Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.
Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)
Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.
Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.
Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.
Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.
Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.
Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.
Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.
Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.
Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.
Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.
Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.
Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.
Yenə də Sony. Ev kinoteatrı.
Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.
Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…
Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.
HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.
Huggies. Sexy balaca. =)
Və nəhayət, texnologiya titanı — Intel.
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm reklam çarxları
Artıq kompüter oyunlarını oynamaq monitorun qarşısında oturub, coystiklə hərəkətlərdən ibarət olmayacaq. İndi gamer-lər monitor önündə aktiv hərəkətlər edib, müxtəlif tapşırıqları yerinə yetirməlidirlər… 7-ci nəsil oyun konsolları möcüzələr yaratmaqda davam edir, oyunlarda hər şey sanki canlı olaraq baş verir.
İlk inqilabı bu yolda Nintendo Wii etdi. Amma daha güclü rəqiblər (Sony və Microsoft) rəqiblər birazda irəli getmək fikrindədilər.
Sony isə Playstation3 üçün Sony Move-u təqdim etdi. Videoya tamaşa edin:
Amma Microsoft-un cavabı daha möhtəşəm oldu. Sony Move və Wii-də hərəkət üçün idarə etmə pultu lazım olursa, xBox 360-da sadəcə əliniz kifayət edər. 😉 Texnologiyanın adı xBox 360 Kinect adlanır və tezliklə satışda olacaq. Super! Artıq keçmiş sovet ölkələri üçün də lokalizasiya işlərinə başlanıb, deməli bizə də gəlib çıxacaq.
Microsoft xBox 360 Kinetic real həyatda:
Rəqabət gözəl xüsusiyyətdir. Tərəqqinin əsas təməli.
Mövzuya dair forumda müzakirələr ↓
Oyun konsolları. xBox 360, PlayStation 3, Wii
Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.
Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…
Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.
Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.
PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.
Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!
Parlament seçkiləri başımı o qədər qatıb ki, nə vaxtdır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Hə… Oktyabr ayı nisbi sakit keçsə də, bu ay başlayar-başlamaz maraqlı yeniliklər anons edildi.
Başlayaq. Batmaqda davam edən, amma özündə cəsarət tapıb bunu etiraf etməyən Nokia-nın yeganə ümidi, xilaskarı kimi qələmə verilən MeeGo əməliyyat sisteminin növbəti versiyası anons edildi. Gələcəkdə Symbianı əvəzləyəcək sistemin bir neçə il bundan qabaq yaradılmasına baxmayaraq, o hələ də bazarda özünə yer tapa bilmir. Səbəb — məhsulun həddən artıq çiy olmasıdır. Nokia da eləmə tənbəllik MeeGo-nun yeni versiyasını (1.1) anons etdi. Etdi, amma nə olsun?! MeeGo-da inqlabi yeniliklər kimi qələmə verilən funksiyalar çoxdan rəqiblər tərəfindən həyata keçirilib, uğurla istifadə olunur. Məndə belə təsəvvür yaranır ki, Nokia tam olaraq Microsoft-un (Windows Phone 7) yolunu tutub. 2-3 ilə bir yersiz əməliyyat sistemi yaradır, atır bazara, rəqiblər də onu həmən məhv edirlər.
Xarici görünüşdən nisbi gözəlliyə malik bu sistemin final relizi hələ 2011-ci ilin aprel ayına planlaşdırılır. O vaxta kimi də Android 3 bazara çıxacaq və bu da o dəməkdir ki, MeeGo anadan olmamış, məhv ediləcək. Nəsə. Düzünü zaman göstərər.
Noyabr ayının ən məzəli yeniliyi — ninja USB flashlardır (yaddaş kartları). Bakıda hələlik satışda yoxdur. Amma İnternet vasitəsi ilə sifariş edə bilərsiniz. Sifariş üşün sayt — GeekStuff4U.
Növbəti yenilik xanımlarımızı daha çox maraqlandıracaq. Bu üzdəki (sifətdəki) qırışları aradan qaldıran xüsusi masaj edici qurğudur. Yaradıcılar əmin edir ki, xarici görünüşdən qulaqcıqları (nauşnik) xatırladan bu qadjet vasitəsi ilə xanımlar gün ərzində 20 dəqiqə sifətlərini masaj etsələr, dəriləri qocalmaz. Qiyməti o qədər baha deyil — 300 Euro (manatla eləyəcək hardasa 360-380 manat). Qadjetin istehsalçısı İrlandiyanın Slendertone şirkətidir. Qadjetin adı isə FACE-dir. Saytlarında online mağaza da var. Oradan ala bilərsiz. Bu da saytları — Slendertone.
Hə… Acer-də mobil telefonlar bazarına gəlir. Hərçənd o müxtəlif bazarlar üçün çoxdan bir neçə model buraxsa da, bu əsasən lokal xarakterli idi. Amma Acer-in yeni Liquid Metal modeli kütləvi olacaq, yəni bütün bazarları əhatə edəcək. Əfsuslar olsun, amma bu model Azərbaycana çətin gəlib çıxa — bizimkilərin “tupoy” Symbian sevgisi tükənmək bilmir.
Yeniliyin texniki göstəriciləri:
Displeyi — 3.6 düym (800×480 piksel).
Processor — Qualcomm MSM 7230
Yaddaş — 512 Mb
Əməliyyat sistemi — Android 2.2
Həmçinin qadjetin 5 meqapikselli kamerası var. Qiyməti də çox maraqlı olacaq — 250 Euro.
Hələlik bu qədər. Vaxt tapdıqca, əlavələr edəcəm. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Vaxtı uzatmayıb, testin nəticələrini elə indi açıqlayacam. Əvvəlcə ondan başlayaq ki, Google Latitude ümumiyyətlə nədir?! Google Latitude Google Maps proqramının köməkçi interaktiv xidmətidir və məhz onun köməkliyi ilə digər şəxslər Google Maps istifadəçisinin harada olub-olmadığını kompüter vasitəsilə canlı müşahidə edə bilər.
Bu əsasən sənaye sektorunda daha çox faydalı ola bilər — tapşırığa göndərdiyiniz adamların harada olduğunu canlı görmək üçün. Məsələn, “daş kərxanaları”, beton-qarışdıran maşınların sahiblərini özləri şəhərdə kompüter qarşısında əyləşib, hansı maşının karxanadan (rayondan) nə vaxt çıxdığını dəqiqliklə müşahidə edə bilərlər. Deyə bilərsiniz ki, bunun üçün GPS var… amma GPS pulludur, bu isə tam pulsuz xidmətdir və GPS-dən dəqiqliyinə görə heç də geri qalmır.
Mən testi keçirdiyim telefon Nar Mobile nömrəsi üzərindən işləyirdi. Nar Mobile şəbəkəsinin isə bəzi bölgələrdə açıq-aşkar qüsurlu işləməsi səbəbindən Google Maps bəzi hallarda demək olar ki, offline olurdu. Məsələn, Hacıqabul ərazisindən Sabirabadın mərkəzinədək şəbəkə yox idi. Bu lokal və müvəqqəti bir problem də olar bilər, çünki birinci testdə belə bir problem yaranmamışdı.
Keçək Latitude-un özünə. Şəhərdə (Bakıda) bütün detallar demək olar ki, dəqiqliklə çatdırılırsa da, bölgələrimizdə heç də bütün detallar nəzərə alınmayıb. Çox güman ki, bu da Google Maps-ın ölkəmizin ərazisini tam əhatə etməməsindən irəli gəlir. Bəzi kənd və qəsəbələr xəritədə ümumiyyətlə qeyd olunmayıb. Bundan əlavə, Latitude və Maps arasında gecikmələr mövcuddur. Bu əsasən bölgələrimizdə olduqda özünü göstərir. Məsələn, mən Sarısu gölünün ətrafında olduqda, Maps yerimi dəqiqliklə göstərirdi, amma Latitude hələ də rayon mərkəzində olduğum qənaətində idi. Bu həm Google Maps problemi, həm də Nar Mobile şəbəkəsinin qüsuru da ola bilər.
Nəticə — bu xidmətdən istifadə etməyə dəyər. İstər bölgələrimiz olsun, istərsə də uzaq ölkələr — öz yerdəyişmələriniz haqda yaxınlarına, dost tanışlarına, iş yoldaşlarına və rəhbərliyə operativ xəbər vermək üçün əla imkandır. Google-a bu pulsuz xidmətə görə adət etdiyimiz gurultulu alqışlar düşür.
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi
Google Maps möcüzəsi olan Google Latitude-u test etməkdə davam edirəm. Növbəti səfərimdə də Latitude-u sınaqdan keçirmək fikrim var. İnşallah bu dəfəki sınaqdan sonra Google Latitude barəsində fikirlərimlə bölüşəcəm.
Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about
Allah bizi qorusun, İnşallah!
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi
Bir neçə gün bundan qabaq parlament seçkiləri öncəsi siyasi xəbərlər hər kəs üçün nömrə bir idisə, son iyrənc olaylar demək olar ki, hər kəsi tamamilə məyus etdi… Nəsə. Gəlin biraz istirahət edib, ən möhtəşəm (fikrimcə) və kreativ reklam çarxlarından həzz alaq.
SONY-nin yeni Bravia Monolith televizorlarına aid reklam çarxı mənim üçün nömrə birdir. Nİyə? Çünki çox sadə və eyni zamanda çox təsir edicidir. Əsl baxımlı reklam.
Nike. Əfsanəvi şirkət əfsanəvi video çarxı ilə. Möhtəşəm ssenari, möhtəşəm realizasiya, çəkiliş və fulbolçuların (əsasən də Runinin) gözəl aktyor oyununu qeyd etmək istəyirəm.
Olympus. Professional fotoaparatlar istehsalçısının möhtəşəm reklam çarxı. Gözəl ideya. Olympusdan belə kreativlik gözləmirdim. =)
Və yenə də Nike, və yenə də futbol.
Bu isə sürət və keyfiyyət rəmzi BMW-nin reklam çarxıdır.
Bu dəfə hələlik bu qədər. İnşallah davamı olacaq.
Başlayaq. Son vaxtlar “Yeni Müsavat” dərgisinin baş redaktor Rauf Arifoğlunun seçki-öncəsi təbliğat ruporuna çevrilməsini heç də müsbət qarşılamıram. Demək olar ki, 5 xəbərdən biri cəsur və cürətli Arifoğlunun seçki öncəsi növbəti-və-növbəti qəhrəmanlığından dəm vurur. Adamda belə təsəvvür yaranır ki, bu seçkidə müxalifət düşərgəsindən bir namizəd var, o da cənab baş redaktordu. Əslində burada pis heç bir şey yoxdur, amma…
Amma müxalifət liderləri bir yana, Onlarla layiqli oğullar süni şəkildə yaradılan təxribatlar nəticəsində seçkidən kənarda qaldığı bir vaxtda, müxalifətin ən vacib və xalq tərəfindən izlənilən bir nəşri tam olaraq bir insana xidmət etməsi… siyasi eqoistlik və görməmişlikdən xəbər verir. Onlarla insanlara təyziqlər olduğu halda, nədənsə “Yeni Müsavat” bunun haqqında bir kəlmə belə yazmır, amma Rauf bəyin seçicilərlə keçirəcəyi “besedkada” bir postovoyun görünməsindən düz 3 məqalə tirajlayır. Bəs hanı o vəd verdiyiniz sosial bərabərlik?! Hörmətli Rauf Arifoğlu bunun yoxluğunda indiki iqtidarı ittiham edir, sosial haqsızlıqlardan gileylənir. Sual olunur, o zaman fərqiniz nədədir? İqtidarın imkanı var, televiziya və digər medianı zəbt edir, Rauf Arifoğlunun da imkanı var, “Yeni Müsavatı” zəbt edir. Səhər Arifoğlu iqtidarda olsa, əminəm ki, AZTV ekranlarından düşməyəcək.
Gözümüz aydın. Fransada iblis peyda olub. Fransa paytaxtı Parisin cənub-qərbində yerləşən La-Veryer şəhərciyində 11 nəfər birdən özünü pəncərədən atıb. Özünü atanlar arasında 7 böyük, 3 uşaq və bir bəbəşin olması xəbər verilir. Ölüm-itim olmasa da, bir neçəsi ömürlük əlil olub.
Fransa polisi bu olayın səbəbi ilə maraqlananda ortaya maraqlı fakt çıxıb — sən demə zərər çəkənlər gecə saat 3-də bir yerə yığışır “spiritik seans” keçirirlərmiş. Bilməyənlər üçün qeyd edim ki, “spiritik seans” iblis və şeytan (Allah onlara lənət etsin) vasitəsiylə ölülərin ruhlarını çağırma ritualına deyilir. Ritualın qızğın çağıymış ki, bu vaxt otağa yarı-çılpaq qara dərili birisi daxil olub. Ritualda iştirak edənlər panikaya düşüb, elə biliblər ki, bəs bu iblisin özüdür, özlərini pəncərədən veriblər aşağı. =)) Əhsən.
Google-un Amerika Kəşfiyyatı üçün işlədiyi heç kimə sirr deyil. Bir vaxtlar Chrome gizlicə istifadəçinin İnternetdə bütün aktivliyini qeydə alıb, xüsusi ünvana göndərirdisə, müxtəlif təzyiqlər nəticəsində Google guya bundan əl çəkdi, əvəzində Google History söhbətini yaratdı. Amma qozbeli deyir heç qəbr də düzəltməz. Google-un növbəti nailiyyəti Android (mobil telefonlar üçün nəzərdə tutulan əməliyyat sistemidir) istifadəçilərin xəbəri olmadan müxtəlif məlumatları Google-a ötürür. Ötürülən məlumatlar arasında İnternetdə aktivlikdən tutmuş, Sizin kontaktlarınız, telefonunuzun imei kodu, SMS-ləriniz, telefondakı fayllar (şəkil, video və s.) və hətta koordinatlarınızı (əgər telefon GPS-i dəstəklərsə) kimi var.
Onu da qeyd edim ki, bir çox Avropa dövlətlərində yerləşən transmilli şirkətlərdə Google proqramlarından istifadə etmək qadağan edilib.
Google istifadəçilərinə xəbərdarlıq — ehtiyatlı olun dostlar, böyük qardaş sizi izləyir. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual