Keçən yazılarımda da qeyd etdiyim kimi, bir həftəyə yaxın davam edən su qıtlığından sonra, indi də Yasamalı işıq, qaz problemi öz cənginə alıb. Dünən demək olar ki, bütün Yasamalda qaz gəlməyib, gündüz saatlarında isə işıq olmayıb. Analoqu olmayan qaz idarəsinə zəng vurmaq ümumiyyətlə mənasız bir şeydir, işıq idarəsindən isə adət üzrə bildirildi ki, “avariya” var.
Nəsə. Gündəlik velo-gəzintimdən sonra duş qəbul etmək istədim… hm, qaz yoxdur… biraz əsəbləşib işlərimin dalınca getmək istəyirdim ki, işıqlar söndü… bizdə də qarajın qapısı işıqla açılır. Deməli bu gün maşınsız olacam. Bütün planlarım alt üst oldu. Bütün görüşləri ləğv edib, evdə işləmək qərarı verdim. Günortaya kimi evdə işlədim, sonra bezib, qərar verdim taksi ilə hərəkət edim. Elə taksi tutmuşdum ki, qarovulçu telefonla xoş xəbəri çatdırdı — gözün aydın, işıq yandı. Sanki 20-ci ərsin ilk illərini yaşayan bir insan kimi işığın yanmasına uşaq kimi sevinib, qaraja sarı qaçdım…
Nəhayət, bu gün 3D filmə baxdım. Əla. Xoşuma gəldi. Metronun önündə 2 manata satılan “deşevka” 3D eynəklərdən fərqli olaraq bizim kinoteatr Azərbaycandakı eynəklər bahalı (özlərinin dediyinə görə 80 Euro) və keyfiyyətlidir. Özü də Dolby Stereo texnologiyasının dəstəyi ilə (məgər bu səs standartı deyil?!). Filmə baxdıqda gözlər demək olar ki, ağrımır. Düzdü 2-3 saatdan sonra görməyimdə nəsə ikiləmə + gərginlik hiss edirəm, amma dəyər. Yeri gəlmişkən, siftəm Meqakəllə (Megamind) filmi oldu. Xeyirlisi, İnşallah.
Evə gəlib çıxmışam… İTV-dən deputatlığa namizədlər yenə Alfa-Sentavrdan, Aldebarandan dəm vurub, fantastik vədlər verirlər… Adamı lap gic gülmək tutur. Açığı mən heç bilmirəm Yasamal seçki dairəsindən deputat kimdir, amma bir faktı bilirəm ki, bu qədər problemi olan bir rayonun namizədləri qeybi hadisələr və özlərinə aidiyyatı olmayan işlərdən yox, aktual problemlərdən dəm vurub, həll yollarını axtarsalar lap yaxşı olar.
PS. Bu arada Landmark-da da bu gün işıq sönüb. Qarajdan maşınları çıxara bilmirdik.
Mövzuya dair forumda müzakirələr ↓
Həyatınızdan bir gün!