Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Qəddəfi. Heydər Camal. Sumqait.com və Kirkorov

Nifrət etdiyim və ən təkəbbürlü diktatorların birincisi Qəddafi (və ya Qəzzafi) getmək bilmir ki, bilmir. Bu azmış kimi, artıq ölkəsinə xarici qüvvələr də müdaxilə edir, Liviya az qala Əfqanıstanı xatırladır. Bütün bunlar Qərb dövlətlərinin əvvəlcədən mükəmməl şəkildə hazırladıqları plandan başqa bir şey deyil. Azadlıq ideyası gözəl ideyadır. Bu utopiya qoxulu ideya yeridilir ac və yalavac, özbaşınalıqdan cana doymuş kütlənin beyninə və kütlə də zombiləşmiş formada hərəkətə keçir. Hər kəs azadlıq istəyir. Tarix boyu belə olub, olur və olacaq. Son inqilablar — Misir və Tunis hadisələri “happy end”-lə bitdisə, Liviya hadisələri sonluğun gözlənilməz faciəvi olmasına işarədir.
Gəddafi
Bu günlərdə hörmət etdiyim politoloqlardan biri, yerlimiz Heydər Camalın siyasi fahişə Jirinovski ilə polemikasına baxdım. Polemika zamanı Heydər bəy çox ağla batan faktlar səsləndirir. Sizləri də bu verlişə baxmağa dəvət edirəm.

Camal bəyin sözlərindən belə aydın olur ki, Qəddafi faktiki ABŞ-ın peşkasıdır və hal-hazırda elə qərbin Liviyanı növbəti Əfqanıstan, İraqa çevirmə planında iştirak edir. İnandırıcıdır. Digər tərəfdən ola bilər ki, Qəddafi indiyə kimi ABŞ-ın köləsi olub, ölkə neftini onlara içirdib, amma vaxt keçdikcə, pul artdıqca sahiblərinə daş atmağa başlayıb. Belə olan halda Qəddafi qurbandır, neft naminə qurbanlıq verilən qoyun. ABŞ isə digər dövlətlərin işlərinə qarışmıram deyib, artıq Liviyaya qoşun yeritməkdədir.
Bizimkilər isə 7 səhifəlik xüsusi zövqsüzlüklə tərtib olunmuş və şablon informasiyadan ibarət bir sayt yaradıb TV-ni zəbt ediblər. Axır bir həftədə hansı kanalı açdım — sumqait.com (domen seçərkən şəhərin adını belə düz yaza bilməyiblər) saytının təbliğat-təşviqat kampaniya gedir. Texniki cəhətdən sayt uzaq 98-99-cu illərdə ilişib qalıb, bunu sayt yaradıcılarının vicdanına buraxıram, bəs saytın kontenti? Qeyd etdiyim kimi sayt şablon və olduqca maraqsız tərzdə yazılmış bir neçə məqalə-faktdan ibarətdir. Görəsən bunlar ermənilərin hazırladığı baku.am saytını görüblər? Fikir verin, ermənilər necə səlist şəkildə olmayan faktları gerçək kimi təqdim edirlər. Bizimkilər isə olan hadisələri belə mifə çevirməkdə səlistlik göstərirlər. Əhsən.
Çünki belə olmasaydı, kişi fahişəsi və öz erməni sevgisi haqda yeri gəldi-gəlmədi bəyan edən Bedros Kirkorovun oğlu Filip Kirkorovun Azərbaycana gəlişinə etiraz bildirən daha çox olardı. Erməni olduğuna görə fəxr etdiyini dəfələrlə bildirən, hətta bu adda albom da buraxan İrina Alleqrovanı isə Bakıya gətirənlərin milliyətinə mənim böyük şübhəm var. Axı nə qədər olar?!
Mövzuya dair forumda müzakirələr
Son olaylar. Nələr baş verir?!

BlackBerry OS6. Keçid üçün təlimat

28 Fevralda Azərbaycan BlackBerry istifadəçilərini xoş xəbər gözləyirdi — əməliyyat sisteminin yeni versiyası (BlackBerry OS6) bizim region üçün də aktiv edildi. Bunun haqqında artıq Twitterdə çoxsaylı qeydlər etmişəm. Yeni əməliyyat sistemi fərqli tərtibata, daha stabil və daha tez işləyən brauzer və bir çox faydalı yeniliklərə malikdir. Yeni sistemin Azərbaycan üçün ən böyük əhəmiyyəti isə BB telefonlarının bizim sevimli “Ə” hərfimizi tam dəstəkləməsidir!
Bəyəndiyim ən yaxşı yenilikləri qeyd edirəm:

  • Kiçik detallara kimi düşünülmüş interfeys;
  • “Ə” hərfinin dəstəyi;
  • Bir çox standart fontların (Arial, Times New Roman, Tahoma, Verdana) platforma səviyyəsində dəstəyi;
  • Hotkeys — super bir yenilikdir. İstənilən hərfi (sözü) yazın, həmən sizə telefonda bu hərfə (sözə) aid (harda istifadə olunursa) nə varsa göstəriləcək;
  • Tam yenilənmiş brauzer. Tab dəstəkli, aktiv zoom-lu. Bəyənilsin.
  • Yenilənmiş Mail klient. Müxtəlif variantlarda “sort” etmək imkanı.
  • Yeni fastmenu funksiyası. İstənilən application-da orta düyməni tutub saxlamaqla fastmenu-nu çağırmaq olar.

Ümumi görünüş:
New BBOS6
**************************************
“Ə” hərfi ilə artıq problem yoxdur:
BBOS6-da butun herfler normal gorunur.
**************************************
Hotkeys funksiyasının super realizasiyası:
BBOS6 - Global search. Sadece istenilen knopkaya toxunmaqla
**************************************
Tam yenilənmiş brauzer. Bütün yeni texnologiyaların dəstəyi:
BBOS6. Yeni brauzer suretlidir, keyfiyyetlidir. Hem TAB destekli
**************************************
Yenilənmiş mail klient:
BBOS6. Tam yenilenmish MAIL CLIENT.
Yadımda qalan bunlar idi. 😉 Keçək əsas mətləbə. Bir çox qardaşlar zəng edib sistemi necə yeniləyin yollarını soruşurlar. Hər birinə telefonla başa salmaq məcburiyyətindəyəm, ona görə prosesi birdəfəlik bura yazmaq qərarı verdim.

  • İlk olaraq kompüterinizə BlackBerry Desktop Software proqramını yükləyin. Proqramı PC sahibləri buradan — http://us.blackberry.com/apps-software/desktop/desktop_pc.jsp, MAC sahibləri isə buradan — http://us.blackberry.com/apps-software/desktop/desktop_mac.jsp yükləyə bilərlər. Mən Rus variantını yüklədiyimdən menu adlarını da rus dilində qeyd edəcəm.
  • Proqramı yüklədikdən sonra kompüterinizə qurun və start edin.
  • BlackBerry Desktop Software proqramı açıq vəziyyətdə olarkən, telefonu USB kabel vasitəsilə kompa qoşun.
  • Proqram şifrə istəyəcək — telefonunuzun block şifrəsini daxil edin.
  • Daha sonra yuxarı-sol küncdə olan menuya daxil olun — УСТРОЙСТВО > ОБНОВИТЬ УСТРОЙСТВО.
  • Əgər sizin telefon üçün yeni əməliyyat sistemi aktivdirsə, sizə əməliyyat sisteminin yenilənməsi təklif ediləcək. Qəbul edin.
  • Yüklənmə və avtomatik qurulma prosesi gedəcək. Proses hardasa 40-50 dəqiqə çəkir. Bu zaman telefonunuz mütləq USB kabel vasitəsilə kompa qoşulu olmalıdır.

Onu da nəzərə alın ki, sistem yenilənərkən köhnə OS-dən qalma bir çox əlavə proqramlar işləməyəcək, həmçinin yenilənmə zamanı da telefonun özü də deaktiv olur.
Uğurlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
BB OS 6

Bakcell reklamlarında klassik iblis obrazı?!

Əvvəlcədən onu deyil ki, mən mistikadan, ümumiyyətlə mistik inanclardan uzağam, şükür Allaha. Deməli bu gün işıqforda (svetofor) dayanıb Bakcellin yeni kampaniyasını təbliğ edən billboarda baxırdım. Baxırdım, baxırdım, birdən gözümə o sataşdı — filmlərdən bizə yaxşı tanış olan klassik iblis obrazı. Şəkilləri təqdim edirəm, düzdür keyfiyyət mobil telefonun kamerasının keyfiyyətindən artıq deyil, amma ümumi obrazı bu şəkillərdən də duymaq olur. İnanmayanlar küçələrdəki real billboardlara fikir versinlər.
Bildiyim qədər bu şəkildə “İblis təsvirini” yaradan cavan istedadlı aktrisalarımızdan biridir. Günah isə fotoqrafın rakusun düzgün tutulmamasıdır. Bütün bunların da səbəbi hər kəsin bir fotoaparat alıb, sanki qızların sevimlisinə çevrilmək üçün yeni üsul kəşf etmiş kimi adını fotoqraf qoyamasıdır. İMHO.


Mövzuya dair forumda müzakirələr ↓
Azercell, Bakcell və Nar Mobile…

MWC 2011. Yeniliklər. Çarxlar

Barselonada keçirilən texnologiya bayramı — MWC 2011 də belə getdi. Çox saylı yeniliklərin şahidi olduq — Nokia ilə Microsoft evləndi, PlayStation-ın telefonlara keçidinin şahidi olduq, Samsung Galaxy, HTC isə Desire layihərərinin təkamülü olan yeni telefon və planşetləri təqdim etdi və daha nələr. Bu xəbərlər barəsində o qədər fikirlər bildirilib ki, təkrarçılığa yol verməyib bu yenilikləri tanıtım çarxları ilə bölüşürəm.
Sony Ericsson XPERIA Play
Ən maraqlı yeniliklərdən olan XPERIA Play, Sony PlayStation-ın mobil telefonlara adaptasiya edilmiş formasıdır. Kiçik çarx vasitəsilə bu qadjetin gözəlliyi tam anlatılır. Əla çarxdır.

********************************************************
LG Optimus Pad
Apple iPad-ın uğuru heç kimə sakit oturmağa imkan vermir. Motorola və Samsung-la yanaşı bu yarışmaya LG də qoşuldu. LG-nin təqdim etdiyi Optimus Pad adlı planşet də Samsung və Motorola planşetləri kimi Android platformasında işləyir. Amma rəqiblərindən yeganə üstünlüyü onun 3D rejimində çəkiliş apara bilməsindədir. Çarx hardasa SONY-nin məhşur Bravia Monolith televizorlarını təbliğ edən çarxı təkrarlayır.

********************************************************
Samsung Galaxy Ace, Fit, Gio və Mini
Samsung isə dayanmadan Android platformalı smartfonları ştampovkalamaqda davam edir. Galaxy seriyasından olan yeniliklərə həsr olunmuş çarx.

********************************************************
HTC ChaCha
Facebook üçün ayrıca telefon?! HTC bunu etdi. ChaCha adlanan bu telefon həm xarici görünüşcə, həm də funksianıllığına görə unikaldır (daha doğrusu mırtdır).

********************************************************
HTC Incredible S
HTC-nin Flaqman telefonu. Açıqlanan üstünlükləri — 4 düymluq Super-Amoled tipli displey və idarə etmə düymələrinin telefonun səmtindən asılı olaraq dəyişməsidir. Digər üstünlüklər hələ açıqlanmır.

********************************************************
HTC Flyer
Və sonda… HTC-nin iPad arzusu — Flayer. Burada da texniki göstəricilər tam açıqlanmır. Sadəcə o məlumdur ki, qadjetin displeyi 7 düym, işlək pressesoru isə 1.5 GHZ (!)-dir.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Müsavat. Maps. Qəddafi və Facebookda dilənçilik

Bu gün Müsavat-ın 100 illik yubileyidir. Ölkənin ən qocaman siyasi qurumlarından olan Müsavatı, onu təmsil edən hər bir kimsəni təbrik edib, Azərbaycan xalqı, türkçülük ideyası naminə uğurlar arzu edirəm. Qoy ulu Rəsulzadənin bizə əmanət etdiyi üç rəngli bayraq hər zaman ölkəmizdə qürurla dalğalansın.
Azərbaycan İnternetini təmsil edən proqressiv gəncliyimizlə birgə tərtib etdiyimiz Azərbaycan və Ermənistanın tarixi xəritələrinə həsr olunmuş saytlara dair istifadəçilər arasında hələlik nisbi sakitlikdir. Əslində bu bizim milli xüsusiyyətimizdir — bir şey olmadıqda — istəmək, olduqda isə — boş vermək. Hal-hazırda barmaqla sayılası qədər saytlar bu saytların təbliğat kampaniyasına qoşulub (Azerifire qardaşımıza ilk olaraq bu işdə atdığı addımlara görə atəşin salamlar). Amma saytların Google reytinqində birinci olması üçün bütün Aznet təmsilçiləri səfərbər olmalıdır. Niyə axı “azerbaijan vector map” sorğusu verdikdə, Google ilk olaraq ermənilərin tərtib etdiyi və ölkə ərazimizi təhrif edilmiş formada göstərən bir sayt çıxarmalıdır?! Saytlara (www.maps-azerbaijan.comwww.maps-armenia.com) digər saytlarda yerləşdirmək üçün müvafiq kod da yerləşdirilib. Xahiş edirəm biganə qalmayın, bu sırf Azərbaycan naminə atılan addımdır, burada nə mənim biznes maraqlarım var, nə də ki hansısa bir gizli niyyət güdmürəm.

Bu xəritə layihəsi uğurlu alınarsa, növbəti layihə Azərbaycan xalq mahnıların bir sayta yığıb FREE olaraq paylaşımını təmin etmək olacaq. Çox sadə və userfriendly interfeysdə. İnşallah uğurlu alınar.
Uğurlu demişkən — dünyada ən nifrət etdiyim diktator olan təkəbbürlü Qəddafinin uğur quşu 42 il qəddarlıqdan sonra deyəsən onu tərk edib. Şərəfsiz artıq 300-ə yaxın cavanı qanına qəltan edib, amma getmək bilmir. Bu gün Euronews-da maraqlı bir xəbər yayımlandı — polis özbaşnalığından cana gəlmiş xalq onlara atəş açan iki polisi diri-diri yandıraraq asdı. Xalqla zarafatın axırı budur.
Bizim xalqı isə bu saat Facebook-da LİKE söhbəti maraqlandırır. Yeni milli dilənçilik növü peyda olub — indi də “like” dilənirlər. Day zəhləmimi töküblər — 2 dəqiqədən bir sən Allah filankəsin şəklidir, bunu “like” elə, lazımdır… və ya Qurban olum, bu şəkli birinci etmək lazımdır, bunu “like” elə. Lap elədik “like”, nə oldu? İnsanlara xoşbəxtlik üçün bir “like”-da yetərmiş. Əhsən.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Ermənilərə cavab. Hər iki tərəf üçün tarixi xəritələrimiz

Düz iki həftədir ki, üzərində çalışdığımız və demək olar ki, mövcud bütün tarixi xəritələri araşdırmamızın məntiqi nəticəsinə gəlib çıxdıq. www.maps-azerbaijan.comwww.maps-armenia.com saytları artıq istifadə üçün hazırdır.
Qısaca olaraq layihə haqda — hazırladığımız bu iki sayt bu iki erməni saytlarına — www.map-azerbaijan.comwww.map-armenia.com, ermənilərin dövlət sərhədlərimizi, ərazimizi təhrif etməsinə cavab olaraq yaradılıb. Dövlət ərazimiz bir yana, bədnam qonşularımız dövlət gerbimizin də rənglərini səhv tərtib ediblər. Həmçinin bayrağımız da təcavüzə məruz qalıb — ay və ulduzun görünüşünə, mavi rəngin təhrif edilərək təsvir edilməsinə fikir verin. Nəsə. Buna cavab olaraq bizim yaratdığımız Azərbaycan xəritəsi 1920-ci ildə L. Qurniçin Azərbaycan Cumhuriyyətinin sifarişi ilə çəkdiyi xəritəni təkrarlayır. Həmçinin saytda müasir Azərbaycanın itirilmiş torpaqları, düzgün rənglər və proporsiya ilə təsvir edilmiş gerb və bayrağımız da yer alır.
Saytın Ermənistan üçün hazırlandığı versiyada Ermənistan 1920-ci il sərhədlərində göstərilib. Müasir Ermənistan xəritəsi isə işğal olunmuş Azərbaycan torpaqları qeyd olunmaqla təsvir edilib. Həmçinin erməniləri daha da qıcıqlandırmaq üçün (və xarici istifadəçilərdə sayta inam hissi oyatmaq üçün) 20-ci il erməni ərazisinin üzərində erməni bayrağı da təsvir olub. =) Bayraq və gerblərində bəzi elementlər (məsələn xaç — ay ulduzla) dəyişdirilib, rənglər daha solğun təsvir edilib.
İndi ağzı gül kosmopolitlər deyəcək ki, axı niyə?! Bunun nə mənası?! Cavabı — gün ərzində sayta N qədər bu konflikdən və ümumiyyətlə regiondan xəbəri olmayan insanlar daxil olub bu xəritələri öz sayt və nəşrlərində istifadə edə bilərlər. Məhz ermənilərin bu kimi layihələrinin köməkliyi ilə bir çox İnternet resurslar bizim ölkəni təhrif edilmiş formada təsvir edirlər. Ermənilər edirsə, biz niyə etməyək?! Axı tarixi torpaqlarımızdan niyə imtina etməliyik? Kimə görə?!
Məsələnin texniki tərəfi həqiqətən çox çətin oldu. Demək olar ki, dostlarımız və kömək çağırışına qatılan qardaş və bacılar tərəfindən yalnız şəkil formasında xəritələr təqdim edilirdi. Vektor formatında (kompüterdə işləmək üçün yararlı və keyfiyyətli) xəritələrimiz yox dərəcəsindədir. Dəhşət. O səbəbdən xəritələr bir-bir Adobe Illustrator proqramında yenidən yaradılıb. İnşallah, ümüd edirəm bu saytlar vasitəsiylə bu problemi qismən də olsa aradan qaldırmış olacağıq. Bütün xəritə, gerb və bayraq növlərin müxtəlif ən populyar və işlək formatlarda təqdim olunur — Adobe Illustrator (AI), EPS, Corel Draw (CDR), Adobe Acrobat (PDF), Adobe Flash (SWF), JPG, PNG.

Saytlarla bağlı fikir və iradlarınızı bilmək istərdim. Nəsə çatışmayan cəhət varsa, buyurun, birlikdə aradan qaldıraq.
Sonda — bu işin ərsəyə gəlməsində əməyi keçmiş bütün insanlara — Kərim Həsənov, İlqar Kəsəmənli, Pərviz Poluxzadə, Ramil Həsənov, Samir Quliyev, Rzalı Əkbərov, Orxan, Azad Bagirov, Malik Rəşidov, Sahil Novruz, Fariz Efendiyev, Ayaz Quliyev, Saleh Mirməmmədov, Atropat, Milashka, Karandash, Samsam, Regy adlı istifadəçilərə dərin minnətdarlığımı bildirirəm. Kimin adın unutdumsa, bağışlayın. Allah bizdən razı olsun!
Sizi bu saytları (www.maps-azerbaijan.com və www.maps-armenia.com) İnternetdə yaymağa dəvət edirəm — nə qədər çox yaysanız, o qədər Google axtarış nəticəsi olaraq bu saytları birinci göstərəcək (erməni saytlarına nisbətdə). Şəxsi qərəzlik və ambisiyalarınızı qoyun kənara, vətən daha vacibdir, kömək edin!

Təcili! Azərbaycanın və Ermənistanın xəritələri lazımdır!

Dostlar bu gün Azərbaycanın vector formatında xəritəsini gəzirdim. Google-da “azerbaijan vector map” yığdıqda birinci olaraq mənə bir sayt təklif olundu — www.map-azerbaijan.com. Sayta daxil olduqda bu sayt bədnam qonşularımızın işi olduğunu gördüm. Daha sonra buna əmin olmaq üçün www.map-armenia.com ünvanını yığdım — və nəticə — bu 100% dığaların işidir.

O səbəbdən qərar verdim ki, biz də onlara bu cür zərbə vuraq. Həmən www.maps-azerbaijan.comwww.maps-armenia.com saytlarını aldım. İndi saytların tərtib edilməsi üçün mənə dəqiq xəritələr lazımdır. Vektor formatında (Abode Illustrator, EPS, Corel Draw).
Azərbaycana dair:
1. Azərbaycanın indiki ərazilərinin xəritəsi;
2. Azərbaycan Cumhuriyyətinin xəritəsi (Zəngəzurla birgə olan);
3. Səfəvi Azərbaycanı xəritəsi.
Ermənistana dair:
1. Ermənistanın hal-hazırki xəritəsi;
2. Ermənistanın gerbi;
Xahiş edirəm, kimdə bu xəritələr varsa, parwin@shukurzade.com ünvanına göndərsin, kömək edə bilməyənlər isə, bu mövzunu share etsin. Belə şeylərə biganə qalmayaq!

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№4) ↓

Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.
Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.

***
AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.

***
Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.

***
Apple yenə irəlidədir. Möhtəşəm çarx.

***
və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.

Hələlik bəsdir. Xoş istirahətlər. 😉
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Aston Martin. Şirkət konrekt havalanıb

Avtomobil xəbərlərini izləyən bir insan kimi, bu günlərdə məşhur luks brendi Aston Martin-in Toyota-nın iQ modeli üzərində qurduğu avtomobilin qiyməti çox maraqlı idi. Xatırladım ki, Toyota iQ 9 min ABŞ dollarına satılır. Aston Martin isə yeni anons etdiyi Cygnet adlı balacanın qiymətinin nə az nə çox, düz 31 min (!) funt sterlinqdən başlamasını elan etdi, bu da hardasa edir 42 min dollar. Təsəvvür edirsiz, 1.3 motorlu avtomobilcığaza bu qədər pul…

Aston Martin amma ruhdan düşmür, deyir axı mənim balacımın unikal stabilizasiya sistemi (hansı ki, Toyota da var), parlaq disklər, açarsız qoşulma sistemi, elektrik şüşə-qaldıranlar (hə, bax bu texnili inqilabdı :lol:), dəri oturacaqlar, klimat-kontrol, GPS naviqasiya sistemi var. Nə qədər qəribə olsa da, 42 min dollar Mercedess C-Class-in qiymətidir. 42 min dollara 2 D Class təmsilçisi — Hyundai Sonata almaq olar, 42 min dollara bir Audi A4 + Kia Rio almaq olar, 42min dollara — ən azında bizim rəşadətli “barmaq sındıran” polislərimizin gəzdiyi BMW 3-cü seriyadan almaq olar. Amma 42 min dolları faktiki Toyotanın 9 minlik modelinin restaylinqinə vermək səfehlik deyilmi?!


Kimsə indi deyəcək ki, problemlər içində üzürük, sən gör nə haqda yazırsan… Hərdən biraz pozitivlik də lazımdır. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Avto Xəbərlər / Авто Новости

Əfsanəvi Total Wars yenilənir!

Texnologiya tarixinin ən gözəl oyunlarından biri, virtual döyüşlərin miqyasına görə “analoqu olmayan” Total Wars döyüş strategiyalı kompüter oyununun yeni versiyası anons edildi — Total Wars: Shogun 2. Bilməyənlər üçün qeyd edim ki, Total Wars kompüter oyunları silsiləsi tarixi döyüş və olayları səhnələşdirir, oyunçuya onların bir başa iştirakçısı olmağa imkan verir.

Oyunun bundan öncəki versiyalarında  Roma, Osmanlı, Bizans, İngilis və Fransız İmpreyalarını idarə edib, orta əsrlərdə baş verən olay və hadisələrin iştirakçısı olub, xaçpərəstlərin və monqolların yürüşlərinə sinə gəlib, Ərəb xilafəti və İslamın yaranışının şahidi ola bilərsiniz. Oyunun əsas üstünlüyü isə qeyd etdiyim kimi, onun miqyasıdır — bir neçə minlik qoşunu canlı olaraq idarə edib, döyüşdə taktiki gedişlər etməlisiniz. Burada hansısa bir döyüşçünün xüsusiyyəti böyük rol oynamır (əgər o general deyilsə), əsas rolu oynayan realda olduğu kimi, idarə edicinin döyüşçüləri hansı pozisiyada yerləşdirməsidir. Oyunda həddən artıq özəlliklər var. Bir-bir hamısını qeyd etməyəcəm, amma bütün bunları nəzərə aldıqda Age of Empires və Civilization silsiləsindən olan bütün oyunlar Total Wars-ın yanından uşaq oynundan başqa bir şey deyil. Əlbət ki, Total Wars adi strategiyaya baxanda çox qəliz bir oyundur.
Bu dəfəki versiyada oyunun yaradıcıları — Creative Assembly, bizi Yaponayada baş verən olayların iştirakçısı edəcək. Təqdim edilən çarxlardan da göründüyü kimi oyunun görkəmi, renderinqi və gameplay-ı super olacaq.

PS. Oyun oynayarkən, reallığı unutmayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Əfsanəvi Total Wars yenilənir!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom