytın Mamba sistemli tanış saytlarının artıq alternativinə çevrilməsi + çoxsaylı “yanıq” istifadəçilərin oranı “qız, oğlan tutmaq” üçün istifadə etməsi — xidmətin bir başa deqradasiyasına yol açır.
  4. Həddən artıq acı-gözlük. Xidmətlərin total pullaşdırılması.

Nəsə, ruslara heç Allah köməkləri olsun deməyə dilim gəlmir. Qoy necə olacaqsa, elədə olsun. =)
Artıq ənənəyə çevrilmiş — Fox.AZ haqqında məlumatlarımla bölüşürəm. Qeyd etdiyim kimi, İnşallah tezliklə (2-3 ay ərzində) sayt (forumda artıq bu öz əksini tapıb) bütünlüklə rebrendiq, restylinq və digər “ağıllı” sözlərin real nəticəsinə məruz qalacaq. Sayt bütünlüklə öz ideologiyasını dəyişir, artıq ordan-burdan copy-paste edilmiş yazılar toplusu deyil, intellektual gənclər üçün informasiya-əyləncə tipli bir portal olacaq. Bunun üçün artıq saytın işçi potensialının gücləndirilməsinə başlanılıb. Sayt üçün materiallar hazırlayacaq təcrübəli jurnalistlər işə götürülür. Həmçinin saytın xarici görünüşündə də müvafiq dəyişikliklər ediləcək, bloq sistemdən imtina ediləcək. Hələlik isə portal üçün “satellite” mobil xidmətlərin yaradılması prosesi gedir. Bununla da, İnşallah Azərbaycan İnternetinin ən qocaman portallarından birinin yaxşı mənada böyüməsinin şahidi olacağıq.
Allah köməyimiz olsun!
Bu “Azərbaycan İnternetində nələr baş verir” silsiləsindən olan yazılarımın növbətisi idi. Yeni yazırlada görüşənədək! 😉
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternetində nələr baş verir (№2)

Azərbaycan İnternetində nələr baş verir (№3)

Növbəti bir ayı da geridə qoyduq. Azərbaycan İnternetində nələr baş verdi? İnqilabi heç nə, həyat öz axarında davam edir. Gəlin bir bir bütün olayları təhlil edək.
Azərbaycan İnternetində yeni virtual mağaza işə başladı — shop.az. Dizayn biraz qarışıq olsa da, işə ciddi yanaşmaları xoşuma gəldi. Test üçün sifariş də verdik. Hər şey gözəl qurulub. Onlayn ödəmə sistemi də fəaliyyət göstərir — GoldenPay. Ölkədə ödəmə sistemlərinin yayımını nəzərə alsaq AzeriCard olsaydı, fikrimcə daha məqsədə uyğun olardı. Yeri gəlmişkən, bizim də onlayn super-market layihəmiz var — bazar.az, amma hələlik onu reallaşdırmağa vaxt çatdırmırıq. İnşallah tezliklə shop.az-a rəqib olarıq. =)
Keçmişin ən populyar saytlarını bir-bir yad edirdim. Növbə dostumuz Fəridin (el arasında Dups kimi tanınır) saytı olan və bir vaxt cavanların ən sevimli saytına gəlib çatdı — az-maz.com. Saytı açdıqda məni sürpriz gözləyirdi. Brauzer məni yönləndirdi tam başqa bir domenə — auto.az. Az-maz.com-un fəaliyyətinə çox güman ki, xitam verilib, amma əvəzində baxımlı bir avtomobil saytı tərtib edilib. Auto.az-da diqqətimi çəkən əsas məsələ — digər yerli (avtomobil profilli) saytlardan öz funksionallığı, yeni texnologiyalardan səliqəli istifadəsinə görə çox fərqlənməsidir. Xeyirli olsun.
Yeni bir bloqa rast gəldim — muntezir.net. Müəllif həddən artıq radikal (ради чего?!), kompromissiz yazılar yazsa da, özünə məxsus ironiya və yumora malikdir. Bu tip radikalizmi nəzərə alsaq, ehtimal etmək olar ki, qardaş çoxdan bu ölkədə yaşamır. =)
Növbəti MilliNet İnternet mükafatına start verildi. Bu mükafatın əsas fərqi — müsabiqədə Azərbaycan dilli saytlara üstünlük verilməsidir. Bunu yalnız alqışlamaq lazımdır. Amma mükafatın təşkilatçısı kimi Azərbaycan İnternet Forumunun çıxış etməsi…
Osman Gündüz. Milli İnternet Forumunun sədri. Onun media qarşısındakı mütəmadi olaraq çıxışlarını, Azərbaycan İnterneti ilə bağlı qayğısını (sözdə olsa belə) daima müşahidə edirik. Hiss olunur ki, insan başqalarından fərqli olaraq çalışır. Amma şəxsən mənim onun səmimiliyinə böyük şübhəm var. Niyə? Səbəbin açıqlayım. Netty-nin mükafatlandırma mərasimi idi. Şəxsi səhifələr nominasiyasında 2 qalib var idi. Biri müğənni Azərinin şəxsi saytı, biri isə ADR-in yaradıcısı böyük Məmmədəmin Rəsulzadəyə aid bir sayt. O zaman juri bilmirdi səsi kimə versin və məhz Osman Gündüzün sayəsi nəticəsində mükafat müğənninin saytına çatdı. Mükafatı qalibə təqdim edən Osman bəy hələ qeyd etməyi də unutmadı — “Müğənni Azərin Azərbaycan üçün çox böyük işlər görür və layiqli olaraq bu mükafatı qazandı”. Əhsən. Azərin Azərbaycan üçün böyük işlər görə bilər, amma məgər onun gördüyü Rəsulzadə və onun irsi ilə müqaisə ediləsidirmi?! Görünür hörmətli Osman müəllim hesab edir ki, bəli, mümkündür.
Netty-dən söz düşmüşkən. Osman bəyin Netty-nin təşkilat komitəsinin üzvü ola-ola yeni bir mükafatı təsis etməsi də mənə qaranlıq qaldı. Ümumiyyətlə, bu Azərbaycan mentalitetinə aid olan bir problemdir. Bir şey ətrafında birləşib, onu daha da təkmilləşdirmək əvəzinə, biz fərdiçiliyi daha üstün tuturuq. Ötən yazılarımda qeyd etdiyim kimi — birisi uğurlu nəsə açdısa, həmən onun kopiyalanmağı prosesinə start verilir. Bu real həyatda Opera Lounge misalında da, virtaulda uğurlu forumların, saytların, mükafatların kopiyalanmasında da belədir.
Ənənəmizə sadiq olub, bu dəfə də Fox.AZ mövzusuna toxunacam. Bir də görürsən kimsə ağzının suyunu tökə-tökə rəy yazır — “Fox.AZ 4 il bundan qabaq sayt idi, indi heç nədir” və sair, və ilaxır. Sair sözünün yerində adətən şəxsi qərəzliklə dolu yazılar olur, o da görünür saytdan hansısa səbəbdən qovulduğundan ürəyində kin qalıb və ya bəziləri kimi bozbaşizmin son həddindən əziyyət çəkərək onu ört-basdır etmək üçün saç uzadıb (guya bununla oldu müasir birisi), böyük-böyük danışıb özünü Azərbaycan İnternetinin tənqidçisi hesab edir.
Cavab verirəm. Kütləvi saytların fəaliyyət profilini elə kütlənin özü müəyyənləşdirir. Fox.AZ isə əyləncə tipli saytdır. Kütlə isə əyləncə dedikdə Röyanı, Rəqsanəni, nəbilim Üzeyiri (Hacıbəyovu yox ha) nəzərdə tutur.
2006-cı ildə digər layihələrə qoşulduğumdan Fox.AZ saytının bağlanmaq təhlükəsi yarandı. Amma son anda dost-qardaşlarla yekun qərarı verdik — saytı 2 nəzarət dairəsinə böldük — portalın bir hissəsi oldu DLE (Data Life Engine) əsaslı və kütləni maraqlandıran, onun istəyi ilə fəaliyyət göstərəcək bloq-xəbərlər (İsti-isti bölümü adı altında), digər hissəsi isə intellektual müzakirələr üçün forum.
Bloq-xəbərlər hissəsini (İsti-isti bölümü) tam olaraq cavan dost-qardaşlar öz nəzarətlərinə götürdülər. Yani o bölüm demək olar ki, məndən 4 ildir ki tam azad və müstəqildir. Forum hissəsi, birdə saytın ümumi dizaynı, proqram təminatına dəstək isə keçdi mənim kurasiyama.
Zaman göstərdi ki, əslində seçdiyimiz bu yol ən doğrusu idi. Çünki portalın bloq-xəbərlər hissəsini gün ərzində unikal İP-lərlə 4000-ə yaxın istifadəçi ziyarət edir, bu da öz növbəsində bizim mobil əsaslı xidmətlərimiz üçün potensial istifadəçi bazasıdır və həmçinin oradakı gənclərin foruma inteqrasiyasını asan edir, forumu yeni istifadəçilərlə təchiz edir.
Onu da qeyd edim ki, aşağı səviyyəli istifadəçilərin foruma keçidini sıfıra endirmək üçün forum və bloq-xəbərlər-də qeydiyyatlar ayrı-ayrılıqda aparılır. Hal-hazırda bloq-xəbərlər bölümündə qeydiyyat tam azaddır. İstənilən şəxs heç bir maneə və xüsusi aktivasiya gözləmədən qeydiyyatdan keçib portalın bloq-xəbərlər hissəsindən faydalana bilər. Amma forumda qeydiyyat həmən aktivasiya olunmur — bütün qeydiyyatlar yoxlandıqdan sonra qəbul edilir.
Müasir Fox.AZ — Bloq-xəbərlər vasitəsi ilə həm kütləni, həm də Forum vasitəsi ilə kifayət qədər intellektual insanları özündə birləşdirir. Portalın gələcək inkaşaf planları isə artıq məlumdur və bununla bağlı ötən yazılarımda bölüşmüşəm. Allah köməyimiz olsun!
Bu dəfə yazım biraz aqressiv oldu. İnciməyin dostlar. Yazılar sırf mənim subyektiv fikirlərim idi. 😉

Oktyabrın maraqlı texnoloji yenilikləri

Oktyabr ayının texniki yenilikləri ilə tanış olaq. Apple-ın iPad planşetinin uğuru HP-nin boğazında qalıb. =) Belə olmasaydı o da tələm tələsik öz yeni məhsulunu anons etməzdi. HP Slate 500 adlı planşetin artıq bütün göstəriciləri məlumdur.
– Prosessor: Intel Atom Z540 1,86 GHz;
– Displey: sensorlu, eni 8,9 düym, “multitouch” dəstəyi;
– GPU: Intel GMA 500
– SSD: 64 Gb;
– Yaddaşı: DDR2, 2 Gb;
– Şəbəkə: Bluetooth, Wi-Fi 802.11b/g/n;
– Kameralar: 2 ədəd. Biri ön, biri arxa tərəfdə;
– Əməliyyat sistemi: Windows 7 Home Premium.

Xarakteristikalarından göründüyü kimi iPad-ı ən azından 5-6 dəfə üstələyir. Amma iPad kimi uğurlu məhsul olacağı sual altındadı. Samsung Galaxy Tab kimi atalarının qiymətini qoysalar, onda uğursuzdu, yox əgər normal bir qiymətə təklif etsələr (400-500 AZN), onda məncə uğurlu bir şey olmalıdı.
Gözünüz aydın, texnoloji nəhəng Panasonic nakam getdiyi mobil telefonlar bazarına yenidən qayıdır. Bu dəfə yaxşıca hazırlaşaraq. Belə ki, Yaponiyada keçirilən CEATEC texnologiya sərgisində Panasonic yeni mobil telefonunu təqdim edib.
Yeni telefon texnoloji nəhəngin uğurlu subbrendi — Lumix (keyfiyyətli fotoaparatlar markasıdı) adı altında buraxılacaq. Daha doğrusu Lumix Phone. Bu sadəcə telefon deyil, slayder tipli kamerafondur. Telefon 12 piksellik keyfiyyətli optika ilə təchiz olunacaq. Hələlik ətraflı heç bir məlumat verilmir.


Çoxdandır ki, səsi sorağı gəlməyən Gateway şirkəti də yavaş-yavaş ayılır. Şirkətin təqdim etdiyi yeni monitorlar çox maraqlı xarici görünüşə malikdirlər. Ən maraqlısı isə qiymətidir — 24 düym ekranlı monitorların qiyməti cəmi 250 USD (200 AZN) olacaq. Özü də texniki göstəricilərinə görə rəqiblərlərindən heç də geri qalmır: LED texnologiyası ilə işıqlandırma,  dinamik kontrastlığın 12,000,000-nin 1-ə nisbəti və parlaq 250 kd/m2.

Gateway adi monitorlar bazarını fəth etmək fikrindədirsə, TDK artıq gələcək barəsində düşünür. Şirkətin təqdim etdiyi elastik ekranlar şəxsən mənim bir fantastik filmdəki (Назад в будущее) televizoru yadıma saldı — televizor adi jalüz formasındadır və lazım olmayanda sanki bir jalüz kimi qatlanıb yox olur. TDK-nın təqdim etdiyi bu yenilik özü də 50% şəffafdır. Ekranın eni isə lap fantastik bir rəqəmdi — cəmi 3 mm!

Yeniliklər olduqca, bölüşəcəm.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Sentyabrın texnoloji yenilikləri

Maşallah, Sentyabr ayı gələr gəlməz yeniliklər gətirdi. Əsasəndə bu özünü texnoloji aləmdə göstərir. Ən əhəmiyyətli yenilikləri gəlin birgə təhlil edək.
Sentyabrın əsas xəbərlərindən biri Samsung Galaxy Tab-ın elan edilməsidir. Xarici görkəmində Apple iPad-ı təkrarlayan Samsung, fikrimcə Apple üçün rəqib olmayacaq. Belə ki, bu qadjetin ekranı Super Amoled deyil, sadə LCD-didir. Buna baxmayaraq Samsung-un üstünlükləridə var — Android 2.2 platformalı əməliyyat sistemi, adi sim-kartların dəstəyi (iPad yalnız micro-simləri qəbul edir) və ən əsası Bluetooth qarnitura ilə telefonla danışmaq imkanı! Həmçinin Galaxy Tab Bluetooth 3, Wi-Fi texnologiyalarını dəstəkləyir. Samsunqda 2 ədəd kamera, HDMI çıxış belə vardır. Ümumi yaddaşı isə 16 və 32 GB olacaq. Əgər qiymətidə ucuz olsa (400-500 AZN), onda Azərbaycanda ucuz notebook və netbookların evi yıxıldı. =)

Rəqiblərinin həmlələrinə baxmayaraq heç Apple-da yatmır. O iPod brendi altında satdığı qadjetlərin xarici görkəmini tamamilə yeniləyib. Əsas dəyişikliyə iPod nano məruz qalıb — Click Wheel idarə etmə təkərciyi artıq tarixdə qaldı. İndi iPod nano 2 dyumluq sensor displey vasitəsilə idarə olunacaq. Amma nano üçün bu yenilik düşərli olmadı — yeni nanonun nə kamerası var, nədə ki video faylları göstərmə imkanı — yalnız musiqi. Əvəzində Apple “stavkanı” Touch modelinə edib. Yeni iPod touch 960×640 piksel ölçülərində displeyə, video zənglər üçün kamera və HD kameraya malikdi.

Sony isə bloqerlər üçün yeni kompakt, amma funksional Bloggie Touch modelini təqdim etdi. Rəqəmsal Zoom-u olmayan kameranın əsas üstünlüyü onun 12 meqapiksel sensora, HDMI çıxışa malik olması, 3 dyumluq ekranı və HD formatında çəkiliş aparmasıdır.
Sony Bloggie
Və sonda… Sonda Motorola-nın təqdim etdiyi Milestone-un 2-ci modelidir. Xatırladım ki, bu model Droid kimidə tanınır. Çox tərifləyirlər, amma şəxsən test etməyimdən bu telefonlar barəsində heçnə deyə bilmərəm. Azərbaycanda Motorolanın rəsmi distrubutoru olan NLT Telekomun dükanlarından Droid haqqında soruşanda adama aydan gəlmiş kimi baxırlar, mən hələ Droid 2-dən demirəm. Elə təsəvvür yaranır ki, bu dükanlar Motorola-nı yalnız RazR “çıxaran” şirkət kimi tanıyır. Yagin 1-2 ilə bizədə gəlib çatar. =)

Mövzuya dair forumda müzakirələr ↓
Sentyabrın texnoloji yenilikləri

Sentyabrın növbəti maraqlı texnoloji yenilikləri

Sentyabr ayı Maşallah texnoloji yeniliklərlə çox oldu. Onlardan ən maraqlıları ilə (fikrimcə) sizlərlə bölüşürəm. Mənə görə bu dəfə ən dəyərli yenilik Plantronics şirkətindən gəldi. DYP-nin gözünün dağına çevriləcək bu kiçik qadjet bizi bir çox cərimələrdən qoruyacaq.
Söhbət bluetooth qarnituradan gedir. Amma bu öyrəşdiyimiz qarnituralar kimi qulağa yox, bir başa avtomobilin günəşdən qoruyucılarına taxılır. Əslində bu ən optimal variantdır. Çünki qulağa taxılan bu şua mənbəyi beynə heçdə yaxşı təsir etmir — şəxsən məndə həmən baş ağrıları başlayır.

Yeni Plantrocis K100-ün isə üstünlü tək bununla bitmir. Qadjet danışıq zamanı avtomatik olaraq kənar səsləri təmizləyir. Bu o deməkdir ki, məsələn maşında getdikdə xəttin digər tərəfindəki insan maşının motorunun deyil, sizin səsinizi eşidəcək. Qadjet vasitəsilə radio sevərlər FM kanallara da qulaq asa bilərlər. Qadjetin çəkisi 90 qram, qiyməti isə 80 USD-dir (64 AZN). Hələlik Azərbaycanda satışda yoxdur, amma net vasitəsilə bu saytdan sifariş verə bilərsiz.

Digər maraqlı yenilik — İntel-dən yeni Classmate PC netbuk-transformerdir. Çox ucuz qiymətə satılacaq bu netbuklar əsasən məktəblilər üçün nəzərdə tutulur. Transformer həmçinin xüsusi qoruyucu qata da malikdir ki, bu da onun təsadüfən (ya bilə-bilə) yerə düşməsindən zədələnməni sıfıra endirir. Hələ bu azmış kimi onun touch-pad displeyi 100 ml suyun tökülməsinə və hətta meyvə şirələrinə qarşı davamlıdır! Görünür İnteldəkilər uşaqların bütün şıltaqlıqlarını nəzərə alıblar. Azərbaycanda bu yeniliyin nə vaxt satışa buraxılacağı məlum deyil. Heyf, maraqlı gadjet idi. Yenə də sağ olsun eBay.




Əgər yenilik uğurlu alınsa İntel netbookların biznes versiyasınıda buraxılacaq.

Növbəti yenilik günəş enerjisilə qidalanan çimərlik zontlarıdı (çətirlər). Bu çətirlərin 2 məqsədi var — həm istirahət edənləri qızmar günəşdən qorumaq, həm onların qadjetlərini elektriklə təmin etmək. Məncə gələcəkdə bu tip zontlar çox yayılacaq. Əsasəndə bahalı istirahət mərkəzlərində. Necə bir vaxtlar Wi-Fi nəsə qeyri adi bir şey sayılırdı, indi isə adiləşib, bu zontlar da eyni taleyi yaşayacaqlar.

Və fikrimcə maraqlı olan sonuncu yenilik əslində texnika deyil, aksessuardı. Apple Air noutboklarının üçün xüsusi keys. Özüdə taxtadan. Məncə çox orijinal ideyadı. Bakıda hələlik satışda yoxdu və yəqin ki, qiymətinə görə heç olmayacaq da. Bu taxta gözəlin qiyməti 260 (!) Avrodu.


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Microsoft-un işləri axır vaxtlar heçdə yaxşı getmir. Bir vaxtlar hər kəs Microsoft-a çatmağa can atırdısa, indi Microsoft-un özü can atanlardandı. Əsasən şirkətə həmlələr bildiyimiz Google və Apple-dan gəlir.
Amma Microsoft da asan təslim olmaq fikrində deyil. Mükəmməl və heçdə MAC OS-dən geri qalmayan, hətta deyərdim onu üstələyən Windows 7-i buraxdıqdan sonra, Microsoft yenidən öz yırtıcı nəzərini artıq uduzduğu smartfonlar və mobil aparatlar üçün əməliyyət sistemləri bazarına yönəldib. Artıq il yarımdır anons edilən və məhz mobil aparatlar üçün nəzərdə tutulan Windows Phone 7 əməliyyat sismi üzərində işlər bitməkdir. Deyəsən bu dəfə Microsoft əbəs yerə vaxtını itirməyib. Bizi həqiqətən fantastik bir şey gözləyir. Bunu deməyə bu günlərdə Engadget dərgisinin əldə etdiyi konfidensial video kadrlar əsas verir.
Kadrlarla sizlərlə bölüşürəm.


Mövzuya dair forumda müzakirələr ↓
Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom