Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Google Latitude. Testin nəticələri

Vaxtı uzatmayıb, testin nəticələrini elə indi açıqlayacam. Əvvəlcə ondan başlayaq ki, Google Latitude ümumiyyətlə nədir?! Google Latitude Google Maps proqramının köməkçi interaktiv xidmətidir və məhz onun köməkliyi ilə digər şəxslər Google Maps istifadəçisinin harada olub-olmadığını kompüter vasitəsilə canlı müşahidə edə bilər.
Bu əsasən sənaye sektorunda daha çox faydalı ola bilər — tapşırığa göndərdiyiniz adamların harada olduğunu canlı görmək üçün. Məsələn, “daş kərxanaları”, beton-qarışdıran maşınların sahiblərini özləri şəhərdə kompüter qarşısında əyləşib, hansı maşının karxanadan (rayondan) nə vaxt çıxdığını dəqiqliklə müşahidə edə bilərlər. Deyə bilərsiniz ki, bunun üçün GPS var… amma GPS pulludur, bu isə tam pulsuz xidmətdir və GPS-dən dəqiqliyinə görə heç də geri qalmır.

Mən testi keçirdiyim telefon Nar Mobile nömrəsi üzərindən işləyirdi. Nar Mobile şəbəkəsinin isə bəzi bölgələrdə açıq-aşkar qüsurlu işləməsi səbəbindən Google Maps bəzi hallarda demək olar ki, offline olurdu. Məsələn, Hacıqabul ərazisindən Sabirabadın mərkəzinədək şəbəkə yox idi. Bu lokal və müvəqqəti bir problem də olar bilər, çünki birinci testdə belə bir problem yaranmamışdı.
Keçək Latitude-un özünə. Şəhərdə (Bakıda) bütün detallar demək olar ki, dəqiqliklə çatdırılırsa da, bölgələrimizdə heç də bütün detallar nəzərə alınmayıb. Çox güman ki, bu da Google Maps-ın ölkəmizin ərazisini tam əhatə etməməsindən irəli gəlir. Bəzi kənd və qəsəbələr xəritədə ümumiyyətlə qeyd olunmayıb. Bundan əlavə, Latitude və Maps arasında gecikmələr mövcuddur. Bu əsasən bölgələrimizdə olduqda özünü göstərir. Məsələn, mən Sarısu gölünün ətrafında olduqda, Maps yerimi dəqiqliklə göstərirdi, amma Latitude hələ də rayon mərkəzində olduğum qənaətində idi. Bu həm Google Maps problemi, həm də Nar Mobile şəbəkəsinin qüsuru da ola bilər.
Nəticə — bu xidmətdən istifadə etməyə dəyər. İstər bölgələrimiz olsun, istərsə də uzaq ölkələr — öz yerdəyişmələriniz haqda yaxınlarına, dost tanışlarına, iş yoldaşlarına və rəhbərliyə operativ xəbər vermək üçün əla imkandır. Google-a bu pulsuz xidmətə görə adət etdiyimiz gurultulu alqışlar düşür.
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Növbəti səfərim və yenə də Google Latitude

Google Maps möcüzəsi olan Google Latitude-u test etməkdə davam edirəm. Növbəti səfərimdə də Latitude-u sınaqdan keçirmək fikrim var. İnşallah bu dəfəki sınaqdan sonra Google Latitude barəsində fikirlərimlə bölüşəcəm.

Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about
Allah bizi qorusun, İnşallah!
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Soros, marixuana və analoqu olmayan ölkələr

Soros əslində Sem dayının ən böyük protejelərindən biridir. Məhz Sem dayının birbaşa köməyi və dəstəyi nəticəsində milliarderə çevrilən bu məhşur yəhudi maliyyəçi bəzən öz ekstraordinar çıxışları ilə insanları mat qoyur. Belə ki, bu yaxınlarda Soros marixuananın leqallaşdırılmasını təklif edib.
Bu haqda xəbər yayan mötəbər The Wall Street Journal dərgisi təklifin əsl səbəbi kimi yenə də pulu göstərir. Sorosun pula olan tükənməz sevgisini nəzərə alsaq — bu inandırıcıdır. Cənab Soros təkid edir ki, marixuananın leqallaşmasından büdcə yalnız udacaq — il ərzində milliardlarla dollarların qanundan kənar dövriyyəsinə son qoyulacaq, marixuanın tibbi sahədə istifadəsini mümkün edəcək və sair və ilaxır…

Nə deyim, bəlkə də Sem dayının protejesi haqlıdı. Amma fikrimcə burada öz sözünü deyən təkcə pul sevgisi deyil, həm də axır vaxtlar Sorosun post-sovet ölkələrində həyata keçirmək istədiyi ideoloji inqlabların fiaskosudur. Sorosun dərdi var, dərdi də leqallaşdırmaq istəyir. =)
Post sovet ölkələri demişkən. Bu yaxınlarda Britaniyanın müstəqil elmi-analitik institutu Legatum, Oxford Analytica və Gallup World Poll Service analitik mərkəzləri birlikdə maraqlı bir sorğu keçiriblər — dünyanın inkişafda analoqu olmayan ölkələri hansıdır?! Sorğunun nəticələrinə görə Norveç 2010-cu ildə göstərdiyi iqtisadi inkişafa və əhalinin yaşayış səviyyəsinə görə dünyada birinci yer tutur. İkinci yer Danimarkanın, üçüncü yer isə növbəti Skandinaviya ölkəsi — Finlandiyanındır. ABŞ onuncu yerdə qərarlaşıb. Yaxın qonşularımız olan Qazaxıstan 50-ci, Belorusiya 54-cü, Rusiya 63-cü yerdə qərarlaşıblar. Digər post-sovet ölkələrindən olan Estoniya 35-ci, Litva 42-ci, Latviya isə 47-ci yerdədir.
Öz inkişaf tempinə görə dünyada ən geridə qalan ölkə Zimbabvedir.
Maraqlıdır ki, nə Azərbaycan, nə də ki, Ermənistan bu siyahıda yoxdur. Yəqin Britaniyadan Azərbaycan kimi kiçik dövlətlər görünmür. =)
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№1)

Bir neçə gün bundan qabaq parlament seçkiləri öncəsi siyasi xəbərlər hər kəs üçün nömrə bir idisə, son iyrənc olaylar demək olar ki, hər kəsi tamamilə məyus etdi… Nəsə. Gəlin biraz istirahət edib, ən möhtəşəm (fikrimcə) və kreativ reklam çarxlarından həzz alaq.
SONY-nin yeni Bravia Monolith televizorlarına aid reklam çarxı mənim üçün nömrə birdir. Nİyə? Çünki çox sadə və eyni zamanda çox təsir edicidir. Əsl baxımlı reklam.

Nike. Əfsanəvi şirkət əfsanəvi video çarxı ilə. Möhtəşəm ssenari, möhtəşəm realizasiya, çəkiliş və fulbolçuların (əsasən də Runinin) gözəl aktyor oyununu qeyd etmək istəyirəm.

Olympus. Professional fotoaparatlar istehsalçısının möhtəşəm reklam çarxı. Gözəl ideya. Olympusdan belə kreativlik gözləmirdim. =)

Və yenə də Nike, və yenə də futbol.

Bu isə sürət və keyfiyyət rəmzi BMW-nin reklam çarxıdır.

Bu dəfə hələlik bu qədər. İnşallah davamı olacaq.

Yeni Müsavat. İblis. Android

Başlayaq. Son vaxtlar “Yeni Müsavat” dərgisinin baş redaktor Rauf Arifoğlunun seçki-öncəsi təbliğat ruporuna çevrilməsini heç də müsbət qarşılamıram. Demək olar ki, 5 xəbərdən biri cəsur və cürətli Arifoğlunun seçki öncəsi növbəti-və-növbəti qəhrəmanlığından dəm vurur. Adamda belə təsəvvür yaranır ki, bu seçkidə müxalifət düşərgəsindən bir namizəd var, o da cənab baş redaktordu. Əslində burada pis heç bir şey yoxdur, amma…
Amma müxalifət liderləri bir yana, Onlarla layiqli oğullar süni şəkildə yaradılan təxribatlar nəticəsində seçkidən kənarda qaldığı bir vaxtda, müxalifətin ən vacib və xalq tərəfindən izlənilən bir nəşri tam olaraq bir insana xidmət etməsi… siyasi eqoistlik və görməmişlikdən xəbər verir. Onlarla insanlara təyziqlər olduğu halda, nədənsə “Yeni Müsavat” bunun haqqında bir kəlmə belə yazmır, amma Rauf bəyin seçicilərlə keçirəcəyi “besedkada” bir postovoyun görünməsindən düz 3 məqalə tirajlayır. Bəs hanı o vəd verdiyiniz sosial bərabərlik?! Hörmətli Rauf Arifoğlu bunun yoxluğunda indiki iqtidarı ittiham edir, sosial haqsızlıqlardan gileylənir. Sual olunur, o zaman fərqiniz nədədir? İqtidarın imkanı var, televiziya və digər medianı zəbt edir, Rauf Arifoğlunun da imkanı var, “Yeni Müsavatı” zəbt edir. Səhər Arifoğlu iqtidarda olsa, əminəm ki, AZTV ekranlarından düşməyəcək.

Gözümüz aydın. Fransada iblis peyda olub. Fransa paytaxtı Parisin cənub-qərbində yerləşən La-Veryer şəhərciyində 11 nəfər birdən özünü pəncərədən atıb. Özünü atanlar arasında 7 böyük, 3 uşaq və bir bəbəşin olması xəbər verilir. Ölüm-itim olmasa da, bir neçəsi ömürlük əlil olub.
Fransa polisi bu olayın səbəbi ilə maraqlananda ortaya maraqlı fakt çıxıb — sən demə zərər çəkənlər gecə saat 3-də bir yerə yığışır “spiritik seans” keçirirlərmiş. Bilməyənlər üçün qeyd edim ki, “spiritik seans” iblis və şeytan (Allah onlara lənət etsin) vasitəsiylə ölülərin ruhlarını çağırma ritualına deyilir. Ritualın qızğın çağıymış ki, bu vaxt otağa yarı-çılpaq qara dərili birisi daxil olub. Ritualda iştirak edənlər panikaya düşüb, elə biliblər ki, bəs bu iblisin özüdür, özlərini pəncərədən veriblər aşağı. =)) Əhsən.
Google-un Amerika Kəşfiyyatı üçün işlədiyi heç kimə sirr deyil. Bir vaxtlar Chrome gizlicə istifadəçinin İnternetdə bütün aktivliyini qeydə alıb, xüsusi ünvana göndərirdisə, müxtəlif təzyiqlər nəticəsində Google guya bundan əl çəkdi, əvəzində Google History söhbətini yaratdı. Amma qozbeli deyir heç qəbr də düzəltməz. Google-un növbəti nailiyyəti Android (mobil telefonlar üçün nəzərdə tutulan əməliyyat sistemidir) istifadəçilərin xəbəri olmadan müxtəlif məlumatları Google-a ötürür. Ötürülən məlumatlar arasında İnternetdə aktivlikdən tutmuş, Sizin kontaktlarınız, telefonunuzun imei kodu, SMS-ləriniz, telefondakı fayllar (şəkil, video və s.) və hətta koordinatlarınızı (əgər telefon GPS-i dəstəklərsə) kimi var.
Onu da qeyd edim ki, bir çox Avropa dövlətlərində yerləşən transmilli şirkətlərdə Google proqramlarından istifadə etmək qadağan edilib.
Google istifadəçilərinə xəbərdarlıq — ehtiyatlı olun dostlar, böyük qardaş sizi izləyir. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Son bir həftədə baxdığım filmlər (№3). Resenziya

Ənənəvi rubrikamızı davam edirəm. Bu həftə işlərin çox olduğu səbəbindən planlaşdırdığım bir çox filmə baxa bilmədim. Təki həmişə xeyir işlər olsun, “кино подождет”. Yeni baxdığım filmlər arasında bir neçə favoritlərimi tapdım, məsələn “The Hitchhiker’s Guide to the Galaxy” çoxdanın filmi olsa da, mənim üçün tapıntı oldu.
Başlayaq resenziyamıza. =)

В одну сторону (One Way)
Həddən artıq çiy filmdir. Guya psixoloji triller janrında çəkilib. Demək olar ki, bütün aktyorlar başda özündən razı Til Schweiger olmaqla filmi batırırlar. Bərbad rejissor və operator işini də qeyd etmək istəyirəm.
Filmdə canın qoyan bir şəxs var, o da ki, xanım Lauren Lee Smith-dir. Operatorun səriştəsizliyi nəticəsində hətta onun da oyunu bəzi kadrlarda çox süni düşüb — məsələn, ilk kadrlarda süni gülümsəmə və sair. Ümumiyyətlə bu filmi professional bir film adlandırmazdım.
Filmdə söhbət bir biznesmenin həyatından gedir. Guya o işlədiyi şirkət üçün ən uğurlu kontraktları qazanır və şirkət rəhbərinin qızı ilə evlənmək istəyir, amma eyni zamanda tanıdığı bütün qadınlarla yatağa girir — yalnız kolleqası Smith-in qəhramanından başqa. Həyat elə gətirir ki, Lauren Lee Smith-in qəhramanın şirkətin rəhbərinin oğlu zorlayır. Və qisas “aksiyası” başlayır.
Ssenari normal olsa da, bir daha aktyorların süni oyununu qeyd etmək istəyirəm.
Qiymətim 10 ballıq şkala ilə 3 bal olacaq.


Автостопом по галактике (The Hitchhiker’s Guide to the Galaxy)
Komediya janrında baxdığım ən gülməli filmlərdən biridir. Super ssenari, əla aktyor oyunu, gözəl çəkiliş və effektlər. Heç deməzsən ki, film 2005-ci ildə çəkilib.
Filmdə söhbət Azərbaycan üçün çox aktual bir mövzudan gedir. Deməli Yer kürəsi Qalaktik maqistral yolunun üzərindən keçdiyinə görə Qalaktik Məclis qərar qəbul edir ki, Yer planetini dağıtsınlar. Yer camaatı kompensasiya istəsə də, qalaktik bürokratlar məsələni fırladıb Yeri məhv edirlər. Filmin baş qəhramanı isə dostunun (sən demə o da yad planetliymiş) köməyi ilə xilas olur. Bunlar kosmik gəmilərə “qolosovat” edirlər, onlar da bunları götürürlər, gəzdirirlər və daha nələr. Sonra məlum olur ki, bəs Yer kürəsini istehsal edən şirkətdə planetin başqa nüsxəsi var. Qalaktik prezidentin icazəsi ilə həmən qərar verilir ki, okeanlara su vurub (özü də adi su şlanqı ilə), yarpaqları, qayaları rəngləyib, canlıları yaradıb yeni planeti kosmosa buraxsınlar. Bir sözlə “mırtın mırtı”.
Filmdə baş verən yeniliklər, planetlər və sair tipli hadisələri anlatmaq üçün arada bir super köməkçi animasiya işə düşür. Çox zövqlə yaradılıb.
Baxsaz, peşman olmazsınız. Məsləhətdi. 10 Ballıq şkala ilə 10 bal.


Команда «А» (The A-Team)
Özü kimi düşük kinonu hələ fikirləşmək lazımdı. Yəqin bu filmi yaradanlar düşüklük dahiləridir. Mənasız ssenari, aktyorların mənasız və süni oyunu. Bu filmə axıra kimi baxmağa səbrim belə çatmadı. Bütün səhnələrin nə ilə nəticələnəcəyi əvvəlcədən artıq məlumdur.
Belə filmləri 1995-2000-ci ildə çəkmək olardı, amma 2010-cu ildə artıq bunun yeri yoxdur. Özü də film başdan ayağa səhvlərlə doludu. Guya 4 desant İraq qoşunlarından içi pulla dolu bir konteyner oğurlayır. Biri vertolyotda, biri konteynerin içində, ikisidə konteynerin üstündə Bağdaddan yollanırlar Kabula (Əfqanıstanın paytaxtı). Birincisi, İraqla Əfqanıstan arasında məsafə (hələ ölkələr və dağlar nəzərə alınmadan) düz xətlə 2297 km təşkil edir. Bu məsafəni vertolyot qətt edə bilməz. İkincisi vertolyotdan asılı şəkildə olan konteynerin üstündə (!) bu boyda yolu qətt etmək mümkün deyil, insan buz parçası olar. Ümumiyyətlə, bu filmdə o qədər absurd səhvlər var ki, normal insan baxdıqda ya özünün ələ salındığını düşünəcək, ya da ki, filmi söndürəcək.
Filmin ssenarisini danışmayacam — mənasızlığın son həddidir.
10 Ballıq şkala ilə 0 bal.


История игрушек: Большой побег (Toy Story 3)
Artıq kiçik bir əfsanəyə çevrilən cizgi filminin davamıdır. Pixar və Disney studiyalarının birgə işi həmişəki kimi çox səviyyəli alınıb. Ssenari haqda danışmayacam, amma 3D animasiyanı sevən birisi kimi xoşuma gəldi.
Düzdü, sonuncu “Shrek” kimi dərin mənalı olmasa da, keyfinizi açmaq üçün bir vasitə ola bilər.
10 ballıq şkala ilə qiymətim 7 bal.


Неуместный человек (Den brysomme mannen)
Norveç və İslandiya kinomatrqrafistlərinin yaratdığı bu filmi incəsənət əsəri adlandırardım. Skandinaviya ölkələrinə xas soyuqqanlılıq və monoxrom stildə çəkilmiş bu filmin gözəl bir mənası var.
Ssenarini qısaca danışım. Deməli filmin əvvəlində baş qəhraman özünə qəsd edib atır metronun altına. Daha sonra qəhraman avtobusla bir səhralığa gətirilir, orada onu biri qarşılayır və aparır yeni sakit bir şəhərə. Özü də qəhramanımızı həmən işə götürürlər, işdə də o bir xanımla tanış olur və birgə yaşamağa başlayırlar. Hər şey gözəl davam edir, amma bir gün o yediyi yeməklərin dadının olmadığına fikir verir, hətta hava da ona qoxusuz gəlir. Hər şey həddən artıq ideal və gözəldir, amma mənasız və tamsız. Çox başınızı ağrıtmayım, sonda məlum olur ki, bəs bura cənnətdir. Qəhraman buradan qaçmaq istəyir… Nəticədə düşür soyuq, amma insani hissiyyatların olduğu bir yerə… cəhənnəmə. =)
Gözəl filmdir. 10 ballıq şkala ilə qiymətin 10 baldır. Onu da qeyd edim ki, bu film fantastika janrı üzrə keçirilən bir neçə beynəlxalq müsabiqələrin mükafatçısıdır.

Дикая штучка (Wild Target)
Deyərdim 2010-cu ilin ən “mırt” və maraqlı filmi. Britaniya və Fransanın birgə istehsalıdır. Aktyorların gözəl oyununu qeyd etmək istəyirəm. Möhtəşəm.
Filmin ssenarisindən biraz danışım — deməli filmin baş qəhramanı ailəlikcə tanınmış bir killerdir. Onun babasının babası belə killer olub. Hətta uşaqlıq oyuncaqları da pistoletlərdən ibarətdir. Amma xarici görünüşcə əsl ingilis aristokratıdır, centlmendir. Vəziyyət elə gətirir ki, 55 yaşı olan və həyatını yalnız insan öldürməklə keçirən bu killer növbəti sifarişi olan oğru və dələduz bir qıza vurulur. Amma film yalnız mənasız (bəzi filmlərdəki kimi) sevgi məcarısından bəhs etmir, film çoxsaylı sərgüzəştlərlə doludur, bir anda baxılır.
Əla ssenari, aktyor oyunu və çəkiliş öz sözünü deyir. Əsl intellektual ingilis komediyasıdır. Məsləhət görürəm. Qiymətin 10 ballıq şkala ilə 10 bal!

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

Kosmopolit yoxsa milliyətçi?! Erməni təbliğatı

İntellektual gənclərimiz hal-hazırda seçim qarşısındadır — ya kosmopolit olub, hər şeyə göz yummaq, ya da milliyyətçi olub vətənpərvər rolunu oynamaq. Passiv və biganə gənclər də var — onlar Üzeyir və Röya həvəskarlarıdır ki, yaltaqlığı əsas həyat kredoları kimi seçiblər — onları “intellektuallar” kateqoriyasına aid etmirəm.
Müharibə şəraitində yaşayan Azərbaycan üçün biz kim olmalıyıq? Gəlin bu suala birgə cavab tapaq (qısa təhlillə).

Kosmopolitlər. Kosmopolit — hər şeyə insanlıq, haqq prizmasından baxan insanlara deyilir. Kosmopolitlər insanlığı vətən, milliyyət, dindən üstün tuturlar. İlk kosmopolit adət üzrə yunan filosofu Dioqen hesab edilir. Dioqen də bildiyimiz kimi ifrat pofiqizmdən əziyyət çəkirmiş. Belə olan halda bizə kosmopolitlik yaraşır?
Gəlin elə ondan başlayaq ki, biz Azərbaycanlılar (türklər) özü-özlüyümüzdə çox kosmopolit bir millətik. Digər millətlərə qarşı çox tolerant və səbrliyik, buna görə də tarix boyu əziyyət çəkmişik. Müasir qloballaşan dövrümüzdə əslində kosmopolitizm yaxşı xüsusiyyətdir, amma baxır nə (kim) ilə müqayisədə. Məsələn, əgər bizim düşmənimiz qatı milliyyətçidirsə (necə ki, aşağıda göstərilən videoda bu öz əksini tapır), onda bizə kosmopolitlik yaraşmaz. Biz bundan yalnız ziyan çəkə bilərik — ya Dioqen kimi pofiqist olmalıyıq, ya da ki vətənə tüpürüb buradan getməliyik.
Milliyyətçilər. Milliyyətçi kosmopolitdən fərqli olaraq öz millətini hər şeydən üstün tutur. Millətçiləri əslində bir neçə növə bölmək olar — sadəcə vətənpərvərlər, radikal milliyyətçilər, neomilliyyətçilər və s. Milliyyətçiliyin ən iyrənc forması — şovinizmdir.
Azərbaycanda fikrimcə 2 növ milliyyətçilik var. Birinci növə aidiyyatı olanlar kimlərinsə təsir dairəsinə düşüb bambılızmdən əziyyət çəkənlərdir. Adət üzrə savadsız olan bu insanlar əslində “türkçülüyün” təbliğini əməldə deyil, yalnız sözdə, populist çıxış və yazılarda ifadə edirlər. Özü də mənasız və iyrənc formada. Bu tip təbliğat da əks təsir verir, kütlə türkçülük, milliyyətçilik ideyalarından iyrənir.
İkinci növ milliyyətçilərimiz isə sırf vətən, millət üçün çalışanlardır. Bunlar əsl vətənpərvərlərdir və adətən populist çağırışlardan uzaq olur, öz vətənpərvərliklərini əməldə sübut edirlər. Vətənpərvərlərin özünü də 2 yerə bölərdim — 1-ci tipə aid olan şəxslər öz missiyalarına qlobalcasına yanaşır — əsas ideologiyaları kimi Qarabağı, türkcülüyü, millətçiliyi seçirlər, 2-ci tip isə əsasən ölkə daxili sosial, siyasi haqsızlıqlara qarşı mübarizə aparırlar.
Bu qısa təhlildən belə nəticə çıxarmaq olar ki, hal-hazırki dönəmdə bizə əsasən sağlam təfəkkürlü əsl milliyyətçi gənclər lazımdır. 
Nəsə. Gəlin erməni təbliğat maşınının Avropa üçün hazırladığı bir video rolikə tamaşa edək.
Onu da qeyd edim ki, ermənilər burada bizi (özlərindən fərqli olaraq) sivil olmayan qiyafədə təqdim etməyə çalışsalar da, Azərbaycanlıların xroniki kosmopolitizmi qalib gəlib. Nəzərə alsaq ki, film Avropa üçün nəzərdə tutulub, onda elə belə yaxşıdı. Qoy bizi kosmopolit hesab etsinlər, amma qəlbən milliyyətçi olmağı unutmayaq.



Mövzuya dair forumda müzakirələr ↓
Növbəti Erməni təbliğatı (Video)

Macbook Air. Apple əfsanəsi yeniləndi!

Başımız deputatlığa namizədlərin traqikomik çıxışlarına o qədər qarışıb ki, texnoloji aləmin əfsanəsi — Macbook Air-in yenilənməsi xəbərini sükutla qarşıladıq. Rus demişkən — а зря.
Beləliklə, Apple bu günlərdə tam yenilənmiş Macbook Air-i təqdim etdi. Dünyanın ən nazik noutbuku kimi təqdim olunan Air-in eni cəmi 1,7 sm-dir! Yeni Air-lər 2 variantda buraxılacaq — 11.6 düymluq (ekran ölçüləri 1366х768 piksel) və 13.3 düym (1440х900 piksel). Hər iki modelin ekranı touch-pad (sensorlu) və multi-touch texnologiyasını dəstəkləyir. Hm… iPad üçün rəqib? Məncə, yox. Gözəlçələrin ən ağırı 1 kilo 300 qramdır.
Texniki göstəricilər — Core 2 Duo 1.86 GHz (13 düymluq modeldə 2.13 GHz), operativ yaddaş 2 (4 GB), NVIDIA GeForce 320M video-kartı. Modellərin Wi-fi, USB və hətta DisplayPort dəstəyi də var.
Əsas məsələ — qiymətidir. Amerikada 11 düymluq model 1299 USD (+128 GB flash yaddaş), 13 düymluq model isə 1599 USD (+256 GB flash yaddaş) dəyərində olacaq. Azərbaycanda isə Alma Store-un monopoliyasını və hal-hazırki modellərə olan qiymətləri nəzərə alsaq yeni Air Bakıda ən azı 2000-2500 manat civarında olacaq. Bu da dollarla eləyir 2400-3000 USD. Analoqu olmayan qiymətlərimiz hal-hazırki modellərdə də özünü göstərir. Belə ki, Alma Store mağazalarında köhnə model Macbook Air 2099 AZN-ə satılır. Əhsən.


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Su. Deputatlar. İTV. Park Bulvar. Fikirlərim

Bu arada Azeronline şirkətinin rebrendinqinə yaman başım qarışıb, bloqa kifayət qədər vaxt ayıra bilmirəm. Amma söz — İnşallah 2-3 günə yenidən aktivliyimi qaytaracam.
Ətrafımızda baş verən olaylar da o qədərdir ki, heç bilmirəm nədən başlayım. Gözümüzün suyu da qurudu… Yasamala düz bir həftədir ki, su gəlmir. Analoqu olmayan JEK də, su idarəsi də nədənsə susur. Ya deyirlər hardasa “avariya” olub, ya deyirlər camaat su pulunu vermir (bunu bəhanə edib  2011-ci ilin pulunu da indidən yığdılar), ya deyirlər tezliklə yeni sayğaclar gətiriləcək, ona kimi su olmayacaq. Kimə inanaq, bilmirik. Bir sözlə, bu qədər əhalini dolayıblar barmaqlarına. Bu yerdə deputatımız yadımıza düşür, onun da başı qarışıb təşviqat kampaniyasına — ay belə edəcəm, ay helə edəcəm, amma faktiki mövcud problemi həll edən yoxdur. Hamı virtualdan dəm vurur.

Deputatlar demişkən… İctimai kanalda efirə buraxılan təşviqat kampaniyasında iştirak edən bəzi deputatlığa namizədlər görəsən heç səhərlər durub güzgüdə özlərinə baxırlar? Ağızları söz belə tutmayanlar indi deputatlıq iddiasındadırlar. Danışıq qabiliyyətləri sıfır olanlar gen-bol yaltaqlıq edib vəziyyətdən çıxmaq istəsələr də, alınmır. Nəticədə özlərini gülünc vəziyyətə qoyub, xalqın gözündə biabır edirlər. Mənə ən ləzzət edən Şəki seçki dairəsindən öz namizədliyin irəli sürən “ambulatorçu” gəncin çıxışı idi. Çox “tutarlı və məzmunlu” nitq söyləyən bu ambisiyalı gənc eləbilir ki, televizora çıxıb yaltaqlanmaqla deputat olacaq… Amma deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə. =) Yaltaqlanmaq da əslində fitri bir istedaddır, hər kəsə nəsib olmur.
Deyirlər xeyirsiz şər olmaz — İTV-in son günlər reytinqi parta-part edir, şou-biznes proqramlarının aparıcılarını infakt vurmasa yaxşıdı.
Bu günlərdə Park Bulvarda yerləşən kinoteatr da istifadəyə verildi. Qiymətlər deyilənə görə çox münasibdir. Yəqin “klient tutana” kimi belə də olacaq. “Azərbaycan”-ın bazarı öldü. İnşallah vaxt edib, bir ora baş çəkib, subyektiv fikirlərimlə sizlərlə bölüşəcəm.
Nəsə. Gecədi. Gedim biraz dincəlim. Görüşənədək dostlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Soxulcanın Kreml sərgüzəştləri

Ukrayna parlamentində yaşanan tualet kağızı qıtlığından sonra indi də Rusiyada gərginlik yaşanır. Amma burada tualet kağızı ilə qıtlıq yoxdu. Burada aranı qatan daha orijinal hadisədir — Soxulcanın Kreml sərgüzəştləri.
Belə ki, Rusiyanın rəsmi informasiya agentliklərinin (Vesti.ru) verdiyi xəbərə görə, Kremldə Almaniya prezidentinin şərəfinə verilən ziyafətdə iştirak edən Rusiya hakim elitasının təmsilçisi, Tver vilayətinin qubernatoru Dmitriy Zelenin salatların birində topbuş bir soxulcana rast gəlib. “Sovremennıy” qubernator eləmə tənbəllik soxulcanın şəklini telefonuna çəkib və həmən Twitter-də yerləşdirib. Özü də əlavə edib — hə camaat, Sizdə baxın görün Kreml soxulcanı necə olur. =)

Düzdü hadisədən 2-3 saat sonra “mırt tutan” qubernator həmən postu pozub və istifadəçi adını ləvğ edib, amma nə karə — artıq rəsmi agentliklər şəkili tirajlayıb yayıblar. Hadisədən heyrətlənən Kreml administrasiyası isə qubernatoru “başdan xarab” adlandırıb və Kreml mətbəxinə “yoxlama” göndərib. Deyilənə görə, “soxulcan əhvalatı” Tver qubernatorunun kreslosun yaman laxladıb. Əhsən. Sən bir soxulcanda olan fərasətə bax e. =)
Mövzuya dair forumda müzakirələr ↓
Soxulcanın Kreml sərgüzəştləri

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom