Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Falçı İmamirənin uğurlu strateji proqnozları

Bu gün Musavat.com saytında belə maraqlı bir yazıya rast gəldim — FALÇI İMAMİRƏNİN VƏZİFƏLİ MÜŞTƏRİLƏRİNİN SİYAHISI ƏLİMİZDƏ. Yalan ya doğru — məqalədən belə nəticəyə gəlinir ki, ölkədə vüsət alan uğurlu-uğursuz strateji-qeyri strateji layihələr hansısa falçının xeyir duası ilə keçirilir. Özü də tək falçının duası ilə olsa idi dərd yarı — burda hələ “müqəddəs” ruhun da əli var. Təsəvvür edirsiz?! =)

Burada sözüm bitdi. =)
Mövzuya dair forumda müzakirələr ↓
Falçı İmamirənin uğurlu və strateji proqnozları

Rusların Türkiyə sərgüzəştləri… (Görüntülərdə söyüş var!)

Bu videonu bu gün gördüm. Özünü elitar xalq elan edib sinəsinə döyən, digərlərinə yuxarıdan-aşağı baxan, şovinizmdə boğulan bir xalqın nümayəndələri görün Türkiyədə özlərini necə aparırlar. Özü də bir arağa görə! Budur bunların mədəniyyəti?!
Hadisə isə belə olub — Rus turistlərinin həddən artıq arağ qəbul etdiyini görən türk barmenlər onlara bir daha arağ süzməkdən imtina edirlər. Rus xanımın reaksiyası isə özünü gözlətmir, axı onun hava-suyunun qarşısı alınıb. =)

Digər biabırçılıqlar…




Mövzuya dair forumda müzakirələr ↓
Rusların Türkiyə sərgüzəştləri…

Gələcək Microsoft-la gələcək?!

Bu günlərdə Microsoft şirkəti üzərində işlədiyi yeni qadjetləri təqdim etdi. Kifayət qədər maraqlı ixtiralardır. Ola bilsin Microsoft məhsul kimi bu yeniliklərdən yararlana bilməsin, amma patent kimi nəyi var yararlanacaq. Özü də, Microsoft-un patentləri sırımaqla arası yaxşıdır – məsələn, Google öz ixtirası olan Android Əməliyyat Sistemindən 1 sent belə qazanmadığı halda, Microsoft patentləri hesabına bu əməliyyat sistemini istifadə edən smartfon istehsalçılarından hər telefondan 10-20$ pul tutur! Nəyi-nəyi, amma pul qazanmağı Microsoft yaxşı bacarır.
İxtira 1 — OmniTouch

***
İxtira 2 – HoloDesk

***
İxtira 3 – PocketTouch

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Qəddafisiz Liviya. Fikirlər…

“Məni öldürə bilməzsiniz, çünki yaşadığım yerə çətin əliniz çata — insan qəlbləri sizlər üçün qapalıdır. Fiziki olaraq məhv etsəniz belə, bilin, mən milyonların qəlbində əbədi yaşayacam!” Polkovnik Qəddafi. 13 May, 2011-ci il.
Polkovnik artıq fiziki olaraq məhv edildi. Deyilənə görə, indi onun meyitini Misurata supermarketlərinin birində ət-toyuq üçün nəzərdə tutulan soyuducuda (!) saxlayıb, gələn-gedənə göstərib, öyünürlər. Bambılılar… Açığı, mən son video-görüntülərə kimi diktator Qəddafiyə qarşı çox böyük antipatiyam var idi. Amma bu barbarlığı, kütlənin küt vəhşiliyini görüb, dəhşətə gəldim. Bu insanlara bəyəm demokratiya yaraşır?! Yox. Bunlar nə bilir axı demokratiya nədir, 100% əminəm ki, birazdan başlayacaqlar bir-birlərinin də ətini yeməyə. Belə kütlə ilə Liviyada vətəndaş, qəbilələr arası müharibələr qaçılmazdır.
Ən acınacaqlısı isə vəhşilikləriт “Allahu Əkbər” sədası altında edilməsidir — Allahı nə qədər ucuz tuturlar… Belə kadrlardan sonra sivil dünyada Allahı şeytana bərabər tutsalar təəcüblənməyin. Neoquldarlıq planının yaradıcılarına da elə bu lazımdır — xalqları, dindarları bir-birlərinə qarşı daha da aqressivləşdirib, bölmək — belə idarə etmək daha da asandır.
Baş verən olaylarla bağlı keyfiyyətli video görüntüləri tapıb, bir çarxa birləşdirdim, izləyin. Qəddafi ailəsi nə qədər qəddar belə olsa, bu hərəkətləri edənlər, onlardan artıq deyillər…

***
Aprel ayında işıq üzü görmüş bu rus çarxında isə Qəddafinin alçaldıcı (digərlərinə dərs olsun deyə) şəkildə öldürüləcəyi iddia olunur. İddia reallığa çevrildi.

***
Rusiya siyasətinin ən hörmət etdiyim simalarından biri — Maksim Şevçenko Qəddafinin ölümü və onun səbəblərini şərh edir.

***
Bu isə kremlin qeyri-rəsmi klounu Jirinovskinin Liviyadakı situasiyaya dair hələ Mart ayında verdiyi proqnozlardır. Demək olar ki, bütün dedikləri təsdiqini tapdı. Həqiqətən, müsəlman ölkələrini hələ çox bəlalar gözləyir…

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Sözsüz. Qəddafi.

Şərqin Karl Marksı, “Yaşıl Kitabın” yaradıcısı, təkəbbürlük və qəddarlıqda analoqu olmayan, rus və onların davamçılarının sevimlisi, afrikalı diktator Qəddafi öldürüldü. Biri dedi onu “deşikdən” tapıb öldürdülər, digəri — maşın konvoyunu NATO bombalayanda öldü… Əsas isə nəticədir. Dünyanın ən məşhur polkovniki artıq o biri dünyaya xoş qədəmləri ilə ayaq basıb. Ona rəhmət düşüb-düşməməyin bilmirəm, amma yenə də Allah rəhmət etsin — bəşəriyyətə əmanət edib getdiyi həyat yolu və sonluğu qoy bir çoxlarına örnək olsun!

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Müstəqillik düşüncələri…

Müstəqilik. Sözsüz ki, bu danılmaz bir nemətdir. Dövlətimiz, sevimli bayrağımız var. Bir gerbimizdən xoşum gəlmir (primitiv olduğundan), amma ona da canımız qurban. Yaxşı, bəs bu populist arzulardan başqa müstəqillik bizə nə verdi?!

Ən böyük nailiyyət:

  • Müstəqillik bizə öz ana dilimizi, dinimizi anlatıb, türk əslimizi dərk etməyə yol açdı.

Digər nailiyyətlər isə:

  • Müstəqillik danışıq leksikonumuza “siyasi məhbuslar”, QHT, “yırtıcı müxalifət”, “deskruktiv” və ən əsası “analoqu olmayan” kimi möhtəşəm sözlər gətirdi;
  • Müstəqillik bizə Siyavuş Novruzov, Zahid Oruc, Balıq Hafiz kimi qərəzsiz siyasətçilər bəxş etdi;
  • Müstəqillik həm də bizə ANS, Yeni Müsavat vasitəsilə “əsl” vətənpərvərliyi öyrətdi;
  • Müstəqilliyimiz millətimizə yeni dəb — hacı olub, o adın arxasında gizlənib, istənilən çirkin işi görmək şəraiti yaratdı.
  • Məhz müstəqilliyimizin sayəsində indi Bakı küçələrində Bentley, Rolls-Royse kimi bahalı brend maşınlarını GÖRÜB, vətənimiz üçün ürək dolu fərəh keçirə bilirik;
  • Müstəqilliyimiz təhsilimizin, səhiyyəmizin səviyyəsini dünya liderləri sırasına çıxardı. Əbəs yerə hər 4 mininci vətəndaşımız professor deyil ki… 😉
  • Müstəqilliyimiz bizə 1 milyon qaçqın, erməniyə isə torpaqlarımızın təslim olunmasını bəxş etdi;
  • Müstəqillik bizə Eurovision qalibiyyəti sevincini, bayrağımızın tərs tutulduqda isə məyusluq hissini yaşatdı;
  • Müstəqillik bizə özümüzü Avropanın bir hissəsi olmağı hiss etdirdi. İndi bəziləri mini yubka geyməyən qıza bir-təhər baxırlar;
  • Müstəqillik maşınlarımıza AZ işarəli nömrələr, saytlarımıza .AZ üst domen adı bəxş etdi;
  • Müstəqilliyimiz yalan danışıb, şərləyib, üzə durmaqla çox asan karyera qurmağın yollarını aşkar etdi;
  • Müstəqillik bizə kompleksləşmiş gənclik və onun fəsadları olan avtoş və psevtotolerantlıq hərəkatlarını bəxş etdi;
  • Müstəqilliyimiz həmçinin manıslar üçün də düşərli oldu. İndi bir toya 5-10 minə gedirlər;
  • Müstəqilliyimiz bizə körpülər, yollar bəxş etdi. O yolları ki, qeyri müstəqillik dövrünün qalıqları olan bəzi qurumlar qazıb-doğramaqla məşğuldur;
  • Müstəqillik Bakımızın 1.000.000 dəfə kiçildilmiş Dubai-a bənzədilməsinə yol açdı;
  • Müstəqillik bizə yeni nəslin nailiyyətlərindən olan Flashmobun düşük formalarının şahidi etdi;
  • Müstəqilliyimizin ən böyük bəxşişlərindən biri də — TV-lərdə maqazin verilişləridir. Əsasən də evdar xanımlarımızın qəlbinə yol tapan Dilarə kimi aparıcıların bəxş edilməsini qeyd etmək istəyirəm;
  • Müstəqillik həmçinin bizi əsrin neft kontraktlarından gələn böyük pulların ŞAHİDİ etdi, yalnız şahidi…;
  • Müstəqilliyimiz bizə regionda ən şişirdilmiş qiymətlərin nə olduğunu başa saldı;
  • Müstəqilliyimiz əksər dünyanın artıq 4G-ə keçdiyi vaxtda, bizim öndə gedən operatorlarımızın hələ də 3G həsrəti ilə alışıb-yanmasına yol açdı;
  • Müstəqilliyimiz dövlətin təməlini qoyan insanların adlarına, abidələrinə biganə yanaşılmasını adiləşdirdi;
  • Və sonda… “Müstəqillik gününün” qeyri-iş günü olmaması dünya tarixinə qızıl hərflərlə yazıldı…

20 il çox qısa bir zamandır. Azərbaycan indi sanki bir körpə tək addımlayır. Görək axırı necə olacaq… İnşallah hələ uğurlarımız qabaqdadır.
Müstəqillik bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Müstəqillik bayramınız mübarək!

Nokia Tune dəyişdi…

Nokia-nın başına daş — nəhəng şirkət gözümüzün önündə əriməyə davam edir, ümidi bir Microsoft-du, o da tutar qatıq, tutmaz Nokianın sonu. Axirət dünyasına qədəmini basmağa hazırlaşan şirkət öz rəsmi “himnini” dəyişmək qərarı verdi. Himn deyərkən Nokia telefonlarında alışdığımız Nokia Tune melodiyasını nəzərdə tuturam. Bunun üçün əməlli başlı sayt da açdılar, istənilən adam yaratdığı kompozisiyasını ora yükləyib, səsvermədə iştirak edə bilərdi.

Səs vermə bitdi. Yüzlərlə maraqlı kompozisiya içində bəlkə deyərdim ən zövqsüz birini seçib (kütləvi internet səsverməsinə rəğmən!) qalib elan etdilər. Qalib kompozisiya Nokia Tune Dubstep Edition adlanır. O cəmi 1394 səs toplayıb (708-ci yer). Halbuki, 39494 səs toplamış təkliflər də var idi.
Mənim favoritim isə Progressive Nokia adlanırdı. Çox gözəl, müasir ritmli və ən əsası səviyyəli bir kompozisiya idi. O 13233 səs toplayıb (12-cü yer), amma Nokia başbilənləri qalibiyyəti ona deyil, dediyim kimi 1394 səs toplayan mənasızlığa verdilər. Nokia-nın gələcəyini elə bu yenilik aydın göstərir…
Mahnıların siyahısı ilə bu saytdan tanış ola bilərsiniz — http://nokiatune.audiodraft.com
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Professorlar ölkəsi!

Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır. 

Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 8 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!
PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir.
Mövzuya dair forumda müzakirələr ↓
Professorlar ölkəsi!

Oktyabrın ən maraqlı Youtube videoları

Çoxdandır yalnız siyasi mövzularda yazıram. Özüm də bezdim. “Donquli” ənənəyə sadiq olaraq, Youtube videolarını mütamadiləşdirəcəm. Başlayaq. =)
Deyəsən Siyasi kloun Sarkozini yerində oturmayan adam qalmadı, amma zalım yenə də səviyyəsiz adətindən əl çəkmir. Quyuya su tökməklə dolmaz deyiblər, bu da onun kimi bir şeydir. Növbəti dəfə məşhur klounu Türkiyə Cümhuriyyətinin baş Naziri, əsl natiq cənab Racep Tayyip Erdoğan yerində oturtdu. Növbəti və növbəti dəfə…

Daha bir möhtəşəm müraciət. Bu dəfə Mr.Freemandan Rusiya prezidenti Medvedevə. Əvvəlki yazılarda qeyd etdiyim, Medvedevin kini üzə çıxmaqdadır. Dedim guya siyasət olmayacaq, ha. =)

Bu videonu gördükdə, videoda bəhs edən şəkli çəkən qaqaşın (deyəsən yapondur) əl qabiliyyətinə valeh oldum. Çox harika.

Etiraf etmək lazımdır ki, xarici ölkələrdə qarşılaşdığımız aeroportlarla müqayisədə müasir Bakı Aeroportu kiçik bir əyalət aeroportunu xatırladır. Amma tezliklə bu stereotipə son qoyulacaq — yeni aeroport gəlir! Bir bəzi mədəniyyətsiz personalı da dəyişsələr, dərdimiz olmaz.

Gizli kamera. İnsanlar işə düzəlmək üçün müsahibəyə gəliblər. “SekretUtka” girir müdirin otağına. Elə bu vaxt onun əri gəlir, özü də tapança ilə. Müsahibəyə gəlmiş insanların bu olaya reaksiyası çox maraqlıdır. =)

Və sonda… Həm gülməlidir, həm də ağlamalı…

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Liviyadakı müharibə bankirlərin sifarişidir?!

Liviyada baş verən olaylara dair o qədər versiyalar, müxtəlif fikirlər bildirilib ki, adam bilmir nəyə inansın. Versiyalar həqiqətən çox və müxtəlifdir. Aşağıda təqdim olunacaq fikir isə şəxsən mənə daha inandırıcı gəlir — neoquldarlıq + bankların total hakimiyyəti. Bu versiyanın əvvəllər də irəli sürülməsinə baxmayaraq, nədənsə yalnız indi tam ciddiliyi ilə müzakirəyə buraxılıb.

Rusların Müəmmar sevgisi tükənməzdir! =)

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom