Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan. Osama. Qeybət və qoyun ki, qoyun…

Həftə içi biraz pozitivlənək. Sırf video görüntüləri təqdim edirəm. İlk olaraq Azərbaycanın promo-çarxına diqqət yetirin. Yeni çəkilib. Zövqlüdür, musiqi tərtibatı da həmçinin, amma informativ deyil.

***************************************************************
Rusiyanın “Birinci” kanalının CİA agentinə istinadən iddiasına görə Osama Ben Laden hələ 5 il bundan öncə ölübmüş. Kişini yaxşıca yuyub, torpağa da basdırıblar. İndi isə kütləyə çatdırılan “ölüm xəbəri” teatral şoudan başqa bir şey deyil. Mütləq izləyin.

***************************************************************
3-4 il bundan öncə lokalizasiya etdiyim bir çarx — Qeybət etməyin! İslama görə hər qeybət edən şəxs öz doğma qardaşının (bacısının) ətini yemiş olur.

***************************************************************
Qoyun. Özü də döyüşkən, mübariz. Bəli, belələri də olur. Tanış olun — Rusiyalı qoyun-qoç Borya. 😀

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Eurovision bayramınız mübarək!

İlk öncə Eldar və Nigarın Azərbaycan türkcəsində normal danışa bilməməkləri mənə çox toxundu. Təmsil etdiyin doğma vətəninin dilini bilməmək analoqu olmayan hallar silsiləsindən idi. Amma heçnəyə baxmayaraq onlar qalib oldular. Rusların gözəl bir məsəli var — победителей не судят. Möhtəşəm qələbə idi. Azərbaycan çətinliklə də olsa, lazımı qədər səsi toplaya bildi. Təbriklər Azərbaycan!

Azərbaycan üçün bu çox böyük uğurdur. Ani saniyədə Azərbaycan sosial şəbəkələrdə top trendlər sırasında oldu. Hətta deyilənə görə Google Earth sorğuların çoxluğundan sıradan çıxdı — hər kəs xəritədə Azərbaycanı axtarırdı. Bu ölkənin tanıtım yolunda çox böyük və əhəmiyyətli PR addım olacaq, İnşallah.
Təriflədim, bəsdir. Adətim üzrə, əmmalara keçirəm:
Nigarın türk bayrağı ilə səhnəyə çıxması, Eldarın göstərdiyi bozqurd işarəsi — şəksiz bunlar Türkiyəyə böyük jest və sayğı idi. Amma… öz bayrağımızı da Eldar götürə bilərdi. Məgər böyük Rəsulzadə möhtəşəm bayrağımızı qardaş bayrağından istifadə edək deyə yaradıb?! Hə, deməli belə… Bu məsələdə bir pozitivlik hiss etdim — türk soyumuzun dərketmə prosesi qaçılmaz bir vüsət alıb.

Türk qardaşlarımızın təmsilçimizin səhnəyə onların bayrağı ilə çıxmasına maraqlı reaksiyaları.

Digər bir məsələ, bizimkilər qalib olar-olmaz, İTV və digər yerli telekanallarda dəxilsiz insanların analoqu olmayan sabunlanma prosesinə başlamasıdır. Hər kəs özünə məxsus tərzdə sabunlanma üslubuna əl atır. Gözəl və möhtəşəm bir qələbəni mənasızlıqları ilə ucuzlaşdırırlar. Bu qələbədə bir çox insanların haqqı, zəhməti var — bilirik, amma bunu dəfələrlə və dayanmadan saqqız kimi çeynəyib gözümüzə soxmaq ən azından bezdiricidir.
Başqa bir məqam isə küçə avtoyürüşlərdir — xalqımız böyük qələbələrə susayıb, insanların küçələrə axışması başa düşüləndir, amma burada da qədərinə varmaq lazımdır. Məgər qızların lütlənib özlərini çölə qoyması, yoxsa hansısa avtoşun avtomobili 2 təkər qaldıraraq qəza şəraiti yaradıb 6 maşın əzməsi sevinc hissidir, yoxsa əzəmətimizin göstəricisidir?!  Maraqlıdır… Belə hallar şənliyin konkret şitini çıxarır.
Ermənistanda isə qeyri-rəsmi matəmdir. Bu onların saytlarından da hiss olunur. Məsələn, buradakı rəylərə baxın — Armtoday.info. Haylar artıq çarəsizlikdən bir-birlərini təhqir belə edirlər. Onu da nəzərə alın ki, rəylərin 99% pozulub — saytda yalnız Azərbaycanlılar adından ermənilər tərəfindən yazılan sarsaq rəylər, bir də öz şəxsi rəyləri yer alır. Sağlam fikirli rəylər həmən pozulur.
Və sonda… Nə qədər təəcüblü olsa da, Azərbaycanlılar arasında da bu qələbəyə sevinməyənlər, müsabiqəyə ləkə yaxanlar da tapıldı. Hərənin bir dərdi var, amma bildiyim qədəri onların bir çoxu bu qələbənin iqtidara işləyəcəyindən ehtiyatlanaraq bu addımı atırlar. Ola bilsin özlərinə görə, onlar haqlıdırlar, amma şəxsən mənim fikrimcə yanılırlar — vətənin qələbəsinə yalnız sevinmək lazımdır, müxalif vətənə deyil, iqtidara olmaq lazımdır. Unutmaq lazım deyil ki, iqtidara hər kəs gələ bilər, amma vətənimiz bir və dəyişilməzdir.
Eurovision bayramınız mübarək!
Mövzuya dair forumda müzakirələr ↓
Eurovision 2011-in qalibi – AZƏRBAYCAN!

Hər kəsə lazımlı ölüm…

Son günlər ən çox izlədiyim telekanallardan olan Euronews-a baxa bilmirəm. Səbəbi də işləri-gücləri mifik bir terroristin öldürülməsinə dair psevdofaktlara həsr olunmuş AZTV sayağı silsiləli verlişləridir. Kanalı nə vaxt açıram — Osama, nə vaxt açıram — Obama. Soyadları kimi özləri də bir-birlərinə çox bənzəyirlər. Hər ikisi böyük güclərin əlində sadəcə alətdir — Osama — Amerikanın qeopolitik maşınının, Obama isə böyük o qeopolitik maşını idarə edən kapitalın əlində.

Bu psevdo-ölüm isə hər ikisinə lazım idi. Obama — qarşıdan prezident seçkiləri gəlir, Obamanın isə xalq arasında nüfuzu gündən-günə düşürdü. Uğursuz daxili islahatlar bir tərəfdən, başı batmış Qəddafi də digər tərəfdən öz inadkarlığı ilə Obamanın analoqu olmayan “sülhsevər” siyasətini darmadağın edirdi. Vəziyyət çox kritik həddə çatmışdı. Bu halda nə etməli? Bəli, şişirdilmiş və xalqın ataloqu olmayan tərzdə nifrətini qazanmış bir əfsanəni öldürmək. Bu da əlbəttə ki, Osamadır. “Öldürdülər”. “Ölümün” səhərisi gün ilkin hesablamalara görə Obamanın reytinqi nə az, nə çox düz 9% irəllədi. Ortastatistik Amerikalının gözündə Obama oldu Supermen. “Rəhmətliyin” heç 3-ü çıxmamışdı ki, Obamanın bağban arvadı TV kameralar qarşısında rəqs etdi. Sevinir də, o boyda bağı atıb gedəsi deyillər ki. Bir sözlə demokratiya carçısı olan Amerika xalqı qoyun yerinə qoyuldu.
Osama — yazıq aktyorluq etməkdən yəqin bezmişdi. Kim bezməz axı?! Artıq 10 ildən çoxdur ki, rəsmi CİA cəsusu olan bu milyarder gizli həyat yaşamağa məcbur edilirdi. İndi “öldü”. Hollywoodun əfsanəvi xüsusi effekt mütəxəssisləri sağ olsunlar, hər şeyi yüksək səviyyədə hazır etdilər. Amma amerikallıların “Aya uçmaqları” kimi, deyəsən burada da “oseçkaya” yol veriblər — Osamanı tanıyanlar rəsmi sürətdə bəyan etdilər ki, təqdim olunan şəkillərdəki tanıdığımız Osama qardaşımız deyil. Hadisəni farş edən digər məsələ — ABŞ rəsmilərinin hərəsinin ağzından bir avaz gəldi — biri dedi evi partladıblar, digəri dedi evdə güllələyiblər, başqaları isə ümumiyyətlə Osamanın güya arvadının arxasında gizləndiyini dedi. Əhsən. Amma əsas nəticədir. İndi Osama bəy balası kimi yaşaya bilər. Vaşinqton ona bəlkə də ABŞ tarixində görünməyən böyük bir pensiya da ayırdı. Axı kişinin ölkə qarşısında böyük xidmətləri var, olmalıdır. Bəli, bəli.
Euronews isə hələ də bu mifik hadisə haqda danışır, təkrarlayırlar, çeynəyir. Lap zəhləmizi töküb. Bu yerdə qədim romalıların gözəl sözü yerinə düşər — yalanı çox təkrarlayın ki, həqiqətə çevrilsin!
İndi deyin görüm, kimdir qeyri-obyektiv?! Bəyənmədiyimiz AZTV, yoxsa Euronews?!
Mövzuya dair forumda müzakirələr ↓
Usama Bin Laden öldürülüb

Universitetlərdə "semestrbaşına" start verildi…

Bu gündən etibarən universitetlərdə “semestrbaşına” start verilib. Korrupsiya ilə mübarizədən daha da qəzəblənən vicdansız müəllimciklər əgər əvvəllər bir fən üçün 50-60 AZN alırdılarsa, indi stavkanı qaldırıb ediblər 100 AZN (!). Analoqu olmayan inflyasiya deyəsən bunlara yaman təsir edib. Özü də azğınlaşmış və müəllim sözünə ləkəciklər oxuyanı oxumayandan da ayırd etmirlər — hər kəsdən eyni məbləğ tələb olunur — fənni bildin və ya bilmədin, xeyri yoxdur.

İTV-ni də nə vaxt açıram, təhsil və orada olan problemlərlə bağlı mənasız şablon diskusiyalar aparılır. Hər kəs problemə dırnaqarası yanaşaraq monoloq oxuyur, hələ bir fərəh dolu baxışlarla ekrana da baxmağı unutmurlar, sanki nəsə böyük bir cəsurluq etdilər. Problem isə dərindir, dərinləşir. Universitetlərdə (məktəblər haqda susuram) demək olar ki, bütün müəllim heyyətinin əli rüşvətə bulaşıb, onların da yarıdan çoxu hətta mənəviyyatını itirib, həyatın mənasını yalnız tələbədən alınan haram rüşvətdə görürlər.
Ex… Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır ki, cavan kadrlar da gəlib hal-hazırki çirkabın bir üzvünə çevrilməsinlər.
Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Universitetlərdə rüşvət pik həddinə çatdı!

İmişlidə ağacların soyqırımı (Foto görüntülər)

Azərbaycanın ən qızmar bölgəsində yerləşməsinə baxmayaraq, İmişli rayonu daim öz yaşıllıqları seçilib. Bütün rayon boyu əkilən çox saylı ağaclar küçələrə az da olsa gözəllik verirdi, baxımsızlıq eybini örtürdü. İndi isə rayon bundan da məhrum olub — küçələr boyu bütün çinar, söyüd və digər ağaclar “darama” adı altında kəsilib-doğranıb. Nəticədə rayon küçələri kölgə üzünə həsrət qalan Nigeriyanın ən baxımsız bölgələrini xatırladır. Qarşıdan isə yay gəlir…







Mövzuya dair forumda müzakirələr ↓
Ağac soyqırımı

Ən son texnoloji yeniliklər


Çoxdandır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Başlayaq. EvoMouse. Kompüter mouse-larının təkamülü. Amma əfsusar olsun ki, Cellulon şirkətinin istehsalı olan bu inqilabi yenilik hələ satışa buraxılmayıb. Hər-halda İnternetdə nə qədər axtarsam da, satışda olmasına, qiymətinə dair bir şey tapa bilmədim. 20-30 dollar arası olsaydı, alıb bir test edərdik.

********************************************************
Artıq texnoloji aləmin yeni liderinə çevrilən Samsung isə fantastik sayıla biləcək monitorlar seriyasını təqdim etdi. USB3 dəstəkli, avtomatik sönüb-yanan və çoxsaylı yenilikləri özündə cəmləşdirən bu ultra-nazik monitorlar həmçinin 3D texnologiyasını da dəstəkləyir. Əhsən Samsung. Mənim daha çox 9-cu versiya monitorlar xoşuma gəldi. Çox gözəl görüşü var.



********************************************************
iPad-da 3D ekran?! Bu mümkündür! Düzdür, hələlək proqram təminatı səviyyəsində. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Koreya. Fenomenal inkişaf

Hyundai-Kia konserninin fenomenal inkişafına heyranam. Ümumiyyətlə, son 10 ildə bütün Koreya şirkətləri öz seqmentlərində inkişaf tempinə görə rəqib tanımırlar. Demək olar ki, hər səviyyədə təmsil olunmağa can atan Hyundai-Kia birliyi artıq dünyanın 4-cü ən böyük avto-nəhəngidir. Dayanmadan öz üzərilərində iş aparırlar — 10 il bundan öncə bu istehsalçının avtomobilləri “oğru dizayna” əsaslanırdısa, indi modellər öz orijinallığı ilə seçilir. Dizayn cəhətdən son dövrlər KİA məni daha çox cəlb edir. Son modelləri olan Optima 2011 elə nəyə desən dəyər.

Götürək digər Koreya təmsilçisi — Samsung-u. Aşağı büdcəyə hesablanan texnika istehsalçısı bu gün ən yaxın rəqiblərini belə gəlirlərinə görə azından 3-4 dəfə üstələyir. Bir vaxtlar SONY-nin uğurlarına hədəflənən Samsung, indi özü dünya lideridir — hətta keçmiş hədəfi belə istehsal etdiyi məhsullarında onun patentləşdirilmiş texnologiyalarından istifadə edir. Bu yaxınlarda öyrəndim ki, Daewoo şirkətinin məlum müflisməşindən sonra, Samsung ona məxsus bütün strateji sənayeni ələ keçirib. İndi Samsung dedikdə tək məişət texnikası nəzərdə tutulmur, Samsung indi avtomobildən tutmuş müxtəlif növ silahlar, hərbi gəmilərədək istehsal edir! Əhsən bunda deyiblər.
Bu fenomenal inkişafın bir neçə motivasiyası var. Birincisi bu ölkə hal-hazırda faktiki iki yerə bölünüb — Cənub kapitalizmi hər bir şeydə Şimal “sosializminə” ondan daha üstün olmasını isbat etmək istəyir. İkincisi koreya xalqı tarixi və daha uğurlu düşmənləri tərəfindən əhatə olunub — Çin və Yaponiya. Bu da öz növbəsində dayanmadan inkişaf etmək və onlardan geri qalmamaq üçün daha bir səbəbdir. Üçüncüsi isə Koreya hal-hazırda inkişaf dövrünün keçid mərhələsin keçir, tam inkişafa çatdıqda iqtisadiyyatda sərinləmə hiss olunacaq, necə bu Yaponiya iqtisadiyyatında özünü bildirməkdədir. İqtisadiyyatlarını dünya səviyyəsində pik həddə çatdıran yaponlar son bir neçə ildə sanki soyuyublar. Və ən nəhayət — qeyd olunun bu üç prinsipin də düzgün işləməsi üçün düzgün strateji siyasi və iqtisadi addımların atılmasıdır. Əsl analoqu olmayanlar bu saat koreyalılardır, qoy bizim optimistlər inciməsin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Kia Candeza — Yeni əfsanə

Klounlar müharibəsi başladı…

Tək qütblü dünya öz acı fəsadlarını göstərməkdədir. Dünya birliyi tərəfindən qəbul edilmiş müstəqil dövlətlərin əsas postulatların biri bu günlərdə havaya sovuruldu — müstəqil dövlətlərin öz suverenliklərini separatizmdən təmizləmə hüququ darmadağın edildi. Faktiki qərb dövlətləri hayasızcasına BMT-dən növbəti dəfə öz çirkin planları üçün istifadə etdilər — Liviyanı 2 yerə parçaladılar. Məqsəd — neftdir. Eyni ssenari Sudanda da tətbiq edilmişdi, neftlə dolu cənubu şimala qarşı qızışdırıb, ölkəni iki yerə böldülər. İndi də Liviya. Bundan sonra Liviya xalqına yalnız baş sağlığı vermək qalır.
Ən maraq doğuran fakt isə bu olaylarda öndə gedən Amerikanın əl-altısı Fransa prezidenti Nikolya Sarkozinin olmasıdır. Bu insan siyasi nailiyyətlərindən daha çox qeyri ciddi, şou-biznes sayağı hoqqaları ilə gündəmdə qalır. Ya arvadı lütlənib jurnal səhifələrinə çıxır, ya dəvət etdiyi prezidenti aşaqlayaraq saqqız çiynəyir. Bu günlərdə Qəddafinin oğlu Sarkozini gözəl xarakterizə etdi — kloun. Bu sözdən bir sutka keçməmiş Fransa və ABŞ (Böyük Britaniya ilə əlbətki) BMT-yə öz çirkin planlarını qəbul etdirib Liviyaya soxuldular. Bir tərəfdən kloun Qəddafi, digər tərəfdən kloun Sarkozi — lap klounlar savaşıdır.
Qəddafinin oğlunun eksklüziv müsahibəsinə aşağıda baxın:

Gözümüzün önündə dəhşətli proseslər baş verir. Bütün bunlar son yazılarımda qeyd etdiyim qlobal neoquldarlıq siyasətinin davamıdır. Heç kim də bu olaylara sevinməsin. Bu presedent ona əsas verir ki, səhər biz öz torpaqlarımızı düşməndən azad etdikdə, Fransa gəlib erməni xalqını xilas etmək adıyla Qarabağa soxulsun. Çünki artıq buna BMT tərəfindən qanuni müstəvidə qəbul edilmiş qətnamə var.
Hələ görəcəklərimiz qabağdadır. Allah bizi qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

İnqilablar. Səbəblər. Nəticələr. Fikirlərim

İnqilablar. İnqilab. Hara baxırsan bu saat bu sözdür. Bəs bu inqilabların mahiyyəti nədir?! Sonluq necə olacaq. Bütün bunlara dair fikirlərimlə bölüşürəm. Xatırladım ki, mən heç bir halda kök atmış, sonsuzluğa qədər idarə etmək istəyi olan ləyaqətsiz diktatorları dəstəkləmirəm və yazılarım faktlar əsasında formalaşan sırf subyektiv fikirlərimdir.

Keçək əsas mətləbə. Son olayları ABŞ siyasi dairələrinin əvvəlcədən hazırlanmış ssenari ilə inkişaf edən proseslərdən başqa bir şey hesab etmirəm. Proseslərin bir başa ABŞ administrasiyası tərəfindən idarə edilməsinə dair aşağıda bir neçə fakt gətirəcəm. Biraz dərin düşündükdə dünyanı dəyişəcək bu qlobal plan öz acı çılpaqlığı ilə Sizə də aydın olacaq — ortaya atılan psevdo-həqiqət carçısı Wikileaks, ərəb inqilabları, növbədə olan vətəndaş müharibələri — bütün bunlar artan insan sayının tənzimlənməsi üçün yeni münaqişələrin yaradılmasına dair böyük bir planın tərkib hissəsidir. Çoxalan insan sayına yalnız müharibələrlə nəzarət etmək olar və bunun da səbəbi olaraq faktiki dünya 2 qütbə parçalanacaq — Qərb dünyası və qullar. Yeni quldarlıq dövrü gəlir — neoquldarlıq.
İndi isə keçək ərəb inqilablarına. Misir. Buradakı inqilabı analiz etməkdən öncə onu vurğulamaq lazımdır ki, Misir ordusu de-fakto avtonom bir qurumdur və dolayı yolla ABŞ-a tabedir. Bundan əlavə ABŞ Misir ordusunu hər il 1.5 milyard dollarlıq silah-sürsatla təmin edir. Bu isə o deməkdir ki, yenə də de-fakto Hüsnü Mübarəkin orduya müdaxilə etmə rıçaqları olmayıb. Olsaydı, Misir indi Livanın yaşadıqlarını təkrarlayırdı. Deməli xalq üsyanına və Hüsnünün getməsinə şəraiti yaradan məhz ABŞ olub. Əfsuslar olsun, linkləri itirmişəm, amma “xalq” kütləsinin Təhrir meydanında işini koordiyasiya edən bir neçə İsrail (!) polkovniklərinin radio qurğu ilə (рация) kütləyə təlimat verilməsi faktları şəkillərdə belə qeydə alınıb. Bundan öncəki yazılarımda yerlimiz Heydər Camalın söylədiklərində də bu açıq aydın sezilir.
Hal-hazırda Qərb demokratiya pərdəsi arxasında gizlənib Misiri talan edir, muzeylərdən fironlara aid sənəd əsərlərini belə öz ölkələrinə daşıyırlar… Misir — stabil olmayan, maliyə borcları içində itib batan və tezliklə xristian-müsəlman qarşıdurması meydanına çevrilə biləcək bir ölkədir.  Misir iqtisadiyyatının 70%-ı təşkil edən turizm iflic haldadır. Əvəzində isə İsraildə — Ölü dənizin sahillərində istirahət edənlərin sayı birə-beş artıb.
Liviya.  Qəddafiyə nifrətim böyükdür, amma ikili standartlara nifrətim ondan da böyükdür. Məhz Qəddafinin sayəsində ABŞ-ın neoquldarlıq planı fiaskoya uğramaqdadır. Keçən həftə hər kəs kimi mən də sadəlövhcəsinə bu inqilabların xalq tərəfdən edildiyini, onların artıq yalandan, pafosdan cana doyub, öz etirazlarını bildirdiklərini düşünürdüm. Ta ki, orada yaşayan insanlarla ünsiyyətdə oldum. Liviyadan qayıdan bir neçə həmvətənlərimizin söhbətləri mənim bu olaylara baxışımı tam dəyişdi. Təfərrüatlara varmayacam, bu haqda artıq müstəqil internet istifadəçiləri kifayət qədər yazıblar. Məsələn bu yazını mütləq oxuyun — http://u-96.livejournal.com/2440540.html. Şahidlər deyirlər ki, xarici telekanallarda Liviya hadisələrinə dair verilən xəbərlər tam uydurmadır. Xarici telekanallar xəbər verir ki, bəs filan şəhəri bombalayırlar, şahidlər çıxırlar çölə, küçələri gəzilər, heç bir bomba-atışma yoxdur.

Bütün bu olayların ABŞ administrasiya tərəfindən idarə edilməsinə dair digər fakt — “müxalifətçilərin” ən son NATO (!) silahlarından istifadə etməsidir. Bu linkdə buna dair kiçik araşdırma aparılıb — http://nstarikov.ru/blog/8569. (Linkə görə Emil Əliyevə təşəkkürlər). Təsəvvür edin, özünə “müxalifətçi” deyənlərin istifadə etdiyi silahlar heç bir silah bazarında satılmayan və sırf NATO ölkələrində istifadə üçün nəzərdə tutulan amerikan silahlarıdır. Özü də onlara bu mürəkkəb silahlardan istifadə etmək üçün əcnəbilər təlim keçir (bu da fotolarda əks olunub).
Digər tərəfdən qərb telekanalları bar-bar bağırır ki, Qəddafi muzdlulardan istifadə edir. Amma bunun əksi olaraq, şəkillərdə elə həmin muzdlular “müxalifətçilərin” yanında təsvir olunurlar. Mənim özümü bir neçə gün bundan əvvəl Euronews-un Liviyadan növbəti xəbərində “müxalifət” sözcüsünün tam qaradərili olması çox təəcübləndirdi.
Deməli bütün bu hadisələr əvvəlcədən hazırlanıb — narazı kütlə ələ alınıb, tonlarla yeni silahlar, narkotik paylanılıb (buna dair də çoxsaylı faktlar var) və zombiləşmiş insanlar dövləti dağıtmağa başlayıb. Məqsəd — yeni münaqişə zonası yaratmaq, təbii sərvətlərdən də maneəsiz istifadə etməkdir. İraq hadisələri bunun bariz nümunəsidir.
Özünü azadlıq carçısı kimi təqdim edən — Al Jazeera.  1996-cı ildə BBC World-un ərəbcə yayımlanan və Səudiyyə Ərəbistanında yerləşən kanalının fiaskosundan sonra (ərəblər bu telekanala etibar etmirdilər), ağıllı anqlo-sakslar işə daha tədbirli yanaşıb qərbin neft köləsi olan Qatarda elə oranın şeyxinin vəsaiti hesabına Al Jazeera telekanalını yaratdılar. Bu telekanal 100% anqlo-sakslar tərəfindən idarə edilir. Telekanalın guya ərəb kanalı olduğu mifini yaratmaq üçün Al Jazeera daim siyasi qambitdən istifadə edib — mütamadi olaraq İsrailə, ABŞ-a qarşı əhəmiyyəti olmayan, amma kütlənin şüuruna işləyə biləcək xəbərlər verib, ərəblərin rəğbətini qazanıb. Qazanıb ki, gələcəkdə səmərəsini görsün. İndi isə o qeyd etdiyimiz “gələcəkdir”. Ərəb inqilablarının sosial şəbəkələrlə yanaşı ən böyük detanatorlarından biri bu telekanal hesab edilir. Al Jazeera-nın hal-hazırki işi — həqiqətə uyğun və heç bir əsası olmayan, köhnə kadrları yeni kimi qələmə verib bu telekanala inanan insanları zombiləşdirib, onların hissləri ilə oynayıb küçələrə çıxarmaqdır. Yuxarıda göstərdiyim linklərdən birində hadisələrin real şahidi Al Jazeera-nı tam çılpaqlığı ilə ifşa edir.
Epiloq. Faktiki ABŞ insanların diktaturadan azad olmaq istəklərindən istifadə edərək, demokratiya pərdəsi altında öz iyrənc siyasətini aparır. Respublikaçıların başladığı neoquldarlıq ideyası növbəti fazaya keçir. Bu oyunun tələsinə düşməmək üçün isə diktatorlara insaf gərəkdir. Qoy onlar biraz insaflı olub, özlərində güc tapıb vaxtında siyasi arenanı tərk etsinlər, təmsil etdikləri millətləri başqa xalqların əlində alətə çevirməsinlər.
Allah bizi qorusun!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

iPad 2. Planşetlər şahi yeniləndi


Bu il üçün gözlədiyim ən böyük texnoloji yenilik əlbətdə ki, Apple iPad2 idi. Planşetlər şahı yeniləndi. Yeniliklər çox olmasa da, kiçik görünən əlavələr bu qadjeti daha da qiymətsiz edir.

Yeni iPad2 texniki göstəriciləri aşağıdakı kimidir:
Processor: Apple A5, 2 nüvəli 1 GHz;
Displey: 9.7 düymlüq ekran, 1024×768;
Əməliyyat sistemi: iOS 4.3;
Fleş-yaddaş: 16, 32 və ya 64 GB;
Kamera: 2 ədəd — əsas — HD kamera (720p), digər sadə VGA kamera;
Əlaqə: Wi-Fi,  Bluetooth, 3G;
Çıxışlar: Apple Dock, HDMI, CCK
Ölçüləri: 242x186x8,8 mm;
Çəkisi: 601 qram (yalnız Wi-Fi-lı model) və 613 qram (Wi-Fi və 3G-li model).
iPad2 daha nazik, daha praktik (Smart Cover-i elə nəyə desən dəyər) və daha  tez işləyən (istehsalçının etirafına görə düz 9 dəfə birinci iPad-dan tez işləyir) bir qadjetdir. Daha bir yenilik — qadjetin Stand-by rejimində düz 1 ay (!) işləyə bilməsidir. Super!

Qiymətləri də kifayyət qədər konservativdir:
Wi-Fi — 499$ (16GB) — 599$ (32GB)  — 699$ (64GB)
Wi-Fi + 3G — 629$ (16GB) — 729$ (32GB) — 829$ (64 GB)

Mənə görə ən optimalı 32 GB-lik Wi-Fi + 3G modelidir, onun qiyməti da bizim analoqu olmayan acgözlüyimizi nəzərə alsaq, Bakıda çox güman ki, 1200-1400 manat arası olacaq. iPad 11 martdan (nə qədər banal olsa da) etibarən satışda olacaq.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom